Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? – ARAŞDIRMA FOTO FAKT + ÖZƏL


Mədəniyyət nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin binasında azyaşlı uşaqlar üçün bağça fəaliyyət göstərməsi və orada uşaqların yatması, yemək yeməsi ilə bağlı video və fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra binanın inzibati fəaliyyətinin qanunsuz olaraq dəyişməsi ilə bağlı məsələ ictimai qınağa səbəb olub.

2025-ci ilin sentyabr ayından instaqramda Eliza School adlı hesabdan, Qızıldaş Mədəniyyət Mərkəzində bağçamız fəaliyyətə başlayır adlı elanlar paylaşılıb. Daha sonra həmin səhifədə mərkəzin binasındakı otaqlarda azyaşlı uşaqların yemək yeməsi, yatması və saxlanılması ilə bağlı video foto paylaşımlar paylaşılıb.
Məsələ ilə bağlı Mədəniyyət nazirliyindən Yurd.mediaya verilən cavabda qeyd olunub ki, Qızıldaş Mədəniyyət Mərkəzində Eliza School tərəfindən müqavilə əsasında Erkən inkişaf kursu təşkil edilib.

Mövzu ilə əlaqədar Moderator.az saytına müraciət edən Qaradağ rayon sakini, vətən müharibəsi iştirakçısı Mənsur Həsənov iddia edir ki, Eliza School adında heç bir rəsmi kommersiya qurumu və ya rəsmi hüquqi şəxs yoxdur:
“Nazirlik mediaya məlumat verib ki, Eliza School tədris mərkəzi ilə Qızıldaş Mədəniyyət Mərkəzi arasında arasında müqavilə imzalanılıb.İqtisadiyyat nazirliyinin rəsmi taxes.gov.az saytına Eliza School adını daxil edib yoxlayandan sonra məlum oldu ki, o adda heç bir rəsmi kommersiya qurumu və ya rəsmi hüquqi şəxs yoxdur.Bu faktı hamı yoxlayıb görə bilər.”

Mənsur Həsənovun sözlərinə görə mədəniyyət nazirliyi tərəfindən Eliza School adı ilə təqdim olunan, rəsmi qeydiyyatı olmayaraq dövlət binasında kommersiya fəaliyyəti göstərən şəxslərə mərkəzdə direktor vəzifəsini icra edən Gülnar Abbasova tərəfindən şərait yaradılıb:
“Məhz Gülnar Abbasovanı rəhbərlikdə saxlamaq üçün mədəniyyət nazirliyi onun mərkəzdəki qanunsuz bağça fəaliyyətini görməzdən gəlir və vətəndaş şikayətlərinə baxılmır.Hüquqi stastusu və rəsmi qeydiyyatı olmayan qurumun dövlət binasında bağça təşkil etməsi oradakı körpə uşaqların həyatının təhlükəyə atılması deməkdir.Heç bir qida sertifikatı olmadan mərkəzin binasında bişirilən yeməklərin uşaqlara verilməsi, çarpayısı olmayan döşəmədə uşaqların yatırılması Azərbaycan qanunvericiliyinin kobud surətdə pozulmasıdır.Həmçinin Eliza Schoolun instaqram səhifəsində orada ödənişli kompyuter kurslarının və sınaq imtahanlarının keçirilməsi ilə bağlı foto və videolar paylaşılıb. Sual olunur ki, hüquqi qeydiyyatı olmayan şirkət dövlət binasında 7 ay necə kommersiya fəaliyyəti göstərə bilər? Təəssüf ki, bunlara yol verən Gülnar Abbasova hələ də, həmin mərkəzdə direktor vəzifəsini icra edir və mədəniyyət nazirliyi tərəfindən ona açıq şəkildə dəstək nümayiş olunur.2026-cı ilin yanvar ayından mədəniyyət nazirliyinə Gülnar xanımın qanunsuz fəaliyyəti ilə bağlı faktları təqdim etmişəm,amma müraciətlərimə cavab verilmir.Dövlət binasından qanunsuz istifadə ilə bağlı Hesablama Palatasına müraciət etdim.Mənə məktub gəldi ki, çatışmazlıqlar səbəbindən 6 martdan Qızıldaş Mədəniyyət Mərkəzindəki erkən inkişaf kursunun fəaliyyəti dayandırılıb.Quruma hansı çatışmazlıqların qeydə alınması ilə bağlı yenidən müraciət etdiyim zaman cavab göndərildi ki, məktubum 1 aprel tarixində mədəniyyət nazirliyinə göndərilib.Nazirlikdən isə heç bir cavab ala bilmirəm.Məncə məqsədləri şikayətçiləri yormaq və Gülnar Abbasovanı vəzifədə saxlamaqdır.”(Moderator.az)

Məsələ ilə bağlı adı çəkilən şəxsin və mədəniyyət nazirliyinin mövqeyini dərc etməyə hazırıq.




İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Xanımlar və cənablar,

Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun".

Nurgün Group dövlətə külli miqdarda borclandı - Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?


Azərbaycanın ən iri şirkətlərindən biri olan “NURGUN GROUP” Məhdud Məsuliyyətli Müəssisəsinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu olduğu məlum olub.
32gun.az-ın  əldə etdiyi məlumata görə, holdinqin hazırda 159 972.15 manat məbləğində vergi borcu yığılıb.

32gun.az-ın əldə etdiyi son məlumatlara görə, hazırda Nurxan Əliyev şirkətdə yüksək vəzifə tutur. Hətta Nuru Əliyevin əsas işləri artıq oğluna təslim etdiyi və holdinqin idarəçiliyinin faktiki olaraq Nurxan Əliyev tərəfindən həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, Əsası 1994-cü ildə qoyulan Nurgün Şirkətlər Qrupu ölkədə avtomobil satışı (Nissan, Infiniti, Renault) ilə məşğuldur. 
Xatırladaq ki, "Nurgün Motors"un sahibi tanınmış iş adamı Nuru Əliyevdir. Onun oğlu Nurxan Əliyev 2017-ci ildə paytaxtın Rəşid Behbudov küçəsində polisin qanuni "saxla" əmrinə məhəl qoymayaraq asayiş keşikçilərini təhqir etdiyi üçün gündəmə gəlmişdi. Məhkəmə qərarı ilə Nurxan Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilmişdi. Hadisədən sonra iş adamı Nuru Əliyevin oğlunu cəzalandırmaq məqsədilə onun lüks avtomobilini əlindən aldığı barədə məlumatlar yayılmışdı.(32gun.az)

Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir? - VİDEO


Abşeron rayonu, Novxanı qəsəbəsində dəniz kənarında fəaliyyət göstərən “My Beach” restoranının ərazisində qanunsuz tikinti aparıldığı ilə bağlı məlumat yayılıb. Məlumatlarda qeyd olunur ki, ümumiyyətlə, son dövrlərdə bu ərazidə tikinti işləri yenidən intensiv xarakter alıb.

Bizimesr.com bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə restoran ərazisində əlavə mərtəbənin artırıldığı və terras tipli qurğunun inşa edildiyi açıq şəkildə görünür. Məlumata görə, bu işlər heç bir rəsmi icazə olmadan həyata keçirilir.

Ehtimal ki, obyektin sahibi kimi tanınan iş adamı “Hacı Məhərrəm” ləqəbli Məhərrəm Novruzov bu tikinti işlərini Abşeron Rayon İcra Hakimiyyətinin bəzi səlahiyyətli şəxsləri ilə razılaşma əsasında həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Respublikasında tikinti fəaliyyəti Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən, hər hansı tikinti işlərinə başlamaq üçün müvafiq olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən icazə alınması zəruridir.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıq məlumat bazasında “My Beach” restoranında aparılan hər hansı tikinti ilə bağlı qeyd mövcud deyil. Son məlumatlara görə, ərazidə tikinti işləri hazırda da davam edir. Bu isə iddiaları daha da gücləndirir və məsələnin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını zəruri edir.(Bizimesr.com)

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Nizami və Səbail rayonlarının ərazisində ağaclar kəsilib


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən XALQ-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində, Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.( XALQ)

“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO


Növbəti pambıq əkini başladı,amma onlar hələdə ötən il təhvil verdikləri pambığın pulunu ala bilmirlər. Fermerlər pullarını almaq üçün zavoda gedib gəlməkdən yorulublar.

Söhbət Salyan və Sabrabad rayonlarından olan bir qrup pambıqçıdan gedir. Təsərrüfat sahibləri bildirir ki, Salyan rayonunda yerləşən “Salyan Aqro Park” pambıq emalı zavodu ilə müqavilə əsasında pambıq əkiblər. Toplanan məhsulu hissə -hissə sözügedən müəssisəyə satıblar.

Müqaviləyə əsasən, alınan məhsulun dəyərini 4 ay ərzində ödəməli olan şirkək bu günə qədər sahibkarlara bir qəpik belə verməyib.

Məhsul yetişdirənlər deyir ki, becərmə zamanı əllərində olan vəsaiti də xərcləyiblər ki, pambığı satıb qazanc əldə edəcəklər. Lakin, oktyabrdan bəri pullar ödənilmir.

Qeyd edək ki, Salyan Aqro Park”ın nümayəndəsi bildirir ki,ödənişlərin verilməməsinin əsas səbəbi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyanın verilməməsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.

Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 33 il ötür.

1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 sakini isə girov götürüblər. Hücum zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.

Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi zamanı - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.

Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma


"Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan "Crystal Beton" QSC-nin dövlətə yenidən külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin borucu hazırda 163037.07 AZN təşkil edir.

Eləcə də sözügedən ASC-yə daxil olan CRYSTAL PEN" QSC də dövlətə böyük miqdarda borclanma. Bu sözügedən şirkətin hazırda vergi borcu 83508.57 AZN təşkil edir.

CRYSTAL PLATES" Məhdud Məsuliyyətli Cəmiyyətimin də külli miqdarda vergi borcu mövcuddur. Şirkətin 474924.82 AZN borcu var.

Qeyd:

"Crystal Beton" QSC, "Crystal Group of Companies" ASC-nin tərkibində fəaliyyət göstərən və "Kristal" brendi ilə əlaqəli olan müəssisədir. Şirkətin Binəqədi, Yasamal və Keşlə ərazilərində zavodları mövcuddur və əsasən qrup daxilindəki tikinti layihələrinin beton tədarükünü təmin edir.

"Crystal Pen" "Kristal" brendi və "Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan müəssisələrdən biridir.

Həmçinin CRYSTAL PLATES" Məhdud Məsuliyyətli Cəmiyyəti də bu ASC-yə daxildir.

Bu şirkət əsasən "Kristal" layihələrində istifadə olunan fasad lövhələrinin, şüşə və digər dekorativ tikinti materiallarının tədarükü və istehsalı üçün yaradılmışdır.

Xatırladaq ki, Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev 2024-cü ilin fevral ayından etibarən "Crystal Group of Companies" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, eyni zamanda atasının rəhbərlik etdiyi "Azəraqrartikinti" ASC-də sədr müavini və yaşayış binalarının inşası ilə məşğul olan "Kristal Bakı" ASC-nin əsas payçılarından biridir. Pərviz Vəliyev bu vəzifələr vasitəsilə qrup daxilindəki beton, plastik qapı-pəncərə istehsalı və tikinti layihələrinə ümumi rəhbərliyi həyata keçirir.

Mətbuatda yayılan araşdırmalara və iddialara əsasən, "Crystal Group of Companies" ASC (o cümlədən "Kristal Abşeron" layihələri) Milli Məclisin deputatı Ağalar Vəliyevə və onun ailə üzvlərinə məxsus biznes şəbəkəsinin bir hissəsi hesab olunur. Mətbuatda yayılan məlumatlara görə, rəsmi sənədlərdə qrupun tərkibindəki "Kristal Bakı" ASC-nin 50% səhmdarı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev kimi göstərilsə də, media resursları bu nəhəng holdinqin birbaşa deputatın himayəsində olduğunu bildirir.(32gun.az)

"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...


Bakı şəhərinin Naxçıvani küçəsində yerləşən "Mahal MTK”ya məxsus yaşayış binaları ilə bağlı ciddi narazılıqlar səngimir. Sakinlərin iddialarına görə, binalar illərdir faktiki yaşayış üçün istifadə olunsa da, hələ də rəsmi olaraq istismara qəbul edilməyib.
Ən böyük problemlərdən biri — istismara qəbul aktının olmamasıdır. Bu səbəbdən mənzil sahibləri çıxarış (kupça) ala bilmir, nəticədə isə nə mülkiyyət hüquqlarını tam təsdiq edə, nə də həmin ünvan üzrə qeydiyyata düşə bilirlər. Bu isə onların gündəlik həyatına birbaşa təsir göstərir.
Digər ciddi məsələ liftlərin olmamasıdır. Çoxmərtəbəli binada yaşayan insanlar, xüsusilə yaşlılar və uşaqlı ailələr üçün bu vəziyyət ciddi narahatlıq yaradır. Müasir yaşayış standartlarına cavab verməyən belə şərait sakinlərin haqlı narazılığına səbəb olur.
Bundan əlavə, sakinlər bildirir ki, binanın mansard hissəsi qanunsuz şəkildə mənzillərə çevrilib. Bu isə həm təhlükəsizlik baxımından risklidir, həm də layihə və tikinti normalarının pozulması deməkdir. Qanunsuz dəyişikliklər binanın ümumi hüquqi statusunun rəsmiləşdirilməsini daha da çətinləşdirir.
Sakinlər deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb. Bu vəziyyət isə vətəndaşların hüquqlarının pozulması ilə yanaşı, tikinti sektorunda nəzarət mexanizmlərinin yetərsizliyini də gündəmə gətirir.
Məsul qurumların və şirkət rəhbərliyinin bu məsələyə aydınlıq gətirməsi və sakinlərin problemlərinin qısa müddətdə həll edilməsi artıq zərurətə çevrilib. Əks halda, bu kimi hallar şəhərdə tikinti sahəsinə olan etimadı daha da sarsıda bilər.(7NEWS.az)
Xəbər lenti