Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi “Tais İKF” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 9 314 440,94 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Tais İKF” MMC 30 iyun 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Qeyd edək ki, 2023-cü ildə Bakıda fəaliyyət göstərən 20 saylı məktəb-liseydə zəhərlənmə baş vermişdi və 6 nəfər 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şagirdlər toyuq ətindən zəhərlənib. Eyni zamanda qeyd olunurdu ki, 20 saylı məktəb-liseydə iaşə xidmətini “Tais ikf” MMC təşkil edib.(Qaynarinfo)

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..


Hesablama Palatasının illik hesabatında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) həyata keçirilən genişmiqyaslı auditin nəticələri də yer alıb. Dövlət büdcəsinin vəsaitlərindən istifadənin effektivliyini yoxlayan qurum, strateji əhəmiyyətli bu qurumda investisiya və satınalma sahəsində ciddi qanun pozuntuları, maliyyə intizamsızlığı və səmərəsiz xərcləmələr aşkar edib.

Palatanın son hesabatına görə, audit yoxlamaları 2022-2024-cü illəri əhatə edib və bu müddət ərzində ümumilikdə 255 milyon manatdan çox vəsaitin istifadəsi təftiş olunub.

Hesabatda ən diqqətçəkən məqamlardan biri Kiçik Su Elektrik Stansiyalarının (KSES) inşası ilə bağlıdır. Məlum olub ki, bu layihələr prioritet siyahısına salınarkən heç bir ciddi texniki-iqtisadi əsaslandırma aparılmayıb. Bu planlaşdırma xətası isə dövlət vəsaitinin faktiki olaraq səmərəsiz xərclənməsinə yol açıb.

Audit nəticəsində bəlli olub ki, tikintisi tamamlanmış 7 stansiyada istehsal gücündən istifadə göstəricisi kritik dərəcədə aşağıdır. Belə ki, bu stansiyalar cəmi 14,7%-dən 46%-ə qədərgüclə işləyir. Bu isə nəzərdə tutulan gəlirliliyin kəskin azalmasına, əvəzində isə texniki xərclərin artmasına səbəb olub.

Yoxlamalar zamanı tikinti və satınalma müqavilələrində də ciddi “kəşf”lər edilib. Palatanın auditorları müəyyən ediblər ki:

-Bəzi layihələrin smetasında ümumiyyətlə nəzərdə tutulmayan işlər və xərclər süni şəkildə satınalma müqavilələrinə daxil edilib;

-Görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunaraq rəsmiləşdirilib.

Bu faktlar dövlət satınalmaları haqqında qanunvericiliyin və tikinti normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Hesablama Palatası “Azərenerji”nin satınalma prosesini də kəskin tənqid edib. Hesabatda bildirilir ki, qurumda tender sənədlərinin rəsmiləşdirilməsi normativ tələblərə cavab vermir. Tender komissiyasının fəaliyyətində və ümumilikdə maliyyə idarəetməsində ciddi boşluqların olduğu vurğulanır.

Qeyd edək ki, Hesablama Palatası aşkarlanan bu pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tapşırıqlar verib. Məsələnin hüquqi müstəviyə keçib-keçməyəcəyi isə hələlik rəsmi açıqlanmır.(Xalq.online)

İmtiyazlı podratçı: Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə “idarə edir”?


Azərbaycan Respublikasının Konstitusiyası və “Deputatın statusu haqqında” qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən “Kristal Bakı” ASC (köhnə adı “Kristal Abşeron”) və “Crystal Group”un fəaliyyət trayektoriyası qanunun bu tələbinin mürəkkəb korporativ strukturlar vasitəsilə necə “bypass” edildiyinə dair ciddi suallar doğurur. Xüsusilə Yasamal rayonundakı səs-küylü söküntü və tikinti işlərinin sənəd üzərində “Kristal Bakı” ASC tərəfindən aparılması, əslində nəhəng bir biznes zəncirini kiçik hüquqi halqalarla pərdələmək cəhdindən başqa bir şey deyil.

AFN.az xəbər verir ki, Milli Məclisin üzvü Ağalar Vəliyevin yaxın ətrafı, daha dəqiqi, oğlu Pərviz Vəliyevin rəhbərliyi altında cəmləşən bu imperiya, “Kristal Bakı” ASC və “Crystal Group” vasitəsilə həm hüquqi məsuliyyəti bölüşdürür, həm də ictimai diqqəti vahid mərkəzdən yayındırır. Maraqlıdır ki, qanunvericiliklə maliyyə hesabatlarını açıqlamağa borclu olan bir “Açıq Səhmdar Cəmiyyəti”nin (ASC) fəaliyyəti tamamilə qapalı qutu təsiri bağışlayır. Dövlət büdcəsi hesabına maliyyələşən prokurorluq binalarından tutmuş strateji infrastruktur layihələrinə qədər onlarla sifarişi icra edən bu strukturun hansı tender şərtləri ilə qalib gəldiyi və vergi ödəyicilərinin vəsaitləri üzərində hansı hesabatlılığı daşıdığı hələ də qaranlıq qalır.

Bu yazı, övlad adı altında gizlənmiş deputat biznesinin qanunvericiliklə ziddiyyətini və “Kristal” markasının arxasındakı qeyri-şəffaf idarəetmə modelini faktlarla araşdırır.

Vitrində parlaq reklamlar, arxa planda qaranlıq rəqəmlər
“Crystal Group”un rəsmi platformalarını araşdırdıqda ilk diqqət çəkən məqam, saytın korporativ hesabatlılıqdan daha çox, satış yönümlü bir vitrin rolunu oynamasıdır. Şirkətin saytındakı “Layihələr” bölməsi fəaliyyətin miqyasını vizual olaraq nümayiş etdirsə də, bir jurnalist araşdırması üçün vacib olan bir çox sualı cavabsız qoyur. Şirkət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və digər dövlət qurumlarının layihələrində aktiv iştirak edir, lakin saytda bu əməkdaşlıqların hüquqi və maliyyə tərəfləri haqqında məlumat yoxdur. Bu sifarişlərin hansı şərtlərlə və hansı tenderlərdə qalib gəlinərək alındığına dair məlumat bölməsi mövcud deyil, dövlət layihələrinə ayrılan büdcə və bu büdcənin istifadəsinə dair audit hesabatları isə tamamilə yoxdur.

Saytda layihələr yalnız binanın yerləşmə yeri və mənzil planları ilə məhdudlaşır. Azərbaycanda iri tikinti şirkətlərinin şəffaflığı qanunvericiliklə təşviq edilsə də, “Crystal Group”un saytında illik dövriyyə, mənfəət və vergi öhdəlikləri barədə heç bir məlumat əks olunmur. Xüsusilə Yasamal və digər ərazilərdəki söküntülər zamanı yaranan narazılıqlar, məsələn, 400-500 manatlıq kompensasiya iddiaları fonunda şirkətin hesabatının olmaması diqqət çəkir.

Prokurorluqdan hava limanına: “imtiyazlı” podratçı
Holdinqin portfelini dərindən araşdırdıqda dövlətin ən strateji və nüfuzlu qurumları üçün reallaşdırılan onlarla layihə üzə çıxır. Şirkət hüquq-mühafizə orqanları üçün bir çox inzibati binaların tikintisini həyata keçirib. Nərimanov, Pirallahi, Şəki, Kürdəmir və Qəbələ rayon prokurorluqlarının binaları məhz bu holdinqin qolları tərəfindən inşa, təmir və təchiz edilib. Şirkət eyni zamanda Yeni Azərbaycan Partiyasının yeni binası, Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi, DTX-nın Bilgəh istirahət kompleksi, ADA Universiteti yataqxanası və Azərbaycan İlahiyyat İnstitutu kimi obyektlərin işlərini də öz üzərinə götürüb.

İşğaldan azad edilmiş ərazilərdə Zəngilan Beynəlxalq Hava Limanının torpaq yatağı, Zəngilan Ağalı Hoteli və Horadiz-Ağbənd avtomobil yolu kimi strateji işlər də bu portfelə daxildir. Lakin bu qədər çox strateji dövlət işlərinin məhz bu holdinqə həvalə edilməsinin hansı tender şərtləri ilə baş tutduğu məlum deyil. Dövlət sifarişi ilə görülən işlərdə vergi ödəyicilərinin pulları istifadə olunsa da, “Crystal Group” heç bir maliyyə hesabatı yayımlamır.

Bütün qeyd edilənlərlə bağlı “Crystal Group”un e-mail ünvanına ünvanladığımız sorğuya, təəssüf ki, cavab verilmədi. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.afn.az

“İNVEST-AZEM” MMC-nin borcunun səbəbi araşdırılsın-Müraciət


“İNVEST-AZEM” MMC-nin rəhbərliyi dövlətə yaranmış vergi borcunun ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Xalq.online bildirir ki, müraciətdə 21 aprel 2026-cı il tarixdə SX076385306AZ nömrəli göndəriş vasitəsilə Baş Prokurorluğa ünvanlanan ərizənin nəzarətə götürülməsi xahiş olunub.

Şirkət rəhbərliyi qeyd edib ki, dövlətə olan borcun bu günədək ödənilməməsində məsuliyyət daşıyan şəxslər – əvvəllər məhkum olunmuş Kazımov Arzu Firudin oğlu və Lətifov Alim Zirəli oğlunun əməllərinə hüquqi qiymət verilməsi və onlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Baş Prokurorluqdan kömək istəyir.

Qeyd edək ki, “İNVEST-AZEM” MMC ilə “SERVİS+” Mənzil Tikinti Kooperativi arasında bağlanmış podrat müqaviləsi çərçivəsində tikinti işləri həyata keçirilib. “SERVİS+” MTK-nın rəhbərinin iş adamı Arzu Kazımov olduğu bildirilir. Lakin müqavilə üzrə görülmüş işlərin ödənişi “SERVİS+” Mənzil Tikinti Kooperativi tərəfindən həyata keçirilməyib. Nəticədə “İNVEST-AZEM” MMC-nin dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.

Hazırda şirkət rəhbərliyi yaranmış borcun ödənilməsi üçün “SERVİS+” MTK-dan, eləcə də onun rəhbəri Arzu Kazımovdan müqavilə üzrə ödənilməli olan vəsaitin verilməsini tələb edir.(Xalq.online)

Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA


Məlum olduğu kimi, dünən Bakı metropolitenində böhranlı vəziyyət yaşanıb. Tribuna.az xəbər verir ki, aprelin 21-i nahar saatlarına yaxın bütün stansiyalarda hərəkət dayandırılıb.

Rəsmi açıqlamaya görə, böhranın yaşanmasına səbəb qatarların hərəkəti üçün nəzərədə tutulmuş enerji xəttində texnii nasazlığın yaranmasıdır. Belə ki, elektrik kəsintisi baş verdiyi halda yardımçı generatorlar işə düşməyib. Nəticədə, qatarların hərəkəti dayanıb və insanlar evekuasiya edilib.

Bu hadisə bir neçə vacib məqamı üzə çıxarıb. Birincisi, Bakı metropoliteninin rəisi Vüsal Aslanov imtahandan “2” alıb. Məlum oldu ki, o, idarəçilik qabiliyyətinə malik olmayan biri kimi, həm də ekstermal vəziyyətlərdə qərar vermək imkanlarına da sahib deyil.

Digər məqam isə odur ki, illərdir milyonlarla manat xərclənən, hər il büdcədən milyonlarla dotasiya alan metropolitendə ən vacib detallar işlək olmayıb. Halbuki elektrik enerjisi kəsilən zaman generatorlar dərhal işə düşməli idilər. Amma nə sirrdirsə, bu baş verməyib. Hətta generatorların işləmədiyi iddiaları da var.

Tribuna.az bildirir ki, metroda elektrik enerjisinin daimiliyini təmin etmək üçün Azərbaycan Prezidentinin 2019-cu ildə imzaladığı sərəncamı var. Bunun üçün bir neçə milyon manat pul ayrılmışdı ki, ümumi gücü 39 meqavat olan 17 ədəd generator alınsın. Maraqlıdır, əgər bu generatorlar alınıbsa, hanı onlar? Varsa, niyə işə düşməyib? Ən vacib olanı: generatorlar hardadır? Və onlara texniki qulluq edilməyibmi?

“Bakı Metropoliten”in rəisi Vüsal Aslanov bilməlidir ki, metro Bakıda sərnişinlərin əsas və aparıcı nəqliyyat vasitəsidir. Hər gün milyonlarla insan bu xidmətdən istifadə edir. Həmçinin anlamalıdır ki, metro strateji obyektdir və onun sazlığı prioritet olmalıdır. Əks halda, faciələrin baş verməsi qaçılmaz ola bilər.

Görünən odur ki, Vüsal Aslanov işinin əhli olmamaqla yanaşı, həm də idarəçilik məsələsində də geridə qalmış biridir. Cavid Qurbanova güvənərək, ölkə üçün strateji əhəmiyyət daşıyan bir obyektin bu hala salınması utancverici hadisədir.(Tribuna.az)

Qanunsuz əməliyyat, ölüm və “gizli əl”: kim qoruyur?


2025-ci ilin 15 avqust tarixində “Etalon” hospitalda baş verən və tanınmış psixoloq Nilufər Abdullanın həyatına son qoyan hadisə təkcə tibbi səhv iddiası deyil – bu, hüquqi məsuliyyət, sistem boşluğu və mümkün himayədarlıq məsələsidir.Məlumata görə, estetik əməliyyatı Səhiyyə Nazirliyi tərəfindən estetik əməliyyat üçün, sertifikatı ləğv edilmiş Seymur Məmmədov tərəfindən icra olunub. Bu faktın özü kifayət qədər ağır hüquqi nəticələr doğurmalıdır. Çünki qüvvədə olan qanunvericiliyə əsasən, tibbi fəaliyyət üçün xüsusi ixtisas və etibarlı sertifikat mütləq şərtdir.Estetik əməliyyat aparmaq üçün, Sertifikatı ləğv olunmuş şəxsin estetik cərrahi əməliyyat aparması birbaşa qanun pozuntusudur.Daha da diqqətçəkən məqam isə ilkin məhkəmə-tibbi ekspertiza rəyi valideynlərin şikayətindən sonra ləğv edilir və təkrar ekspertiza təyin olunur. Bu, artıq prosesin şəffaflığı ilə bağlı ciddi suallar yaradır. Əgər ilk rəy obyektiv idisə, niyə ləğv edildi? Yox, əgər qərəzli idisə, o zaman həmin rəyi verənlər hansı məsuliyyəti daşıyacaq?
Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlarda isə daha ciddi iddialar var, hansısa “gizli əl” bu işdə adı hallanan şəxsi məsuliyyətdən yayındırmağa çalışır. Əgər bu iddialar doğrudursa, söhbət artıq təkcə bir həkimdən yox, bütöv bir səhiyyə sistemindəki problemindən gedir.
Burada əsas hüquqi məqamlar açıqdır:Plastik əməliyyatlar üçün sertifikatsız tibbi fəaliyyət — qanun pozuntusudur,bu fəaliyyət nəticəsində ölüm baş veribsə — məsuliyyət daha da ağırlaşır.Bu qədər açıq faktların fonunda sual yaranır, daha hansı sübut lazımdır ki, aidiyyəti qurumlar konkret və qəti mövqe ortaya qoysun? Əgər bir şəxsə qanunla qadağan olunmuş fəaliyyətə baxmayaraq əməliyyat aparmağa şərait yaradılıbsa və nəticədə insan həyatını itiribsə, bu artıq təkcə fərdi məsuliyyət deyil – qanunui məsuliyyətdir.
Valideyinlər cavab gözləyir:Kim bu prosesi ləngidir,Kim məsuliyyəti yayındırır,Və ən əsası – kim kimi qoruyur?Bu hadisə üzrə gecikdirilən qərar yalnız bir sualı daha da böyüdür: qanun işləyir, yoxsa kimlərsə onu öz maraqlarına uyğun idarə edir?
Mediatvaz.com

Keçmiş səfir indi isə XİN-də idarə rəisi olan Həsən Məmmədzadə “Discovery” ilə kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi


Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında avtomobillə motosiklet toqquşub.

Motosikletin sahibi, Bakıda kuryer fəaliyyəti ilə məşğul olan Ceyhun Quluzadə “Unikal”a açıqlamasında hadisənin detallarını açıqlayıb:

“Nərimanov rayonunda 99-HZ-003 dövlət qeydiyyat nişanlı “Land Rover Discovery” markalı avtomobilin sürücüsü mənim motosikletimi vurdu. Nəticədə motosikletə ziyan dəydi, benzin çəni partladı. Nəticədə yanacaq yerə dağıldı. Motosikletimi vuran sürücü mənə dəyən ziyanı ödəmək istəmədi. Ondan heç olmasa, yanacağın pulunu verməsini tələb etdim. Lakin o, bunu da yerinə yetirmədi.

Əvəzində isə mənə hədə-qorxu gəlməyə başladı. Daha sonra isə ərazidən uzaqlaşdı”, – deyə zərərçəkən şəxs bildirib.

Məlumata görə, qəzanı törədən şəxs, 99-HZ-003 nömrəli avtomobilin sürücüsü Xarici İşlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Dilsuz oğlu Məmmədzadədir.

O, XİN-də idarə rəisi təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının Litva Respublikasındakı, daha sonra isə Tacikistandakı səfiri olub. 2021-ci ildə isə səfir vəzifəsindən azad edilib və XİN-dəki vəzifəsinə təyinat alıb.”Unikal”

VİDEO LİNKDƏ: https://xalq.online/kecmis-sefir-indi-ise-xin-de-idare-reisi-olan-hesen-memmedzade-discovery-ile-kuryerin-motosikletini-vurdu-hede-qorxu-geldi

Gəncənin icra başçısı Niyazi Bayramovun fəaliyyəti araşdırılır: 11 milyon manat artıq ödəniş aşkarlanıb




Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.


Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.


Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.


Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.


Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.


Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.(APA)


VİDEO LİNKDƏ: https://xalq.online/gencenin-icra-bascisi-niyazi-bayramovun-fealiyyeti-arasdirilir-11-milyon-manat-artiq-odenis-askarlanib

Məhəmmədli qəsəbəsində qanunsuz "makler evlər"inin tikintisi bitmir - RİH başçısı göstəriş verib?


Abşeron rayonunun Məhəmmədli qəsəbəsində qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.

Sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır. İddialara görə, Abşeron ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.

Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi rayon rəhbərliyinin nəzarəti altında baş verir. Belə ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Məhəmmədli qəsəbə icra nümayəndəsi Elmar Abbasov prosesə birbaşa nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, Abşeron rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur. Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Məmmədlidə tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb. Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik: /Xalq.online/
Xəbər lenti