Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb


Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb.

Şikayəti olduğu kimi təqdim edirik:

– Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına və ictimaiyyətə müraciət edirəm. Mən hesab edirəm ki, “Prior Leasing” MMC tərəfindən hüquqlarım kobud şəkildə pozulub və etimadımdan sui-istifadə olunub.

Belə ki, 13 fevral 2024-cü il tarixində “Prior Leasing” MMC-nin Bərdə rayonunda yerləşən satış mərkəzindən lizinq yolu ilə ümumi dəyəri 95 min 790 manat olan “LOVOL TR504” markalı traktor almışam. Kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən ayrılan subsidiya da nəzərə alınmaqla ümumilikdə 66 min 404 manat 20 qəpik məbləğində vəsait ödəmişəm.

Mən texnikadan müəyyən müddət istifadə etmişəm. Sonradan yaşayış yerim olan Bərdə rayonuna qayıtmışam. Həmin dövrdə “Prior Leasing” MMC-nin Bərdə satış mərkəzinin müdiri Elçin Kərimli ilə görüşmüşəm. O, mənə bildirib ki, əgər traktoru satış mərkəzinə qaytarsam, 7-10 gün ərzində onu başqa müştəriyə sata bilər. Mənə izah etdi ki, bu halda cəmi 3-4 min manat ziyana düşəcəyəm. Hətta dağlıq ərazilər üçün daha münasib olan başqa bir traktorla əvəzlənməsinin mümkün olduğunu da dedi.

Mən də şirkət nümayəndəsinə inanaraq onun dediklərinə etibar etdim. 12 iyun 2025-ci il tarixində zaminim Yaşar Quliyev və traktorun sürücüsü Bəxtiyar Abdullayevin iştirakı ilə texnikanı “Prior Leasing” MMC-nin Bərdə rayonundakı satış mərkəzinə apardım. Traktorun daşınması üçün tələb olunan 145 manat məbləğində xərc Elçin Kərimlinin şəxsi bank kartına köçürüldü. Daha sonra texnikanı şəxsən ona təhvil verdim.

Traktor təhvil verildikdən sonra müəyyən müddət gözlədim. Təxminən iki həftə keçdikdən sonra Elçin Kərimli ilə əlaqə saxlamağa çalışsam da, telefon zənglərim cavabsız qaldı. Dəfələrlə zəng etsəm də, mənimlə danışmaqdan yayındı. Sonradan onunla əlaqə yarada bildim. O zaman mənə bildirdi ki, traktordan tamamilə imtina etməli və cəmi 5-6 min manat məbləğində kompensasiya ilə razılaşmalıyam.

Bu təklif məni ciddi şəkildə təəccübləndirdi. Çünki mən texnikanı ona etibar əsasında təhvil vermişdim və bu zaman heç bir borcum yox idi. Lizinq ödənişlərimi həmişə vaxtında etmişəm. Heç bir gecikmə və ya öhdəlik pozuntusuna yol verməmişəm. Sadəcə olaraq şirkətin nümayəndəsinin sözünə inanaraq texnikanı ona təhvil vermişəm.

Daha sonra məlum oldu ki, Elçin Kərimli öz vəzifə və müqavilə səlahiyyətlərindən sui-istifadə edərək həmin traktoru 3 noyabr 2025-ci il tarixində əldə edib. Mənim etimadımdan istifadə olunub və nəticədə mən külli miqdarda ziyana məruz qalmışam.

Bununla da problemlər bitmədi. Qarşı tərəf məni məhkəməyə verdi. Bakı Kommersiya Məhkəməsində mənə qarşı əvəzləşmə ilə bağlı qərar çıxarıldı. Birinci məhkəmə prosesində mənə qarşı 5700, ikincidə 2700 manat məbləğində yeni iddia qaldırıldı. Üçüncü məhkəmə prosesində şirkət nümayəndəsi bildirdi ki, onlara heç bir borcum yoxdur. Yəni özləri də bilmirdilər nə etsinlər.

Sonradan məlum oldu ki, mən traktoru təhvil verdiyim tarixdən sonra belə, adıma əlavə borclar hesablanıb. Halbuki texnika artıq mənim istifadəmdə olmayıb. Bu isə mənim hüquqlarımın açıq şəkildə pozulması deməkdir.

Baş verənlərlə bağlı kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olmuşam və ona bütün faktları təqdim etmişəm. Eyni zamanda hüquqlarımın bərpası məqsədilə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Təəssüf ki, məhkəmə qərarı mənim gözləntilərimi doğrultmayıb və məni aldadan şəxsin xeyrinə qərar qəbul olunub.

Mən hesab edirəm ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə, etimaddan sui-istifadə etməklə əmlaka sahib olma, vətəndaşa maddi ziyan vurulması və digər hüquqi qiymət verilməli olan hallar mövcuddur. Bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmasına ehtiyac var.

Çox xahiiş edirəm, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumların məsələyə müdaxilə etsinlər. Burada söhbət təkcə mənim hüquqlarımın pozulmasından getmir. Bu fakt sahibkarların və kənd təsərrüfatı ilə məşğul olan insanların etimadının sarsıdılmasını göstərir.

Vətəndaş lizinq şirkətlərinə və onların nümayəndələrinə etibar etdikləri halda belə vəziyyətlərlə üzləşirlərsə, bu, ciddi narahatlıq doğurmalıdır. Çünki kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlar dövlətin dəstəyi ilə aldıqları texnikaları böyük ümidlərlə istifadə edirlər. Həmin insanların aldanması isə onların iqtisadi vəziyyətinə ağır təsir göstərir.

Mən aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, hadisədə iştirak edən şəxslərin əməlləri araşdırılsın. Mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsi təmin olunsun. Həmçinin gələcəkdə digər sahibkarların və vətəndaşların da bu cür hallarla üzləşməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülsün.

Azərbaycan hüquqi dövlətdir və vətəndaşın mülkiyyət hüququ, qanuni mənafeləri qorunmalıdır.

Ümid edirəm ki, məsələ obyektiv şəkildə araşdırılacaq, günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və mənim pozulmuş hüquqlarım bərpa olunacaq.

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI


Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı qanun pozuntularına yol verildiyi iddia olunur.

Oxu.Az-a daxil olan müraciətdə bu və digər məsələlərlə bağlı ciddi ittihamlar səsləndirilib.

Müraciət müəllifi xəstəxanada icbari tibbi sığorta üzrə ayrılan vəsaitlərin mənimsənilməsi, işə qəbul zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması və idarəetmədə problemlərin yaşanması ilə bağlı ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, xəstəxanadan digər tibb müəssisələrinə köçürülmə üçün 240-dan çox saxta göndəriş verilib.

Müraciətdə bildirilir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və sözügedən göndərişlər üzrə bəzi faktlar müəyyən edilib. Lakin sonradan araşdırmanın nəticəsiz qaldığı və işin ört-basdır edildiyini iddia olunur.

Şikayətdə həmçinin xəstəxanada işə qəbul prosesinin şəffaf olmadığı, bəzi şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada işə götürüldüyü bildirilir.

Müraciət müəllifinin sözlərinə görə, hazırda xəstəxanada direktor vəzifəsi vakantdır və müəssisəyə rəhbərlik edən şəxs tərəfindən kadr siyasəti şəxsi maraqlar əsasında həyata keçirilir.

Şikayətdə xəstəxananın ümumi fəaliyyətinin də qənaətbəxş olmadığı, son dövrlər vəziyyətin daha da pisləşdiyi qeyd olunur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-2024-cü illərdə göndərişlərin verilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb, hazırda istintaq davam etdirilir:

"Əlavə olaraq, hər iki hal üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq".

Simnar Mamedovun adı rəsmi saytdan silindi - Peşə Təhsili Agentliyində nə baş verir?


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Bu barədə rəsmi məlumat verilməsə də, artıq Agentliyin rəsmi internet səhifəsindən Simnar Mamedovun adı götürülüb.

Hazırda qurumun rəsmi saytındakı "Rəhbərlik" bölməsində yalnız direktor İlqar Bayramlı və direktor müavini Kənan Mirzəyevin adları saxlanılıb.

Qeyd edək ki, Simnar Mamedov Agentliyin sabiq direktoru Ceyhun Kərəmovun vəzifədən uzaqlaçdırılmasından sonra, İlqar Bayramlı direktor təyin edilənədək direktor səlahiyyətlərini icra edib. Həmin dövrdə onun Agentliyə rəhbər təyin olunacağı ilə bağlı müxtəlif iddialar və məlumatlar da səsləndirilirdi.

Lakin Simnar Məmmədovun adının Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytından çıxarılması onun vəzifədən ayrılması və ya vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sualları artırıb.

Bununla bağlı hələlik Agentlik tərəfindən rəsmi açıqlama verilməyib.

Bizimesr.com-a daxil olan digər məlumata görə, Agentlik daxilində ciddi kadr mübarizəsinin davam etdiyi iddia olunur. Qeyd olunur ki, Agentliyi Murad Məmmədov adlı hüquqşünas (?) öz nəzarətində saxlamağa çalışır.

Bu isə qurum daxilində, eləcə də, Peşə Təhsili Mərkəzlərində ciddi idarəetmə problemlərinə səbəb olub. Hətta Mərkəzlərdə onun tapşırıqlarının qaydalara uyğun olmadığını, bu tapşırıqların icrasının mümkünsüz olduğunu bilrirən direktorların narazılığı da müşahidə olunmaqdadır. İddia olunur ki, Murad Məmmədov özünü Peşə Təhsili üzrə Dövlət Agentliyinin ən səlahiyyətli şəxsi kimi göstərməklə nəzarəti əlində cəmləşdirməyə davam edir.

Maraqlıdır, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır, yoxsa, Murad Məmmədov...? Və ya İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyini idarə edə bilmir?

Bizimesr.com

Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!


Paytaxtın ictimai nəqliyyat sistemi artıq sadəcə bərbad vəziyyətdə deyil, bu sistem vətəndaşların əsəblərini, sağlamlığını və insani ləyaqətini hər gün ayaqlar altına atan bir rəzalət mərkəzinə çevrilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu rəzaləti sadəcə kənardan izləyir.
Camaatın cibini soymaq üçün şəhərin hər küncünü pullu parking xətləri ilə bəzəməyi mükəmməl bacaran bu qurum, nədənsə marşrut xətlərindəki biabırçılıqlara gələndə kor, kar və lallıq nümayiş etdirir.
AYNA-nın fəaliyyəti deyilən quru anlayış, görünür, yalnız rəngli boyalarla asfaltı xətləməkdən və cərimə yazmaqdan ibarətdir!
​Hər gün pik saatlarda eyni kabusu yaşayırıq: gəlmək bilməyən marşrutlar, süni şəkildə uzadılan intervallar və dayanacaqlarda çürüyən yüzlərlə sərnişin.
Nəhayət, avtobus gələndə isə içəri daxil olmaq yox, birtəhər "soxulmaq" lazım gəlir. İnsanlar salonlarda elə basırıq, elə bir-birinin kürəyinə sıxılmış vəziyyətdə gedirlər ki, nəinki tərpənmək, nəfəs almaq belə möcüzəyə çevrilir.
AYNA rəhbərliyinin masa arxasında oturduğu yerdən bəh-bəhlə elan etdiyi "optimallaşdırma" və sərnişin daşınması islahatlarının acı reallığı bax budur: xaos, əsəb və keyfiyyətsizlik.
​Qaydalara, qanunlara əsasən iyunun 1-dən etibarən bütün avtobuslarda kondisionerlər mütləq şəkildə qoşulmalı idi.
Amma qanunu kim sayır, AYNA-ya kim tabe olur?
Dünən şəxsən özüm 61 və 79 nömrəli marşrut xətlərində oldum. Qarşılaşdığım mənzərə sözün əsl mənasında dəhşət idi! Kondisioner deyilən şeydən əsər-əlamət yoxdur.
Avtobusun içi 40 dərəcəlik isti qazanını xatırladır. İnsanlar bərbad havasızlıqdan boğulur, təzyiqi olan yaşlılar, azyaşlı uşaqlar hər an huşunu itirmək, infarkt keçirmək təhlükəsi ilə üz-üzə qalırlar. Vətəndaşın sağlamlığı daşıyıcı şirkətlərin yanacaq pullarına qənaət ambisiyalarına qurban verilir!
​Bu dözülməz vəziyyətlə bağlı AYNA-nın Mətbuat xidmətinin rəhbəri Tural bəylə əlaqə saxladıq. Aldığımız cavab isə hər il verilən, artıq hamını bezdirən şablon və məsuliyyətdən qaçan kağız parçası cavabından başqa bir şey deyil:
​"Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.
Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb."
​Bu açıqlama dövlət qurumunun öz acizliyini və səriştəsizliyini etiraf etməsindən başqa bir şey deyil! Bu cavabdan açıqca bəlli olur ki, AYNA rəhbərliyi üçün fəaliyyət sadəcə daşıyıcılara məktub göndərib "vəzifəni icra etdim" deməkdən ibarətdir. Bəs nəzarət mexanizmi haradadır?
Sən rəsmi qurum olaraq tapşırıq verirsən, amma daşıyıcı şirkət sənin tapşırığına tamamilə məhəl qoymur, sərnişini istidə qovurur və sən buna seyirci qalırsan!
​Belə çıxır ki, AYNA rəhbərliyinə öz verdiyi tapşırıqların icra olunub-olunmaması ümumiyyətlə maraqlı deyil. Şirkətlər özbaşına, idarəçilik bərbad, qurum isə məsuliyyətsizdir!
Əgər sizin sözünüzün daşıyıcı qarşısında bir çəkisi yoxdursa, əgər göndərdiyiniz məktublar sadəcə kağız üzərində qalırsa, onda siz o kreslolarda niyə əyləşmisiniz?
​Gediş haqlarını qaldırmağa gələndə "avtobus parkı yenilənir, xidmət keyfiyyəti artırılır" nağıllarını danışanlar, bu gün milləti avtobuslarda heyvan kimi daşıtdırırlar.
Vətəndaş gediş haqqını qəpiyinə kimi ödəyirsə, qarşılığında normal, insani xidmət tələb etmək hüququna malikdir. AYNA rəhbərliyi hesabatlarda virtual uğurlar bəzəməyi buraxmalı, xətlərə çıxıb millətin hansı zilləti çəkdiyini gözləri ilə görməlidir.
Tələbimiz qətidir: qaydalara əməl etməyən, kondisioneri yandırmayan daşıyıcılar rəsmi məktubla yox, ən ağır sanksiyalar və xətlərin əllərindən alınması ilə cəzalandırılmalıdır! Biz bəhanə yox, nəticə gözləyirik!
Sima Babayeva
TEREF

Teymur Musayevin səhiyyəsi çöküb - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə...


Azərbaycanda səhiyyə sisteminin ən mühüm və strateji hissələri - elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumların yaradılmasında əsas məqsəd ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, reabilitasiyası, eləcə də tibbi elmin inkişaf etdirilməsi olub.

Bizimesr.com-un araşdırmasına görə, uzun illərdir vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər göstərir ki, dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan bu institutlara düşmək faktiki olaraq mümkünsüz hala gəlib. Vətəndaşların ən çox şikayət etdiyi müəssisələrdən biri də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.

Qapılar xəstələrin üzünə niyə bağlıdır?

Məlum olduğu kimi, bu institutun tərkibində konsultativ poliklinika, stasionar şöbələr, diaqnostik tədqiqat bölmələri və müxtəlif fiziki müalicə üsullarının tətbiq olunduğu reabilitasiya şöbələri fəaliyyət göstərir. Məhz bu səbəbdən infarkt keçirmiş, insult sonrası reabilitasiyaya ehtiyacı olan, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən və digər ağır pasiyentlərin bu müəssisəyə yönləndirilməsi nəzərdə tutulur.

Lakin instituta müraciət edən xəstələrə əksər hallarda "yer yoxdur", "gözləmə siyahısına yazılın", "bir neçə həftə sonra yenidən müraciət edin" kimi cavablar verilir. Ən ağır vəziyyət isə məhz təcili reabilitasiya tələb edən xəstələrdə müşahidə olunur. Çünki bir çox hallarda vaxtında başlanmayan bərpa müalicəsi insanın sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərir.

Dövlət vəsaiti ayrılır, nəticədən isə narazılıq var

Azərbaycan dövləti hər il səhiyyə sisteminin inkişafı üçün böyük həcmdə vəsait ayırır. Müasir tibbi avadanlıqlar alınır, binalar təmir olunur, yeni texnologiyalar tətbiq edilir.

Bəs belə olan halda vətəndaşların qarşılaşdığı əsas problem niyə məhz xidmətə çıxışdır? Əgər stasionar şöbələrdə yer yoxdursa, o zaman bu müəssisələrdə kimlər müalicə alır? Əgər xəstələr aylarla növbə gözləyirsə, institutların faktiki doluluq səviyyəsi nə qədərdir? Əgər dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərən müəssisələr vətəndaşların ehtiyaclarını qarşılaya bilmirsə, ayrılan vəsaitin səmərəliliyi necə qiymətləndirilir?

Bu sualların cavabı uzun illərdir ictimaiyyətə açıqlanmır.

Reabilitasiya xidmətləri niyə əlçatmazdır?

Mütəxəssislərinin fikrincə, infarkt, insult və digər ağır xəstəliklərdən sonra ilk aylarda aparılan reabilitasiya müalicəsi xəstənin gələcək sağlamlığı üçün həlledici rol oynayır. Ancaq vətəndaşlar bildirirlər ki, dövlət müəssisələrində yer tapa bilmədikləri üçün məcburən özəl klinikalara üz tuturlar. Bu isə minlərlə manat əlavə xərc deməkdir. Pulu olmayanlar isə evdə ölmüə məhkumdur... Bir çox ailələrin isə belə xərcləri qarşılamaq imkanı yoxdur.

Bu gün Azərbaycanda minlərlə insan infarkt, insult, ağır travmalar və digər xəstəliklərdən sonra reabilitasiya xidmətlərinə ehtiyac duyur. Dövlətin balansında olan ixtisaslaşmış institutların əsas vəzifəsi məhz bu insanlara xidmət göstərməkdir. Əgər vətəndaşlar bu müəssisələrin qapısından geri qaytarılırsa, günlərlə və hətta həftələrlə gözləməyə məcbur edilirsə, o zaman sistemin fəaliyyətindəki problemlər araşdırılmalı və aydın izahat verilməlidir.

Səhiyyə naziri Teymur Musayev nəyi gözləyir? Niyə bu dövlətin imkanları ilə yaradılmış müalicə müəssisələrində insanlar müalicə oluna bilmir? Bu biabırçı prosess daha neçə il davam edəcək?
Qeyd edək ki, Teymur Musayevin fəaliyyətsizliyi artıq ölkənin səhiyyə sistemini tamamilə iflic vəziyyətə salıb. elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri sözün əsl mənasında vətəndaşlara xitmət etmək imkanlarını itirib və bu artıq insanların boğazında düyünə çevirilib.

Qeyd edək ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Baş həkimi Nurlana Əliyevadır.

Bizimesr.com

Rektor Rüfət Əzizov 200 min manata avtomobil alır


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yeni tenderinin nəticəsini açıqlayıb.

Təhsil ocağı istifadə üçün minik avtomobilləri alacaq.

Bununla bağlı keçirilmiş tenderin qalibi “AUTO AZƏRBAYCAN” MMC şirkəti olub. Universitet 3 ədəd avtomobilin alınmasına görə, 200 min 100 manat ödəniş edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovdur. O, Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin olunub. /Tribuna/

Adil Kərimli kitabxanalaçılara qarşı "səlib yürüşü"nə başlayır - Kütləvi ixtisarlar olacaq


Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən kitabxanaların əksəriyyəti köhnə və baxımsız binalarda yerləşir, maddi-texniki bazası zəifdir, yeni kitab fondları ilə təminat qənaətbəxş deyil. Ən böyük problemlərdən biri isə insanların, xüsusilə də gənclərin kitabxanalardan uzaqlaşmasıdır.


Bizimesr.com bildirir ki, belə bir şəraitdə cəmiyyət kitabxanaların necə canlandırılacağını, oxucuların bu mədəniyyət ocaqlarına necə cəlb ediləcəyini, kitab fondlarının necə yenilənəcəyini gözlədiyi halda, Mədəniyyət Nazirliyindən fərqli istiqamətdə açıqlama gəldi.


Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu ildən kitabxanalarda çalışan informasiya texnologiyaları ixtisasları üzrə minə yaxın şəxsin attestasiyası keçiriləcək. Növbəti ildə isə bütövlükdə kitabxana sistemində çalışan əməkdaşların attestasiyası nəzərdə tutulur. Nazir qeyd edib ki, attestasiya nəticəsində peşəkar hesab olunan şəxslər fəaliyyətlərini davam etdirəcək, uyğun hesab edilməyənlər barədə isə qanunvericiliyə uyğun tədbirlər görüləcək.


İlk baxışdan bu qərar kitabxana sistemində peşəkarlığın artırılması kimi təqdim oluna bilər. Lakin məsələ daha dərindən araşdırıldıqda ortaya ciddi suallar çıxır.


Bu gün Azərbaycan kitabxanalarının əsas problemi həqiqətən işçilərdirmi?


Uzun illərdir rayonlarda, kəndlərdə, şəhərlərdə fəaliyyət göstərən kitabxanaçılar çox zaman aşağı maaşla, çətin şəraitdə çalışıblar. Bir çox kitabxanalar qışda istiliksiz, yayda isə yararsız şəraitdə fəaliyyət göstərir. Buna baxmayaraq, həmin insanlar onilliklər ərzində kitab fondlarını qoruyub saxlayıb, minlərlə oxucuya xidmət göstəriblər. İndi isə belə görünür ki, kitabxanaların problemlərinin əsas səbəbi kimi məhz həmin əməkdaşlar göstərilir.


Əslində isə kitabxanaların böhranının səbəbi tamamilə başqa məsələlərdir. Kitabxanalar illərlə diqqətdən kənarda qalıb. Yeni texnologiyaların tətbiqi zəif olub. Oxucular üçün cəlbedici layihələr həyata keçirilməyib. Müasir kitab fondlarının formalaşdırılması istiqamətində ciddi addımlar atılmayıb. Bir çox kitabxanalar bu gün də sovet dövründən qalmış inventar və yanaşmalarla fəaliyyət göstərirlər.


Belə olan halda sual yaranır: Problemi yaradan sistemdirsə, niyə ilk növbədə həmin sistemdə çalışan insanlar hədəfə çevrilir?


Əlbəttə, attestasiya və peşəkarlığın qiymətləndirilməsi hər bir sahədə vacibdir. Lakin bu proses cəzalandırma və işdən uzaqlaşdırma vasitəsinə çevrilməməlidir. Kitabxanaçı yalnız kompüter proqramlarından istifadə edən şəxs deyil. O, həm də kitabları tanıyan, oxucularla işləməyi bacaran, ədəbiyyatı sevən və mədəniyyət daşıyıcısı olan insandır. Bu gün uzun illər kitabxanada çalışan, minlərlə kitabın yerini əzbər bilən, oxuculara düzgün istiqamət verən bir əməkdaşın yerinə sadəcə "Word" proqramında işləməyi bacaran şəxsin gətirilməsi kitabxananın problemlərini həll etməyəcək.


Əksinə, bu yanaşma kitabxanaçılıq təcrübəsinin və peşəkar yaddaşın itirilməsinə səbəb ola bilər.


Kitabxanaların inkişafı üçün ilk növbədə onların maddi-texniki bazası gücləndirilməli, binalar təmir edilməli, elektron xidmətlər genişləndirilməli, müasir kitab fondları yaradılmalı və gənclər üçün maraqlı layihələr həyata keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində kitabxanalar artıq sadəcə kitab saxlanılan yer deyil. Onlar təhsil, mədəniyyət, innovasiya və ictimai fəaliyyət mərkəzlərinə çevriliblər.


Azərbaycanda da kitabxanaları yaşatmaq üçün əsas məqsəd insanları bu məkanlara qaytarmaq olmalıdır. Oxucu olmayan kitabxananın nə qədər attestasiya keçirilməsinin isə heç bir mənası yoxdur.(Bizimesr.com)

SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO



Son illər paytaxtın müxtəlif rayonlarında qanunsuz tikililərlə bağlı narahatlıqlar səngimək bilmir. Vətəndaşlar və ekspertlər hesab edirlər ki, bəzi hallarda yerli icra strukturlarının lazımi nəzarəti həyata keçirməməsi bu cür halların artmasına şərait yaradır.İnternet üzərindən apardığımız araşdırmaya görə, qanunsuz tikintilərlə bağlı şikayətlərin ən çox səsləndiyi rayonlardan biri də Binəqədi rayonudur. Bildirilir ki, rayon ərazisində, xüsusilə neft buruqlarının yerləşdiyi sahələrdə müxtəlif tikinti işləri aparılır.Sayt tərəfindən sözügedən ərazilərdə həyata keçirilən tikinti işləri ilə bağlı bir neçə material dərc olunub. Məsələ ilə əlaqədar SOCAR-a və Binəqədi Rayon İcra Hakimiyyətinə redaksiyamız adından göndərilən jurnalist sorğularına cavab verilməyib.Eyni zamanda, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğular ünvanlanıb.Lakin həmin müraciətlər də hələlik nəticəsiz qalıb.Mediatvaz.com-un apardığı araşdırma zamanı əldə olunan məlumatlara görə, Binəqədi rayonu ərazisində neft buruqlarının yerləşdiyi sahədə aparılan tikinti işlərinin Rövşən Gülmalıyev adlı şəxsə məxsus olduğu iddia edilir. Mənbələrin məlumatına görə, onun rayonun müxtəlif ərazilərində bir sıra obyektlərinin olduğu bildirilir.Araşdırma zamanı əldə edilən digər məlumatlarda Rövşən Gülmalıyevin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayevlə yaxın münasibətlərinin olduğu iddia edilir. Qeyd olunur ki, rayon ərazisində tikinti məsələlərinə nəzarət edən məsul şəxslərdən biri də məhz Hacıbaba Babayevdir.Bundan başqa, mənbələrin iddiasına görə, Rövşən Gülmalıyevin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə də müəyyən əlaqələrinin olduğu bildirilir. İddialara əsasən, bu münasibətlər onun rayon ərazisində, o cümlədən SOCAR-a məxsus olduğu deyilən sahələrdə tikinti işləri aparmasına şərait yaradıb.Qeyd edək ki, yazıda adı keçən şəxslərin mövqeyini öyrənmək üçün redaksiya tərəfindən sorğular göndərilib. Qarşı tərəfin cavab və münasibəti daxil olduğu təqdirdə, onların da mövqeyini dərc etməyə hazırıq.
Mediatvaz.com

"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...




Keçən günlərdə SOCAR-a aid strukturlarda baş verən növbəti ixtisar dalğası ilə xəbəri paylaşmışdıq. Xatırladaq ki, bu barədə sözgüeən qurumun rəhbərliyinə xitab edən Neftçilərin Hüquqlarının Müdaiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq ümdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda izahat da tələb edir.


"DİA-AZ" bildirir ki, bir neçə gün əvvəl "Azərkimya"da çalışan 53-55 yaşlı işçilərə ixtisara düşəcəkləri barədə xəbərdarlıqlar edilib ki, bu da böyük narazılıqla qarşılanıb. İşçilər bu yaşdan sonra dolanışıqlarını necə və harda təmin edəcəklıərini haqlı olaraq SOCAR rəhbərliyindən soruşurlar. Biz isə NHMT-nin sosial şəbəkə hesabında yer alan növbəti işçi gileylərini təqdim edirik...


Əliyeva Xuraman yazır:
"Bu qədər neft gəlirləri görəsən hara gedir? Neftin qiyməti artdıqca, ölkədə ixtisarlar da artır. Bu, hansı məntiqə sığan bir haldır? Neft ölkəsində nə ücün belə bir vəziyyət olmalıdır? Axı niyə bu suallara cavab verənlər yoxdur? Hər gün boş, mənasız, heç kimə lazım olmayan məsələləri aktual bir məsələ kimi xəbərlərdə qeyd edirlər, amma yuxarıda qeyd etdiyim həqiqətən də aktual olan problemlərdən danışan yoxdur..."
***
Xaliq Əsədov yazır:
"Bu proses SOCAR-ın bütün strukturlarında gedir. Nə məsələdirsə, göstəriş hardan gəlibsə, pensiya yaşına catmağa imkan verilmir. Bu bədbəxt insanlar hara şikayət etsin? Harada işləsin ki acından ölməsin..."
***
Luz Lunar yazır:
"Bəs iş axtarıb tapa bilməyən 40 yaşlı insanlar var... onlar nə etsinlər? Misal üçün: pensiya yaşın çatmayıbsa, insan məcburi işləməlidir... baxan, sayan yoxdur... Ailə deyək ki, kömək edir... müəyyən bir yerə qədərdir bu köməkli də... Ondan sonrasını niyə düşünmürlər..."
***


Məsələ diqqətimizdədir,..


DİA-AZ

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT



İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Bu iş üzrə 5 nəfər - tanınmış idmançı - Federasiya rəhbəri Ceyhun Əşrəfov, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız Rüstəm Qafarov və Zaur Qurbanov haırda həbsdədir.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamlar əsaslıdır, hər biri ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinməlidirlər. Konkret olaraq Cavid Hüseynlinin 13, Seymur Məhərrəmov, Rüstəm Qafarov, Zaur Qurbanovun 12 il, Ceyhun Əşrəfovun isə 10 il 6 ay azadlıqdan məhrum olunmasını tələb edib. Hüseynli, Məhərrəmov və Əşrəfov məhkəmə zalında həbs edilməlidirlər.

Növbəti prosesdə Şaiq Mirzəyev, Esmira Hüseynova və digər vəkillər müdafiə çıxışı edəcəklər.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.


Xəbər lenti