Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR



Zakir Nuriyev, onun ailə üzvü və “Rabitəbank”ın digər səhmdarlarının ötən il üzrə gəlirləri məlum olub.

Plat.az-ın əldə etdiyi məlumata görə, bank ötən ili 9,65 milyon manat mənfəətlə başa vurub.

Səhmdarların qərarı ilə xalis mənfəətin 4,5 milyon manatı dividend şəklində onlar arasında bölüşdürülüb. Xalis mənfəətin yarısından bir qədər çox hissəsi, yəni 4,74 mln. manatı isə bölüşdürülməmiş mənfəət kimi kapitala əlavə edilib. 2024-cü ilə nisbətən bank dividend siyasətinə kəskin dəyişiklik edib. Belə ki, 2024-cü ildə 10,61 mln. manatlıq xalis mənfəətin 9,7 mln. manatı dividendə yönəldilmişdi. Yəni, bank qazandığı mənfəətin demək olar hamısını səhmdarlara paylamışdı. 2025-ci il üzrə isə vəziyyət dəyişib. Bank dividend ödənişlərini bir ildə 53,6% azaldıb.

Nəticədə bankın əsas səhmdarı Rauf Əliyevin dividend gəlirləri ötən il 3,7 mln. manatdan 1,7 mln. manata enib. İllik itki 2 milyon manat olub. Validə Abbasovanın gəlirləri isə 1,8 mln. manat azalaraq 3,36 mln. manatdan 1,56 mln. manata enib.

Bankın daha məşhur səhmdarı və Müşahidə Şurasının sədri Zakir Nuriyevin dividend payı isə bir ildə 1,3 mln. manatdan 515,9 min manata enib. Onun ailə üzvü Dilarə Nuriyeva da 2024-cü ildəki kimi 882 min manat deyil, 409 min manat dividendlə kifayətlənməli olub.

Aslan Xasiyev isə ötən il bankda payını 4%-dən 6,03%-ə kimi artırsa da,bu dəfə dividend ödənişini artırmağa müvəffəq olmayıb. Onun payına düşən dividend 338 min manatdan 270,8 min manata enib.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-I Zakir Nuriyevə, 9,11 %-i Dilarə Nuriyevaya, 0,14 %-i isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus təşkilatlara məxsusdur.

Plat.az

Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?


Biləcəri qəsəbəsi, Vidadi küçəsində aparılan tikinti işləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi narahatlıq doğurur. İddialara görə, sözügedən obyekt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında inşa edilir. Əgər bu məlumatlar doğrudursa, burada təkcə qanun pozuntusundan deyil, həm də insanların həyat və sağlamlığı üçün real təhlükədən söhbət gedir.
Mediatvaz.com xəbər verir ki,ən ciddi məqamlardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, tikintidə çalışan fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb. Bu isə həm əmək qanunvericiliyinin kobud şəkildə pozulması, həm də dövlətə ödənilməli olan sosial ödənişlərdən yayınma əlaməti kimi qiymətləndirilə bilər. İşçilərin xüsusi geyim və təhlükəsizlik vasitələri ilə təminatının isə demək olar ki, sıfır səviyyəsində olduğu qeyd edilir. Sabah burada bədbəxt hadisə baş verərsə, məsuliyyəti kim daşıyacaq? Araşdırmalar zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin məlumat bazasında da sözügedən tikinti ilə bağlı hər hansı məlumata rast gəlinməyib. Bu fakt tikintinin qanuniliyinə dair şübhələri daha da artırır. Bütün bunların fonunda ən vacib sual ortaya çıxır: aidiyyəti qurumlar hara baxır?Ümid edirik ki, aidiyyəti dövlət qurumları məsələni dərhal araşdıracaq,yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşüb-düşməməsi, tikinti üçün verilmiş icazələr, eləcə də əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması ilə bağlı məsələlərə aydınlıq gətiriləcək.


Mediatvaz.com

İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?


Ağstafa rayonunun Eynallı kəndində yaşayan şəhid anası Nabat Rzayeva uzun müddətdir həllini tapmayan problemlə bağlı yenidən müraciət edib.
Onun sözlərinə görə, qızı Həmayə Mustafayevanın yaşadığı ev bir neçə il əvvəl baş verən təbii fəlakət nəticəsində ciddi zərər görərək yararsız vəziyyətə düşüb və indiyədək bərpa olunmayıb.

Nabat Rzayeva Qaynarinfo-ya bildirib ki, qızının həyat yoldaşı I Qarabağ müharibəsinin veteranı olub və dünyasını dəyişib. Ailənin maddi imkanları məhdud olduğundan evin təmiri mümkün olmayıb.

Şəhid anasının sözlərinə görə, müraciətlərdən sonra aidiyyəti qurumlar tərəfindən evə baxış keçirilib və təmir işlərinin aparılacağı, bunun üçün lazımi tikinti materiallarının ayrılacağı ilə bağlı vədlər verilib. Lakin onun iddiasına görə, sonradan bu vədlər yerinə yetirilməyib və məsələ həll olunmadan qalıb.

Nabat Rzayeva qeyd edir ki, illər əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona qurumun imkanlarının məhdud olduğu bildirilib. O isə müraciətində yeni ev və ya əlavə imtiyaz tələb etmədiyini, sadəcə yaşayış üçün yararsız hala düşmüş evin təmir olunmasını xahiş etdiyini vurğulayır.

Şəhid anası bildirir ki, ötən müddət ərzində məsələ ilə bağlı real nəticə əldə olunmayıb və ailə eyni problemlə hələ də üz-üzədir. Onun sözlərinə görə, verilən cavab və vədlərin icra olunmaması narahatlıq doğurur.

O, bu səbəbdən yenidən yuxarı dövlət qurumlarına müraciət etdiyini bildirir və problemin həlli üçün kömək göstərilməsini xahiş edir.

Şəhid anasının iddiaları ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Seymur Orucovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.(Qaynarinfo)

Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA


Son zamanlar tikinti şirkətlərindən gələn şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə bir sıra şirkətlərin çıxarışı olan və olmayan evləri vətəndaşın razılığı olmadan sökdüklərinə dair iddialar yer alır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Mustafayevanın sözlərinə görə, tikinti şirkəti çıxarışı (daşınmaz əmlak üzərində dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququnu təsdiq edən sənədi) olan evi mülkiyyətçinin razılığı olmadan sökə bilməz.

O qeyd edib ki, belə bir hərəkət Azərbaycan Respublikasının Konstitusiyasına və mülki qanunvericiliyə ziddir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmə qərarı olmadan və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz müdaxiləsindən öz hüquqlarının müdafiəsini tələb etmək hüququna malikdir”.

Hüquqşünasın sözlərinə görə, tikinti layihəsinin həyata keçirilməsi üçün hər hansı yaşayış evi və ya torpaq sahəsinin alınması nəzərdə tutulursa, bu, yalnız qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməklə mümkündür: “Praktikada bu, əsasən mülkiyyətçi ilə qarşılıqlı razılaşma əsasında alqı-satqının həyata keçirilməsi və ya dövlət ehtiyacları üçün özgəninkiləşdirmə haqqında qanunvericiliyin tələblərinə uyğun qərarın qəbul edilməsi ilə mümkündür. Sadəcə, tikinti şirkətinin həmin ərazidə layihə həyata keçirmək istəyi mülkiyyətçinin hüquqlarını aradan qaldırmır. Əgər tikinti şirkəti mülkiyyətçinin razılığı olmadan evi sökər və ya sökülməsinə cəhd göstərərsə, bu, mülki hüquqların kobud şəkildə pozulması hesab olunur və zərərçəkmiş şəxs məhkəməyə müraciət etməklə pozulmuş hüquqlarının bərpasını, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Qeyd etmək lazımdır ki, vətəndaşın çıxarışla təsdiq edilmiş mülkiyyət hüququ tikinti şirkətinin iqtisadi maraqlarından üstün hüquqi müdafiəyə malikdir. Buna görə də heç bir tikinti şirkəti yalnız öz layihəsini əsas gətirərək mülkiyyətçinin razılığı olmadan onun evini sökmək səlahiyyətinə malik deyil. İlk növbədə, tikinti şirkəti mülkiyyətçi ilə danışıqlar aparmalı və əmlakın alınması barədə qarşılıqlı razılıq əldə edilməlidir. Mülkiyyətçi yeni tikilən binadan mənzilin verilməsi, mənzil təhvil verilənədək yaşayış üçün nəzərdə tutulan aylıq kirayə ödənişi və digər şərtlər barədə tələblərini bildirməli və tərəflər arasında bunula bağlı müvafiq mülki-hüquqi müqavilə bağlanmalıdır”.

A.Mustafayeva onu da vurğulayıb ki, dövlət qeydiyyatı (çıxarışı) olan əmlak toxunulmazdır: “Tikinti şirkətinin vətəndaşı məcburi şəkildə evindən çıxarması və ya evini sökməsi tamamilə qanunsuzdur. Hər hansı bir söküntü yalnız əmlak sahibinin könüllü rəsmi razılığı və ya müstəsna hallarda (məsələn, bina qəzalı olduqda) məhkəmənin qəti qərarı ilə həyata keçirilə bilər. Hətta çıxarışın olmaması da tikinti şirkətinə həmin evi özbaşına sökmək hüququ vermir. İlk növbədə, həmin tikilinin hüquqi statusu müəyyən edilməlidir. Belə ki, vətəndaşın çıxarışı olmasa da, onun torpaq üzərində qanuni istifadə hüququnu təsdiq edən sənədləri, orderi, icra hakimiyyəti tərəfindən verilmiş aktları, texniki pasportu və ya mülkiyyət hüququnun tanınması üçün əsas yaradan digər sənədləri mövcud ola bilər. Bu halda həmin şəxsin hüquqları məhkəmə qaydasında da müdafiə oluna bilər. Digər tərəfdən, əgər tikili tamamilə qanunsuz inşa olunub və onun üzərində heç bir hüquqi əsas mövcud deyilsə belə, tikinti şirkəti öz təşəbbüsü ilə həmin tikilini sökə bilməz. Tikilinin qanunsuz olub-olmamasına və sökülməsinə dair qərarın qəbul edilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarının və zəruri hallarda məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də çıxarışın olmaması heç bir halda tikinti şirkətinə vətəndaşın evini birtərəfli qaydada sökmək səlahiyyəti vermir. Hər bir konkret hal tikilinin hüquqi statusu, mövcud sənədlər və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb


Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?

Son zamanlar redaksiyamıza bir neçə QHT nümayəndəsi müraciət edərək “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülarə Vəlixanlının onlarla bağlanılmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirirlər. Müraciət müəlliflərinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciətlər edilməsinə, sosial şəbəkələrdə problemlərin işıqlandırılmasına baxmayaraq, nə maliyyə sənədləri təqdim olunur, nə də ödənilmiş vəsaitlər geri qaytarılır.

Şikayətçilərin iddiasına görə, müxtəlif xidmətlərin göstərilməsi və maliyyə sənədlərinin hazırlanması adı ilə QHT-lərə sərfəli təkliflər verilib, nəticədə onlardan xeyli məbləğdə vəsait toplanıb. Lakin sonradan bildirilib ki, bank hesabındakı vəsait vergi borclarına görə avtomatik silindiyindən həmin pulların geri qaytarılması hazırda mümkün deyil.

Bu, ilk baxışdan iki tərəf arasında yaranmış mülki mübahisə kimi görünə bilər. Lakin məsələ bununla bitmir.

Məlumata görə, bu QHT-lər hüquq-mühafizə orqanlarına müraciətin nəticəsiz qalacağı qənaətindədir… Onlar iddia edirlər ki, Gülarə Vəlixanlının arxasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi dayanır. Bu səbəbdən hüquqi addım atacaqları halda gələcəkdə Agentlikdən qrant ala bilməyəcəklərindən ehtiyat edirlər.

Məhz bu iddialardan sonra sözügedən təşkilatın dövlət hesabına maliyyələşdirilən layihələrini araşdırmağa qərar verdik.

Araşdırma zamanı məlum oldu ki, 2023-cü ildə “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Təhsilin əlçatanlığını təmin edən “Rahat Təhsil” (Easy Education) mobil tətbiqi və saytının təkmilləşdirilməsi” layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib və bu məqsədlə təşkilata 8000 manat dövlət vəsaiti ayrılıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? -

Layihənin faktiki nəticəsini öyrənmək üçün təqdim edilən internet saytı və mobil tətbiq nəzərdən keçirdik. Oxucuları da həmin platformaya baxmağa dəvət edirik: https://easyedu.az/

İlk baxışdan yaranan təəssürat ondan ibarətdir ki, layihə tam işlək və funksional təhsil platforması deyil. Sayt və tətbiq daha çox ilkin maket və ya yarımçıq məhsul görüntüsü yaradır. Əgər doğrudan da vəziyyət belədirsə, ortaya çox ciddi suallar çıxır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu layihənin yekun hesabatını hansı meyarlar əsasında qəbul edib? Layihənin icrası yerində monitorinq olunubmu? Hazırlanan məhsulun funksionallığı və ictimai faydası necə qiymətləndirilib?

Yoxsa təqdim olunan sənədlər formal qaydada qəbul edilərək layihə uğurlu hesab olunub?

İndi bizi daha ciddi sual düşündürür. Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?

Ən maraqlı məqam isə bundan sonra başlayır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? -

Normal məntiqə görə, əvvəlki layihənin nəticələri qiymətləndirilməli, onun uğurlu və ya uğursuz olması növbəti maliyyələşdirmə qərarlarına təsir göstərməli idi. Lakin görünən odur ki, belə olmayıb.

Belə ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı ildə də “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin “Gələcəyin mühəndisləri” adlı layihəsini qalib elan edib və yenidən 8000 manat dövlət vəsaiti ayırıb.

Belə olan halda istər-istəməz sual yaranır: əvvəlki layihənin real nəticələri Agentlik üçün ümumiyyətlə əhəmiyyət daşıyırmı? Yoxsa QHT nümayəndələrinin dediyi kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi onlara “like” qoyan və yalnız onlarla foto çəkdirənlərə qrant ayırır?

Əgər layihələrin icra keyfiyyəti, ictimai faydası və davamlılığı qiymətləndirilmirsə, onda qrant müsabiqələrinin əsas məqsədi nədir?

Müraciət edən şəxslər iddia edirlər ki, Gülarə Vəlixanlının QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəhbərliyi ilə yaxın münasibətləri var və bu münasibətlər onun ardıcıl şəkildə qrant qazanmasına şərait yaradır. Bununla da belə şübhələrin yaranmasının özü Agentliyin fəaliyyətində daha yüksək şəffaflıq və hesabatlılıq tələb edir.

Dövlət vəsaiti şəxsi münasibətlərə görə deyil, real nəticələrə görə ayrılmalıdır.

Əgər hər-hansı təşkilat bir layihəni lazımi səviyyədə başa çatdırmayıbsa, onun növbəti layihəsinin hansı əsaslarla maliyyələşdirildiyi ictimaiyyətə aydın izah edilməlidir.

Şəffaflıq yalnız tədbirlərdə çəkilən şəkillərlə, sosial şəbəkələrdə paylaşılan fotolarla və təqdimatlarla ölçülmür. Şəffaflıq dövlət büdcəsindən ayrılan vəsaitin son nəticəsinin cəmiyyət üçün görünməsi deməkdir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? -
Bu gün vətəndaş cəmiyyətində belə bir fikir formalaşır ki, bəzən layihənin keyfiyyətindən çox, müəyyən çevrələrə yaxın olmaq daha vacib hesab edilir. Əgər bu təsəvvür yanlışdırsa, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bunu konkret faktlar və açıq hesabatlarla təkzib etməlidir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi bu məsələlərə münasibət bildirməli, həm adıçəkilən layihələrin qəbul edilməsinin hüquqi və maliyyə əsaslarını, həm də monitorinq mexanizmlərini ictimaiyyətə açıqlamalıdır. Eyni zamanda, redaksiyamıza daxil olmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı şikayətlərin araşdırılması üçün aidiyyəti dövlət qurumlarının da məsələyə hüquqi qiymət verməsi ictimai maraq baxımından əhəmiyyətlidir.(Yenixeberorg.com)[sub][/sub]

Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...


Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi yekunlaşar-yekunlaşmaz, bölgənin bütün rayonlarında bu prosesin şəffaflığına şübhə doğuracaq söz-söhbət və şayiələr yayılmağa başladı. İmtahanlarda ciddi qanun pozuntularının və korrupsiya hallarının baş verdiyinə dair dildən-dilə dolaşan bu səs-səda, az qala, yüksək bal toplayan pedaqoqların uğur sorağını kölgədə qoydu. Rüşvət müqabilində imtahandan kəsilən bəzi namizədlərin nəticələrinin saxtalaşdırılaraq “uğurlu” kimi rəsmiləşdirilməsi, hətta rüşvətin məbləğinə görə qiymətləndirmə balının təyin edilməsi kimi çox ciddi və narahatlıq doğuran məqamlar iddia olunur.
​Əlbəttə ki, bu saxtakarlığı tam şəkildə müəyyən etmək və səsləndirilən iddiaları ifşa etmək üçün imtahanın keçirildiyi otaqların videoqeydlərinin dəqiqliklə izlənilməsi əsas şərtlərdəndir. Bu kadrların hər kəs üçün əlçatan olmadığı məlumdur. Videoarxivə baxmaq imkanımız olmasa da, baş verən bir sıra prosesləri araşdırarkən bu iddiaların əsassız olmadığı qənaətinə gəlmək mümkündür. Əldə etdiyimiz məlumata görə, bu istiqamətdə artıq cəzalandırılan və hətta işdən azad edilən şəxslər var.
​İddialara görə, Xaçmaz şəhər 4 saylı tam orta məktəbində çalışan bir pedaqoq sertifikasiya imtahanında uğurlu nəticə əldə etmək üçün vasitəçilərə üz tutub. Bu vasitəçiliyi edən ilk şəxs Quba rayonunun Zizik kənd orta məktəbinin laborantı Ayna Həmidova olub. O, müəyyən rüşvət qarşılığında imtahandan keçmək vədi verərək həmin pedaqoqdan öncədən razılaşdırılmış vəsaiti alıb və elə həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayevaya ötürüb. Vəfa Paşayevanın isə həmin vəsaiti Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayevə verdiyi iddia edilir.
​Qanun pozuntusu və korrupsiya zəncirinin iştirakçı tərəflərin iradəsindən asılı olan hissəsi “nöqsansız” başa çatsa da, zəncirin digər halqasında işlər planlaşdırıldığı kimi getməyib və həmin müəllim imtahandan kəsilib. Faktla əlaqədar olaraq aldadılan tərəf Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət edib. Qısa müddət ərzində idarə müdirinin əmri ilə həmin vəsaiti məktəb direktorundan alan sürücü Sahil Qocayev işdən azad edilib. Pulu müəllimdən alan laborant Ayna Həmidovanın və direktor Vəfa Paşayevanın hansı formada cəzalandırılması barədə isə hələlik heç bir dəqiq məlumat yoxdur.
​Məsələ ilə bağlı bu korrupsiya piramidasında adı hallanan məktəb direktoru Vəfa Paşayeva ilə əlaqə saxlayıb münasibətini öyrənməyə çalışdıq. O, faktı nə inkar, nə də təsdiq etdi; sadəcə görüşüb məsələni səssiz-sədasız həll etmək üçün bizə xahişini çatdırdı.
​İlkin təəssüratlara görə, hadisələrin kimlərinsə iradəsindən kənar idarə olunduğu sezilsə də, prosesdə başqa şəxslərin də iştirak etdiyi şübhə doğurmur. Hər halda, bundan sonrası müvafiq dövlət strukturlarının və dövlət büdcəsi qarşısında şəffaflıq öhdəlikləri daşıyan Elm və Təhsil Nazirliyinin səlahiyyətinə qalır. Xaçmazda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin bütün günlərinin videoşəkilləri və qeydləri diqqətlə izlənilməli, ən azı şübhə doğuran hallar üzrə imtahanda iştirak edənlərin yekun nəticələri bir daha nəzərdən keçirilməlidir.
7TİMES.az

Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR


Səyyaf Tağıyev 2 iyul 1956-cı ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1985-ci ildə həmin ali təhsil müəssisəsini bitirib. 1985–1986-cı illərdə Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə–LOR ixtisası üzrə internatura keçib.
1986-cı ildən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-otorinolarinqoloq kimi əmək fəaliyyətinə başlayıb. 20 fevral 2002-ci il tarixindən otorinolarinqologiya şöbəsinin müdiri, 30 dekabr 2012-ci ildən isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Hazırda Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsini icra edir.
14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb. 12 iyun 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 14 avqust 2019-cu ildə isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunub.
Dövlətçiliyin və səhiyyənin inkişafında göstərdiyi xidmətlərə, yüksək təşkilatçılıq bacarığına və rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti və digər dövlət qurumları tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılıb.
Məlum olduğu kimi, TƏBİB-ə yeni icraçı direktor təyin olunduqdan sonra qurumda bir sıra islahatlara start verilib. Bu proses fonunda son günlər bəzi media resurslarında Səyyaf Tağıyev barədə həqiqəti əks etdirmədiyi iddia olunan materiallar yayımlanmaqdadır.
İddialara görə, iyulun 2-də 70 yaşı tamam olan Əməkdar həkimin əmək müqaviləsinin uzadılmasına mane olmaq məqsədilə onun barəsində məqsədli qarayaxma kampaniyası aparılır.
Rayonda səslənən iddialara əsasən, vaxtilə Səyyaf Tağıyevin müavini olmuş Murad Həbibov yenidən həmin vəzifəyə qayıtmaq niyyətindədir. Həmçinin bəzi dairələrdə ləğv olunmuş Xaçmaz Maliyyə İdarəsinin keçmiş rəisi Nizami Həsənovun xəstəxanaya direktor təyin oluna biləcəyi barədə müxtəlif söz-söhbətlər dolaşır. Lakin bu məlumatların rəsmi təsdiqi yoxdur və hazırda iddia xarakteri daşıyır.
Redaksiyamıza daxil olan məlumatlara görə, Murad Həbibovla Nizami Həsənov yaxın münasibətdə olan şəxslərdir. Həmçinin bəzi mənbələr iddia edirlər ki, Səyyaf Tağıyev əleyhinə aparıldığı bildirilən qarayaxma kampaniyasının arxasında Murad Həbibov dayanır. Bu iddialarla bağlı hər hansı rəsmi təsdiq və ya məhkəmə qərarı mövcud deyil və adı çəkilən şəxslərin mövqeyi redaksiyamıza təqdim edilməyib.
Uzun illər səhiyyə sahəsində çalışmış, dövlət tərəfindən yüksək qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüş bir həkim haqqında sübuta yetirilməmiş məlumatların yayılması, onun nüfuzuna xələl gətirilməsi cəmiyyətdə narahatlıq doğurur.
Hər bir şəxs barəsində irəli sürülən iddialar yalnız hüquqi və faktiki əsaslarla qiymətləndirilməli, şəxsi maraqlardan irəli gələn qarayaxma kampaniyalarına yol verilməməlidir. Eyni zamanda, bu məsələdə adı hallanan bütün şəxslərin cavab vermək və öz mövqelərini ifadə etmək hüququna hörmətlə yanaşılmalıdır.
dia.az

Vüqar Novruzov çayxanaya getdi, sakinlər kostyumda gəldilər – VİDEO


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun çayxanada sakinlərlə görüşündən yayılan görüntülər müzakirəyə səbəb olub.

Bizimesr.com xəbər verir ki, icra başçısının görüşünə gələn vətəndaşların hər biri çayxanaya kostyumda gəliblər.

Görüntülər sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bildirilib ki, görüş əvvəlcədən planlaşdırılıb və səmimiyyətdən uzaqdır.

NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ...


"Hörmətli Azərbaycan Respublikasının Baş Prokurorluğu... “AYNA” -təzə tender keçirib. Birbaşa bir mənbədən satınalma metodu ilə. Şirkətlər arasında rəqabət yaratmayıb. Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avtobus dayanacaqlarının təmiri ilə bağlı imzaladığı satınalma müqaviləsindən yazmışdıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Arifə Əliyeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Həmin araşdırmada qeyd etmişdik ki, AYNA 419 min 531,18 manat dəyərində müqaviləni "Madina Group" MMC ilə bağlayıb. Araşdırmalar zamanı məlum olmuşdu ki, açıq mənbələrdə şirkət haqqında demək olar ki, heç bir məlumat yoxdur. Hətta internet resurslarında şirkətin əlaqə vasitələrini belə tapmaq mümkün deyildi.
Buna baxmayaraq, şirkətin müxtəlif dövlət qurumlarından fərqli satınalma predmetləri üzrə sifarişlər aldığı, təmir işlərindən tutmuş ofis mebelləri, fərdi mühafizə vasitələri, yumşaq inventarlara kimi müqavilələr bağlayib.
İndi isə AYNA avtobus dayanacaqları ilə bağlı daha bir iri məbləğli satınalma müqaviləsi bağlayıb. Agentlik Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərini "Construction Engineering" MMC-yə həvalə edib. Müqavilənin dəyəri 1 milyon 993 min 848,4 manatdır.
Satınalma bir mənbədən satınalma metodu ilə həyata keçirilib. Bu isə o deməkdir ki, açıq tender keçirilməyib, müxtəlif şirkətlər arasında rəqabət yaradılmayıb və sifariş birbaşa seçilmiş şirkətə verilib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrində yer alan məlumatlara görə, "Construction Engineering" MMC 15 mart 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 7, mənzil 29-dur. Nizamnamə kapitalı 152 min manat təşkil edir. Qanuni təmsilçisi Ağayev Ceyhun Firdovsi oğludur.
Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi Ceyhun Ağayev haqqında da əlavə məlumatlara rast gəlinmir. Onun bu sahədə fəaliyyəti, həyata keçirdiyi layihələr və peşəkar təcrübəsi barədə ictimaiyyət üçün əlçatan informasiya demək olar ki, yoxdur.
Şirkətin öz internet səhifəsində yerləşdirilən məlumata əsasən, əsas fəaliyyət istiqaməti yüksək keyfiyyətli müasir telekommunikasiya şəbəkələrinin infrastrukturunun tikintisi və bu sahə üzrə müxtəlif xidmətlərin göstərilməsidir.
Bu məqam isə müəyyən suallar yaradır. Telekommunikasiya infrastrukturunun qurulmasını əsas fəaliyyət istiqaməti kimi təqdim edən şirkətin təxminən 2 milyon manat dəyərində avtobus dayanacağı pavilyonlarının quraşdırılması işlərini hansı təcrübə və potensialla həyata keçirəcəyi aydın deyil.
Üstəlik, satınalmanın açıq tender deyil, bir mənbədən satınalma metodu ilə həyata keçirilməsi də suallar doğurur. Rəqabətli mühit formalaşdırılmadan belə iri məbləğli dövlət sifarişinin məhz bu şirkətə verilməsi onun seçilmə meyarları, bu sahədəki təcrübəsi və texniki imkanları ilə bağlı məsələləri gündəmə gətirir.
AYNA-nın bundan əvvəl avtobus dayanacaqlarının təmiri ilə bağlı bağladığı müqavilə də oxşar müzakirələrə səbəb olmuşdu. İndi isə yeni dayanacaq pavilyonlarının quraşdırılması üçün seçilən şirkətin fəaliyyət profili ilə sifariş predmeti arasında görünən uyğunsuzluq və satınalmanın bir mənbədən həyata keçirilməsi bu müqavilə ətrafında da yeni suallar yaradır..."

DİA-AZ

“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər


Bravo" marketlər şəbəkəsində satışa çıxarılan məhsulun keyfiyyəti ilə bağlı növbəti şikayət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Musavat.com xəbər verir ki, Saşa Qançarova adlı vətəndaş sosial media hesabında paylaşdığı fotoda "Holland pendiri"nin kifləndiyini iddia edib. Onun sözlərinə görə, məhsulun üzərində son istifadə tarixinin 7 iyul olduğu göstərilsə də, pendir artıq xarab olub və satışdan yığışdırılmayıb.


Paylaşımın altında digər istifadəçilər də müxtəlif "Bravo" filiallarında oxşar hallarla qarşılaşdıqlarını bildiriblər. Onlar vaxtı keçmiş və ya keyfiyyəti şübhə doğuran məhsulların satışda saxlanıldığını iddia edərək marketlərdə ümumi yoxlamaların aparılmasının vacibliyini vurğulayıblar.


Vətəndaşlardan biri yazıb ki, "Bravo Express" mağazalarından birində kiflənmiş çörəklərlə rastlaşıb. Onun sözlərinə görə, satıcılara xəbərdarlıq etdikdən sonra yalnız görünən çörəklər yığışdırılıb, digər məhsullar isə yoxlanılmayıb.


Başqa bir istifadəçi isə "Bravo Əhmədli" hipermarketində xarab olmuş ət məhsulu gördüyünü iddia edib. O bildirib ki, şikayətdən sonra yalnız həmin məhsul piştaxtadan götürülüb, digər məhsullar isə vitrin silinən əski ilə təmizlənərək yenidən satışda saxlanılıb.


Digər şərhlərdə isə Nizami və Əhmədli filiallarında da vaxtı keçmiş süd məhsulları və digər ərzaqların rəflərdə qalması ilə bağlı narazılıqlar səsləndirilib.


Məsələyə "Bravo"nun Müştəri Xidmətləri də münasibət bildirib. Şirkət vətəndaşdan üzr istəyərək qeyd edib ki, məhsulların keyfiyyəti onlar üçün prioritetdir və belə halların təkrarlanmaması üçün nəzarət tədbirləri gücləndiriləcək.


Marketlər şəbəkəsi müraciətin araşdırılması məqsədilə vətəndaşdan hadisənin baş verdiyi filialın ünvanını, alış-veriş qəbzini (mövcud olduğu halda) və əlaqə nömrəsini təqdim etməsini xahiş edib. Şirkət bildirib ki, mağaza rəhbərliyi məsələni ətraflı araşdırmaq üçün şikayətçi ilə əlaqə saxlayacaq.


Qeyd edək ki, sosial şəbəkələrdə səsləndirilən iddialar hələlik vətəndaşların şəxsi paylaşımlarına əsaslanır. Rəsmi qurumlar tərəfindən bu məsələ ilə bağlı hər hansı yoxlamanın nəticəsi açıqlanmayıb.


Musavat.com
Xəbər lenti