Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur


Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa materiallar daxil olub.

İstintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyənin adından torpaq icarəsi və satışı ilə bağlı bələdiyyə iclas qərarlarına bələdiyyə üzvlərinin adından imza etməsi, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqləməsi və sonradan bu sənədlərdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar əldə edilib.

Zülfüqar Zülfüqarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilib.

Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı


Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib.

Sorğu Monteneqroda baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim olunub.

Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Rövşən Səmədovdan, habelə cinayətin törədilməsindən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə zəruri DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.

İstintaq idarəsi tərəfindən sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edilib. Hüquqi yardım sorğusunun icrası nəticəsində toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqro Respublikasının səlahiyyətli orqanına göndərilib.

Azərbaycan Baş Prokurorluğu transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində xarici dövlətlərin səlahiyyətli orqanları, o cümlədən EUROJUST və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirir.
Xəbər lenti