Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

SOCAR-a məxsus YDM-də bayrağa münasibət narazılıq yaratdı – görüntülər müzakirə olunur


Redaksiyamıza təqdim edilən videogörüntü əməkdaşlarımız tərəfindən qeydə alınıb. Kadrlarda küləkli və ya yağışlı hava şəraitində dövlət bayrağının dirək üzərində yararsız vəziyyətdə saxlanıldığı görünür.

Qeyd edək ki, dövlət bayrağı ilə bağlı etik yanaşmada və ümumi qaydalarda əlverişsiz hava şəraitində bayrağın dirəkdən endirilməsi, onun cırılaraq və ya yararsız vəziyyətə düşərək dalğalanmasından daha doğru və hörmətli davranış hesab olunur. Bu baxımdan görüntülərin sosial şəbəkələrdə narahatlıq doğuracağı istisna edilmir.

Hazırda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınan bu hal həm media nümayəndələrində, həm də bir çox vətəndaşlarda məyusluq yaradıb. Vətəndaşlar hesab edir ki, dövlət rəmzlərinə münasibətdə daha həssas və operativ yanaşma nümayiş etdirilməlidir.

Ümid edilir ki, məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılacaq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək. (BnTv.az)

Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları


BNTV.az-a daxil olan məlumata görə, ötən həftə – 07.05.2026-cı il tarixində Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru Nərmin Cəfərova aidiyyəti agentlik rəhbərinin əmri ilə ərizəsi alınaraq vəzifəsindən azad edilib.

İddialara əsasən, may ayının əvvəlində Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həmin məktəb-liseydə yoxlamalar aparılıb və nəticədə direktorun fəaliyyətində ciddi nöqsanların aşkar olunduğu bildirilir.

Mənbənin sözlərinə görə, bundan əvvəl də idarə rəhbərliyinin əmri ilə Nərmin Cəfərova barəsində yol verdiyi nöqsanlara görə bir neçə dəfə intizam tədbirləri, o cümlədən töhmət və şiddətli töhmət tətbiq olunub.

Redaksiyamıza müraciət edən vətəndaşların bildirdiyinə görə, həmin məktəbdə çalışan şəxslərdən biri aprel ayında nazir müavininin Quba şəhərində keçirdiyi vətəndaş qəbulunda iştirak edərək direktorun fəaliyyəti ilə bağlı Elm və Təhsil Nazirliyinin rəsmilərinə müəyyən faktlar təqdim edib.

Müraciətlərdə həmçinin qeyd olunur ki, keçmiş direktorun Quba-Xaçmaz Regional Təhsil İdarəsində çalışan Aynurə Dadaşova və Fikrət Heybətov tərəfindən himayədarlıq etdiyi haqqında iddiaları mövcuddur.

Belə ki, vətəndaşın verdiyi məlumata görə, 2024–2025-ci tədris ili dövründə Fikrət Heybətov Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri olduğu zaman Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin məktəbəhazırlıq qruplarının təşkili zamanı başqa ərazilərdə yaşayan uşaqların adlarının saxta yollarla məktəbə yazıldığı, onların məktəbə davamiyyət göstərmədən adlarının siyahıda saxlanıldığı iddia olunur.

İddialara görə, nəticədə real şagird sayı 30-dan az olduğu halda məktəbəhazırlıq qrupu qanunsuz olaraq iki qrupa bölünüb və bu səbəbdən dövlət vəsaitinin qanunsuz xərclənməsinə şərait yaranıb. Bildirilir ki, sinif komplektləşməsi təsdiq olunduqdan qısa müddət sonra həmin şagirdlərin adları məktəbin şagird siyahısından çıxarılıb.

Eyni zamanda bildirilir ki, regional idarədə vaxtilə müdir müavini vəzifəsində çalışmış, hazırda isə paytaxt məktəblərindən birində direktor işləyən Pərvin Ağasiyevin Nərmin Cəfərova ilə həmkəndli olduğu qeyd edilir. Müraciətdə onun sözügedən vəzifəyə təyinat prosesində müəyyən rolunun ola biləcəyi ilə bağlı ehtimallar da yer alıb.

Bundan başqa, redaksiyamıza müraciət edən vətəndaşın iddiasına görə, keçmiş direktor tərəfindən Fikrət Heybətova “Casio” markalı saat hədiyyə edildiyi barədə məlumatlar mövcuddur. Lakin bu iddiaların doğruluğu ilə bağlı hər hansı rəsmi təsdiq təqdim olunmayıb.

Qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı aidiyyəti qurumların münasibətini öyrənməyə çalışırıq.

BNTV.az

4 ayda 52 min şəxs işlə təmin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

5,6 min nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 81,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər


ABŞ və İran arasında davam edən “təkliflər oyunu” başa çatmaq üzrədir.


Artıq hər iki tərəf danışıqlar üçün şərtlərini açıqlayıb.


Bundan başqa, nə İran, nə də ABŞ bir birilərinin təkliflərini qəbul etməyiblər. Dünən ABŞ İranın münaqişənin mümkün həlli ilə bağlı 14 maddəlik planını rədd edib.


“New York Times” qəzeti isə Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, ABŞ və İsrail hücumların yenidən başlaması üçün intensiv hazırlıqlara start veriblər. Nəşr qeyd edib ki, yaxın günlərdə hərbi əməliyyatların başlanması reallaşa bilər.


Bu sənada, ABŞ prezidenti Donald Tramp da bir neçə fikir səsləndirib. O qeyd edib ki, nüvə tozunu təmizləmək üçün lazım gələrsə, İrana girəcəklər. “Onlar tamamilə məğlub olacaqlar və bizim üçün heç bir təhlükə olmayacaq”.


Tramp daha sonra vurğulayıb ki, İranda bəzi “təmizləmə işləri” həyata keçirmək fikirləri var. “İranda bir az təmizləmə işi aparmalı ola bilərik, çünki necə deyərlər, bir aylıq atəşkəsimiz var idi. Lazım gələrsə, İranın qalan infrastrukturunu iki gün ərzində məhv edəcəyik”.

İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?


Siyəzən rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib.

Bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, İcra Hakimiyyəti ləğv edilən tenderlərdən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212 min 888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayadırılmasının səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub.

İkinci tender isə Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 17, 19, 23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29 min 289 manatlıq layihənin dayandırılması da hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub.

Rayondakı üçüncü tender isə Mədəniyyət Nazirliyinin reallaşdırmaq istədiyi təmirlə bağlı olub. Belə ki, nazirliyin tabeliyində olan Əsaslı Tinkinti və Təchizat MMC Siyəzən rayon Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınmasını reallaşdırmaq istəyib. Bunun üçün 25 min 876 manat vəsait ayırmağı da nəzərədə tutub. Lakin nəticələr ləğv edilib.

Rayondan Tribuna.az-a verilən məlumatlarda ard-arda tenderlərin ləğv edilməsinin əsas səbəbinin icra başçısı Novruz Novruzovdan qaynaqlandığı bildirilir. Mənbələr qeyd edirlər ki, son zamanlar hakimiyyət dairələrinin icra başçısına etimadları azalıb. Həmçinin onun yaşlı olması səbəbindən artıq uzaqlaşdırılması prosesinə də start verilib. Bu səbəbdən də rayondakı bütün işlərin hamısı dayandırılıb.

İddia edilir ki, Siyəzəndə bütün işlər yaxın günlərdə yeni təyinat alacaq icra başçısı tərəfindən görüləcək. Novruzovun isə bu ayın sonuna kimi, postundan gedəcəyi gözlənilir.(Tribuna.az)

Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...


"Şikayətim Seylab.az-dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Orxan Kərim adlı istifadəçi yazır.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir (mətni olduğu kimi təqdim edirik -red.): "Mən bir neçə il idi sizin müştəriniz idim. Periodik sizdən su sifariş verirdim. Nədi-nədi bir dəfə boş bidonları qapıya qoymaq yadımdan çıxdı. Dedim: eybi yox da, indi bir dəfə işdi də olub, siz mənim suyumu qoyun qapıya, gələn dəfə sifariş verəndə 2 su verib, 4 boş bidon götürərsiniz. Qaçmıram ki, illərdir müştərinizəm. Sizin şirkət qaraçılıq elədi. Ucuz apardı özünü. 2 bidona görə illərdir ondan sifariş edən müştərisinin anadan əmdiyi südü burnundan gətirdi. Gün verdi işıq vermədi. Bir işçi ilə razılaşdım, o biri zəng elədi, o biri ilə danışdım, o biri zəng elədi. Səhər demədiniz, axşam demədiniz, şənbə demədiniz, iş günü demədiniz zırtazırt zəng elədiniz. İllərdir loyal müştərinizi itirdiniz.

İndi mən susundan yanaram və dünyadaki yeganə su təchizatçısı siz qalsanız, susundan yanmağı seçərəm, nəinki sizin kimi qaraçı şirkətdən su sifariş verməyi..."

“Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ


Xəbər verdiyimiz kimi, “Azərlotereya” ASC-nin rəsmi internet səhifəsindəki “Hesabatlar” bölməsində son dövrlərə dair məlumatlar yoxdur və yalnız 2018-2024-cü illəri əhatə edən arxiv sənədləri mövcuddur.
Eləcə də, son təqdim olunan hesabatını (2024-cü il) analiz edərkən qeyd etmişdik ki, “Azərlotereya” ASC-nin 2024-cü il hesabatı mənfəətin 84%-nin dividend kimi çıxarılması, debitor borcların 13,9 milyon manata yüksəlməsi, reklam və İT xərclərinin kəskin artması nəticəsində şirkətin real likvidlik vəziyyətinin zəiflədiyini sübut edir.
32gun.az Türkiyə mətbuatı və rəsmi məhkəmə qeydlərinə istinadən, holdinqlərin pərdəarxası ticari müharibələrini, maliyyə skandallarını və bu iqtisadi imperiyanın qaranlıq tərəflərini təqdim edir. Araşdırmada Türkiyənin ən böyük korporasiyalarından biri olan “Demirören Holding” və onun rəhbər şəxslərinin son illərdə gündəmdən düşməyən nəhəng borcları, qarşılıqsız çekləri, rəsmi iflasları və mülk davaları yer alır.

Milyardlıq Satınalma və Ziraat Bankının “Yaşıl Zona” çıxılmazı
Hər şey 2018-ci ildə Demirören Qrupunun Doğan Medya Grubu-nu 895 milyon dollara satın alması ilə başladı. Bu nəhəng alış üçün dövlətə məxsus Ziraat Bankasından yüz milyonlarla dollar kredit götürüldü. Lakin holdinq bu nəhəng borcu ödəməkdə çətinlik çəkdi və mətbuata sızan rəsmi hesabatlara görə, borcun cəmi 3,2%-i geri qaytarıla bildi.

Bəs borcun əvəzinə nə verildi?
Holdinq nagd pul əvəzinə İstanbulun ən prestijli ərazilərindən sayılan Göktürkdəki Kemer Country qolf sahələrini və torpaqlarını banka dövr etdi. Ziraat Bankası bu torpaqları tikintiyə açaraq pulunu çıxarmaq istəsə də, ərazi sakinlərinin açdığı iddialar nəticəsində məhkəmə şok qərar verdi: Bu ərazilər tikintiyə qapalı “yaşıl zona” elan edildi. Alınan qərarla dövlət bankının əlində yüz milyonlarla dollarlıq “istifadəsiz” torpaq sahəsi qaldı və bu durum böyük korporativ fırıldaqçılıq skandalı kimi qiymətləndirildi.

Holdinqdə ŞOK: Kiçik qardaş həbsxanada və rəsmən iflas etdi!
Ailə daxilindəki ən böyük maliyyə zərbəsi isə “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörənin kiçik qardaşı, “Demirören Holding”in İdarə Heyətinin üzvü Fikret Tayfun Demirörəndən gəlib. Tayfun Demirörenin şəxsi biznes fəaliyyətləri zamanı bazara buraxdığı ümumilikdə 66 milyon 770 min lirəlik çeklərin qarşılıqsız çıxması onun həbsi ilə nəticələnmişdi.

Milyonçu varis qarşılıqsız çek ittihamı ilə həbs olunaraq dəmir barmaqlıqlar arxasına göndərildi. Bunun ardınca İstanbul 1-ci Asliye Ticaret Məhkəməsi həm Tayfun Demirörenin şəxsən, həm də ona məxsus “Mikare Gayrimenkul” şirkətinin rəsmi iflasına qərar verdi.

Hadisə o qədər böyüdü ki, Demirören Holding təcili bəyanat yayaraq, “Tayfun Demirörenin borclarının holdinqimizlə hüquqi bağı yoxdur” deyərək öz doğma qardaşlarından imtina etmək məcburiyyətində qaldılar.
Tayfun Demirörenin maliyyə uğursuzluqları təkcə Türkiyə ilə məhdudlaşmırdı. Onun Almaniyanın paytaxtı Berlində qurduğu tikinti və daşınmaz əmlak layihələri üçün Avropa banklarından aldığı 240 milyon avroluq nəhəng kreditlərin də batdığı ortaya çıxdı. Alman məhkəmələri heç bir güzəşt etmədən layihələri əlində partlayan Demirörenin xaricdəki fəaliyyətinə də rəsmən son qoydu.
Aydın Doğan ilə Gizli Səhm Müharibələri və Jurnalistlərin notarius vasitəsilə qovulması
“Doğan Medya” satılsa da, holdinq ilə Aydın Doğan arasındakı pərdəarxası məhkəmə çəkişmələri bitmədi. Demirören Qrupu, satınalma müqaviləsindən sonra ortaya çıxan keçmiş vergi və işçi təzminat borclarını Aydın Doğanın ödəməli olduğunu idda edərək məhkəmə davası açdı.
Bu ticari çəkişmələrin qurbanı isə illərini “Hürriyet” qəzetinə vermiş işçilər oldu. Holdinq idarəçiliyi, həmkarlar ittifaqına üzv olan 45-dən çox tanınmış jurnalisti evlərinə notarius vasitəsilə (poçt) bildiriş göndərərək bir gecədə işdən qovdu. İşçilərin qanuni təzminatlarının illərlə ödənilməməsi mətbuat dünyasında ən böyük korporativ rəzalətlərdən biri kimi qeydə alındı.
Şans oyunlarında gizli vergi güzəştləri lobbiçiliyi
Holdinqin ən böyük gəlir qapısı sayılan Milli Piyango və “İddaa” kimi şans oyunları platformalarında da ciddi maliyyə ziddiyyətləri yaşandı. İqtisadiyyat mətbuatına sızan məlumatlara görə, şirkətin qumar dövriyyəsindən əldə etdiyi gəlirlərin KDV (ƏDV) və digər vergilərdən azad edilməsi və ya dərəcələrin minimuma endirilməsi üçün pərdəarxası böyük bir lobbiçilik fəaliyyəti yürüdülüb. Bu imtiyaz cəhdləri digər özəl sektor subyektləri arasında haqsız rəqabət iddialarına yol açıb.

Sərvətin Gizli Marşrutu: Pandora sənədləri
Türkiyədə dövlət banklarına olan borcların ödənilmədiyi, işçilərin təzminatlarının gecikdirildiyi bir vaxtda, beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı Pandora Papers sənədləri ailənin gizli sərvət marşrutunu ifşa etdi. Sənədlərə görə, Yıldırım Demirörenin həyat yoldaşı Revna Demirören və iflas edən qardaşı Tayfun Demirören, vergi cənnəti olan Britaniya Virciniya Adaları üzərindən Londonda milyonlarla funt-sterlinq dəyərində lüks mülklər və ofşor şirkətlər satın alıblar.

Sedat Pekerin Şok İfşaları: Sərvət Üçün Törədilən Qorxunc Qətl İddiası
Sedat Peker, Demirören ailəsinin qurucusu Erdoğan Demirörenin 1980-ci illərdə yunan əsilli iş adamı Yorgi Papadolosu qətlə yetirərək bütün mülklərinə qanunsuz şəkildə əl qoyduğunu və bu məlumatların 1987-ci il MİT hesabatında yer aldığını iddia edib. O, həmçinin ailənin “Milangaz” şirkətini real sahibi Şevki Kurtkayanı mafioz üsullarla təhdid edərək əllərindən aldığını önə sürüb. Pekerin digər şok iddiasına görə holdinq, zərərlə işləyən TOTAL yanacaqdoldurma şəbəkəsini hərbi fond olan OYAK-a həddindən artıq baha qiymətə sataraq haqsız qazanc əldə edib. Son olaraq o, Yıldırım Demirörenin dövlət bankına olan 750 milyon dollarlıq borcunu ödəmədiyi halda, başqa iş adamından lüks təyyarə və yaxta satın alaraq asudə və dəbdəbəli həyat yaşadığını ifşa edib.
*Nəticədə bunu göstərir ki, Türkiyənin ən parlaq media və enerji imperiyalarından biri kimi görünən Demirören Qrupu, pərdə arxasında qarşılıqsız çeklər, şəxsi iflaslar, ödənilməyən dövlət kreditləri və ofşor hesablarla zəncirvari bir maliyyə böhranının içində üzməyə davam edir .32gun.az

“Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Pearl Kids” uşaq bağçasında iki müəllimin azyaşlıya qarşı psixoloji təzyiq və kobud davranışı narazılığa səbəb olub.
Bu barədə kobud davranışa məruz qalan və həmin münasibətdən qorxduğu bildirilən 4 yaş yarımlıq uşağın valideyni İradə Aşirova məlumat verib. Narazı valideyn bildirib ki, hadisə aprelin 30-da baş versə də, nə bağça, nə də müəllimlərlə bağlı hər hansı tədbir görülməyib:
“Oğlum “Pearl Kids” bağçasının məktəbəqədər hazırlıq qrupuna gedir. Oğlumun olduğu qrupun müəlliməsi Təhminə müəllimədir. Bu xanımın mənim övladıma qarşı göstərdiyi kobud münasibətdən narazıyam. Qrupda iki uşaq arasında yaranan adi mübahisəni müəllimə oğlumla pis rəftar edərək yekunlaşdırıb. 4 yaş yarımlıq uşaqdır. Uşaqlar nadinclik də edə bilər, danışa da bilər, oyuncaq üstündə dalaşa da bilərlər. Müəllim buna müdaxilə edə bilər. Ancaq heç bir müəllimin ixtiyarı yoxdur ki, 4 yaşlı uşağın qolunu sıxıb dartaraq onu yerində oturtsun, üstünə qışqırsın, qolunu göyərtsin. Ən pisi də odur ki, bu müəllimə hələ də həmin bağçada çalışır”.
Şikayətçi bildirib ki, bu, həmin bağçada oğluna qarşı ilk kobud münasibət deyil:
“Oğlumla eyni qrupda oxuyan qız nəyinsə üstündə mübahisə edib. Uşaqdırlar, belə hallar həyətdə də olur, evdə də, məktəbdə də. Ancaq buna bir ana, bir müəllimə niyə kobud formada müdaxilə etməlidir? Uşağın anası Aygün xanım həmin bağçada müəllimə işləyir. İki uşaq arasında olan mübahisəyə görə bu müəllimə oğlumun üstünə hücum çəkib. Uşağın üstünə qışqırır, üstünə gedir. Bunun görüntüləri də var. Oğlum qorxudan yerində əyləşir. Ancaq bu müəllimə dayanmır. Dəfələrlə uşağın üstünə gedərək qışqırır.
Bu xanımlar müəllimdirlər, pedaqoqdurlar. Ancaq 4 yaşlı uşaqla necə rəftar etməyi belə bilmirlər. Mənim oğlum qorxudan xəstəlik tapa bilər. Bunun cavabını kim verəcək?”
Narazı valideyn bağça və iki müəllimlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, nə bağça, nə də müəllimlərlə bağlı tədbir görülüb:
“Uşağını o bağçaya gətirənlər 400-500 manat pul ödəyir. Mən bu pulu ödəyim, həm də uşağım incidilsin, təzyiqə məruz qalsın? Hadisədən sonra nə bağça rəhbərliyi, nə də müəllimlər bizdən üzr istədi.
Elm və Təhsil Nazirliyinə də bu barədə məlumat vermişəm. Ancaq müraciətlərimə baxılmayıb. Hamı övladını etibarlı yerə qoymaq istəyir. Ancaq “Pearl Kids” uşaq bağçası uşaqlar üçün etibarlı yer deyil. 4 yaşlı uşağa qarşı utanmadan psixoloji şiddət tətbiq edən bu iki müəllimə cəzalandırılmalıdır. Onlar pedaqoq deyil, uşaqla rəftar qaydalarını bilmirlər. Əsəblərini cilovlaya bilmirlərsə, ən adi məsələdə 4 yaşlı uşağın üstünə hücum çəkib onu qorxudurlarsa, bu qadınların yeri uşaq bağçası və hazırlıq kursları deyil”.
Valideyn iddia edir ki, bağça rəhbərliyi tərəfindən ona “bizim metodikaya qarışa bilməzsən”, “müəllimdir, uşağı vurub danlaya da bilər”, “xoşun gəlmir, uşağını götür çıx get” kimi ifadələr səsləndirilib.
Şikayətçinin sözlərinə görə, təxminən üç gün sonra bağça rəhbərliyinin münasibəti dəyişib və ona zəng edilərək üzrxahlıq olunmağa başlanılıb. Valideyn həmin davranışları sərgiləyən müəllimlərin bağçada fəaliyyətini davam etdirməsinin yolverilməz olduğunu rəhbərliyə bildirib. Lakin onun iddiasına görə, məsələ qulaqardına vurulub və həmin iki müəllim hələ də bağçada çalışır.
Şikayətçi məsələnin həm müəllimlərin cəzalandırılması, həm də valideynlərin ayıq-sayıq olması üçün ictimailəşdirildiyini bildirib:
“Belə uşaq bağçalarından, belə müəllimlərin işlədiyi yerlərdən uzaq dursunlar. Heç kəs uşağının təzyiq, şiddət və zorakılıq görməsini istəmir. Ümid edirəm ki, aidiyyəti qurumlar bu bağça və müəllimlərlə bağlı tədbir görəcək”.
Məsələ ilə bağlı sözügedən uşaq bağçası ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.Tribuna.az
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

VİDEO LİNKDƏ: https://xalq.online/pearl-kids-bagcasinda-4-yasli-usagai-psixoloji-siddet-usagim-qorxudan

114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?


Bakı şəhərində fəaliyyət göstərən 114 saylı marşrut avtobusu ilə bağlı sərnişin narazılığı davam edir.
Yeniavaz.com-a müraciət edən sərnişin iddia edir ki, 114 saylı marşrut avtobuslarının bir çoxunda ciddi problemlər var:
“Uzun intervallar, əhali sayına uyğun olmayan şəkildə az sayda avtobusun xəttə buraxılması, natəmizlik, oturacaqların bir çoxunun qırıq və yerindən qopmuş vəziyyətdə olması, avtobuslarda qışda istilik sisteminin yetərsiz qalması, yayda isə soyutma sisteminin olmaması sərnişinlər üçün ciddi problemlər yaradır. Saat 23:00 olmamış isə bütün 114 saylı avtobuslar hərəkəti dayandırır”.
Sərnişin bildirir ki, problemlə bağlı dəfələrlə AYNA-ya müraciət etsə də, heç bir nəticə olmayıb:
“Avtobusla bağlı mən özüm AYNA-ya sayını unutduğum qədər müraciət etmişəm, bəlkə də 50-60 dəfə. Dəfələrlə AYNA-dan cavab məktubları gəlib ki, daşıyıcı şirkətə nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Amma gördüyünüz kimi, nəticə yoxdur”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, avtobuslarda zəruri tədbirlərin görülməsi barədə daşıyıcılara tapşırıqlar verilib:
“Pirəkəşkül və Müşfiqabad qəsəbələrinə fəaliyyət göstərən 114A nömrəli marşrutda 8 avtobus 12-14 dəqiqə, 114B nömrəli marşrutda isə 6 avtobus 14-16 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. AYNA tərəfindən daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib”.
Qurum həmçinin qeyd edib ki, göstərilən tapşırıqlar yerinə yetirilməyəcəyi təqdirdə, marşrutlar müsabiqəyə çıxarılacaq:
“Daşıyıcıya avtobusların saz vəziyyətdə saxlanılması və avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi barədə xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə, marşrutlar müsabiqəyə çıxarılacaq”.
Qeyd edək ki, 114 saylı avtobusda mövcud problemlərlə bağlı daha əvvəl də redaksiyamıza bir sıra şikayətlər daxil olub.

“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO



Sumqayıtda bir qrup əməkdaş çalışdıqları "Metinvest" MMC rəhbərliyindən narazıdır. Onların iddiasına görə, artıq 4 aya yaxındır əməkhaqları ödənilmir və bu səbəbdən işçilər ciddi maddi sıxıntı ilə üz-üzə qalıblar.

Xezerxeber.az-ın məlumatına görə, əməkdaşlar məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyinə müraciət etdiklərini bildirsələr də, indiyədək problemin həlli istiqamətində heç bir real addım atılmadığını deyirlər.

Şikayətçilərin sözlərinə görə, bir aydan çoxdur ki, öz xahişləri ilə işdən çıxmaq üçün ərizələr təqdim ediblər, lakin ərizələr təsdiqlənmir. Bildirilir ki, şirkət rəhbərliyi əməkhaqqı və son haqq-hesab ödənilmədiyi üçün işdən çıxış prosesini rəsmiləşdirmir. İşçilər bu səbəbdən nə gecikdirilmiş maaşlarını ala bilir, nə də başqa iş yerlərində rəsmi şəkildə işləyə bilirlər.

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Özünü şirkətin rəsmisi kimi təqdim edən Murad adlı şəxs bildirdi ki, 10 gündən az müddətə işçilərin maaşı ödəniləcək.(Xezerxeber.az)
Xəbər lenti