Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür


Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.

Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı. Ali Baş Komandan Heydər Əliyevin cəbhə bölgələrinə səfərləri də ordu quruculuğunda mühüm mərhələdir.

1994-cü ilin mayında Ermənistanla atəşkəsin əldə olunmasından sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə - Vətən Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Azərbaycan əsgəri 30 ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.

 “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?


“Aztelekom”un işdən çıxarılan İnsan resursları departamentinin sədr müavini Elnur Axundov şirkətdən ayrılma səbəbləri ilə bağlı bir sıra faktları açıqlayıb.

Bu barədə Pravda.az-a danışan keçmiş direktor müavini deyib ki, o, “Aztelekom”da sözügedən vəzifədə ötən ilin aprelin 1-dən çalışmağa başlayıb.

Elnur Axundovun sözlərinə görə, işlə bağlı dəvət ona “Aztelekom”dan gəlib: “Həmin dövrdə başqa şirkətdə işə başlamalı idim. Departamentin o vaxtkı direktoru, köhnə iş yoldaşım Talıb Bayramov mənə zəng etdi, müsahibəyə dəvət olundum. Razılaşdım, 2025-ci ilin martında bir neçə müsahibədən keçdim. Eləcə də bu müsahibələrdən biri və əsası “Azercell”də İnsan resursları departamentinin direktoru vəzifəsində çalışan Dilarə Hüseynova ilə idi. O zaman mənə “Aztelekom” və “Azercell”in gələcəkdə birləşmə ehtimalının olduğunu demişdilər. Buna görə eyni anda “Azercell”in məni müsahibə etməsi məntiqli gəldi. Beləliklə, bütün müsahibələrim uğurla keçdi və apreldən etibarən İnsan resursları departamentinin direktor müavini vəzifəsində işə başladım.

Söhbət ölkədə ən böyük telekommunikasiya şirkətlərindən gedir. İlk aylar adaptasiya mərhələsində idim. Həm təşkilatı, həm də təşkilat daxilində olan fərdi praktikaları nəzərdən keçirib tanış oldum. Eyni zamanda, böyük bir layihəyə başladım, təşkilat üçün böyük dəyər yaratdım, layihə davam etdiyi dövrdə hansısa uydurma səbəbdən “Aztelekom” daxilində yox, məhz Dilarə Hüseynova tərəfindən araşdırma başladı. Mükafatlandırma şöbəsinin rəhbəri haqqında kiçik şikayət yaranır və araşdırma başladılır... Şöbə rəhbəri isə birbaşa mənə tabe olan rəhbər şəxslərdən biridir. Araşdırma ilə əlaqədar hər hansı məlumat, yaxud nəticə heç bir halda bölüşülmədi. Sadəcə, qərar verilir ki, şöbə rəhbəri sabahdan ya adi sıravi işçi kimi çalışmalıdır, ya da təşkilatı tərk etməlidir. Sözsüz ki, həmin xanım təşkilatı tərk etməyi seçdi. Bu qərar da qanunsuzdur. Belə bir şey etmək qanuni deyil ki, kadra deyəsən, “sabahdan vəzifəni aşağı salıram...” Tənbeh edə, yaxud təlim keçə, inkişaf etdirə bilərsən, amma heç vaxt “downgrade” edə bilməzsən. Dilarə Hüseynova tərəfindən belə qeyri-qanuni qərar verildi. Bunun kommunikasiyası İnsan resursları departamentinin direktoru Talıb Bayramov vasitəsilə olunurdu. Beləliklə, ilk mənəvi zərbə, qeyri-qanuni hərəkət bu zaman baş verdi. Şöbə rəhbəri təşkilatı tərk etdi. Dekabr ərəfəsində Talıb Bayramovun təşkilatdan ayrılma xəbəri yayıldı. Bu da Bayramovun öz istəyi ilə deyil, məhz Dilarə Hüseynovanın qərarı ilə oldu. Nəticədə, Bayramov təşkilatdan uzaqlaşdırıldı və tanınmayan digər kiçik təşkilata yönləndirildi. Yəqin ki, çox səsi çıxmasın deyə... Mənim də təşkilatdan getməyim gərəkli imiş kimi mesaj verildi. Həmin dövrdə bunun belə tez baş verəcəyini düşünmürdüm. Deyirdim ki, ən azından müqavilənin sonuna qədər vaxtım var. Bu hal həm də insana mənəvi zərbə vurur. 24 dekabr - doğum günümdən bir gün əvvəl işdən getməli olduğum deyildi. Bir neçə gün sonra - Yeni il öncəsi, 30 dekabr “Elnur Axundov yeni İnsan resursları departamentinin direktoru gələnə qədər olmamalıdır” kimi mesaj göndərildi. Yenə də Talıb Bayramov vasitəsilə... Mən də 30 dekabrda bu təzyiqlər altında işdən çıxmaqla bağlı ərizə yazdım, amma Yeni il tətili bitdikdən sonra ilk iş günümdə həmin ərizəni geri götürmək üçün daha bir ərizə yazıb təqdim etdim. Sözsüz ki, təşkilat daxilində təşviş yarandı, “nə edək?” Sonda mənə sadəcə “getməlisən və ikinci ərizəni qəbul etmirik, artıq işdən çıxırsan” mesajı verildi. İnsan resursları departamentinin direktoru vəzifəsinə Dilarə Hüseynovanın həyat yoldaşı Elnur Hüseynovun keçmiş iş yoldaşı təyin olundu. Heç bir seçim, iş elanı olmadan sadəcə öz “barmaqları” ilə adamı vəzifəyə qoyurlar. Beləliklə, məhkəmə prosesini başlatdım. Yasamal Rayon Məhkəməsində mülki iş başladıldı. Həmin məhkəmə prosesində hakim Ülkər Xəlil ilk iclasda özünü çox peşəkar apardı, cavabdeh olan “Aztelekom”a doğru suallar ünvanladı. Hiss olunurdu ki, insan öz işini görür. Amma növbəti iclaslarda isə ehtimallar bu oldu ki, yəqin, Ülkər Xəlilə də hər hansı təzyiq və ya tapşırıq verilib, bu iş necə bitməlidir... Nəticədə isə mənim iddiam rədd olundu. İddiam işə bərpa, boş qalmanın ödənişi, psixoloji məsələ idi. Talıb Bayramov məhkəmə prosesində şahid kimi iştirak etməyə mənə şifahi olaraq “hə” desə də, sonda AZCON Holdinqin İnsan resursları departamentinin direktoru Elnur Hüseynov tərəfindən təzyiqlərə məruz qalıb. Beləliklə, şahid iştirak etmədi, digər şahidlər isə təzyiq altında məhkəmədə yalan ifadə verdilər. Nəticədə, ilk instansiya mənim məğlubiyyətimlə nəticələndi. Bildiyiniz kimi, AZCON Holdinq Prezidentin fərmanı ilə yaradılmış dövlət holdinqidir. Faktiki olaraq yerlərdə təşkilatlara nəzarəti təşkil edən qurum AZCON Holdinqin İnsan resursları departamenti öz həyat yoldaşına nəzarəti təşkil edə bilməz. Sözsüz ki, bu böyük uyğunsuzluqdur. Buna baxmayaraq necəsə bu baş verib. Hazırda əminəm ki, ölkə Prezidentinin xəbəri yoxdur ki, belə bir hal baş verir. Bu, eyni zamanda imkan yaradır ki, insanlar istədiklərini etsinlər. “Aztelekom” “Azercell” tərəfindən idarə olunur. Bu isə de-yure deyil, məhz de-faktodur! “Aztelekom”da çalışan və uzun müddətdir, baş direktor vəzifəsini müvəqqəti icra edən Həsən Ömərov da sadəcə ad üçün orada mövcuddur. Heç bir qərar vermir, hər hansı təsiri yoxdur. Hətta onunla baş tutmuş son telefon danışığı zamanı “niyə belə edirlər?” sualını verdikdə “bunlar nəsə edəndə niyəsini deyirlər ki?” kimi cavab verildi. Şirkətlə bağlı qərarları faktiki “Azercell”in rəhbəri olan Zarina Zeynalova verir. İdarəetməni hibrid şəkildə məsafədən reallaşdırır. Sözsüz ki, bu, daxildə olan prosesləri, mövcud problemləri bəzən bilmədən və anlamadan baş verir. Xüsusilə, insan resursları keyzində belədir... Hazırda iş Apellyasiya Məhkəməsindədir”.

Pravda.az

İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR


ATV kanalının sabiq prezidenti, hazırda həbsdə olan Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlət büdcəsinə 316 min 96 manat 75 qəpik vergi borcu yaranıb.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 679 min 574 manat olan ASC-nin qanuni təmsilçisi İbrahimov Nəriman Həsən oğludur.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib. Bir ildən çox davam edən istintaqdan sonra “Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi olan Tağı İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.
ATV kanalının sabiq prezidenti Tağı İbrahimov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin və Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
Onu da qeyd edək ki, Tağı İbrahimovun başqa bir qardaşı Sahib İbrahimov da 2022-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub və ona 6 il 9 ay azadlıqdan məhrum edilmə cəzası verilib.
Uzun illər Hacı İbrahim Nehrəmlinin (İbrahimov İbrahim Hüseyn oğlu) rəhbərlik etdiyi “Avesta Konserni” MMC-nin (VÖEN – 0200020201) isə hazırda dövlət büdcəsinə böyük həcmdə – 774 min 794 manat 96 qəpik vergi borcu var. 1996-cı ildən fəaliyyət göstərən “Avesta Konserni” şirkətinin hazırda qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.
“Avesta Konserni” MMC ilə eyni ünvanda – Nərimanov rayonu, Teymur Əliyev, ev. Məhəllə 1104-də yerləşən və faktiki sahibi olan Sahib İbrahimov olan “Sahil-D Kompani” MMC-nin (VÖEN – 1300006451) isə dövlət büdcəsinə 11 min 112 manat 46 qəpik vergi borcu var.

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Fərəcov Təvəkkül Seyfulla oğlu – polkovnik

Məmmədov Kamil Sədiyar oğlu – polkovnik

Hüseynov Emil Əli oğlu – kapitan

"Vətən uğrunda" medalı ilə

Məmmədov Şahin Oruc oğlu – kontr-admiral

Abdullayev Tural Zakir oğlu – polkovnik

Məmmədov Rəşad Ramiz oğlu – 1-ci dərəcəli kapitan

Bəkirov Fərid Cahangir oğlu – polkovnik-leytenant

Hüseynov Elşən Yaşar oğlu – polkovnik-leytenant

İbrahimov Qadir Telman oğlu – polkovnik-leytenant

Məşiyev Nofəl Ərəstun oğlu – mayor

Hacıməmmədov Şirxan Şöhrət oğlu – baş gizir

"Hərbi xidmətlərə görə" medalı ilə

Əliyev Fərid Əlibaba oğlu – general-mayor

Abdullayev Xəyyam Vaqif oğlu – polkovnik

Babayev Rəşad Tahir oğlu – polkovnik

Cahangirov Cavanşir Əlisahib oğlu – polkovnik

Çobanov Roman Salman oğlu – tibb xidməti polkovniki

Əhmədov Fuad Məhəmmədağa oğlu – 1-ci dərəcəli kapitan

Əsgərov Əvəz Zəbirşah oğlu – polkovnik

Qənbərov Rəşad Müştaba oğlu – polkovnik

Mədətov İsmayıl Səfər oğlu – polkovnik

Rizvanov Səməndər Səməd oğlu – polkovnik

Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik

Salayev Elçin Ələddin oğlu – polkovnik

Səfərov Anar Haqverdi oğlu – polkovnik

Vəliyev Gündüz İslam oğlu – polkovnik

Yaqubov Oruc İmran oğlu – polkovnik

Abdinov Tacirəddin Akif oğlu – polkovnik-leytenant

Baqiri Abduləli Məhəmmədəli oğlu – polkovnik-leytenant

Cavadov Əsədulla Yusif oğlu – polkovnik-leytenant

Kərimov İlqar Vaqif oğlu – polkovnik-leytenant

Qasımov Emil Xadim oğlu – ədliyyə polkovnik-leytenantı

Mehdiyev Rüstəm Süleyman oğlu – polkovnik-leytenant

Məmmədov Zamir Maarif oğlu – polkovnik-leytenant

Süleymanlı Elçin Səlimxan oğlu – polkovnik-leytenant

Şahverdiyev Xəyyam İkram oğlu – polkovnik-leytenant

Zayıdov Əziz Tahir oğlu – polkovnik-leytenant

Əməşov Rövşən Məmmədağa oğlu – mayor

Hacıyev Kənan Kamil oğlu – mayor

Hüseyinov Ramil İlham oğlu – mayor

Hüseynov Səbuhi Volodya oğlu – mayor

Məmmədov Əbil Alim oğlu – ədliyyə mayoru

Əkbərov Ceyhun İman oğlu – kapitan

Kavuzov Əhməd Mutalif oğlu – kapitan

Məmmədov Eldar Tapdıq oğlu – kapitan.

BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?


Dünən Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib.


Bakupost.az xəbər verir ki, bununla bağlı tələbələr sosial şəbəkədə paylaşımlar ediblər.


İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Qeyd olunur ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N. Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.


Sonradan məzunlara bildirilib ki, təşkilatçının hesabları dondurulduğu üçün vəsait dərhal geri qaytarıla bilməz.


“Ödənişlərin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir: Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik”, - deyə paylaşımda qeyd olunub.


Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR


Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi “Teymur Collection” MMC (VÖEN – 1007222231) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
“Teymur Collection” MMC Dövlət Gömrük Komitəsinin sifarişilə bu quruma vəzifəli şəxslər üçün xüsusi geyim forması və fərqləndirmə nişanları satacaq və qarşılığnda 180 min 693 manat 40 qəpik alacaq.
Nizamnamə kapitalı 50 000 manat olan “Teymur Collection” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.

“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT


“AFB Bank” ASC-nin Mərkəz filialının sabiq müdiri Nail Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, eks-filial müdiri külli miqdarda rüşvət almaqda ittiham olunur.

Nail Həsənov müştərilərdən birinə maliyyə vəziyyəti nəzərə alınmadan 80 min manat kredit verilməsini təşkil edib. Bunun müqabilində isə 12 min manat “otkat” alıb.

Bu əməlinə görə Nail barəsində əvvəl həbs qətimkan tədbiri seçilib, sonradan ev dustaqlığına buraxılıb.

Hazırda cinayət işi üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq.

İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...


Naxçıvan şəhərində içməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub. Şəhərin bəzi məhəllələrində yaşayan sakinlər bildirirlər ki, son günlər suyun təzyiqi kəskin azalıb, bəzi binalarda isə sudan normal istifadə etmək ümumiyyətlə mümkün deyil.

Sakinlərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, əsas problem Mikrorayon ərazisi və Qoçüstü məhəlləsində müşahidə olunur. Şikayətçilər iddia edirlər ki, suyun əsas hissəsi Yeni Naxçıvan massivində yerləşən yüksəkvəzifəli şəxslərin villalarına, həyətyanı sahələrə və bəzi özəl obyektlərə yönləndirilir.

Qoçüstü sakini Gülbadam Məmmədova deyir ki, bəzi saatlarda kranlardan ümumiyyətlə su gəlmir. Su gələndə isə təzyiq o qədər zəif olur ki, qızdırıcılar belə işləmir:

“Saatlarla kranlardan su gəlmir. Təzyiq o qədər zəif olur ki, nəinki yuxarı mərtəbələr, heç aşağı mərtəbələrdə yaşayanlar belə sudan istifadə edə bilmir. Bir neçə dəfə zəng etmişəm. Hər dəfə bir-iki saata suyun veriləcəyini desələr də, nəticə yoxdur. Aşağı mərtəbəyə su götürməyə düşürük. Suyun təzyiqi o qədər aşağıdır ki, qızdırıcıları belə işlətmir”.

Digər sakin Şücaət Cabbarov da eyni problemdən əziyyət çəkdiklərini bildirir. Onun sözlərinə görə, o, ikinci mərtəbədə yaşasa da, mənzilində suyun təzyiqi kifayət etmir:

“Mən ikinci mərtəbədə yaşayıram. Yuxarı mərtəbələrdə yaşayan qonşular bizdən su götürməyə gəlirlər. Təzyiq bizdə də yoxdur. Dəfələrlə idarəyə müraciət etmişik. Bizə deyirlər ki, guya səbəbi araşdırırlar. Amma hamı bilir ki, qəza filan yoxdur. Su yaxınlıqdakı villalara və bəzi özəl şirkətlərin həyətlərinə yönləndirilir. Sakinlərin probleminə baxan yoxdur. Bizi ələ salırlar. Şikayətlərə baxan da tapılmır”.

Mikrorayon sakini Bahar Rzayeva isə bildirir ki, 6-cı məhəllə, 3-cü mikrorayonda suyun təzyiqi artıq 10 gündür zəifdir. Onun sözlərinə görə, gündüz saatlarında təzyiq azalır, yalnız axşam saat 22:00-dan sonra bir qədər güclənir:

“10 gündür belədir. Saat 08:00-dan təzyiq azalır, gecə 22:00-dan sonra güclənir. Əsas odur ki, su gündüz də, gecə də eyni təzyiqlə gəlsin. Təzyiq zəif olduğuna görə isti su açılmır, kombi işləmir, həyəti yumaq olmur”.

Sakin deyir ki, məsələ ilə bağlı dəfələrlə su idarəsinə müraciət etsə də, problem həll edilməyib:

“4-5 dəfə zəng etmişəm, deyirlər düzələcək. Amma heç nə etmirlər. Deyirlər, gəlib sayğaca baxaq. Sayğaclıq problem yoxdur, ümumi xətt zəif verilir. 2-3 qonşudan da soruşmuşam, hamısında eyni vəziyyətdir”.

Qoçüstü məhəlləsində yaşayan digər sakinlər də oxşar problemdən şikayət edirlər. Onların sözlərinə görə, rəsmilər suyun zəif verilməsini texniki nasazlıqla izah etsələr də, sakinlər bu açıqlamanı inandırıcı hesab etmirlər.

Sakinlər içməli su probleminin qısa zamanda həll olunmasını və yaşayış binalarına suyun normal təzyiqlə verilməsini tələb edirlər.

Gündəlik Naxçıvan

FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...


"46 illik təcrübəmə əsaslanaraq onu demək istəyirəm ki, qazın ,,q"-sından xəbəri olmayanlar özlərini mütəxəssis bilir. Təsərrüfatın başına Əlixan Məlikovdan sonra gələnlər kül ələdilər..." Bunu Yunis Əhəd Camalov SOCAR işçisi Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

Təcrübəli SOCAR işçisi daha sonra fikrini belə davam etdirir: "Qaz Paylayıcı Stansiyalar heç yarım avtomatikaya cavab vermir. O da ki qala tam avtomatika olsun.... Odarant qurğuları, təsir tənzimləyicilər, geri təpmə klapanları, filtr, Seperatör, izölə edici flanşlar.....və sair... istismarın tələblərinə uyğun işləmədiyindən Operatorların ixtisara salınması riskləri artırmaqla kütləvi bədbəxt hadisələrin baş verməsinə səbəb olacağı məni narahat edir.

Bir vaxtlar FHN-nin nümayəndələri QPS-lərdə yoxlamalar aparırdı, görünür ,, Azəriqaz" İ.B-ndə və Qaz İxrac İdarəsində FHN QPS-lərin yoxlanılmasına davam etməlidir. Çox yerdə qaza Odarant vurulmur, bədbəxt hadisələri isə dəm qazının üstünə atırlar. Dəm qazının dili olsaydı, özünü yırtardı... and-aman edərdi ki, mənim günahım yoxdur. Burada kimlərinsə Dövlətimizə və xalqımıza qarşı məqsədli hərəkəti var. Adları çəkilən təşkilatlar aparatda Ştatları şişirtməkdən əl çəkib ora əl gəzdirsinlər.

Elələri var ki 3000-5000 azn haqq etmədiyi məvacib alırlar və bir işə yaramırlar. Mən Xarici ölkələrdə belə özbaşınalığı görmədim. Azər Məmmədov və Əkbər Hacıyev... sizlərə müraciət edirəm: ətrafınızda ixtisara ehtiyac var, operatorları ixtisara salsanız, Azərbaycanı minalamış olacaqsız..."

Dia-az
Xəbər lenti