Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayış otaqların birində baş verib.

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xırdalanda məktəbdə qalmaqal: biri icma qrupundan, digəri 1-ci sinifdən uzaqlaşıb – valideyn ciddi iddialar səsləndirir


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 saylı tam orta məktəbdə fəaliyyət göstərən icma qruplarında və ibtidai təhsil mərhələsində baş verən hadisələrlə bağlı ciddi narazılıqlar gündəmə gəlib.
Qeyd edək ki, məktəb daxilində fəaliyyət göstərən icma qrupları məktəbəqədər mərhələdən əvvəl uşaqların sosiallaşması və aktivliyinin artırılması məqsədi daşıyır. Lakin redaksiyamıza daxil olan məlumatlar bu sistemin tətbiqində problemlərin yaşandığını göstərir.

Valideynin iddiasına görə, azyaşlı övladı dərs saatlarının əvvəlcədən xəbərdarlıq edilmədən tez-tez dəyişdirilməsinə etiraz etdikdən sonra icma qrupundan uzaqlaşdırılıb.
Valideyn bildirir ki, dərs saatlarının dərsə qısa müddət qalmış dəyişdirilməsi ailələr üçün ciddi çətinlik yaradır:
“Hər kəsin planı var. Ən azı belə dəyişikliklər bir gün əvvəl bildirilməlidir.”

Şikayətdə o da qeyd olunur ki, müəllimə ilə baş verən mübahisə zamanı valideynə qarşı etik çərçivədən kənar davranış sərgilənib. İddiaya görə, uşağa aid sənədlər kobud şəkildə valideynə təqdim olunub ki, bu da onun sözlərinə görə alçaldıcı münasibət kimi qiymətləndirilir.

Səsləndirilən iddialara görə, yaranmış vəziyyət təkcə bir uşaqla məhdudlaşmayıb. Bildirilir ki:
bir azyaşlı icma qrupundan,
digər azyaşlı isə 1-ci sinifdən uzaqlaşıb
Bu isə problemin daha geniş miqyaslı ola biləcəyinə işarə edir.

Valideyn tərəfindən səsləndirilən ən diqqətçəkən iddialardan biri isə izlənmə ilə bağlıdır. Onun sözlərinə görə, məsələ ilə bağlı müraciətlərdən sonra artıq yalnız narahatlıq hiss etməyib, birbaşa izlənildiyinin şahidi olub.
Valideyn iddia edir ki:
məktəbin bəzi əməkdaşları tərəfindən təhsil sektoruna və regional idarəyə qədər izlənilib
bu hallara şahid olan şəxslər də mövcuddur
hətta onun sözlərinə görə, yaşadığı ünvana qədər arxasınca gələn şəxslər olub
Valideyn bildirir ki, həmin şəxslərin yaşadığı istiqamət onun evinə uyğun gəlməsə də, onun mənzilinə daxil olana qədər izlənildiyini müşahidə edib.

Şikayətdə Abşeron təhsil sektorunun müdiri Sənan Xəlilovun və məktəb rəhbərliyində adı çəkilən Zəminə Nuriyevanın məsələyə biganə yanaşdığı iddia olunur.
Valideyn bildirir ki:
müraciətlərə operativ reaksiya verilməyib
məsələ araşdırılmadan saxlanılıb
nəticədə vəziyyət daha da gərginləşib

Təhsil mühitində baş verən bu cür iddialar, xüsusilə azyaşlı uşaqların təhsildən kənarda qalması ilə bağlı məsələlər ciddi araşdırma tələb edir. İddiaların təsdiqini tapması halında bu, artıq təkcə təhsil deyil, vətəndaş hüquqları müstəvisində də qiymətləndirilməlidir.

Qeyd edilən iddialarla bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək üçün tərəfimizdən sorğular ünvanlanıb. Qarşı tərəfin cavabı dərc olunmağa hazırdır.

Məsələ ilə bağlı Bakunews.az tərəfindən Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya rəsmi sorğu ünvanlanıb. Sorğuda qeyd olunan iddiaların araşdırılması və ictimaiyyətə aydınlıq gətirilməsi tələb olunur.(Bakunews)

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar


“Azərinşaatservis” ətrafında qalmaqal davam edir. Qurumun problemi 2014-cü il “Beynəlxalq Bank” qalmaqalından sonra yaşanıb.
Belə ki, bu hadisədən sonra “Azərinşaatservis” müflis elan edilib. Nəticədə, balansında olan bütün texnika və avadanlıqlara, habelə torpaq sahələrinə həbs qoyulub.
Qeyd edək ki, sözügedən qurumun qarşısında öhdəlik götürdüyü fiziki və hüquqi şəxslər var. İndiyə qədər 49 fiziki və hüquqi şəxsə olan real borc bu günə qədər ödənilməyib.
Bildirək ki, “Azərinşaatservis”in müflis olmasından sonra onun bütün əmlak və mülkləri “AqrarKredit” Bank Olmyan Kommersiya Təşkilatına (BOKT) verilir. Bu, BOKT-un əsas missiyası əmlak və mülklərin dəyərləndirilməsi, habelə onların hərrac yolu ilə satışını təşkil etmək və borcluların borc öhdəliklərini qarşılamaq olub. Lakin “AqrarKredit” bu öhdəliyi yerinə yetirməkdən məqsədli şəkildə yayınır.
Araşdırma zamanı məlum olub ki, müflis olana qədər “Azərinşaatservis”in balansında olan çoxlu sayda texnika və avadanlığı olub. Həmçinin müflis olana qədər təşkilatın alacaqları borcların məbləğindən çox olub. Lakin “Aqrarkredit” tərəfindən həyata keçirilən işlər nəticəsində ortalıqda heç nə yoxdur. Satışın necə həyata keçirildiyi, əmlaklara hansı qiymət qoyulduğu, pulların kimə verildiyi isə məlum deyil.
Araşdırma zamanı məlum olub ki, “Aqrarkredit”də bu işlərin başında BOKT-un rəhbəri, əksəriyyət tərəfindən “Şapka Mamaed” kimi tanınan Məmməd Musayev və onun ən yaxın “silahdaşı”, vaxtıyla “Azərsu”da (Qorxmaz Hüseynovun rəhbərliyi vaxtnda-red.) müavin postunu tutumuş Arzuman Abbasov dayanıb. Bütün proses onların istəyi və arzusu əsasında həyata keçirilib.
Bundan başqa, prosesdə olduqca maraqlı adamlar da var. Bu barədə haqqın.az saytının araşdırması nəticəsində bəlli olub ki, Məmməd Musayevlə birlikdə bu proesdə iştirakçı olan “Aqrarlredit” BOKT-un hüququ şöbəsinin müdiri Vilayət adlı şəxsin də rolu az deyil. O, məsələləri “qanun çərçivəsi”nə salır, digərləri də onun icrasını həyata keçirir.
Ortalıqdda adı hallananlardan biri də “Azərinşaatservis”in keçmiş rəhbəri Arzuman Abbasovun yaxın adamı olan, həmçinin “qara kassası” kimi tanınan Nazim adlı şəxsin də əhəmiyyətli rolundan bəhs olunur. Bildirilir ki, bu şəxs əvvəlki ənənəni saxlayaraq, görülən işlərdən əldə olunan maliyyəni “yerbəyer” etməkdə məsuldur.
Şikayətçilərin bildirdiklərinə görə, “Azərinşaatservis”in mal və mülklərinin “yerbəyer” edilməsində rolu olanlar arasında Ədliyyə Nazirliyinin Porbasiya Baş İdarəsinin də rolu var. Onların deddiklərinə görə, pörosesdə fəal olanlar arasında sözügedən baş idarənin rəisi Vidaddi Məmmədovun adı hallanır. Ona bu işdə yardımçı olanlar isə Binəqədi İcra Şöbəsinin rəisi Nəbiyev Fuad Fikrət oğlu və həmin şöbənin icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu hesab olunurlar.
Qeyd edək ki, baş verən bu prosesin pik nöqtəsi isə Binəqədi rayonu ərazisində yerləşən 3.5 hektar torpaq sahəsi ətrafında yaşnıb. Məlum olub ki, “Azərinşaatservis”in balansında olan bu torpaq sahəsinin toplam dəyəri 30-35 milyon manat hesab edilir. Yəni, bu günkü real dəyəri qeyd edilən məbləğdədir. Bu torpaq sahəsinin satışından əldə olunan gəlir isə 49 nəfər payçının haqqının ödənilməsinə sərf olunmalıdır. Lakin “Şapka Mamed” və Arzuman Abbasov torpaq sahəsini qanunsuz hərracla özəlləşdirərək digər 49 tələbkarı faktiki olaraq əliboş qoyub.
Qeyd edək ki, 49 nəfərin payçı olması və onların haqlarını təsdiq edən məhkəmə qərarı mövcuddur. Həmin payçılardan biri də “SİRR-M” MMC-dir. 10 fevral 2016-cı ildə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi MMC-nin xeyrinə qətnamə çıxarıb. Həmin qərarda qeyd edilir ki, “Azərinşaatservis”dən 3.8 milyon manat vəsait bu şirkətin hesabına tutulmalıdır. Paralel olaraq, Binəqədi Məhkəmə Qərarları və İcrası Şöbəsinə qəti göstəriş verilib ki, qətnamənin icrası üçün prosedur başlatsın.
Əmlakın üzərinə həbs qoyulmasna dair Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il tarixli və 2025-ci il tarixli qərardadları var ki, həmin qərardadlar qüvvədə olduğu halda “SİRR-M” MMC-nin razılığı olmadan əmlak satıla bilməzdi.
İşin maraqlı tərəfi odur ki, Ədliyyə Nazirliyinin İcra Xidmətinə və Binəqədi Rayon İcra Şöbəsinə göstəriş verilib ki, əmlaka qoyulmuş həbs götürülsün və torpağın qiymətləndirilməsi prosesinə start verilsin. Bunun ardından Binəqədi rayon icra şöbəsi 3.5 hektar ərazinin qiymətləndirilməsi üçün prosesdur başladıb. Bazar dəyəri 30-35 milyon manat olan 3.5 hektar əraziyə 13 milyon manat qiymət qoyulub. Daha sonra isə qiymət naməlum şəkildə 25.000.000 manat müəyyən edilib. Hərçənd bu qiymətləndirməni necə apardıqları məlum deyil. Tələbkarlardan biri olan “Kəngərli” MMC isə haqlı olaraq buna etiraz edir. Şirkət qiymətləndirmənin düzgün aparılmadığını, mübahisəli olduğunu bildirir. Həmçinin Binəqədi Məhkəməsi qarşısında haqlı olaraq məsələ qaldırıb ki, “Bir qədər əvvəl 13 milyon manat qiymət qoyulan torpaq sahəsi qısa müddətdə necə 25 milyon manata hesablanıb?” Binəqədi Məhkəməsi şikayəti təmin edib və icra məmurunun hərəkətlərini qanunsuz hesab edib. Həmin qərardaddan icra məmuru və “Aqrarkredit” QSC BOKT şikayət verib, lakin Bakı Apellyasiya Məhkəməsi məhkəmə İcra Məmuru və “Aqrarkredit”in şikayətlərini əsassız sayıb.
Tribuna.az xəbər verir ki, 18 mart 2026-cı ildə icra məmuru hərracla bağlı sifarişini geri çəkib. Amma bundan 4 gün sonra, 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in əliylə hərrac keçirilib.
Bildirək ki, 8 aprel 2026-cı ildə hərracla bağlı protokol imzalanıb. Məlum olub ki, “Aqrarkredit” BOKT keçirilən hərracdan əldə olunan vəsaitin 1.6 milyon manatını icra xidməti haqqı kimi, 863 min manatını isə icra şöbəsinə ödəniş kimi ödəyib. Lakin 3.5 hektar torpaq sahəsinin konkret olaraq hansı qiymətə satdığı barədə isə bir kəlmə də yazmayıb. Bu azmış kimi, əldə olunan pulun 49 nəfərə olan borc hissəsi ödənilməli olan halda, onlara bir qəpik belə verilməyib. Halbuki məhkəmə qərarında açıq şəkiləd qeyd edilir ki, əldə olunan vəsait borclluların borcunun bağlanmasına sərf edilməlidir. Onların arasında isə “SİRR-M” MMC və daha 49 nəfərin olduğu qətnamə ilə təsdiqlənib. Elə bu səbəbdən də borclarını tələb edənlər haqlı olaraq şikayətçidirlər və pullarının ödənilməsini tələb edirlər.
Baş verənlərdən belə anlaşılır ki, “AqrarKredit” QSC BOKT başda Məmməd Musayev və Arzuman Əhmədovla birlikdə məhkəmə qərarlarını, qanunları, habelə borcluların haqqını bir kənara ataraq, öz bildikləri kimi davranaraq, qanunsuzluq ediblər. Nəticədə, “Azərinşaatservis”dən uzun illərdən bəri alacaqları olan şəxslər və şirkətlərin haqları tapdanıb və çarəsiz duruma düşüblər.(Tribuna.az)
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...


"Su İdmanı Sarayı"nda fəaliyyət göstərən Bədii Gimnastika Klubunda yaranmış vəziyyətlə bağlı şikayətlər artır.

Pravda.az xəbər verir ki, bu barədə jurnalist Aysel Hacıyeva bildirib.

Onun sözlərinə görə, Bədii Gimnastika Klubunda yaranmış vəziyyət artıq dözülməz həddə çatıb: “Valideynlər olaraq susmaq niyyətində deyilik. Ölkəmizdə bədii gimnastikanın inkişafı cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində mümkün olub. Lakin hazırda "Su İdmanı Sarayı"nda müşahidə etdiyimiz vəziyyət bu yanaşma ilə ziddiyyət təşkil edir. Xüsusilə, qeyd etmək istəyirik ki, kompleksin direktoru Əjdər Abbasovun rəhbərliyi dövründə valideynlərlə və idmançılarla effektiv ünsiyyət, qarşılıqlı anlaşma formalaşmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, mövcud problemlər həll olunmamış qalır. Əvvəla, gimnastların geyimlərinin üzərində çürümüş xalçanın ovuntuları yapşır. Uşaqlar bununla nəfəs alırlar, ciyərləri sıradan çıxır. Bir ildir, şikayət edilməsinə baxmayaraq problem həllini tapmır. Bədii gimnastika ilə peşəkar məşğul olunan zalda xalçanın altında olmalı olan qoruyucu təbəqə yoxdur. Neçə-neçə uşaq dizlərindən və bədənin digər nahiyyələrindən zədə alıb. Bu barədə Su İdmanı Sarayının direktor və digər əməkdaşlarına məlumat verilib, lakin uşaqların sağlamlığı onları maraqlandırmır”.

A.Hacızadənın sözlərinə görə, Bədii Gimnastika Klubunda 60 uşağa cəmi bir xoreoqraf və iki məşqçi xidmət göstərir: “Milli komandanın sabiq üzvü Yelizaveta Luzanın könüllü dəstəyinə imkan verilmir. Beş aydan çox müddətdə idmançılara xoreoqrafiya dərsləri keçirilməyib. Çünki kompleksin direktoru Əjdər Abbasov maliyyə problemlərinin olduğunu vurğulayıb. Gimnastika xalçası yararsız vəziyyətdədir və uşaqların sağlamlığı real təhlükə altındadır. Bir neçə ay öncə iki məşqçi şəraitsizlik səbəbindən Klubu tərk etdi. Onların yerinə eyni sayda məşqçi cəlb olunmalı olduğu halda yalnız bir məşqçi işə götürülməyib.Bu hal idmançıların hazırlıq səviyyəsinə və yarış nəticələrinə ciddi mənfi təsir göstərir. Klub fəaliyyət göstərdiyi müddətdə idmançılar yerli və beynəlxalq yarışlarda əsasən öz ailələrinin maddi dəstəyi ilə iştirak edib, klub tərəfindən isə heç bir maddi dəstək göstərilməyib. Bununla yanaşı qeyd etmək istərdik ki, Azərbaycan milli komandasının keçmiş üzvü, üçqat Olimpiya iştirakçısı və finalçısı, V İslam Həmrəyliyi Oyunlarının finalçısı və bədii gimnastika üzrə idman ustası Yelizaveta Luzan könüllü şəkildə uşaqlarla işləmək və dəstək olmaq istədiyini bildirsə də, direktor tərəfindən onun məşqlərə qatılmasına icazə verilmir".

Məsələ ilə bağlı Pravda.az "Su İdman Sarayı"na sorğu göndərsə də, suallarla bağlı mövqe bildirilməyib.

Qeyd: "Su İdmanı Sarayı"nın direktoru Əjdər Abbasov İsmayıl oğludur.

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrindəki seçimlərlə bağlı dəfələrlə ciddi faktları ortaya qoysaq da, nədənsə aidiyyəti hüquq-mühafizə orqanları bunları görməzdən gəlir. Dəfələrlə müxtəlif faktlar, nümunələr və şübhə doğuran məqamlar ictimaiyyətə təqdim edilsə də, aidiyyəti qurumların bu məsələlərə ya səssiz qalması, ya da formal reaksiyalarla kifayətlənməsi diqqətdən yayınmır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən rəsmi açıqlamalarda şəffaflıq, obyektiv seçim və bərabər imkanlar vurğulansa da, praktikada fərqli mənzərə ilə qarşılaşdığını iddia edənlərin sayı az deyil. Müsabiqə kriteriyalarının kağız üzərində qaldığı, real seçimlərin isə başqa amillərlə müəyyənləşdiyi barədə fikirlər getdikcə daha çox səslənir...
Bu istiqamətdə "Yenixeberorg.com"-a ötürülən nümunələrdən biri də SOCAR əməkdaşı İmaməddin Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Könüllülər” İctimai Birliyinin son illərdə ardıcıl şəkildə qrantlar qazanmasıdır.

Rəsmi məlumatlara görə:
2023-cü il: Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər – 7000 manat,
2024-cü il: Yaşıl könüllülər – 12000 manat,
2025-ci il: Yaşıl yollarla gələcəyə sağlam addımlar – 11000 manat,
2026-cı il: Könüllülər yol təhlükəsizliyinin təşviqində - 10000 manat.
Məbləğlərin artımı və layihə mövzularının bir-birinə yaxınlığı da suallar yaradır. Bu layihələrin real təsiri, ölçülə bilən nəticələri, davamlılığı və ictimai faydası barədə geniş və əlçatan hesabatlar varmı? Əgər varsa, niyə bu nəticələr görünmür?
Digər tərəfdən, yüksək vəzifədə çalışan və əsas işi başqa sahə olan bir şəxsin rəhbərlik etdiyi təşkilatın hər il ardıcıl şəkildə maliyyə dəstəyi alması da müzakirə mövzusudur. Bu, sadəcə peşəkar layihə yazmaq bacarığının nəticəsi deyil, birbaşa sistem daxilində müəyyən üstünlüklərin mövcudluğuna işarədir. Sənin harada və kiminlə işləməyin çox önəmlidir.
Əsas məsələ konkret bir təşkilat və ya şəxs deyil. Əsas məsələ sistemin özüdür. Əgər həqiqətən də seçimlər tam şəffaf və obyektivdirsə, o zaman qalib layihələrin detallı nəticələri ictimaiyyətə təqdim edilməli, müxtəlif qurumlarda işləyən şəxslərə məxsus təşkilatların ardıcıl qalib olmasının səbəbləri əsaslandırılmalıdır. Hətta yüksək vəzifəli digər şəxslərə məxsus QHT-lərin hər il ardıcıl qrant almasının səbəbləri izah olunmalıdır.
Əks halda, dövlət büdcəsindən ayrılan vəsaitlərin real ictimai təşəbbüslərə deyil, müəyyən çevrələr daxilində bölüşdürülməsi ilə bağlı şübhələr öz təsdiqini tapmış olur.
Qeyd: İmaməddin Quliyevin dünən SOCAR rəhbərliyi ilə birgə iştirak etdiyi tədbirdən fotosunu da təqdim edirik.

Yenixeberorg.com

Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...


Dövlət Gömrük Komitəsində (DGK) müxtəlif yüksək vəzifələrdə çalışan, o cümlədən komitənin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olmuş Həbib Bağırlı Avropa Məhkəməsinə şikayət edib.

Gununsesi.info xəbər verir ki, təqaüdddə olan polkovnik Həbib Bağırlının şikayəti üzrə kommunikasiya başlayıb və Azərbaycana sorğu göndərilib. Şikayətin mahiyyəti bank borcuna görə Həbib Bağırlının ölkədən çıxışına yerli məhkəmələr tərəfindən qadağa qoyulması ilə bağlıdır. O, ərizəsində qadağanın qanunsuz olduğunu, ölkədaxili məhkəmələrdə bu işə ədalətli baxılmadığını qeyd edib.

46 yaşlı Həbib Bağırlının ölkədən çıxışına 2024-cü ildə məhkəmə qərarı ilə qadağa qoyulub. Həmin ilin noyabrında ölkə daxilində yekun qərarla Bakı Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bundan sonra polkovnik Avropa Məhkəməsinə ərizə göndərərək, hərəkət azadlığının və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayətlənib.

Həbib Bağırlının banklardan birinə 400 min manatdan çox borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi borcun ödənilməsi barədə qərar çıxarıb. O, təxminən 100 min manat ödəniş edib.

Nərimanov rayon İcra və Probasiya Şöbəsi Həbib Bağırlının ölkədən çıxışına qadağa qoyulması ilə kifayətlənməyib. Qalan məbləğin ödənilməməsi məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirilib.

2026-cı ilin əvvəlində polkovnikin İnzibati Xətalar Məcəlləsinin 528.1-1 (məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbinin yerinə yetirilməməsi – qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməyə görə) maddəsilə cəzalandırılması üçün məhkəməyə təqdimat verilib. Fevralda məhkəmənin qərarı ilə Həbib Bağırlı 15 sutka inzibati qaydada həbs olunub.

Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin o vaxtkı sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunandan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib.

Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı dövrdə “Dövlət qulluğunda fərqlənməyə görə” və başqa mükafatlara layiq görülüb.

Gununsesi.info

“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?


Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar” Dövlət İstehsalat və Emal Kompleksi MMC-nin vəzifəli şəxsləri və əməkdaşları tərəfindən ciddi təzyiqlərə, mənimsəmə hallarına və fiziki zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Şikayətçilərin sözlərinə görə, dövlət müəssisəsinin bəzi rəhbər şəxsləri tərəfindən qurulan qanunsuz mexanizmlər nəticəsində həm fərdi təsərrüfatlara, həm də dövlət əmlakına külli miqdarda ziyan vurulub.

NOCOMMENT.az-a müraciət edən sahibkar, şəhid ailəsi üzvü Nazilə Orucova bildirib ki, 2019-cu ildən bəri Ceyrançöl qış otlaq sahəsindəki 8 nömrəli fermada fəaliyyət göstərməyə çalışsa da, müxtəlif maneələrlə üzləşib: “Mən 2019-cu ildə fəaliyyətə başlayanda müqavilə bağlamaq istəsəm də, o zamankı rəhbərlik buna razı olmadı. Yalnız 2021-ci ildə “Azəraqrar” MMC-nin direktoru Fəda Abbasovla birillik birgə fəaliyyət müqaviləsi imzalaya bildim və qoyunlarımı dövlət heyvanları ilə birgə saxlamağa başladım. Lakin 2024-cü ilin avqust ayında müqavilə müddətini uzatmaq üçün Bakıya getdiyim zaman, mənim xəbərim olmadan qurumun vəzifəli şəxsi Həsən Abdullayevin tapşırığı ilə çobanlar Sakina Əliyeva, Yusif Lalayev, Elşən Aşırov və digərləri gecə vaxtı mənim 49 qoyunumu, 42 quzumu və 30 toğlumu mənimsəyiblər. Üstəlik, 182 baş heyvanımın bir hissəsini öz xəstə və qoca qoyunları ilə dəyişərək evimə gətiriblər”.

Həsən Abdullayev

Onun sözlərinə görə, bu qanunsuzluqların arxasında rüşvət tələbi dayanır: “Həsən, Kamran və Səkinə mənə hər zaman deyirdilər ki, pul verməsən, Ceyrançöldə qoyun saxlaya bilməzsən. Mən bir sahibkar kimi dövlətə vergi ödəməyə hazır olduğumu bildirsəm də, onlar ‘Həsən müəllim bizə belə tapşırıb, dövlət bizə maaş vermir’ deyərək mənimlə razılaşmırdılar”. Nazilə Orucovanın sözlərinə görə, 2025-ci ildə rəhbərlik dəyişsə də, problemlər bitmək bilməyib: “Yeni direktor Mühasir Abdullayev və müavini Həsən mənə telefon nömrəsi verib dedilər ki, qoyunları fermaya apar, iki günə gələcəyik. Lakin mən fermaya çatanda çoban Yusif məndən orada qalmaq üçün 5 min manat pul istədi. Bildirdi ki, bura daxil olmaq üçün özü də pul verib.

Adıçəkilən Səkinə Əliyeva

Dekabrın 5-də isə çoban Səkinə Əliyeva polisin yanında məni yerə yıxaraq təpikləyib, huşumu itirənə qədər döyüb və telefonumu sındırıb. Baytar Çingiz və çobanın arvadı üzümə su tökərək məni həkimə çatdırıblar. 7 ildir işimə baxan yoxdur, mənə dəymiş ziyanın ödənilməsini və qanuni müqavilə əsasında fəaliyyət göstərməyim üçün şərait yaradılmasını tələb edirəm”.
Məsələ ilə bağlı daha bir qrup şikayətçi – Qazax rayon Daşsalahlı kənd sakinləri Vəliyev Novruz Paşa oğlu və Əliyev Rafiq Vaqif oğlu da bənzər fırıldaqçılıqla üzləşdiklərini qeyd edirlər. Onların iddiasına görə, “Azəraqrar” MMC-nin işçiləri dövlət təsərrüfatındakı kəsirin yerini doldurmaq üçün kəndlilərin heyvanlarını mənimsəyiblər: “2025-ci ildə qurumun işçiləri evimizə gələrək satış məqsədilə 88 baş qoyunumuzu bırkalayıb dövlət fermasına apardılar. Bildirdilər ki, pulunu bir həftəyə Kənd Təsərrüfatı Nazirliyi ayıracaq və ödəyəcək. Lakin bu günə qədər nə pulumuzu, nə də heyvanlarımızı ala bilirik. Sonradan öyrənmişik ki, orada dövlətin və digər şəxslərin, o cümlədən Şəhid ailəsinin qoyunlarını satıblar. Audit yoxlaması gələndə əskik gələn heyvanların yerini doldurmaq üçün bizim 88 baş qoyunumuzu fermaya doldurub say düzəldiblər. Həsən, Fəda və çobanlar əlbir olub dövlətin malını satıb, bizi də bu şəkildə aldadıblar. Hazırda heyvanlarımız dövlət fermasında saxlanılır, biz onların özümüzə qaytarılmasını xahiş edirik”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirlyinin mətbuat xidmətinə sorğu göndərsək də, nə sorğumuza cavab verildi, nə də zənglərimizə.(NOCOMMENT.az)


“Summer Tour Azərbaycan” AZAL-ın adından müştərilərə yalan danışır? – Əlavə ödəniş tələb olunur


Summer Tour Azərbaycan” MMC ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Bu barədə turizm şirkətləri tərəfindən Pravda.az-a göndərilən bəyanatda bildirilir ki, Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən “Summer Tour Azərbaycan” MMC tərəfindən artıq satılmış və tam ödənişi həyata keçirilmiş tur paketlərinə sonradan əlavə ödəniş tətbiq edilməsi qəbuledilməzdir.
Şikayətçilərin sözlərinə görə, “Summer Tour Azərbaycan” MMC 5 ay əvvəl Türkiyəyə bilet almış hər turist üçün 65 ABŞ dolları məbləğində əlavə vəsait tələb edir.
“Bu, faktiki olaraq müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi deməkdir və təkcə etik normaların pozulması deyil, həm də turizm bazarında formalaşmış qaydalara açıq hörmətsizlikdir. Xüsusilə qeyd edirik ki, qiymət artımının geriyə tətbiq olunması tamamilə əsassızdır və heç bir iş prinsipinə uyğun gəlmir. Turizm şirkətləri olaraq bildiririk ki, bu cür qərarlar bizi süni şəkildə maliyyə zərərinə məruz qoyur. Müştərilər qarşısında öhdəliklər artıq yerinə yetirilmiş olduğu halda, əlavə ödənişin tələb olunması bütün yükü turizm şirkətlərinin üzərinə atır və bizi seçim qarşısında qoyur: ya zərəri özümüz qarşılayaq, ya da müştəri etibarını itirək. Bu vəziyyət xüsusilə yüksək satış həcmi olan turizm şirkətləri üçün kritik maliyyə riskləri yaradır və davam edəcəyi təqdirdə sektorun bir hissəsinin fəaliyyətini dayandırması qaçılmaz olacaq. Əldə olunan məlumata əsasən, turizm şirkətləri artıq bu məsələ ilə bağlı təcili iclas keçirir və yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq dövlət orqanlarına birgə müraciət etməyə hazırlaşırlar. Məqsəd bazarda ədalətli qaydaların qorunması və bu cür halların qarşısının alınmasıdır. Açıq şəkildə bəyan edirik ki, artıq bağlanmış satışlara sonradan müdaxilə etmək bazar iqtisadiyyatına ziddir və bu presedent dərhal dayandırılmalıdır. Əks halda, bu cür yanaşma turizm sektorunda etimadın tam itirilməsinə və bazarda ciddi böhranın yaranmasına səbəb olacaq”, – məlumatda qeyd olunub.
Məsələ daha ətraflı araşdırıb.
Məlum olub ki, “Summer Tour Azərbaycan” MMC turizm şirkətlərinə qiymət artımını benzinin bahalaşması ilə əsaslandırıb. MMC-dən şirkətlərə bildirilib ki, benzinin bahalaşması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) və digər hava yolu şirkətləri təyyarə biletlərini bahalaşdırıb. Tur şirkətləri “Summer Tour Azərbaycan” MMC-dən AZAL-ın bu barədə rəsmi bildirişini tələb etsələr də, MMC tələbə əməl etməyib. Eyni zamanda araşdırmamız nəticəsində məlum oldu ki, müştərilər bu barədə AZAL-a da müraciət ediblər. AZAL isə “Summer Tour Azərbaycan” MMC-nin tələbindən xəbərsiz olduğunu, MMC-yə belə bir tələb irəli sürmədiyini bildirib.
Pravda.az “Summer Tour Azərbaycan” şirkətinin icraçı direktoru və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin üzvü Qüdrət Hacıyevlə əlaqə saxlamağa çalışsa da, o, zəngləri geri çevirib. Şirkətin digər nömrələri ilə də əlaqə yaratmaq mümkün olmayıb.(Pravda.az)

Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün nəzərdə tutulan orta sıxlıqlı və çoxfunksiyalı zonanın, eləcə də orta yaşayış məhəllələrinin işçi layihələrinə əlavə və dəyişiklik edilməsi məqsədilə satınalma müsabiqəsinə yekun vurub.
32gun.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, sözügedən layihələndirmə işlərinin icrası “R.R. Project” MMC-yə həvalə edilib.


Bildirək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Rəfail Məmmədəli oğludur.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.

Xatırladaq ki, Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.
Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.(32gun.az)

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür


Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür.

Terror hadisəsindən 17 il ötür.

2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.

Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.
Xəbər lenti