Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Prezident bir qrup sahibkarı təltif edib

Prezident bir qrup sahibkarı təltif edib

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs "Tərəqqi" medalı ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Həmin şəxslər aşağıdakılardır:

Abbasova Şənay Cəlaləddin qızı

Ağamirov İlkin Musa oğlu

Allahverdi Bəxtiyar Adil oğlu

Babaşov Nemət Adışirin oğlu

Bayramov Mübariz Xanlar oğlu

Bəşirov Səhliyalı Vahid oğlu

Əliyev Əli Vəli oğlu

Əliyev Vaqif Əli oğlu

Hacıyev Rauf Akif oğlu

Hüseynov Bəxtiyar Niyazi oğlu

Hüseynova Samirə Atamalı qızı

İlyas Emin Firudin oğlu

Krimpe Jana

Qasımov İsrafil Məmməd oğlu

Qəfərova Rəna Əbülfəz qızı

Məmmədov Muxtər Bilal oğlu

Məmmədova Rəna Müzəffər qızı

Mənsimov Elnur Ataş oğlu

Nurəliyev Nurlan İbadulla oğlu

Taşbağ Necmeddin

Van Ciyi

Vəliyev Ceyhun Əjdər oğlu.

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Sizi səmimiyyətlə salamlayıram.

Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.

Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.

Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.

Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.

Cənab Baş nazir, bir daha Azərbaycana xoş gəlmisiniz.

x x x

Sonra Çexiyanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Andrey Babişin bəyanatı

-Cənab Prezident.

Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.

Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.

Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.

Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər.

Çox şadam ki, Siz Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif etmisiniz və düşünürəm ki, Sizin tərəfdən komissiyaya təyinatı artıq öyrənmişik. Bizim tərəfdən isə Baş nazirin birinci müavini Karel Havliçek olacaq və o, danışdığımız bütün məsələləri əhatə edəcək.

Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın: onun bəzi direktivləri, əslində, qeyri-Avropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzunmüddətli müqavilələri imzalamağa hazırıq.

Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. "ŞKODA Daşımalar" ölkəmizin, bəlkə də ən iri iqtisadi "PPF Qrupu"nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. "Çekoslova Qrup" burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.

"Aero Vodoxodı" şirkəti köhnəlmiş "L-39" təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni "L-39NG" təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. "Kolt" şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır.

Bir sözlə, bu haqda biz bu gün biznes-forumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yükdaşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlovı Varıda yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu, Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi. Bir sözlə, bu gün bir çox məsələləri müzakirə etdik.

Bütün bunlardan çox məmnunam. Çox yaxşı hisslər keçirirəm. Söhbətimiz xüsusi oldu və təbii ki, biz, ümumiyyətlə, dünyadakı vəziyyət haqqında danışdıq. Lakin bu gün buraya iqtisadi münasibətlərimizi sürətləndirməyə və intensivləşdirməyə gəlmişik. Həmin layihələrin sayı çoxdur. Biz hazırıq, sürətli və çevik olacağıq.

Ayırdığınız vaxta, ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm. Bütün bunları, həqiqətən yüksək dəyərləndirirəm.

12:57

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.







İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Xanımlar və cənablar,

Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun".

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək. Bu, Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixində iki ölkə başçısı arasında keçirilmiş görüş çərçivəsində əldə olunmuş razılaşmaya uyğun həyata keçirilib.

Burada Azərbaycan üçün söhbət hansısa məbləğin, təzminatın ödənilməsindən getmir. Əsas məsələ odur ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, milli maraqlarına toxunan, insan həyatı ilə nəticələnən və yüksək ictimai rezonans doğuran məsələlərdə heç bir halda geri addım atmır. İstənilən məsələdə milli maraqlarını əsas tutaraq, hüquqi və siyasi müstəvilərdə qətiyyətli mövqe nümayiş etdirir.

Məsələyə digər prizmadan yanaşdıqda Azərbaycan beynəlxalq münasibətlər sistemində davranışını da bir daha sərgiləmiş sayılır. Rəsmi Bakı bir daha əminliklə və qətiyyətlə sübut edir ki, dövlətin əsas prioriteti suveren hüquqlar və vətəndaşların təhlükəsizliyidir. Bunun üçün isə diplomatik və siyasi alətlərdən istifadə edir. Əldə edilən razılaşma sübut edir ki, istənilən mürəkkəb və həssas məsələlərdə dövlətin və ölkə başçısının prinsipial mövqeyi, düzgün diplomatik strategiyası həlledici olur. Bu isə Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Eyni zamanda ölkə daxilində də ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir. Bu qərara mühüm siyasi və hüquqi nailiyyət kimi baxmaq lazımdır.

Azərbaycanın bu məsələdə əsas mövqeyi ədalətin bərpası, məsuliyyətin təmin olunması və istintaqın şəffaf aparılması idi. Rəsmi Bakı hesab edir ki, bu qəza texniki və təsadüfi bir insident deyil. İnsanların həyatına təsir edən ciddi bir məsuliyyət məsələsidir. Buna görə də əsas prioritet həqiqətin tam və obyektiv şəkildə üzə çıxarılmasıdır. Belə bir yanaşma əslində beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Yəni, söhbət dövlət məsuliyyəti, hadisələrin şəffaf araşdırılması və dəyən ziyanın kompensasiyasından gedir.

Təbii ki, Rusiyanın təzminat ödəməklə bağlı qərar qəbul etməsində əsas faktor ölkə başçısı İlham Əliyevin güclü siyasi iradəsi, üzaqgörən strateji baxışıdır. Onun prosesə birbaşa və fasiləsiz nəzarəti həlledici amilə çevrilib. Çünki Prezident bu məsələdə fərqli yanaşma nümayiş etdirib, geosiyasi reallıqları, regional təhlükəsizlik balansını və Azərbaycanın uzunmüddətli milli maraqlarını nəzərə alaraq addımlar atıb. Bu da belə bir həssas məsələdə emosional reaksiyalardan uzaq, rasional və praqmatik xəttin qorunması ilə müşayiət olunub. Qeyd etdiyimiz kimi, ölkə başçısının bu məsələyə şəxsi nəzarəti və birbaşa iştirakı olub. Bu da qərarvermə mexanizmlərinin effektivliyini artırıb, diplomatik kanalların maksimum səviyyədə səfərbər edilməsinə şərait yaradıb.

Belə bir vəziyyət də öz növbəsində tərəflər arasında etimadın qorunması, gərginliyin qarşısının alınması və paralel olaraq da danışıqların konstruktiv səpkidə davam etdirilməsini təmin edib. Onun müəyyən etdiyi strateji kurs yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, eyni zamanda gələcəkdə oxşar risklərin idarə olunması üçün institusional və siyasi əsasların möhkəmləndirilməsinə xidmət edib. Bu yanaşma nəticəsində milli maraqların müdafiəsi ilə regional əməkdaşlıq mühitinin qorunması arasında incə və həssas balans təmin olunub ki, bu da müasir beynəlxalq münasibətlər sistemində nadir hallarda müşahidə edilən uğurlu diplomatik nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Qısacası, bu gün iki ölkə XİN-lərinin birgə bəyanatı sübut edir ki, güclü lider, strateji düşüncə və proseslərə birbaşa nəzarət mürəkkəb beynəlxalq böhranların idarə olunmasında əsas şərtdir.

Digər tərəfdən Azərbaycan bu nəticə ilə sübut edir ki, milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini heç bir halda güzəştə getmək niyyətində deyil. Bunu qorumaq və təmin etmək üçün kifayət qədər siyasi-diplomatik imkanlara sahibdir. Eyni zamanda vətəndaşlarının təhlükəsizliyinə toxunan istənilən məsələ ən yüksək prioritet kimi qəbul edilir və bütün zəruri alətlərdən istifadə etməkdən heç bir halda çəkinmir. Həm də nəzərə almaq lazımdır ki, bu nəticə beynəlxalq səviyyədə də rəsmi Bakının qətiyyətli və təsirli mövqeyini göstərir. Demokratik və hüquqi dövlət olan Azərbaycan üçün vətəndaş amili dövlət siyasətinin mərkəzindədir, insan həyatı və təhlükəsizliyi ali dəyər kimi qəbul edilib.

Eyni zamanda vurğulamaq lazımdır ki, belə bir həssas məsələnin iki ölkə arasında siyasi dialoq vasitəsilə nəticə əldə etməsi Azərbaycanla Rusiya arasında münasibətlərin formal əməkdaşlıqdan ibarət olmadığını göstərir. Tərəflər ən mürəkkəb, həssas və beynəlxalq rezonans doğuran məsələlərdə belə qarşıdurma ritorikasını yox, konstruktiv və praqmatik yanaşmanı üstün tutdular. Bu, həm də sübut edir ki, iki ölkə arasında böhran vəziyyətlərində belə effektiv işləyən kommunikasiya kanalları mövcuddur. Belə bir vəziyyət də öz növbəsində iqtisadi və mədəni əməkdaşlığın davamı, regionun sabitliyi üçün vacib faktor sayılır. Çünki belə bir böhranın düzgün idarə edilməməsi ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizliyə də mənfi təsir göstərə bilərdi.

Nəticə olaraq deyə bilərik ki, bu razılaşmaya təkcə iki dövlət arasındakı münasibət kimi baxmaq lazım deyil. Bu, daha geniş beynəlxalq müstəvidə mühüm presedentə çevrilə bilər. Eyni zamanda bir çox dövlət üçün də nümunəvi yanaşma modelidir. Eyni zamanda bu gün münaqişələr və qarşıdurmalar meydanına çevrilən dünyaya mesajdır ki, güc amilinə əsaslanan siyasət qısamüddətli nəticələr verə bilsə də, uzunmüddətli sabitlik və etimad mühitinin formalaşdırılması yalnız danışıqlar və razılaşmalar yolu ilə mümkündür.

Həm də bu nəticə Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artmasına, etibarlı və dialoqa açıq bir tərəfdaşa çevrilməsinə səbəb olur. Ölkə başçısının balansı, sərrast siyasəti göstərir ki, Azərbaycan regionda və daha geniş coğrafiyada mübahisələri sivil üsullarla həll edən aktordur. Qısacası, müasir dünyada dayanıqlı və ədalətli həll sadəcə diplomatika, hüquq və qarşılıqlı anlaşma ilə əldə edilə bilər. Azərbaycan isə bunu bir daha təsdiqləmiş oldu...(Report)

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb.

Təltif olunan əməkdaşlar aşağıdakılardır:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.

Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif ediliblər.
Xəbər lenti