Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Burda qanunlr işləmir -  Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir


"Son günlər Binəqədi rayonunun Əliçıraq yaşayış massivində qanunsuz anbar inşası geniş vüsət alıb. Hər biri hündürlüyü 8-10 metr, uzunluğu 70-100 metr olan bu anbarlar 2-3 min kvadratmetrlik nəhəng tikililərdən ibarətdir. Heç bir dövlət qurumunun rəsmi icazəsi olmadan – tamamilə qanunsuz şəkildə inşa edilən bu anbarlarla bağlı ən çox narahatlıq doğuran məqam onların yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmasıdır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Yağışdan sonra çıxan göbələklər kimi günbəgün artan bu anbarlar, başdan-başa yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir ki, bu da həm həmin xəttlərə texniki qulluq imkanını aradan qaldırır, həm də bədbəxt hadisə riskini yüksəldir.

Qanunsuz anbarlarla bağlı digər bir təhlükəli məqam onların yüksək təzyiqli neft və qaz xətlərinin yaxınlığında yerləşməsidir. Başqa sözlə desək, anbarlarla neft və qaz kəmərləri arasında hər hansı təhlükəsizlik zolağı, neytral sahə mövcud deyil. Bu isə o deməkdir ki, həm neft-qaz kəmərləri, həm də anbarların normal fəaliyyəti üçün ciddi risk mövcuddur. Lakin təəssüflər olsun ki, nə Fövqəladə Hallar Nazirliyi, nə icra hakimiyyəti, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də Dövlət Neft Şirkəti bu anbarların inşasının qarşısının alınması, həmçinin, tikintisi başa çatan anbarların sökülməsi istiqamətində heç bir addım atmır. Halbuki, həmin ərazidə qanunsuz anbarların inşası ilə bağlı hər hansı bədbəxt hadisə və ya qəza baş verərsə, bu qurumların birbaşa məsuliyyət daşıdığı birmənalıdır.
Ümid edirik ki, yuxarıda adıçəkilən qurumlar gec də olsa enerji daşıyıcılarına məxsus torpaqların zəbti hesabına artan bu anbarlarların sökülməsi istiqamətində konkret addımlar atacaq, prokurorluq orqanları isə bu anbarların necə, hansı hüquqi boşluqlar fonunda ərsəyə gəldiyini, işbazlara kimlərin “yaşıl işıq” yandırdığını araşdıracaq..."
dia.az

Tural Əliyev qardaşını nəzarət etdiyi quruma necə yerləşdirdi? - "İnqilabi dəyişiklik"liyin gerçək üzü


Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq...

Son üç ildə Azərbaycan QHT sektoru üzrə rəsmi tribunalardan, konfranslardan, iclas zallarından eyni sözlər eşidildi: şəffaflıq, hesabatlılıq, islahat, inkişaf. Bu sözlər hər toplantıda var. Lakin onların arxasında duran reallıq tamamilə başqa mənzərəni ortaya qoyur.

Faktlar kifayət qədərdir. Amma baxan yoxdur. Daha doğrusu — baxmaq istəyən yoxdur. Vaxtilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədriAygün Əliyeva da yayılmış səs yazısında elə bu fikri səsləndirib: araşdırsalar, istəsələr taparlar. Görünən odur ki, araşdırmırlar, istəmirlər. Amma, biz isə öz peşə fəaliyyətimizi davam etdirərək araşdırmalarımızı davam etdiririk!Maraqlıdır, nəhayət o biri neqativ məsələlər kimi cənab Prezidentin göstərişinimi gözləyirlər... Amma bu sahəyə nəzarət edənlərin baxmaları məsləhətdir! Çünki baxsalar, görəcəklər: bu "inqilab" sektorun inkişafı üçün deyil, seçilmiş bir dairənin varlanması üçün düzənlənib.

Tural Əliyev 21 dekabr 2023-cü ildə Prezident Administrasiyasında QHT sektorunun müdiri vəzifəsinə təyin edilib. QHT-lər, həmkarlar təşkilatları və bir sıra vətəndaş cəmiyyəti strukturları onun kurasiyasına daxildir. Yəni — böyük imkanlar, böyük məsuliyyət.

Lakin vəzifəyə gəldikdən qısa müddət sonra bu geniş kuratorluq bir başqa funksiyanı da yerinə yetirməyə başladı: öz adamlarını sistemin içinə yerləşdirmə mexanizmi.

Bu köhnə ənənənin yeni üzüdür.

Tural Əliyevin qardaşı Vüsal Əliyev peşəsi etibarilə reklam sahəsinin adamıdır. Elm, təhsil, həmkarlar hərəkatı ilə heç bir peşəkar əlaqəsi olmayıb.

2024-cü ildə Vüsal Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının protokol şöbəsində sektor müdiri vəzifəsinə təyin edildi. Bir müddət sonra - şöbə müdirinin müavini. Heç bir açıq müsabiqəsiz, heç bir testsiz, heç bir elansız. Çünki ehtiyac yox idi — qardaşı tapşırıq verdi və onu vəzifəyə götürdülər. .

Sonra isə Vüsal Əliyev daha da irəli çəkildi. 2025-ci ildə Vüsal Əliyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri oldu. Bu komitənin tarixinə baxın — əksər rəhbər şəxslər ya pedaqoji fəaliyyətlə məşğul olub, ya Qabaqcıl Təhsil İşçisi adına layiq görülüb, ya da Elm və Təhsil Nazirliyinin müxtəlif qurumlarından buraya cəlb olunub.

Vüsal Əliyev isə reklam sektorundan gəldi — bilavasitə müşavir kürsüsünə. Bu, heyrətamiz bir "inqilabi yüksəliş"dir.

Bir vəzifəli şəxsin öz nəzarəti altındakı quruma qardaşını yerləşdirməsi — bu, etik pozuntuların ən ağırıdır. Amma burada söhbət yalnız bir hadisədən getmir. Bu bir modeldir, bir davranış normasına çevrilmiş sistemdir.

Düşünün: neçə nəfər var idi ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında müşavir vəzifəsinə həqiqətən layiq idi — uzun illər sektorda çalışmış, peşəkar biliyini sübut etmiş, fəaliyyətiylə tanınan? Onlar qaldılar öz yerlərində. Çünki onların "doğru" qardaşı yox idi.

Tural Əliyev isə şəffaflıqdan, qayda-qanunlardan danışır, görüşlər keçirir, nitqlər söyləyir. Bəs öz qohumlarını kurasiyasındakı qurumların ən "yağlı" yerlərinə yerləşdirərkən həmin qaydalar yadına düşürmü?

Münasib adamları vəzifəyə yerləşdirmək bu tablonun yalnız bir hissəsidir. Digər hissəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant mexanizmidir.

Diqqətli oxucularımıza da məlum olduğu kimi, biz "Yenixeberorg" olaraq son illər bu mexanizmdəki pozuntuları araşdırıb, ictimailəşdirməkdəyik. Amma nəticə? Eyni pozuntular davam edir. Çünki tənqid bu insanlar üçün həqiqətən önəmli deyil. Onlar üçün əhəmiyyətli olan: istədikləri adamlara qrant vermək, öz qohum və tanışlarını yaxşı vəzifələrə yerləşdirmək.

Xüsusi qeyd etmək lazımdır: tanışlara QHT qeydiyyatı açdırmaq, həmin təşkilatlara dövlət büdcəsindən maliyyə ayırmaq — bu faktlar açıqdır, lakin heç kim cavabdeh tutulmur.

Bu biabırçı vəziyyətin ən ağır nəticəsi — ölkənin vətəndaş cəmiyyəti institutlarının öz mahiyyətini itirməsidir.

QHT-lər, həmkarlar ittifaqları, ictimai birliklər — bunlar öz təşəbbüslərini və mövqelərini getdikcə daha çox itirir. Artıq onlar yalnız direktivlər əsasında hərəkət edir. Sosial problemlərə müstəqil yanaşma yoxdur. Cəmiyyətin maraqlarını təmsil etmək iddiası yoxdur.

Üstəlik, bu təşkilatların profillərinin özü dəyişir. Reklam adamları elm-təhsil həmkarlar ittifaqını "idarə edir". Tanışlar QHT rəhbəri olur. Sistem içdən boşalır.

Bu mənzərədə ölkənin əsl vətəndaş cəmiyyəti hərəkatının sağ qala bilməsi böyük sual altındadır.

"İnqilabi dəyişiklik" dedikdə nə başa düşülür? Bu suala cavab verən bir tərif artıq meydandadır:

Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq.

Budur, «inqilabın» mahiyyəti. Sözlə bir şey, əməllə başqa şey. Nitq — publika üçün. Vəzifə — qardaş üçün.

Sonda Tural Əliyevə bir neçə sual ünvanlamaq istəyirik:

— Vüsal Əliyev hansı müsabiqə ilə həmkarlar konfederasiyasına daxil oldu? Həmin müsabiqə harada dərc olunmuşdu?

— Protokol şöbəsindən müşavir vəzifəsinə keçid hansı meyarlar əsasında baş verdi?

— Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi sədrinin müşaviri vəzifəsi üçün hansı iş elanı yayıldı?

— Reklam sahəsindən gələn bir şəxs bu sahəyə hansı peşəkar töhfəni verə bilər?

— Şəffaflıqdan danışan vəzifəli şəxs öz davranışını bu tələblərə görə necə qiymətləndirir?

Bu suallar cavabsız qaldıqca, "inqilabi dəyişiklik" ifadəsi yalnız bir şeyi ifadə etməyə davam edir: köhnə ənənənin yeni adını.(Yenixeberorg.com)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Ağstafa MKTİB-nin direktoru Rəşad Bayramov işçinin maaşından kəsir FOTO


Yalçın İsmayılovun direktor olduğu zaman Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTİB) əməkdaşlarının qanunsuz olaraq şəxsi obyekt tikintisində əməyə cəlb olunmaları barədə informasiyalar yayılmışdı. Bildirilirdi ki, MKTİB-nin işçiləri Ağstafa şəhərində mağaza və obyektlərin tikintisinə məcburi cəlb edilirlər. Əks təqdirdə MKTİB əməkdaşları işdən çıxarılma ilə hədələnirlər.

Rəşad Bayramov sözgüdən quruma direktor təyin olunandan sonra kollektivdə ümid yaranmışdı ki, nəhayət neqativ hallara son qoyulacaq. Lakin çox təəssüflər olsun ki, ümidlər özünü doğrultmadı.

Ağstafa rayonunun Göyçəli kənd sakini 1992-ci il təvəllüdlü Məmmədli Vüqar Eldar oğlu bildirir ki, işlədiyi Mənzil – Kommunal Təsərrüfatı Birliyinin direktoru Rəşad Bayramov onun əmək haqqını kəsir:

“Həftənin 6 günü işdə oluram. Səbəbsiz yerə dəfələrlə maaşımdan tutur. Qurban bayramı ilə əlaqədar bütün idarə, müəssisə və təşkilatlar may ayının əmək haqqını işçilərə ödədilər. MKTB isə may ayının əmək haqqını iyun ayının 10-da köçürdü. Mənim 342 (üç yüz qırx iki) manat təşkil edən əmək haqqımdan səbəbsiz yerə 150 (bir yüz əlli) manat tutulma edib. Səbəbini öyrənmək üçün dəfələrkə idarəyə yaxınlaşsam, da Rəşad Bayramov hər dəfə məni qovub və nalayiq sözlərlə təhqir edib. Ümumiyyətlə, tək mənimlə deyil, bütün işçilərlə davranışında etik normalara riayət etmir. İdarədə özbaşınalıq baş alıb gedir, direktor qanunsuz işlər görür, istehlakçılardan toplanan kommunal xidmət haqlarını mənimsəyir...”

Vüqar Məmmədov həmçinin bildirir ki, Rəşad Bayramov rayonda həyata keçirilən abadlıq işləri zamanı aparılan söküntüdən çıxan materialları idarəyə məxsus işçi qüvvəsi və texnika ilə Poylu kəndinin girişində yerləşən özünə məxsus obyektə daşıtdırır və satdırır...”

Şikayətçi məruz qaldığı hüquqpozmalar və qeyd etdiyi mənimsəmə faktları ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini, amma həmin qurum tərəfindən problemin həlli üçün heç bir addım atılmadığını bildirir. Odur ki, məsələni ictimailəşdirərək media vasitəsilə cənab Prezidentdən və aidiyyəti qurumların rəhbər vəzifəli şəxslərindən əmək haqqından qanunsuz tutulan pulların qaytarılmasında köməklik göstərilməsini və Rəşad Bayramov barəsində ciddi tədbir görülməsini xahiş edir.
Nisa Şirvanlı.

Nyus.Az




Abşeron Mərkəzi Xəstəxanasında KT aparatı yoxdur - TƏBİB-in açıqlaması bunu təsdiqləyir



Qızını motoqəzada itirən vəkil Fərhad Mehdiyevin açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, qızı təcili müayinə olunmalı imiş, lakin Abşeron Rayon Mərkəzi Xəstəxanasında KT cihazı olmayıb.

Globalinfo.az məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, 2008-ci il təvəllüdlü şəxs (qadın) 16.06.2026-cı il tarixində saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib:

“Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağırlığı nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib. Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, digər kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı, bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib. Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16.06.2026-cı il tarixində saat 20:20 radələrində bioloji ölüm faktı qeydə alınıb”.

Qurumdan o da qeyd olunub ki, xəstənin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır, həyati göstəriciləri qeyri-sabit olub:

“Bu səbəbdən xəstənin KT (kompüter tomoqrafiyası) müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb. Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır”.

“Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” - Yol qəzasında ölən gəncin anası


Binəqədi Rayon Məhkəməsində yol qəzasında təqsirləndirilən Şahin Mustafayevin cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, hadisə 2025-ci ildə Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Azadlıq prospekti ilə İlham Hacıyev küçəsinin kəsişməsində baş verib.

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxs həmin vaxt “Kəpəz Hospital”a məxsus xüsusi təyinatlı “Ford Transit” markalı təcili tibbi yardım avtomobilini idarə edib. Şahin Mustafayev xəstəxana rəhbərliyinin tapşırığı ilə Sumqayıt şəhərində yerləşən tibb müəssisəsinə sənəd apardıqdan sonra geri qayıdırmış. Təqsirləndirilən şəxs Azadlıq prospekti ilə hərəkət edərkən yol hərəkəti qaydalarının bir sıra tələblərini pozub.

İstintaqın müəyyən etdiyi hallara görə, sürücü yaşayış məntəqəsində icazə verilən maksimal sürət həddini aşaraq təxminən 80-90 kilometr/saat sürətlə hərəkət edib. Hadisə baş verən zaman yolayrıcında işıqforun qırmızı işığı yanıb. Həmin vaxt İlham Hacıyev küçəsindən işıqforun yaşıl işığında hərəkətə başlayan 19 yaşlı Xaliv İbrahimov idarə etdiyi “Tufan M50” markalı mopedlə yolayrıcına daxil olub. Şahin işıqforun qırmızı işığında hərəkəti davam etdirərək idarə etdiyi təcili tibbi yardım avtomobili ilə mopedə çırpılıb.

Toqquşmanın təsirindən moped sürücüsü ağır xəsarətlər alıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə çanaq sümüklərinin hər iki yarısının yerdəyişmiş sınıqları, omba sümüyünün sınığı, bud sümüyünün baş hissəsinin parçalı sınığı, fəqərə çıxıntısının sınığı, bədənin müxtəlif nahiyələrinin qançır, sıyrıq və yaraları, eləcə də daxili qanaxmalarla müşayiət olunan çoxsaylı bədən xəsarətləri yetirilib.

Ekspertiza həmin xəsarətlərin ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olduğunu müəyyən edib.

Hadisədən sonra yaralı Xaliv İbrahimov dərhal xəstəxanaya çatdırılıb. Zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilsə də, aldığı ağır xəsarətlər səbəbindən bir neçə gün sonra xəstəxanada vəfat edib.

İstintaq orqanı hesab edib ki, ölüm yol-nəqliyyat hadisəsi zamanı alınmış xəsarətlərlə birbaşa səbəbli əlaqədə olub.

Məhkəmə iclasında Şahin Mustafayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində deyib ki, hadisədən təxminən bir ay əvvəl “Kəpəz Hospital”da təcili tibbi yardım avtomobilinin sürücüsü kimi işləməyə başlayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Sumqayıt şəhərindən qayıdarkən avtomobilin sayrışan işıqlarını yandıraraq xəstəxana istiqamətində hərəkət edib. Azadlıq prospekti ilə hərəkət edərkən yolayrıcında işıqforun qırmızı işığını görüb, lakin səs siqnallarından istifadə etməklə hərəkətini davam etdirib. Həmin vaxt sol tərəfdən gələn moped qəfil onun qarşısına çıxıb və toqquşma baş verib.

Şahin bildirib ki, zərbədən sonra moped sürücüsü yolun kənarında dayanmış başqa avtomobilə dəyərək yerə yıxılıb. Dərhal avtomobildən düşərək yaralıya kömək göstərib və onu idarə etdiyi təcili tibbi yardım avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb.

Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası Hicran İbrahimova da ifadə verib. O bildirib ki, oğlu Bakı şəhərində kuryer kimi fəaliyyət göstərib və hadisə zamanı mopedi ilə iş başında olub.

Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, hadisə barədə məlumat aldıqdan sonra dərhal xəstəxanaya gedib və oğlunun ağır vəziyyətdə olduğunu görüb. Şahinin vəziyyəti günlərlə ağır olaraq qalıb və sonradan aldığı xəsarətlər nəticəsində vəfat edib.

Hüquqi varis ifadəsində bildirib ki, hadisənin baş verməsinə səbəb təcili tibbi yardım avtomobilinin işıqforun qırmızı işığında hərəkəti davam etdirməsi olub.

O, həmçinin oğlunun idarə etdiyi mopedin tam yararsız vəziyyətə düşdüyünü və ailəyə maddi ziyan dəydiyini qeyd edib.

Məhkəmə iclasında Hicran İbrahimova Şahin Mustafayevlə barışmadığını, ona ağır cəza verilməsini istədiyini bildirib.

Araşdırmalar zamanı hüquqi varisin xəstəxana əməkdaşlarının məsuliyyətə cəlb olunması ilə bağlı müraciəti də yoxlanılıb.

Cinayət işi materiallarında göstərilir ki, rayon prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində “Kəpəz Hospital”ın həkimlərinin hərəkətlərində hər hansı cinayət tərkibi müəyyən edilməyib. Bu səbəbdən tibb işçiləri barəsində cinayət işinin başlanması rədd olunub.

Məhkəmənin hökmü ilə Şahin Mustafayev 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub Barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və o, dərhal məhkəmə iclas zalında həbs edilib.

Pravda.az

“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA


Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC işçiləri müqavilədən kənar və əlavə işlərə cəlb edir, bayram günlərində məcburi işə çağırır.

Bu barədə Tribuna.az-a şikayətçi Əli Əliyev məlumat verib. O bildirib ki, bayram tətillərində işçilərə könüllü olaraq işə çıxmaq istədiklərinib sübutu kimi imza çəkdirirlər:

“Mənim bir neçə dövlət qurumuna şikayətimdən sonra işçilərə imza məkdirdilər ki, guya bayram günlərində könüllü olaraq işə çıxıblar. Guya bu işçilər başqa gün tətil edəcəklər.

Anbarın daxilində sınan və ya əskik çıxan mallar işçinin, fəhlənin boynunda qalır.

Amma anbarın artıq olan malı işçiyə verilmir.

Sınan malların pulu hemçinin işçinin əmək haqqından tutulur.

Ştat açmadıqları halda işçini həmin ştatda işlədir, amma əməkhaqqı kimi isə minimum maaş verirlər.

Özüm 5-6 işi birdən görürdüm, amma əsas işim guya dərmanların son istifadə tarixi və sayım üzrə mütəxəssis idi. O işdən əlavə çeşidləmə, qablaşdırıcı bahalı dərmanların sayımı, tarixləri tapılmayan dərmanların müəyyənləşdirilməsi işlərini görürdüm. Amma maaş kimi ancaq bir işin maaşını verirdilər”.

Qeyd edək ki, apteklər şəbəkəsi və dərman firması olan “Zeytun Pharma” şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.

Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə


Azərbaycanda dövlət qurumlarında peşəkarlıq, şəffaflıq və kadr siyasəti məsələləri uzun illərdir cəmiyyətin müzakirə etdiyi əsas problemlərdən biri olaraq qalır. Xüsusilə strateji əhəmiyyət daşıyan qurumlarda vəzifə təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi ictimai maraq doğuran məsələlərdəndir.

DoğruXeber.tv informasiya portalının redaksiyasına daxil olan məlumatlara görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr əvəzi Tahir Xəlilovun qaynı olduğu bildirilən Ramin Abdurrəhmanov Yasamal Rayon Sukanal İdarəsində cəmi üç ay nəzarətçi vəzifəsində çalışdıqdan sonra Gəncə Şəhər Birləşmiş Su Təchizatı Xidmətinə rəis müavini təyin olunub.

Məlumatlara görə, Ramin Abdurrəhmanovun bundan əvvəl dövlət idarəçiliyi sahəsində hər hansı ciddi iş təcrübəsi olmayıb. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, uzun illər müxtəlif dövlət qurumlarında çalışan, peşəkar təcrübəyə malik çoxsaylı mütəxəssislər olduğu halda, cəmi üç aylıq nəzarətçi fəaliyyətindən sonra rəhbər vəzifəyə yüksələn şəxsin hansı meyarlarla seçildiyi ictimaiyyət üçün qaranlıq olaraq qalır.

Məsələnin digər diqqət çəkən tərəfi isə Tahir Xəlilovun xalası oğlu və yeznəsi olduğu bildirilən Sərxan Orucovun hazırda Yasamal Rayon Sukanal İdarəsinin rəisi vəzifəsində çalışmasıdır. Məlumatlara görə, Sərxan Orucov bundan əvvəl "Bazarstore" mağazalar şəbəkəsində mağaza müdiri vəzifəsində fəaliyyət göstərib.

Ortaya çıxan mənzərə isə haqlı olaraq bir sıra suallar yaradır. Dövlət idarəçiliyində rəhbər vəzifələr peşəkarlıq, təcrübə və idarəetmə bacarığı əsasında verilir, yoxsa qohumluq əlaqələri burada həlledici rol oynayır? Əgər yayılan məlumatlar həqiqəti əks etdirirsə, bu halda illərlə təcrübə toplamış mütəxəssislərin kənarda qalması və təcrübəsi məhdud şəxslərin yüksək vəzifələrə gətirilməsi dövlət idarəçiliyinin səmərəliliyi baxımından ciddi narahatlıq doğurur.

İctimaiyyət həmçinin cavab gözləyir ki, bu təyinatlar hansı müsabiqə, hansı qiymətləndirmə və hansı peşəkar göstəricilər əsasında həyata keçirilib. Çünki dövlət qurumları şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın hökm sürdüyü idarəetmə modeli üzərində qurulmalıdır.

Əgər dövlət qurumlarında qohumluq əlaqələri peşəkarlıq meyarlarını üstələyirsə, bu, təkcə bir qurumun deyil, bütövlükdə dövlət idarəçiliyinə olan ictimai etimadın zədələnməsinə səbəb ola bilər.

Qeyd edək ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə rəsmi sorğu ünvanlasaq da, artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq sorğumuza hər hansı cavab təqdim edilməyib. Ümid edirik ki, yayımlanan bu yazıdan sonra qurum səsləndirilən məsələlərə münasibət bildirəcək və redaksiyamızın sorğusunu cavablandıracaq.

DoğruXeber.tv olaraq mövzunu diqqətdə saxlayırıq və əldə etdiyimiz yeni məlumatları ictimaiyyətə təqdim etməyə davam edəcəyik.

DoğruXeber.tv

Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı


İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köçürülən vətəndaşların mənzil-məişət şəraitinin yüksək səviyyədə təmin olunacağı bəyan edilsə də, görünür, bəzi hallarda bu vədlər kağız üzərində qalır.Kəlbəcər rayonunun Tağlar kəndindən olan məcburi köçkün Ramin Çıraqovun sözlərinə görə, ailəsi uzun illər Şəmkir rayonunda məskunlaşıb, daha sonra isə Ağdərə rayonunun Həsənriz kəndinə köçürülüb.


Lakin onlara təqdim edilən ev yaşayış üçün yararsız vəziyyətdədir.Vətəndaş iddia edir ki, evdə aparıldığı deyilən təmir işləri formal xarakter daşıyıb. Divarlarda çatlar, tikinti qüsurları və digər nöqsanlar hələ ilk günlərdən özünü göstərib. Onun sözlərinə görə, təmir işlərini həyata keçirən REAL MMC-nin nümayəndələrinə dəfələrlə müraciət etsə də, problemə ciddi yanaşan olmayıb.Şikayətçinin bildirdiyinə görə, Həsənriz kəndində şirkətin nümayəndəsi kimi təqdim olunan Rüfət adlı şəxsə də müraciətlər edilsə də, nəticə əldə olunmayıb. Nəticədə ailə yeni yaşayış yerinə köçdüyü gündən problemlər içərisində yaşamağa məcbur qalıb.


Ən narahatedici məqam isə odur ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılan tikinti və təmir işlərinin keyfiyyəti ilə bağlı ortaya çıxan suallar hələ də cavabsız qalır. O zaman belə çıxır ki, məcburi köçkünlərin rifahı üçün ayrılan vəsaitlər ya düzgün istifadə olunmayıb, ya da görülən işlərə lazımi nəzarət həyata keçirilməyib.Ramin Çıraqov bildirir ki, aidiyyəti qurumlara etdiyi çoxsaylı müraciətlər nəticəsiz qalıb.


Ümidini ölkə rəhbərliyinə bağlayan vətəndaş Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edərək problemin araşdırılmasını, məsul şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini və ailəsinin normal yaşayış şəraiti ilə təmin olunmasını xahiş edir.Məsələ ilə bağlı REAL MMC-nin və digər aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq. Ümid edirik ki, səsləndirilən iddialar operativ şəkildə araşdırılacaq və Həsənrizdə məskunlaşan vətəndaşların problemləri diqqətdən kənarda qalmayacaq.


Bizimesr.com



Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?


Azərbaycanda məhkəmə sisteminə inamın qorunması hüquqi dövlətin əsas prinsiplərindən biri hesab olunur. Lakin 1-ci dərəcəli Qarabağ qazisinin Nərimanov Rayon Məhkəməsində baxılan işi ilə bağlı səsləndirdiyi iddialar bu inamın ciddi şəkildə sarsıldığını göstərir.
İddialara görə, təbii inhisarçı xidmət qurumu tərəfindən qazinin Nardaran qəsəbəsində yerləşən bağ evinin enerji təchizatı ilə bağlı 2017-ci ildə verilmiş texniki şərt bu günədək icra olunmayıb. Qazi bildirir ki, səbəb sayğacın quraşdırılması üçün rəsmi hesab nömrəsi və ödəniş qəbzi təqdim edilmədən 201,72 manat vəsaitin tələb olunmasıdır. Onun fikrincə, qanuni sənədlərlə rəsmiləşdirilməyən belə tələb korrupsiya əlamətləri daşıyır və dövlət qurumları tərəfindən araşdırılmalıdır.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər nəticəsiz qalıb. Bundan başqa, Nərimanov rayonunda yerləşən yaşayış binasında əvvəlcədən ödənişli sayğac sisteminə keçid olmasına baxmayaraq, ona qəfil 151,5 manat borc hesablanıb. İddia olunur ki, bu borcun yaranması sayğacın mobil rabitə zəifliyi səbəbindən sərfiyyatı düzgün qeydə almaması ilə əsaslandırılıb.
Məhkəmə prosesində isə qazinin irəli sürdüyü bir sıra vəsatətlərin cavabsız qaldığı bildirilir. Dövlət hesabına vəkillə təmin olunması, ekspertiza təyin edilməsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin üçüncü şəxs qismində prosesə cəlb olunması barədə müraciətlərin aylarla cavablandırılmadığı qeyd edilir.
Ən ciddi narazılıq doğuran məqam isə iş üzrə qətnamənin bazar günü – 14 iyun 2026-cı il tarixində qəbul edilməsi ilə bağlıdır. Şikayətçi bunu məhkəmə praktikasında qeyri-adi hal kimi qiymətləndirərək, qərarın qəbul edilmə qaydası və prosesin şəffaflığı barədə suallar qaldırır.
Hüquq müdafiəçilərinin fikrincə, məhkəmə proseslərində tərəflərin vəsatətlərinə vaxtında və əsaslandırılmış şəkildə münasibət bildirilməsi, qəbul edilən qərarların isə tam şəffaf olması ədalətli məhkəmə araşdırması hüququnun vacib tələblərindəndir. Əks halda, məhkəmə qərarlarının legitimliyi və cəmiyyətin məhkəmə sisteminə etimadı zərbə altında qalır.
Səsləndirilən ittihamların nə dərəcədə əsaslı olduğu yalnız aidiyyəti qurumların araşdırmasından sonra məlum ola bilər. Lakin bir məqam aydındır: Qarabağ qazisinin illərdir davam edən mübarizəsi və məhkəmə prosesi ilə bağlı ortaya çıxan suallar cavabsız qaldıqca, “bazargünü qətnaməsi” ifadəsi təkcə bir işin deyil, hüquq sisteminə yönələn narahatlıqların simvoluna çevrilməkdə davam edəcək.

Gundemxeber.com

“RAHAT AUTO”-dan inanılmaz dələduzluq: Vətəndaşları aldadıb, ölkədən qaçdılar


Son illər ölkəyə xarici ölkədən avtomobil gətirən sahibkarların sayı durmadan artır. Artıq dünyanın istənilən ölkəsindən Azərbaycana satış üçün avtomobillər gətirən sahibkarlar var. Lakin son illər bu sahədə də dələduzluq halları kifatə qədər artmağa başlayıb. Bu dəfə redaksiyamıza müraciət edən vətəndaşlar “RAHAT AUTO” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aldadıldıqlarını bildiriblər.

Avtomobil almaq üçün müraciət edən çoxsaylı vətəndaşlar “RAHAT AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətnin (VÖEN 1407055411) direktoru Azər Cəfərzadə tərəfindən aldadılıb. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “RAHAT AUTO” MMC tərəfindən vətəndaşlara Çin Xalq Respublikasından nəqliyyat vasitəsinin alınması öhdəliyini götürdüyü halda, müqavilənin şərtlərini pozulub və vətəndaşların pullarını mənimsənilib. Azər Vaqif oğlu Cəfərzadə ümumilikdə zərərçəkmişlərdən 200 000 manatdan çox vəsaiti mənimsəyib.

Vətəninfo.az xəbər verir ki, şikayətçilər şirkətin ofisinə getdikdə isə tələyə düşdüklərini anlayıblar. Məlum olub ki, Azər Cəfərzadə şirkətin ofisini bağlayaraq Çin Xalq Respublikasına qaçıb.

Qeyd edək ki, müqaviləyə əsasən, xidmətlərin göstərilməsi 60 təqvim günü müddətində həyata keçirilir, əgər avtomobilin təhvil verilməsi qeyd olunan tarixi keçərsə, ödənilən məbləğ geri qaytarılır. Lakin sifariş tarixlərindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, sifariş olunan avtomobillərdən bir xəbər yoxdur.

Şirkətin əməkdaşları avtomobilin təhvil verilməməsinə dair ziddiyyətli və əsassız məlumatlar verirlər.

Şirkətin rəhbəri Azər Vaqif oğlu Cəfərzadə ilə telefonla danışan vətəndaşlara vəsaiti geri qaytarmağı rədd edərək, nə istəsələr, hara şikayət edə bilərlərsə etsinlər deyib.

Şirkət öhdəliklərini yerinə yetirmir. Hal-hazırda Azər Vaqif oğlu Cəfərzadə ilə telefon əlaqəsi yaratmaq mümkün deyil, əlaqə vasitələrinin hamısını söndürüb.

Zərərçəkənlərin bir neçəsi Azər Vaqif oğlu Cəfərzadənin yaşadığı Lənkəran rayonuna gedərək qardaşı Mehman Cəfərzadə və atası Vaqif Cəfərovla görüşüblər. Lakin Azər Cəfərzadənin valideynləri bildiriblər ki, onlar bu şikayətlə bağlı onlara yox, polisə müraciət etsinlər.

Beləliklə, “RAHAT AUTO” MMC-nin bu cür fəaliyyəti istehlakçıların hüquqlarını kobud şəkildə pozur, onları aldadır və həm maddi, həm də mənəvi zərərə səbəb olub.Şikayətçilər bildirib ki, yaxın günlərdə bu dələduzluq faktı ilə bağlı güc strukturlarına müraciət edəcəklər.

P.S. Qarşı tərəfin mövqeyini öyrənmək istəsək də şirkətin əlaqə nömrələrinə zəng çatmadı…

Vətəninfo.az
Xəbər lenti