Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Media Masası”nın ikinci verilişi hazırlanır


“Media Masası”nın ikinci verilişi hazırlanır.

Bu dəfə jurnalist Vəfa Həmzəyevanın qonaqları media məkanının iki tanınmış siması - REAL TV-nin baş direktoru Mir Şahin Ağayev və ARB 24 telekanalının icraçı direktoru Radik İsmayılovdur.

Televiziya hələ də əsas informasiya mənbəyidir, yoxsa sosial şəbəkələr artıq onun yerini tutur?

“Media Masası”nın ikinci buraxılışında bu sual ətrafında açıq və gözlənilməz müzakirə aparılıb.

Bu dəfə söhbət təkcə televiziyanın bu günündən yox, onun cəmiyyətə təsir gücündən, sosial media ilə rəqabətindən, xəbərə etibardan, klassik jurnalistikanın dəyişməsindən və süni intellektin media üçün yaratdığı yeni reallıqdan gedir.

“Media Masası”nın ikinci buraxılışı 11 iyul saat 21:00-da REAL TV-də yayımlanacaq.

"Təbriz" MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək


"Təbriz" MTK ilə bağlı dələduzluq ittihamları üzrə baxılan cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qaynarinfo xəbər verir ki, növbəti məhkəmə iclası iyulun 9-da keçiriləcək.

Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə aparılır.

Cinayət işi üzrə "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxs qismində iştirak edir. Təqsirləndirilən şəxslər sırasında MTK-nın icraçı direktoru Talış Məhəmmədov da var.

İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə inşası davam edən binada eyni mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. İstintaqın versiyasına görə, həmin vəsaitin bir hissəsi "Atlant" Ailəvi İstirahət Mərkəzində tikinti və təmir işlərinə yönəldilib. Bu səbəbdən istintaq dövründə kompleksin üzərinə həbs qoyulub.

Əvvəlki məhkəmə iclaslarında zərərçəkmişlər Tahir Qədəşovun da məsuliyyətə cəlb edilməsini tələb etsələr də, məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Həmçinin "Atlant"ın üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı təqdim olunan vəsatət də təmin edilməyib.

Son prosesdə tərəflər arasında "Atlant" İstirahət Mərkəzində şəriklik məsələsi ətrafında mübahisə yaranıb. Nofəl Hacıyev mərkəzin yaradılması və maliyyələşdirilməsində iştirak etdiyini, vətəndaşlardan toplanan vəsaitin bir hissəsinin həmin layihəyə yönəldildiyini iddia edib. Tahir Qədəşov isə bu iddialarla razılaşmayaraq "Atlant"da şəriklik münasibətlərinin olmadığını bildirib.

34° isti, yağış, dolu... - Sabahın havası

34° isti, yağış, dolu... - Sabahın havası

Azərbaycanda iyulun 8-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

3 minlik burun əməliyyatı əks effekt verdi - "Vip Milan"ın həkimi ilə bağlı yeni araşdırma


Pasiyentin şikayəti əsasında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "Vip Milan" Hospitalda aparılan burun əməliyyatı ilə bağlı yenidən araşdırmaya başlanılıb.

Qaynarinfo-nun məlumatına görə, araşdırma Sadiq adlı pasiyentin müraciəti əsasında klinikada qulaq-burun-boğaz (LOR) həkimi və estetik cərrah kimi fəaliyyət göstərən Rəşad Məmmədov barəsində aparılacaq.

Belə ki, ötən il Sadiq "Vip Milan” Hospitalda Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunub və bunun üçün 3000 manat ödəniş edib. Lakin onun iddiasına görə, əməliyyat uğursuz keçdiyindən səhhətində ciddi fəsadlar yaranıb.

Pasiyent izahatında bildirib ki, burnunda çəpər əyriliyi olduğuna, nəfəs almaqda çətinlik çəkdiyinə və eyni zamanda estetik görünüşünü qismən yaxşılaşdırmaq istədiyinə görə əməliyyat olunmağa qərar verib. O qeyd edib ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib:

"Əməliyyat olunduğum gündən indiyə qədər burnum düzəlmək əvəzinə daha da pisləşib. Burnumun sağ tərəfi batıb, sol tərəfində isə gips açıldıqdan sonra yara izi və keyimə yaranıb. Əvvəlcə bunların əməliyyatdan sonrakı normal hallar olduğunu düşünürdüm. Artıq əməliyyatdan doqquz ay keçib. Buna baxmayaraq, burnumdakı izlər, ağrılar və keyimə məni ciddi narahat edir. Dəfələrlə həkimin qəbulunda olsam da, mənə heç bir problemin olmadığı və hər şeyin qaydasında olduğu bildirilib. Hazırda da burnumdakı ağrılar və keyimə hissi həm sağlamlığıma, həm də psixoloji vəziyyətimə mənfi təsir göstərir".

Məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğu həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Məhkəmədə Rəşad Məmmədov bildirib ki, 2025-ci ilin avqust ayından əmək müqaviləsi əsasında "Vip Milan” Hospitalda həkim-otorinolarinqoloq kimi çalışır. Onun sözlərinə görə, pasiyentin burnunda çəpər əyriliyi olduğundan xarici burun və burun çəpərinin korreksiyası əməliyyatı həyata keçirilib.

Həkim əlavə edib ki, əməliyyatdan sonra pasiyent ambulator nəzarətə götürülüb və ona müvafiq rejimə əməl etmək tövsiyə olunub. Rəşad Məmmədovun iddiasına görə, Sadiq bu tövsiyələrə əməl etməyib, burnunu soyuğa məruz qoyub və eynəkdən istifadə etdiyi üçün sonradan həmin problemlər yaranıb.

Prokurorluğun qərarı ilə razılaşmayan pasiyent Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin edərək həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edib. İş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq istintaq orqanına qaytarılıb.

Qeyd edək ki, "VİP Milan" Hospitalın təsisçisi və direktoru Xuraman Muradovadır.

Qaynarinfo

Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?


“Artıq iki aydır maaş ala bilmirik. Xəstəxanalarda heç nə yoxdur. Dərmanı da, iynəni də xəstələrin özünə aldırırlar. İş vaxtı bitir, amma bizi evə buraxmırlar. İşlədiyimiz əlavə saata görə bizə maaş da vermirlər. Tələb edəndə deyirlər ki, maliyyə Nazirliyi maaş əlavəsinə icazə vermir”.
Redaksiyamıza Naxçıvan xəstəxanalarından birindən göndərilən məktubda belə deyilir.
TEREF yazır ki, bunu məşhur jurnalist Heydər Oğuz yazır. Heydər Oğuz daha sonra yazır:
Qeyd edim ki, Naxçıvan məmurlarının 2 aydır maaş almadıqları barədə iddialar yeni deyil. Bir neçə gün əvvəl “Gündəlik Naxçıvan” da bu barədə məlumat yaymışdı. Naxçıvan tibb işçilərinin bizə göndərdiyi məktub da bu faktı təsdiqləyir.

Naxçıvandakı etibarli mənbələrdən aldığım məlumatlar maaşların verilməməsinin ilginc səbəbinə belə aydınlıq gətirib: “Naxçıvan MR Baş nazirliyi postuna iki namizəd vardı. Bunlardan biri indiki Baş nazir Cabbar Musayev, digəri isə Maliyyə naziri Həsən İsmayılov idi. Naxçıvandakı səlahiyyətli nümayəndə Ceyhun Cəlilov da Həsən İsmayılova lobbiçilik edirdi. Amma mərkəzi hakimiyyət Ceyhun Cəlilovun tender “təcrübəsini” nəzərə alıb onun namizədini yox, Cabbar Musayevi Baş nazir postuna təyin etdi. Görünür, məqsədi iki maraqlı tərəfi bir-birinə qarşı qoymaq, beləcə, onların bir-biri üzərində nəzarətini təmin etmək və tender maxinasiyalarının qarşısını almaq olub. Mümkündür ki, bu təyinatdan narazı alan “dərəbəy qruplaşması” Baş nazirin işini sabotaj etmək üçün məmurların maaşlarını aylarla yubatmağa qərar verib”.
İddialara inansaq, Ceyhun Cəlilovla Cabbar Musayev arasında ciddi anlaşmazlıqlar var. Hətta onların bir-biriylə normal ünsiyyət belə qura bilmədikləri bildirilir. Deyilənlərə görə, səlahiyyətli nümayəndə ilə Baş nazir xidməti iş xaricində bir-birini danışdırmırlar. Bu umu-küsünün çanağı isə Naxçıvan məmurlarının başında çatlayır. Lap məşhur Türk atalar sözündə deyildiyi kimi, "İki fil döyüşəndə əzilən çəmənlər olur".

TEREF

Gəncədə kollec direktoru ilə bağlı şok qalmaqal - Xoşqədəm Xudiyevaya qarşı kollektiv etiraz VİDEO


Gəncə Dövlət Regional Kollecində rəhbərliklə müəllim heyəti arasında yaranan gərginlik səngimək bilmir. Təhsil ocağının müəllim kollektivi kollecin direktoru Xoşqədəm Xudiyevanın tutduğu vəzifədən dərhal istefa verməsini tələb edir.

"Bizə Müəllimi Əzən Və Alçaldan Rəhbər Lazım Deyil!"
Etiraz edən müəllimlər rəhbərliyin onlara qarşı mənfi münasibətindən və əmək haqlarının qəsb edilməsindən cana doyduqlarını bildiriblər. Kollektivin yaydığı şikayətdə deyilir:
“Bizə müəllimi alçaldan, əzən və onların halal əməyini qəsb edən direktor gərək deyil. İllərlə təhsilə xidmət edən insanların hüquqları burada hər addımda tapdalanır”.(1xeber.media)

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu


Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.


Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.


İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib.


İddia olunur ki, Elnarə Şirməmmədova aldığı pulları geri qaytarmır və müxtəlif bəhanələr irəli sürür: “Biz onun biznesinin olmadığını sonradan öyrəndik. Onunla bizim ailəvi yaxınlığımız olub. Bütün zərərçəkmişlərə yaxın adam olub. Məsələn, bir zərərçəkən qaynıdır, biri xalası qızıdır, aralarında rəfiqəsi və ailə dostları olanlar da var. O, hər kəsə böyük miqdarlarda - 2-3 kiloqram ağırlığında qızılları nümayiş etdirərək, sərgidən alınma bahalı qızıl əşyalarını göstərərək, müxtəlif tanınmış qızıl şirkətlərinin adlarından, qızıl ticarəti ilə məşğul olan Zülfiyyə xanımın adından istifadə edərək, qızıl bazarlarında guya öz satış “polka”larının olduğunu göstərərək inandırıb ponzi sistemi qurmuşdu. Bunu özü də telefon danışığında dəfələrlə etiraf edib. Düşünürük ki, 30 yaşlı bir xanım bu əməlləri təkbaşına törədə bilməz. Çünki Elnarə Şirməmmədova bu əməlləri törədərkən ona kimlərsə kömək etmiş ola bilər. Anası və atası əsas şübhələndiyimiz şəxslərdir. Zərərçəkmişlərdən pul götürərkən anası da bəzi hallarda yanında olub və həmişə anası ilə birlikdə işlədiyini deyib. Sadəcə təqsirləndirilən şəxs özü etiraf etmir”.


Əldə etdiyimiz məlumata görə, 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bundan başqa, paytaxt sakini, qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da E.Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsi məlum olub. Z.Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material Nəsimi RPİ-də araşdırılır.


Elnarə Şirməmmədovanın atası, cənub zonasında tanınmış müğənni olan İsmayıl Səfərov mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi keçirilir: “Bunların mənə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmə prosesi keçirilir. Elnarə xanım heç kimdən pul almayıb, deyilənlərin hamısı şər-böhtandır”.

"KƏNDLİNİN BOĞAZINA KEÇİRİLƏN YENİ HALQA – SAYĞACLARLA TORPAQ YAŞAMAZ!"​"


Suya 1 manat, işığa 1 manat, qaza 1 manat... Gəl yaşa, ay kasıb, belə yerdə deyirlər!" Bu cümlə bu gün Azərbaycan kəndlisinin, torpağa ümid bağlayan sadə vətəndaşın düşdüyü çıxılmaz vəziyyətin ən çılpaq xülasəsidir.
İndi kəndli üçün yaşamaq yox, sadəcə nəfəs almaq belə möcüzəyə çevrilib. Bazardakı kənd təsərrüfatı məhsullarının od tutub yanan qiymətlərinə baxanda insan yaxınlaşmağa qorxur.
Millət artıq dolanmaq üçün yox, sadəcə acından ölməmək üçün kartof-soğan alıb birtəhər gününü yola verir.
​Və bütün bu rəzalətin fonunda yuxarı kürsülərdə əyləşən məmurlar, aidiyyəti qurumlar çıxıb utanmadan bəyanat verirlər:
"Qiymətlər süni şəkildə artırılır!"
​Maraqlıdır, bu qiymətlər necə süni artırılır? Gözünüzü kor, qulağınızı kar etmisiniz?
Kənd təsərrüfatı ilə məşğul olan kənd sakini nə etməlidir? Torpağı əkmək, məhsulu becərmək üçün hər addımda pul ödənilir! Sahəni sulamaq üçün su tapılmır, tapılanda da hər damlası qızıla bərabər qiymətə satılır.
​Bu gün ölkədə kəndlini və kənd təsərrüfatını dirçəltmək əvəzinə, sanki onu tamamilə məhv etmək üçün xüsusi bir plan işə düşüb. Hər addımbaşı, hər qarış torpaqda qarşımıza bir sayğac çıxır.
​Quyu qazırsan – sayğac vururlar!
​Su arxından su götürürsən – sayğac qoyurlar!
​Kanaldan su gəlir – sayğacla ölçürlər!
​Bir o qalıb ki, gəlib insanın boğazına da bir sayğac bağlasınlar ki, aldığımız hər nəfəsə görə də rüsum ödəyək! Paytaxtın küçələrində harda boş yer görürsə, köhnə boyalarla xətləyib milləti soyan "Azparking" hansı prinsiplə işləyirsə, bu gün "Azersu" və digər aidiyyəti su təsərrüfatı qurumları da eyni rəzil sistemə keçib.
Kim hardan, necə və hansı haqla bir damla su tapırsa, rəsmi talançılar dərhal sayğacla başının üstünü kəsdirir.
​Belə bir dözülməz şəraitdə kənd sakini nə etsin? Necə eksin, necə becərsin?
Gübrə od qiymətinə, yanacaq od qiymətinə, su sayğacla və bahalı. Kəndli gecəsini gündüzünə qatıb can qoyduğu məhsulu hansı qiymətə satsın ki, qazancını keçdik, heç olmasa suyun, işığın, torpağın borcu altında əzilməsin?
Qiyməti qaldıranda şəhərdəki kasıb ala bilmir, qiyməti qaldırmayanda kəndli borc içində boğulur, müflis olur, torpağını atıb qaçır. Bəs bu absurd zəncirin sonu hara gedir?
​Açıq görünür ki, bu ölkədə kənd təsərrüfatına, qiymət siyasətinə və ən əsası, monopolist qurumların özbaşınalığına qarşı heç bir nəzarət mexanizmi yoxdur!
​Hər qurum öz kefində, öz çağındadır.
Hər idarə rəhbəri rəhbərlik etdiyi sahəni öz şəxsi feodal mülkü hesab edir. Kəndlinin canı çıxır, torpaq quruyur, ölkə idxaldan asılı vəziyyətə düşür, amma bu qurumların dərdi ancaq və ancaq yeni rüsumlar, yeni qadağalar və yeni sayğaclar uydurmaqdır.
​Bu gedişlə ölkə kənd təsərrüfatının tamamilə iflasına doğru gedir. Əgər bu gün kəndlinin boğazındakı o "sayğac zənciri" boşaldılmasa, sabah bazarlarda nə kartof tapılacaq, nə soğan.
Qurumların bu "kef" dövrünə son qoyulmalıdır, əks halda bu xalqın və kəndlinin ahı o rahat kürsülərinizi başınıza uçuracaq!
Sima Babayeva
TEREF

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Səhiyyə nazirinə yeni müavin təyin edilib


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.

Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Azərbaycanda informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Xəbər lenti