Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT


Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitunun böyük elmi işçisi Dağbəyi Allahverdiyev və qardaşı oğlu Allverdiyev Tural Nazim oğlundan şikayət var.

AzFakt.com-a müraciət edən vətəndaş bildirir ki, 2025-ci ilin mart ayında tanış olduğu Allahverdiyev Tural Nazim oğluna inanaraq işə düzəlməsi üçün 25 min manat pul verib. Şikayətçi qeyd edir ki, Tural Allahverdiyev iş məsələsini əmisi,

İqtisadiyyat İnstitunun böyük elmi işçisi Dağbəyi Allahverdiyevin həll edəcəyi sözünü verərək onu inandırıb.

Ancaq bir müddət sonra aldadıldığını bilən vətəndaş pulu geri istəsə də, ala bilməyib. İki ay öncə Dağbəyi Allahverdiyev məsələ ilə bağlı onunla görüşərək alınan pulun geri qaytarılacağı barədə sözünü versə də, bu müddət ərzində Tural Allahverdiyev ona cəmi 2 min manat qaytarıb. (AzFakt.com)

Yazıda adı keçən şəxslərin mövqeyni dərc etməyə hazırıq.

Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi


Bakının Yasamal rayonunda həyata keçirilən iri tikinti layihəsi ilə bağlı məhkəmə çəkişməsi başlayıb.

Gununsesi.info xəbər verir ki, “Lux Residence” MMC Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 38 ünvanında yaşayan Məmmədov Gündüz Əbülfəz oğlunun yaşadığı evin boşaldılması və sökülməsi barədə iddia qaldırıb.

İddia ərizəsində qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 2020-ci il tarixli, 164 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4,20 hektar torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “Lux Residence” MMC-yə icazə verilib.

Həmin sərəncamın 1-ci maddəsinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitlərin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi qanunvericiliyə uyğun olaraq şirkət tərəfindən həyata keçirilməlidir.

Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə bildirib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən 28 aprel 2020-ci il tarixində əraziyə baxış keçirilib və həmin ərazidə yerləşən yaşayış evlərinin ciddi qəzalı vəziyyətdə olduğu müəyyən edilib.

Ekspert rəyində isə göstərilib ki, yaşayış evləri uzun müddət təmirsiz istifadə olunduğundan köhnəlib və fiziki aşınmaya məruz qalıb. Yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və ikitərəfli çatlar yaranıb. Torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarda isə suvaq qatlarının və hörgü məhlullarının aşınması müşahidə olunub. Evlərin əksəriyyətində ağac materialından olan qapı və pəncərələr köhnəlib. Dam örtüklərinin uzun müddət təmirsiz qalması nəticəsində atmosfer suları tikililərin daxilinə sızaraq tavan və divarlarda rütubət izləri yaradıb.

Bundan başqa, bəzi tikililərin ağac konstruksiyalı döşəmə və tavan hissələrinin çürüyərək deformasiyaya uğradığı bildirilib. Elektrik, su və kanalizasiya sistemlərinin köhnəldiyi və yararsız vəziyyətə düşdüyü qeyd olunub. Rəyə əsasən, daxili həyətlərdə sakinlər tərəfindən tikinti norma və qaydalarına əməl olunmadan əlavə tikililər inşa edilib. Bu artırmaların metal borular və mövcud daş hörgülər üzərində müxtəlif tikinti materiallarından istifadə edilməklə həyata keçirildiyi, nəticədə evlərin əlavə yüklənməsinə səbəb olduğu və tikililərin fəza sərtliyini zəiflədərək xüsusilə zəlzələ təhlükəsi baxımından faciəvi nəticələr yarada biləcəyi vurğulanıb.

Ekspertiza sənədində həmçinin qeyd olunub ki, həmin yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir və memarlıq baxımından heç bir tarixi əhəmiyyət daşımır.

İddia ərizəsində göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 29 aprel 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair 31 avqust 2020-ci il tarixli, 1603 saylı icarə müqaviləsi bağlanıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 oktyabr 2020-ci il tarixli, 30 nömrəli sərəncamından çıxarışa əsasən, həmin ərazidə “Lux Residence” MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14, 16 və 20 mərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilib. Ardınca Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 dekabr 2022-ci il tarixli, Tİ-133/22 nömrəli qərarı ilə ərazidə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə rəsmi icazə verilib.

Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə vurğulayıb ki, sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, əvvəlki yaşayış sahələrindən daha böyük olmaqla təmirli mənzillər təklif olunur. Eyni zamanda sakinlərin köçürülməsi üçün yük avtomobilləri ayrıldığı, yeni tikiləcək mənzillər təhvil verilənədək isə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları ödənildiyi qeyd olunub.

“Lux Residence” MMC bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından irəli gələn öhdəlikləri vicdanla icra edir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər verir, sökülmüş evlərin sahiblərinin hüquqlarına hörmətlə yanaşır və sakinlərin bərabər mənafelərinin qorunmasına çalışır.

İddia ərizəsində qeyd olunub ki, Yasamal rayonu ərazisində yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanıb. Şirkət həmin sakinlərə yeni mənzillər tikilərək verilməsi barədə öhdəlik götürüb və prosesin təhlükəli vəziyyət nəzərə alınaraq təxirə salınmadan davam etdirildiyini bildirib.

MMC məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edib ki, ayrılmış torpaq sahəsində onlarla mülkiyyətçi ilə razılıq əldə olunub, sakinlər köçürülüb və tikilməli olan yeni binaların əksəriyyəti artıq tamamlanıb. Lakin bəzi sakinlərlə razılaşma əldə edilmədiyindən layihə üzrə nəzərdə tutulan bəzi binaların tikintisinə başlamaq mümkün olmayıb.

Şirkətin bildirdiyinə görə, ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə söküntü və yeni mənzillə təmin edilmə barədə müqavilələr bağlanıb. “Lux Residence” MMC həmin sakinlərə müasir standartlara və şəhərin memarlıq üslubuna uyğun yeni binalarda təmirli mənzillər təqdim etməyi və həmin müddətdə aylıq kirayə haqları ödəməyi öhdəsinə götürüb.

İddia ərizəsində qeyd edilir ki, digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 38 ünvanında yerləşən evin sahibi Məmmədov Gündüz Əbülfəz oğlu ilə də danışıqlar aparılıb. Lakin şirkətin iddiasına görə, cavabdeh “əsassız tələblər” irəli sürdüyündən tərəflər arasında razılıq əldə olunmayıb.

Şirkət bildirir ki, cavabdehə digər sakinlərlə eyni şərtlərlə təklif verilib. Belə ki, Məmmədov Gündüz Əbülfəz oğluna faktiki sahəsi 54,92 kvadratmetr olan evin əvəzində yeni tikiləcək binanın 10-cu blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 67 kvadratmetr olan təmirli mənzil, həmin mənzil təhvil verilənədək isə aylıq 600 manat kirayə haqqı təklif olunub. Bundan əlavə, alternativ olaraq kompensasiya variantının da təqdim edildiyi qeyd olunub.

İddiaçı tərəf hesab edir ki, qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq ilk növbədə sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Şirkət bildirir ki, digər sakinlərlə razılıq əldə olunduğu halda cavabdehin “əsassız tələblərlə” prosesə mane olması həm digər sakinlərin hüquqlarını pozur, həm də layihənin icrasını ləngidir.

MMC iddia edir ki, cavabdeh öz hüquqlarından sui-istifadə edir və nəticədə şirkətin fəaliyyətinə külli miqdarda ziyan vurur, eyni zamanda onlarla insanın mənzil hüquqlarının həyata keçirilməsinə mane olur.

İddia ərizəsində həmçinin geniş hüquqi əsaslandırma yer alıb. Şirkət Konstitusiyanın 13-cü maddəsinə istinad edərək bildirib ki, mülkiyyət hüququ dövlət tərəfindən qorunsa da, bu hüquq mütləq deyil və müəyyən hallarda məhdudlaşdırıla bilər. Sənəddə qeyd olunub ki, mülkiyyət hüququnun məhdudlaşdırılması başqa şəxslərin hüquqlarının müdafiəsi məqsədi daşımalı, qanunauyğun və mütənasib olmalıdır.

Şirkət Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarına istinad edərək vurğulayıb ki, dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar müəyyən hallarda mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilər. İddia ərizəsində qeyd olunub ki, belə hallarda əsas məqsəd vətəndaşların təhlükəsizliyinin təmin olunması və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.

“Lux Residence” MMC həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə istinad edərək qeyd edib ki, hüquqdan yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə istifadə edilməsinə yol verilmir. Şirkət Mülki Məcəllənin 152.5, 152.6, 560.1, 560.2 və 560.3-cü maddələrini də göstərərək bildirib ki, hüquqdan sui-istifadə yolverilməzdir və bu əsas üzərində həyata keçirilən hərəkətlər etibarsız hesab olunur.

İddia ərizəsində Konstitusiya Məhkəməsinin “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativi ilə bağlı qərarına da istinad olunub. Həmin qərarda qeyd edilir ki, bəzi hallarda mülkiyyətçilərin bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələbləri şəhərsalma layihələrinin həyata keçirilməsini çətinləşdirir, digər mülkiyyətçilərin hüquqlarını pozur və tikinti prosesinin əsassız uzanmasına səbəb olur.

Şirkət Avropa Birliyinin Ədalət Məhkəməsinin “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə qərarına da istinad edib. Həmin qərarda qeyd olunur ki, şəxs ona verilən hüquqdan qanunvericinin nəzərdə tutduğu məqsədə zidd şəkildə istifadə edərək başqalarına zərər vurmaq və qeyri-bərabər üstünlük əldə etmək istəyirsə, bu hüquqdan sui-istifadə hesab edilir.

Sonda “Lux Residence” MMC məhkəmədən iddianın təmin olunmasını, Məmmədov Gündüz Əbülfəz oğlunun Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 38 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 54,92 kvadratmetrlik evinin boşaldılaraq söküntü üçün şirkətə təhvil verilməsini istəyib.

Şirkət həmçinin məhkəmədən cavabdehin yeni tikiləcək binanın 10-cu blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 67 kvadratmetr olan təmirli mənzillə təmin olunması, həmin mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay ərzində təhvil verilməsi və ev şirkətə təhvil verilən gündən başlayaraq yeni mənzil təqdim edilənədək hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Məsələ ilə bağlı sözügedən işin vəkili də saytımıza açıqlama verib.

O bildirir ki, dövlət reysterindən çıxarılmış sənədlər var, fərdi yaşayış evləridir. Bu fərdi yaşayış evlərinin də hər birinin ayrı-ayrılıqda yaşayış sahəsi olur. Biri var, yaşayış sahəsi, biri var, həyatyanı sahəsi. Ancaq ondan da məhrum olublar. Konpensasiyasını qarşı tərəfə ödəmək istəmirlər. Bir sözlə, vətəndaşa istədiyi, haqqı olan pulu vermirlər, həyatyanı sahəni də nəzərə almırlar. Bu da onun konstitusion hüquqlarını pozur.

Gununsesi.info

Bakıxanov qəsəbəsində ağaclar kəsilib? Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….


Sabunçu rayonunda daha bir qanunsuz tikinti aparıldığı iddia olunur. XALQ daxil olan məlumata görə, rayonun Əhmədbəy Ağayev küçəsində həyata keçirilən tikinti işləri zamanı 3 ağacın kəsildiyi iddia olunur.

Sözügedən obyektin sahibinin Hacı Rasim Nəbiyev olduğu iddia edilir. Bildirilir ki, Rasim Nəbiyev Bakixanov Çörək Zavodu və “Möcüzə” marketlər şəbəkəsinin sahibidir.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb. Tikintinin qanuni əsaslarla aparılıb-aparılmadığı və ağacların kəsilməsi ilə bağlı rəsmi araşdırmanın olub-olmadığı məlum deyil.

Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Sabunçu rayonu hansı məmurun icazə verdiyi müəmmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adları keçənlərin və aidiyyatı qurumların münasibətini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://xalq.online/bakixanov-qesebesinde-agaclar-kesilib-haci-rasim-nebiyevin-qanunsuz-obyekt-tikintisi

Qeyd edək ki, 2012-ci ildən Sabunçu rayonu icra Hakimiyyətinin başçısı Adil Vəliyevdir

“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?


Mərkəzi Bank artıq xeyli müddətdir ki, Azərbaycanda müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edir.

Şikayət indeksi hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.

“Şikayətlər üzrə bazar payı” müəyyən edilir. Bu, Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir.

Qeyd edək ki, təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər bu hesablamada nəzərə alınmır. Hansı ki, vətəndaşların şikayətlərinin əhəmiyyətli qismi məhz elə bu problemlərlə bağlıdır.

Ümumiyətlə, əsas şikayətlər yüksək kredit faizləri, müştəri xidmətlərində gecikmələr, bank kartları, zaminlik məsələləri və s. ilə əlaqəlidir. Adətən istehlak krediti götürən vətəndaşlar daha çox narazılıq edir. Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikmənin belə vətəndaşın bütün qohumlarına bildirilməsi və digər bu kimi məsələlər insanları banklardan uzaqlaşdırır. Bankları isə müştəri və istehlakçı hüququ deyil, öz qazancı düşündürür...

Artıq ötən dövr ərzində Mərkəzi Bankın siyahısında daimi “şikayət liderləri”ndən ibarət bir “qrup” formalaşıb. Bu “qrup”un üzvləri və liderləri aydan-aya bir-birilərilə yerlərini dəyişsələr də ilk 5-likdəki “mövqelərini” itirmirlər. Bunlar əsasən “Expressbank”, “Unibank”, “Bank BTB”, “AFB Bank” kimi banklardır. Bu ilin əvvəlindən həmin 5-liyə düşənlər sırasında “Turanbank” da olur.

Xüsusilə də “Unibank” və “Expressbank” “liderlik” uğrunda amansız mübarizə aparırlar. Son olaraq, aprel ayında “Unibank” ilk beşlikdə 2-ci, “Expressbank” 3-cü olub. 1-ci yerdə daha əvvəl bu siyahıya nadir hallarda düşən “Yapı Kredi Bank” qərarlaşıb. Martda “Expressbank” 2.64 balla 1-ci, “Unibank” 1.64 balla 5-ci, fevralda “Expressbank 3.01 balla 2-ci, “Unibank” 2.34 balla 5-ci olub. Ötən ilin avqustunda da “Expressbank” siyahıya “qürurla” liderlik edib.

Məsələ ondadır ki, son təxminən 1 il ərzində “şikayət liderləri” aşağı-yuxarı eyni banklardır. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin banklar onlardan edilən şikayətlərə məhəl qoymurlar və fəaliyyətlərini müsbətə doğru dəyişmək istəmirlər. Yəni, Mərkəzi Bank bu siyahını dərc etsə də, dəyişən bir şey yoxdur. Bu o deməkdir ki, problem təkcə ayrı-ayrı hallarla deyil, sistem xarakterliidr və xidmət, idarəetmə çatışmazlıqları ilə bağlıdır. Əgər belədirsə, bu siyahıların hər ay dərc edilməsinin əhəmiyyəti və efektivliyi sual altına düşür...

“AzPolitika.info”

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən elan edilmiş kənd təsərrüfatı heyvanlarının və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması üzrə keçirilən açıq tender metodu üzrə “AGRO BEST” QAPALI SƏHMDAR CƏMİYYƏTİ (1405235391) qalib elan edilmiş və qeyd edilən qalib təchziatçı ilə 66.150.798,00 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 14.05.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması üzrə ” Agro Best ” daha əvvəlki illərdə də bir neçə satınalma müqaviləsi bağlayıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında 65.987.525 manat məbləğində 27.04.2022-ci ildə, 4.140.900 manat məbləğində 20.12.2022-ci ildə, 73.574.800 manat məbləğində 16.03.2023-cü ildə, 7.044.690 manat məbləğində 09.10.2023-cü ildə, 66.854.876 manat məbləğində 16.05.2024-cü ildə, 175.538,88 manat məbləğində 07.11.2024-cü ildə, 62.146.514 anat məbləğində 17.03.2025-ci ildə satınalma müqavilələri bağlanıb.

Göründüy kimi, Dövlət Məşğulluq Agentliyi son üç ildə “Agro Best ” Qapalı Səhmdar Cəmiyyəti ilə ümumi dəyəri 279 924 843 manat məbləğində 7 satınalma müqaviləsi bağlayıb. Bağlanılması nəzərdə tutulan bu tenderi də əlavə etək bu 346 075 641 manat dövlət vəsaiti edir.

Bəs bu şirkət haqqında açıq mənbələrdə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGRO BEST” (VÖEN:1405235391) Qapalı Səhmdar Cəmiyyətinin 20.08.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FEYZULLA QASIMZADƏ, ev 1, m. 48, qanuni təmsilçisi kimi isə İsmayılov Anar Əlif oğlu qeyd olunub.

Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 22.04.2021-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Taleh Tofiq oğlu olub. Daha sonra Ələkbərov Nahid Kamil oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib.

Şirkət haqqında açıq mənbələrdə daha nə kimi məlumatlar var?

Elektron medianın 09.10.24-cü ildə yaydığı məlumatda mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Cərimənin məbləği açıqlanmayıb.
Elektron medianın 22 oktyabr 2024-cü ildə mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir. Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra 350 milyon manata yaxın dəyəri olan tenderlərin qalibinin “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki;

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “AGRO BEST” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçı olaraq “AGRO BEST” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Göründüyü kimi son illər “Agro Best” QSC dövlətdən milyonlarla manat dəyəri olan sifarişlər alıb. Amma QSC-nin dövlətə ödədiyi vergilər barədə belə heç bir məlumat yoxdu.

Lakin xatırladaq ki, son illər Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə yayılan məlumatlar geniş ictimaiyyət arasında müzakirələrə səbəb olub.Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada kifayət qədər geniş məlumatlar da var. Dövlət Məşğulluq Agentliyi vətəndaşları hər vəchlə verdikləri heyvanların xəstə olmadığını inandırmağa çalışır. Agentlik bir dəfə də olsun milyonlarla manat dəyərində müqavilə bağladığı şirkət barədə, xaricdən alınan heyvanların qiyməti barədə vətəndaşlara heç bir məlumat açıqlamayıb. Bu isə Dövlət Məşğulluq Agentliyi ilə “Agro Best” QSC arasında gizli məqamların olması ehtimalını artırır.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi sədri Hasil Abbasovdur. O, sözügedən vəzifəyə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə 2026-cı ilin yanvarında təyin edilib. Hasil Abbasov 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Dövlət Məşğulluq Agentliyinin daha əvvəlki sədri Sadiq Əliyev olub. S.Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2026-cı ilin yanvarında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.

Aktualinfo.net

Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb




“Medistyle” (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yenidən vergi borcu yaranıb.


xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, “MediStyle Hospital”ın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 70.503,85 AZN vergi borcu var.


Qeyd edək ki, ötən il MMC-nin nizamnamə kapitalı 279.095 manatdan 100 manata endirilib.


Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən “MediStyle Hospital”a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda “MediStyle” MMC-nin qanuni təmsilçisi orada uroloq-androloq işləyən Əhmədov Ramil Famil oğludur.Tribuna.az

Ölkədən qaçmaq üçün görün hansı üsula əl atdı – DƏHŞƏT


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş yüksək vəzifəli əməkdaşı Dmitri Senin ölkədən qaçmaq üçün seçdiyi üsulla gündəmə gəlib.

47 yaşlı keçmiş agentin sözlərinə görə, Kremlin təqiblərindən xilas olmaq üçün Rusiyadan Qazaxıstana inək cəsədinin içində keçib.

Məlumata görə, Senin 2017-ci ildə korrupsiya araşdırması apardığı dövrdə “xəyanət” ittihamı ilə hədəfə çevrilib. Uzun müddət hüquqi mübarizə aparsa da, nəticə əldə edə bilməyən keçmiş agent daha sonra ölkədən qaçmaq qərarı verib.

O iddia edir ki, sərhəddəki termal kameralardan yayınmaq üçün bədənini alüminium folqa ilə büküb, xüsusi qoruyucu geyimlər geyinib və qaçaqmalçıların köməyi ilə ölü inəyin içinə gizlənib. Daha sonra traktora yüklənən heyvan cəsədi ilə birlikdə Rusiya–Qazaxıstan sərhədini keçib.

Senin təxminən bir saat ərzində cəsədin içində gözlədiyini, planı isə qış aylarında həyata keçirdiyini bildirib. O, bunun səbəbini heyvan cəsədinin isti havada tez çürüməsi ilə izah edib.

Keçmiş agent sərhədi keçdikdən sonra piyada şəkildə əvvəlcədən müəyyən edilmiş nöqtəyə çatdığını və daha sonra Monteneqroya sığındığını açıqlayıb. Senin xarici kəşfiyyat orqanlarından yardım almadığını da vurğulayıb. Hadisə beynəlxalq mediada geniş rezonans doğurub.

Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib?


Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəsmi internet səhifələrində son günlər diqqət çəkən dəyişiklik müşahidə olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi portalından məktəblərin fərdi saytlarına keçid edildikdə əvvəl mövcud olan məzmunun bir hissəsinin, xüsusilə məktəb rəhbərliyi və pedaqoji heyətin foto məlumatlarının artıq əks olunmadığı görünür.
Əvvəllər bu səhifələrdə direktorlar, müavinlər və müəllim heyətinin fotoşəkilləri ilə birlikdə təqdim olunan məlumatlar ictimaiyyət üçün məktəblərin tanınması və informasiya şəffaflığı baxımından mühüm hesab edilirdi.
Hazırda isə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin rəsmi saytlarında bu vizual məlumatlar tamamilə çıxarılıb.
Dəyişikliyin səbəbi ilə bağlı hələlik ictimaiyyətə rəsmi məlumat açıqlanmayıb.
Ancaq bu istiqamətdə müxtəlif ehtimallar irəli sürülür. Onların arasında texniki yenilənmə və ya saytların vahid formatda yenidən qurulması ilə bağlı proseslər, həmçinin şəxsi məlumatların qorunması və vizual məlumatların istifadəsinə dair daxili qaydalarda dəyişikliklər ehtimalları yer alır.
Eyni zamanda bəzi ekspertlər tərəfindən başqa bir ehtimal da gündəmə gətirilir.
İddialara görə, ayrı-ayrı təhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlarla bağlı mediada yayılan tənqidi materiallar zamanı direktor və pedaqoji heyətin foto məlumatlarının xəbər saytlarında və sosial şəbəkələrdə yayılmasının qarşısının alınması da mümkün səbəblər sırasındadır.
Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib və hazırda yalnız ehtimal xarakteri daşıyır.
Editor.az
Facebook-da paylaş

Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?


Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə müvəqqəti rəis təyin olunub


Bizimesr.com bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat həyata keçirilib.


Məlumata görə, sözügedən vəzifə müvəqqəti olaraq Əhəd Abdiyevə həvalə olunub. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov tərəfindən müvafiq əmr imzalanıb.


Qeyd edək ki, Əhəd Abdiyev bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında rəis müavini vəzifəsində çalışıb.


Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsi məhkumlar arasında “Tubzon” adı ilə tanınır. Uzun illərdir müəssisədə idarəetmə və məhkumların müalicəsi ilə bağlı müxtəlif problemlərin olduğu barədə iddialar səsləndirilir.


Keçmiş məhkumların və yaxınlarının səsləndirdiyi iddialarda müəssisədə bəzi xidmətlərin qeyri-rəsmi ödənişlər müqabilində həyata keçirildiyi, maddi imkanı olmayan şəxslərin müalicə ilə bağlı çətinlik yaşadığı bildirilir. Həmçinin xəstə olmayan bəzi şəxslərin uzun müddət müəssisədə saxlanıldığı barədə də fikirlər yer alır. Lakin bu iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.


Diqqət çəkən məqamlardan biri isə müəssisəyə yenidən müvəqqəti rəhbər təyin edilməsidir. Bu hal penitensiar sistemdə sözügedən müəssisə ilə bağlı problemlərin tam həll olunmaması barədə müzakirələri dayandırmır.


Bizimesr.com

QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqəsinin nəticələri martın 12-də elan olundu. Adətən nəticələrin açıqlanmasından sonra təşkilatlar müqavilə prosedurlarını tamamlayır, bildirişlərini əldə edir və layihələrin icrasına başlayırlar. Lakin bu dəfə vəziyyət fərqlidir. Üzərindən iki ay keçməsinə baxmayaraq, çoxsaylı QHT-lər hələ də qrant bildirişlərini ala bilmirlər.

Yenixeberorg.com: Ən ciddi problem isə odur ki, layihələrin icra müddəti artıq faktiki olaraq başlayıb. Bir çox təşkilatlar fəaliyyət planlarını aprel ayına uyğun qurub. Təlimlər, seminarlar, tələbə və şagirdlərlə bağlı tədbirlər məhz yaz-yay aylarına hesablanmışdı. Amma mayın ortalarında belə vəsaitdən istifadə etmək mümkün deyil. Nəticədə QHT-lər ya layihələri kağız üzərində saxlamalı, ya da sonradan qısa müddətə sıxışdırılmış şəkildə həyata keçirməlidirlər.

Məsələ ilə bağlı QHT- lərə Dövlət Dəstəyi Agentliyinə müraciət edən təşkilatlara bildirilib ki, müqavilələr və zəruri sənədlər artıq hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Hətta qeyd olunur ki, bildirişlərin verilməsinə nazirlikdə Güney adlı şəxs cavabdehdir və müraciətlər ona yönləndirilməlidir. Bu isə sualları daha da artırır.

Dövlətin özü tərəfindən ayrılmış qrantlarla bağlı bildirişin verilməsi niyə iki ay çəkir? Hazır sənədlərin hərəkəti niyə bu qədər ləngiyir?

Mövzu ilə bağlı "Yenixeberorg"a danışan ekspert bildirir ki, "ortaya çıxan mənzərə ondan ibarətdir ki, QHT- lərə Dövlət Dəstəyi Agentliyi məsuliyyəti öz üzərindən ataraq prosesi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə yönəldir. Nazirlik tərəfindən isə indiyədək ictimaiyyətə hər hansı əsaslandırılmış açıqlama verilməyib. Dövlət qurumları arasında koordinasiya problemi isə nəticədə vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbə vurur".

Əslində burada söhbət yalnız texniki gecikmədən getmir. Problem həm də planlaşdırmanın və idarəetmənin keyfiyyəti ilə bağlıdır. Bir aydan sonra məktəblər bağlanacaq, tələbə və şagird auditoriyası yay tətilinə çıxacaq. QHT-lər isə fəaliyyətləri ya təxirə salmalı, ya da 10-15 gün ərzində formal şəkildə keçirməyə məcbur qalacaqlar. Belə vəziyyətdə layihələrin keyfiyyətli icrasından danışmaq çətindir.

Digər tərəfdən, təşkilatlar sentyabr ayına tədbir saxlamaq istəmirlər. Çünki yeni qrant müsabiqəsi elan olunanda əvvəlki layihələrin başa çatdırılması tələb olunur. Beləliklə, dövlət qurumlarının yaratdığı bürokratik gecikmə QHT-ləri faktiki olaraq çıxılmaz vəziyyətə salır: ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı.

Material hazırlanarkən QHT- lərə Dövlət Dəstəyi Agentliyindəki mənbədən əldə etdiyimiz məlumata görə, bu gün Ədliyyə Nazirliyi tərəfindən xeyli sayda bildiriş təqdim olunub. Bu, müəyyən irəliləyiş sayıla bilər. Amma problemin tam həll edilmədiyi də etiraf olunur. Deməli, xeyli sayda təşkilat üçün qeyri-müəyyənlik hələ də davam edir.(Yenixeberorg.com)
Xəbər lenti