Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Qarabağdakı tikinti-quruculuq işlərini axsadan "Leysan amili" - ARAŞDIRMA



Qarabağın yenidən qurulması Azərbaycan xalqı üçün mənəvi və strateji əhəmiyyət kəsb edən mühüm məsələdir. Lakin təəssüflə qeyd etməliyik ki, yenidənqurma və bərpa prosesində əsas rol sahibi olan Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti son zamanlar daha çox uğurları ilə deyil, maliyyə qalmaqalları və idarəetmə nöqsanları ilə gündəmə gəlir.

AFN.az-ın araşdırmaları göstərir ki, icraçı direktor Leysan Məmmədovun rəhbərlik etdiyi Xidmətin fəaliyyəti rəsmi audit sənədlərində büdcə vəsaitlərinin "yeyinti poliqonu"na bənzəyir.

Leysan Məmmədovun smeta hiylələri
Hesablama Palatasının son audit hesabatları Leysan Məmmədovun idarəetmə üslubundakı böyük bir boşluğu yenidən üzə çıxarıb: Smeta sənədlərinin şişirdilməsi. Audit nəticələrinə görə, Horovlu kəndində fərdi evlərin tikintisi zamanı iş həcmlərinin süni şəkildə artırılması nəticəsində təxminən 1 milyon manata yaxın (996,046 AZN) vəsaitin artıq xərclənməsinin qarşısı son anda alınıb.

Bu, sadəcə texniki səhv deyil, dövlət vəsaitinin mənimsənilməsinə münbit şərait yaradan sistemli bir nəzarətsizlikdir. Bu cümləni rahatlıqla qura bilməyimizə səbəb Leysan Məmmədovun bundan əvvəlki vəzifələrdə yol verdiyi eyni tip nöqsanların artıq dəfələrlə aidiyyatı dövlət qurumları və media tərəfindən ifşa olunmasıdır. Tərəfimizdən hazırlanan həmin yazı ilə BURADAN tanış ola bilərsiz.


Rəqabət, yoxsa inhisar?
Xidmətin satınalma siyasəti ekspertlər tərəfindən kəskin tənqid olunur. Milyonlarla manatlıq layihələrin çox vaxt eyni podratçı qrupları arasında bölüşdürülməsi satınalmalarda şəffaflıq və rəqabətlilik prinsiplərini sual altına qoyur. Leysan Məmmədovun rəhbərliyi dövründə tenderlərin sanki öncədən müəyyən edilmiş subyektlərə istiqamətləndirilməsi, "bərpa işləri təcilidir" bəhanəsi ilə bir çox hallarda şəffaf prosedurlardan yan keçilməsi büdcə xərclərinin səmərəliliyini sıfıra endirir.

Tənqidlərin digər istiqaməti isə kadr və əməkdaşlıq siyasətidir. Audit zamanı məlum olub ki, xidmət rəhbərliyi işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan əlavə ödənişləri və maaşları qanunsuz şəkildə hesablayaraq 137 min manatdan çox vəsaitin artıq ödənilməsinə yol verib. Bu isə rəhbərliyin həm maliyyə savadlılığı, həm də inzibati nəzarət mexanizminin iflic vəziyyətində olduğunun göstəricisidir.

Olmayan hesabatlılıq
Qarabağ üçün ayrılan milyardların hara və necə xərcləndiyi barədə cəmiyyətə dolğun məlumat verilməməsi, Leysan Məmmədovun rəhbərliyi etdiyi qurumu "qapalı qutu"ya çevirib. Hesablama Palatasının isə hər müdaxiləsində yeni bir qanunsuzluq aşkar etməsi xidmətə olan etimad limitini tükədir.

Uğrunda minlərlə şəhid verdiyimiz torpaqların bərpası, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri kimlərinsə şəxsi qazanc mənbəyinə çevrilə bilməz. Leysan Məmmədovun rəhbərliyi altında yığılıb qalmış bu nöqsanlar, maliyyə problemləri və smeta oyunları göstərir ki, xidmətdə köklü kadr və idarəetmə dəyişiklikləri qaçılmazdır.

Hesablama Palatasının aşkar etdiyi bu rəqəmlər xidmət rəhbərliyi üçün sadəcə "hesabat xətası"dır, yoxsa böyük bir yeyintinin rəsmi təsdiqi? Bundan sonra iş hüquq-mühafizə orqanlarının üzərinə düşür...

AFN.az

“Medicare Hospitalı” necə işləyir? - Lisenziyasız tibbi biabırçılıq


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl tibb müəssisələrində onlarla yoxlama keçirilməsi və “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyətin aşkar olunması rəsmi şəkildə yayımlandı

Bizimesr.com bildirir ki, hətta verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmadığı üçün klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edildiyi bildirilirdi.Lakin ortaya çıxan sual son dərəcə ciddidir: əgər lisenziya dayandırılıbsa, bu klinika hansı əsasla fəaliyyətini davam etdirir? Bu, artıq təkcə inzibati pozuntu deyil, “Lisenziyalar və icazələr haqqında” qanunun və vətəndaşların sağlamlıq hüququnun açıq şəkildə sual altına düşməsi deməkdir. Əgər klinikanın lisenziyası rəsmi qaydada bərpa olunmayıbsa, fəaliyyət göstərməsi qanunvericilik baxımından ciddi pozuntu sayılır.Mediatvaz.com xəbər verir ki,digər narahatedici məqam isə bəzi həkimlərlə əmək müqavilələrinin bağlanmaması ilə bağlı iddialardır. Bu hal təsdiqini taparsa, bu, həm Əmək Məcəlləsinin, həm də tibbi fəaliyyətin tənzimlənməsi qaydalarının kobud şəkildə pozulması anlamına gəlir.Ən narahatedici məqam isə odur ki, daha əvvəl bu klinikada ölüm faktının baş verdiyi bildirilir. Belə bir hadisədən sonra nəzarətin sərtləşdirilməsi gözlənildiyi halda, əksinə, eyni müəssisə ətrafında yeni suallar yaranır.

Belə ki, 2023-ci ilin aprel ayında 23 yaşlı Arzu Əzimovanın estetik əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı yayılan məlumatlar o zaman cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bildirilirdi ki, o, Medicare Klinikasında rinoplastika əməliyyatı keçirib, əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq komaya düşüb və aparılan tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Tirajlanan məlumatlarda iddia olunurdu ki, əməliyyatı icra edən həkimin estetik cərrahiyyə aparmaq üçün müvafiq sertifikatı olmayıb. Eyni zamanda həmin həkimlə “Medicare” klinikası arasında rəsmi əmək müqaviləsinin mövcud olmadığı da qeyd edilirdi.Diqqətçəkən başqa bir məqam isə bunun tək hadisə olmamasıdır.

21 dekabr 2023-cü il tarixində də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Medicare” klinikasında əməliyyat zamanı həyatını itirdiyi barədə rəsmi məlumat yayılmışdı. Qısa zaman aralığında eyni müəssisə ətrafında iki ölüm faktının hallanması sualları daha da artırır.İnsan həyatı üzərindən yaranan suallar cavabsız qaldıqca, ictimai etimad daha da sarsılır. Səssizlik isə bu kimi hallarda ən təhlükəli mövqedir.Belə hadisələrdən sonra nəzarətin gücləndirilməsi gözlənildiyi halda, əksinə, iddiaların davam etməsi ictimai narahatlığı artırır.Çünki burada söhbət təkcə qaydalardan yox, insan həyatından gedir – və bu mövzuda səssizlik qəbulolunmazdır.

Qarşı tərəfin cavab haqqını tanıyırıq

Bizimesr.com

"Şapka Məmməd" və "Qara Kassa" Əməliyyatı: İflasdan Doğan Milyonlar!.


2014-cü ildə baş vermiş "Beynəlxalq Bank" böhranından sonra iflas edən "Azərinşaatservis" MMC ətrafındakı sular hələ də durulmaq bilmir.
Qurum müflis elan edildikdən sonra onun nəhəng texniki bazası və torpaq sahələri borcluların öhdəliklərini qarşılamaq məqsədilə "AqrarKredit" BOKT-un idarəçiliyinə verilsə də, prosesin şəffaflığı ciddi şübhə altındadır.
​İflasdan Sonrakı "Buxarlanma"
​İstintaq və araşdırmalar göstərir ki, müflis olan anadək şirkətin aktivləri (texnika, avadanlıq və daşınmaz əmlak) mövcud borcları tam bağlamağa yetərli olub. Lakin "AqrarKredit"in idarəçiliyi dövründə bu aktivlərin aqibəti qaranlıq qalıb.
​49 zərərçəkmiş: Həm fiziki, həm də hüquqi şəxslər illərdir ki, öz vəsaitlərini geri ala bilmirlər.
​Gizli Satışlar: Əmlakların hansı qiymətə satıldığı və əldə olunan vəsaitlərin hara yönləndirildiyi barədə rəsmi hesabatlılıq yoxdur.
​ Prosesin "Memarları": Kölgəli Əməkdaşlıq
​İddialara görə, bu mürəkkəb sxemin mərkəzində bir neçə nüfuzlu şəxs dayanır:
​Məmməd Musayev ("Şapka Məmməd"): "AqrarKredit" BOKT-un rəhbəri kimi bütün prosesə rəhbərlik etməkdə ittiham olunur.
​Arzuman Abbasov: "Azərsu" ASC-nin keçmiş müavini və "Azərinşaatservis"in köhnə rəhbəri. Proseslərin əsas icraçılarından biri kimi qeyd edilir.
​Hüquqi "Qalxan": BOKT-un hüquq şöbəsinin müdiri Vilayət adlı şəxsin bütün əməliyyatları "qanun çərçivəsinə" salmaq missiyasını daşıdığı bildirilir.
​"Qara Kassa": Nazim adlı şəxsin əldə olunan maliyyə vəsaitlərinin qeyri-rəsmi bölüşdürülməsində vasitəçi olduğu iddia edilir.
​35 Milyonluq Torpaq Oyunu
​Qalmaqalın ən pik nöqtəsi Binəqədi rayonunda yerləşən 3.5 hektarlıq torpaq sahəsidir.
​Dəyəri: Cari bazar qiyməti təxminən 30-35 milyon manat civarındadır.
​Qanunsuzluq: Bu əmlakın satışından gələn gəlir 49 payçı arasında bölünməli olduğu halda, iddialara görə, M. Musayev və A. Abbasov tərəfindən qondarma hərrac vasitəsilə mənimsənilib.
​İcraatda "Kömək": Prosesin həyata keçirilməsində Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinin rəisi Vidadi Məmmədovun, eləcə də Binəqədi İcra Şöbəsinin rəhbərliyinin (Fuad Nəbiyev və Asəm Əhmədov) adı hallanır.
​Məhkəmə Qərarları Niyə İcra Olunmur?
​Zərərçəkənlər arasında olan "SİRR-M" MMC-nin durumu hüquqi xaosun bariz nümunəsidir:
​Fakt: 2016-cı ildə məhkəmə "Azərinşaatservis"dən 3.8 milyon manatın şirkətə ödənilməsi barədə qətnamə çıxarıb.
​Bakı Apellyasiya Məhkəməsinin 2018 və 2025-ci il tarixli (qüvvədə olan) qərardadlarına əsasən, əmlak üzərinə həbs qoyulub və zərərçəkmiş tərəfin razılığı olmadan heç bir satış həyata keçirilə bilməzdi.
Buna baxmayaraq, payçıların haqları tapdanaraq əmlakın "əlbəəl" edilməsi hüquqi dövlət prinsiplərinə meydan oxumaq kimi qiymətləndirilir.
​Onlarla sahibkarın və vətəndaşın milyonlarla manat vəsaiti şəxsi maraqların qurbanına çevrilib.
Məhkəmə qərarlarının icrasına süni maneələr yaradan bu şəbəkənin fəaliyyəti hüquq-mühafizə orqanlarından ciddi reaksiya gözləyir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı,
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri,
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri,
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
Həmçinin “Turanbank”ın sahibidir.
Sima Babayeva
TEREF

İcra başçısının köməkçisi ilə əlaqəli şirkət 4 aya 4 milyonluq tender qazandı


Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisinin iri dövlət tenderlərini qazanan şirkət strukturunda hallanması mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır.

Bizimesr.com bildirir ki, Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.

Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.

“VATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur. Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur. Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.

4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.

VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir. /Gununsesi/

Aslan Dubai Cars” qalmaqalı – Vətəndaş 10 minlərlə manatının qaytarılmadığını deyir


“Aslan Dubai Cars” sahibi Aslan Məmmədov 47 min 150 manatımızı alıb, amma bizə çatası maşınları verməyib. Bundan sonra bir dəfə 9 min dollarımızı, bir dəfə də 7 min manatımızı qaytarıb. O gündən də and-aman edir ki, bəs pulunuzu qaytaracağam, elə andlar içir ki… amma pulumuzun qalan hissəsini qaytarmır ki, qaytarmır”.
Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Vurğun Vəliyev deyib.
Onun sözlərinə görə, 1 il öncə, 2025-ci ilin aprel ayında Dubaydan avtomobil almaq məqsədilə sosial şəbəkələrdə fəaliyyət göstərən “Aslan Dubai Cars” səhifəsi vasitəsilə özünü şirkət sahibi kimi təqdim edən Aslan Qabil oğlu Məmmədovla əlaqə saxlayıb.
“Dedi ki, Dubaya gəlin, söhbət edək. Ora getdik və aramızdakı razılaşmaya əsasən, orada Aslan Məmmədova şəxsən 12 500 ABŞ dolları məbləğində pul vəsaiti verdik. Sonrakı mərhələdə isə əlavə olaraq 13 000 ABŞ dolları ödədik. Əvvəllər Dubayda avtomobil hərracında iştirak etmədiyinə və dil bilmədiyinə görə Aslan Məmmədovdan xahiş etdik ki, hərraca özü qatılsın. Aslan Məmmədov hərraca qatıldı, bizim pulumuza, lakin öz adına 4 ədəd “Toyota Aqua” avtomobili aldı”, – deyə Vurğun Vəliyev bildirib.
V.Vəliyevin sözlərinə görə, Aslan Məmmədov onları arxayın salıb ki, o, Azərbaycana qayıtdıqdan sonra avtomobilləri də göndərəcək:
“O gündən 8 ay ötüb, lakin Aslan Məmmədov nə maşınları göndərdi, nə də ödənilmiş pulumu tam olaraq geri qaytarır. Razılaşmışdıq ki, avtomobillər 25 gün ərzində Azərbaycana gətiriləcək və mənə təhvil veriləcək. Göstərilən müddət ərzində avtomobillər gəlib çıxmadı. Aslan Məmmədova çoxsaylı müraciətlərimə baxmayaraq müxtəlif bəhanələrlə vaxtı uzatdı. Avtomobilləri vermir. Pulumun da bir hissəsini qaytarıb, qalanını qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Gah deyir ki, Dubayda işçim 8 milyon dollarımı götürüb qaçıb, gah da maşın satıb pulumu qaytaracağını vəd edir. Aslan Məmmədovun qardaşı Asimanın ofisinə də müraciət etmişəm. Bundan sonra mənə 9 min ABŞ dolları, daha sonra isə əlavə olaraq 7 min manat pulum qaytarılıb. Aslan Məmmədov mənim ümumilikdə 24 850 manat pulumu aldadıb alıb və geri qaytarmır”.
Vurğun Vəliyev üzləşdiyi əməllərin araşdırılması üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə müracət edib:
“Səbail Rayon Polis İdarəsinə şikayət etmişik. Aylardır ki, hər hansı bir nəticə yoxdur. Aslan Məmmədov da bizim pulumuzu qaytarmaqdan yayınmaqdadır. Xahiş edirik ki, məsələ araşdırılsın, hüquqi qiymət verilsin”.

Musavat.com

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır? -DETALLAR


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi printer üçün kartriclərin satınalınması üzrə 14.01.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 618.899,38 manat dəyərində müqavilə bağlanıb. Məlumat satınalmaların portalında 01.05.2026-ci ildə dərc edilib.


Qeyd edək ki, “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 16.01.2025-ci il tarixli Qərarı ilə “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyəti etibarsız təchizatçılar siyasına daxil edilib. MMC bir il sonra, yəni 16.01.2026-cı ildə sözügedən siyahıdan çıxarılıb.


Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin printer üçün kartriclərin satınalınması üzrə tenderə isə 14.01.2026-cı ildə başlanılıb. Göründüyü kimi dövlət qurumunun tenderə başladığı tarix MMC-nin hələ etibarsız təchizatçılar siyasında olduğu vaxta təsadüf edir. Amma bu təsadüfdürmü?


Qeyd edək ki, medianın 17.01.2025-ci ildə yaydığı məlumata görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi kompüter və kompüter avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub. Məlumata görə, tenderin qalibi “Unisell” şirkəti seçilib. Qurum şirkətdən 247 985,26 manatlıq kompüter və kompüter avadanlığı almağı planlaşdırır. Şirkətin bu tenderdə qalib elan edilməsi maraqlıdır. Çünki “Unisell”in adı etibarsız təchizatçılar siyahısına salınıb. Şirkət 16 yanvar 2025-ci ildən 16 yanvar 2026-cı ilədək dövlət satınalmalarında iştirak edə bilməz. Amma satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı bu satınalma ilə bağlı məlumat tapa bilməsək də başqa məlumatlar əldə edə bildik.


Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərfindən müxtəlif kompüter avadanlıqlarının alınması üzrə “UNİSELL” MMC ilə 58.000,54 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.04.2025-ci ildə dərc edilib.


“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərfindən müxtəlif kompüter avadanlıqlarının alınması üzrə “UNİSELL” MMC ilə 54.628,1 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 10.04.2025-ci ildə dərc edilib.


Göründüyü kimi “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısına salından 3 ay sonra belə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə tabeli idarələr tərəfindən qalib seçilib.


Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı Maddəsinə görə: Təchizatçılar bu Qanunun 35.1.4-cü,( təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə); 35.1.10 ( satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə) – 35.1.12-ci maddələrində qeyd olunan hallarda həmin halların aşkar edildiyi gündən 5 (beş) iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 (on beş) iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.


16.4. Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.


Açıq mənbələrdə MMC-nin “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi barədə heç bir məlumat yoxdur. Çox güman ki, bu bir neçə təchizatçı arasında satınalma ilə bağlı hər hansı bir qanunsuzluğa yol verdiyinə və ya qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirdiyinə görə olub. İndi kim zəmanət verə bilər ki, MMC satınalmalarda həmin qanunsuzluqlara təkrar yol verməyəcək?


Qeyd edək ki, “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısından çıxarıldıqdan qısa müddət sonra, yəni, 29.04.2026-cı ildə Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsi ilə 534.999,02 manat dəyərində, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.064,2 manat məbləğində satınalma müqavilələri bağlayıb.


Göründüyü kimi “UNİSELL” MMC etibarsız təchizatçılar siyahısından çıxarıldıqdan qısa müddət sonra ümumi dəyəi 1 375 962 manat olan 3 tenderin qalibi seçilib. Ümumiyyətlə isə, əvvəlki illərdə də MMC Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə tabeli idarələr tərəfindən keçirilmiş onlarla tenderin qalib seçilib. Bu isə MMC-nin arxasında duranların İqtisadiyyat Nazirliyində oturduğuna şübhələri artırır.


Maraqlıdır, həm etibarsız təchizatçılar siyahısında olanda, həm də həmin siyahdan çıxarıldıqdan sonra “UNİSELL” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır?


Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİSELL” (VÖEN: 2005964101) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, AĞ ŞƏHƏR, ev.1, m.3, qanuni təmsilçisinin isə Qasımov Xalid Ağamalı oğlu olduğu qeyd edilib.


Rəsmi portalında Unisell MMC kompüterlər, noutbuklar, monobloklar, printerlər, monitorlar, şəbəkə avadanlıqları və istehlak materiallarının (kartric və toner) təchizatı ilə yanaşı, korporativ İT infrastrukturlarının qurulması və saxlanması istiqamətində də fəaliyyət göstərildiyi, xidmətlərin isə təcrübəli texniki heyət tərəfindən icra olunduğu qeyd edilir.


Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir. O, Prezident İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib. Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovadır. Daha əvvəllər Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Nigar Alimova 2021-ci ildən sözügedən vəzifəyə təyin edilmişdir.(aktualinfo.net)

Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...


"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC növbəti satınalma müsabiqəsinə yekun vurub.

Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı keçirilən tenderin qalibi "Xezer-Constuction” MMC seçilib. Təmir işlərinə görə şirkətə 23 478 460,75 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
"Xezer-Construction” MMC bundan az əvvəl "Bakı Əsaslı Tikinti və Təmir” MMC-nin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 61 087 536,21 manat təşkil edib.
"Bakı Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində faəliyyət göstərirdir. MMC-nin rəhbəri Abit Əliyevdir. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs kimi tanınır.(Qaynarinfo)

BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...


"Azərbaycanda onkoloji xəstələrlə bağlı vəziyyət çox ağırdır. Say durmadan artır. Hər il 10000 adam onkoloji xəstəlikdən dünyasını dəyişir. Özümdən yazmıram, rəsmi statistik rəqəmlərə əsasən deyirəm (2023-cü ildə 9818 nəfər, 2024-cü ildə 9681 nəfər)..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Aytən Məmmədova yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Xərçəng xəstəliyinə yoluxanların sayı da sürətlə çoxalır. Az qala, il ərzində 5 min nəfərə yaxın artım var. 2023-cü ildə qeydiyyatda olan xəstə sayı 69435 nəfər olub, 2024-cü ildə 73875-ə çatıb.
Bunların əksəriyyəti kasıb adamlardır, keyfiyyətli kimyaterapiya almaq, başqa ölkəyə gedib yaxşı müalicə olunmaq kimi imkanları yoxdur. Onlar Bakıda – Onkologiya Mərkəzinin dəhlizlərində ağlaya-ağlaya gəzirlər. Əksəriyyətinin müayinələrə, kimyaterapiyalara, şüalara və s. ödəməyə gücü çatmır.
Bu Mərkəzdə tələb olunan pullar bir yana, həkimlərin əksəriyyətinin davranışı da danışılası deyil. Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı. Elə qəzəblə, əda ilə davranırlar adamla...
Onkologiya Mərkəzində son hadisədən sonra bir çox həkimlərin sosial şəbəkələrdə yazdıqlarını görürəm. Bir minnət qoyurlar, sanki havayı işləyirlər. Biri deyir, işləməyək, qoy qalsınlar, o biri yazır ki, heç vaxt ağır xəstə qəbul etmir, əməliyyat edib sağalda bilsə də...
Sonra da deyirik, niyə səhiyyə sistemi bu vəziyyətdədir? Belə düşüncə sahiblərinin olduğu məkanlarda vəziyyət necə olmalıdır?
Özünü qarşındakının yerinə qoyub, onun nə hiss etdiyini anlamaq çoxmu çətindir?
Hər peşə özlüyündə vacibdir, müqəddəsdir. Həkimlik də, müəllimlik də, mühəndislik də... O aparatlar olmasa, həkimlər necə dəqiq diaqnoz qoyar? Müəllimlər olmasa, həkimlər necə yetişər?
Azərbaycanda yaxşı həkimlər varmı? Əlbəttə ki, var. Təəssüf ki, onlar ın sayı azdır. İnsanlar da bundan əziyyət çəkir..."(DİA-AZ)

Masazırda qanunsuz tikinti başlanır? Hansı məmur icazə verib…


Abşeron rayonunda Masazırda qanunsuz tikinti işləri aparılması üçün hazırlıq görülür

Xalq-a daxil olan məlumata görə Abşeron rayonu Masazırda H. Əliyev pr. dəmir hasara alınaraq qanunsuz inşa işləri aparılması ilə bağlı hazırlıqlar görülüb.

Məsələnin araşdırması ilə bağlı qurumlara sorğu göndərilib.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Abşeron rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.

Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görüntüləri təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/masazirda-qanunsuz-tikinti-baslanir-hansi-memur-icaze-verib

Xalq.online

“Lux Residence” 86 yaşlı qadının evini yarı qiymətə almağa çalışıb -ŞİRKƏTƏ QARŞI DƏLƏDUZLUQ İTTİHAMI


“Lux Residence” tikinti şirkəti qanunsuz olaraq 86 yaşlı qadını evindən çıxarmağa çalışıb.

Muxalifet.az xəbər verir ki, Bakı şəhər, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət qızı bu barədə Ajans.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaşadığı ərazinin və binanın satılmasından sonra “Lux Residence” tikinti şirkəti digər bina sakinləri ilə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe sərgiləyib. Belə ki, əvvəlcə onu məcburi şəkildə evindən çıxarmağa cəhd edib, o. etiraz etdikdən sonra isə məsələ məhkəməyə daşınıb.

Şikayətçinin sözlərinə görə, ona məxsus mənzilin sahəsi sənədlərdə 76 kvadrat metr olsa da, ilkin mərhələdə bu göstərici saxtalaşdırılaraq 55 kvadrat metr kimi təqdim edilib.

Üstəlik, digər sakinlərlə əldə olunan razılaşmaya əsasən, hər kvadrat metr üçün 4000–5000 manat məbləğində ödəniş təklif olunduğu halda, ona həmin qiymətin yarısından da aşağı məbləğ təklif edilib.

Qeyd edək ki, məhkəmə prosesində mənzilin sahəsinin 76 kvadrat metr olduğu təsdiqlənsə də, ödəniş hər kvadrat metr üçün 2200 manat müəyyən edilib. Sakin bu qərarla razılaşmadığını və hüquqlarının pozulduğunu iddia edir.

Şikayətçi Piruzə İbrahimova, bununla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edib. Yaşlı qadın Mehriban xanımdan məsələnin obyektiv araşdırılmasına və digər sakinlər üçün təyin olunan ödəniş məbləğinin ona da şamil edilməsinə göstəriş verməsini xahiş edib.

Məlumat üçün onu da bildirək ki, Birinci vitse-prezident Mehriban Əliyevaya 86 yaşlı Piruzə İbrahimovanı şəxsən tanıyır. Əldə etdiyimiz məlumata görə, hətta pandemiya dönəmində Mehriban xanım ona mobil telefon da hədiyyə edib.

Muxalifet.az

P.S. Məsələni diqqətdə saxlayacağıq.

Xəbər lenti