Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur


Bu günlərdə Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyində aparılan audit yoxlaması zamanı aşkarlanmış bir sıra pozuntular barədə məlumat yayıldı. Məlumatlarda qeyd edilirdi ki, audit zamanı müəyyən edilib ki, “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” obyekti üzrə resurs metodu ilə hesablanmış smeta sənədlərinə bəzi işlərin vahidinin qiymətinin sistemlə müəyyənləşdirilmiş qiymətdən də yüksək qiymətlə daxil edilməsi işlərin müqavilə dəyərinin ümumilikdə 101640,53 manat artırılması ilə nəticələnib.

Eyni hal Qaradağ rayonu Sanqaçal qəsəbəsində İdman zalı və mini futbol meydançasının tikintisi zamanı da baş verib. Qiymətlərin düzgün tətbiq edilməməsi hesabına işlərin dəyəri 92397,4 manat, Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi obyektinin smeta sənədlərinin tərtibində isə torpaq işlərində daşınma həcminin düzgün göstərilməməsi, dövlət ekspertizasından keçmiş layihə ilə müəyyənləşdirilmiş həcmlərdən artıq həcmlərin, eləcə də layihədə nəzərdə tutulmayan işlərin daxil edilməsi hesabına işlərin dəyəri 275659,3 manat artırılıb və podratçı təşkilatlara artıq ödənişlər edilib.”

Hesablama Palatasının açıqladığı məlumatlardan da göründüyü kimi Gənclər və İdman Nazirliyi podratçı təşkilatlara artıq ödənişlər edib. Bu podratçı təşkilatlar hansılardır və nazirlik sözügedən işlərin həyata keçirilməsinə nə qədər vəsait ayırıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Gənclər və İdman Nazirliyi “Modern Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir neçə müqavilə bağlayıb.

Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini futbol meydançasının və idman zalının tikintisinin davam etdirilməsi işlərinin satın alınması üzrə 3.276.624 manat məbləğində müqavilə 22.12.2022-ci ildə bağlanılıb.

Qaradağ rayonu, Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının tikintisi işlərinin satın alınması üzrə 3.769.491,83 manat məbləğində bir müqavilə də 09.04.2025-ci ildə bağlanılıb.

Göründüyü kimi Gənclər və İdman Nazirliyi Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının(?) tikintisinə ümumi olaraq 7 046 115 manat dövlət vəsaiti ayırıb.

Gənclər və İdman Nazirliynin işbirliyi qurduğu “Modern Construction” MMC barədə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “MODERN CONSTRUCTİON” (VÖEN: 1503560971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.04.2017-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev.14/70, m.48, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Natiq Hüseyn oğlu olub.

MMC-nin rəsmi veb saytında yerləşdirilmiş məlumatlara görə “Modern Construction” MMC layihələrin uyğun istiqamət üzrə icrası, idarə olunması, satınalma və tikintiyə qədər infrastruktur obyektlərin tikintisinin və mürəkkəb proseslərinin idarə edilməsində ixtisaslaşan tam dövrəli tikinti şirkətidir. 2017-ci ildə qurulduğu gündən etibarən “Modern Construction” MMC yerli layihələr üçün peşəkar xidmətlərini göstərir.

MMC-nin sattında bir neçə layihənin həyata keçirilməsi barədə fotolar yerləşdirilsə də Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının tikintisi ilə bağlı heç bir məlumat yoxdur.

Bundan əlavə Gənclər və İdman Nazirliyi “Modern Construction” MMC ilə daha bir neçə müqavilə də bağlayıb.

Qəbələ Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satın alınması üzrə 8.263.129,8 manat məbləğində müqavilə 09.04.2025-ci ildə bağlanılıb.

Qəbələ Olimpiya İdman Kompleksinin binasında əsaslı təmir işlərinin (Avadanlıqlarla birlikdə) satın alınması üzrə 437.566,42 manat məbləğində müqavilə 08.10.2025-ci ildə bağlanılıb.

“Kür” Olimpiya İdmanTədris Mərkəzində əsaslı təmir işlərinin” satın alınması üzrə 1.755.087,77 manat məbləğində müqavilə 30.12.2025-ci ildə bağlanılıb.

Qəbələ Olimpiya İdman Kompleksinin binasında əsaslı təmiri üzrə əlavə işlər görə 1.220.915,08 manat məbləğində müqavilə 05.01.2026-ci ildə bağlanılıb.

Göründüyü kimi Gənclər və İdman Nazirliyi Qəbələ Olimpiya İdman Kompleksinin tikintisi işləri və əsaslı təmiri üzrə “Modern Construction” MMC ilə ümumi dəyəri 9 921 610 manat dəyərində 3 satınalma müqaviləsi bağlayıb. İndi kim zəmanət verə bilər ki, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə ayrılmış bu vəsait şişirdilməyib və yaxud da podratçı şirkətə artıq ödənişlər edilməyib?

Qeyd edək ki, Hesablama Palatası tərəfindən aparılan audit yoxlaması 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü əhatə edir. Göründüyü kimi Gənclər və İdman Nazirliyi əvvəlki illərdə yol verdiyi qanun pozuntularına baxmayaraq yenidən “Modern Construction” MMC-yə on milyon manatdan yuxarı dövlət sifarişi vermişdir.

Qeyd edək ki, Gənclər və İdman naziri Fərid Qayıbovdur. O, Prezident İlham Əliyevin 9 senyabr 2021-ci il tarixli Sərəncamını ilə Gənclər və İdman naziri təyin edilib. Gənclər və İdman Nazirliyinin daim işbirliyində olduğu “Modern Construction” MMC-yə gəlincə. Şirkətin sözügedən nazirlikdə çalışmış və hazırda mühüm dövlət postlarından birinə rəhbərlik edin bir şəxsin olması istisna deyil. Bu yöndə araşdırmalarımız davam etdiririk və yeni açıqlamalar verəcik.

Aktualinfo.net

Aynur Poluxovanın direktoru olduğu İnstitututda baş verənlərdən Teymur Musayevin xəbəri varmı


Bir neçə gün əvvəl mediada Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi açıqlanıb. Onun sözlərinə görə, ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb.
Vüqar Gülməmmədov deyib ki, “Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır.”
Qeyd edək ki, dövlət satınalmalarında ehtimal olunan qiymətdən 20 faiz aşağı bağlanan müqavilələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrində daha çox rast gəlinir. Elə Səhiyyə Nazirliyinə tabeli K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilmiş satınalmalarda olduğu kimi.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən mətbəə mallarının satınalınması üzrə 09.12.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “RUMPEL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 12.765 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.
Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən nəzərdə tutulmuş mətbəə mallarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 33.829,18 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “RUMPEL” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.
Amma göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “RUMPEL” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Bundan əlavə Elmi-Tədqiqat Pediatriya İnstitutu bir mənbədən satınalma metodu tətbiq etməklə ultrasəs aparatı üçün 2 (iki) ədəd ötürücünün satınalınması üzrə10.03.2026-ci ildə “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 25.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, “Arash Medical Company” QSC ilə bağlanmış bu müqavilədə də qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.
Belə ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.
Qeyd edək ki, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-ni bir sıra kotirovka sorğularında iştirakına yol vermir.
Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.
Göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “Arash Medical Company” QSC arasında bağlanılmış satınalma müqavilələrində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları mühafizə institutuna çevrilmişdir. Hazırda İnstitutda 245 çarpayılıq 8 klinik şöbə, 6 elmi bölmə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. 50 çarpayılıq yenidoğulanların reanimasiya və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.
Sözügedən İnstitutun direktoru Aynur Poluxovadır. O, sözügedən vəzifəyə Səhiyyə naziri Teymur Musayevin əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Əldə etdiyimiz ən son son məlumatlara görə onun bu vəzifəyə təyanıtanda Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri Ramiz Poluxovun böyük rolu olub. Aynur Poluxova həm də 2016-cı ildən ATU, II Uşaq xəstəlikləri kafedrasında dosent işləyir.
Qeyd edək ki, Aynur Poluxovanın rəhbərlik etdiyi Pediatriya İnstitutunda qanunsuzluqlara təkcə satınalmalarda yol verilmir. Bu günlərdə mediaya müraciət edən vətəndaş aidiyyatı orqanlara Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş alan özbaşınalığa etiraz edib. (Məqaləni bu linkdə ətraflı oxuya bilərsiniz https://gundelikxeber.org/gundem/13812-elmi-tdqiqat-pediatriya-institutunda-sogan-kimi-qabigimizi-soydular.html )Vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacıları da pul istəyirdilər.
Göründüyü kimi Səhiyyə naziri Teymur Musayevin kadrının rəhbərlik etdiyi Elmi-Tədqiqat Pediatriya İnstitutunda son vaxtlar baş verənlərlə bağlı vətəndaşlar da narazılığını ifadə edir. Butün bunlardan nazirin xəbəri var, ya yox, bəlli deyil. Bəlli olan odur ki, istər Hesablama Palatası, istərsə də digər aidiyyəti qurumlar elə Aynur Poluxovanın Pediatriya İnstitutuna rəhbərliyi dövrü araşdırsa yuxarıda qeyd etdiyimiz qanun pozuntularına oxşar çox nöqsanlar aşkarlaya bilər.
Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aktualinfo.net

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: "Baku Electronics" niyə qapanıb?


Azərbaycanın pərakəndə satış sektorunda onilliklərdir fəaliyyət göstərən, qlobal brendləri ölkəyə gətirən "Baku Electronics" bu gün bazarın ən böyük oyunçularından biridir. Lakin biznesin miqyası böyüdükcə, ona olan ictimai nəzarət və tələbkarlıq da eyni dərəcədə artır. Təəssüf ki, son dövrlər istehlakçı rəyləri və bazardakı vəziyyət göstərir ki, şirkətin kəmiyyət göstəriciləri keyfiyyət və şəffaflıq standartlarını qabaqlayır.

Hesabatlılıq liderlik borcudur
Müasir korporativ idarəetmə prinsiplərinə görə, böyük bazar payına sahib olan şirkətlər yalnız vergi orqanları qarşısında deyil, həm də cəmiyyət qarşısında hesabatlı olmalıdırlar. "Baku Electronics"in maliyyə göstəricilərinin, strateji inkişaf planlarının və illik fəaliyyət hesabatlarının ictimaiyyətə qapalı qalması bu baxımdan müəyyən suallar doğurur. Şəffaflığın olmaması istehlakçıda "şirkət yalnız mənfəət güdür" təəssüratını yaradır. Şəffaf hesabatlılıq modeli tətbiq edilmədən, bir brendin "milli dəyər" səviyyəsinə yüksəlməsi və tam etibar qazanması qeyri-mümkündür.

Satışdan sonrakı "xaos"
Şirkət haqqında ən çox səslənən tənqidlərin başında satışdan sonrakı xidmət (after-sales) və zəmanət öhdəliklərinin yerinə yetirilməsi dayanır. Marketinq kampaniyaları ilə müştərini mağazaya cəlb etmək işin yalnız yarısıdır. Əsl peşəkarlıq məhsulda problem yarandıqda ortaya çıxır. Müştəri şikayətlərinin təhlili göstərir ki, servis mərkəzlərindəki lənglik, bürokratik əngəllər və vətəndaşın şikayətinə qarşı göstərilən laqeyd münasibət brendin imicinə ciddi zərbə vurur.

Qiymət strategiyası və seçim azadlığı
Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başlayıb. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda "Baku Electronics" Azərbaycan üzrə 37 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.

Lakin bu status şirkətə qiymət diktəsi etmək hüququ verməməlidir. Eyni məhsulun qonşu ölkələrdə və ya beynəlxalq onlayn platformalarda dəfələrlə ucuz olması istehlakçıda haqlı narazılıq yaradır. Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir; bu imkan vətəndaşa daha münasib qiymət təklif etmək üçün istifadə olunmalıdır, rəqabəti boğmaq üçün deyil.

"Baku Electronics" "mən satıram, deməli hakimi-mütləqəm" yanaşmasından uzaqlaşmalı, müştəri mərkəzli modelə keçməlidir. Obyektiv tənqidlərdən nəticə çıxarmaq, servis keyfiyyətini texnoloji yeniliklərlə eyni səviyyəyə qaldırmaq və ən əsası, cəmiyyətə qarşı hesabatlı olmaq şirkətin gələcək taleyini müəyyən edəcək. Unutmaq olmaz ki, rəqabət mühitində ən böyük kapital pul deyil, müştərinin etibarıdır.

Qeyd edilənlərlə bağlı şirkətin mövqeyini verməyə hazırıq.
afn.az

AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?



Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) başlanan maliyyə yoxlamalarının miqyası getdikcə daha ciddi mənzərəni ortaya qoyur. Musavat.com-a daxil olan məlumatlara görə, artıq agentliyin bir sıra struktur bölmələrində, o cümlədən regional yol istismar idarələrində geniş araşdırmalar aparılır.

Bu araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır. Mənbələrin iddiasına görə, bu prosesdə adı hallanan qurumlardan biri də vaxtilə Goranboy rayonunun Qaraçinar kəndində yerləşdiyi bildirilən 54 saylı Xocalı Yol İstismar İdarəsidir. İdarənin keçmiş rəhbəri kimi təqdim olunan Məzahir Səlimovun uzun illər bölgədə mühüm maliyyə axınlarına nəzarət etdiyi iddia olunur.

Bu iddialara əsasən, sözügedən idarə vasitəsilə həyata keçirilən layihələrdə real xərclərlə rəsmi sənədlər arasında ciddi fərqlər aşkarlanıb. Eyni zamanda, bölgədə keçirilən tenderlərin məhdud çevrənin nəzarətində olduğu barədə də məlumatlar var. İddialara görə, idarənin keçmiş rəhbəri kimi adı hallanan Məzahir Səlimovun bölgədə geniş təsir imkanlarına malik olduğu, bir sıra iri layihə və tenderlərin məhz onun və yaxın çevrəsinin nəzarətində olduğu bildirilir. Onun qardaşı Əkbər Səlimovun vaxtilə Yevlaxın icra başçısı postunu tutduğu da bildirilir. Məlumata görə, sözügedən şəxs uzun illər yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərə malik olub. Bu kontekstdə adı çəkilən Saleh Məmmədovla əlaqələr xüsusi vurğulanır.

İddialar bununla da bitmir. 54 saylı idarədə sahə rəisi kimi çalışmış Saləddin Dadaşovun da qısa müddətdə böyük maddi imkanlar əldə etdiyi, bahalı avtomobillər və daşınmaz əmlak sahibi olduğu qeyd olunur. Hətta onun Saleh Məmmədov vəzifəsindən kənarlaşdırılandan az öncə 300 min manat dəyərində “Range Rover” markalı avtomobil aldığı xəbəri var. Eyni zamanda, bəzi mənbələr həmin şəxslərin müxtəlif vaxtlarda istifadə etdikləri avtomobillərin dövlət qeydiyyat nişanlarını dəyişdirdiklərini, bir-birindən baha nəqliyyat vasitələrinə sahib olduqları bildirir. İddialarda o da vurğulanır ki, adıçəkilən şəxslərin Kəlbəcər rayonu, Bakı və Tərtər rayonu ərazilərində müxtəlif obyektləri mövcuddur.

Xatırladaq ki, Gununsesi.info-nun bu mövzuda yaydığı məlumatlarda qeyd olunurdu ki, yoxlamalar zamanı AAYDA sistemində son illər ərzində yüz milyonlarla, hətta 1 milyard manata yaxın dövlət vəsaitinin talan edildiyi ehtimal olunur. İddiaya görə, vəzifədən kənarlaşdırıldıqdan sonra Saleh Məmmədov özünə yaxın hesab etdiyi regional idarə rəhbərlərini bir araya toplayaraq yaranmış vəziyyəti müzakirə edib. Həmin toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Məzahir Səlimovun da adı çəkilir. Qeyd edilir ki, keçmiş sədr maliyyə çatışmazlıqlarının qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb, əks halda hüquqi məsuliyyətin qaçılmaz olacağını bildirib.

Bildirilir ki, hazırda araşdırmalar çərçivəsində regional yol idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi nəzarət altındadır. Bu isə 54 saylı Yol İstismar İdarəsi daxil olmaqla, bir sıra qurumlarda illərlə formalaşmış maliyyə mexanizmlərinin yenidən qiymətləndirilməsi deməkdir. Ekspertlər hesab edir ki, prosesin dərinləşməsi halında AAYDA daxilində daha geniş korrupsiya şəbəkəsinin üzə çıxması və yeni vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istisna edilmir.Musavat.com

"Avromed" hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə


Azərbaycan səhiyyəsində hemofiliyalı xəstələrin həyatını təhlükəyə atan ciddi bir skandal yetişməkdədir.


Bir neçə gündür davam edən narazılıqlar pik həddə çatıb. "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərovun son "SOS" müraciəti, dövlət büddəsindən ayrılan milyonlarla manat vəsaitin hara və necə xərcləndiyi ilə bağlı ciddi şübhələri ortaya qoyur.


"Bədənimizə nə yeridildiyi məlum deyil"


Özü də hemofiliyadan əziyyət çəkən Fuad Əsgərovun bildirdiyinə görə, son aylarda Respublika Klinik Xəstəxanası tərəfindən hemofiliyalı xəstələrə paylanılan "Faktor IX" preparatları səhhətlərində ciddi narahatlıq yaradıb. Məsələ ondan ibarətdir ki, şiddətli qanaxmalar zamanı bu dərmanlar heç bir təsir göstərmir. "Bu isə o deməkdir ki, 1800 xəstənin həyatı faktiki olaraq hər gün riskə atılır və onların bədəninə effektivliyi şübhə doğuran maddələr yeridilir" - deyə QHT sədri bildirib.


17 milyon manata yararsız dərman və korrupsiya şübhəsi


2026-cı il üçün təkcə hemofiliya üzrə tədbirlər proqramı çərçivəsində dərman preparatlarının alınmasına dövlət büddəsindən təxminən 16 milyon 993 min manat vəsait ayrılıb. Bu qədər nəhəng vəsaitin müqabilində xəstələrə verilən "Faktor IX" preparatlarının istifadə müddəti 2026-cı ilin oktyabr ayında başa çatır. Vaxtının bitməsinə cəmi bir neçə ay qalmış dərmanların istifadəsi isə praktikada qadağandır.


F.Əsgərov bildirir ki, hemofiliya müalicəsində istifadə olunan faktor preparatları bioloji məhsullardır: “Yararlılıq müddəti yaxınlaşdıqca dərmanın tərkibindəki aktiv maddə (faktor) parçalanmağa başlaya bilər. Bu, qanaxmanın dayandırılmasında gecikmələrə və ya qanaxmanın tam nəzarət altına alınmamasına səbəb olur. Xəstə gözlənilən nəticəni almadığı üçün qanaxma davam edərsə, oynaqdaxili zədələnmə riski artır”.


Yenə "Avromed"...


17 milyon manata yaxın vəsaitin xərcləndiyi bu sahədə, "miadı" dolmaqda olan dərmanların hansı podratçı şirkətdən və hansı şərtlərlə alındığı təbii ki, hamı üçün maraqlıdır. Qeyd edək ki, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması” tenderinin qalibi illərdir eyni şirkətdir. Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara görə, artıq bir neçə ildir bu tender "Avromed Company" QSC tərəfindən "udulur".


2023-cü ildə həmin tenderin dəyəri 14 10 8425 manat, 2024-cü ildə 16 163 734 manat, 2025-ci ildə 16 milyon 333 min 897 manat, 2026-cı ildə isə 16.935.454,4 manat təşkil edib. Hamısının da qalibi "Avromed Company" QSC olub. Şübhələr var ki, beynəlxalq bazarda dəyərindən dəfələrlə ucuz alınan, son istifadə tarixinə az qalmış preparatlar dövlətə yeni qiymətinə təqdim edilib.


Hemofiliyalı xəstələrin fəryadı təkcə 1800 xəstənin problemi deyil, həm də dövlət qurumlarının şəffaflığına yönəlmiş ciddi bir ittihamdır. Ortada olan acı həqiqət birdir: Əgər dərman xəstəni xilas etmirsə, deməli, ayrılan milyonlar kimlərinsə cibinə gedib, xəstələr isə ölümlə üz-üzə qoyulub.


AFN.az

Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT


Novxanı ərazisində yerləşən “Santo Mare” restoran-otel kompleksində qanunsuz tikinti işlərinin yenidən aparıldığı iddia olunur. 
Bizimesr.az bildirir ki, bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində, dənizkənarında yerləşən kompleksdə qanunsuz tikinti faktı aşkarlanmışdı.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumların iştirakı ilə aparılan tədbirlər nəticəsində qanunsuz tikili sökülmüşdü.

Lakin Bizimesr.com-a daxil olan məlumata görə, həmin ərazidə yenidən tikinti, artırma və müxtəlif quraşdırma işlərinə başlanılıb. İddialara əsasən, bu dəfə də dənizkənarında - mühafizə zolağında, heç bir icazəverici sənəd olmadan tikinti işləri aparılır.
Qeyd edək ki, dənizkənarı ərazilərdə, xüsusilə mühafizə zolaqlarında qanunsuz tikinti ictimai sərvətin mənimsənilməsi və vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirilir. Son dövrlər Novxanı və ətraf ərazilərdə bu kimi halların artdığı qeyd olunur. 
İddialara görə, “Santo Mare” MMC tərəfindən aparılan tikinti işləri zamanı yaşıllıqların məhv edilməsi faktları da qeydə alınıb. Baxmayaraq ki, əvvəlki müdaxilədən sonra işlər dayandırılmışdı, hazırda yenidən aktiv tikinti aparılması bu prosesin arxasında yüksək vəzifəli şəxslərin himayəsinin ola biləcəyi ehtimallarını gündəmə gətirir.

Araşdırmalar zamanı məlum olub ki, kompleksin sahibləri arasında Sadiq adlı sahibkar və Naxçıvandan olan keçmiş nazirin adı çəkilir. İddia olunur ki, dəniz sahilində, qum üzərində hovuz və digər tikililər inşa edilir.

Məsələ ilə bağlı “Santo Mare” restoran-otel kompleksi ilə əlaqə saxlamaq mümkün olsa da, qarşı tərəf hər hansı açıqlama verməyib. Eyni zamanda Sumqayıt Şəhər İcra Hakimiyyətindən və digər aidiyyəti qurumlardan da münasibət öyrənmək mümkün olmayıb.
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/novxanida-santo-marede-qanunsuz-tikinti-yeniden-davam-edir--videofakt-21369

Qeyd edək ki, qarşı tərəfin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. Hadisə ilə bağlı videogörüntüləri təqdim edirik. İctimaiyyət ümid edir ki, məsələ ilə bağlı müvafiq qurumlar araşdırma apararaq qanunsuzluğun qarşısını alacaq.(Bizimesr.az)

İlkin Əzizovun rəis olduğu idarəyə 85 minlik yanacaq alınıb


Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yanacaq tədarükü üçün “Azpetrol”u seçib
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi həyata keçirdiyi yanacaq satınalmasına yekun vurub.
32gun.az xəbər verir ki, tenderin nəticələrinə əsasən, ölkənin iri yanacaqdoldurma şəbəkələrindən biri olan “AZPETROL LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalanıb.

Tərəflər arasında bağlanan müqavilənin ümumi məbləği 85.000 AZN təşkil edir.
Eyni zamanda, qurumun qaz haqqının ödənilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə 10.000 AZN dəyərində ödəniş razılaşması əldə edilib.

Ümumilikdə 95 min manatlıq dövlət vəsaitinin xərclənməsini nəzərdə tutan bu müqavilələrdə yanacaq alışının aslan payını təşkil etməsi diqqət çəkir. Rayonun su və meliorasiya sistemlərinin istismarı üçün bu növ enerji resursları zəruri hesab edilsə də, bir qayda olaraq satınalmaların rəqabətli tender mühitindən daha çox birbaşa müqavilələr üzərindən rəsmiləşdirilməsi idarənin təchizat siyasətində alternativ seçim imkanlarını məhdudlaşdırır. Hazırda hər iki müqavilə üzrə xidmətlərin icrasına start verilib.
Xatırladaq ki, İlkin Əzizov 2025-ci ilin aprel ayında Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birbaşa olaraq Zaur Mikayılovun direktor olduğu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinə tabedir.(32gun.az)

“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır


Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən “İnex” şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.

Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, “İnex” şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.

“Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin”, deyə Mədinə Əsədzadə bildirib.

Şikayətçinin sözlərinə görə, şirkət problemi aradan qaldırmaq əvəzinə ona həd-qorxu gəlib: “Deyirlər ki, sizi məhv edərik. Bizim arxamızda nazir dayanır. Konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırırlar. Bizi onun adı ilə hədələyirlər”.

Qubada fəaliyyət göstərən “Jamila Beauty and Laser” gözəllik salonunun sahibi Gülşən Paşayeva da oxşar problemlə üzləşib. Onun sözlərinə görə, “İnex” şirkətindən aldığı epilyasiya cihazı 20 gün müddətində sıradan çıxıb.

“Şirkətlə əlaqə saxladım ki, gəlib təmir etsinlər. Ödəniş istədilər. Mən də bildirdim ki, 20 gün keçməyib, cihaz xarab olub. Niyə təmirinə görə əlavə ödəniş etməliyəm?! Məsələni ictimailəşdirəcəyimi bildirdim. Bundan sonra ödənişsiz təmirə razılaşdılar. Lakin təmirdən sonra cihazın normal işləyəcəyinə zəmanət vermədilər. Mən də etdiyim ödənişi geri tələb edərək cihazı geri qaytarmaq istədiyimi bildirdim. Əvvəlcə razılaşmadılar. Sonra isə bildirdilər ki, bir şərtlə cihazı geri alacağıq ki, dəymiş zərəri tələb etməyəsən. Həmçinin bununla bağlı görüntülü halda iltizam verəsən. Məlumat üçün deyim ki, cihazı 24 aylığına kreditə götürmüşdüm. 5000 manat ilkin ödəniş etmişdim. 2500 manat da kredit borcumu vermişdim. Yəni, mənə 7500 manat ziyan dəyib”, deyə Gülşən Paşayeva bildirib.

Şikayətçi əlavə edib ki, çarəsiz qalaraq şirkətlə razılaşıb: “Məni videoya çəkdilər ki, məsələni ictimailəşdirməyim. Dedilər, əks halda bu videonu əsas gətirərək səni həbs etdirərik. Lakin buna baxmayaraq mən məsələni ictimailəşdirərək pulumu tələb etdim. Bundan sonra başqa təhdidlər gəldi. Dedilər ki, şirkət Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovundur. Ona görə də hara şikayət etsən, xeyri olmayacaq, əvəzində sənin özünə problem yaranacaq”.

Gülşən Paşayeva deyib ki, qalmaqal barədə Taleh Heydərov da məlumatlıdır. “Taleh Heydərovun köməkçisi mənə zəng vurmuşdu. Dedi ki, şirkətin ona aidiyyəti yoxdur. Mən də dedim ki, şirkət israrla onun adını çəkir və onun adı ilə məni hədələyib, pulu geri qaytarmır”, deyə sahibkar vurğulayıb.

Mədinə Əsədzadə və Gülşən Paşayevanın iddiaları ilə bağlı “İnex” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Ləman adlı operatoru məsələ ilə şirkətin hüquqşünasının məşğul olduğunu deyərək bizimlə əlaqə saxlanılacağını bildirdi. İş gününün sonunadək gözləsək də, şirkətdən heç bir zəng gəlmədi.

Araşdırmalarımız zamanı məlum olub ki, “İnex” şirkəti vergi sistemində “İnex” MMC olaraq 16 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 20, mənzil 34-də yerləşir. “İnex” MMC-nin qanuni təmsilçisi Aslanov Mahir Zahid oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Şirkətin Kəmaləddin Heydərova, yaxud da oğlu Taleh Heydərova məxsusluğuna dair hər hansı fakta rast gəlinmir.

Qaynarinfo

Bakının mərkəzində tikinti həyata keçirən MTK-dan ŞİKAYƏT


Bir ailenin 7 üzvü evsiz qalıb…Nə kirayə pul ödənilir, nə də kompensasiya verilir…

2021-ci ildə Nəsimi rayon Azadlıq prospekti 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaş deyir ki, düz üç ildir “Olympus Park” tikinti şirkəti ona verilən kirayə pulunu kəsib.

8 nəfər ailə üzvü ilə birgə şəhərin müxtəlif ünvanlarındakı zirzəmilərdə gecələyirlər.

Nə mənzil, nə də kompensasiya ala bilmədiyini deyən sakinlər iddia edir ki, apelyasiya məhkəməsi də vətəndaşların xeyrinə qərar verib, amma icra olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. O, 2021-ci il aprelin 23-də Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Xəbər lenti