Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."


35 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında Zabrat qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsində yaşayış evi tikilib.

Lakin Sabunçu rayon İcra Hakimiyyəti bu torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsilə bağlı vətəndaşın müraciətini rədd edib. Əmlak sahibi C.Məmmədov da elə bu imtinaya görə Sabunçu Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Vətəndaş icra hakimiyyətinin imtinasını qanunsuz sayır.

Bizimesr.com bildirir ki, vətəndaş şikayətində də göstərib ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 2024-cü ildə imzaladığı sərəncamla həmin torpaq sahəsində tikdiyi yaşayış evi hüquqi qeydiyyata alınıb. Uzun müddətdir torpaq sahəsi onun istifadəsindədir: “Torpaq sahəsi hasar daxilindədir. Torpaqda fərdi yaşayış evi var. Qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisə mövcud deyil. Torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə verilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vaxtilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciətimə cavab məktubu göndərildi. Məktubda göstərilmişdi ki, torpaq sahəsinə çizginin verilməsi mümkün deyil. Hesab edirəm ki, imtina əsassızdır, formal xarakter daşıyır və hüquqlarımı pozur”.

Sabunçu rayon İcra Hakimiyyəti də bu torpaq sahəsinin C.Məmmədova ayrıldığını inkar etməyib, sənədlərin mötəbərliyini mübahisələndirməyib. Lakin torpaq sahəsinə çizgini verməkdən imtina etməsini vaxtilə sənədləşmə prosesinin tam başa çatdırılmaması ilə əsaslandırır. Qeyd olunur ki, 1991-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Zabrat qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılıb. Daha sonra 1992-ci ildə Zabrat İstilik Kombinatının həmkarlar komitəsi və əmək kollektivi şurasının qərarı əsasında 600 kvadrat metr torpaq sahəsi C.Məmmədova ayrılıb. Lakin Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə qüvvədə olan qanunvericliyin tələbinə uyğun olaraq, təsdiq olunmayıb. Yəni sənədləşmə işi sona qədər aparılmayıb.

Məhkəmə isə bu məsələdə Sabunçu rayon İcra Hakimiyyətini haqsız hesab edib. İcra Hakimiyyətinin üzərinə torpaq sahəsinin plan-ölçü sxeminin (cizgi aktı) hazırlanıb, əmlak sahibinə verilməsi öhdəliyi qoyulub.

Məhkəmə qərarında göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şikayətçiyə torpaq sahəsi ayrılması işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi icra hakimiyyətinin balansında olan torpaq sahəsidir. Şikayətçiyə naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməyib. Bu səbəbdən torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq ona təqdim olunmalıdır.(Bizimesr.com)

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin geri qayıdışı, azad edilmiş ərazilərdə dayanıqlı icmaların yaradılması və yeni yaşayış şəraitinə adaptasiya tədbirləri ilə bağlı növbəti satınalma müqaviləsini imzalamağa hazırlaşır.
Tenderin qalibi "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi seçilib. Qurumla ictimai birlik arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 264 min 836 manat 54 qəpik təşkil edir.
Satınalmanın predmeti əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması, yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili ilə bağlıdır.
Açıq məlumatlara görə, bu, ictimai birliyin eyni istiqamət üzrə aldığı ilk müqavilə deyil. "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 2025-ci ildə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun eyni məzmunlu tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 2 milyon 888 min 468 manat 45 qəpik göstərilib.
Bundan əvvəl, 2024-cü ildə də Fond eyni istiqamət üzrə ictimai birliklə 1 milyon 796 min 532 manat 30 qəpik məbləğində satınalma müqaviləsi bağlayıb.
2023-cü ildə isə eyni ictimai birlik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də oxşar istiqamətli tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 769 min 85 manat təşkil edib.
Beləliklə, 2024–2026-cı illər üzrə "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin məcburi köçkünlərin geri qayıdışı, reinteqrasiya tədbirləri və gəlirgətirən fəaliyyətlərin təşkili istiqamətində aldığı müqavilələrin ümumi məbləği 7 milyon 718 min 922 manat 29 qəpik edir. Bunun demək olar ki 7 milyon manatı (6 milyon 949 min 837 manat 29 qəpik) Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilib.

"Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Birliyin qanuni təmsilçisi Yasin Şirin oğlu Dadaşovdur.
İctimai birlik daha əvvəl beynəlxalq qrant layihələrində də iştirak edib. 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində "Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində "Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Həmin layihə üzrə ictimai birliyə 88 min 859 ABŞ dolları ayrıldığı bildirilir.
Yasin Dadaşovun LinkedIn səhifəsində qeyd olunan məlumata görə, o, icma səfərbərliyi üzrə mütəxəssisdir. Profil məlumatlarında onun təşkilat rəhbəri kimi 21 illik, layihələrin icrası və idarə olunması sahəsində isə təxminən 25 illik təcrübəyə malik olduğu göstərilir.
Həmin məlumatlarda Dadaşovun Dünya Bankı, Asiya İnkişaf Bankı, Norveç Qaçqınlar Şurası, IOM, UNHCR, UNDP, UNICEF, DRC, IRC, BP və digər beynəlxalq qurumlarla işlədiyi qeyd olunur. LinkedIn profilində həmçinin onun Azərbaycanda yüzlərlə kənddə icma quruculuğu fəaliyyətlərinə rəhbərlik etdiyi, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində 300 kənddə, Yaponiya səfirliyinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihələri üzrə isə 130 kənddə fəaliyyət göstərdiyi bildirilir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Mahir Abbaszadədir.\\valyuta.az

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?


Son illər Azərbaycanda korporativ tədbirlərin dili dəyişib. Bir vaxtlar klassik seminarlar, təqdimatlar və rəsmi çıxışlarla kifayətlənən şirkətlər indi daha çox “transformasiya”, “emosional dayanıqlılıq”, “özünü kəşf”, “healing” kimi anlayışlara üstünlük verir.
Beləcə, bu tendensiyanın son nümunələrindən biri də “Azərlotereya” ASC-nin jurnalistlər üçün təşkil etdiyi son “Kintsugi” transformasiya proqramıdır... Yəqin ki, bu başlanğıcdır və qarşıda “Azərlotereya”nın buna bənzər daha "jurnalist transformasiyası" layihələrinin şahidi olacağıq...

Bizimesr.com xəbər verir ki, keçirilən tədbirin təqdimatına görə, müxtəlif media qurumlarını təmsil edən xanım jurnalistlər yapon fəlsəfəsinə əsaslanan xüsusi təlimə qatılıblar. Sessiya zamanı kasalar əvvəlcə sındırılıb, daha sonra isə bərpa olunaraq bəzədilib. Bu proses “insanın daxili bütövlüyünü yenidən qurması”, “çətinlikləri gücə çevirməsi” və “emosional sağalma” kimi izah olunub.

Əlbətde, ilk baxışda bu tədbir zərərsiz və hətta yaradıcı görünə bilər. Lakin məsələni daha dərindən analiz etdikdə bir sıra ictimai, etik və peşəkar suallar ortaya çıxmaya bilmir.

“Kintsugi” nədir və niyə populyarlaşıb?
“Kintsugi” Yaponiyada yaranmış sənət növüdür. Sınmış keramika qablar qızıl qarışığı ilə bərpa olunur və çatlar gizlədilmir. Əksinə, həmin çatlar əşyanın tarixinin bir hissəsi kimi nümayiş etdirilir. Gözəl görünür, maraqlı səslənir... Sındırılmış qabların qızıl qarışıqla bərpası... Bizim misallarla desək, qızıl teştə qan qaytarmaq kimi bir şey...

Müasir dövrdə bu anlayış artıq sadəcə sənət deyil. O, şəxsi inkişaf industriyasında geniş istifadə olunan psixoloji-metaforik bir modelə çevrilib. Dünyanın müxtəlif yerlərində “Kintsugi workshops”, “healing sessions”, “transformational coaching” kimi layihələr təşkil edilir.
Burada əsas mesaj budur - İnsan qırıldıqdan sonra daha güclü ola bilər. Bu fikir müəyyən mənada motivasiyaedici olsa da, onun necə və hansı məqsədlə istifadə olunması mühüm məsələdir. Amma bizim üçün əsas doğuran məqam budur - Niyə jurnalistlər üçün məhz belə təlim? Həmçinin daha bir müzakirə doğuran məsələ tədbirin auditoriyasıdır.
Adətən jurnalistlər üçün təşkil olunan təlimlərdən aşağıdakı istiqamətlər gözlənilir - Araşdırma jurnalistikası, Media etikası, İinformasiya təhlükəsizliyi, Dezinformasiyaya qarşı mübarizə, Süni intellekt və media, Hüquqi biliklər, Rəqəmsal jurnalistika bacarıqları.
Lakin burada seçilən mövzu peşəkar inkişafdan çox emosional və psixoloji transformasiyaya yönəlib... Bu isə təbii olaraq ortaya sual çıxarır. Məqsəd medianın peşəkar inkişafıdır, yoxsa jurnalistlərlə emosional bağ qurmaq?

Korporativ PR-ın yeni dili?
Bir daha qeyd edək ki, son illərdə böyük şirkətlər klassik reklam və PR metodlarından daha çox “emosional marketinq”ə üstünlük verirlər. Artıq şirkətlər sadəcə məhsul və ya xidmət təqdim etmir; onlar “dəyərlər”, “hisslər”, “şəxsi inkişaf” və “emosional rifah” satmağa çalışırlar. “Kintsugi” kimi konseptlər də bu strategiyanın bir hissəsidir.
Belə tədbirlər şirkətlərə daha humanist görünmək, müasir korporativ imic yaratmaq, ictimai simpatiya qazanmaq, media ilə daha yumşaq münasibət qurmaq imkanı verir. Bu baxımdan “Azərlotereya”nın tədbiri sırf psixoloji seminar yox, həm də incə PR aləti kimi qiymətləndirilməlidir.

Psixologiya ilə psevdopsixologiya arasında görünməz xətt
Bu hələ son deyil və əsas nüans psixoloji anlayışların kommersiyalaşdırılmasıdır. Çünki, müasir dövrdə “travma”, “şəfa”, “transformasiya”, “enerji”, “özünü tapmaq” kimi anlayışlar çox sürətlə populyarlaşır. Problem ondadır ki, bu terminlər bəzən elmi psixologiya ilə qarışdırılır. Halbuki, motivasiya seminarı terapiya yaşam kouçluğu klinik psixologiya, emosional performans psixi sağlamlıq xidməti deyil. Bu sərhədlər qarışanda insanlar real psixoloji dəstək əvəzinə simvolik və səthi metodlarla kifayətlənə bilirlər.
“Azərlotereya”nın “Qırılmaq gözəldir” mesajının riskləri
“Kintsugi” fəlsəfəsinin əsas ideyası çətinlikləri qəbul etməkdir. Lakin bu yanaşmanın həddindən artıq romantikləşdirilməsi ciddi problemlər yaradır. Çünki, hər travma insanı gücləndirmir, hər ağrı “inkişaf imkanları” deyil.

İnsanlara davamlı şəkildə "sadəcə daxildən dəyiş” mesajı vermək çox hallarda real problemlərin görünməz olmasına gətirib çıxarır. Bu isə xüsusilə iqtisadi və sosial çətinliklərin yüksək olduğu cəmiyyətlərdə daha həssas məsələdir. Azərbaycanda isə psixoloji və motivasiya yönümlü tədbirlərə münasibət son illər daha skeptikləşib. Bunun səbəbi kouçinq bazarının sürətlə böyüməsi, elmi əsası olmayan “transformasiya” proqramlarının artması, emosional manipulyasiya ittihamları, sosial problemlərin “düşüncə tərzi problemi” kimi təqdim olunmasıdır.
Belə bir fonda böyük maliyyə imkanlarına malik qurumların, Azərlotereya”nın jurnalistlər üçün qab sındırmaq, emosional boşalma, simvolik sağalma üzərində qurulan proqramlar təşkil etməsi bəzi insanlar tərəfindən reallıqdan uzaq görünür.
Əlbətdə burada əsas məsələ “Kintsugi” fəlsəfəsinin yaxşı və ya pis olması deyil. Əsas olan buidur ki, Azərbaycanda media nümayəndələrinin həqiqətən ehtiyacı olan inkişaf modeli “Kintsugi” dirmi? Çünki jurnalistikanın bu gün qarşılaşdığı əsas problemlər, iqtisadi problem, peşəkar resurs çatışmazlığı, təhlükəsizlik, hüquqi müdafiə, keyfiyyətli təlim imkanlarının azlığıdır. Belə bir şəraitdə “emosional transformasiya” tədbirlərinin prioritet seçilməsi istər-istəməz müzakirə doğurur.

“Kintsugi” seminarı ilk baxışda estetik və motivasiyaedici tədbir təsiri bağışlaya bilər. Lakin daha geniş kontekstdə baxdıqda bu hadisə Azərbaycanda korporativ PR, media münasibətləri və psixoloji anlayışların kommersiyalaşdırılması ilə bağlı daha böyük tendensiyanın bir hissəsi kimi görünür.

Bizimesr.com

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir – Ölümündən sonra



Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.

Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.

Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər.

Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilirlər.

Qeyd edək ki, polkovnik Orucəliyev uzun müddət Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovun müavini işləyib. 2022-ci ildə 57 yaşında xəstəlik səbəbindən vəfat edib.

Xatırladaq ki, analoji hal müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədovla bağlı da yaşanmışdı. O və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunublar.

F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edib, məhkəmə ölümündən 5 il sonra ittiham edilən generalın cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib. Mərhumun üzərinə həbs qoyulmuş külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.

Bizimesr.com

“Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır – MTK problemin aradan qaldırılacağını deyir


Bakının Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 12A ünvanında yerləşən “Triumf Palace” yaşayış kompleksinin sakinləri binanın zirzəmisində səs izolyasiyasının olmamasından şikayətçidirlər.

Kompleksin 6-cı binasının sakinləri Pravda.az-a bildiriblər ki, son aylarda transformatorun yaratdığı güclü səs-küy narahatlıq yaradır.

Onların sözlərinə görə, transformatorların səsi gecə saatlarında daha çox artır.

Şikayətdə həmçinin qeyd olunub ki, dəfələrlə MTK-ya müraciət edilsə də, heç bir nəticəsi olmayıb: “Bizə transformatorun səs izolyasiyası ilə təmin olunacağı bildirilsə də, bu günə qədər heç bir real addım atılmayıb”.

Məsələ ilə bağlı Pravda.az-ın əməkdaşı “Triumf Palace”la əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, sakinlərin müraciəti nəzərə alınıb, hazırda ərazidə izolyasiya işləri görülür: “Podratçı şirkətlə müqavilə bağlamışıq. Onlar izolyasiya işlərinə başlayıblar. Ən qısa zamanda problem aradan qaldırılacaq”

Qeyd: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə qüvvəyə minmiş “Yaşayış binalarının layihələndirmə normaları”na əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyalarının yerləşdirilməsinə yol verilmir.

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır - Xəzər rayonunda qanunsuz tikinti


Xəzər rayonu, Binə qəsəbəsində şəhərsalma normaları kobud şəkildə pozulur. Son illər rayonda qanunsuz tikintilərin sayı artmaqdadır.

Tribuna.az-a bu barədə məlumat verən Xəzər rayon sakinlər bildirib ki, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilsə də, rayonda buna məhəl qoyan yoxdur.
Belə ki, sakinlərin sözlərnə görə, rayonun Binə qəsəbəsində daha bir qanunsuz tikinti işinə start verilib. Qəsəbədəki “Bənövşə” şadlıq evinin qarşısında bir müddətdir tikinti işləri aparılır. Sakinlər bildirib ki, sürətli formada aparılan işlər artıq yekunlaşmaq üzrədir.
Sakinlərin sözlərinə görə, qanunsuz aparılan bu tikinti ilə bağlı dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin tikinti artıq yekunlaşa da, indiyə qədər bir icra nümayəndəsi nə tikinti ilə, nə də vətəndaşların müraciəti ilə maraqlanıb.
“Şəhərsalma və Memarlıq İli”ndə Xəzər rayon İcra Hakimiyyətinin bu tikintiyə göz yumması rayonda ciddi narazılıq yaradıb.(Tribuna.az)





Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…


Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə keçirdiyi açıq tenderə 04.05.2026-cı ildə yekun vurub. Müsabiqənin qalibi “XEZER-CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 23.478.460,75 manat məbləğində müqavilənin bağlanılması planlaşdırılır.
Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 29.04.2026-ci ildə yekunlaşdırdığı Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması tenderin qalibi də “XEZER-CONSTRUCTİON” MMC seçilib. Bu müqavilənin dəyəri 61.087.536,21 manat təkil edir.
Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC son bir həftə ərzində “XEZER-CONSTRUCTİON” MMC-ni ümumi dəyəri 84 565 996 manat olan iki tenderin qalibi seçib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “XEZER-CONSTRUCTİON” (VÖEN: 1603218151) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, ZAKİR, ev.11/30, qanuni təmsilçisinin isə Binnətov Rəmzi Rüfət oğlu olduğu qeyd edilib. MMC Qurbanov Qurban Qüdrət oğlu tərəfində təsis edilib. Abışov İslam Məhəmməd oğlu müxtəlif illərdə MMC-nin qanuni təmsilçiləri olublar.
Qeyd edək ki, bunlar “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Constuction” MMC arasında bağlanan ilk satınalma müqavilələri deyil. Son illər demək olar Bakı şəhərində aparılan abadlıq işlərinin, salınan parkların, mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Constuction” MMC arasında yüz milyonlarla manat dəyəri olan onlarla müqavilə bağlanılıb. Təbii ki, paytaxtımızın abadlaşdırılması sevindirici haldır. Lakin burada ayrılan dövlət vəsaitlərinin məqsədli şəkildə istifadə olunduğu şübhələri olduqca böyükdür. Hesablama Palatası tərəfindən Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri də yoxlanılsa daha yaxşı olardı.
Bunlardan əlavə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Açıq Səhmdar Cəmiyyəti ilə 29.04.2026-cı ildə 24.985.363,84 manat məbləğində müqavilə bağlayıb.
Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.

Amma rəsmi mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC-nin adı hallanmasa da həyata keçirdiyi dövlət sifarişlərində ciddi nöqsanlara yol verdiyi barədə məlumat Hesablama Palatası tərəfindən aprelin 21-də yayılmışdı. Belə ki, Palatanın Gəncədə 11 milyon manata yaxın artıq xərclərin aşkarlanması barədə yaydığı məlumatda bildirilirdi ki, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib. Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib. Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.Xatırladaq ki, satınalmaların portalı üzərindən apardığımız ən son araşdırmada göstərmişdik ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi, “Gəncə Körpü Tikinti-2” Gəncədə həm yolların, həm də mənzil fondunun əsaslı təmiri üzrə gördüyü işlərdə ciddi maliyyə pozuntuları aşkar edilib. İndi kim zəmanət verə bilər ki, eyni əməlləri “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin sifarişini həyata keçirərkən də törətməyəcək?
Xatırladaq ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.
Göründüyü kimi, Abit Əliyev də Eldar Əzizovun etimadını belə doğruldur. Dövlət tərəfindən Bakıda abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitləri adları bir çox maliyyə pozuntularında hallanan “Xezer-Constuction” və “Gəncə Körpü Tikinti-2” şirkətlərinə həvale edir. Maraqlıdır, bəs Abit Əliyevi bu şirkətlərə bağlayan nədir? Bakı şəhəri ərazisində abadlıq yenidənqurma və təmir işləri, yoxsa bu işlərdən maksimum qazanc…

Aktualinfo.net

Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... - "Rüşvət vermədiyim üçün məni aylarla süründürürlər..."


Naxçıvanda təcili tibbi yardım sürücüsü olmaq üçün tələb olunan rüşvət 2 dəfə artıb.
Əvvəllər 8-10 min manat olan məbləğ indi 18-20 min manata çatıb. Bu isə qəbul prosesində pul faktorunun peşəkarlıqdan öndə olması ilə bağlı suallar doğurur.
“Gündəlik Naxçıvan”a danışan sakinlərin sözlərinə görə, peşəkarlıq arxa plana keçdiyindən xəstələrin həyatı risk altına düşür.
8 il təcili tibbi yardımda sürücü işləmiş Naxçıvan şəhər sakini Mehdi Qorçuyev deyir ki, rüşvət vermədiyi üçün onu aylarla süründürürlər:
“Şikayət etmədiyim yer qalmayıb. Hər dəfə deyirlər gözlə, həll olunacaq, amma ortada heç nə yoxdur. Məndən sonra müraciət edənləri 18-20 min manat müqabilində işə götürüblər. Mən bu pulu verə bilmirəm deyə gözlədirlər.
İşə götürülən şəxslərin nəinki təcili tibbi yardımda, ümumiyyətlə sürücülük təcrübəsi yoxdur. Bəzisi sürücülük vəsiqəsini belə rüşvətlə alıb. Bu isə təcili vəziyyətlərdə düzgün qərar verə bilməmək riski yaradır və xəstələrin həyatını təhlükəyə atır.
İnsanların həyatının etibar edildiyi sistemdə bu cür halların olması sadəcə utancvericidir. Hər dəfə yeni nazir gələndə ümid edirik ki, rüşvət aradan qalxar, amma əksinə, daha da artır.”
Oxşar problemlə üzləşən Şərur rayon sakini Nüsrət Bağırov deyir ki, oğlunun işə düzəlməsi üçün tələb olunan məbləği ödəyə bilmədiyi üçün aylarla gözlədilir:
“5 aydır oğlum işə düzəlmək üçün Nazirliyə müraciət edib, amma nəticə yoxdur.
Əvvəl 20 min manat dedilər, sonra 18 minə endirdilər. Mən o pulu haradan tapım?
Dövlət işinə girmək üçün niyə pul verməliyəm?
Əgər hər şey qanunidirsə, niyə açıq müsabiqə keçirilmir? Niyə siyahılar açıqlanmır? Kim nə meyarla seçilir? Təcili yardım maşınını idarə edən sürücü peşəkarlığa görə seçilməlidir. Amma elə şəxsləri işə götürürlər ki, təcrübəsi yoxdur. Hətta gətirilən yeni maşınların sayını belə açıqlamırlar. Şikayətlərə də baxan yoxdur. Deyirlər ki, “gedin kimə istəyirsiniz şikayət edin.””
İşə qəbul üçün tələb olunan məbləğin Naxçıvana yeni ambulansların gətirilməsindən sonra artırıldığı bildirilir.

Gündəlik Naxçıvan”

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…


“Nəvahi” və “Şəfəq” yarımstansiyalarının tikintisi üzrə əlavə işlərin satın alınması üçün tender elan olunub.
Tribuna.az xəbər verir ki, “Azərenerji” ASC-nin bu tenderinin dəyəri 13 milyon, 337 min, 467 manatdır. Bu da iki layihə üçün böyük məbləğdir. Həmin vəsaitlərin xərclənməsi zamanı maxinasiyaya yol verilməyəcəyinə qarantiya yoxdur. Çünki elə bu günlərdə Hesablama Palatası “Azərenerji”nin 255 milyonluq maliyyə pozuntusunu aşkarlamışdı.Hesabata əsasən, Kiçik Su Elektrik Stansiyaları üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə cəmi 14,7–46% səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.
Audit zamanı müəyyən edilib ki, bəzi layihələrdə smetada nəzərdə tutulmayan işlər və xərclər satınalma müqavilələrinə daxil edilib, görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunub. Bu isə dövlət satınalmaları və tikinti normalarının pozulmasına gətirib çıxarıb.

Hesablama Palatası həmçinin satınalma prosesində çoxsaylı prosedur pozuntularını qeyd edib. Belə ki, tender sənədləri normativ tələblərə uyğun rəsmiləşdirilməyib, tender komissiyasının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlar aşkarlanıb.

Bundan əlavə, dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də uyğunsuzluqlar müəyyən olunub. Bəzi hallarda alınmış materiallar məsul şəxslərə təhvil verilməyib, aktivlər uçota alınmadan istifadə olunub.

Audit göstərib ki, tikintisi başa çatmış 7 Kiçik Su Elektrik Stansiyası istismara verilsə də, onların rəsmi qəbul prosedurları tamamlanmayıb.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib. İndi 255 milyonu həzm-rabedən keçirənlərin 13 milyondan artıq vəsaiti də qeyri-şəffaf sərf edəcəyinə şübhələr var…
Qeyd edək ki, qurumun rəhbəri Balababa Rzayevdir.

Tribuna.az

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...


Bir neçə gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən Kurort ASC-yə məxsus Buzovna Fizioterapiya Mərkəzi Filialında yaranmış vəziyyətlə bağlı məlumat vermişdik.

Həmin məlumatlarda Mərkəzdə çalışan bəzi şəxslərin həkim olmadan fəaliyyət göstərdiyi, burada çalışan həkimlərin sertifikasiya imtahanlarından keçmədiyi, xəstələrə əlavə ödənişli prosedurların yazıldığı iddia olunurdu və bu faktların xəstələr tərəfindən də təsdiqləndiyi öz əksini tapmışdı. Eyni zamanda, mərkəzin Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya olmadan tibbi fəaliyyət göstərdiyi ilə bağlı iddialar irəli sürülmüşdü.

Bizimesr.com-a daxil olan yeni məlumata görə, yayılan bu iddialardan sonra aidiyyəti qurumlar tərəfindən mərkəzdə yoxlamalara başlanıldığı qeyd olunub.

Sürətli şəkildə aparılan yoxlamaların nəticələri rəsmi olaraq açıqlanmasa da, daxil olan məlumatlarda artıq müəssisənin fəaliyyətinin dayandırılması barədə qərarın verildiyi iddia olunur.

Bildirilir ki, Mərkəz filialın əməkdaşlarına 8 may tarixindən etibarən öz hesablarına məzuniyyətə çıxmaları ilə bağlı ərizə yazmaları tapşırılıb. Məzuniyyəti olanların məzuniyyətlərini davam etdirməsi, işləmək istəyən bəzi əməkdaşların isə Şıxov sanatoriyasına göndərildiyi qeyd olunur.

Mərkəzin direktoru Nüşabə Əlişovanın da hazırda məzuniyyətdə olduğu bildirilir. Həkim olmadığı iddia edilən, lakin rəsmi sənədlərdə həkim kimi qeyd olunan müalicə işi şöbəsinin müdiri Reyhanə Hüseynovanın taleyi ilə bağlı isə hər hansı rəsmi məlumat yoxdur. İddialara görə, onun bu günə qədər necə həkim kimi fəaliyyət göstərməsi məsələsi Səhiyyə Nazirliyi tərəfindən araşdırmaya götürülüb.

Məlumatlarda həmçinin qeyd olunur ki, mərkəzdəki tibbi avadanlıqlar baş tibb qardaşı Fuad Baxşıyev tərəfindən Bilgəh sanatoriyasına aparılıb. Müalicə alan xəstələrin isə Abşeron rayonu və Günəşli qəsəbəsi ərazilərində yerləşən sanatoriyalara yönləndirildiyi bildirilir. İşçilətrə isə Buzovna Fizioterapiya Mərkəzi Filialında təmir işlərinin aparıldığı deyilsə də, iddia olunur ki, Mərkəzin bağlanmasına səbəb Səhiyyə Nazirliyi tərəfindən lisenziya üçün uyğun olmayıb. Problemlərin həll edilməsi tövsiyə olunub.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovdur. AHİK-in nəzarətindəki "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyev və
Buzovna Fizioterapiya Mərkəzi Filialının direktoru Nüşabə Əlişovadır. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Bizimesr.com
Xəbər lenti