Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

İlkin Əzizovun rəis olduğu idarəyə 85 minlik yanacaq alınıb


Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yanacaq tədarükü üçün “Azpetrol”u seçib
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi həyata keçirdiyi yanacaq satınalmasına yekun vurub.
32gun.az xəbər verir ki, tenderin nəticələrinə əsasən, ölkənin iri yanacaqdoldurma şəbəkələrindən biri olan “AZPETROL LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalanıb.

Tərəflər arasında bağlanan müqavilənin ümumi məbləği 85.000 AZN təşkil edir.
Eyni zamanda, qurumun qaz haqqının ödənilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə 10.000 AZN dəyərində ödəniş razılaşması əldə edilib.

Ümumilikdə 95 min manatlıq dövlət vəsaitinin xərclənməsini nəzərdə tutan bu müqavilələrdə yanacaq alışının aslan payını təşkil etməsi diqqət çəkir. Rayonun su və meliorasiya sistemlərinin istismarı üçün bu növ enerji resursları zəruri hesab edilsə də, bir qayda olaraq satınalmaların rəqabətli tender mühitindən daha çox birbaşa müqavilələr üzərindən rəsmiləşdirilməsi idarənin təchizat siyasətində alternativ seçim imkanlarını məhdudlaşdırır. Hazırda hər iki müqavilə üzrə xidmətlərin icrasına start verilib.
Xatırladaq ki, İlkin Əzizov 2025-ci ilin aprel ayında Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birbaşa olaraq Zaur Mikayılovun direktor olduğu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinə tabedir.(32gun.az)

“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır


Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən “İnex” şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.

Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, “İnex” şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.

“Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin”, deyə Mədinə Əsədzadə bildirib.

Şikayətçinin sözlərinə görə, şirkət problemi aradan qaldırmaq əvəzinə ona həd-qorxu gəlib: “Deyirlər ki, sizi məhv edərik. Bizim arxamızda nazir dayanır. Konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırırlar. Bizi onun adı ilə hədələyirlər”.

Qubada fəaliyyət göstərən “Jamila Beauty and Laser” gözəllik salonunun sahibi Gülşən Paşayeva da oxşar problemlə üzləşib. Onun sözlərinə görə, “İnex” şirkətindən aldığı epilyasiya cihazı 20 gün müddətində sıradan çıxıb.

“Şirkətlə əlaqə saxladım ki, gəlib təmir etsinlər. Ödəniş istədilər. Mən də bildirdim ki, 20 gün keçməyib, cihaz xarab olub. Niyə təmirinə görə əlavə ödəniş etməliyəm?! Məsələni ictimailəşdirəcəyimi bildirdim. Bundan sonra ödənişsiz təmirə razılaşdılar. Lakin təmirdən sonra cihazın normal işləyəcəyinə zəmanət vermədilər. Mən də etdiyim ödənişi geri tələb edərək cihazı geri qaytarmaq istədiyimi bildirdim. Əvvəlcə razılaşmadılar. Sonra isə bildirdilər ki, bir şərtlə cihazı geri alacağıq ki, dəymiş zərəri tələb etməyəsən. Həmçinin bununla bağlı görüntülü halda iltizam verəsən. Məlumat üçün deyim ki, cihazı 24 aylığına kreditə götürmüşdüm. 5000 manat ilkin ödəniş etmişdim. 2500 manat da kredit borcumu vermişdim. Yəni, mənə 7500 manat ziyan dəyib”, deyə Gülşən Paşayeva bildirib.

Şikayətçi əlavə edib ki, çarəsiz qalaraq şirkətlə razılaşıb: “Məni videoya çəkdilər ki, məsələni ictimailəşdirməyim. Dedilər, əks halda bu videonu əsas gətirərək səni həbs etdirərik. Lakin buna baxmayaraq mən məsələni ictimailəşdirərək pulumu tələb etdim. Bundan sonra başqa təhdidlər gəldi. Dedilər ki, şirkət Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovundur. Ona görə də hara şikayət etsən, xeyri olmayacaq, əvəzində sənin özünə problem yaranacaq”.

Gülşən Paşayeva deyib ki, qalmaqal barədə Taleh Heydərov da məlumatlıdır. “Taleh Heydərovun köməkçisi mənə zəng vurmuşdu. Dedi ki, şirkətin ona aidiyyəti yoxdur. Mən də dedim ki, şirkət israrla onun adını çəkir və onun adı ilə məni hədələyib, pulu geri qaytarmır”, deyə sahibkar vurğulayıb.

Mədinə Əsədzadə və Gülşən Paşayevanın iddiaları ilə bağlı “İnex” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Ləman adlı operatoru məsələ ilə şirkətin hüquqşünasının məşğul olduğunu deyərək bizimlə əlaqə saxlanılacağını bildirdi. İş gününün sonunadək gözləsək də, şirkətdən heç bir zəng gəlmədi.

Araşdırmalarımız zamanı məlum olub ki, “İnex” şirkəti vergi sistemində “İnex” MMC olaraq 16 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 20, mənzil 34-də yerləşir. “İnex” MMC-nin qanuni təmsilçisi Aslanov Mahir Zahid oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Şirkətin Kəmaləddin Heydərova, yaxud da oğlu Taleh Heydərova məxsusluğuna dair hər hansı fakta rast gəlinmir.

Qaynarinfo

Bakının mərkəzində tikinti həyata keçirən MTK-dan ŞİKAYƏT


Bir ailenin 7 üzvü evsiz qalıb…Nə kirayə pul ödənilir, nə də kompensasiya verilir…

2021-ci ildə Nəsimi rayon Azadlıq prospekti 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaş deyir ki, düz üç ildir “Olympus Park” tikinti şirkəti ona verilən kirayə pulunu kəsib.

8 nəfər ailə üzvü ilə birgə şəhərin müxtəlif ünvanlarındakı zirzəmilərdə gecələyirlər.

Nə mənzil, nə də kompensasiya ala bilmədiyini deyən sakinlər iddia edir ki, apelyasiya məhkəməsi də vətəndaşların xeyrinə qərar verib, amma icra olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. O, 2021-ci il aprelin 23-də Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?


Sabiq gömrük şefi Aydın Əliyevlə bağlı tənqidi materiallar saytlardan “yoxa çıxıb”

"Dövlət Gömrük Xidmətinin sabiq rəhbəri general Aydın Əliyevlə bağlı ölkə mediasında yer alan yüzlərlə material “birdən-birə” “yoxa çıxıb”..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Vaxtiylə barəsində saysız -hesabsız məqalələr yazılan generalla bağlı mediada indi azsaylı məqalələr qalıb ki, bu məqalələrin də demək olar ki, hamısı sonrakı dönəmdə yazılan, generalın bilavasitə özü ilə deyil, yaxınları ilə bağlı yazılardır.

Maraqlıdır, Aydən Əliyevlə bağlı bunca məqalə birdən-birə necə “yoxa çıxıb”? Bu məqalələri saytlardan hansı “sirli əl” təmizləyib? Ən əsası, Aydın Əliyevin öz “media keçmişini təmizləməsi” hansı mətləblərdən xəbər verir?"

Gələn yazılarımıza bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

DİA-AZ

Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat” MMC-si bir milyon manatı hara xərcələyib?


Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-də dövlət satınalmaları üzrə audit aparıb.

Audit 2023–2025-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satınalma keçirilib, 99,9 mln. manatlıq müqavilə bağlanılıb və bunun 64,8%-i icra olunub.
Audit nəticəsində satınalma prosesində nəzarət və hesabatlılıq sahəsində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib.
Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satınalma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərlə alınıb.
Bundan əlavə, bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanıb, nəticədə öhdəliklərin tam və vaxtında icra olunmaması halları qeydə alınıb.
Audit göstərib ki, bəzi satınalmalar üzrə müqavilələr 30%-ə qədər baha bağlanıb, tətbiq edilməli olan 100 min manatdan çox cərimə tətbiq olunmayıb.
Eyni zamanda, sərgilərin təşkili ilə bağlı 207,3 min manat vəsait maliyyə sənədlərində əks etdirilməyib, tədbirlərin keçirilməsi zamanı isə 651 min manata yaxın artıq büdcə vəsaiti xərclənib.
Qeyd edilib ki, bəzi hallarda qanunvericilikdə nəzərdə tutulmayan təlim xidmətləri alınıb, təlimçilərin 60%-i isə müəyyən edilmiş tələblərə cavab verməyib.
Audit nəticəsində ümumilikdə 1,131 mln. manat vəsaitin bərpası nəzərdə tutulub. Hesablama Palatası aşkar olunmuş nöqsanların aradan qaldırılması və dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edib.

Tezadlar.az

530 manatlıq analizə görə pasienti klinikadan qovdular – “Funda” hospitaldan ŞİKAYƏT


Azərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var.

Eyni vəziyyətlə “Funda” hospitalda üzləşən pasiyent bu yanaşmanın mahiyyətini anlamadığını bildirib.

Ayaz Səmədzadə şikayətində ətrafının tövsiyəsi ilə seçdiyi həkimin qəbulundan məhz analiz məsələsinə görə imtina alıb.
“Xahiş edirəm məni başa salın, bəlkə mənim bu məsələdə anlamadığım nəsə var.

Dünən “Funda” hospitalda qaraciyərimi yoxlatmaq üçün Fərrux Nağıyevin qəbuluna yazıldım. Heç bir ciddi problemim yox idi, sadəcə ailəmizdə şəkər xəstələri var deyə, mən də yoxlanmaq istədim.

Qəbula 50 manat ödədim, həkim məni dinlədi, kağıza 5-6 analiz yazdı ki, bunları verin. Reseption isə ümumi klinikanın yox, elə həkimin öz şöbəsinin qəbul şöbəsi idi.
Ordakı xanım ümumi 528 manat ödəməli olduğumu deyəndə buna gücüm çatmadığımı anladım və təklif etdim ki, kağızı verin, özüm Referansda, ya daha münasib yerdə verim, cavablarla gəlim. Razı olmadılar, pulumu da qaytarıb dedilər, xoş getdin. Yəni mədəni şəkildə qovuldum. Hələ də heç nə anlamıram.

Dostum da həkimdir, zəng edib ona danışdım. Dedi yaxşı qurtarmısan, səni əməliyyat masasına uzatmayıblar”.

Məsələ ilə bağlı Fərrux Nağıyevin fikrini almaq üçün köməkçisi ilə əlaqə saxladıq. Əsas sorğumuz həkim üçün məhz çalışdığı klinikada pasiyentin analiz verməsinin səbəblərini öyrənmək idi. Həkim şikayətin harda yayımlandığını öyrənəndən sonra açıqlama verməkdən imtina etdi.
“Həkim öz mövqeyini hüquq mühafizə orqanlarına bildirib. Bu məsələ ilə bağlı böhtana görə polis orqanlarına müraciət olunub. Məsələ mübahisələndirilsə, məhkəməyə müraciət olunacaq”.(Medicina)

Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatları ilə bağlı baş vermiş şübhəli olaylar haqda redaksiyamıza mühüm məlumatlar daxil olub.
Bakupost.az xəbər verir ki, daxil olan məlumatda bütün qanuni prosedurların formal xarakter daşıdığı, kadrların təyinatında imtahan sisteminin saxtalaşdırıldığı, əslində isə bunun gözdən pərdə asmaq üçün istifadə edildiyi, istədikləri təyinatı qanundankənar həyata keçirdikləri bildirilir.
Məsələn, 7 fevral 2022-ci ildə “dövlət qulluğuna qəbul üçün daxili müsahibə” keçirilməsi barədə elan verilir. Namizədlər qeydə alınır və mart ayında müsabiqələr başlayır.
Vakant yerlərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsi ilə bağlıdır. Bu şöbənin yaradılması da olduqca maraqlıdır: Hüquq şöbəsi ləğv edilir, şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, 20 ilə yaxın bu şöbədə çalışan Teymur Şəkərəliyev işdən uzaqlaşdırılır. 47 yaşında olan T.Şəkərəliyevə heç bir yerdəyişmə təklif edilmir, sadəcə, şöbəsi ləğv edilir və nazirlikdən tamamilə uzaqlaşdırılır.
Ardınca isə Hüquq və insan resursları şöbəsi yaradılır və Teymur Şəkərəliyevin bundan öncə katibəsi işləmiş Aynurə Kərimova müdirliyə namizəd olur.

Yeri gəlmişkən qeyd edək ki, A.Kərimova bundan öncə Ətraf Mühitin Mühafizəsi Departamentində (hazırkı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti) də katibə vəzifəsini yerinə yetirib.
Qəribə bu deyil, hər kəsin vakansiyaya iddia etmək hüququ var. Qəribə odur ki, şöbə müdiri vəzifəsinə namizəd olan Aynurə Kərimova 11 mart 2022-ci ildə saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1 saylı Müsahibə otağında imtahan-müsahibəyə cəlb edilir. 15 aprel 2022-ci il tarixində rəsmi nəticələr elan edilir və bəlli olur ki, A.Kərimova 19 bal toplayıb və vəzifəyə uyğundur. Onun vəzifəyə uyğunluğu təsdiqlənəndən sonra iddia etdiyi vəzifəyə təyin olunub.
Ancaq 11 mart 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kənd təsərrüfatı, xüsusilə Meşəçilik ixtisasında təhsil alan müxtəlif kurslardan olan tələbələrlə Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının görüşü keçirilib. ADAU-nun saytından oxuyuruq ki, 11 mart 2022-ci ildə keçirilən bu görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla birgə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova da iştirak edib. Və nəinki iştirak edib, həm də öz çıxışı ilə tələbələri maarifləndirib və onun bu tədbirdə tribunada olduğunu əks etdirən görüntü də var.

Bir şəxsin eyni vaxtda həm Bakıda imtahan verməsi, imtahandan uğurla keçməsi, nəticələrin dərhal hazırlanması və onun namizəd olduğu vəzifəyə təyin olunması ilə eyni anda-saatda Gəncədə həmin vəzifənin sahibi kimi tələbələr qarşısında çıxış etməsinin mümkünsüzlüyü hər kəsə aydındır. Bu isə imtahan-müsahibənin formallığının, əslində isə vəzifə təyinatlarında saxtalaşdırmanın bariz sübutudur.

Yeri gəlmişkən, A.Kərimovanın Bakıda imtahan verib, uğur qazanıb və vəzifəyə təyin olunduğu saatda Gəncədə nazir müavini Vüqar Kərimovla birgə tədbirdə itirak etməsi təsadüf deyil. Burda yeganə təsadüf olan soyadların oxşarlığıdır, onlar qohum deyillər. Təsadüfi olmayan A.Kərimovanın V.Kərimovun kadrı olmasıdır.

Ümumiyyətlə, Vüqar Kərimovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində müstəsna səlahiyyətə malik olduğu və kadrların təyinatının onun təqdimatına bağlı olduğu vurğulanır.(Bakupost.az)
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ADAU-ya sorğu ünvanlamışıq.






Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı


Biznesi və fəaliyyəti baxımından məfni reputasiyalı və məlum regiondan olan YAP-çılardan biri də Milli Onkolgiya Mərkəzinin direktor müavini, “Azerimed” şirkətinin qeyri-rəsmi sahibi Kəmaləddin Qafarovdur. Uzun müddətdir ki, deputat mandatını zəbt edən və zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı indiyə qədər köhnə və yeni mediada çoxsaylı ifşaedici faktlar yazılıb.

Bu deputatın Onkologiya Mərkəzində fəaliyyəti ölümcül xəstəliklə mübarizə aparanlara dəstək olmaq yox, o xəstələrdən milyonlar qazanmaqdan o tərəfə keçmir. Belə ki, K.Qafarov vəzifəsindən istifadə edərək dövlətin onkoloji xəstələrə ayırdığı pulların çoxunu özünə məxsus “Azərimed” şirkəti vasitəsilə “əridir”. Yəni dərmanlar öz şirkətindən alınır və bir çox hallarda xəstələrə pulsuz paylanmır.

Hər gün mediada gördüyümz odur ki, Onkoloji Mərkəzdə onkoloji xəstəliyin müayinəsindən əməliyyata, müalicəyə və analizlərə qədər hamısı yaxınlarının puluna əsasən, yerinə yetirlir. Halbuki dövlət büdcəsindən hər il xərçəng xəstələrinin müalicəsi və pulsuz dərmanlar üçün milyonlarla manat pul məhz Onkologiya Mərkəzinə ayrılır.

Nə yazıq ki, dövlət olaraq onkoloji xəstəliklərin müalicəsi sahəsində elə bir ciddi irəliləyiş əldə etməsək də, K.Qafarov bu sahənin hesabına müxtəlif sektorlarda biznesini genişləndirir. Onun əsas gəlir mənbəyi tibb sahəsində şaxələndirdiyi işgüzar fəalyyətindəndir. “Azərimed” şirkəti dərmanla yanaşı, tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. İnsafən, qeyd olunmalıdır ki, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin adı bu kimi qalmaqallı olaylarda hallanmır. Əksinə, onun rəhbərlik etdiyi sahənin peşəkarı olması, neqativ hallara qarşı barışmazlığı daxil olan informasiyalar arasındadır.

Bununla belə, direktor müavini Kamaləddin Qafarovun şəxsi biznesin qayğısına qalmağa yönəlmiş fəaliyyəti həm Milli Onkologiya Mərkəzində görülən müsbət işlərə, həm də ümumi səhiyyə sisteminə kölgə salmaqdadır.
Sanki bu şəxsin əsas missiyası millətə qənim kəsilməkdir. İddialara görə, Azərbaycanda “dərman monopolisti” kimi tanınan deputat Kamaləddin Qafarovun şirkətində ucuz başa gəlsin deyə xaricdən ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır. Nəticədə məşhur dərmanların belə keyfiyyəti standartlara cavab vermir. Xaricə gedib zavodlarla danışırlar ki, bunun içinə 100 mq maddə qoyulmalıdırsa, 20 mq əlavə etdirirlər. Amma onu 100 mq dəyərində satırlar. Bu kadrlarda da deputata məxsus “Kanon” apteklər şəbəkəsində satılan keyfiyyətsiz qida məhsulu əks olunub.

XALQ.ONLİNE
VİDEO LİNKDƏ: https://xalq.online/kemaleddin-kafarov-millete-qenim-kesilib-xerceng-ve-derman-texribati

Səssiz başlayan yoxlama, yüksək səslə bitən qərar: Xaçmaz təhsil sektorunda gözlənilən sonluq


Quba–Xaçmaz Regional Təhsil İdarəsinin yaydığı rəsmi məlumat bir daha göstərdi ki, bəzi vəzifələr yalnız ad daşımaq üçün deyil – məsuliyyət tələb edir. Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyevin vəzifədən azad edilməsi sıradan bir kadr dəyişikliyi deyil, uzun müddət yığılan problemlərin nəticəsi kimi qiymətləndirilir.

Daxil olmuş şikayətlər əsasında aparılan xidməti araşdırma zamanı ortaya çıxan faktlar sadəcə texniki nöqsanlar deyil, sistemli çatışmazlıqlardan xəbər verir. Dərnək saatlarının təşkili, şagird davamiyyəti, dərs bölgüsündə ciddi pozuntular – bütün bunlar təhsil kimi həssas sahədə bağışlanması çətin olan məsələlərdir.

Ən diqqətçəkən məqam isə odur ki, bu problemlər təkcə aşağı səviyyədə deyil, məhz rəhbərlik səviyyəsində baş verib. Qanunvericiliyin – xüsusilə “Dövlət qulluğu haqqında” və etik davranış qaydalarının pozulması artıq məsələyə hüquqi müstəvidə yanaşmanı qaçılmaz edib.

Əvvəlcə intizam tənbehi, ardınca isə yekun qərar – işdən azad olunma. Bu ardıcıllıq onu göstərir ki, məsələ tələsik deyil, mərhələli şəkildə araşdırılıb və qərar əsaslandırılmış formada verilib.

Bəs bu qərar nə deməkdir?

Bu, bir siqnaldır. Təkcə Xaçmaza yox, bütün regionlara.

Bu, onu göstərir ki, kağız üzərində qurulan “nizam-intizam” real vəziyyəti ört-basdır edə bilmir. Və gec-tez, gecikmiş də olsa, hesabat günü gəlir.

Vətəndaşlar nə deyir?

Məsələ ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlər də cəmiyyətin bu qərara biganə qalmadığını göstərir:

– News Tube: “Quba–Xaçmaz Regional Təhsil İdarəsini bu qərarına görə alqışlayıram. Xaçmaz rayonuna uğurlu bir insan gələr.”

– Ülvi Əliyev: “Qələmşah müəllimin nə qədər günahı olduğunu deyə bilmərəm, amma əsas bəzi məktəblərdə ciddi araşdırmalar aparılmalıdır.”

– Nazim Sultanzadə: “İnsanlar oturduqları kresloya çox güvənirlər. Amma o güvənə layiq olmaq lazımdır.”

– Rəsad Ağayev: “Gözlənilən qərar idi. İşi bacarmayan insan mütləq ki, işdən çıxarılmalı idi.”

– Araz Aslanov: “Həyat bumeranqdır. Yaşatdığını yaşamadan bu dünyadan köçmək olmur. İnsan bəzən kresloya görə dostu, qardaşı bir qələmdə silir, amma unudur ki, bir gün özü də eyni aqibəti yaşaya bilər. Vəzifə müvəqqətidir, insanlıq isə qalıcıdır.”

Bu rəylərdən də görünür ki, cəmiyyətdə mövzuya yanaşma birmənalı deyil. Kimisi qərarı dəstəkləyir, kimisi isə problemin daha dərin olduğunu düşünür.

BAKUNEWS

Xəbər lenti