Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sabirabad rayonunda fəaliyyət göstərən 8 saylı Yol İdarəsinin əməkdaşı maaşını ala bilmədiyini bildirib.

Bu barədə Tribuna.az-a müraciət edən şikayətçi Ağayev Tural Nərbala oğlu qeyd edib ki, işlədiyi müddət ərzində ona ödənilməli olan əməkhaqları verilməyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Əmək Müfəttişliyinə rəsmi qaydada müraciət etsə də, şikayəti hələ də araşdırılmayıb:

“2020-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 8 saylı Yol İdarəsində işləyirəm. Bir müddətdir əməkhaqqımı ala bilmirəm. Dəfələrlə müraciət etmişəm, amma heç bir nəticə yoxdur. Əmək Müfəttişliyinə də yazmışam, baxan yoxdur. Hər dəfə deyirlər sizə məlumat veriləcək, gözləyin. Ancaq hələ də bir nəticə yoxdur”.

Şikayətçi vəziyyətin araşdırılmasını və problemin həlli üçün tədbir görülməsini xahiş edir.

“3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - VİDEO


Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur.

Azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsinə - barmağına toxundurduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimdən xahiş etməsi olub.

“Oktyabr ayında uşağın yaxasının cırıldığını gördüm. Ondan soruşdum, İlahə müəllimin şəklini göstərdi. Özünə zəng edib xəbərdarlıq etmişdim”, - valideyn deyib.

A.Adıgözəlova qeyd edib ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı körpələr evi - uşaq bağçasının müdiriyyətinə müraciət etməyib. O, övladının bu il aprelin 8-də bağçanın tərbiyəçi-müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qaldığını iddia edib: “Gördüm ki, əlində yara izi var. Uşaqdan soruşduğum zaman dedi ki, “bağçada bibi yandırıb”. Övladım bildirdi ki, “pampers”ini təmizləməsini istədiyi üçün müəllim onu döyüb. Ağladığı zaman susması üçün üstünə qışqırıb. Susmadığı üçün isə bıçağı mətbəxdə qızdıraraq əlinə basıb”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.(Xəzər TV)

Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….


Bakı şəhərinin Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ərazidə aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı müraciət edən sakinlər iddia edirlər ki, “VİP Construction” MMC tərəfindən həyata keçirilən tikinti zamanı çoxsaylı ağaclar kəsilib və bu hal aidiyyəti qurumlara bildirilib, tədbir cavabı olaraq da dəfələrlə cəzalandırıldığı deyilib.

Şikayətçilərin sözlərinə görə, aprelin 16-sı tikinti aparılan ərazidə yerləşən bəzi ağaclar gecə saatlarında kəsilib. Hazırda isə ərazidəki digər ağaclar da kəsilmə təhlükəsindədir. Belə ki, tikinti materialları və dəmir konstruksiyalar ağacların üzərindən daşınır, bu da onların məhv olma riskini artırır.

Bildirilib ki, digər narahatedici məqam tikintinin aparıldığı ərazinin elektrik yarımstansiyasına yaxın olmasıdır. İddialara əsasən, bina yarımstansiyaya təxminən 10-15 metr məsafədə inşa olunur ki, bu da təhlükəsizlik baxımından təşviş doğurur.

Vətəndaşlar qeyd ediblər ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə də müraciət olunub və qurum tərəfindən cavab olaraq tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verildiyi vurğulanıb.

Mövzu ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində ağacların kəsilməsi ilə bağlı xidmətə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Araşdırma zamanı “VİP Construction” MMC tərəfindən sözügedən ərazidə tikinti işləri aparılan zaman çoxgövdəli iki ağacın gövdələrindən ikisinin kəsilməsi nəticəsində ağacların zədələndiyi, lakin bioloji inkişafdan qalmadığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Ərazidəki digər ağaclar inventarlaşdırılaraq identifikasiya nömrələri ilə işarələnib və agac.az portalına yerləşdirilib.

Eyni zamanda, MMC-nin hüquqi şəxs qismində cərimə olunması məqsədilə toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə MMC 3000 manat məbləğində cərimə edilib.

Əraziyə keçirilən növbəti baxış zamanı 1 ağacın kəsildiyi müəyyən olunub. “VİP Construction” MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə qanunamüvafiq tədbirlər görülür”.

Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində “V.İ.P. Construction” MMC tərəfindən inşa edilən 2 girişli, 1 səviyyəli zirzəmi, kürsü mərtəbəsi, 16+ texniki mərtəbəli yaşayış binalarının (Blok-A və Blok-B) tikintisinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 22.12.2021-ci il tarixli Tİ-119/21 nömrəli icazə sənədi verilib.

Yaşayış binalarına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 02.03.2021-ci il tarixli 30981 nömrəli ekspertiza rəyi verilib.

Yaşayış binaları üçün 13.01.2023-ci il tarixli 0011 və 0012 nömrəli “Tikintidə Dövlət Nəzarət Jurnal”ları açıllb və və həmin tarixdən etibarən FHN-in Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintinin layihəyə uyğun aparılmasına nəzarət edilir.

Hazırda Blok A-da tamamlama işləri görülür. Blok B-nin 1-ci mərtəbəsində isə sütunların və diafraqmaların qəliblənməsi işləri davam edir”.

Tikintinin yerləşdiyi ərazinin elektrik yarımstansiyasına yaxınlığı barədə Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

VİDEO LİNKDƏ: https://xalq.online/bineqedi-rayonunda-vip-construction-yarimstansiyanin-dibinde-agaclari-kesib-tikinti-aparir

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur.

Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub.

Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb.

Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Z.Əliyeva 1954-cü ildə gələcək dövlət başçısı Heydər Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən 1955-ci ildə Sevil Əliyeva, 1961-ci ildə isə İlham Əliyev dünyaya gəlib.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.

Bu barədə Babiş "Facebook"da yazıb.

"Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim", - o yazıb.

Babiş qeyd edib ki, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa İttifaqından (Aİ) kənara ilk səfərinin Azərbaycana olacağına söz verib və bu vədini yerinə yetirə bildiyindən məmnunluğunu bildirib.

"Dostluq xarakterli və ən əsası, çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi $42 mlrd. təşkil edib ki, bunun da əsas hissəsini Çexiyaya Azərbaycan neftinin tədarükü təşkil edib", - o vurğulayıb.

Baş nazirin sözlərinə görə, tərəflər qaz tədarükü üzrə uzunmüddətli müqavilənin bağlanmasına olan marağı vurğulayaraq, digər sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə ediblər. O qeyd etdi ki, danışıqlarda "ČEZ" (Çexiyanın ən böyük enerji şirkəti) şirkətinin nümayəndələri iştirak edir və bu prosesin uğurla başa çatacağına əminliyini bildirib.

O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev enerji və sənaye qarşılıqlı fəaliyyətinin inkişafına diqqət yetirəcək hökumətlərarası iqtisadi komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Çexiya tərəfindən ona sənaye və ticarət naziri Karel Havliçek, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək.

Bundan əlavə, tərəflər Karlovı Varı hava limanının inkişafı, habelə Çexiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla, bir sıra konkret layihələri müzakirə ediblər. Babiş əlavə edib ki, Çexiya müdafiə müəssisələri artıq Azərbaycana əhəmiyyətli tədarükçülərdir.

Bu yolda hərəkət məhdudlaşdırılacaq



Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun “Ulduz” stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatana qədər qüvvədə olacaq.

“Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşsınlar, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - deyə qeyd edilib.

Gəncədə "Bürokratik Terror": Terror Qurbanlarını Öz Mülkündə "Kirayənişin" Edən Kimlərdir?


​2020-ci ilin oktyabrı... Gəncənin dinc sakinləri gecə yarı yuxuda ikən raket atəşinə tutuldu. O müdhiş gecədən sağ çıxanlar dövlətin şəfqətinə və ədalətinə sığınaraq yaralarını sarımağa çalışdılar. Lakin bu gün, hadisədən illər keçməsinə baxmayaraq, həmin sakinlər üçün yeni və daha ağrılı bir dövr başlayıb: Məmur Laqeydliyi və Bürokratik Süründürməçilik.
​Sənədsiz Evlər, "Görünməyən" Layihələr
​Dövlət tərəfindən bərpa edilən evlər vətəndaşın mülkiyyət hüququnu tam təmin etmir. Şəhərsalma və Arxitektura İdarəsi, habelə Əmlak Məsələləri Dövlət Xidməti (Əmlak Komitəsi) sanki bir-biri ilə "məsuliyyət ötürmə" oyunu oynayır.
​İnsanların 2020-ci ilə qədər sənədi, çıxarışı olan evləri indi sənədsiz "gecəqondu" statusuna düşürülüb. Çıxarış (kupça) verilmir, layihə sənədlərində qiymətləndirmə yoxdur.
​ Vətəndaş öz evini sata, dəyişdirə və ya miras qoya bilmir. Öz halal mülkündə sənədsiz və hüquqsuz vəziyyətə salınıb.
Gəncə şəhər ​İcra Hakimiyyəti Kimin Tərəfindədir?
​Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə "bu bizə aid deyil" cavabını verməklə faktiki olaraq vətəndaşdan üz döndərib. Müraciət edən şəxslərə qarşı göstərilən kobud rəftar, idarələrdən qovulma halları və təzyiqlər dövlət məmurunun etik davranış qaydalarının birbaşa tapdalanmasıdır.
​Məsələ yalnız sənəd deyil. Tikilən evlərin keyfiyyəti hər yağışda vətəndaşın başına uçur. Evləri su basması, tikinti standartlarına riayət edilməməsi terrorun dağıtdığı ocaqların yerində sanki müvəqqəti "daxmaların" ucaldıldığını göstərir.
​Məmurların öz bacarıqsızlıqlarını və qanunsuzluqlarını gizlətmək üçün cənab Prezidentin adından istifadə etməsi ən yüksək səviyyədə siyasi məsuliyyətsizlikdir. Ölkə başçısının "Mən hər bir vətəndaşın yanındayam" dediyi bir ölkədə, Gəncəli məmurların "Prezident deyib məsələ bitdi" deyərək vətəndaşın haqqını yeməsi dövlətin təməllərinə zərbədir.
​ Şəhərsalma və Arxitektura İdarəsi niyə layihələri gizlədir? Əmlak Komitəsi sənəd verməməklə kimi müdafiə edir? Terror qurbanlarının haqqını yeyən bu bürokratik zəncir nə vaxt qırılacaq?
Sima Babayeva
TEREF

Ağalar Allahyarovun rəhbəri olduğu “SMTS” MMC-nin tikintisini aparan Şahin Mehdiyevin Qarabağda işçiləri işlədib, pulunu vermir…


Qarabağdakı tikinti layihələrində bəzi şirkətlərin ödənişlərin gecikdirilməsi və ya ümumiyyətlə çalışanlara müxtəlif bəhanələrlə vəsait ödəməməsi ilə bağlı narazılıqlar mövcuddur

Sözügedən məsələ yenə gündəmdədir..İşğaldan azad olunan ərazilərdə təmir-bərpa işləri çərçivəsində layihələrə cəlb olunan şəxslər dəfələrlə videomüraciətlər çəkərək kanalımıza göndərərərk haqqlarının pozulduqlarını bildirrilər.Hazırki vəziyyət də heç ürəkaçan deyil.

Bu dəfə Ağdamda hörgü işləri görmüş bir qrup işçi fevral ayından haqqlarını ala bilmədiklərini bildirirlər.

İddialara görə,SMTS tərkibində fəaliyyət göstərən,Mehdiyev Şahin adlı şəxsə məxsus “Taşeron-Azər Avro” tikinti şirkəti artıq 3 aydır ki ,işçilərin pulunu ödəmir.

Çıxılmaz durumda qalan işçilər lazımı qurumlardan kömək istəyirlər.(1xeber.media)

VİDEO LİNKDƏ: https://xalq.online/agalar-allahyarovun-rehberi-oldugu-smts-mmc-nin-tikintisini-aparan-sahin-mehdiyevin-qarabagda-iscileri-isledib-pulunu-vermir

“Mikayıl Cabbarovun təkidi ilə xarici dili buraxılış imtahanına saldıq, mən qarşı idim”




“2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü”.


Minatv.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.


O bildirib ki, həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edilib: “Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.


DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır.

Metro nəzarətsiz və baxımsız qalıb - Problem bu hallardan yaranıb? - FOTOLAR


Bakı metrosunda son vaxtlar tez-tez baş verən texniki nasazlıqların səbəbi ilə bağlı maraqlı diqqətçəkən faktlar açıqlanıb. Bizimesr.com bildirir ki, tanınmış memar Elçin Əliyev metropoliten stansiyalarındakı mövcud vəziyyətin ciddi problemlərdən xəbər verdiyini bildirib.

Memar sosial şəbəkə hesabında paylaşdığı məlumatda xüsusilə Həzi Aslanov metro stansiyası stansiyasının platforma hissəsindəki vəziyyəti tənqid edib. Onun sözlərinə görə, perron boyunca divarlarda su sızmalarının açıq izləri müşahidə olunur və bu, problemin yeni olmadığını göstərir.

Memar qeyd edib ki, mərmər üzlüklərin çürüməsi suyun uzun müddətdir və sistemli şəkildə daxil olduğunu sübut edir. Onun fikrincə, məhz bu amil metropolitendə vaxtaşırı kabellərdə qısaqapanmaların baş verməsinə və qatarların hərəkətinin iflic olmasına səbəb olur.

Elçin Əliyev vurğulayıb ki, bir neçə gün əvvəl yağışlı hava şəraitində baş verən hadisə də gözlənilən idi və köklü problemin nəticəsidir. Memar həmçinin məsuliyyət məsələsini gündəmə gətirərək, hidroizolyasiya işlərini keyfiyyətsiz həyata keçirən şəxslərin cavab verməli olduğunu bildirib. O sual edib ki, bu cür nöqsanlara yol verənlər məsuliyyətə cəlb olunacaq, yoxsa baş verənlər yenə “fövqəladə təbii hadisə” kimi təqdim ediləcək.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.com



Xəbər lenti