Gəncədə raket zərərçəkənləri Prezident İlham Əliyevə müraciət edirlər: “Son ümidimiz Sizsiniz”
44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə atılmış "İsgəndər" raketləri nəticəsində evləri dağılan, əmlaklarına ziyan dəyən və müxtəlif formada zərər çəkən bir qrup vətəndaş bildirir ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi nəzərdə tutulsa da, kompensasiya prosesi hələ də tam şəkildə başa çatdırılmayıb. Zərərçəkənlərin sözlərinə görə, məsələnin icrası Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Lakin onlar uzun müddətdir müraciətlərinə baxılmadığını, Komitə rəhbərliyi tərəfindən qəbul edilmədiklərini və dəymiş ziyanın tam həcmdə ödənilmədiyini bildirirlər. Bundan əlavə, bəzi vətəndaşlar Komitənin ayrı-ayrı əməkdaşları ilə bağlı ciddi iddialar irəli sürürlər. Onların sözlərinə görə, kompensasiya məbləğinin yalnız bir hissəsi ödənilib, qalan hissənin isə "vergi" və "ƏDV" adı ilə tutulduğu bildirilib. Vətəndaşlar qeyd edirlər ki, məsələ ilə bağlı vergi orqanına sorğu göndəriblər. Onların bildirdiyinə görə, aldıqları cavabda kompensasiya ödənişlərinin şəxslərin gəliri hesab edilmədiyi və buna görə də həmin vəsaitdən vergi və ya ƏDV tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığı qeyd olunub. Bununla yanaşı, zərərçəkənlər daha ciddi iddialar da səsləndirirlər. Onların sözlərinə görə, bəzi sənədlərdə onların adından saxta imzaların atıldığı iddia olunur. Həmçinin, vətəndaşlar bildirirlər ki, onlara müxtəlif təzyiqlər göstərilib, böhtan xarakterli ittihamlar səsləndirilib və məsələ barədə danışmamaları, etirazlarını dayandırmaları üçün hədələr edilib. İddialara görə, onlara kompensasiya məsələsinin artıq bağlandığı və bundan sonra hər hansı ödəniş edilməyəcəyi bildirilib. Zərərçəkmiş vətəndaşlar hesab edirlər ki, bu iddiaların hüquq-mühafizə və digər aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılmasına ehtiyac var. Onlar kompensasiya prosesinin tam şəffaf şəkildə yoxlanılmasını, qanun pozuntusu aşkarlanacağı təqdirdə məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini istəyirlər. Sonda Gəncə sakinləri Prezident İlham Əliyevə müraciət edərək bildirirlər: "Biz 44 günlük Vətən müharibəsində raket terrorunun qurbanları olmuş sadə vətəndaşlarıq. İllərdir haqqımız olan kompensasiyanın tam ödənilməsini gözləyirik. Səsimizin eşidilməsini, iddialarımızın obyektiv araşdırılmasını və hüquqlarımızın bərpa olunmasını xahiş edirik. Bu gün bizim yeganə ümid yerimiz cənab Prezident İlham Əliyevdir. İnanırıq ki, müraciətimiz diqqətdə saxlanılacaq və məsələnin qanun çərçivəsində ədalətli həlli təmin olunacaq."
Bakunews.tv
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”
GƏNCƏ TƏHSİLİNİN "KORRUPSİYA MEMARLIĞI": ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI
“Ozon” aptekin sahibi qaydaları durmadan pozur - ƏDV çeki vermir – FOTOFAKT
Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…


