Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə


Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Regional Kolleclə bağlı səslənən qalmaqallı iddiaların ardı-arası kəsilmir. Xüsusilə Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmalar apardığı bir dövrdə kollecdə baş verən hadisələrin yeni suallar doğurması diqqət çəkir.

Bakunews.az-a daxil olan video görüntülər və jurnal qeydləri əsasında aparılan araşdırma zamanı müəllim Tərlan Qayıbovanın dərs saatında auditoriyada olmadığı, buna baxmayaraq jurnalda dərsin keçirilmiş kimi qeyd edildiyi iddia olunmur – əksinə, təqdim olunan görüntülər və sənədlər bu məsələnin maddi sübutlarla müşayiət olunduğunu ortaya qoyur.

Araşdırma materiallarına əsasən, 6 may 2026-cı il tarixində Tərlan Qayıbovanın saat 11:30-dan 12:50-yə qədər dərs saatı olub. Lakin həmin vaxt intervalında onun kollecdə keçirilən tədbirdə iştirak etdiyi video görüntülərdə açıq şəkildə əks olunur. Eyni zamanda tələbələrin sinif otağında olmadığı, dərsin keçirilmədiyi və dərsi əvəz edən başqa müəllimin də olmadığı bildirilir.

Bütün bunlara baxmayaraq, təqdim edilən jurnal səhifələrində həmin tarix üçün dərs mövzularının yazıldığı və tələbələrin qiymətləndirildiyi görünür.

Məsələnin diqqətçəkən tərəfi isə bundan əvvəl kollecin direktoru Xoşqədəm Xudiyeva ilə bağlı yayılan oxşar iddialardır. Daha əvvəl də dərs saatında auditoriyada olmadan jurnal yazılması və tələbələrin qiymətləndirilməsi ilə bağlı məlumatlar dərc edilmişdi. Həmin hadisələrlə bağlı ciddi hüquqi nəticənin olmaması isə kollecdə bu tip halların “adi praktika”ya çevrildiyi barədə iddiaları daha da gücləndirir.

Ortaya çıxan mənzərə belə bir sual yaradır:

– Əgər müəllim tədbirdə iştirak edirsə, tələbələr auditoriyada deyilsə və dərsi əvəz edən başqa müəllim olmayıbsa, bəs jurnal necə doldurulub?
– Qiymətləndirmə hansı əsasla aparılıb?

Müşahidəçilər hesab edir ki, rəhbərlik səviyyəsində cəzasız qalan hallar artıq digər əməkdaşlarda da “məsuliyyətsizlik ənənəsi” formalaşdırıb. İddialara görə, bəzi müəllimlər artıq jurnalı faktiki keçirilən dərsin deyil, formal hesabat vasitəsinin bir hissəsi kimi görürlər.

BNTV.az olaraq qeyd edirik ki, təqdim olunan video görüntülər, jurnal səhifələri və tədbirdə iştirakla bağlı kadrlar məsələni sadəcə iddia müstəvisindən çıxararaq araşdırılması vacib olan faktlar səviyyəsinə qaldırır.

Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin rəhbərliyinin, eləcə də aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Ortaya çıxan görüntülər və sənədlərlə bağlı aşağıdakı suallar açıq qalır:

– Dərs keçirilmədiyi halda jurnal hansı əsasla doldurulub?

– Tələbələrin qiymətləndirilməsi hansı formada aparılıb?

– Dərs saatında tədbirdə iştirak edən müəllim üçün əvəzedici niyə təyin edilməyib?

– Təhsil müəssisəsində akademik sənədlərin bu formada aparılması hansı normativ aktlara uyğundur?

– Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı yoxlamalar zamanı bu faktlar araşdırılacaqmı?

– Elm və Təhsil Nazirliyi kollecdə təkrarlanan bu hallarla bağlı hansı tədbirləri görəcək?

Bakunews.az məsələni diqqətdə saxlayır.

Bakunews.tv

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edir, sizə və doğmalarınıza cansağlığı və xoş günlər arzulayıram!”

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Bu gün Azərbaycanda 9 May - faşizm üzərində qələbənin ildönümüdür.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib.

Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar.

Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib. Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.

Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.

2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir - müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.

Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı



TƏBİB-in icraçı direktoru Anar Bayramov Bakı Baş Səhiyyə Mərkəzində növbəti kadr dəyişikliyi edib. Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini və direktor səlahiyyətlərini icra edən Güllü İbadova vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Güllü İbadova bir neçə il əvvəl Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi olub. Onun Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərlər yayılıb.

Məlumata görə, Güllü İbadova barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb, iş məhkəməyə göndərilmişdi. İddialara əsasən, o, 2017–2020-ci illərdə ştat cədvəllərində saxtakarlıq edərək 17 min manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.

Sonradan onun məhkəmədə bəraət aldığı da yayılan məlumatlar sırasındadır.

Bu söhbətlər isə onun vəzifə irəliləməsinə mane olmayıb. Sabiq TƏBİB sədri Vüqar Qurbanovun dövründə Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin edilmişdi. Daha sonra isə ona qurumun idarə olunması da həvalə olunmuşdu.

Xatırladaq ki, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov da yaxın günlərdə vəzifəsindən azad edilib. Bundan sonra qurumun idarə olunması müvəqqəti olaraq Güllü İbadovaya həvalə edilmişdi. /Bakupost/

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR


2024-cü ilin 5 iyun tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi böyük pafosla bir elan yaydı. Elanda bildirilirdi ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali üçün QHT-lərin “səyyar xidmətləri” layihəsinə başlanılır. Tibbi xidmətlərdən tutmuş psixoloji dəstəyə, fiziki məhdudiyyətli uşaqlarla işdən mina təhlükəsi ilə bağlı maarifləndirməyə qədər geniş fəaliyyətlər vəd olunurdu. Hətta QHT nümayəndələrinin nəqliyyat, qidalanma və gecələmə xərclərinin qarşılanacağı da xüsusi vurğulanırdı.

Kağız üzərində hər şey gözəl görünürdü. Dövlət qurumu özünü həssas qrupların yanında göstərir, Qarabağa qayıdış prosesində “aktiv iştirak” görüntüsü yaradırdı. Amma aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortada nə nəticə var, nə hesabat, nə də ictimaiyyətə təqdim edilən konkret fəaliyyət. Agentliyin rəsmi hesabatlarında belə bu təşəbbüslə bağlı ciddi bir məlumat yoxdur. Nə qədər QHT cəlb edildi? Hansı xidmətlər göstərildi? Hansı kənd və şəhərlərdə fəaliyyət oldu? Neçə şəhid ailəsi, neçə uşaq, neçə köçkün bu xidmətlərdən yararlandı? Bu sualların heç birinə cavab yoxdur.
Bu isə çox ciddi məsələdir. Çünki burada söhbət adi bir layihədən getmir. Burada işğaldan azad olunmuş ərazilərdən, illərlə əziyyət çəkmiş insanlardan, şəhid ailələrindən, həssas qruplardan danışılır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu mövzuları ictimai rəğbət və reklam alətinə çevirməməlidir. Əgər elan verilirsə, nəticə də olmalıdır. Əgər dövlət vəsaiti ayrılırsa, ictimai hesabatlılıq da təmin edilməlidir. Əks halda, bu, sadəcə ucuz PR kampaniyası təsiri bağışlayır.

Ən utancverici məqam isə budur ki, Qarabağ kimi həssas və milli məsuliyyət tələb edən bir mövzu “fəaliyyət görüntüsü” yaratmaq üçün istifadə edilir. İnsanlarda belə təsəvvür yaradılır ki, guya böyük sosial proqram həyata keçirilir, amma sonradan məlum olur ki, ortada nə şəffaflıq var, nə hesabat, nə də nəticə. Dövlət qurumu reklam xarakterli elan yayır, öz media subyektləri bunu tirajlayır, rəsmi saytlar paylaşır, amma 2 ildir məsələ unudulur. Üstəlik, bu Agentliyin ilk belə qalmaqallı və şübhəli təşəbbüsü deyil: 2022-ci ildə də “Heydər Əliyevin Şuşa sevgisi” adlı layihə böyük təqdimatlarla elan edilmişdi. Amma sonradan məlum oldu ki, layihə faktiki olaraq həyata keçirilməyib. Agentliyin icraçı direktoru Aygün Əliyeva 35 min manatlıq tədbiri kağız üzərində icra edilmiş kimi rəsmiləşdirib, daxili hesabatlara isə montaj olunmuş fotolar əlavə edərək maliyyə yoxlaması aparan qurumları məharətlə aldada bilib. Ən dəhşətlisi isə budur ki, ortada ciddi faktlar olduğu halda heç bir ciddi məsuliyyət tədbiri görülmədi. Əksinə, cəzasızlıq mühiti formalaşdırıldı və nəticədə daha böyük layihələrin, daha həssas mövzuların və hətta Ümummilli lider Heydər Əliyevin adının belə PR və saxta hesabat mexanizmlərinə çevrilməsinə şərait yaradıldı.
Bu artıq təkcə səriştəsizlik və ya uğursuz idarəçilik məsələsi deyil. Bu, dövlət resurslarının, milli dəyərlərin və ictimai həssaslığın manipulyasiya predmetinə çevrilməsi barədə çox ciddi suallar yaradır. Qarabağ, şəhid ailələri, məcburi köçkünlər, fiziki məhdudiyyətli uşaqlar və hətta Ulu öndər Heydər Əliyev irsi üzərindən reklam qurmaq, sonra isə ortada heç bir real nəticə təqdim etməmək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün utanc olmalıdır.
Əgər icra edilməyəcəkdisə, niyə elan verilirdi? Dövlət qurumunun əsas vəzifəsi görüntü yaratmaq deyil, real iş görməkdir. Xüsusilə də söhbət həssas qruplardan və Qarabağa qayıdış prosesindən gedirsə... Bu cür yarımçıq və nəticəsiz təşəbbüslər həm dövlət idarəçiliyinə inamı zədələyir, həm də həqiqətən fəaliyyət göstərmək istəyən QHT-lərin nüfuzuna zərbə vurur.
"Yenixeberorg" olaraq xatırladaq ki, daha təhlükəlisi isə budur ki, bu artıq sistemli yanaşmaya bənzəyir. Təmtəraqlı elanlar verilir, emosional və pafoslu mətnlər yazılır, “tarixi proses”, “şanlı qayıdış”, “həssas qruplara xidmət” kimi ifadələr ön plana çıxarılır, amma sonra nəticə görünmür. Dövlət qurumunun fəaliyyəti reklam üzərində qurulmamalıdır. Ortada nəticə yoxdursa, bu cür elanlar ictimaiyyəti aldatmaqdan başqa bir məna daşımır.
Qarabağ mövzusu reklam vitrini olmamalıdır. Şəhid ailələrinin, məcburi köçkünlərin, fiziki məhdudiyyətli uşaqların adı isə heç bir halda PR məqsədilə istifadə olunmamalıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəzifəsi öz rəhbərliyinin imicini formalaşdırmaq deyil, vətəndaşa real xidmət göstərməkdir.(Yenixeberorg.com)



Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi


Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

Həmin hadisədən sonra “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus və iş adamının oğlu Raminin adına verdiyi sözügedən şadlıq sarayının adını dəyişdirilib.

Həmin yoxlamadan sonra ictimaiyyət arasında camış ətini dana əti adı ilə istehlakçılara təqdim restoran kimi tanınan “Ramin-Nur” şadlıq sarayı artıq “Nova Events Hall” adı ilə fəaliyyət göstərir.

Qeyd edək ki, dünən də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m 33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib.

Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb. /Qaynar/


Bir dosentin qərəz macərası: BDU-dan xaricə uzanan yollar


Prezident İlham Əliyev hakimiyyətdə olduğu ilk vaxtlardan başlayaraq özünün çevik və düşünülmüş kadr siyasəti ilə bu stereotipi də aradan götürmüş oldu.


Hər kəsə məlum olduğu kimi, son vaxtlar ölkədə həyata keçirilməkdə olan islahatlar, xüsusən də kadr islahatları sahəsində dinamika daha da artıb. Bir-birinin ardınca nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi yeni düşüncəli, sağlam təfəkkürlü gənclərə etibar olunmaqdadır.
Təbiidir ki, kadrlar yerində olmayanda, problemlərdə arta-arta ciddi narazılıqlar həddinə çatır. Məsələn, Elçin Babayevin BDU-nun rektoru təyin olunduğu vaxtdan cəmi bir neçə il ötüb. Amma Universitetdə söz-söhbətlərin, narazılıqların miqyası durmadan artmaqdadır. Yadınızdadırsa, elə ilk gündən bu təyinatla bağlı icitimai rəy müsbət olmamışdı. Səbəbi də odur ki, seçim düzgün olmayıb.


Axı, BDU ölkənin ən nüfuzlu ali təhsil ocağı olduğundan onun başında hər zaman ölkənin ən tanınmış alimləri – akademiklər, professorlar durub. Bəs, Elçin Babayev kimdir?! Sadəcə orta səviyyəli bir fəlsəfə doktoru. Uzun illərdir ki, akademiya sistemində işləyərək özünə doktorluq dissertasiyası belə yazmaq qabiliyyətində olmayan birisinin ölkənin ən sanballı elm adamlarının cəm olduğu belə bir elm və təhsil ocağına rəhbərlik etməyə nə gücü, nə də haqqı çatır. O, özündən həm yaşca, həm də başca çox-çox üstün olan insanlarla elm və təhsilin aktual problemləri barədə söhbət edə bilərmi?! Əlbəttə yox!


Görəsən, bir il öncə onun rektorluğa təqdimatına zamin duranlar bu amilləri niyə nəzərə almayıblar?! E.Babayevin Universitetə gətirə biləcəyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dönəmdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib. Beləliklə, ötən illər ərzində Abel Məhərrəmovun bərbad günə salmış olduğu BDU Elçin Babayevin gəlişindən sonra daha bərbad vəziyyətə düşüb.


“Balıq başdan iylənər” deyiblər. Rektorun yarıtmaz idarəçiliyi onun tabeçililində olan şəxslərin fəaliyyətində də özünü göstərir. Bəzən bu qüsurlu fəaliyyət korrupsiya sərhədlərini də aşaraq dövlətə və dövlət siyasətinə qarşı yönəlir. Məsələn, Bakı Dövlət Universiteti jurnalustika kafedrasının dosenti Vəfa İsgəndərovanın fəaliyyəti ilə bağlı iddialar ciddi narahatçılıq doğurur. Bununla bağlı Mustafayeva Leyla Rauf qızı mediaya müraciətində ( https://www.linkedin.com/posts/leylamustrauf_media-mediainkiagnafagentliyi-jurnalistika-share-7457868703666294784-wYPn/?utm_source=social_share_send&utm_medium=ios_app&rcm=ACoAADNVjMMBg38pOlF2mCGJAs2-MKW7ewHt7z0 ) ciddi həyacan təbili çalır. Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin məzunu olan Leyla xanım 2020-ci ildən etibarən 18 ay müddətində “Karabakh is Azerbaijan” platformasında fəaliyyət göstərib. Bu dövr ərzində informasiya müstəvisində ölkəmizin maraqlarının müdafiəsi istiqamətində aktiv iştirak edib. O, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində çalışmış, Varşavada keçirilən Demokratiya Forumunda, həmçinin İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak edib. Bir sözlə Leyla Mustafayevanın bütün fəaliyyəti dövlətimizə və vətəndaşlarımıza xidmət istiqamətində olub.


Amma maraqlıdır ki, son dövrlərdə bəzi şəxslər tərəfindən Leyla xanımın işlədiyi mərkəzə, birbaşa onun şəxsi həyatına təsir edə biləcək istiqamətdə addımlar atılmaqdadır. Bu hallar Leyla Mystafayevanın təkcə peşə fəaliyyəti deyil, eyni zamanda şəxsi nüfuzunu və təhlükəsizliyini də narahat edən səviyyəyə çatmışdır. Bu kampaniyanın başında isə birbaşa BDU-nun dosenti Vəfa İsgəndərova durur. Məlumat üçün onu da bildirək ki, Vəfa Aslan İsgəndərova ilə Leyla Mustafayev arasında yaranmış problem konkret müqavilə münasibətlərinə əsaslanır. 2025-ci ildə “Pilgrim Edu” MMC ilə Vəfa İsgəndərov arasında övladı üçün rəsmi müqavilə bağlanmış, xidmətlər tam şəkildə icra olunmuş, “Boost” proqramında iştirakı təmin olunmuşdur. Amma heç bir əsas olmadan sonradan V. İsgəndərova tərəfindən müxtəlif şikayətlər və müraciətlərlə davam etdirilmişdir.


Məsələ Nəsimi rayon 21 saylı Polis Bölməsi tərəfindən araşdırılmış və hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Bunun ardınca Vəfa xanım başqa mübarizə yollarına əl atmışdır ki, bunun da kökündə birbaşa dövlətçiliyə yönəlik fəaliyyət durur. Belə ki, “Pilgrim Edu” MMC və Leyla Mustafayevə qarşı qərəz kampaniyasına “asylum seeker” (siyasi sığınacaq axtaran şəxslər) kimi tanınan bəzi şəxslər də cəlb edilib. Bu prosesə rəhbərlik edən Ruslan Aliyev Vəfa İsgəndərovun xaricdə həyata keçirdiyi fəaliyyətləri sayəsində ölkədən kənar müxalif düşüncəli şəxsləri də işə cəlb edib. Bu məqamda xüsusilə Azərbaycanda yaşayan gənclərlə bağlı göstərilən zərərli təşəbbüslər narahatlıq doğurur. Gənclərin “Müqavimət media” kimi qeyri-rəsmi və mübahisəli platformalara yönləndirilməsi qəbuledilməzdir.


Eyni zamanda Vəfa İsgəndərovanı Leyla xanımın tələbələrindən ibarət qrup yaratmağı və onları koordinasiyalı şəkildə yönləndirməyi əlavə suallar yaradır. Bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi şəkildə müraciət edilib. Bu qədər səlahiyyət və vəzifə həddini aşan şəxsin prezidentin “dəmir yumruq” ifadəsini məsxərəyə qoyması da təəccüblü deyil. Jurnalistika kafedrasının dosenti olaraq fəaliyyət göstərən bir şəxsin elmi və pedoqoji baxımdan daha peşəkar və etik çərçivədə davranması tələb olunur. Xüsusilə “Təhsildə psixologiya” adlı seminarla bağlı digər universitetlərin rəhbərliyi ilə qurulan əlaqələrdə təzyiq xarakterli yanaşmaların olması ciddi suallar doğurur. Ölkənin əsas ali təhsil ocağının dossentinin xaricdə məskunlaşmış müəmmalı siyasi yönlü qruplarla birgə “Pilgrim Edu” MMC əməkdaşlarına və tərəfdaş qurumlara yönəlmiş təzyiq cəhdləri, eləcə də ADNSU-da keçirilmiş seminarla bağlı universitet rəhbərliyinə edilən müraciətlər vəziyyəti daha da həssas edir.


İnanırıq ki, son vaxtlar dövlət orqanlarının birbaşa ölkə Prezidentinin tapşırığı və dəstəyi ilə bu istiqamətdə həyata keçirmiş olduğu qətiyyətli tədbirlər hər kəsə dərs olacaqdır. Öz fəaliyyətində dönüş yarada bilməyənlər əmin olsunlar ki, onların da qapısını tez-gec DTX əməkdaşları döyməli olacaqlar.


Cumhuriyyet.az

Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT


Tovuz Rayon Qoylar kənd sakini Məqsəd Abbasov kanalımıza müraciət edərək bildirir ki, sosial durumu çox ağırdır, heç yerdə işləmir kirayə yaşayır. Şikayətçi deyir ki, Əmək və Əhalinin Sosial Müdafiə Fonduna sosial yardımla bağlı dəfələrlə müraciət etsə də, hər dəfə bir səbəb göstərərək sosial yardım verməkdən imtina ediblər.
Şikayətçi qeyd edir ki, sonuncu dəfə onun işsiz olduğunu əsas gətirib sosial yardım verməkdən imtina ediblər. Vətəndaş deyir ki, icra hakimiyyətinə işlə bağlı müraciət etdiyində isə ona iş olmadığını bildiriblər. İcra başçısından maddi durumunun ağır olduğu üçün yardım istədiyində isə onu dinləmirlər belə.
O, bu laqeyidlikdən bezdiyini, çörək almağa, komunallarını ödəməyə imkanı olmadığı üçün ölkədən getmək istədiyini və xarici ölkələrdən sığınacaq istədiyini qeyd edir. Abbasov aidiyyatı qurumlara müraciət edərək onu işlə təmin etmələrini və ya sosial yardım alması üçün kömək etmələrini xahiş edir...
KANAL13
Daha ətraflı aşağıdakı videoda:

"MSDIS Holding"də böhran: - Vergi borcu 20 milyon manata çatır


Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun miqdarı 19.690.095,04 manat təşkil edir.
Ötən ilin noyabr ayında "MSDIS Holding" MMC-nin 18.129.820,73 manat vergi borcu var idi.
Xatırladaq ki, "MSDIS Holding" 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay oğludur.
Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement” sement istehsal müəssisəsinə, "MS Kabel” kabel istehsalı müəssisəsinə, "MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer” müəssisəsinə, "MS Laminat” şirkətinə və "MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir.
Ötən il "MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində SOCAR brendli YDM-lər fəaliyyətə başlayıb.

Qaynarinfo

“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”


Azərbaycanda dərman preparatlarının satışı ilə məşğul olan “Paşa-K” şirkəti ətrafında dəhşətli faktlar ortaya çıxıb. Şirkətin milyonlarla manatlıq vergi cinayətləri və insan sağlamlığına qəsdi barədə məlumatlı olan bir ailə hazırda açıq şəkildə ölümlə təhdid olunur.

Ölkənin əczaçılıq sektorunda fəaliyyət göstərən “Paşa-K” şirkətində uzun müddət mühasib və satış təmsilçisi kimi çalışmış Babaşovlar ailəsi şok iddialarla çıxış edib. Ailə üzvlərinin bildirdiyinə görə, şirkət rəhbərliyi tərəfindən istifadə müddəti bitmiş dərmanların tarixləri saxtalaşdırılaraq yenidən dövriyyəyə buraxılır. Bu isə birbaşa ölkənin genofonduna və minlərlə vətəndaşın həyatına qəsd deməkdir.

Bununla yanaşı, şirkətdə “qara mühasibatlıq” sxeminin qurulduğu, satışların xüsusi proqramlarla gizlədilərək dövlətdən külli miqdarda vergi yayındırıldığı iddia olunur. Bu qanunsuzluqları ifşa etdikləri üçün ailəlikcə işdən çıxarılan Babaşovlar hazırda “susdurulmaq” üçün ağır təzyiqlərə məruz qalırlar. Artıq 9 aprel 2026-cı il tarixdə ailə başçısına qarşı fiziki hücumun təşkil edildiyi və hədə-qorxuların davam etdiyi bildirilir.

Yaranmış kritik vəziyyətlə bağlı Babaşovlar ailəsi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova rəsmi müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, şirkət direktoru Elxan Rzayev, icraçı Səlahəddin Quliyev, maliyyə direktoru Murad Əhmədov və audit Vüqar Ələsgərovun rəhbərlik etdiyi qanunsuz şəbəkə özlərini qanundan üstün tutaraq şahidləri ölümlə hədələyirlər.

Şikayətçilər cənab Nazirdən bu “dərman mafiyası”nın fəaliyyətinin araşdırılmasını və ailənin təhlükəsizliyinin təmin olunmasını xahiş ediblər:

“Cənab Nazir, biz Azərbaycan polisinin gücünə və Sizin ədalətinizə güvənirik. Dövlətin adından istifadə edib sadə vətəndaşlara zülm edənlərin, xalqın sağlamlığı üzərində qanlı biznes quranların qanun qarşısında cavab vermə vaxtıdır. İnanırıq ki, bu cinayətkar şəbəkənin fəaliyyətinə tezliklə son qoyulacaq.”(Yenicag.az)
Xəbər lenti