Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?


Bakının mərkəzi küçələrində yeni və müasir avtobusların nümayiş etdirilməsi ilə tez-tez gündəmə gələn Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti paytaxtın kənar qəsəbələrinə çatanda tamamilə fərqli mənzərə ortaya çıxır. Elə təəssürat yaranır ki, AYNA rəhbəri Anar Rzayev üçün Bakı yalnız mərkəzi prospektlərdən ibarətdir, Müşfiqabad kimi minlərlə insanın yaşadığı qəsəbələr isə diqqətdən kənarda qalıb.

Bizimesr.com-a göndərilən foto və videogörüntülər Müşfiqabad qəsəbəsindən "20 Yanvar" metro stansiyası istiqamətində hərəkət edən 114A və 114B marşrutlarında yaranmış vəziyyətin sərnişinlər üçün ciddi problemə çevrildiyini göstərir.

Sakinlərin sözlərinə görə, xəttə buraxılan avtobusların əksəriyyəti köhnə və istismara yararsız vəziyyətdədir. Oturacaqlar sınıq, salonlar natəmiz, texniki vəziyyət isə sərnişinlərin təhlükəsiz və rahat daşınması ilə bağlı ciddi suallar yaradır.

Demək olar ki, hər gün marşrut üzrə hərəkət edən bir və ya bir neçə avtobus yolda nasazlıq səbəbindən dayanır. Nəticədə sərnişinlər avtobuslardan düşürülür və yolun ortasında qalırlar. İnsanlar işə, məktəbə və ya digər ünvanlara vaxtında çatmaq əvəzinə növbəti avtobusu gözləməyə məcbur olurlar.

Problemlər bununla da bitmir. Sərnişinlərin bildirdiyinə görə, marşrut üzrə avtobusların intervalı olduqca uzundur. Bu səbəbdən insanlar bəzən dayanacaqlarda uzun müddət gözləyirlər. Yayın qızmar istisində kondisionersiz avtobuslar isə vəziyyəti daha da ağırlaşdırır. Sıxlıq, havasız salon və texniki problemlər hər gün yüzlərlə sərnişinin üzləşdiyi reallıqdır.

Ən diqqətçəkən məqamlardan biri isə sakinlərin iddiasına görə, bu problemlə bağlı illərdir AYNA rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, vəziyyətin dəyişməməsidir. Onların sözlərinə görə, müraciətlər ya cavabsız qalır, ya da real nəticə vermir.

Bu vəziyyət ciddi suallar doğurur. Əgər paytaxtın mərkəzində müasir avtobus parkı yaratmaq mümkündürsə, niyə Müşfiqabad sakinləri köhnə, tez-tez xarab olan və elementar rahatlıq standartlarına cavab verməyən avtobuslardan istifadə etməyə məcbur qalırlar? Dövlət büdcəsindən nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına milyonlarla manat vəsait ayrıldığı halda, Bakıətrafı qəsəbələrin sakinləri niyə ikinci dərəcəli xidmətlə kifayətlənməlidirlər?

İctimai nəqliyyat hər bir vətəndaş üçün əlçatan, təhlükəsiz və rahat olmalıdır. Bu xidmət yalnız şəhərin mərkəzi ilə məhdudlaşmamalı, paytaxtın bütün yaşayış məntəqələrini əhatə etməlidir. Əks halda, mərkəzdə yaradılan müasir görüntü fonunda qəsəbələrdəki acınacaqlı vəziyyət nəqliyyat sahəsində aparılan islahatların hamıya eyni dərəcədə çatmadığını göstərir.(Bizimesr.com)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/anar-rzayev114a-ve-114b-marsrutlarindaki-biabirci-veziyyeti-niye-gormur-22444

İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT


İş adamı Mətanət Həsənova bloger və tiktoker Həmid Allahverdiyevlə bağlı yeni iddialarla çıxış edib. O, sosial şəbəkələrdə müxtəlif ödənişlərə dair olduğunu bildirdiyi çek və qəbzləri paylaşaraq, külli miqdarda maddi ziyana məruz qaldığını iddia edib.

Şikayətçinin sözlərinə görə, 2023-cü ildən başlayaraq Həmid Allahverdiyevin müxtəlif vədlərinə inanaraq ümumilikdə 135 min manat vəsait xərcləyib. İddiasına əsasən, həmin məbləğin böyük hissəsi TikTok platformasında keçirilən oyunlara və digər ödənişlərə sərf olunub. O bildirir ki, oyunlar vasitəsilə avtomobil qazanacağı və həmin avtomobilin ona təqdim ediləcəyi vəd edilsə də, bu baş verməyib.

Həsənova həmçinin iddia edir ki, əlavə olaraq 15 min manat kazino oyunlarında uduzub və bu prosesdən əldə olunan gəlirlərin Həmid Allahverdiyevin xeyrinə olduğu qənaətindədir.

Şikayətçi uzun müddət qarşı tərəfə həm maddi, həm də mənəvi dəstək göstərdiyini, lakin sonradan aldadıldığını düşündüyünü bildirir. Onun sözlərinə görə, verilən şəxsi vədlər də sonradan öz təsdiqini tapmayıb və bütün bunların yalnız maddi maraq məqsədi daşıdığı qənaətinə gəlib.

İş qadını məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini açıqlayıb. O, müraciətində iddialarının obyektiv araşdırılmasını, təqdim etdiyi çek və digər sübutlara hüquqi qiymət verilməsini xahiş etdiyini bildirib.

Qeyd edək ki, yazıda yer alan məlumatlar Həsənovanın iddialarına əsaslanır. Həmid Allahverdiyev tərəfindən bu iddialarla bağlı hələlik ictimai açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Paytaxt.org

Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia


17 aprel tarixində elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.

Nazirin bu işgüzar səfəri Qusar təhsil sektorunda olduqca təlatümlü və arzuolunmaz olaylarla da yadda qalıb.

Nazirin və onunla birlikdə Qusara gələn nazirlik əməkdaşlarının yemək, qalma və digər səfər xərclərinin qarşılanması üçün həmin ərəfədə Qusarın bütün şəhər və ətraf kənd məktəblərinin rəhbərlərindən və pedaqoji kollektivindən müxtəlif məbləğlərdə kütləvi pul toplama marafonu həyata keçirilib.

İddia edilir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın tapşırığı ilə şəhər məktəblərinin hər birindən 500 manat məbləğində vəsait yığılıb. Bu vəsaitin nazirin nahar yeməyi və nazirliyin digər məsul şəxslərinin hotel pulunun ödənilməsi üçün xüsusi tapşırıq kimi vurğulandığı da iddialar arasındadır.

Qısa zaman kəsiyində yerinə yetirilən bu kütləvi marafon bir çox pedaqoq tərəfindən narazılıqla qarşılanıb. Bu vəsaiti verməkdən imtina edən həmin müəllimlər məsələ barədə sosial şəbəkə üzərindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə məlumat verib.

Bundan sonra Naira Klıçova Coşqun Əliyev tərəfindən şiddətlə qınanaraq yığılan vəsaitlərin dərhal geri qaytarılması tapşırığını alır.

İdarə müdirinin qəzəbindən canını qurtaran sektor müdiri sonda heç bir cəza almasa da, nazir Emin Əmrullayevin səfər xərcləri adı altında toplanan vəsaitlərin hamısı geri qaytarılıb.

Bununla da, sözügedən tapşırığın regional idarə tərəfindən verilmədiyi hər kəsə məlum olub.

​Səsləndirilən iddialarda adı çəkilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın mövqeyini almaq üçün tərəfimizdən ona göndərilən yazılı informasiya sorğusuna cavab verilməyib./7times.az

“Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edildi - 3 milyon mənimsəmə


“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.
V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur.
İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Şirkət paytaxtda bir neçə yaşayış binasının tikintisini həyata keçirib. E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.
2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub.
Bizimesr.com

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)



Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.
Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.
Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmayıb. O bildirib ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.
Yalçın Kazımov onu da qeyd edib ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.
Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.//Xəzər TV

Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi


Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi "Proqress İnşaat En" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilədə Mərkəzin 1-ci korpus binasının əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 72 449,17 manatdır.

Satınalma proseduru birmənbə metodunun tətbiqi ilə həyata keçirilib. Bu isə deməkdir ki, satınalma müsabiqəsi keçirilməyib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat En" MMC 29 noyabr 2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur.

Şirkət haqqında açıq mənbələrdə demək olar ki, əlavə heç bir məlumat mövcud deyil. "Proqress İnşaat En" MMC-nin nə rəsmi internet səhifəsi, nə də ictimaiyyət üçün əlçatan əlaqə vasitələrinə rast gəlinir.

"Proqress İnşaat En" MMC dövlət satınalmalarında tez-tez qalib gələn şirkətlərdən biri kimi tanınır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, şirkət ötən il 8 tenderin qalibi olub. Həmin tenderlər üzrə bağlanmış satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 6 613 104,65 manat təşkil edib.

Qaynarinfo

Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...



ADPU-nun dosenti İlham Əhmədovun məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan xalqının zəngin folklorunda bəzən bütöv bir sosial həqiqəti ifadə edən metaforalar görünür. Onlardan biri də bu ifadədir: “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam.” Bu ifadənin mənası budur ki, kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm. Əslində bu, təkcə fərdi xarakterin xüsusiyyəti deyil, bu bəzən bütöv idarəetmə modeli olur...
Bu gün Azərbaycan təhsil sisteminə diqqətlə baxdıqda müəyyən sahələrdə məhz belə idarəçilik fəlsəfəsinin formalaşdığını görürürk. Bu məqalədə həmin yanaşmanı şərti olaraq “Təhsildə heyvagülü siyasəti” adlandırırıq. Bu anlayış təhsildəki idarəetmə davranışının analitik modelidir.
“Heyvagülü siyasəti” nədir?..
Bu təhsil siyasətinin əsas xüsusiyyətləri belədir:
• ekspert rəyinin nəzərə alınmaması;
• elmi araşdırmaların qərarverməyə təsir etməməsi;
• tənqidlərin sistemli şəkildə görməzlikdən gəlinməsi;
• statistik göstəricilərin formal və saxta xarakter daşıması;
• beynəlxalq təcrübənin əməldə yox, yalnız təqdimatlarda xatırlanması;
• problemlərin səbəblərinin deyil, nəticələrinin müzakirə olunması…
Başqa sözlə, qərar əvvəl qəbul edilir, sonra isə həmin qərarı əsaslandıracaq arqumentlər axtarılır. Halbuki müasir dövlət idarəçiliyində proses bunun tam əksidir. Əvvəl məlumat toplanır, sonra təhlil aparılır, daha sonra qərar qəbul edilir.
Təhsil menecmentində ən təhlükəli amil: səbəbsiz yerə özünəinamın həddindən artıq olması…
Müasir idarəetmə nəzəriyyəsində “Dunning-Kruger effekti” adlanan maraqlı psixoloji hadisə mövcuddur. Bu effekt göstərir ki, ən az bilən insanlar çox vaxt özlərini ən çox bilən hesab edirlər. Ən peşəkar insanlar isə daim öyrənməyə çalışırlar. Təhsil idarəçiliyində də bəzən oxşar vəziyyət müşahidə edilir.
İdarəçilərdən bəziləri hesab edirlər ki, onların qərarları müzakirə olunmamalıdır. Təklif vermək tənqid kimi qəbul edilir. Alternativ fikir isə sanki şəxsi hücum hesab olunur. Belə olduqda idarəetmə inkişaf etmir. Sadəcə təkrarlanır…
Reallıqda xeyli məqalələr yazılır, təkliflər verilir, amma “söz sahibi” öz payini götürmür…
Son on ildə Azərbaycan təhsili haqqında yüzlərlə analitik məqalə dərc olunmuşdur. Universitet professorları, təhsil ekspertləri, müəllimlər, işəgötürənlər, jurnalistlər, beynəlxalq təşkilatlar eyni problemləri dəfələrlə göstərmişlər. Məsələn, kurikulum problemləri, müəllim hazırlığındakı boşluqlar, qiymətləndirmə mexanizmlərinin zəifliyi, universitetlərin əmək bazarından uzaqlaşması, elmi fəaliyyətin formal xarakter daşıması, beynəlxalq akkreditasiyanın zəif inkişafı, rəqəmsallaşmanın konsepsiyasız həyata keçirilməsi. Lakin illər keçir, problemlər isə demək olar ki, dəyişmir. Bu, artıq təsadüf deyil. Bu, idarəetmə modelidir. Ölkə prezidenti deyir ki, ictimai nəzarəti gücləndirin, bizə təkliflər verin, amma məmurlar başqa cür düşünür və işləyirlər...
Məktəb məzunları niyə proqramın yalnız az bir hissəsini mənimsəyirlər?..
Müxtəlif qiymətləndirmələr göstərir ki, məktəbdə öyrədilən proqramın əhəmiyyətli hissəsi şagird tərəfindən tam mənimsənilmir. DİM-in hesabatı göstərir ki, məzunlar proqramı 40 % həcmində mənimsəyirlər. Bu hal yalnız şagirdin və ya müəllimin fərdi səyləri ilə izah oluna bilməz. Problem daha dərin sistem amilləri ilə bağlıdır…
Əgər məzun yalnız proqramın təxminən 40 faizini effektiv şəkildə mənimsəyirsə, bu, ilk növbədə proqramın həcminin real imkanlara uyğunluğu, öyrənmə metodikasının müasir idrak xüsusiyyətlərinə uyğunluğu, qiymətləndirmə sistemi öyrənməni təşviq edirmi, yoxsa yalnız nəticəni ölçür, müəllimlərin peşəkar inkişafı davamlı şəkildə dəstəklənirmi, məktəblərdə məlumatın əzbərlənməsi, yoxsa bacarıqların formalaşdırılması prioritetdir və s. kimi suallar yaradır. Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir...
Universitet diplomunun dəyərini kim müəyyən edir?..
Ali təhsilin keyfiyyəti diplomun kağız üzərində mövcudluğu ilə deyil, onun məzununa qazandırdığı kompetensiyalarla ölçülür. Müasir qlobal əmək bazarında universitet diplomunun nüfuzu dörd əsas amildən asılıdır: tədrisin keyfiyyəti, elmi tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq, məzunların rəqabət qabiliyyəti…
Əgər universitet məzunu əmək bazarında üstünlük qazanmırsa, işəgötürənlər həmin diplomu yüksək dəyər kimi qəbul etmirlərsə və beynəlxalq akademik mühitdə universitetin elmi nüfuzu zəifdirsə, formal diplom iqtisadi və sosial kapitala çevrilə bilmir. Bu vəziyyət yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə ali təhsil siyasətinin nəticəsidir...
İdarəetmədə ən böyük təhlükə — geribildirimdən qorxmaq…
İnnovativ təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır. Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir. Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar. Müəllimdən, tələbədən, məzundan, işəgötürəndən, valideyndən… Onlar bu rəyləri təhlükə hesab etmirlər. Bunu inkişaf resursu hesab edirlər. Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir. Səhvlər gizlədildikdə isə inkişaf dayanır…
Təhsil idarəçiliyi XXI əsrdə necə olmalıdır?..
Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır. Müasir menecer yalnız qərar qəbul edən şəxs deyil, həm də öyrənən liderdir. O, ekspert rəylərini toplayır, məlumatları təhlil edir, fərqli baxışları müqayisə edir və qərarlarını sübutlara əsaslandırır. Belə yanaşma “öyrənən təşkilat” modelinin əsasını təşkil edir. Burada rəhbər hər şeyi bildiyini iddia etmir, əksinə, daha yaxşı qərarlar qəbul etmək üçün müxtəlif bilik mənbələrindən istifadə edir. Təhsil kimi mürəkkəb sistemdə bu xüsusiyyət zərurətdir…
Təhsildə “heyvagülü siyasəti”nin uzunmüddətli nəticələri…
Əgər qərarvermə prosesi qapalı qalarsa və elmi əsaslandırılmış təkliflər sistemli şəkildə nəzərə alınmazsa, bir neçə strateji risk formalaşır:
• insan kapitalının keyfiyyətinin zəifləməsi;
• innovasiya potensialının aşağı düşməsi;
• universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin azalması;
• işəgötürənlərlə ali təhsil arasında uyğunsuzluğun dərinləşməsi;
• gənclərin xaricdə təhsilə və əmək bazarına yönəlməsinin artması;
• dövlətin təhsilə yatırdığı investisiyaların səmərəliliyinin azalması…
Bu nəticələr yalnız təhsil sektorunu deyil, bütövlükdə insan kapitalı, iqtisadi inkişafı və milli rəqabət qabiliyyətini də zəiflədir.
“Heyvagülü siyasəti”ndən “Öyrənən təhsil idarəçiliyi” modelinə keçid…
Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə yeni layihələr elan etməkdən daha çox, qərarvermə fəlsəfəsini dəyişməkdir. Bunun üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:
1.Təhsil siyasətində sübuta əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.
2.Müstəqil ekspert və akademik icmanın qərarların hazırlanmasına sistemli şəkildə cəlb olunması.
3.Təkliflərin və ictimai müzakirələrin nəticələrinin rəsmi şəkildə qiymətləndirilməsi.
4.Təhsil göstəricilərinin müntəzəm monitorinqi və açıq məlumat bazalarının yaradılması.
5.Pilot layihələrin nəticələri əsasında siyasətin korrektə edilməsi.
6.Uğursuz qərarların səbəblərinin etiraf edilməsi və institusional öyrənmə mexanizmlərinin formalaşdırılması.
Bu yanaşma idarəetməni şəxsi iradədən institusional rasionalizmə doğru yönəldir…
Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz. Təhsil sistemi yalnız büdcə və ya normativ sənədlərlə deyil, öyrənmə qabiliyyəti ilə güclənir. İdarəetmə də eyni prinsiplə işləyir: dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə inkişaf etmir…
Azərbaycan təhsilinin gələcəyi “Heyvagülü siyasəti”ndən imtina edib dialoq, elmi sübutlar, peşəkar ekspertiza və institusional öyrənmə mədəniyyətinə keçidindən asılıdır. Əsl innovasiya yeni terminlər yaratmaqda deyil, idarəetmənin özünü öyrənən və öz səhvlərindən nəticə çıxaran sistemə çevirməkdədir. Məhz belə olduqda təhsil yalnız diplom verən institut deyil, ölkənin intellektual, iqtisadi və mədəni inkişafını təmin edən strateji gücə çevrilə bilər…”

Moderator.az

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...


Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC (VÖEN – 2905154871) olub.

Yeniavaz.com xəbər verir ki, İdarə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətləri üçün “Texno Lyuks M” MMC-yə 1 milyon 790 min 255 manat 99 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.

2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC indiyədək yalnız Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqələrində qalib olub. “Texno Lyuks M” MMC 2022–2026-cı illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi 44,4 milyon manat dəyərində 9 tender müsabiqəsində qalib olub.

Onu da qeyd edək ki, dövlət qeydiyyatına alınan zaman “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 51, ev 37-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Babaşov Mirağa Babakişi oğlu olub.

Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO


Gəncə şəhərində bir qrup müəllim kollecin direktorunun onları əmək müqaviləsində dəyişikliklərə razılıq verməyə məcbur etdiyini iddia edir.


Xezerxeber.az-ın məlumatına görə, söhbət Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecindən gedir.


Müəllimlərin sözlərinə görə, direktorun bu tələbi onları narazı salıb.


Müəllimlər iddia edirlər ki, kollecin hazırkı direktoru vəzifəyə təyin olunduqdan sonra onlar dəfələrlə oxşar problemlərlə üzləşiblər.


Bəs iddialar nə dərəcədə doğrudur? Kollecin direktoru Xoşqədəm Xudiyeva iş rejimi ilə bağlı müəyyən dəyişikliklərin nəzərdə tutulduğunu bildirsə də, əməkdaşların səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığını bildirib:


Kollecin direktoru həmçinin deyib ki, nəzərdə tutulan dəyişikliklərlə bağlı əməkdaşlara qanunvericiliyə uyğun şəkildə əvvəlcədən yazılı bildirişlər təqdim olunub.(Xezerxeber.az)



İlqar Bayramlı Fatma Çandırovanı yola saldı - Emin yeni direktor ola biləcəkmi?


İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandırova təqaüdə göndərilib.

Bizimesr.com bildirir ki, Mərkəz direktorunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı şəxsən yola salıb. Bununla da İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru uğrunda yeni mübarizə başlayıb.

Məlumata görə, Fatma Çandırova İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor kimi müavini olmuş, bütün işlərdən xəbərdar olan ən sax adamı Emin adlı şəxsi direktor təyin etdirməyə çalışır. Çünki bu Mərkəzə başqa şəxsin təyin edilməsi Fatma Çandırova üçün yaxşı nəticələr verməyə bilər.

Mərkəzdə direktor müavini çalışan Emin adlı şəxsin Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovun ən yaxın adamlarından biri sayılır.

Qeyd edək ki, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Fatma Çandırovanın Mərkəzdə çalılşan işçilərlə rəftarı o qədər xoş olmayıb, onun fəaliyyəti ilə bağlı çoxsaylı neqativlərin olduğu iddia olunur.

Bizimesr.com

Xəbər lenti