Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH


ABŞ-İran danışıqlar prosesi yenidən dalana dirənib.

Belə ki, İsveçrənin Bürgenştok şəhərində iyunun 19-na planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayıb.

CNN telekanalı məlumat verir ki, İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. Tehranın bu mövqeyində qəti olduğu bildirilir.

Bildirilir ki, hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər. Qeyd olunub ki, planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti təxirə salınıb, lakin vasitəçilərin gözləntilərinə əsasən, prosesin nə vaxt bərpa oluna biləcəyi dəqiqləşdirilməyib.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsveçrədə öncədən planlaşdırılan görüş baş tutmasa da, yaxın zamanda ABŞ-İran danışıqlar prosesi davam edəcək:


“Tramp adminstrasiyası qarşıdan gələn aralıq seçkiləri nəzərə alaraq hərbi əməliyyatların bərpa olunmasında maraqlı deyil. Trampa ən yaxın hesab olunan respublikaçı senator Lindsi Qrem bildirib ki, əsas məqsəd Hörmüz boğazının açılması idi.

Trampın indiki mərhələdə məqsədi Hörmüz boğazının açılması ilə neftin qiymətinin aşağı düşməsinə nail olmaqdır. Buna da nail olub. Dünya enrji bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb.

Neftin ucuzlaşması ABŞ-da neft məhsullarının qiymətinin də ucuzlaşmasına səbəb olur ki, bu da seçicinin əhval-ruhiyyəsinə müsbət təsir edir. Digər tərəfdən respublikaçıların elektoratının yarısını təşkil edən “MAGA” tərəfdarları müharibənin əleyhinədirlər.

Onların seçkiləri passiv baykot etməsi aralıq seçkilərində respublikaçıların ağır məğlubiyyəti ilə bitə bilər. Buna görə də Tramp bütün gücü çalışacaq ki, aralıq seçkilərə, yəni 3 noyabra qədər hərbi əməliyyatlar başlamasın”.

X.Cəfərli əlavə edib ki, İran da müharibədə maraqlı deyil:

“İranda da bunu yaxşı bilirlər və bu vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Digər tərəfdən İran proksi qüvvələrinin etimadını itirmək istəmir və buna görə İsraillin Livanda “Hizbullah” yaraqlılarına qarşı əməliyyatının dayandırılmasına çalışır. Ancaq bunu elə etməyə çalışır ki, hərbi əməliyyatlar başlamasın.

Vasitəçilər də bilir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu dəfə İran ölümcül zərbə ilə üzləşəcək. Bu isə əsas vasitəçi olan Pakistanı qorxudur. İranın parçalanması və Bəlucistan vilayətinin ayrılması Pakistan üçün kabus olar.

Ondan sonra Pakistanın ərazsinin 44 faizini təşkil edən bəluc əyalətində stabilliyi bərpa etmək olmaz. Yəni danışıqlar prosesində iştirak edən tərəflərin heç biri hərbi əməliyyatların başlanmasında maraqlı deyil”.

Ekspert vurğulayıb ki, ABŞ ilə İran arasında hərbi əməliyyatların bərpa olunmasında maraqlı qüvvələr var:

“Respublikaçıların önəmli simaları və bəzi senatorlar hərbi əməliyyatların başlaması üçün Trampa təzyiq göstərirlər. Onlar bəyan edirlər ki, hərbçilərə başladıqları işi axıra çatdırmaq imkanı verilməlidir. Bütün bunlar ABŞ-İran danışıqlarının görüntü xatirinə ola da, davam edəcəyinindən xəbər verir”.

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq diləyirəm".

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

2-ci dərəcəli "Əmək" ordeni ilə

Quliyev Zakir Bəybala oğlu

Məmmədov Etibar Kərim oğlu

3-cü dərəcəli "Əmək" ordeni ilə

Bəşirov Yaşar Miskin oğlu

Əliyev Siyah Əli oğlu

Fərzəliyev Mehrəli Məmməd oğlu

Qafarlı Adil Rzaquli oğlu

Nəsirov Əlizadə Vahid oğlu

Seyidov Mirkamil Miriş oğlu

"Tərəqqi" medalı ilə

Allahverdiyev Hüseyn Məmməd oğlu

Aşumova Nərminə Nazim qızı

Əhədi Yusif Məmmədağa oğlu

Əliyev Səxavət Qədimalı oğlu

Əliyev Taleh Həbulla oğlu

Həmidov Akif Dəyyam oğlu

Xanverdiyev İntiqam Yunus oğlu

Qasımov Zahid Süleyman oğlu

Qoçəliyev Vüsal Aslan oğlu

Paşayev Mehdi Paşa oğlu

Səfərov Emil Qanbay oğlu

Səmədov Vasif Abid oğlu

Vəliyev Yaşar Həsən oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Rüstəmov Oktay Musa oğlu.

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

Planetin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, gələcək nəsillərin rifahı bu günkü nəslin bu çağırışların öhdəsindən gəlmək bacarığından asılıdır:

"Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk".

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH


Azərbaycan parlamentinin əmək və sosial siyasət və insan hüquqları komitələrinin iyunun 3-də keçirilən birgə iclasında Mənzil Məcəlləsi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb. Bu dəyişikliklər sosial baxımdan çox önəmli olmaqla yanaşı, Azərbaycan vətəndaşının konstitusion və mülkiyyət hüququnun ən ali səviyyədə bərqərar və bərpa olunması deməkdir. Bu dəyişikliklərlə ilk növbədə müstəqillikdən keçən 35 il ərzində qəbul edilən qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur, yeni Böyük Qayıdış qanunları yazılır. Hazırkı akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhifəyə çevriləcəyi şəksizdir. Çünki Böyük Qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib yüz ilin başlandığını göstərən əsas milli ideyadır.

Qeyd etməliyik ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Ötən illər ərzində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları salınıb. 2007-ci ildə 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələri ləğv edilib, 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-ci ildə ləğv edilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Beləliklə, 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 11 qanun qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edilib.

Eyni zamanda bu illər ərzində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Müzakirəyə çıxarılan dəyişikliklər də məhz bu sahədə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Yeni dəyilikliklərdə mühüm məsələrdən biri də işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondunun yaradılması təşəbbüsüdür. Bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq. Yeni yaradılacaq Fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.

Eyni zamanda, Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşdiriləcək. Qeyd edək ki, vahid aylıq müavinət də daxil olmaqla, müxtəlif sosial müdafiə tədbirləri vasitəsilə məcburi köçkün ailələrinə uzun illər ərzində dövlət dəstəyi göstərilib. Digər mühüm olan bir məsələ - təhsil sahəsində tətbiq olunan dəstək tədbirləri məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının qorunmasına və inkişafına töhfə verib. Məlumat üçün bildirək ki, təkcə 2025/2026-cı tədris ilində ödənişli əsaslar ilə yeni qəbul olmuş 3 923 məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanmaqdadır.

Onu da qeyd edək ki, işğal dövrünün başa çatması ilə əlaqədar məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial mexanizmlər yenidən tənzimlənir. Yeni hüquqi qaydalarda nələr əks olunub? Əvvəla, işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab olunur. Ən əsası sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətində davam edir. Mühüm olan həm də odur ki, qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir.

Təkliflərdə nəzrdə tuutlub ki, təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilsin. Bu da onu deməyə əsas verir ki, dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Və buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir.

Beləlkiklə, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət göstərir ki, məcburi köçkünlərin rifahı, sosial müdafiəsi və doğma torpaqlara qayıdışının təmin edilməsi ölkənin strateji prioritetlərindən biridir. Azərbaycan dövləti də bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirərək, uzun illər yurd həsrəti ilə yaşayan insanların layiqli həyat şəraitinə qovuşmasını təmin edir. Bu siyasət də həm humanizm prinsiplərinə, həm də dövlət-vətəndaş həmrəyliyinə əsaslanan uğurlu sosial modelin bariz nümunəsidir.

"Report"un Analitik Qrupu

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.







Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini göstərib.

Bu, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdur.

ABŞ Prezidenti tərəfindən imzalanmış xatirə nüsxəsində Azərbaycan rəhbərinə ünvanlanmış səmimi mesaj yer alır.

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək.

Bunu Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir.

"Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik".

Prezident Azərbaycanın emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratdığını da vurğulayıb.

"Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər".

İlham Əliyev Azərbaycanın mövcud qaz ehtiyatlarının ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcəyini də ifadə edib:

"Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur".

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.

Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.

Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq "yaşıl enerji"yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.

Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və "yaşıl enerji" imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır.

Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!".
Xəbər lenti