Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər...


“Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası”nda uşaqlara qarşı törədilən zorakılıq faktları cəmiyyətdə böyük hiddət doğurub
Bizimesr.com bildirir ki, dünən Türkiyə mətbuatında İstanbulda yaşayan azərbaycanlı miqrantların uşaqlarının təhsil və təlim gördüyü uşaq bağçasında yaşanan şiddətlə bağlı məlumat yayıblar.
“Hürriyyət” qəzetinin yazdığına görə, İstanbulun Bayrampaşa rayonunda əcnəbi vətəndaşların uşaqlarının təhsil aldığı özəl beynəlxalq uşaq bağçasında uşaqları yuxu saatında ağac çubuqla döyən və yeməkxanada onlara qarşı pis rəftar edən 60 yaşlı qadın əməkdaş A.B. nəzarətə alınıb.
Rəsmi qurumlar dəhşətli anların təhlükəsizlik kameralarına əks olunmasından dərhal sonra hərəkətə keçib. Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşları bağçada araşdırmalara başlayıb, uşaqları çubuqla döyən şəxs isə məhkəməyə çıxarılıb.


Qeyd edilir ki, İstanbulun Bayrampaşa rayonunda fəaliyyət göstərən “Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası”nda uşaqlara qarşı törədilən zorakılıq faktları cəmiyyətdə böyük hiddət doğurub.
“Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası”nda böyük narazılığa səbəb olan hadisələr zənciri 16 iyun çərşənbə axşamı, 17 iyun çərşənbə və 19 iyun cümə günlərində baş verib. Bağçada çalışan 60 yaşlı qadın əməkdaş A.B.-nin müdafiəsiz uşaqlara qarşı qəbuledilməz rəftarı valideynlərin və rəhbərliyin vəziyyətdən xəbər tutması ilə üzə çıxıb.
Qeyd edək ki, “Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası” İstanbulda 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova tərəfindən təsis edilib.
Rəsmi məlumata görə Şərqiyyə Məmmədova 2016-cı ildə İstanbulda təhsildən kənarda qalan azərbaycanlı uşaqları cəlb etmək üçün ilk olaraq "Azərbaycan Təhsil-Kültür və Sosial Dayanışma Dərnəyi"ni təsis edib. Daha sonra bu dərnəyin nəzdində dahi dramaturq Hüseyn Cavidin adını daşıyan məktəb və bağça fəaliyyətə başlayıb. Şərqiyyə Məmmədova həmçinin “Maarifçi Qadınlar” İctimai Birliyinin sədridir.

Müəssisədə təhsil alan uşaqların böyük əksəriyyəti 1990-cı illərdən bəri müxtəlif səbəblərdən Türkiyəyə köçən, sənədləşmə (pasport, qeydiyyat) problemi olan və maddi cəhətdən çətinlik çəkən azərbaycanlı (əsasən NaxçıvanMR mənşəli) ailələrin övladlarıdır. Rəsmi məlumatda qeyd edilir ki, Şərqiyyə Məmmədova bu uşaqların ana dilində yazıb-oxumasını, Azərbaycan tarixi və mədəniyyətini öyrənməsini təmin edir. Bağçanın sponsoru isə azərbaycanlı iş adamı-neft maqnatı, "Union Grand Energy" şirkətlər qrupunun sahibi və baş icraçı direktor Anar Əlzadədir.
Qeyri-rəsmi və təsdiqlənməmiş məlumatlra görə isə “Özəl Hüseyn Cavid Azərbaycan Millətlərarası uşaq bağçası” Anar Əlizadə tərəfindən qurulub.
Xatırladaq ki, Anar Əlizadənin adı bir çox qalmaqalalrda, o cümlədən neft qaçaqçılığında hallanıb. Onun Rusiya və İranın sanksiyalara məruz qalan neftini qara bazarda satması ilə bağlı bir çox iddialar var. Həmçinin Anar Əlizadə “kölgə donanma” sahiblərindən biri kimi də tanınır və milyarder iş adamı ilə bağlı Tükiyə və Avropada bir sıra araşdırmalar aparılıb. Buna baxmayaraq, Anar Əlizadə ilə bağlı qüvvəyə minmiş heç bir məhkəmə qərarı yoxdur. /Poliqon/

Vətəndaşın pulunu mənimsəyib "şirin yuxuya" gedən Hacı Ənvər: Sədərək Yusifin qardaşı kimi arxalanır, yoxsa qanunları heçə sayır?


Naxçıvan sakinlərindən redaksiyamıza olduqca ciddi, narahatlıq və hiddət dolu şikayətlər daxil olub.
Şikayətin sədası bu dəfə paytaxtda və bölgələrdə tikinti maxinasiyaları ilə ad çıxarmış, ictimaiyyətdə "Sədərək Yusif" kimi tanınan şəxsin qardaşı – Hacı Ənvərdən gəlir.
Məsələ konkret və acınacaqlıdır: Vətəndaşlar illərlə zəhmət çəkib topladıqları, bəlkə də son qəpiklərinə qədər Hacı Ənvərin tikdiyi binadan mənzil almaq üçün nağd şəkildə onun cibinə köçürüblər.
Amma ortada nə mənzil var, nə də geri qaytarılan pullar! Sakinlər ortalıqda qalıb, pullar mənimsənilib, vətəndaşın halal haqqı isə Hacı Ənvərin biznes imperiyasının növbəti qurbanına çevrilib.
Məsələyə aydınlıq gətirmək, qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə redaksiya olaraq Hacı Ənvərlə əlaqə saxlamağa çalışdıq.
Lakin qarşılaşdığımız mənzərə sadəcə rüsvayçılıqdır. Telefonu qaldıran sürücüsü böyük bir arxayınlıqla bəyan etdi ki: "Ənvər bəy yatıb".
Maraqlıdır, bu zəngin üzərindən tam 4 gün keçib, amma Hacı Ənvər hələ də "yuxudan oyanmayıb". Cənab Ənvər, bu nəyin rahatlığıdır?
Millətin qan pulunu, ev pulunu alıb talamağın verdiyi arxayınçılıq yuxusudurmu bu? Siz yüzlərlə insanı evsiz-eşiksiz, pulsuz qoyub necə belə rahat yata bilirsiniz?
> Sizin o quş tükü balışda yatdığınız rahat yuxunuz var ha...
Bax o yuxunu hər gün gözünə dik dik batan, kirayələrdə sürünən, pulunu sizə etibar edib bu gün çörək puluna möhtac qalan o çarəsiz sakinlər də yatmaq istəyir!
Əgər evlərini tikib təhvil vermirsinizsə, heç olmasa vətəndaşların pulunu qəpiyinə qədər geri qaytarın! İnsanların boğazından kəsib sizə verdiyi vəsaitlərlə özünüzə lüks həyat qurub, üstəlik sürücünüz vasitəsilə mətbuata və xalqa lağ etmək hansı mənəviyyata sığır?
Bu, Birbaşa Dövlətə və Prezidentə Qarşı Təxribatdır!
Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğu, sosial ədalət və korrupsiyaya qarşı amansız mübarizə dövlət siyasətinin ən ali xəttidir.
Ölkə başçısı hər çıxışında məmurlara və iş adamlarına vətəndaşı incitməməyi, onların hüquqlarına hörmətlə yanaşmağı tapşırır.
Bəs Hacı Ənvər və onun kimilər nə edir?
Sizin bu əməlləriniz, vətəndaşı açıq-aşkar intihar həddinə çatdırmağınız, pullarını mənimsəyib qapılarda qoymağınız sadəcə bir sosial problem deyil.
Bu, birbaşa vətəndaşları dövlətdən narazı salmaq, onları cənab Prezidentin apardığı uğurlu siyasətə qarşı qaldırmaq cəhdidir!Belə anlaşılır ki, siz öz şəxsi maraqlarınızı və cibinizi doldurmaq naminə ölkədəki sabitliyi və vətəndaş-dövlət güvənini sarsıtmaqdan belə çəkinmirsiniz.
Qardaşınızın və ya arxalandığınız hansısa qüvvələrin adından istifadə edərək qanunlardan üstün olduğunuzu düşünürsünüzsə, bərk yanılırsınız.
Yaradanın adını daşıyıb "Hacı" titulu gəzdirmək təkcə müqəddəs yerləri ziyarət etməklə bitmir, Hacı Ənvər! İslamın da, insanlığın da ilk şərti qul haqqını yeməməkdir. Yüzlərlə ailənin ah-naləsi üzərində qurulan biznesin sonu fəlakətdir.
Biz media qurumu olaraq bu mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti hüquq-mühafizə orqanlarını, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini Naxçıvan sakinlərinin bu fəryadını eşitməyə və Hacı Ənvərin bu qanunsuz əməllərinə hüquqi qiymət verməyə çağırırıq.
Oyanın, Ənvər bəy, oyanın! Çünki qanunun və dövlətin şilləsi elə dəyəcək ki, o yuxudan birdəfəlik diksinərək ayılmalı olacaqsınız! Vətəndaşların Pullarını qaytarın!
Sima Babayeva
TEREF

Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - NİYƏ?


Respublika Klinik Xəstəxanasında xəstələrlə görüş məhdudiyyətləri xəstə yaxınlarının narazılığına səbəb olub.
Bu proses əsas etibarilə Respublika Klinik Xəstəxanasında müşahidə olunur. Mühafizəçilər xəstə yaxınlarına doğmalarını ziyarət etməyə icazə vermir. Səbəb olaraq ölkədə pandemiya ilə bağlı Baş Nazirin qərarı əsas göstərilir. Amma həkimlər, tibb bacıları özləri necə bu qaydalara riayət edirlərmi? Hər gün onların COVİD testi yoxlanılırmı? Bəs necə olur ki, özəl klinika və bir sıra dövlət xəstəxanalarında xəstə ziyarəti qadağan edilməyib. Respublika Klinik Xəstəxanası Baş Nazirin qərarına riayət edir amma digərləri yox? Xəstə yaxınlarının ziyarətə buraxılmaması xəstəxanada izdihama səbəb olur. Bu bəs pandemiya qaydalarına zidd deyil?

Mövzu ilə bağlı Ajans.az tərəfindən aidiyyəti qurumlara ünvanlanan sorğulara isə fərqli münasibət göstərilib.
Kliniki Tibbi Mərkəzdən (Semaşko) sorğumuza cavab olaraq bildirilib ki, stasionar şöbələrdə müalicə alan xəstələrlə görüşə hər gün saat 17:00-dan 19:00-dək icazə verilir. Qeyd olunub ki, ziyarətlərin təşkili və asayişin qorunması mühafizə xidməti tərəfindən həyata keçirilir.

Respublika Klinik Xəstəxanası karantin qaydalarına riayət etdiyini əsas gətirirsə bəs başqalarını niyə bu addımı atmır? Yox əgər buna ehtiyac yoxdursa və ölkədə məhdudiyyətlər aradan qalxıbsa Respublka Klinik Xəstəxanasının bu “kəşfi” nə məqsəd daşıyır? Belə çıxır ki, Respublika Klinik Xəstəxanasının rəhbərliyi TƏBİB və Səhiyyə Nazirliyininin fəaliyyətini qənaətbəxş hesab etmir və özü xəstələrin və onların yaxınlarının, personalın sağlamlığının qeydinə qalmağa məcbur olub.

Respublika Klinik Xəstəxanasından Ajans.az-a bildirilib ki, bu mövzu ilə bağlı açıqlama vermək səlahiyyətləri yoxdur və sualları yalnız TƏBİB cavablandıra bilər.
TƏBİB –dən isə sorğumuza cavab ala bilmədik.
TƏBİB açlıqlama versə biz də bu məchulun cavabını bilmiş olardıq.

Ajans.az

Dənizləri fəth edən azərbaycanlı Tahir Qarayev Avropa İttifaqının kabusuna çevrilib


İlahə Afina zəkasına malik azərbaycanlı gənci avropalı Paseydon ram edə biləcəkmi?

Bizimesr.com "Poliqon"a istinadən bildirir ki, beynəlxalq sularda irimiqyaslı daşımalarla məşğul olan həmyerlimiz, oliqarx Tahir Qarayevlə bağlı xarici mediada neqativ məzmunlu məlumatlar yayılıb.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bir zamanlar dənizçilik sektorunun parlaq simalarından biri kimi tanınan, sürətlə yüksələrək biznes aləmində özünəməxsus yer tutan gənc oliqarxın adının qısa müddət ərzində müxtəlif qalmaqallı və şübhəli əməliyyatlarda hallandırılması məyusedici təəssürat yaradır.

Apardığımız araşdırma nəticəsində onun qeyri-qanuni fəaliyyətlərə cəlb olunması ilə bağlı iddiaların mümkün mexanizmlərini və irəli sürülən ittihamların mahiyyətini müəyyənləşdirməyə çalışdıq.

Bəri başdan vurğulayaq ki, burada yer alan məlumatlar Qərb mediasında dərc olunmuş iddialara əsaslanır. Eyni zamanda, Tahir Qarayevə məxsus olduğu bildirilən və ya onunla əlaqələndirilən şirkətlər tərəfindən bu informasiyalarla bağlı indiyədək hər hansı rəsmi təkzib və ya açıqlama verilməyib.

Tahir Qarayevin idarə etdiyi "Coral Energy" (2Rivers Group) şəbəkəsinin Qərb sanksiyalarından və xüsusilə Rusiya neftinə tətbiq edilən qiymət tavanından yan keçmək üçün Honq-Konq və Liberiya kimi offşor zonaların hüquqi boşluqlarından aktiv şəkildə istifadə etdiyi iddia olunur. Beynəlxalq araşdırma hesabatlarında və Avropa İttifaqının rəsmi sanksiya sənədlərində bu iki zonanın rolu belə təsvir edilir:

Qərb mediası Kharon analitik mərkəzinin data araşdırmalarına istinadən bildirir ki, Honq-Konq cənab Qarayevin şəbəkəsi üçün Avropa bank sisteminə alternativ maliyyə kanalı rolunu oynayıb. Burada qeydiyyatdan keçmiş bir günlük formal treyder və logistika şirkətləri yaradılıb. "Rosneft"dən alınan neftin sənədləri Honq-Konq offşorlarında yenidən rəsmiləşdirilərək onun Rusiya mənşəli olmadığı görüntüsü yaradılıb.

Avropa İttifaqı da məhz bu ssenarilərin qarşısını almaq üçün son sanksiya paketində Tahir Qarayevlə bərabər, onunla əlaqəli olan və Honq-Konqda yerləşən bir neçə gəmiçilik və ticarət şirkətini də birbaşa qara siyahıya salıb.

Tahir Qarayevin Aİ-nin siyasi və iqtisadi maraqlarını güdən nəzarət mexanizmlərindən yayınmaq üçün istifadə etdiyi priyomlarından biri də Liberiya “sığınacağıdır”.

Liberiya dünyada dəniz nəqliyyatında gəmilərin ən çox qeydiyyata alındığı offşor yurisdiksiyalardan biridir. Qarayevə bağlı olan və Avropa sanksiyalarından yayınaraq Rusiya neftini daşıyan onlarla yaşlı tanker Liberiya bayrağı altında qeydiyyatdan keçirilib. Liberiyadakı dənizçilik offşor qaydaları gəminin real sahibinin (benefisiarının) adını gizli saxlamağa imkan verir.

The Wall Street Journal nəşrinin araşdırmasına görə, Qarayevin şəbəkəsi "Gatik Ship Management" və "Buena Vista Shipping" kimi formal operatorlar vasitəsilə 100-dən çox gəmini məhz bu yolla idarə edib.

Aİ və Britaniya rəsmiləri bu sxemi ifşa edərək, “Splash247” dənizçilik nəşrinin verdiyi məlumata görə, Liberiyada qeydiyyatda olan və Qarayev şəbəkəsinə xidmət edən gəmiçilik strukturlarını bloklayıb. Nəticədə həmin gəmilərin beynəlxalq sığortası ləğv edilib və dəniz hərəkətləri məhdudlaşdırılıb.

Lakin oliqarx həmyerlimizin fərasəti bunula da məhdudlaşmır. Sözün əsl mənasında “Dənizlər Osminoqu” olan gənc oliqarx “qolları”nı Afrika və Asiya coğrafiyasının müxtəlif istiqamətlərinə qədər uzada bilib. Ticarət dahisi Qarayevin yeraltı, bəlkə də dənizaltı şəbəkəsinin son vaxtlar Honq-Konq və Dubaydakı sıxışdırılmalardan sonra sanksiya təzyiqini azaltmaq üçün fəaliyyətini qismən Qərbi Afrikaya keçirməyə çalışdığı, Africa Intelligence araşdırmasında "Safira Global Trading" kimi yeni törəmə strukturlardan istifadə etdiyi iddia olunur.

Tahir Qarayevin idarə etdiyi "kölgə donanması" (shadow fleet) şəbəkəsinin beynəlxalq sanksiyalardan yan keçmək və Rusiya neftini izlənmədən daşımaq üçün istifadə etdiyi AIS (Avtomatik İdentifikasiya Sistemi) manipulyasiya fəndləri qlobal dənizçilik təşkilatları və Qərb kəşfiyyatı tərəfindən tam ifşa edilib. İddia “Splash247” dənizçilik nəşrinə məxsusdur.

Qərbin dəniz təhlükəsizliyi araşdırmalarında qeyd olunan əsas fəndlər və onların işləmə mexanizmləri aşağıdakılardır:

1. Qaranlıq Səyahət Mexanizmi (Dark Voyage / Spoofing) - Gəmilər Rusiya limanlarına (məsələn, Primorsk və ya Novorossiysk) yaxınlaşarkən AIS transponderlərini tamamilə söndürürlər. Məqsəd tankerin Rusiyaya daxil olması, orada neft yükləməsi və çıxması rəsmən dəniz radarlarından gizlədilir. Gəmi sistemdə bir neçə gün "yoxa çıxır" və yenidən göründükdə artıq beynəlxalq sularda tam yüklü vəziyyətdə olur.

2. Coğrafi Siqnal Saxtakarlığı Mexanizm (AIS Spoofing) - Gəminin göyərtəsindəki xüsusi proqram təminatı vasitəsilə peyk sistemlərinə saxta koordinat məlumatları ötürülür. Gəmi real vaxtda Rusiya limanında neft yüklədiyi halda, onun ötürdüyü AIS siqnalı gəminin guya Şimal dənizində və ya Aralıq dənizində boş və hərəkətsiz dayandığını göstərir.

3. Gəmidən Gəmiyə Gizli Yükləmə Mexanizmi (STS - Ship-to-Ship Transfer) - Rusiya nefti ilə dolu tanker beynəlxalq sulara (əsasən Yunanıstan sahili, Cəbəllütariq və ya Laturka yaxınlığı) gəlir. Hər iki gəmi AIS sistemini söndürərək gecə vaxtı nefti digər bir sanksiyasız tankerə ötürür. Nefti qəbul edən yeni gəmi öz AIS-ini yandırır və sənədlərdə neftin mənşəyini "açıq dənizdə naməlum mənbədən götürülmüş" kimi rəsmiləşdirilir və tanker Çin və ya Hindistana yola düşür.

4. Rəqəmsal Kimlik Dəyişdirmə Mexanizm (Identity Laundering) - Şəbəkəyə daxil olan gəmilər dənizdə hərəkət edərkən köhnə, istismardan çıxmış və ya sökülmüş digər gəmilərin IMO nömrələrini və çağırış siqnallarını öz AIS sistemlərinə daxil edirlər. Beynəlxalq nəzarət orqanları radar ekranında sanksiyalı bir tankeri deyil, tamamilə leqal və təmiz keçmişi olan başqa bir gəmini görürlər.

Sözsüz ki, belə bir nəhəng miqyasın öhdəsindən gəlmək fövqəladə bir zəka və iti fərasət diktə edir.

Oliqarx həmyerlimizin öz intellektual dühasını bu məcraya yönəltməsi isə zənnimizcə, şərtlərin doğurduğu bir məcburiyyətdir.

Avropa idarəetmə institutlarının korporativ maraqlar naminə onların iradəsinə boyun əyməyən hökumətləri və şirkətləri hədəf alması, qərəz və ədalətsizlik tirajlaması ilk dəfə qarşılaşdığımız mənzərə deyil.

Əcəba, Avropa İttifaqı özünü dənizlərin amansız tanrısı Poseydonmu zənn edir? Amma görünür ki, Avropa İttifaqı özünü Poseydonun zəhmi ilə silahlandırsa da, qarşısında güclə deyil, müdriklik və hiylə ilə qalib gələn "Afina zəkası" ilə üzləşib...

Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar


Peşə Təhsili Agentliyi ilə bağlı redaksiyaya daxil olan məlumatlar səngimək bilmir. Dövlətin son illərdə böyük maliyyə dəstəyi ayırdığı, müasir infrastrukturun yaradıldığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının prioritet elan edildiyi peşə təhsili sistemində ciddi problemlərin və narazılıqların davam etdiyi bildirilir.
Bizimesr.com-a daxil olan məlumatlar göstərir ki, sistem daxilində kadr siyasəti, ştat bölgüsü, işə qəbul prosedurları və idarəetmə ilə bağlı uzun illərdir həllini tapmayan problemlər yeni rəhbərliyin – Direktor İlqar Bayramlının zamanında da mövcuddur.

Qəribə odur ki, bu problemlərlə bağlı çoxsaylı müraciətlərə, narazılıqlara baxmayaraq, aidiyyəti qurum hər hansı ciddi addımlar atmaqda tələsmir və prosesi elə olduğu kimi saxlamaqda maraqlı görünür.
Boş ştatlar niyə illərlə saxlanılır?
Daxil olan məlumata görə, uzun illərdir Peşə Mərkəzlərində və müəssisələrdə boş ştat yerləri saxlanılır. Hər il böyük pullar xərclənərək keçirilən imtahanlardan sonra qabarıq şəkildə özünü göstərən yerləşdirmə ilə bağlı narazılıqlar heç bir nəticə vermir və eyni vəziyyətin bu il də davam edəcəyi gözlənilir.
Peşə mərkəzlərində, rayon və şəhər peşə təhsili müəssisələrində onlarla boş ştat yerləri olmasına baxmayaraq, direktorlara bu ştatları açmağa bu il də icazə verilməyəcəyi deyilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoruna göndərilən müraciətlərə cavab verilmir və bu ştatların hansı məqsədlə saxlanıldığı ilə bağlı suallar illərdir cavabsız qalır.
Bu gün ali təhsilli, bacarıqlı insanların iş axtardığı bir zamanda bu qədər boş ştat yerlərinin İnsan Resursları və Hüquq Sektoru tərəfindən hansı məqsədlə sıxılıb saxlanıldığı çoxlarına bəlli deyil. Əvəzində isə peşə təhsil müəssisələri müəllim və istehsalat təlimi ustalarına ehtiyac duyduqları halda, boş ştat yerlərinin açılmaması həm tədris prosesinə, həm də iş axtaran şəxslərin məşğulluq imkanlarına birbaşa təsir göstərir.
Əslində bu prosesin başqa səbəblərinin olduğu iddia olunur.
Bildirilir ki, Agentlik ilə geniş (?) əlaqələri olan, oradakı rəhbər şəxslərlə, eyni zamanda İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovla, şöbə müdirləri və müavinlərlə (?) yaxın olan bəzi direktorlar bu vəziyyətdən yararlana bilir. Bu barədə növbəti yazılarda ətraflı məlumat verəcəyik.
İmtahanlardan keçənlər niyə kənarda qalır?
Bildiyimiz kimi, hər il peşə məktəblərinə müəllim və usta imtahanları təşkil edilir. Hər dəfə böyük narazılıqla yadda qalan bu imtahanlardan sonra müqavilə ilə, yəni imtahanda iştirak etməyən, bal toplamayan, müsabiqədən keçməyən şəxslərin 1 illik müqavilə ilə işə qəbul edilməsi halları hər il artır. İmtahandan keçən şəxslərin əksəriyyəti isə müxtəlif səbəbli və ya səbəbsiz kənarda saxlanılır və bu proses o qədər sürətli və "incə" aparılır ki, narazılar itib-batır, haqqını istəyənlərə "qəbula yazılın" cavabı verilir və beləliklə 3–4 ay vaxt udularaq, məsələ itib gedir.

Əvəzetmələrdə maaşlar hara gedir?
Peşə Agentliyində baş verdiyi iddia edilən daha bir qəribə hal isə əvəzetmələrlə bağlıdır. Redaksiyaya daxil olan məlumata görə, Peşə Agentliyinin rəhbərliyi və İnsan Resursları və Hüquq Sektoru tərəfindən direktor və direktor müavini postları müxtəlif şəxslərə həvalə olunur. Bu normal haldır və olması mümkündür. Amma anormal olan budur ki, buna görə vəzifəni icra edən şəxsə bir manat da əməkhaqqı verilmir. Əməkhaqqı hesablanmır və əmr ictimai əsaslarla verilir. Bu hansı qanuni ədalətdir və bu vəzifə maaşına görə ayrılmış pul hara xərclənir? Ümumiyyətlə, bu hansı standartlarla həyata keçirilir? Əvəzedicilərə niyə əməkhaqqı verilmir?
Əgər həqiqətən də əvəzetmə həyata keçirilirsə və həmin şəxs iki yük daşıyırsa, bu zaman həmin vəzifəyə görə nəzərdə tutulan vəsaiti niyə ala bilmir? İnsanları nədən əlavə işlədirlər və buna görə niyə əməkhaqqı ödənilmir? Dövlət qurumunda belə hallar hansı qanunun tələbi sayıla bilər?
Direktorlar formal rəhbərə çevriliblər?
İddia olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru rəhbərliyinin göstərişi ilə direktorların bütün səlahiyyətləri əlindən alınıb. Heç bir direktor onun icazəsi olmadan xadiməni belə müəssisəyə işə götürə və ya işdən çıxara bilməz. Heç bir addım ata bilməz və bütün addımlar icazə ilə olmalıdır. Müraciətlərə isə ümumiyyətlə cavab verilmir.
Bu kimi səlahiyyətsizlik, direktorları aşağı görmələr onların məktəbləri idarə etmək funksiyasını əlindən tamamilə alıb və onları hörmətsiz bir şəxsə çevirib. Məktəbin rəhbəri öz müəssisəsində elementar kadr qərarları verə bilmirsə, adi bir addımı belə Agentlikdən icazə almadan ata bilmirsə, onun rəhbər kimi funksiyası nədən ibarətdir?

Direktorların müraciətlərinə niyə cavab verilmir?
Eyni zamanda qeyd olunur ki, direktorlar rəhbəri olduqları müəssisələrdə peşəkar, işini bilən, təcrübəli şəxslərin başqa vəzifələrə təyin olunması, əlavə dərs saatlarının verilməsi və onların bilik-bacarıqlarından istifadə etmək üçün yenə də Agentliyin İnsan Resursları və Hüquq Sektoruna etdikləri müraciətlərə ümumiyyətlə, cavab ala bilmirlər.
Amma Agentliyinin İnsan Resursları və Hüquq Sektorundan direktora deyilmədən Mərkəzə peşə sahəsini bilməyən, bu sahədə ümumiyyətlə təcrübəsi olmayan şəxslərin göndərildiyi və ştata götürüldüyü, yaxud müqavilə ilə qəbul edildiyi bildirilir. Bu isə peşə təhsilinin keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Peşəkarlar kənarda saxlanılır, sahədən xəbərsiz insanlar işə qəbul edilir...?
Müəllimlər niyə illərlə müqavilədə saxlanılır?
Digər ciddi məsələ imtahanlardan və müsahibələrdən keçən müəllimlərin illərlə müqavilə ilə işlədilməsidir. Məlumata görə, Agentliyin balansındakı Mərkəzlərdə və müəssisələrdə çalışan yüzlələ müəllimə müqavilə ilə çalışır. Onların tam şatata qəbulu mümkün deyil. İmtahan verən, müsabiqədən keçən müəllimlər illərlə müqavilə ilə işlədilir və onları tam ştata salmırlar. Yəni, imtahandan keçmək, müsabiqədən keçmək, illərlə işləmək o demək deyil ki, sən tam şəkildə ştata qəbul ediləcəksən. İddialara görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektorunun müdiri Murad Məmmədov istəsə səni ştata götürər, istəməsə götürməz. Yəni bu, onun arzu və istəyi ilə mümkündür.

Müqavilə ilə işə qəbullar necə həyata keçirilir?
Daha bir ciddi və araşdırılmasına ehtiyac duyulan məqam bəzi peşə təhsili müəssisələrinin rəhbərləri ilə Agentlikdə çalışan müəyyən vəzifəli şəxslər (?) arasında əlaqələrə dair iddialardır. Mənbələrin bildirdiyinə görə, bəzi hallarda qohumluq və ya şəxsi münasibətlər əsasında müəyyən şəxslərin imtahansız, müqavilə formasında işə qəbul edilmə halları diqqətdən yayınmır. Bu daha çox 2024-2025-ci ci illərdə müşahidə olunub. Necə olur ki, imtahanda iştirak edib, müəyyən bal toplayan şəxslər kənarda qalır, ümumiyyətlə, imtahanda iştirak etməyən, ali təhsili olmayan şəxslər müqavilə ilə işə qəbul edilir? Onlar peşə müəssisələrinə necə yol tapa bilirlər? Bu kimi faktlarla bağlı növbəti günlərdə...
Qeyd edək ki, 2025-ci il və ondan əvvəlki illərdə onlarla belə halın baş verdiyi və heç birinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru tərəfindən araşdırılmadığı iddia olunur. Hətta imtahandan, müsabiqədən keçməsinə baxmayaraq, kənarda qalan şəxslərin olduğu, əvəzində Agentlik tərəfindən peşə mərkəzlərinə müqavilə ilə imtahanda iştirak etməyən şəxslərin qəbul edilməsi, bəzi direktorların Agentliklə razılaşdırılmış formada müəssisəyə müqavilə ilə gətirməsi ilə bağlı faktların araşdırılması və nəticəsi hələ də açıq qalır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.com

Dərsə gəlməyən şagirdlərə qiymət yazılıb - 181 nömrəli tam orta məktəbdə


Bakının Xəzər rayonunda yerləşən 181 nömrəli tam orta məktəbdə dərsə gəlməyən şagirdlərə qiymət yazıldığı, sinifdə qalanların isə rəsmi sənədlərində dəyişiklik edildiyi iddia olunur.

Bizimesr.com bildirir ki, məktəbin əməkdaşı bildirib ki, bəzi şagirdlər il ərzində dərslərdə iştirak etməsələr də, ilin sonunda direktor Təhmasib Məmiyevin tapşırığı ilə onlara qiymət yazılır:

“Bəzi uşaqlar var ki, müəllim onları ilboyu dərsdə görmür. Amma ilin sonunda həmin uşaqlara qiymət yazılır, sanki möcüzə baş verir. Direktor müəllimlərə tapşırır ki, filankəsə qiymət yazın. O uşaqlardan biri mənim oğlumla eyni sinifdə oxuyur. Oğlum gəlib mənə deyir ki, ana, bu necə olur, həmin uşaq dərsə gəlmədiyi halda qiymət alır? Mən də uşağa deyirəm ki, fikir vermə, sən öz dərsinlə məşğul ol”.

Məktəb əməkdaşının sözlərinə görə, ötən tədris ilində iki şagird rəsmi olaraq sinifdə qalsa da, sonradan jurnallarda və sənədlərdə düzəliş aparılıb: “Həmin uşaqlar 10-cu sinifdə rəsmi olaraq qalmışdılar. Qaydaya uyğun olaraq polis bölməsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyən Nərminə Hüseynovaya rəsmi məktub göndərilmişdi ki, uşaqlar axtarışa verilsin, çünki onlar sinifdə qalıblar.

Valideynlərə də yazılı müraciət olunmuşdu. Bu sənədlərin surəti və orijinallarının fotoları məndə var. Keçən ilə qədər kağız jurnallar idi. Jurnalda həmin uşaqlara qayıb yazılıb, sinifdə qaldıqları qeyd olunub. Sonradan isə jurnalda pozuntular edildi. Mən həmin səhifələrin də fotolarını çəkmişəm. Sıradan bir adam belə şəkli böyüdüb baxsa, jurnalda düzəlişlərin olduğunu görə bilər. Sonra həmin uşaqlar sentyabrda birtəhər 11-ci sinfə keçirildilər, indi də məktəbi bitirirlər”.

Mənbə deyir ki, əvvəllər də bu məsələni qaldırmaq istəyənlər olub. Lakin onun iddiasına görə, direktor əməkdaşları hədələyərək məsələnin ictimailəşməsinə imkan verməyib: “Direktor deyirdi ki, əmək kitabçanıza elə şey yazaram, heç yerdə iş tapa bilməzsiniz”. /Meydan/

Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...



“Bakıda karxana fəhləsinin müəmmalı ölümü” (14.01.2026), “Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb” (26.01.2026), “Daş karxanasının rəhbərinə hökm oxundu” (19.11.2025), “İmişlidə karxanada bədbəxt hadisə: Ölən var” (15.11.2025)...

İnternet resurslarında daş karxanaları ilə bağlı məlumat axtaranda qarşımıza bədbəxt hadisələr, ətraf mühitə vurulan ziyan, torpaqdan, yerin təkindən qanunsuz istifadə və s. neqativ informasiyalar çıxır. Hətta bəzi karxanaların fəaliyyəti kurqanlarda qədim yaşayış məskənlərinin izlərini itirərək arxeoloqları da məyus edib.

Doğrudur, son illər Bakıətrafı kəndlərdə daş karxanalarının çoxunun fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. O da danılmazdır ki, daş karxanaların fəaliyyəti ölkənin tikinti sektoruna birbaşa təsir edən əsas fəaliyyət sahələrindən biridir və hamısını bağlamaq böyük faciəyə səbəb ola, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Problem budur ki, işləməkdə davam edənlər də qanunlarla hesablaşmaq istəmirlər. Müşahidələr göstərir ki, belə özündənrazı sahibkarların arxasında yüksək vəzifəli məmurlar, ictimai və dövlət xadimləri, deputatlar dururlar.

Paytaxtın Suraxanı rayonunun Hövsan kəndi ərazisində istismar olunan daş karxanası əsasən axşamüstü saat 17:00-dan sonra işləyir. Belə reqlament havanın isti keçdiyi yay vaxtı daş daaşımağın ağır olması ilə əlaqələndirilsə də, digər tərəfdən nəarətedici qurumların əməkdaşlarının, sahibkarın “mərdimazar”, “bədnəzər” hesab etdiyi başqa şəxslərin gözündən uzaq olmağa hesablanmışdır desək, yanılmarıq. Çünki karxanada xeyli sayda qeyri-leqal muzdlu fəhlələr işlədir. Redaksiyamıza daxil olan məlumatlara görə, karxananın sahibkarı Siyasət bəyin gizlətdiyi xeyli nəsnələr vardır. Bildirilir ki, karxanada əməyin təhlükəsizliyi qənaətbəxş səviyyədə təmin olunmur.

Qorxulu burasıdır ki, sözügedən karxanada istehsalatda bədbəxt hadisə baş verərsə, ağır xəsarət alacaq işçilərin özlərinin, həyatlarını itirəcəkləri halda ailələrinin müavinət almaq üçün hüquqi mexanizmlər olmayacaq. Çünki onlarla əmək müqavilələri bağlanılmır, əmək haqlarına sosial sığorta hesablanmır, vergi tutulmur.

Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün əvvəlcə iş icraçısı ilə telefon əlaqəsi saxladıq. Həmin şəxs qeyd etdiyimiz məsələlərə aydınlıq gətirmək əvəzinə dedi ki, guya karxana Prezident Administrasiyasında işləyən hansısa vəzifəli şəxsə məxsusdur. Daha sonra Siyasət bəyin özünə zəng etdik. Özümüzü təqdim edən kimi Siyasət bəy (əgər ona “bəy” demək məqbuldursa) dəstəyin o başından acıqlı tərzdə ifadələr işlətdi: “...gedin, tullanın!”

Əldə etdiyimiz başqa məlumata görə, Siyasət bəyə və karxanasına mərhum millət vəkili Qənirə Paşayevanın xalası oğlu himayədarlıq edir. Canında, qanında “vətən daşı” olan Qənirə xanıma rəhmət qazandıran savab işləri, dövlət, xalq qarşısında xidmətləri çoxdur. Amma bu daş o daşdan deyil.

Nyus.Az

75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT


Xəbər verdiyimiz kimi, iyunun 20-də Sabunçu rayonu ərazisində 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1951-ci il təvəllüdlü Bağda Sovin qızını vuraraq öldürüb.

Yeniavaz.com xəbər verir ki, AYNA-nın açıqladığı məlumatda 75 yaşlı qadının ölümünə səbəb olan 214 saylı marşrut xəttinin “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl də “Ayşən LTD” şirkətinə məxsus müntəzəm marşrut xətlərində işləyən avtobusların iştirakı ilə ağır qəzalar baş verib.

17 iyul 2016-cı il tarixində “Ayşən LTD”nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətti üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus və “Shacman” markalı yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 oktyabr 2018-ci il tarixində “Ayşən LTD” şirkətinə məxsus 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qatarla toqquşub. Nəticədə 42 sərnişin xəstəxanaya yerləşdirilib, 2 nəfər həyatını itirib. İstintaq zamanı məlum olub ki, sürücü əvvəllər məhkum olunmuş şəxs olub.

25 noyabr 2019-cu il tarixində Xəzər rayonunun Binə qəsəbəsində “Ayşən LTD” şirkətinə məxsus 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

25 yanvar 2020-ci il tarixində Maştağa qəsəbəsi ərazisindəki körpüdə “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “VAZ-2107” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra avtobus yoldan çıxıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili aeroport yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Məlumat üçün bildirək ki, “Ayşən LTD” şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin rəhbəri Əliyeva İradə Zülfü qızıdır.

Əliyeva İradə Zülfü qızı böyük həcmdə təbii qaz istehlakçısı kimi də qeydiyyatdadır. Belə ki, fiziki şəxs kimi İradə Əliyeva bir il ərzində Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 1 milyon 90 min kubmetr təbii qaz istehlak edib.

Bundan başqa, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) 14 may 2021-ci il tarixli məlumatına görə, Azərbaycandan olan 30 hüquqi və fiziki şəxsə Rusiyaya pomidor ixracına icazə verilib. Həmin şəxslərdən biri də Əliyeva İradə Zülfü qızı olub. Fərdi sahibkar kimi vergi uçotuna (VÖEN – 1201293472) alınan Əliyeva İradə Zülfü qızının Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində istixana sahibi olduğu bildirilir.

Yeniavaz.com

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"


"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir..." Bunu özünün sosial şəbəkə hesabında Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır. Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır.
Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi yaxşı olardı..."

Dia-az

Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda


Dövlət Turizm Agentliyi tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinin satın alınması üzrə 03.03.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 295.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 19.06.2026-cı il tarixdə dərc edilib.
Şərtlər toplusuna görə “AZSUR GROUP” MMC “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evində döşəmə örtüklərinin sökülməsi: taxtadan, döşəmə örtüklərinin sökülməsi: daş parçasından (Tikilinin çay daşından olan döşəməsinin (anbar və giriş hissə) və Yardımçı hissədə Tikilinin çay daşından olan döşəməsinin sökülməsi), Taxta arakəsmələrin sökülməsi:təmiz lövhəşəkilli,taxtadan (Eyvanda diktdən olan taxta məhəccərin sökülməsi), Divarların hasarlayıcı konstruksiyalarının sökülməsi: binanın hündürlüyü 30m-ə qədər olduqda,profillənmiş vərəqdən (Məhəccərə birləşdirilmiş metal lövhələrdən ibarət örtük qatının sökülməsi) Dam örtüyünün sökülməsi:vərəqşəkilli poladdan (Metal lövhələrdən ibarət örtük qatının sökülməsi) və sair bu kimi təmir işlərini həyata keçirməlidir.
Göründüyü kimi Dövlət Turizm Agentliyi 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinə nə az, nə də çox, üç yüz min manata yaxın vəsait ayırıb. İki fərdi yaşayış evinin bərbasına ayrılmış vəsaitin şişirdildiyi burada açıq aşkar görsənməkdədir. Bunun üçün nə tikinti mühəndisi olmağa, nə də maliyyəçi olmağa kərək qalmır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi hələ 2024-cü ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Burada MMC-nin Xınalıq kəndindəki qəzalı evlərin birini təxmini hesablamalarımıza görə 99 945 manata bərpa edəcəyini hələ 2025-ci ildə açıqlamışdıq.
Ümumiyyətlə isə Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb. Burada isə bir fərdi yaşayış evinin bərpasına 140 min manatdan çox dövlət vəsaitinin ayrıldığı görsənir.
Amma buna baxmayaraq 2025-ci ilin iyununda mediya açıqlama verən Xınalıq sakini Namiq Əhmədov bildirmişdi ki, “Xınalıqdan, Quba şəhərindən illər öncə köçüb gedən 4 nəfərin evi bərpa olunub. Kəndi tərk etməyən sakinlərin qəzalı evləri isə uçub dağılır. İllərdir gözləyirik. Dəfələrlə Dövlət Turizm Agentliyinə müraciətlər etmişəm. Hər dəfəsində də şablon, anlamadığım dildə cavablar verilir”.
Göründüyü kimi, Dövlət Turizm Agentliyi istər Xınalıq kəndindəki fərdi evlərin, istərsə də Lahıcdakı evlərin bərpasına kifayət qədər iri məbləğlərdə dövlət vəsaitləri xərcləyir. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib xərclənməməsi nədənsə araşdırılmır, ictimaiyyətə açıqlama verilmədiyindən şübhələri daha da artırmış olur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Bütün bunlara baxmayaraq mediada və sosial şəbəkələrdə Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı narazılıqlar səngimir, daha da çoxalır.

Aktualinfo.net
Xəbər lenti