Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...


Dövlət Gömrük Komitəsində (DGK) müxtəlif yüksək vəzifələrdə çalışan, o cümlədən komitənin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olmuş Həbib Bağırlı Avropa Məhkəməsinə şikayət edib.

Gununsesi.info xəbər verir ki, təqaüdddə olan polkovnik Həbib Bağırlının şikayəti üzrə kommunikasiya başlayıb və Azərbaycana sorğu göndərilib. Şikayətin mahiyyəti bank borcuna görə Həbib Bağırlının ölkədən çıxışına yerli məhkəmələr tərəfindən qadağa qoyulması ilə bağlıdır. O, ərizəsində qadağanın qanunsuz olduğunu, ölkədaxili məhkəmələrdə bu işə ədalətli baxılmadığını qeyd edib.

46 yaşlı Həbib Bağırlının ölkədən çıxışına 2024-cü ildə məhkəmə qərarı ilə qadağa qoyulub. Həmin ilin noyabrında ölkə daxilində yekun qərarla Bakı Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bundan sonra polkovnik Avropa Məhkəməsinə ərizə göndərərək, hərəkət azadlığının və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayətlənib.

Həbib Bağırlının banklardan birinə 400 min manatdan çox borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi borcun ödənilməsi barədə qərar çıxarıb. O, təxminən 100 min manat ödəniş edib.

Nərimanov rayon İcra və Probasiya Şöbəsi Həbib Bağırlının ölkədən çıxışına qadağa qoyulması ilə kifayətlənməyib. Qalan məbləğin ödənilməməsi məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirilib.

2026-cı ilin əvvəlində polkovnikin İnzibati Xətalar Məcəlləsinin 528.1-1 (məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbinin yerinə yetirilməməsi – qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməyə görə) maddəsilə cəzalandırılması üçün məhkəməyə təqdimat verilib. Fevralda məhkəmənin qərarı ilə Həbib Bağırlı 15 sutka inzibati qaydada həbs olunub.

Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin o vaxtkı sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunandan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib.

Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı dövrdə “Dövlət qulluğunda fərqlənməyə görə” və başqa mükafatlara layiq görülüb.

Gununsesi.info

“Summer Tour Azərbaycan” AZAL-ın adından müştərilərə yalan danışır? – Əlavə ödəniş tələb olunur


Summer Tour Azərbaycan” MMC ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Bu barədə turizm şirkətləri tərəfindən Pravda.az-a göndərilən bəyanatda bildirilir ki, Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən “Summer Tour Azərbaycan” MMC tərəfindən artıq satılmış və tam ödənişi həyata keçirilmiş tur paketlərinə sonradan əlavə ödəniş tətbiq edilməsi qəbuledilməzdir.
Şikayətçilərin sözlərinə görə, “Summer Tour Azərbaycan” MMC 5 ay əvvəl Türkiyəyə bilet almış hər turist üçün 65 ABŞ dolları məbləğində əlavə vəsait tələb edir.
“Bu, faktiki olaraq müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi deməkdir və təkcə etik normaların pozulması deyil, həm də turizm bazarında formalaşmış qaydalara açıq hörmətsizlikdir. Xüsusilə qeyd edirik ki, qiymət artımının geriyə tətbiq olunması tamamilə əsassızdır və heç bir iş prinsipinə uyğun gəlmir. Turizm şirkətləri olaraq bildiririk ki, bu cür qərarlar bizi süni şəkildə maliyyə zərərinə məruz qoyur. Müştərilər qarşısında öhdəliklər artıq yerinə yetirilmiş olduğu halda, əlavə ödənişin tələb olunması bütün yükü turizm şirkətlərinin üzərinə atır və bizi seçim qarşısında qoyur: ya zərəri özümüz qarşılayaq, ya da müştəri etibarını itirək. Bu vəziyyət xüsusilə yüksək satış həcmi olan turizm şirkətləri üçün kritik maliyyə riskləri yaradır və davam edəcəyi təqdirdə sektorun bir hissəsinin fəaliyyətini dayandırması qaçılmaz olacaq. Əldə olunan məlumata əsasən, turizm şirkətləri artıq bu məsələ ilə bağlı təcili iclas keçirir və yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq dövlət orqanlarına birgə müraciət etməyə hazırlaşırlar. Məqsəd bazarda ədalətli qaydaların qorunması və bu cür halların qarşısının alınmasıdır. Açıq şəkildə bəyan edirik ki, artıq bağlanmış satışlara sonradan müdaxilə etmək bazar iqtisadiyyatına ziddir və bu presedent dərhal dayandırılmalıdır. Əks halda, bu cür yanaşma turizm sektorunda etimadın tam itirilməsinə və bazarda ciddi böhranın yaranmasına səbəb olacaq”, – məlumatda qeyd olunub.
Məsələ daha ətraflı araşdırıb.
Məlum olub ki, “Summer Tour Azərbaycan” MMC turizm şirkətlərinə qiymət artımını benzinin bahalaşması ilə əsaslandırıb. MMC-dən şirkətlərə bildirilib ki, benzinin bahalaşması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) və digər hava yolu şirkətləri təyyarə biletlərini bahalaşdırıb. Tur şirkətləri “Summer Tour Azərbaycan” MMC-dən AZAL-ın bu barədə rəsmi bildirişini tələb etsələr də, MMC tələbə əməl etməyib. Eyni zamanda araşdırmamız nəticəsində məlum oldu ki, müştərilər bu barədə AZAL-a da müraciət ediblər. AZAL isə “Summer Tour Azərbaycan” MMC-nin tələbindən xəbərsiz olduğunu, MMC-yə belə bir tələb irəli sürmədiyini bildirib.
Pravda.az “Summer Tour Azərbaycan” şirkətinin icraçı direktoru və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin üzvü Qüdrət Hacıyevlə əlaqə saxlamağa çalışsa da, o, zəngləri geri çevirib. Şirkətin digər nömrələri ilə də əlaqə yaratmaq mümkün olmayıb.(Pravda.az)

Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün nəzərdə tutulan orta sıxlıqlı və çoxfunksiyalı zonanın, eləcə də orta yaşayış məhəllələrinin işçi layihələrinə əlavə və dəyişiklik edilməsi məqsədilə satınalma müsabiqəsinə yekun vurub.
32gun.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, sözügedən layihələndirmə işlərinin icrası “R.R. Project” MMC-yə həvalə edilib.


Bildirək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Rəfail Məmmədəli oğludur.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.

Xatırladaq ki, Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.
Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.(32gun.az)

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür


Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür.

Terror hadisəsindən 17 il ötür.

2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.

Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

XTQ-nin yaradılmasından 27 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.

XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan öncə silsilə tədbirlərdən daha biri reallaşıb.

Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olub. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir.

Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.

İctimai nəqliyyatda bu yeniliyə “K-Group” (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.

Xırdalanda Abdin Fərəzliyev bu tikintiyə hansı şərtlərlə icazə verib?


Abşeron rayonu, Xırdalan şəhərində magistral yolun üzərində səki zəbt olunaraq beşmərtəbəli bina tikilib. İnşası tam başa çatmayan bina artıq indidən hərəkət iştirakçıları üçün təhlükəyə çevrilib.

Bu barədə “Sitat.info”ya şəhər sakinləri məlumat veriblər və tikilinin videosunu redaksiyamıza göndəriblər.

Nəqliyyatın intensiv hərəkət etdiyi yolun kənarında binanın tikintisi tikinti normalarına zidd olduğu halda, bu tikiliyə necə icazə verildiyi və indiki mərhələyə qədər inşasının görməzdən gəlinməsi ciddi təəccüb və suallar doğurur. Tikilməkdə olan binanın ərazisi hasara alınıb, sakinlərin intensiv hərəkət etdiyi səki zəbt olunub. Videodan da magistral yolun necə daraldığı açıq-aydın görünür. Bina hazır olub, təhvil verildikdən sonra ərazidə necə bir tıxaca səbəb olacağı indidən bəlli olur.

Xırdalanda tıxacların bu qədər artmasının səbəblərindən biri həm də bu cür tikililərin artmasıdır.(Sitat.info)

Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/xirdalanda-abdin-ferezliyev-bu-tikintiye-hansi-sertlerle-icaze-verib

Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir




Son vaxtlar təcrübəsiz və idarəçilik qabiliyyəti olmayan müəllimlərin imtahan verib direktorluq qazanması, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışması hallarına rast gəlinir. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti və təcrübəsi nəzərə alınmalıdır. Direktor seçimində alnız bilik əsas meyar olmamalıdır. Elə bu səbəbdən də son günlərdə bəzi orta məktəblərdə yerində olmayan direktor təyinatları, yeni direktorların naşı, o qədər də yüksək iddialarla məktəblərə gəlişi müəllimlərin haqlı narazılıqları ilə qarşılanır. Sumqayıt şəhər 11 nömrəli məktəbdə də bu cür xoşagəlməz hallar baş verməkdədir. Qısa bir zamanda baş verənlər onu göstərir ki, yeni təyin olunan direktor Şəlalə Hüseynova böyük kontingentə malik məktəbi idarə etmək iqtidarında deyil. Təyin olunduğu gündən məktəbdə problemlərin ardı-arası kəsilmir. Rəqəmsal dərslərin keçirildiyi bir vaxtda günlərlə internet problemi yaşanıb. Məktəbin su motorunda yaranmış nasazlıq səbəbindən günlərlə məktəbdə su olmayıb. İdarəçiliyin zəifliyi şagirdlərin davamiyyətinə də mənfi təsir göstərib. Direktor şagirdlər və valideynlər arasında yaranmış münaqişələri həll etmək bacarığında deyil.
İş bununla yekunlaşmır. Valideynlərin redaksiyamıza verdiyi məlumata görə, xanim direktor Ş.Hüseynova şagirdlərdən kütləvi pul yığılmasını adi hala çevirib. Məktəb rəhbərliyinə gəldiyi qısa müddət ərzində 8 mart Beynəlxalq Qadınlar Günündə və özünün doğum günündə kütləvi pul yığan direktor indi də “Son zəng” əməliyyatına başlayıb. Valideynlərin bildirdiyinə görə, tərəfindən hər bir şagirddən müəyyən məbləğdə pul tələb olunub və bu, könüllü ianə deyil, məhz məcburi xarakter daşıyıb. Bəzi valideynlərin imkanlarının məhdud olmasına baxmayaraq, onlara övladlarının son zəng tədbirinə buraxılmayacağı ilə bağlı dolayı təzyiqlər göstərildiyi iddia olunur. Qanunvericiliyə əsasən, ümumtəhsil müəssisələrində valideynlərdən pul yığılması qadağandır. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, məktəblərdə hər hansı tədbir üçün pul toplamaq yolverilməzdir və bu hal aşkarlandıqda məsul şəxslər barəsində tədbirlər görülməlidir. Amma Şəlalə Hüseynova bunu vecə almazdan gəlir və hər kəsə açıq şəkildə Elm və Təhsil Nazirliyinin belə onun qarşısını ala bilməyəcəyini deyir.
Onu da qeyd edək ki, Şəlalə Hüseynovanın hansı yollarla Sumqayıtın ən böyük kontingentə sahib məktəbinə direktor göndərilməsi də şübhəli məsələdir. İddia edilir ki, Hüseynovanın atası general-leytenant Zahid Hüseynovun bu təyinatdakı rolu danılmazdır. Bəs, Zahid Hüseynov kimdir? Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov Zəfər savaşından sonra Nəcməddin Sadıqova bağlı kadrlar silsiləsində vəzifəsindən azad edilib. Zahid Hüseynov polkovnik-leytenant rütbəsindən Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və Baş Qərargah rəisinin birinci müavini təyin edilməsinə qədər bütün pillələrdə məhz Nəcməddin Sadıqovun himayəsi ilə yüksəlib. İndi bu şəxsin məhz rusdilli Azərbaycan məktəbinə direktor təyin olunması daha ciddi, təhlükəli məqamlardan xəbər verir.(Xalq.online)

30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...


Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasında B12 vitamini, maqnezium və dəmir kimi əsas laborator analizlərin aparılması üçün lazım olan reagentlər yoxdur və pasiyentlər özəl xəstəxanalara yönləndirilir.
Bu barədə Axar.az-ı məlumatlandıran valideyn bildirib ki, 28 aprel 2026-cı il tarixdə xəstəxanaya müraciət edib və reagentlər olmadığı üçün laborator analizlərin keçirilməsinin mümkünsüzlüyü cavabını alıb. Xəstəxanadan həmin reagentlərin niyə olmaması və nə vaxt olacağı ilə bağlı məlumatlarının olmadığı bildirilib.
Məsələ ilə bağlı TƏBİB-ə ötən gün göndərdiyimiz sorğuya cavabda isə qeyd edilib ki, problem “həftəsonu ilə” bağlı olub və artıq aradan qaldırılıb:
“Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında laborator xidmətlərin fasiləsiz və keyfiyyətli təşkili təmin edilir, zəruri laborator reagentlər mövcuddur və analizlər müvafiq qaydalar çərçivəsində həyata keçirilir.

Bildiririk ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər çərçivəsində pasiyentlər özəl tibb müəssisələrinə göndərilmir. Laborator müayinələr tibbi göstərişlər əsasında və qüvvədə olan standartlara uyğun şəkildə aparılır.
Eyni zamanda qeyd edirik ki, həftəsonu bəzi analizlər üzrə reagent təminatında qısamüddətli çətinlik yaranıb, hazırda məsələ tam şəkildə həll edilib və xidmətlərin göstərilməsi bərpa olunub”.
Maraqlıdır ki, TƏBİB reagent çatışmazlığının ötən həftə baş verdiyini və artıq aradan qaldırıldığını bildirir. Yəqin ki, xəstəxanadan TƏBİB-ə bu informasiya verilib. Halbuki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında TƏBİB-in “artıq aradan qaldırılıb” dediyi gün reagent olmadığı və nə vaxt olacağının bilinmədiyi pasiyentlərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, dövlət xəstəxanasında olmasa da, istənilən özəl xəstəxanada bu reagentlər var və analizlər vermək mümkündür.
Qeyd edək ki, TƏBİB-in yeni rəhbəri Anar Bayramov xəstəxanalar və tibb mərkəzlərində ciddi kadr islahatlarına başlayıb. Buna səbəb dövlət xəstəxanalarına müraciət edən şəxslərin hansısa formada özəl xəstəxanalara yönləndirilməsidir.
Ancaq islahat hələ sözügedən xəstəxanaya çatmayıb. Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Azər Xudiyev 1996-cı ildən, 30 ildir bu vəzifədədir.

"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!




"Temudan Postcargo.az vasitəsilə sifariş etmişəm. Rəsmi mesaj göndərilir: “24 saat ərzində çatdırılma həyata keçiriləcək”..." bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Ünvanı təsdiqləmişəm, əlaqədə olmuşam.
24 saat keçir — nəticə sıfır.
Zəng edirəm:
— Niyə çatdırılmayıb?
Cavab: “dünən qeyri-iş günü idi”.
Sual: o zaman niyə 24 saatlıq öhdəlik barədə rəsmi mesaj göndərilir?
Daha sonra operator kobud şəkildə bildirir: “növbə ilə çatdıracağıq”. Yəni nə vaxt istəsələr.
Şirkətlə əlaqə saxlayıram (820 zəng vasitəsilə)— cavab daha “maraqlı”:
“bu bizim kuryer deyil, podratçıdır, biz məsuliyyət daşımırıq”.
Bu artıq xidmət deyil — bu, müştəriyə hörmətsizlik və öhdəliklərin açıq şəkildə pozulmasıdır.
Əgər siz şirkətin xidmətindən istifadə edirsinizsə — onun podratçısının kim olması sizin üçün əhəmiyyət daşımır.
Mən şirkətlə vasitəsi ilə sifariş verdim, “kənarda olan üçüncü şəxslərlə” yox.
Hamı bilsin: “bu bizim kuryer deyil” deməklə məsuliyyətdən qaçmaq olmur..."


DİA-AZ
Xəbər lenti