Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Sürdüyü maşında öldü


Binəqədi rayonunda kişi sükan arxasında vəfat edib.

Hadisə iyulun 2-si saat 23 radələrində qeydə alınıb.

Biləcəri ərazisində qəsəbə sakini Faiq Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobildə vəziyyəti pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb, 59 yaşlı şəxs infarktdan ölüb.

Araşdırmalar aparılır.

Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?


Bakının mərkəzi küçələrində yeni və müasir avtobusların nümayiş etdirilməsi ilə tez-tez gündəmə gələn Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti paytaxtın kənar qəsəbələrinə çatanda tamamilə fərqli mənzərə ortaya çıxır. Elə təəssürat yaranır ki, AYNA rəhbəri Anar Rzayev üçün Bakı yalnız mərkəzi prospektlərdən ibarətdir, Müşfiqabad kimi minlərlə insanın yaşadığı qəsəbələr isə diqqətdən kənarda qalıb.

Bizimesr.com-a göndərilən foto və videogörüntülər Müşfiqabad qəsəbəsindən "20 Yanvar" metro stansiyası istiqamətində hərəkət edən 114A və 114B marşrutlarında yaranmış vəziyyətin sərnişinlər üçün ciddi problemə çevrildiyini göstərir.

Sakinlərin sözlərinə görə, xəttə buraxılan avtobusların əksəriyyəti köhnə və istismara yararsız vəziyyətdədir. Oturacaqlar sınıq, salonlar natəmiz, texniki vəziyyət isə sərnişinlərin təhlükəsiz və rahat daşınması ilə bağlı ciddi suallar yaradır.

Demək olar ki, hər gün marşrut üzrə hərəkət edən bir və ya bir neçə avtobus yolda nasazlıq səbəbindən dayanır. Nəticədə sərnişinlər avtobuslardan düşürülür və yolun ortasında qalırlar. İnsanlar işə, məktəbə və ya digər ünvanlara vaxtında çatmaq əvəzinə növbəti avtobusu gözləməyə məcbur olurlar.

Problemlər bununla da bitmir. Sərnişinlərin bildirdiyinə görə, marşrut üzrə avtobusların intervalı olduqca uzundur. Bu səbəbdən insanlar bəzən dayanacaqlarda uzun müddət gözləyirlər. Yayın qızmar istisində kondisionersiz avtobuslar isə vəziyyəti daha da ağırlaşdırır. Sıxlıq, havasız salon və texniki problemlər hər gün yüzlərlə sərnişinin üzləşdiyi reallıqdır.

Ən diqqətçəkən məqamlardan biri isə sakinlərin iddiasına görə, bu problemlə bağlı illərdir AYNA rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, vəziyyətin dəyişməməsidir. Onların sözlərinə görə, müraciətlər ya cavabsız qalır, ya da real nəticə vermir.

Bu vəziyyət ciddi suallar doğurur. Əgər paytaxtın mərkəzində müasir avtobus parkı yaratmaq mümkündürsə, niyə Müşfiqabad sakinləri köhnə, tez-tez xarab olan və elementar rahatlıq standartlarına cavab verməyən avtobuslardan istifadə etməyə məcbur qalırlar? Dövlət büdcəsindən nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına milyonlarla manat vəsait ayrıldığı halda, Bakıətrafı qəsəbələrin sakinləri niyə ikinci dərəcəli xidmətlə kifayətlənməlidirlər?

İctimai nəqliyyat hər bir vətəndaş üçün əlçatan, təhlükəsiz və rahat olmalıdır. Bu xidmət yalnız şəhərin mərkəzi ilə məhdudlaşmamalı, paytaxtın bütün yaşayış məntəqələrini əhatə etməlidir. Əks halda, mərkəzdə yaradılan müasir görüntü fonunda qəsəbələrdəki acınacaqlı vəziyyət nəqliyyat sahəsində aparılan islahatların hamıya eyni dərəcədə çatmadığını göstərir.(Bizimesr.com)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/anar-rzayev114a-ve-114b-marsrutlarindaki-biabirci-veziyyeti-niye-gormur-22444

İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".

"Qədir-Xum" eyni nöqsana görə yenidən cərimələndi


Hacıqabul rayonunda yerləşən "Qədir-Xum" Ailəvi İstirahət Mərkəzi eyni hüquq pozuntusuna görə yenidən cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sözügedən restoranda yaranan maye tullantılarının ətraf mühitə axıdıldığı müəyyən edilib.

Restoranın rəsmi müqavilə əsasında fəaliyyət göstərən icarədarı, 1984-cü il təvəllüdlü R.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə restoranın icarədarı 800 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Hacıqabul rayonu ərazisində, Bakı–Şirvan avtomobil yolunun sağ tərəfində yerləşən, ümumi sahəsi 2000 kvadratmetr olan ictimai iaşə obyekti Gülnarə İsmayıl qızı Rüstəmova tərəfindən icarəyə verilib. "Qədir-Xum" Ailəvi İstirahət Mərkəzi ötən il də eyni maddə ilə cərimələnmişdi. Həmin vaxt aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün obyektə müddət verilmişdi.

İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT


İş adamı Mətanət Həsənova bloger və tiktoker Həmid Allahverdiyevlə bağlı yeni iddialarla çıxış edib. O, sosial şəbəkələrdə müxtəlif ödənişlərə dair olduğunu bildirdiyi çek və qəbzləri paylaşaraq, külli miqdarda maddi ziyana məruz qaldığını iddia edib.

Şikayətçinin sözlərinə görə, 2023-cü ildən başlayaraq Həmid Allahverdiyevin müxtəlif vədlərinə inanaraq ümumilikdə 135 min manat vəsait xərcləyib. İddiasına əsasən, həmin məbləğin böyük hissəsi TikTok platformasında keçirilən oyunlara və digər ödənişlərə sərf olunub. O bildirir ki, oyunlar vasitəsilə avtomobil qazanacağı və həmin avtomobilin ona təqdim ediləcəyi vəd edilsə də, bu baş verməyib.

Həsənova həmçinin iddia edir ki, əlavə olaraq 15 min manat kazino oyunlarında uduzub və bu prosesdən əldə olunan gəlirlərin Həmid Allahverdiyevin xeyrinə olduğu qənaətindədir.

Şikayətçi uzun müddət qarşı tərəfə həm maddi, həm də mənəvi dəstək göstərdiyini, lakin sonradan aldadıldığını düşündüyünü bildirir. Onun sözlərinə görə, verilən şəxsi vədlər də sonradan öz təsdiqini tapmayıb və bütün bunların yalnız maddi maraq məqsədi daşıdığı qənaətinə gəlib.

İş qadını məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini açıqlayıb. O, müraciətində iddialarının obyektiv araşdırılmasını, təqdim etdiyi çek və digər sübutlara hüquqi qiymət verilməsini xahiş etdiyini bildirib.

Qeyd edək ki, yazıda yer alan məlumatlar Həsənovanın iddialarına əsaslanır. Həmid Allahverdiyev tərəfindən bu iddialarla bağlı hələlik ictimai açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Paytaxt.org

Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia


17 aprel tarixində elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.

Nazirin bu işgüzar səfəri Qusar təhsil sektorunda olduqca təlatümlü və arzuolunmaz olaylarla da yadda qalıb.

Nazirin və onunla birlikdə Qusara gələn nazirlik əməkdaşlarının yemək, qalma və digər səfər xərclərinin qarşılanması üçün həmin ərəfədə Qusarın bütün şəhər və ətraf kənd məktəblərinin rəhbərlərindən və pedaqoji kollektivindən müxtəlif məbləğlərdə kütləvi pul toplama marafonu həyata keçirilib.

İddia edilir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın tapşırığı ilə şəhər məktəblərinin hər birindən 500 manat məbləğində vəsait yığılıb. Bu vəsaitin nazirin nahar yeməyi və nazirliyin digər məsul şəxslərinin hotel pulunun ödənilməsi üçün xüsusi tapşırıq kimi vurğulandığı da iddialar arasındadır.

Qısa zaman kəsiyində yerinə yetirilən bu kütləvi marafon bir çox pedaqoq tərəfindən narazılıqla qarşılanıb. Bu vəsaiti verməkdən imtina edən həmin müəllimlər məsələ barədə sosial şəbəkə üzərindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə məlumat verib.

Bundan sonra Naira Klıçova Coşqun Əliyev tərəfindən şiddətlə qınanaraq yığılan vəsaitlərin dərhal geri qaytarılması tapşırığını alır.

İdarə müdirinin qəzəbindən canını qurtaran sektor müdiri sonda heç bir cəza almasa da, nazir Emin Əmrullayevin səfər xərcləri adı altında toplanan vəsaitlərin hamısı geri qaytarılıb.

Bununla da, sözügedən tapşırığın regional idarə tərəfindən verilmədiyi hər kəsə məlum olub.

​Səsləndirilən iddialarda adı çəkilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın mövqeyini almaq üçün tərəfimizdən ona göndərilən yazılı informasiya sorğusuna cavab verilməyib./7times.az

Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb



Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Kino Agentliyinin 300 minlik tenderi - “ERRA SUPPLY” MMC kimindir?


Kino Agentliyi publik hüquqi şəxsi beynəlxalq film festivalları və film marketlərində iştirak, eləcə də beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafı xidmətlərinin satın alınması ilə bağlı yeni müqavilə bağlayıb.
Bizimesr.com bildirir ki, satınalma prosedurunun qalibi “ERRA SUPPLY” MMC olub. Müqavilənin ümumi dəyəri 292.690,2 AZN təşkil edir.
Sənədə görə, layihə çərçivəsində Azərbaycanın kino sənayesinin beynəlxalq festivallarda və film bazarlarında təmsil olunması, ölkənin kino potensialının təqdim edilməsi, həmçinin xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu tip fəaliyyətlər adətən konkret film istehsalından çox, kino sahəsinin beynəlxalq platformalarda tanıdılması, yeni layihələr üçün tərəfdaşların cəlb edilməsi və sənayenin xarici bazarlara inteqrasiyası məqsədi daşıyır. Amma maraqlıdır ki, Kino Agentliyi hansı filmlə ilm festivalları və film marketlərində iştirak edəcək? Bu barədə heş bir məlumat yoxdur?

​Bizimesr.com

“Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edildi - 3 milyon mənimsəmə


“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.
V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur.
İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Şirkət paytaxtda bir neçə yaşayış binasının tikintisini həyata keçirib. E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.
2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub.
Bizimesr.com

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)



Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.
Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.
Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmayıb. O bildirib ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.
Yalçın Kazımov onu da qeyd edib ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.
Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.//Xəzər TV
Xəbər lenti