Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR


Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə İlqar Əziz oğlu Hacıyev təyin edilib.

İ.Hacıyev bu gün idarənin kollektivinə təqdim olunub.

Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələri tərəfindən keçirilən dövlət satınalmalarında yol verilən qanunsuzluqlar, korrupsiya halları ilə bağlı sosial şəbəkələrdə və mediada kifayət qədər geniş məlumatlar var. TƏBİB-ə tabeli xəstəxanalarda dövlət vəsaitləri daha çox cari təmir işlərinə, tibbi ləvazimat və avadanlıqların, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına, tibbi avadanlıqların təmiri işlərinə ayrılır. Amma ayrılan bu vəsaitlərin böyük hissəsi təyinatından kənarlaşlaşdırılır.

Aktualinfo.net İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilmiş dövlət satınalmaları ətrafında araşdırma aparmışdır. Araşdırmada bəzi satınalmalarda şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

“İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi cari təmir işlərinin satınalınması üzrə 10.04.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “İSMAYILLI TİKİNTİ-27” Açıq Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 10.996,8 manat dəyərində satınalma müqviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının portalında 01.06.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanası tikili və avadanlıqların cari təmiri,abadlaşdırma işlərinin satınalınması üzrə bir müqavilə də 22.11.2024-cü ildə “ERACON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu müqavilənin dəyəri 61.010,99 manat təşkil edib.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilmiş satınalmalarda “SUPPLİMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılan müqavilələr daha çox şübhələr doğurur.

Məsələn Xəstəxana 14.11.2025-ci ildə sözügedən MMC ilə müxtəlif növ malların alınması və quraşdırılması üzrə 86.982,52 manat məbləğində müqavilə bağlayıb.

Sözügedən xəstəxana 08.09.2025-ci ildə isə “SUPPLİMED” MMC ilə tibbi və qeyri tibbi avadanlıqların təmiri üzrə 50.899,54 manat dəyərində müavilə bağlayıb.

Şərtlər toplusuna görə MMC Xəstəxanda 50 min manata 1 ədəd mətbəxt sümük doğrayan mişarın dəyişdirilməsi (material və işçilik daxil), 1 ədəd mətbəxt ət çəkən reduktorun dişli çarxı təmiri (material və işçilik daxil), 4 ədəd mətbəxt 4gözlü elektrik peçi indikator lampa dəyişdirilməsi (material və işçilik daxil), 4 ədəd mətbəxt 4gözlü elektrik yanmaz kembrikin dəyişdirilməsi (material və işçilik daxil), uşaq şöbəsindəkondisionerin iç blokunun yuyulması,su şlankının təmiri (1 ədəd), ventilyator platasının dəyişimi (2 ədəd) və sair xırda məişət əşyalarının təmirini həyata keçirməli olub.

Göründüyü kimi Xəstəxana “SUPPLİMED” MMC-dən müxtəlif növ mallar alınmasına və tibbi avadanlıqların təmirinə ümumi olaraq 140 min manat ayırmışdır. Amma istənilən bir mütəxəsis bu xırda məişət əşyalarının təmirini hesablasa məbləğin nə qədər şişirdildiyini ortaya çıxara bilər.

İsmayıllı rayon Mərkəzi Xəstəxanası 28.11.2024-cü ildə maşın və avadanlıqların alınması (tibbi və qeyri-tibbi avadanlıqların alınması) üzrə “KRİPTO LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 98.694,72 manat məbləğində müqavilə bağlayıb. Hansı ki, burada da qiymətlərin şişirdildiyi açıq aşkar görsənməkdədir.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasında təsərrrüfat malları və dəftərxana ləvazitmatları üzrə ayrılan vəsaitlərə gəldikdə isə…

Dəftərxana ləvazimatları, təsərrüfat və mətbəə mallarının alınması üzrə 72.992,2 manat məbləğində müqavilə 15.09.2025-ci ildə “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Dəftərxana ləvazimatları, təsərrüfat və mətbəə mallarının alınması üzrə 84.898,52 manat məbləğində müqavilə 02.10.2024-cü ildə “İNTELLEKT M.A” MMC ilə bağlanılıb.

Göründüyü kimi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında hər il dəftərxana və təsərrüfat mallarının alınmasına kifayət qədər vəsait ayrılır. Amma bu vəsitlərin çoxu təyinatından kənarlaşlaşdırılır. Çünki, burada bir çox təsərrüfat mallarının alınması xəstəxanada şöbə müdirlərin üzərinə qoyulub. Dəftərxana ləvazimatlarını isə həkimlər özləri alır.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanası 105 çarpayılıq olmaqla 2014-cü ildə aparılan əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Xəstəxananın direktoru Vidadi Rəhimovdur. Sözügedən vəzifəyə 2020-ci ilin oktyabrında təyin edilib. O, sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin kadrlarındandır. Vəzifəyə 2019-2021-ci illərdə TƏBİB İdarə Heyətinin sədri olmuş Ramin Bayramlının əmri ilə təyin edilib.Buna baxmayaraq bu yaxınlarda TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilmiş Vuqar Qurbanov da İsmayıllı rayon Mərkəzi Xəstəxanasında Vidadi Rəhimova geniş şəraitlər yaradıb, bir çox qanunsuz əməllərinə göz yumub. TƏBİB-in yeni İcraçı direktoru Anar Bayramov onu vəzifədə nə qədər saxlayacaq bəlli deyil.

Aktualinfo.net

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?


“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.”

Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə sakini Bəhruz Qasımov sosial şəbəkə hesabında yazıb.

Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin şagirdləri adından nazirə müraciət edən sakin kömək istəyib:

“Cənab Emin Əmrullayev!
Bizim məktəb Masallı rayonunun Boradigah qəsəbəsində yerləşir.

İcazə verin, biz son zəng tədbirini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklif etdiyi üç məktəbli formasından tapa bildiyimiz və ala bildiyimiz hər hansı biri ilə qeyd edək. Çünki bizim büdcəmiz yalnız ağ köynək və tünd göy rəngli şalvar almağa çatır.

Məktəbin tələb etdiyi göy zolaqlı ağ köynəyi və göy rəngli şalvarı tapmaq və almaq imkanımız yoxdur.
Bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir və nəzərdə tutduğunuz məqsədə xidmət etmir.
Canımız, gözümüz təhsil nazirimiz, ümid edirik ki, müraciətimizə reaksiya verəcəksiniz.”(Tribuna.az)

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"


“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov tanınmış vəkil Muxtar Mustafayevə qarşı bir sıra ittihamlar irəli sürüb. İlqar İsmayılov bildirib ki, Muxtar Mustafayev onu təhqir edib və hədələyib.


Vəkil Muxtar Mustafayev isə “vicdansız” ifadəsinin işlədilməsinin qanuna zidd olmadığını deyib və bununla bağlı mülki prosessual qanunvericilikdən sitat gətirib.


İlqar İsmayılov isə Gununsesi.info saytına açıqlamasında vəkilin bu fikirlərinə cavab verib:


“​Vəkil M. Mustafayevin mətbuata açıqlamasında mənə qarşı işlətdiyi ifadələrə Mülki Prosessual Məcəllənin maddələri ilə “bəraət” qazandırmaq cəhdi hüquqi savadsızlıq və manipulyasiyadır. Qanunvericilikdə nəzərdə tutulan “prosessual hüquqlardan vicdanla istifadə etmək” tələbi heç bir vəkilə proses iştirakçısının şəxsiyyətini təhqir etmək, ona “şərəfsiz” və ya “vicdansız” demək hüququ vermir. Hüquqi terminlər şəxsi aqressiyanı və etikadan kənar davranışları leqallaşdıra bilməz.


​Məhkəmə zalında hakim Əfsanə Heydərovaya qarşı göstərilən hörmətsizlik, ünvanıma səslənən ağır təhqirlər və qeyri-qanuni təhdidlər məhkəmənin rəsmi audio-video qeydlərində (protokolda) tam və aydın şəkildə həkk olunub.
​Vəkillik statusundan sui-istifadə edərək qanun və etika hüdudlarını aşan bu şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün yaxın günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və aidiyyəti hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunacaq. Hər kəs qanun qarşısında cavabdehdir və heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”.(Gununsesi.info)

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... - BUNUN BAŞQA ADI YOXDUR...


"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Madina Group MMC” MMC ilə satınalma müqaviləsi imzalayıb..." Bu barədə tanınmış jurnalist Arifə Əliyeva özünün sosial şəbəkə hesabında paylaşım edib.
O daha sorna məlumatını belə davam etdirir: "Maliyyə dəyəri 419 531,18 manat olan müqavilə Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin sökülərək ərazidən kənarlaşdırılması xidmətlərinin satına alınması ilə bağlıdır.
Araşdırmalarıma görə, “Madina Group MM” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkət Bakı şəhəri Binəqədi rayonu, Rəsuflzadə qəsəbəsi, Biləcəri şossesi, ev8D ünvanında qeydiyyatdadır. “Madina Group MM”in qanuni təmsilçisi isə Mahmudov Seyidağa Mirhəbib oğludur.
Təsəvvür edin, AYNA-nın az qala yarım milyon manat dəyərində müqaviləsi imzaladığı şirkət haqqında açıq mənbələrdə əlavə heç bir məlumat yoxdur. İnternet resurslarını ələk-vələk elədim, şirkətin adicə əlaqə nömqələrini tapa bilmədim.
Dövlət satnalmalarının vahid internet portalında yerləşdirilən məlumatlar isə deməyə əsas verir ki, şirkət tenderlərdə fəal iştirak edir.
“Madina Goup MM” MMC 2025-2024-cü illərdə müxtəlif dövlət qurumları ilə müxtəlif satınalma predmetləri üzrə müqavilələr bağlayıb.
Müxtəlif satınalma predmetləri demişkən, məlum olur ki, “Madina Group MM” MMC təkcə təmir işləri ilə məşğul olmur. Şirkət ofis mebelləri, fərdi mühafizə vasitələri, yumşaq invertarlar, hədiyyələr və hətta mətbəx əşyaları satır.
Yəni, şirkət çoxprofillidir. Amma nə sirrdirsə, bu universal şirkət haqqında geniş məlumat yoxdur.
Maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil.
“Madina Group MM” MMC-nin qanuni təmsilçisi Seyidağa Mahmudov haqqında da məlumat tapmaq müşküldür. Onun adına yalnız 2010-2011-ci ildə Polis Akademiyasına qəbul olunanların siyahısında rast gəlinir..."


Dia-az

Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb


Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb.

Şikayəti olduğu kimi təqdim edirik:

– Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına və ictimaiyyətə müraciət edirəm. Mən hesab edirəm ki, “Prior Leasing” MMC tərəfindən hüquqlarım kobud şəkildə pozulub və etimadımdan sui-istifadə olunub.

Belə ki, 13 fevral 2024-cü il tarixində “Prior Leasing” MMC-nin Bərdə rayonunda yerləşən satış mərkəzindən lizinq yolu ilə ümumi dəyəri 95 min 790 manat olan “LOVOL TR504” markalı traktor almışam. Kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən ayrılan subsidiya da nəzərə alınmaqla ümumilikdə 66 min 404 manat 20 qəpik məbləğində vəsait ödəmişəm.

Mən texnikadan müəyyən müddət istifadə etmişəm. Sonradan yaşayış yerim olan Bərdə rayonuna qayıtmışam. Həmin dövrdə “Prior Leasing” MMC-nin Bərdə satış mərkəzinin müdiri Elçin Kərimli ilə görüşmüşəm. O, mənə bildirib ki, əgər traktoru satış mərkəzinə qaytarsam, 7-10 gün ərzində onu başqa müştəriyə sata bilər. Mənə izah etdi ki, bu halda cəmi 3-4 min manat ziyana düşəcəyəm. Hətta dağlıq ərazilər üçün daha münasib olan başqa bir traktorla əvəzlənməsinin mümkün olduğunu da dedi.

Mən də şirkət nümayəndəsinə inanaraq onun dediklərinə etibar etdim. 12 iyun 2025-ci il tarixində zaminim Yaşar Quliyev və traktorun sürücüsü Bəxtiyar Abdullayevin iştirakı ilə texnikanı “Prior Leasing” MMC-nin Bərdə rayonundakı satış mərkəzinə apardım. Traktorun daşınması üçün tələb olunan 145 manat məbləğində xərc Elçin Kərimlinin şəxsi bank kartına köçürüldü. Daha sonra texnikanı şəxsən ona təhvil verdim.

Traktor təhvil verildikdən sonra müəyyən müddət gözlədim. Təxminən iki həftə keçdikdən sonra Elçin Kərimli ilə əlaqə saxlamağa çalışsam da, telefon zənglərim cavabsız qaldı. Dəfələrlə zəng etsəm də, mənimlə danışmaqdan yayındı. Sonradan onunla əlaqə yarada bildim. O zaman mənə bildirdi ki, traktordan tamamilə imtina etməli və cəmi 5-6 min manat məbləğində kompensasiya ilə razılaşmalıyam.

Bu təklif məni ciddi şəkildə təəccübləndirdi. Çünki mən texnikanı ona etibar əsasında təhvil vermişdim və bu zaman heç bir borcum yox idi. Lizinq ödənişlərimi həmişə vaxtında etmişəm. Heç bir gecikmə və ya öhdəlik pozuntusuna yol verməmişəm. Sadəcə olaraq şirkətin nümayəndəsinin sözünə inanaraq texnikanı ona təhvil vermişəm.

Daha sonra məlum oldu ki, Elçin Kərimli öz vəzifə və müqavilə səlahiyyətlərindən sui-istifadə edərək həmin traktoru 3 noyabr 2025-ci il tarixində əldə edib. Mənim etimadımdan istifadə olunub və nəticədə mən külli miqdarda ziyana məruz qalmışam.

Bununla da problemlər bitmədi. Qarşı tərəf məni məhkəməyə verdi. Bakı Kommersiya Məhkəməsində mənə qarşı əvəzləşmə ilə bağlı qərar çıxarıldı. Birinci məhkəmə prosesində mənə qarşı 5700, ikincidə 2700 manat məbləğində yeni iddia qaldırıldı. Üçüncü məhkəmə prosesində şirkət nümayəndəsi bildirdi ki, onlara heç bir borcum yoxdur. Yəni özləri də bilmirdilər nə etsinlər.

Sonradan məlum oldu ki, mən traktoru təhvil verdiyim tarixdən sonra belə, adıma əlavə borclar hesablanıb. Halbuki texnika artıq mənim istifadəmdə olmayıb. Bu isə mənim hüquqlarımın açıq şəkildə pozulması deməkdir.

Baş verənlərlə bağlı kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olmuşam və ona bütün faktları təqdim etmişəm. Eyni zamanda hüquqlarımın bərpası məqsədilə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Təəssüf ki, məhkəmə qərarı mənim gözləntilərimi doğrultmayıb və məni aldadan şəxsin xeyrinə qərar qəbul olunub.

Mən hesab edirəm ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə, etimaddan sui-istifadə etməklə əmlaka sahib olma, vətəndaşa maddi ziyan vurulması və digər hüquqi qiymət verilməli olan hallar mövcuddur. Bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmasına ehtiyac var.

Çox xahiiş edirəm, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumların məsələyə müdaxilə etsinlər. Burada söhbət təkcə mənim hüquqlarımın pozulmasından getmir. Bu fakt sahibkarların və kənd təsərrüfatı ilə məşğul olan insanların etimadının sarsıdılmasını göstərir.

Vətəndaş lizinq şirkətlərinə və onların nümayəndələrinə etibar etdikləri halda belə vəziyyətlərlə üzləşirlərsə, bu, ciddi narahatlıq doğurmalıdır. Çünki kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlar dövlətin dəstəyi ilə aldıqları texnikaları böyük ümidlərlə istifadə edirlər. Həmin insanların aldanması isə onların iqtisadi vəziyyətinə ağır təsir göstərir.

Mən aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, hadisədə iştirak edən şəxslərin əməlləri araşdırılsın. Mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsi təmin olunsun. Həmçinin gələcəkdə digər sahibkarların və vətəndaşların da bu cür hallarla üzləşməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülsün.

Azərbaycan hüquqi dövlətdir və vətəndaşın mülkiyyət hüququ, qanuni mənafeləri qorunmalıdır.

Ümid edirəm ki, məsələ obyektiv şəkildə araşdırılacaq, günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və mənim pozulmuş hüquqlarım bərpa olunacaq.

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI


Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı qanun pozuntularına yol verildiyi iddia olunur.

Oxu.Az-a daxil olan müraciətdə bu və digər məsələlərlə bağlı ciddi ittihamlar səsləndirilib.

Müraciət müəllifi xəstəxanada icbari tibbi sığorta üzrə ayrılan vəsaitlərin mənimsənilməsi, işə qəbul zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması və idarəetmədə problemlərin yaşanması ilə bağlı ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, xəstəxanadan digər tibb müəssisələrinə köçürülmə üçün 240-dan çox saxta göndəriş verilib.

Müraciətdə bildirilir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və sözügedən göndərişlər üzrə bəzi faktlar müəyyən edilib. Lakin sonradan araşdırmanın nəticəsiz qaldığı və işin ört-basdır edildiyini iddia olunur.

Şikayətdə həmçinin xəstəxanada işə qəbul prosesinin şəffaf olmadığı, bəzi şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada işə götürüldüyü bildirilir.

Müraciət müəllifinin sözlərinə görə, hazırda xəstəxanada direktor vəzifəsi vakantdır və müəssisəyə rəhbərlik edən şəxs tərəfindən kadr siyasəti şəxsi maraqlar əsasında həyata keçirilir.

Şikayətdə xəstəxananın ümumi fəaliyyətinin də qənaətbəxş olmadığı, son dövrlər vəziyyətin daha da pisləşdiyi qeyd olunur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-2024-cü illərdə göndərişlərin verilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb, hazırda istintaq davam etdirilir:

"Əlavə olaraq, hər iki hal üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq".

Simnar Mamedovun adı rəsmi saytdan silindi - Peşə Təhsili Agentliyində nə baş verir?


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Bu barədə rəsmi məlumat verilməsə də, artıq Agentliyin rəsmi internet səhifəsindən Simnar Mamedovun adı götürülüb.

Hazırda qurumun rəsmi saytındakı "Rəhbərlik" bölməsində yalnız direktor İlqar Bayramlı və direktor müavini Kənan Mirzəyevin adları saxlanılıb.

Qeyd edək ki, Simnar Mamedov Agentliyin sabiq direktoru Ceyhun Kərəmovun vəzifədən uzaqlaçdırılmasından sonra, İlqar Bayramlı direktor təyin edilənədək direktor səlahiyyətlərini icra edib. Həmin dövrdə onun Agentliyə rəhbər təyin olunacağı ilə bağlı müxtəlif iddialar və məlumatlar da səsləndirilirdi.

Lakin Simnar Məmmədovun adının Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytından çıxarılması onun vəzifədən ayrılması və ya vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sualları artırıb.

Bununla bağlı hələlik Agentlik tərəfindən rəsmi açıqlama verilməyib.

Bizimesr.com-a daxil olan digər məlumata görə, Agentlik daxilində ciddi kadr mübarizəsinin davam etdiyi iddia olunur. Qeyd olunur ki, Agentliyi Murad Məmmədov adlı hüquqşünas (?) öz nəzarətində saxlamağa çalışır.

Bu isə qurum daxilində, eləcə də, Peşə Təhsili Mərkəzlərində ciddi idarəetmə problemlərinə səbəb olub. Hətta Mərkəzlərdə onun tapşırıqlarının qaydalara uyğun olmadığını, bu tapşırıqların icrasının mümkünsüz olduğunu bilrirən direktorların narazılığı da müşahidə olunmaqdadır. İddia olunur ki, Murad Məmmədov özünü Peşə Təhsili üzrə Dövlət Agentliyinin ən səlahiyyətli şəxsi kimi göstərməklə nəzarəti əlində cəmləşdirməyə davam edir.

Maraqlıdır, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır, yoxsa, Murad Məmmədov...? Və ya İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyini idarə edə bilmir?

Bizimesr.com

Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!


Paytaxtın ictimai nəqliyyat sistemi artıq sadəcə bərbad vəziyyətdə deyil, bu sistem vətəndaşların əsəblərini, sağlamlığını və insani ləyaqətini hər gün ayaqlar altına atan bir rəzalət mərkəzinə çevrilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu rəzaləti sadəcə kənardan izləyir.
Camaatın cibini soymaq üçün şəhərin hər küncünü pullu parking xətləri ilə bəzəməyi mükəmməl bacaran bu qurum, nədənsə marşrut xətlərindəki biabırçılıqlara gələndə kor, kar və lallıq nümayiş etdirir.
AYNA-nın fəaliyyəti deyilən quru anlayış, görünür, yalnız rəngli boyalarla asfaltı xətləməkdən və cərimə yazmaqdan ibarətdir!
​Hər gün pik saatlarda eyni kabusu yaşayırıq: gəlmək bilməyən marşrutlar, süni şəkildə uzadılan intervallar və dayanacaqlarda çürüyən yüzlərlə sərnişin.
Nəhayət, avtobus gələndə isə içəri daxil olmaq yox, birtəhər "soxulmaq" lazım gəlir. İnsanlar salonlarda elə basırıq, elə bir-birinin kürəyinə sıxılmış vəziyyətdə gedirlər ki, nəinki tərpənmək, nəfəs almaq belə möcüzəyə çevrilir.
AYNA rəhbərliyinin masa arxasında oturduğu yerdən bəh-bəhlə elan etdiyi "optimallaşdırma" və sərnişin daşınması islahatlarının acı reallığı bax budur: xaos, əsəb və keyfiyyətsizlik.
​Qaydalara, qanunlara əsasən iyunun 1-dən etibarən bütün avtobuslarda kondisionerlər mütləq şəkildə qoşulmalı idi.
Amma qanunu kim sayır, AYNA-ya kim tabe olur?
Dünən şəxsən özüm 61 və 79 nömrəli marşrut xətlərində oldum. Qarşılaşdığım mənzərə sözün əsl mənasında dəhşət idi! Kondisioner deyilən şeydən əsər-əlamət yoxdur.
Avtobusun içi 40 dərəcəlik isti qazanını xatırladır. İnsanlar bərbad havasızlıqdan boğulur, təzyiqi olan yaşlılar, azyaşlı uşaqlar hər an huşunu itirmək, infarkt keçirmək təhlükəsi ilə üz-üzə qalırlar. Vətəndaşın sağlamlığı daşıyıcı şirkətlərin yanacaq pullarına qənaət ambisiyalarına qurban verilir!
​Bu dözülməz vəziyyətlə bağlı AYNA-nın Mətbuat xidmətinin rəhbəri Tural bəylə əlaqə saxladıq. Aldığımız cavab isə hər il verilən, artıq hamını bezdirən şablon və məsuliyyətdən qaçan kağız parçası cavabından başqa bir şey deyil:
​"Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.
Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb."
​Bu açıqlama dövlət qurumunun öz acizliyini və səriştəsizliyini etiraf etməsindən başqa bir şey deyil! Bu cavabdan açıqca bəlli olur ki, AYNA rəhbərliyi üçün fəaliyyət sadəcə daşıyıcılara məktub göndərib "vəzifəni icra etdim" deməkdən ibarətdir. Bəs nəzarət mexanizmi haradadır?
Sən rəsmi qurum olaraq tapşırıq verirsən, amma daşıyıcı şirkət sənin tapşırığına tamamilə məhəl qoymur, sərnişini istidə qovurur və sən buna seyirci qalırsan!
​Belə çıxır ki, AYNA rəhbərliyinə öz verdiyi tapşırıqların icra olunub-olunmaması ümumiyyətlə maraqlı deyil. Şirkətlər özbaşına, idarəçilik bərbad, qurum isə məsuliyyətsizdir!
Əgər sizin sözünüzün daşıyıcı qarşısında bir çəkisi yoxdursa, əgər göndərdiyiniz məktublar sadəcə kağız üzərində qalırsa, onda siz o kreslolarda niyə əyləşmisiniz?
​Gediş haqlarını qaldırmağa gələndə "avtobus parkı yenilənir, xidmət keyfiyyəti artırılır" nağıllarını danışanlar, bu gün milləti avtobuslarda heyvan kimi daşıtdırırlar.
Vətəndaş gediş haqqını qəpiyinə kimi ödəyirsə, qarşılığında normal, insani xidmət tələb etmək hüququna malikdir. AYNA rəhbərliyi hesabatlarda virtual uğurlar bəzəməyi buraxmalı, xətlərə çıxıb millətin hansı zilləti çəkdiyini gözləri ilə görməlidir.
Tələbimiz qətidir: qaydalara əməl etməyən, kondisioneri yandırmayan daşıyıcılar rəsmi məktubla yox, ən ağır sanksiyalar və xətlərin əllərindən alınması ilə cəzalandırılmalıdır! Biz bəhanə yox, nəticə gözləyirik!
Sima Babayeva
TEREF

Teymur Musayevin səhiyyəsi çöküb - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə...


Azərbaycanda səhiyyə sisteminin ən mühüm və strateji hissələri - elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumların yaradılmasında əsas məqsəd ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, reabilitasiyası, eləcə də tibbi elmin inkişaf etdirilməsi olub.

Bizimesr.com-un araşdırmasına görə, uzun illərdir vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər göstərir ki, dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan bu institutlara düşmək faktiki olaraq mümkünsüz hala gəlib. Vətəndaşların ən çox şikayət etdiyi müəssisələrdən biri də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.

Qapılar xəstələrin üzünə niyə bağlıdır?

Məlum olduğu kimi, bu institutun tərkibində konsultativ poliklinika, stasionar şöbələr, diaqnostik tədqiqat bölmələri və müxtəlif fiziki müalicə üsullarının tətbiq olunduğu reabilitasiya şöbələri fəaliyyət göstərir. Məhz bu səbəbdən infarkt keçirmiş, insult sonrası reabilitasiyaya ehtiyacı olan, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən və digər ağır pasiyentlərin bu müəssisəyə yönləndirilməsi nəzərdə tutulur.

Lakin instituta müraciət edən xəstələrə əksər hallarda "yer yoxdur", "gözləmə siyahısına yazılın", "bir neçə həftə sonra yenidən müraciət edin" kimi cavablar verilir. Ən ağır vəziyyət isə məhz təcili reabilitasiya tələb edən xəstələrdə müşahidə olunur. Çünki bir çox hallarda vaxtında başlanmayan bərpa müalicəsi insanın sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərir.

Dövlət vəsaiti ayrılır, nəticədən isə narazılıq var

Azərbaycan dövləti hər il səhiyyə sisteminin inkişafı üçün böyük həcmdə vəsait ayırır. Müasir tibbi avadanlıqlar alınır, binalar təmir olunur, yeni texnologiyalar tətbiq edilir.

Bəs belə olan halda vətəndaşların qarşılaşdığı əsas problem niyə məhz xidmətə çıxışdır? Əgər stasionar şöbələrdə yer yoxdursa, o zaman bu müəssisələrdə kimlər müalicə alır? Əgər xəstələr aylarla növbə gözləyirsə, institutların faktiki doluluq səviyyəsi nə qədərdir? Əgər dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərən müəssisələr vətəndaşların ehtiyaclarını qarşılaya bilmirsə, ayrılan vəsaitin səmərəliliyi necə qiymətləndirilir?

Bu sualların cavabı uzun illərdir ictimaiyyətə açıqlanmır.

Reabilitasiya xidmətləri niyə əlçatmazdır?

Mütəxəssislərinin fikrincə, infarkt, insult və digər ağır xəstəliklərdən sonra ilk aylarda aparılan reabilitasiya müalicəsi xəstənin gələcək sağlamlığı üçün həlledici rol oynayır. Ancaq vətəndaşlar bildirirlər ki, dövlət müəssisələrində yer tapa bilmədikləri üçün məcburən özəl klinikalara üz tuturlar. Bu isə minlərlə manat əlavə xərc deməkdir. Pulu olmayanlar isə evdə ölmüə məhkumdur... Bir çox ailələrin isə belə xərcləri qarşılamaq imkanı yoxdur.

Bu gün Azərbaycanda minlərlə insan infarkt, insult, ağır travmalar və digər xəstəliklərdən sonra reabilitasiya xidmətlərinə ehtiyac duyur. Dövlətin balansında olan ixtisaslaşmış institutların əsas vəzifəsi məhz bu insanlara xidmət göstərməkdir. Əgər vətəndaşlar bu müəssisələrin qapısından geri qaytarılırsa, günlərlə və hətta həftələrlə gözləməyə məcbur edilirsə, o zaman sistemin fəaliyyətindəki problemlər araşdırılmalı və aydın izahat verilməlidir.

Səhiyyə naziri Teymur Musayev nəyi gözləyir? Niyə bu dövlətin imkanları ilə yaradılmış müalicə müəssisələrində insanlar müalicə oluna bilmir? Bu biabırçı prosess daha neçə il davam edəcək?
Qeyd edək ki, Teymur Musayevin fəaliyyətsizliyi artıq ölkənin səhiyyə sistemini tamamilə iflic vəziyyətə salıb. elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri sözün əsl mənasında vətəndaşlara xitmət etmək imkanlarını itirib və bu artıq insanların boğazında düyünə çevirilib.

Qeyd edək ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Baş həkimi Nurlana Əliyevadır.

Bizimesr.com
Xəbər lenti