Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Qaraşovun 1,4 milyonluq “abadlıq”ı 3 ay dözmədi - Üzlüklərin altında sment əvəzinə zir-zibil vurulub - FOTOLAR


Ötən ilin yanvar ayında Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi portalında rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi barədə məlumat yaymışdı.

Bizimesr.az bildirir ki, məlumatda qeyd olunurdu ki, rayonun sosial-iqtisadi inkişafına dair tədbirlər planına uyğun olaraq küçə və səkilərdə təmir-bərpa işləri aparılır, yeni tametlər döşənir, köhnə səki daşları yenilənir, bordurlar quraşdırılır və yolboyu hasarlar üzlənir. Görülən işlər ictimaiyyətə yüksək səviyyəli layihə kimi təqdim olunur, fotolar isə xüsusi vurğu ilə paylaşılırdı.

Abadlıq işlərinin Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli küçələrində, Şəhidlər Xiyabanı və Kiçik Bazar ərazisində, eləcə də Ələt–Astara magistral yolunun Göyşaban kəndindən keçən hissəsində aparıldığı bildirilirdi.

Lakin ilkin təqdimatlarda “nümunəvi layihə” kimi göstərilən bu işlərin arxasında tamam fərqli mənzərənin gizləndiyi çox keçmədən bəlli oldu.

Bizimesrş.az-ın araşdırmalarına görə, sözügedən layihənin icrası üçün keçirilən tenderin qalibi “M-House Construction” şirkəti olub. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon 430 min 142 manat 56 qəpik vəsait ayrılıb. Məbləğin böyüklüyü layihənin keyfiyyətli və uzunömürlü olacağına dair gözləntiləri artırsa da, reallıq tam əksini göstərib.

Belə ki, işlər başa çatdıqdan cəmi 3–4 ay sonra adı çəkilən ərazilərdə ciddi problemlər üzə çıxıb. Hasarlara vurulan üzlüklər qoparaq yerə tökülüb, bəzi hissələrdə isə divarlar tamamilə dağılmağa başlayıb. Sakinlərin sözlərinə görə, problem qısa müddətdə kütləvi xarakter alıb və bu vəziyyət gündəlik narazılığa səbəb olub.

Məsələ ilə bağlı yerli qurumlara, Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətlər edilsə də, verilən cavablar konkret olmayıb. Bildirilib ki, yaranmış problemlər aradan qaldırılacaq.

Lakin bu, əsas sualı cavabsız qoyur - milyonlarla vəsait xərclənən layihə niyə cəmi bir neçə ay ərzində yararsız hala düşüb?

Fotolar və müşahidələr problemin texniki səbəblərini də açıq şəkildə ortaya qoyur. Məlum olur ki, üzlük materialları divara standartlara uyğun şəkildə bərkidilməyib. Belə ki, istifadə olunmalı olan sement və xüsusi yapışdırıcı qat əvəzinə, divar altına müxtəlif tikinti tullantıları - qırıq plitə parçaları yerləşdirilib. Bu isə həm dayanıqlılığı azaldıb, həm də üzlüklərin qısa müddətdə qopmasına səbəb olub.

Mütəxəssislərin fikrincə, bu cür yanaşma tikinti normalarının kobud şəkildə pozulması ilə yanaşı, material xərclərinə “qənaət” adı altında vəsaitin mənimsənilməsi ehtimalını açıq aydın ortaya qoyub.

“M-House Construction” şirkəti ilə bağlı digər məqamlar da diqqət çəkir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, şirkət regionda keçirilən bir çox abadlıq və tikinti tenderlərinin qalibi kimi çıxış edir. Eyni zamanda, şirkətin üzərində iri məbləğdə vergi borcunun olduğu və müxtəlif məhkəmə çəkişmələrində iştirak etdiyi barədə iddialar mövcuddur.

Qanunvericiliyə görə isə vergi borcu olan şirkətlərin dövlət tenderlərində iştirakı məhdudlaşdırılmalıdır. Bu baxımdan, belə bir şirkətin iri həcmli dövlət layihələrinin icrasına cəlb olunması əlavə suallar yaradır.

Baş verənlər fonunda böyük suallar hələ də cavabsız qalır - ayrılan vəsaitin xərclənməsinə kim nəzarət edib, işlərin keyfiyyəti niyə qəbul edilib, tender prosesində hansı meyarlar əsas götürülüb və ən əsası- bu vəziyyətə görə kim məsuliyyət daşıyır? Əslində bu sualın cavabı da var - Heç kim...

Lənkəranda baş verən bu hadisə bir daha göstərir ki, bəzi hallarda rəsmi hesabatlarda “uğurlu layihə” kimi təqdim edilən işlər reallıqda ciddi nöqsanlarla müşayiət olunur. Qısa müddətdə yararsız hala düşən milyonluq layihə isə təkcə texniki problem deyil, həm də idarəetmə və nəzarət mexanizmlərindəki boşluqların göstəricisidir. Yəqin ki, Lənkəran RİH başçısı Taleh Qaraşov “M-House Construction” şirkətinin sahibini də tanıyır, görülən işlərin nə qədər keyfiyyətli və keyfiyyətsiz olduğunu da bilir. Sadəcə olaraq həmişəki kimi susur. Sizcə niyə susur?

Bizimesr.az

Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.

Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.

Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.

Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.

“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.

Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlət başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verilib.

Bildirildi ki, yaxın perspektivdə böyükhəcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.

Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.

Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.

Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.

Enerjisistemdə onlayn diaqnostika texnologiyaları (AGC, WAMS/WACS), süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksəkdəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.

“AzərEnerji” ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb.

Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.

Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerjiötürmə imkanı olacaq.

Dövlət başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.









​​​​

Zaur Əliyevin ətrafında müəmmalı vəziyyət: Vəzifədən gedir, yoxsa həbsə girir?




Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib. Bu dəyişiklikdən sonra Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev səlahiyyətlərinin bir qismini itirib. Bəzi iddialara görə bu, Z.Əliyevin vəzifədən çıxarılması üçün hazırlıqdır.


Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in sədri Vüqar Qurbanov vəzifədən azad edildikdən sonra, Zaur Əliyevin də işdən çıxarılacağı barədə səslənən iddialar gündəmə gəlmişdi. Onların yaxın olduqları, ortaq və paralel fəaliyyət göstərdikləri haqda mediada iddialar yayılıb. Bu fəaliyyətin qanuna ziddi olduğuna dair fikirlər də mediada yer alıb.


Bu struktur dəyişikliyi icbari tibbi sığorta sistemində xidmət keyfiyyətinə və idarəetmənin səmərəliliyinə necə təsir göstərə bilər? Zaur Əliyevin aqibəti necə olacaq?


Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, əslində, adıçəkilən şəxslərin işləməsinə heç bir ehtiyac olmayıb: "Məşhur bir ifadə var: "arabanın beşinci təkəri”. Azərbaycanda bir çox müəssisə və qurum məhz bu funksiyanı yerinə yetirib, yəni onlara ehtiyac olmayıb. Bu, xüsusilə TƏBİB və İcbari Tibbi Sığorta ilə bağlıdır. Əslində, İcbari Tibbi Sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Lakin niyə onu həmin strukturdan ayırıblar, bunu anlaya bilmirəm”.


H.Oğuzun fikrincə, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır: "TƏBİB faktiki olaraq Səhiyyə Nazirliyinin funksiyalarını yerinə yetirirdi və bu iki qurum arasında iş bölgüsü olduqca qeyri-müəyyən idi. Bu isə intizamsızlığa səbəb olurdu. Xəstəxanaların bir hissəsi TƏBİB-ə, digər hissəsi isə Səhiyyə Nazirliyinin nəzarətinə verilmişdi ki, bu da insanlarda çaşqınlıq yaradır, bürokratik əngəllərə səbəb olurdu”.


Müsahibimiz hesab edir ki, adıçəkilən qurumların yenidən əvvəlki mövqelərinə qaytarılması, müvafiq nazirliklərə tabe etdirilməsi ən doğru addım olar: "Amma niyə bu vaxta qədər bunu etmişdilər, bilmirəm. Görünür, neft gəlirlərinin yüksək olduğu dövrdə hər bir funksiya ayrıca bir quruma və ya nazirliyə çevrilmişdi. İndi isə bu strukturların birləşdirilməsi həm bürokratik əngəllərin azalmasına, həm də müəyyən kadr islahatlarının, o cümlədən ixtisarların həyata keçirilməsinə gətirib çıxara bilər”.


Heydər Oğuz mövcud yanaşmanı müsbət qiymətləndirdiyini vurğulayıb: "Azərbaycan artıq "arabanın beşinci təkəri” olan qurumlara vəsait xərcləyəcək durumda deyil. Ölkədə məmur sayının azaldılması və bunun əvəzində yeni iş yerlərinin yaradılması daha vacibdir. Əvvəllər neftdən gələn gəlirlər yüksək olduğuna görə bəzi hallarda müxtəlif qurumlar yaradılır, insanlara sanki "sus payı” verilirdi. İndi isə həmin vəsaitlərin iqtisadi inkişafa və təşəbbüslərin dəstəklənməsinə yönəldilməsi daha məqsədəuyğundur”.


Zaur Əliyev və Vüqar Qurbanovun birgə fəaliyyəti ilə bağlı məsələyə gəldikdə isə, H.Oğuz deyib ki, onlar bu vaxta qədər mənasız funksiyaları yerinə yetirdiklərinə görə maaş alıblar:


"Lakin bəzi hallarda korrupsiya faktlarının olduğu da istisna deyil. Əgər belə hallar aşkarlanarsa, qanun qarşısında cavab verməlidirlər. Əks halda, gedib özlərinə səmərəli və faydalı iş tapmaları daha doğru olar. Ümumilikdə isə, bundan sonra bu sahədə hansı addımların atılacağı, nə qədər iş yerinin yaradılacağı və prosesin necə idarə olunacağı hələ də açıq sual olaraq qalır”.(Globalinfo.az)

Çörəyimizə haram qatanlar... - FOTOLAR


“Bakıxanov Çörək Zavodu”nun məhsulu olan “Soba” çörəyini alan vətəndaş üzləşdiyi mənzərəni əks etdirən fotoları sosial şəbəkələrdə işıqlandırıb.

Görüntülərdə “Soba” çörəyinin içindən uzun qara tük çıxdığı açıq şəkildə görünür. Çörək Məhəmmədi qəsəbəsində fəaliyyət göstərən məşhur marketlərin birindən alınıb.

Vətəndaş iddia edir ki, bu hal çörəyin hazırlanması zamanı gigiyena qaydalarına lazımi nəzarətin edilmədiyini göstərir. İstehlakçı istehsal prosesinə ciddi nəzarət olunmasını xahiş edir.

Qeyd edək ki, bu kimi hallar istehlakçı sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, müəssisənin etibarına da zərbə vurur.

Hər halda, AQTA başda olmaqla, digər əlaqədar qurum və şəxslərin bu məsələyə gərəkən reaksiyanı verməsi şərtdir.( "DİA-AZ")

Məsələ diqqətimizdədir...

AZAL-da 300 sərnişinin baqajı yoxa çıxdı- Video


Bakıdan Moskvaya uçan yüzlərlə sərnişinlərin baqajı çatdırılmayıb.

Xalq xəbər verir ki, bununla balı paylaşımında bloqer Əlixan Rəcəbov bildirib.

O, qeyd edib ki, Moskva istiqamətinə uçuş həyata keçirən təyyarə eniş etdikdən sonra məlum olub ki, təyyarədə olan 300-dən çox sərnişinin baqajı sərnişinlərə gəlib çatmayıb.

Əlixan Rəcəbov sərnişinlərin hazırda itən baqajlarla bağlı ərizə yazmaq məcburiyyətində qaldığını qeyd edib: “Bu da bizim AZAL-ın göstərdiyi xidmət. Hazırda hamımız çamadanlarımızı tapmaq üçün ərizələr yazırıq. Biyabırçılıq…”(Xalq.online)

VİDEO LİNKDƏ: https://xalq.online/azal-da-300-sernisinin-baqaji-yoxa-cixdi-video

"Euronews" Qlobal Bakı Forumu barədə: Bu, ciddi qlobal problemlərin həlli üçün platformadır


"Euronews" beynəlxalq xəbər kanalı matın 12-14-də keçirilən Qlobal Bakı Forumuna həsr olunmuş material hazırlayıb.

Telekanal forumu ən ciddi qlobal problemlərin həlli yollarını tapmaq üçün nəzərdə tutulan platforma adlandırıb.

"Biz qlobal çağırışlarla üzləşirik. Əgər çağırışlar qlobaldırsa, o zaman həll yolları da qlobal olmalıdır. Məhz buna görə də bu cür forumlar yeni ideya və konsepsiyaların təklif edilməsi üçün ilham anı ola bilər ki, bütün dünyadakı liderlər ən yaxşı qərarları qəbul etmək üçün onlardan istifadə edə bilərlər", - Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel hesab edir.

"Euronews" vurğulayıb ki, Qlobal Bakı Forumu çağırışları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq üçün hər il dünyanın dörd bir yanından hazırkı və sabiq liderləri, prezidentləri, baş nazirləri və qərar qəbul edən şəxsləri bir araya gətirir:

"Bu il müzakirələr qlobal idarəçiliyin gələcəyi, artan geosiyasi gərginlik və beynəlxalq əməkdaşlığın yeni modellərinin axtarışı üzərində cəmlənmişdi".

Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Kox-Merin öz növbəsində qeyd edib ki, yaranmış geosiyasi şəraitdə Avropanın enerji tədarükünə kəskin ehtiyacı var:

"Enerji tərəfdaşlığı Avropanın mövcudluğu üçün kritik əhəmiyyət daşıyır və bu məsələdə Azərbaycanın, eləcə də bu regionun əhəmiyyətinə qiymət verməmək mümkün deyil".

"Euronews" bildirib ki, müzakirələrin digər bir əsas mövzusu qlobal institutların gələcəyi və onların yaranan təhdidlərə cavab vermək qabiliyyəti olub.

Bu barədə danışan Şərqi Timorun prezidenti Joze Ramuş-Horta qeyd edib ki, Hörmüz boğazının bağlanması kimi qlobal böhranlar Azərbaycan kimi ölkələrə heç də həmişə birbaşa təsir göstərmir:

"İronik olsa da, ola bilsin ki, məhz Azərbaycanın sahilyanı və ya dəniz ölkəsi olmaması səbəbindən onun neft və qazının nəqli boru kəmərləri və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Beləliklə, Hörmüzün bağlanması ona təsir etmir. Ən azından, regiondakı problemlər fonunda Azərbaycan sakitliyini qoruyur".

Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Qlobal Bakı Forumu geostrateji xarakterli məsələlərin həlli yollarının axtarışında mühüm rol oynayır:

"Hesab edirəm ki, bu konfrans mühüm rol oynayır: burada dövlət və hökumət başçıları, diplomatlar, akademiklər, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələri ciddi müzakirələr aparmaq və həll yolları tapmaq üçün bir araya gəlirlər. İnanıram ki, onların səsi eşidiləcək".

"Euronews" vurğulayıb ki, forum iştirakçıları dünya birliyinin dərin transformasiya dövrünə daxil olduğunu aydın şəkildə bəyan ediblər.

Telekanal forumu qlobal dünya nizamının inkişaf vektoru ətrafında açıq debatlar üçün platforma kimi xarakterizə edir:

"İstər diplomatiya, istər əməkdaşlıq, istərsə də siyasi innovasiyalar olsun, bir çoxları əmindir ki, getdikcə mürəkkəbləşən dünyada istiqaməti müəyyənləşdirmək üçün açıq dialoq zəruri şərt olaraq qalacaq".

‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...


Bakıxanov qəsəbəsi ərazisində, Nazim İsmayılov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Möcüzə” Market ətrafında yaşayan sakinlərin narazılığı getdikcə artır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, sözügedən obyektin fəaliyyəti bir sıra qanun pozuntuları ilə müşayiət olunur.

Daxil olmuş məlumata görə marketin sahibi əvvəlcə piyadaların gündəlik istifadə etdiyi səkini qanunsuz şəkildə obyektin ərazisinə birləşdirib. Nəticədə, vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş ictimai sahə faktiki olaraq zəbt edilib. Bu isə açıq şəkildə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş normaların pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, ictimai istifadədə olan torpaq sahələrinin özbaşına zəbt olunması inzibati məsuliyyət yaradır.
Bununla yanaşı, zəbt olunmuş ərazidə meyvə-tərəvəz satışı təşkil edildiyi bildirilir.Satış zamanı məhsullardan gələn pullar kassa aparatına daxil edilmir. Bu isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş qaydaların pozulması, yəni vergidən yayınma ehtimalını gündəmə gətirir. Vergi Məcəlləsinə əsasən, sahibkar həyata keçirdiyi bütün satış əməliyyatlarını rəsmiləşdirməli və uçota almalıdır.
Digər ciddi iddialardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, marketdə çalışan mühafizəçilərin və satıcıların bir qismi ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin tələblərinin pozulması deməkdir. Qanuna görə, əmək münasibətləri yalnız rəsmi müqavilə əsasında tənzimlənməli, işçilərin hüquqları qorunmalıdır.
Ortaya belə suallar çıxır,niyə bu qədər açıq qanun pozuntularına baxmayaraq, müvafiq qurumlar tərəfindən ciddi tədbir görülmür, nə üçün vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına, vergidən yayınma və qeyri-rəsmi məşğulluq hallarına göz yumulur?
Bu vəziyyət təkcə bir sahibkarın qanun pozuntusu deyil, həm də nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərir. Qanun qarşısında hər kəs bərabərdir və heç bir obyekt “xüsusi toxunulmazlıq” statusuna malik ola bilməz.Məsələ ilə bağlı aidiyyəti qurumların – vergi, əmək və yerli icra strukturlarının təcili araşdırma aparması və qanunauyğun tədbirlər görməsi gözlənilir. Cəmiyyət isə haqlı olaraq sual edir: qanunlar hamı üçün keçərlidirsə, niyə “Möcüzə” Marketdə bu açıq pozuntulara susqunluq nümayiş olunur?Qeyd olunan iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyən etmək üçün yaxın günlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti-nə rəsmi sorğular göndəriləcək. Bu qurumların məsələyə münasibəti və mümkün susqunluğunun səbəbləri də ayrıca araşdırılaraq ictimaiyyətə açıqlanacaq.

nyus.az

Şəkinin 22 kəndi hələ də qazsızdır - 21-ci əsrdə...


Şəkidə 22 məntəqədə qazlaşdırma işləri aparılmayıb. Rayon üzrə 71 yaşayış məntəqəsindən 49-u qazlaşdırılıb ki, bu da 69% deməkdir.


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hələ də rayonun 22 kəndində mavi yanacağın verilməsini gözləyən minlərlə sakin var.


Belə yaşayış məntəqələri sırasında Baqqal, Aşağı Göynüklər ərazi vahidliyinə daxil olan Mərdanlar və Köndələn eləcə də İnçə kəndlərini göstərə bilərik.


Sözügedən kənd sakinləri bu məsələ ilə əlaqədar dəfələrlə müvafiq orqanlar qarşısında məsələ qaldırdıqlarını lakin bir nəticə olmadığını bildirir.


Sakinlər bildirir ki, adətən mavi yanacağa ilin payız və qış fəslində daha çox ehtiyac duyulduğunu zənn edənlər yanılır. Onlara hamı kimi ilin bütün fəsillərində mavi yanacaq lazımdır ki, evlərində yemək hazırlaya, digər zəruri ehtiyaclarını, qayğılarını ödəyə bilsinlər.

Verilən məlumatlara görə hazırda rayonun ucqar Şin kəndində və şəhərin yeni yaşayış massivi olan 120 və 121-ci kvartallarında qazlaşdırma işləri aparılır.


Növbəti mərhələlərdə bu kəndlərin də qazla təmin olunmasına baxıla bilər.
Xəbər lenti