Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir".

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər


Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.







Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edir, sizə və doğmalarınıza cansağlığı və xoş günlər arzulayıram!”

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Bu gün Azərbaycanda 9 May - faşizm üzərində qələbənin ildönümüdür.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib.

Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar.

Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib. Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.

Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.

2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir - müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.

Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.

Xatırladaq ki, "Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Xəbər lenti