Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA


Dövlət nevroloji xəstə uşaqlara pulsuz dərman preparatları verir. Başda TƏBİB olmaqla bir qrup dərman mafiyası da o dərmanların xəstə uşaqlara çatmaması üçün çalışır.

Tribuna.az xəbər verir ki, bu barədə Facebook-da “İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi” adlı səhifə paylaşım edib.

Səhifənin iddiasına görə, xəstə uşaqların valideynləri dövlət tərəfindən pulsuz verilən dərmanları almaq üçün aralarında 10-15 kilometr məsafə olan ən azı üç poliklinikaya getməli, uzun növbələr gözləməli olurlar:

“Burada insanların incidilməsində məqsəd odur ki, vətəndaşlar bezib həmin dərmanların dalınca getməsinlər.

Nəticədə isə dərmanlar səhiyyə sistemindəki bəzi şəxslər tərəfindən satılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov bu məsələ ilə də məşğul olsa, pis olmaz”.

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavoduna məxsus 12,575 ton A-95 markalı benzin oğurlanıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu cinayət əməlinə görə üç nəfər məsuliyyətə cəlb olunub.

Əvvəllər də məhkum olunmuş şəxslərin törətdiyi cinayət nəticəsində zavoda ümumilikdə 24.458,62 manat xiyan dəyib.

Məlum olub ki, cinayətkarlar 95 markalı benzin yanacağının nəqli üçün nəzərdə tutulmuş neft kəmərinin kompleks hissəsi olan 200 mm-lik diametrli boruya müdaxilə ediblər. Borunu deşərək 20 metr uzunluğunda plastik boru çəkən şəxslər, kran bağlayaraq hissə-hissə benzini oğurlayıblar.

Ötən ilin fevralında törədilən bu işə görə saxlanılan cinayətkar qruplaşma üzvlərinin bir neçə gün öncə məhkəmə prosesi başa çatıb. Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilənlərdən biri 3 il 5 ay, digər ikisi isə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Xitab24.az

Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?


Məktəblərdə "geridəqalmanı aradan qaldırmaq" adı altında növbəti bir yay məktəbi yaradılır. Kağız üzərində hər şey gözəl görünə bilər: uşaqlar dincəlmir, oxuyur, öyrənir. Amma gəlin reallığa baxaq:

1. 9 aya öyrənilməyən proqramı 14 günə necə öyrətmək olar?

Sentyabr ayından maya qədər – tam 9 ay ərzində müəllimin sinifdə addım-addım, bölmə-bölmə izah etdiyi, proqramı çatdıra bilmədiyi və ya şagirdin mənimsəməkdə çətinlik çəkdiyi mövzuları cəmi iki həftəyə beyinə qanunla yeritmək hansı məntiqlə mümkündür?

2. Kitabsız təhsil olur? Dərsliklər yoxdursa, uşaq nəyə baxsın?

Tədris ili bitən kimi məktəblərdə ilk iş dərsliklərin kitabxanaya yığılması olur. İndi ortada qəribə bir mənzərə var: şagird yay məktəbinə gəlir, amma qarşısında dərslik yoxdur. Kitabı əlindən alınan uşaq 14 günə nəyi, haradan oxuyub öyrənəcək? Müəllim hər gün lövhədə köhnə mövzuları köçürtməklə vaxt itirməlidir, yoxsa uşaqlar havadan mövzu uydurmalıdır? Kitabsız yay məktəbi təşkil etmək, əsgəri silahsız cəbhəyə göndərməyə bənzəyir.

3. Maaşsız işləyən müəllimin motivasiyası haradadır?

Ən ağrılı tərəfi isə müəllimlərin vəziyyətidir. Bu 14 günlük marafon üçün müəllimlərə heç bir əlavə maaş, kompensasiya və ya pul ödənilmir. İlin yorğunluğunu çıxarmalı olan, məzuniyyətə hazırlaşan müəllimi sinif otağına salıb "fədakarlıq et" demək nə dərəcədə doğrudur? Əməyin qiymətləndirilmədiyi, maddi qarşılığı olmayan yerdə hansı həvəsdən, hansı keyfiyyətli dərsdən söhbət gedə bilər? Pulsuz işlədilən müəllim sinifdə ancaq saatın tamamlanmasını gözləyəcək.

4. "Könüllü" adı altında məcburi icra

Hər yerdə bu prosesin "könüllü" olduğu deyilir. Amma reallıqda məktəb rəhbərlikləri yuxarıda gələn göstərişləri yerinə yetirmək üçün müəllimləri zorla, təzyiqlərlə yay məktəbinə cəlb edirlər. İmtina edən müəllim bəzən rəhbərliyin gözündə "qara siyahı"ya düşür, dərs saatlarının azaldılması ilə hədələnir.

Bu yay məktəbi reallıqda nə şagirdin geridəqalmasını aradan qaldırır, nə də təhsilə bir xeyir verir. Bu, sadəcə müəllimin haqqını tapdalayan, şagirdi yay istisində kitabsız-partasız yoran və yuxarı təşkilatlara "biz yayda da işlədik" hesabatı vermək üçün qurulmuş formal bir sistemdir. Təhsili 14 günlük sehirli çubuqla yox, 9 aylıq normal, sistemli və rüşvətsiz, dürüst idarəetmə ilə düzəltmək lazımdır.

Tehsilmedia.info

Moskvada benzin sürətlə bahalaşır


Moskvadakı yanacaqdoldurma məntəqələrində benzinin qiymət artımı kəskin şəkildə sürətlənib.

15–19 iyun tarixlərinin yekunlarına görə, Moskva və Moskva vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə yüksəlib.

Daha sürətli bahalaşma Moskva vilayətində qeydə alınıb. Burada yanacağın qiyməti hər litr üçün 3 rubldan çox artıb.

Bazar iştirakçıları vəziyyəti belə izah edirlər: müstəqil yanacaqdoldurma məntəqələri yanacaq təklifinin ümumi azalması şəraitində daha bahalı Belarus benzini almağa məcbur qalırlar. Bu da pərakəndə satış qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olur.

Aİ-92 markalı benzin 15–19 iyun tarixlərində Moskvada 2,07 rubl bahalaşaraq 1 litr üçün 67,95 rubla yüksəlib. Halbuki əvvəlki dövrdə həftəlik artım 0,1–0,5 rubl arasında dəyişirdi.

Moskva vilayətində vəziyyət daha da nəzərəçarpandır. Bu həftə ərzində:

Aİ-95 benzininin orta qiyməti 3,44 rubl artaraq litr üçün 76,49 rubla çatıb;

Aİ-92 benzininin orta qiyməti 3,87 rubl yüksələrək litr üçün 69,71 rubla çatıb.

Dizel yanacağının qiymətində də ciddi artım qeydə alınıb:

Moskvada dizelin orta qiyməti 1,73 rubl artaraq litr üçün 81,7 rubla yüksəlib;

Moskva vilayətində isə qiymət 3,33 rubl bahalaşaraq litr üçün 82,85 rubla çatıb.

Mütəxəssislərin qeyd etdiyi kimi, bu, mart ayından bəri müşahidə olunan ən böyük qiymət artımıdır.

ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH


ABŞ-İran danışıqlar prosesi yenidən dalana dirənib.

Belə ki, İsveçrənin Bürgenştok şəhərində iyunun 19-na planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayıb.

CNN telekanalı məlumat verir ki, İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. Tehranın bu mövqeyində qəti olduğu bildirilir.

Bildirilir ki, hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər. Qeyd olunub ki, planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti təxirə salınıb, lakin vasitəçilərin gözləntilərinə əsasən, prosesin nə vaxt bərpa oluna biləcəyi dəqiqləşdirilməyib.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsveçrədə öncədən planlaşdırılan görüş baş tutmasa da, yaxın zamanda ABŞ-İran danışıqlar prosesi davam edəcək:


“Tramp adminstrasiyası qarşıdan gələn aralıq seçkiləri nəzərə alaraq hərbi əməliyyatların bərpa olunmasında maraqlı deyil. Trampa ən yaxın hesab olunan respublikaçı senator Lindsi Qrem bildirib ki, əsas məqsəd Hörmüz boğazının açılması idi.

Trampın indiki mərhələdə məqsədi Hörmüz boğazının açılması ilə neftin qiymətinin aşağı düşməsinə nail olmaqdır. Buna da nail olub. Dünya enrji bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb.

Neftin ucuzlaşması ABŞ-da neft məhsullarının qiymətinin də ucuzlaşmasına səbəb olur ki, bu da seçicinin əhval-ruhiyyəsinə müsbət təsir edir. Digər tərəfdən respublikaçıların elektoratının yarısını təşkil edən “MAGA” tərəfdarları müharibənin əleyhinədirlər.

Onların seçkiləri passiv baykot etməsi aralıq seçkilərində respublikaçıların ağır məğlubiyyəti ilə bitə bilər. Buna görə də Tramp bütün gücü çalışacaq ki, aralıq seçkilərə, yəni 3 noyabra qədər hərbi əməliyyatlar başlamasın”.

X.Cəfərli əlavə edib ki, İran da müharibədə maraqlı deyil:

“İranda da bunu yaxşı bilirlər və bu vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Digər tərəfdən İran proksi qüvvələrinin etimadını itirmək istəmir və buna görə İsraillin Livanda “Hizbullah” yaraqlılarına qarşı əməliyyatının dayandırılmasına çalışır. Ancaq bunu elə etməyə çalışır ki, hərbi əməliyyatlar başlamasın.

Vasitəçilər də bilir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu dəfə İran ölümcül zərbə ilə üzləşəcək. Bu isə əsas vasitəçi olan Pakistanı qorxudur. İranın parçalanması və Bəlucistan vilayətinin ayrılması Pakistan üçün kabus olar.

Ondan sonra Pakistanın ərazsinin 44 faizini təşkil edən bəluc əyalətində stabilliyi bərpa etmək olmaz. Yəni danışıqlar prosesində iştirak edən tərəflərin heç biri hərbi əməliyyatların başlanmasında maraqlı deyil”.

Ekspert vurğulayıb ki, ABŞ ilə İran arasında hərbi əməliyyatların bərpa olunmasında maraqlı qüvvələr var:

“Respublikaçıların önəmli simaları və bəzi senatorlar hərbi əməliyyatların başlaması üçün Trampa təzyiq göstərirlər. Onlar bəyan edirlər ki, hərbçilərə başladıqları işi axıra çatdırmaq imkanı verilməlidir. Bütün bunlar ABŞ-İran danışıqlarının görüntü xatirinə ola da, davam edəcəyinindən xəbər verir”.

Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."


Bu xalqın Sahil Babayevdən və Anar Əliyevdən çəkdikləri nədir axı..
Bir neçə gün qabaq bir tanıdığım adamla görüşdük. Birlikdə yemək yeməyə qərar verdik. Dedi gedək yardımı alım. Soruşdum nə yardımı? Dedi, sosial yardım alıram. Hə, onu da dedi ki, pulumu verib işimi düzüb qoşdum. Necə olur ki, adına 2-3 evi, 4-5 maşını olan ayda min manata qədər sosial yardım alır. Amma həqiqətən ehtıyacı olanlardan az qala gecə sevişdikləri haqqında da arayış istəyirsiz. İndi bu statusu görüb cavab verəcəklər ki, fakt göstər. Biraz geniş düşünüb, uzağa baxsanız özünüz görəcəksiniz. Mümkün qədər həqiqətən sosial yardıma ehtiyacı olanlara az zülm edin. Min cür sənəd yığdırırsız. Sonra da yenə min cür bəhanə uydurub imtina edirsiz.
Bu statusu görüb aidiyyatı yerə göndərən həmkarlarım da sağ olsun. Bir tikə çörək qazanacaqlar.
Haqqım və ehtiyacım olan sosial yardım üçün müraciət etdim. Mətbuat sahəsinə baxan dostları da çox yordum. Min adama zəng elədim. Min adama minnətçi düşdüm. Bir ton sənəd yığdım. Sonda bir hörmətli adamın xahişindən sonra sənədlərimizə diqqət yetirib yardım almağımızı təsdiqlədilər. 2 ay sonra yardımı dayandırdılar. Yenə tanıdıqları saldım ortalığa. Yenə bərpa etdilər və sonra birdəfəlik kəsdilər. Amma 3-5 manata ( 3-5 min) manata heç bir sənəd olmadan bu yardımı almaq olurmuş. Bunu da qeyd edim. Sosial almaq üçün yaşadığımız evə gələn özünü tanımayan 3 nəfər evin xanımından 20 il qabaq cehiz gətirdiyi paltaryuyan maşını nə ilə aldığımızı soruşub.
Nə isə.. Sosial haqqımızı yeyən Sahil Babayevi və Anar Əliyevə bütün ömürləri boyu yardıma ehtiyac içində yaşamaqlarını arzulayıram...
Müəllif: Yusif Məhəmmədoğlu - "DİA-AZ"

“Monolit” MTK binanın üstündə əlavə evlər tikib satır - VİDEO


Şəhərin mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Bu şikayətlə Aşıq Molla Cümə küçəsi giriş 3, M12, M2 ünvanında yerləşən "Monolit MTK"ya məxsus yaşayış binasının sakinlərindən biri "Xəzər Xəbər”ə müraciət edib.

Şikayətçinin vəkili Elməddin Məhərrəmov iddiasında bildirib ki, "Monolit” MTK ərazidə yerləşən 4 binanın sakinlərə məxsus olan çardaq və texniki sahəsini qanunsuz olaraq maklerlərdən birinə yeni mənzil inşası üçün satıb. İddialara görə, sakinlərin ümumi istifadəsində olan, yaşayış üçün ayrılmayan texniki sahədə qanunsuz tikinti işləri 5 aydan çoxdur ki, davam etdirilir.

Şikayətçi onu da iddia edir ki, qeyri-yaşayış sahəsində tikilən mənzillər üçün yaxınlıqda yerləşən binalardan qanunsuz qaz xətti çəkilib, eləcə də su, kanalizasiya, elektrik xətləri də aşağı mərtəbələrdə yaşayan qonşuların xəttinə birləşdirilib. Şikayətçinin sözlərinə görə, 4 binada aparılan qanunsuz tikinti işləri barədə aidiyyəti qurumlara müraciət edildikdən sonra 3 binada tikinti dayandırılıb, 1 binada isə tikinti işləri hələ də davam etdirilir.

İddialarda adı çəkilən "Monolit” MTK-ın əməkdaşı aparılan işlərin tam qanuni, layihəyə uyğun və razılaşdırılmış olduğunu bildirib. Tikintinin müvafiq qurumlarla razılaşdırılmış olduğuna dair müvafiq sənədləri isə təqdim etməyəcəkləri bildirilib.

Şirkət mansard hissədə heç bir əlavə tikintinin aparılmadığını bildirsə də, "Xəzər TV"nin əməkdaşları 12-ci mərtəbəyə qalxdığı zaman tikinti işlərinin həyata keçirildiyinin şahidi olub.

Hətta sosial şəbəkələrdə sözügedən binaya məxsus mansard tipli mənzillərin satışı üçün elanlar da həyata keçirilir.

Mansardın sahibi olduğunu iddia edən İlkin Rəhimov "Xəzər TV”yə bildirib ki, aparılan tikinti işləri rəsmi qurumlarla razılaşdırılıb və mənzillərə bütün kommunal sayğaclar da qoyulub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "Monolit" MTK tərəfindən inşa edilmiş 2 ədəd 12 mərtəbəli yaşayış binasının çardaq və texniki sahəsində əlavə pəncərə oyuqlarının açılması, əlavə mənzillərin tikilməsi barədə sakinlərdən daxil olmuş sikayətlər araşdırılb. Binaların dam hissəsinə baxış keçirilib və qanunsuz, layihədən kənar aparılan tikinti işləri barədə MTK rəhbərliyinə və aidiyyəti qurumlara məktub ünvanlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, məsələ ilə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib. (Azfakt.com)

VİDEO LİNKDƏ: https://www.azfakt.com/news.php?id=194813

Talassemiyanın gen daşıyıcıları əsgər gedir?


Azərbaycanda həqiqi hərbi xidmətlə bağlı müzakirə olunan məsələlərdən biri də talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılarla bağlıdır.


Bəs həmin gen daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirmi?


Bu suala Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavab verilib.


Dövlət Xidmətindən bildirilib ki, sözügedən xəstəliyin daşıyıcıları hərbi xidmətə cəlb edilirlər.


“Hazırda qüvvədə olan Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən, “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilirlər”, - məlumatda qeyd olunub.

Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?


Şəmkirin Qaracəmirli kəndində park baxımsız qalib. Bu barədə özünün sosial şəbəkə hesabında jurnalist Nuranə Abdullayeva etirazını ifadə edib.
O daha sonra fikrini belə davam etdirir: "Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən parkın baxımsız vəziyyəti yerli sakinlərin etirazına səbəb olub.
Sakinlərin sözlərinə görə, parkda əkilmiş ağaclar uzun müddətdir suvarılmır, yaşıllıqlara qulluq göstərilmir və əraziyə nəzarət edən yoxdur.
Onlar bildirirlər ki, yaşıllıqların qorunması ilə bağlı sərt nəzarətdən danışan aidiyyəti qurumlar parkın bu acınacaqlı vəziyyətinə biganə yanaşırlar. Sakinlər sual edirlər: İcra Hakimiyyəti və Yaşıllaşdırma xidməti hara baxır? Əgər bir ağacın kəsilməsinə görə dərhal cərimə tətbiq edilirsə, bəs onlarla ağacın baxımsızlıq və susuzluq ucbatından qurumasına niyə göz yumulur?
Qaracəmirli sakinləri hesab edirlər ki, parkın mövcud vəziyyəti məsul qurumların üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyini göstərir. Onlar aidiyyəti qurumları məsələni təxirəsalınmadan araşdırmağa, parkın bərpası və yaşıllıqların qorunması istiqamətində təcili tədbirlər görməyə çağırırlar..."(Dia-az)

Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO


Cəlilabadın Göytəpə şəhərindəki Oktay Eynullayev küçəsində piyadaların hərəkət etdiyi küçəyə ticarətçilərin piştəxtaları tərəfindən zəbt olunub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, nəticədə piyadaların hərəkəti çətinləşib.

İnsanlar səkidən istifadə edə bilmədikləri üçün avtomobil yoluna çıxmaq məcburiyyətində qalırlar, bu isə onların həyatını təhlükə altına qoyur.

Qeyd edək ki, sözügedən ərazi Cəlilabada Göytəpə və Masallı istiqamətindən gələn sakinlərin Yeni Ələt–Astara magistral yoluna çıxış hissəsində yerləşir.

Buradakı xaotik vəziyyət və nəzarətsiz küçə ticarəti bəzən uzun avtomobil tıxaclarının yaranmasına da səbəb olur.

Sakinlər aidiyyəti qurumlardan problemin həlli və piyada səkisinin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbir görülməsini istəyirlər.
Xəbər lenti