Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Saleh Məmmədov onları pulsuz qoyub - "Bakı"nın üç legioneri ölkəni tərk etdi


Azərbaycan həndbol komandaları üç aydır ki, maaş almırlar. Pravda.az xəbər verir ki, bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət ediblər.


Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqqılarını ala bilmirlər.


Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son iki ayın maaşı verilməyib. Belə ki, kişilərdə çempionatın lideri olan "Bakı" komandasının üç legioneri bu səbəbdən ölkəni tərk edib: "Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi bir ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir.


Legionerlərin hamısı, demək olar ki, komandalardan gedib. Bəzi oyunçular isə yaş səbəbi ilə həndboldan uzaqlaşdırılıblar. Halbuki idmanda elə bir qayda yoxdur ki, hansısa idmançı bu yaşında karyerasını bitirməlidir. Biz çempionatdan imtina etmirik, amma matçlara getmək üçün pul yoxdur. Federasiyanın bizdən nəsə tələb etməyə də haqqı yoxdur".


Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmırlar. "AHF Arena"nın icarəhaqqı da 20 min manatı keçib və orada da məşq üçün şərait yaradılmır: "Biz oyunları dayandırmağı tələb etdik, lakin heç cavab almadıq. Bundan sonra maaşlarımızı alana qədər heç bir oyuna, yarışa getməyəcəyik. Oyunçuların məşqə gəlməyə cibində pul yoxdur. Gənc həndbolçuları da bu idmandan soyudurlar. Hər dəfə də deyirlər ki, səbir edin. Danışırıq və yalan vədlər verirlər.


Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov da suallara cavab vermirlər. Heç kəs maaşların nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq söz demir".


Şikayətlə bağlı müraciət olunan Yusif Atakişiyev maliyyə problemləri yaşadıqlarını təsdiqləyib: "Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqqılarını verməkdə çətinlik çəkirik. Problemin nə olduğunu isə rəhbərlik bilər. Məndə heç bir məlumat yoxdur".


Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Vüsal Nəsirli əvəzləyib.("Qafqazinfo")

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu


Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti daha bir tenderin qalibi seçilib.

Həmin tender "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilib.

Satınalma predmeti Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirindən ibarətdir. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri isə 24 985 363,84 manatdır.

"Gəncə Körpü Tikinti-2” ASC bir neçə gün əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhərində küçələrin əsaslı təmir ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 635 505,74 manat olub. "Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılıb. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə isə 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir. /Qaynarinfo/

AHİK-in “Kurort”unda yoxlama başlanıb?- sertfikasiyasız həkim iddiaları...


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətində yoxlamaların başlandığı iddia olunur.


Bizimesr.com-a daxil olan məlumata görə, yoxlamaların çoxsaylı şikayətlər və narazılıqlar, eyni zamanda mediada yazılan məlumatlarda fonunda aparıldığı deyilir.


Məlumata əsasən, yoxlamalar əsasən QSC-nin balansında olan müalicə mərkəzlərinin lisenziyaları, öncəki illərdə lisenziyadan kənar tibbi xidmətlərin göstərilib-göstərilməməsi və müəssisələrdə çalışan həkim heyətinin sertifikasiyası ilə bağlı ola bilər.


“Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan bəzi həkimlərin sertifikasiyadan keçmədiyi, hətta onların arasında ümumiyyətlə həkim olmayan şəxslərin də “həkim” kimi fəaliyyət göstərdiyi iddia olunur.


Məsələ ilə bağlı rəsmi qurumlar və ya “Kurort” QSC tərəfindən hələlik açıqlama verilməyib.


Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


Bizimesr.com

Ziya Hacıyevin rəhbəri olduğu “Yeni Ailə” MTK məhkəmə qərarını icra etmir…


Bakı şəhər sakini Qafur Məmmədovun mülkiyyət hüquqları pozulur.

Buna səbəb “Yeni Ailə” MTK-nın vətəndaşın xeyrinə olan məhkəmə qərarını icra etməməsidir.

Nəsimi Rayon Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə Q.Məmmədovun “Yeni Ailə” MTK-ya qarşı iddiası təmin edilib. Qərarda yazılıb ki, MTK vətəndaşa məxsus 73,7 kv.m qeyri-yaşayış sahəsini təhvil verməli və 274 600 manat icarə haqqı ödəməlidir.

Lakin üstündən 6 ay keçsə də, qərar icra edilmir. Bu günə qədər nə əmlak qaytarılıb, nə də ödəniş həyata keçirilib. Vətəndaş isə məhkəmə qapılarından sonra indi də icra şöbələrində qalıb.Məhkəmənin qərarına hörmətsizlik edən MTK başqa bir qanunsuzluğa yol verərək qaytarılmalı olan əmlakı üçüncü şəxslərə icarəyə verib.

Şikayətlə bağlı sözügedən MTK ilə əlaqə saxladıq. Bildirildi ki, məhkəmə qərarını icra etmək icra şöbəsinin işidir. Buna görə də əlavə məlumat vermək istəmirlər.

Qalib gəldiyi halda əmlakını geri ala bilməyən vətəndaş hazırda icraçı orqan kimi Ədliyyə Nazirliyinə müraciət edib.

Qeyd edək ki, “Yeni Ailə” MTK qalmaqallı şirkət kimi tanınır. Müxtəlif vaxtlarda MTK-nın vətəndaşlara qarşı qanunsuz fəaliyyətləri mediada işıqlandırılıb. “Qafqazinfo”

Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda "Şərab məclisi "ARAQ" içildi kimdir günahkar?


Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsində "Şərab" məclisinə aid foto şəkillər paylaşılıbdır.
Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Dosenti Afət Qasımova Facebook səhifəsində paylaşım edibdir. Sosial mediada paylaşımı olunan müəllimənin "Başda kafedra müdirimiz Əhəd müəllimin olmaqla bütün professor-müəllim heyətinə bu gözəl gün üçün öz təşəkkürümü bildirirəm" status paylaşımı diqqəti çəkibdir.
Diqqət yetirilsə məclisdə "Araq" içməkləri görüntüləri açıq isbat olunur. Şərab məclisi Texnologiya Universitetinin 3 korpus deyilən binada təşkil olunubdur. Xan Çinar arağının əks etdirən görüntüləri təsdiqini foto şəkildə görmək olur.
Başı əsassız pul yığımına qarışan ATU-nun rektoru Yaşar Ömərov idarəçiliyi itiribdir. Belə ki, sözü gedən Təhsil ocağında Tələbələrdən təcrübə "pratika"adı altında 1500- 2000 manat, müəllimlərdən 500 manat, 4 kurs Tələbələrdən 500-600 manat məbləğində əsassız pul tələbləri vardır. Bunu təsdiq edən video görüntülər və səs yazıları mövcuddur. Bu mövzuya gələn yazımızda qayıdacayıq.
Dövlət qurumları susur, dəfələrlə ölkə başçısına siqnal verən sosial şəbəkələr, ATU-nun Korrupsiyaner rektoru Yaşar Ömərovu susdura bilmir.
Qida mühəndisliyi fakültəsində olan "Şərab" məclisi 29 aprel 2026 cı il tarixlərində iş saatlarında qeyd olunubdur.
ATU da keçirilən " Şərab " məclisində Universitetin rəhbər şəxsləridə iştirak edibdir. Bir haldaki ölkənin gələcəyini Təhsil ocaqları ququr təəssüflənmək olar ki, o gələcək çirkaba bulaşıbdır.
Ardı var...
TEREF




Xırdalan məktəbində iddialar dərinləşir Sənan Xəlilovun maraqları yoxsa qanunlar: yoxlamadan sonra niyə dəyişiklik olmadı?


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 saylı tam orta məktəblə bağlı səsləndirilən iddialar yeni detallarla daha da diqqət mərkəzinə gəlib. Valideynlərin və ictimaiyyət nümayəndələrinin bildirdiyinə görə, məsələ artıq təkcə ayrı-ayrı hallar deyil, eyni zamanda aparılan yoxlamaların effektivliyi ilə bağlı suallar doğurur.

İddialara əsasən, təxminən iki ay əvvəl Abşeron təhsil sektorunun məsul şəxslərindən biri – Sənan Xəlilov məktəbdə yoxlama aparmaq məqsədilə olub. Bildirilir ki, yoxlamanın əsas səbəblərindən biri Təranə Vəliyevanın sinif rəhbəri kimi fəaliyyəti ilə bağlı məlumatların dəqiqləşdirilməsi olub. Lakin səsləndirilən məlumatlara görə, bu yoxlamadan sonra sözügedən şəxsin fəaliyyətində hər hansı dəyişiklik baş verməyib.

Bu isə haqlı olaraq bir sıra sualları gündəmə gətirir:

əgər məsələ araşdırılıbsa, nəticəsi nə olub?
əgər qanun pozuntusu yoxdursa, bu barədə ictimaiyyət niyə məlumatlandırılmayıb?
əgər pozuntu mövcuddursa, niyə müvafiq tədbirlər görülməyib?

Valideynlər hesab edir ki, belə hallarda şəffaflığın təmin olunmaması təhsil müəssisələrinə olan etimadı zədələyir. Xüsusilə də yoxlama aparıldığı iddia olunan bir məsələdə nəticənin görünməməsi narahatlıq yaradır.

Eyni zamanda, bəzi vətəndaşlar məsələ ilə bağlı fərqli ehtimallar səsləndirsə də, hüquqi baxımdan hər hansı şəxsin maraqlarının dövlət maraqlarından üstün tutulduğunu iddia etmək yalnız rəsmi araşdırma nəticəsində mümkün ola bilər. Bu səbəbdən məsələ ilə bağlı qəti hökm vermək deyil, obyektiv araşdırma aparılması əsas prioritet olmalıdır.

Mövzu ilə bağlı bir daha vurğulanır ki, səsləndirilən bütün fikirlər iddia xarakterlidir və rəsmi qurumların mövqeyi həlledici əhəmiyyət daşıyır. Aidiyyəti qurumların – xüsusilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsələyə münasibət bildirməsi, aparılmış yoxlamanın nəticələrini açıqlaması və zərurət yarandığı halda əlavə tədbirlər görməsi ictimai gözləntilər sırasındadır.

Təhsil sahəsində şəffaflıq və qanunvericiliyə riayət prinsipləri qorunduqca, bu kimi mübahisəli məsələlərin də obyektiv həllini tapacağına ümid edilir. (BnTv.az)

“Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi


Çərkəz Şirinovun rəis müavini təyin edilməsi Məcnun Məmmədovdan gizlin olub

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında qalmaqalların səngimədiyini bildirmişdik.

Bizimesr.com ötən həftə xəbər yaymışdı ki, yaxın günlərdə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin direktor Hikmət Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliklərinə start verəcək.

Bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifəyə qaytarılması gözlənilir.

Bizimesr.com-un əldə etdiyi məumata görə artıq kadr dəyişikliyinə start verilib. Belə ki, vaxtı ilə korrupsiyaya görə işdən çıxarılan və haqqında rəsmi cinayət işi açılan Çərkəz Şirinov “Azəraqrar”ın Qarabağ regional İdarəsinin rəis müavini təyin edilib.

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinovun təyinatı nazir Məcnun Məmmədovdan gizlin həyata keçirilib və gizlədilib.

Hazırda “Azəraqrar”da kadr təyinatlarına direktor Hikmət Hüseynovun müavinləri Həsən Abdullayevlə və Fəxrəddin Qəhrəmanov nəzarət edir.

Bildirilirdi ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olduqlarını tez-tez xatırlatmaqla direktor Hikmət Hüseynovu təsirləri altında saxlayırlar.

Məlumata görə Çərkəz Şirinovun rəis müavini təyin edilməsi müavin Həsən Abdullayevin “səyləri” nəticəsində baş verib.

Məsələilə bağlı araşdırmamız davam edir.

Bizimesr.com

Böyrək transplantasiyası xəstələri dərmansız qalıb- 1 aydır ala bilmirlər



Ölkədə böyrək transplantasiyası keçirmiş insanlar, əsasən uşaqlar həyati problemlə üzləşib.

Bizimesr.az-a daxil olan müraciətdə qeyd olunur ki, böyrək transplantasiyası keçirmiş insanlar təxminən bir aya yaxındır ki, həyat üçün zəruri olan immunosupressiv və digər vacib dərmanları ala bilmirlər. 

Xəstələr qeyd edir ki, transplantasiya olunmuş şəxslər üçün bu dərmanlar həyati əhəmiyyət daşıyır. Həmin preparatlar qəbul edilmədiyi halda orqanizmin köçürülmüş böyrəyi rədd etmə riski artır və bu, birbaşa həyat üçün təhlükə yaradır.

Mövcud vəziyyət isə artıq onlarla pasiyentin sağlamlıq göstəricilərinə mənfi təsir etməyə başlayıb.

Xəstələrin bildirdiyinə görə, dərmanların verilməsində yaranan fasilə səbəbindən analiz nəticələri pisləşir, xüsusilə kreatinin səviyyəsində artım müşahidə olunur. Bu isə böyrəyin funksiyasının zəifləməsi və hətta itirilməsi riskini yüksəldir.

Məsələnin narahatedici tərəfi ondan ibarətdir ki, problem tək-tək hallarla məhdudlaşmır. Eyni vəziyyətin çoxsaylı transplantasiya xəstələri tərəfindən yaşandığı qeyd olunur. Bu isə artıq fərdi deyil, sistemli xarakter daşıyan ciddi tibbi və sosial problem halını alıb.

Həkimlər də vəziyyətin kritik olduğunu vurğulayaraq, bu tip dərmanların fasiləsiz və vaxtında təmin edilməsinin vacibliyini bildirirlər. Mütəxəssislər qeyd edir ki, transplantasiya xəstələri üçün dərman təminatında yaranan hər hansı gecikmə geri dönməz nəticələrə səbəb ola bilər. Bu baxımdan, məsələ yalnız səhiyyə xidməti deyil, birbaşa insan həyatı ilə bağlıdır.

Dövlət xəstəxanalarından vətəndaşlara konkret cavab verilmir və dərmanların nə zaman veriləcəyi məlum deyil.

Qeyd edək ki, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicə və dərman təminatının gücləndirilməsi istiqamətində 2025-ci ilin dekabr ayında 32 milyon manat, bu ilin fevral ayında isə 10 milyon manat vəsait ayrılıb. Bu 42 milyon manatlıq vəsait TƏBİB tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nin xüsusi dövlət proqramı çərçivəsində dərman vasitələrinin satın alınması üçün yönəldilib. Amma faktiki olaraq bu gün böyrək transplantasiyası keçirmiş vətəndaşlar ciddi həyati problemlə üzləşiblər. Onlara 1 aydır dərman verilmir.

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyevdir. O, bu vəzifəyə 2023-cü ilin iyun ayından etibarən rəhbərlik edir.(Bizimesr.az)

Araşdırmalarımız davam edir...
Xəbər lenti