Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Ege Hospital” körpənin müayinəsindən imtina etdi: 350 manatım yoxdur, uşağımı öldürürlər….


Sumqayıt şəhər sakini Dostəli Rəhimov Bizimesr.com-a videomüraciət edərək Bakı şəhərində yerləşən “Ege Hospital”dan şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə, 3 aylıq övladı Sumqayıt şəhər Uşaq Xəstəxanasında müayinə olunub və həkimlər tərəfindən sığorta ilə Bakıdakı “Ege Hospital”a Bronxoskopiya müayinəsi üçün göndəriş verilib.

Şikayətçi qeyd edir ki, Sumqayıtda ona bu müayinənin sığorta çərçivəsində tam ödənişsiz aparılacağı bildirilib. Dostəli Rəhimovun sözlərinə görə, o, övladını “Ege Hospital”a apardıqdan sonra onu qəbul edən həkim Ləman Abdıyeva müayinə üçün 350 manat ödəniş tələb edib.

Vətəndaş sığorta ilə göndərişlə gəldiyini izah etsə də, ona ödənişin mütləq şəkildə edilməli olduğu bildirilib.

Şikayətçi deyir ki, maddi imkanı olmadığı üçün ödənişi edə bilməyib və nəticədə uşağı müayinə etdirmədən geri qayıtmağa məcbur olub. Hazırda 3 aylıq körpənin Sumqayıt Uşaq Xəstəxanasında müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilir.

Dostəli Rəhimov məsələ ilə bağlı sığorta qaynar xətti olan 1542-yə müraciət etdiyini və ona heç bir ödəniş edilməməli olduğu barədə məlumat verildiyini qeyd edir. Şikayətçinin sözlərinə görə, 350 manat ödəniş etmədiyi üçün “uşaq Bronxoskopiya üçün uyğun deyil” cavabı yazılıb.

O, bu vəziyyətin ciddi suallar doğurduğunu bildirərək qeyd edir ki, bir tərəfdən həkimlər müayinənin vacib olduğunu deyir, digər tərəfdən isə ödəniş edilmədiyi üçün uyğun olmadığı göstərilir. Dostəli Rəhimov iddia edir ki, maddi imkanı olmadığı üçün övladına tibbi xidmət göstərilməməsi onu ciddi çətin vəziyyətdə qoyub. O, hətta emosional şəkildə “pulum yoxdur, körpə uşağımı öldürürlər” kimi fikirlər səsləndirib.

Bu hadisə sığorta sistemi ilə işləyən özəl tibb müəssisələrində xidmətlərin tətbiqi ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı “Ege Hospital”ın və adı çəkilən həkim Ləman Abdıyevanın fikirlərini öyrənməyə çalışdıq. Hospitaldan sualları dinləyib cavab veriləcəyini bildirsələr də, heç bir rəsmi mövqe açıqlanmayıb. Həkim Ləman Abdıyevanın köməkçisi isə həkimin məşğul olduğunu bildirib.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, “Ege Hospital”ın direktoru Barat Yusifovdur. B.Yusifov bu günlərdə “Yeni Klinika”nın direktoru postundan uzaqlaşdırılıb.Bizimesr.com

Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun öz yerinə kadr hazırladığı iddia olunur.


Bizimesr.com-a daxil olan məlumatlara görə, paytaxt meri postuna gətirilməsi planlaşdırılan şəxs hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olan Elgin Həbibullayevdir.


İddialara əsasən, Eldar Əzizov uzun illərdir Elgin Həbibullayevi addım-addım irəli çəkərək onu Bakı meri postuna hazırlayır. Həbibullayevin siyasi və idarəçilik karyerasının bütün əsas mərhələləri məhz Eldar Əzizovun nəzarəti və dəstəyi ilə formalaşıb.


Belə ki, Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Elgin Həbibullayev 2012–2015-ci illərdə onun müavini vəzifəsində çalışıb. Daha sonra Əzizov Bakıya təyinat aldıqdan sonra Həbibullayevi də özü ilə paytaxta gətirib. O, 2018–2022-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri postunda fəaliyyət göstərib.


Mənbələr bildirir ki, Eldar Əzizov hara təyin olunubsa, Elgin Həbibullayevi də yanında önəmli vəzifələrə gətirib və onu özünün ən yaxın kadrlarından biri kimi qoruyub.


İddialara görə, son dövrlər Bakıda baş verən subasma problemləri və digər qalmaqallı məsələlər zamanı Nərimanov rayonunun adının mediada xüsusi şəkildə arxa planda saxlanılması da təsadüfi deyil. Bildirilir ki, rayonla bağlı məsələlərin birbaşa Eldar Əzizov tərəfindən nəzarətə götürülməsi və müəyyən media resurslarında Elgin Həbibullayevin müdafiə olunması prosesi koordinasiyalı şəkildə həyata keçirilir.


Məlumata görə, yaxın aylarda Eldar Əzizovun vəzifədən uzaqlaşdırılması gözlənilir. İddia olunur ki, o, postunu özünə ən yaxın kadr hesab etdiyi Elgin Həbibullayevə təhvil vermək üçün ciddi fəaliyyət aparır.


Bizimesr.com

“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...


“Kristal Abşeron” şirkətinin inşa etdiyi yaşayış kompleksləri ilə bağlı ciddi iddialar mövcuddur.

Məlumata görə inhisarçı şirkətin inşa etdiyi binaların keyfiyyəti ilə bağlı mübahisələr həmişə aktual olub. Xüsusilə də binaların zəlzələyə davamlılıq göstəriciləri, eləcə də keyfiyyətli tikinti materiallarından istifadə edilməsinə dair şübhələr vətəndaşları həmişə maraqlandıran məsələlər sırasında olub. Buna baxmayaraq, vətəndaşlara real dəyərindən dəfələrlə baha qiymətə təqdim edilən mənzillərin yerləşdiyi binalarla bağlı ictimai inam mövcud deyil. Sadəcə olaraq, alternativlərin yoxluğu və ya azlığı vətəndaşları “Kristal Abşeron”a üz tutmağa vadar edir. Şirkətin fəaliyyətində şəhərsalma və tikinti normativlərinin pozulması, eləcə də mənzil idarəçiliyi ilə bağlı narazılıqlar isə durmadan artmaqdadır. Bəzi yaşayış komplekslərində avtomobil yolları, piyada səkiləri və yol çiyinlərinin istifadəsi ilə bağlı qaydalara əməl olunmayıb. Müəyyən ərazilərdə qeyri-qanuni parklanma və yol sahələrinin məhdudlaşdırılması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranır. Bu vəziyyətin bəzi hallarda yolun hərəkət hissəsinin bir neçə zolağının zəbt olunmasına qədər gətirib çıxardığı qeyd olunur. Mənzil idarəçiliyi ilə bağlı irəli sürülən iddialara əsasən, kommunal ödənişlərin toplanması və xərclənməsi üzrə şəffaf hesabatlılıq məsələləri də sual doğurur.

Xatırladaq ki, “Kristal Abşeron”un faktiki sahibi Milli Məclisin deputatı Ağalar Vəliyevdir.

SAVASHMEDİA.az

SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!


“Neftqaztikinti” trestinin işçiləri adından "DİA-AZ"a daxil olan müraciətdə SOCAR Prezidenti Rövşən Nəcəfə “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevdən şikayət olunur. Narazı işçilər bildirir ki, elə birbaşa olaraq Qağaməli müəllimin rəhbərliyi altında bu qurumda Əmək Məcəlləsinin bütün maddələri pozulur. Amma kimsə buna baxmır.

Müraciətdə daha sonra bildirilir: "Bu qurumda peşəkarlıq yalnız 12-ci dərəcəyə və yuxarı dərəcələrə verilir. 25- 30 il stajı, təcrübəsi olan işçilər də var ki, bu işdə canlarını qoyublar. Amma kimsə tərəfindən dəyərləndirilmir.

Gərək, Qağaməlinin adamı və yaxud da adamının adamı olasan... Dəniz şəraitdə işləyənlər və dərəcəsi 12-də aşağı olanlar peşəkarlıq imtiyazlarından məhrumdurlar. Olmazmı ki, bu imtiyazları staja görə versinlər... Bu ədalətsizlik deyilmi?"

Qeyd edək ki, işçilər bütün bunlarla yanaşı Rövşən Nəcəfə xitab edərək Qağaməli Seyfullayevin vəzifəsindən alınmasını da xahiş ediblər: "Əksər SOCAR qurumlarında islahat getsə də ... buralar unuduldu..."

Məsələyə qayıdacağıq. Bizi izləməyə davam edin...

Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ


Füzulinin inzibati ərazisi: 2 şəhər, 16 qəsəbə, 80 kənd - SİYAHI

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəziFiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə Mətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müqavilə bağlayıb. 06.05.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında Bir mənbədən olmaqla bağlanan müqavilənin dəyəri 7500 AZN-dir...

Bu istiqamətdə Füzulidəki oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə yuxarıda qeyd etdiyimiz kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzimüvafiq satınalma müsabiqəsi elan etmədən, bir mənbədən olmaqla Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlayıb.

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur:Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəzininMətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzitərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Söhbət hansı ərzaq məhsullarından gedir?

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə seçilib? Və s...

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə bağlı...

Bu şəxslə bağlı internet üzərindən apardığımız araşdırmalarla maraqlı faktlar üzə çıxdı:

Məlum oldu ki, adam elə ötən ay Azərbaycan Tibb Universiteti ilə də 4200 AZN-lik müqavilə bağlayıb. Bu müqavilə ilə universitet qarşı tərəfdən 60 ədəd dovşan, 1500 ədəd qurbağa alacaq...

Bu hələ harasıdır, sən demə Məmmədov Cavanşir Cahangir oğlu Fiziki Şəxs olmaqla bərabər həm də, “ANTİK GROUP C” Məhdud Məsuliyyətli Cəmiyyətin Qanuni təmsilçisidir(?) Xatırladaq ki, bu MMC-nin hüquqi ünvanı AZ4900, Saatlı rayonu, Əlisultanlı kəndidir. 7 may 2025-ci ildə dövlət qeydiyyatına alınan bu MMC-nin nizamnamə kapitalı isə 10 manatdır.
Göründüyü kimi, Məmmədov Cavanşir Cahangir oğlunun adı təkrar olunan bir sıra maliyyə əməliyyatlarında şübhə doğurmaqla, müəyyən araşdırmaları da zəruri edir...
Adı müxtəlif-bir-biri ilə uymayan malların təchizatçısı kimi hallanan bu şəxslə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq da mümükün deyil?) Heç bir əlaqə vasitəsinin olmaması faktı da dövlət vəsaitinin belə bir şəxsə etibar edildiyinə ciddi şübhələri stimullaşdırır...


Dəxilsiz, təhdid qoxulu "cavablar"...

Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru cənab Zülfüqar Əliyevəonline rəsmi sorğu ünvanladıq...

Aydın və azsaylı suallarımız isə belə idi:

1. Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilibmi? Əgər belə deyilsə, bu satınalmada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci və 49-cu maddələrinin tələblərinə nə dərəcədə əməl edilib və bir mənbədən satınalma hansı zərurətdən olub?

2. Əgər satıalma elan olunubsa, satınalma komissiyasında neçə nümayəndəniz olub, kimlərdir və sədr kimdir?

3. Müsabiqədə neçə iddiaçı iştirak edib, hansılardır və Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə qalib olub?

4. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
5. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun son birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı (Vergi borcu ilə bağlı.) və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

6. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

***
Təəssüf ki, sorğumuzda yer alan suallara aydınlıq gətirilmədi...Həm də nəinki suallarımız cavabsız qaldı, bizimlə telefon danışığında hörmətli direktor “nə istəyirsiniz yazın, getsin” kimi yumşaq desək anlaşılmaz ifadələrə üstünlük verdi(?)

(Baxmayaraq ki, sorğumuzda böyük ferma və restoranların qoxusu hiss olunmurdu. Bu haqda qarşıdakı günlərdə...Red.)

Mərkəzin baş mühasibi hörmətli Hörmət Səfərov isə direktorundan da irəli gedərək, sorğumuzdakı sualları “unudub da” dəxilsiz, bir az da təhdidi qoxulu “cavablara" üstünlük verdi(?)

Dövşan, qurbağa satan bir kimsədən mətbəə və dəftərxana–təsərrüfat malları alan tərəfdən bu sayaq cavablar təəssüf doğursa da, təəccüblü olmadı...

Hörmətlə xatırlatma...

Əvvəla, hörmətli direktora və baş mühasibə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)
Facebook-da paylaş

Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO


Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində sakinlər acınacaqlı vəziyyətlə üzləşiblər.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Albalılıq bağları massivi, Rauf Hacıyev küçəsi, 7-ci döngədən gedir.

Sakinlərin sözlərinə görə, uzun müddətdir davam edən kanalizasiya problemi səbəbindən küçələr çömçəquyruqların və digər su canlılarının məskəninə çevrilib.

Onlar bildiriblər ki, məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Vəziyyət o qədər ağırlaşıb ki, bəzi ailələr evlərini su basdığı üçün ərazini tərk etmək məcburiyyətində qalıblar. Köçə bilməyən sakinlər isə hər gün antisanitar şəraitdə hərəkət etməli olurlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, mərkəzləşdirilmiş tullantı su şəbəkəsi olmayan ərazilərlə bağlı müvafiq layihə sənədləri artıq hazırlanıb.

Qurumdan qeyd olunub ki, şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Həmçinin vurğulanıb ki, fevral ayından etibarən su və kanalizasiya sisteminə qoşulmaq üçün yeni qaydalar qüvvəyə minib.

Bu sistemə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN xidmət" və ya "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı


Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarı yanan “Bakı Logistika Mərkəzi” ölkənin iri yükdaşıma və anbar komplekslərindən biri hesab olunur.

Mərkəz “Meyvəli” bazar kompleksinin ərazisində fəaliyyət göstərir və logistika, saxlanma, idxal-ixrac əməliyyatları üçün istifadə olunur.

Rəsmi sənədlərdə “Bakı Logistika Mərkəzi” ayrıca fiziki şəxsə məxsus obyekt kimi deyil, “Meyvəli” MMC ilə əlaqəli struktur kimi qeyd edilir. Müəssisənin idarəçiliyi müxtəlif dövrlərdə icraçı şəxslər tərəfindən həyata keçirilib. Açıq mənbələrdə “Meyvəli” MMC-nin qanuni təmsilçiləri sırasında Rəşad Abbasovun da adı yer alıb.

Mərkəz dövlət dəstəyi ilə həyata keçirilən iri logistika layihələrindən biri kimi təqdim olunur. Layihənin formalaşdırılması və inkişafında İqtisadiyyat Nazirliyinin iştirak etdiyi, dövlət-özəl tərəfdaşlığı modelinə uyğun fəaliyyət göstərdiyi bildirilir.

“Bakı Logistika Mərkəzi” beynəlxalq nəqliyyat marşrutları baxımından da strateji mövqedə yerləşir. Buradan Avropa, Rusiya, İran, Fars körfəzi və Hindistan istiqamətlərində yük daşımalarının həyata keçirilir.

Qeyd edək ki, mayın 12-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.

Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub. İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur. Yanğın nəzarət altına alınıb.

Aktualinfo xatırladır ki, ümumi ərazisi 35 ha olan «Meyvəli» – meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulub. “Meyvəli” MMC-nin direktoru hazırda Əbülfət Novruz oğlu Qocayevdir. O, Prezident İlham Əliyevin 02 Sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. 2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ləğv edilərək, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC yaradılıb.

Qeyd edək ki, mətbuatda Əbülfət Qocayevin yüksək çinli dövlət məmurlarından biri ilə qohum olduğu barədə məlumatlar yayılıb və bugünə kimi təkzib olunmayıb.(“Yeni Sabah”)

AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...


Son illər Bakının nəqliyyat mənzərəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “islahat” xarakterli addımları ilə kökündən dəyişməyə başlayıb. Lakin bu dəyişikliklərin cəmiyyətdə yaratdığı rezonans göstərir ki, kağız üzərindəki rəqəmlərlə küçədəki reallıq arasında ciddi uçurum var. Prosesləri analiz etdikdə görürük ki, qurumun fəaliyyətində alternativsiz məhdudiyyət prinsipi üstünlük təşkil edir.

Parklanma varlanmaya xidmət edir?

Bakının mərkəzində tətbiq edilən yeni parklanma siyasəti şəhərin yükünü azaltmaq məqsədi güdsə də, bu, daha çox sürücülərin büdcəsinə zərbə vuran bir mexanizmə çevrilib. Dünyanın inkişaf etmiş şəhərlərində mərkəzi zonada parklanma bir qədər baha olsa da, şəhər kənarlarında “Park et və get” tipli geniş, ucuz dayanacaqlar fəaliyyət göstərir. Sürücü maşınını orada qoyub rahatlıqla sürətli qatara və ya metroya minə bilir. Bakıda isə AYNA mərkəzi zonalarda qiymətləri olduqca yüksək etməklə yanaşı, sürücüyə şəhər kənarında avtomobilini təhlükəsiz və “cibinə uyğun” qoyub mərkəzə keçə biləcəyi heç bir infrastruktur təklif etməyib – nə dayanacaqlar, nə sürətli ictimai nəqliyyat. Bu da prosesin nəqliyyatı tənzimləməkdən çox, sadəcə yığıma xidmət etdiyi təəssüratını yaradır.

Avtobus zolaqları da xarüqələr yaratmadı…

Şəhərin əsas prospektlərində çəkilən avtobus zolaqları AYNA-nın ən çox fəxrlə ictimaiyyətə təqdim etdiyi, loru dillə desək, öyündüyü layihədir. Lakin məsələ ondadır ki, zolaqlar çəkildikcə sərnişinlərin narazılığı azalmır, əksinə artır. Avropada, xüsusən Londonda bu sistem tətbiq olunanda avtobus parkı 100% yenilənmişdi və saniyəlik dəqiqliklə işləyən cədvəl tərtib edilmişdi. Bakıda isə zolaq boşdur, amma sərnişin 20 dəqiqə avtobus gözləyir. Nəticədə fərdi avtomobillər üçün yol daralır, tıxac daha da kəskinləşir. Yəni AYNA yolu avtobus üçün ayırsa da, həmin yolun içini dolduracaq keyfiyyətli xidməti təmin edə bilmir.

Taksiləri yoxa çıxaran “islahat”

Taksi bazarına tətbiq edilən “rəng və il” məhdudiyyətləri təhlükəsizlik üçün olduqca vacibdir. Lakin AYNA-nın burada da yarıtmazlığı özünü göstərir. Belə ki, taksi islahatlarının icra forması bazar iqtisadiyyatının qanunları ilə ziddiyyət təşkil edir. Süni şəkildə taksi sayının azaldılması birbaşa qiymət artımına gətirib çıxardı. Bu isə o deməkdir ki, avtobusa minə bilməyən, metrosu olmayan ərazilərdə yaşayan vətəndaş artıq taksi xidmətindən də istifadə edə bilmir. Cəmiyyətin ən aşağı gəlirli təbəqəsi üçün nəqliyyat əlçatanlığı kəskin pisləşib. AYNA-nın bu islahatı taksi xidmətini “lüks”ə çevirsə də, buna paralel olaraq digər nəqliyyat vasitələrini (məsələn, metronu) daha əlçatan etməyib.

Qurumun kommunikasiya və şəffaflıq boşluğu

Bəlkə də ən vacib məqam AYNA-nın cəmiyyətlə və ekspertlərlə qurduğu dialoqdur. Hazırda qurum “mən belə qərara gəldim, sən də əməl et” yanaşması ilə işləyir. Parklanmadan və cərimələrdən yığılan milyonlarla vəsaitin hara, hansı konkret nəqliyyat həllinə xərcləndiyi barədə şəffaf hesabat verilmir. Nəqliyyat sistemində islahat o zaman uğurlu sayılır ki, vətəndaş onun faydasını evindən çıxan kimi hiss etsin: keyfiyyətli nəqliyyatla təmin olunmaqla və vaxtına qənaət etməklə. Lakin biz hələ ki, yalnız itirilən vaxtımızın və xərclənən pullarımızın arxasınca baxırıq.

Bir sözlə, AYNA-nın islahatları “məhdudiyyət var, amma alternativ yoxdur” düsturu ilə davam edir. Cənablar, şəhəri maşınlardan təmizləmək istəyirsinizsə, öncə daha sürətli, daha təmiz və daha ucuz bir nəqliyyat sistemi yaratmalısınız. Əks halda, edilən hər bir dəyişiklik paytaxt sakinlərinin həyatını asanlaşdırmaq yox, daha da mürəkkəbləşdirməkdən başqa bir işə yaramayacaq.

AFN.az

“690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT


“Mərkəzi klinikada anamı ürək MRT müayinəsinə apardım. Bunun üçün 690 manat ödəniş etməyimizə baxmayaraq, müayinəni həkim deyil, onun köməkçisi etdi”.
Bu şikayətlə Bakupost.az-a adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Şikayətçi bildirir ki, aprelin 28-də anasını kardioloji müayinə üçün kardioloq Firdovsi İbrahimovun qəbuluna aparıb. Onun sözlərinə görə, kifayət qədər yüksək məbləğdə ödəniş etsələr də, göstərilən xidmət onları qane etməyib:
“Keyfiyyətə nəzarət şöbəsinin müdiri Xumar xanımla da danışdım. O dedi ki, 690 manatın 500 manatı Firdovsi doktorun "xüsusi xidməti" üçün nəzərdə tutulub. Anlamıram, bu xüsusi xidmət nədən ibarətdir? Çünki biz həkimin qəbuluna ayrıca 60 manat ödəmişik, amma o, anamı iki dəqiqə belə müayinə etməyib.
Səhər saat 08:00-dan növbə götürmüşdük. Klinikada hər yerdə kameralar var. Həkimin özü orada olmayıb, köməkçisi aparat vasitəsilə anamın ürəyini dinləyib. Həmin şəxs özünü təqdim etməyib. Resepti də o yazıb, həkim yox.
Firdovsi doktor isə yalnız saat 11:00-da gəldi, sənədlərə baxdı və təcili anju olunmalıdır dedi. 60 manatı bu xidmətə görə ödəmişik”.
Şikayətçi qeyd edir ki, əvvəlcədən müayinənin bu şəkildə aparılacağı bildirilsəydi, həmin həkimi seçməzdi:
“Əvvəlcədən desəydilər ki, müayinəni həkimin komandası aparır, mən bu ödənişi etməzdim və başqa həkimə müraciət edərdim. Firdovsi doktor ölkədə yeganə kardioloq deyil”.
Vətəndaş klinika personalının pasiyentlərlə davranışından da şikayətçidir. Onun sözlərinə görə, əməkdaşlar kobud və laqeyd davranır, həmçinin gigiyenik qaydalara əməl olunmur:
“Təcili xəstələrə üstünlük verilməsi başa düşüləndir. Amma biz gördük ki, təcili olmayan pasiyentlər də növbədənkənar MRT müayinəsinə yönləndirilir. Palatada istifadə olunan termometr isə sterilizasiya edilmədən bir pasiyentdən digərinə verilir".
Şikayətçi əlavə edir ki, ona ödənişlərin ƏDV qəbzləri də təqdim olunmayıb:
“Direktor müavini ilə danışdım, çekləri göstərdim. Mənə bildirdi ki, ƏDV qəbzləri dərhal verilmir. Etiraz etdim və bildirdim ki, ödəniş edilirsə, qəbz də dərhal təqdim olunmalıdır. Hətta İqtisadiyyat Nazirliyinin “195-1” çağrı mərkəzinə zəng etməyi təklif etdim, amma razılaşmadılar.
Ümumilikdə min manata yaxın ödəniş etmişik, lakin heç bir ƏDV qəbzi verilməyib. Bu, ciddi qanun pozuntusudur.
Pasiyentin sağlamlığı və hüquqları hər şeydən üstün olmalıdır. Bu cür halların araşdırılması və məsul şəxslər barədə tədbir görülməsi vacibdir”.
Məsələ ilə bağlı Mərkəzi Klinikanın mətbuat xidmətinin rəhbəri Elşən Şükürov Bakupost.az-ın sorğusuna cavab olaraq bildirib ki, pasiyentin şikayəti araşdırılıb və iddialar öz təsdiqini tapmayıb.


Bakupost.az

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlər zamanı 8 dil üzrə sinxron tərcümə təmin ediləcək.

Bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Xəbər lenti