Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş


“64 ailənin yaşadığı 4 ümumi yaşayış binası 2022-ci ilin dekabrından sökülüb. 2 ilə başa çatmalı olan yeni tikinti prosesi isə “Xəmsə” şirkəti tərəfindən artıq 4 ildir ki, yubadılır”.

Bu şikayətlə “Qafqazinfo”ya Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan vətəndaş Əlisafa Salmanov müraciət edib.

O bildirib ki, razılaşmaya əsasən, sakinlər iki il müddətinə tikiləcək 9 mərtəbəli binada mənzillərlə təmin olunmalı idilər: “Ancaq hələ də ortada heç nə yoxdur. “Xəmsə” şirkəti təkcə binanın bünövrəsini qoymaqla kifayətlənir. Bu müddət ərzində evlərimizin tikintisi üçün dəfələrlə aidiyyəti üzrə narahatlığımızı bildirmişik, ancaq bizə deyirlər ki, “yaxın vaxtlarda tikinti işləri davam etdiriləcək”. Təbii ki, bütün işlər sadəcə sözdədir...”

Evlərinin sökülməsi səbəbindən uzun müddətdir kirayədə qalan şikayətçinin sözlərinə görə, kirayə haqqı məsul şirkət tərəfindən ödənilməli olsa da, son aylarda bu ödənişlərin verilməsi ciddi problemə çevrilib: “Sadəcə bir il müddətində məbləği vaxtında ala bilmişik. Ondan sonra hər ayın sonunda pulu almaq mümkünsüz olub. Bununla bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciətlər edilir və orada baxılır. Hətta bəzi ailələrin 3-5 aylıq kirayə haqqı yığılıb qalıb. Bir sözlə, kim daha çox qapı döyürsə, onun səsini məcbur olub eşidirlər. Tək mən yox, bütün sakinlər bu problemlərdən əziyyət çəkir. İstəyirik ki, “Xəmsə” şirkəti razılaşmada qeyd olunduğu kimi evlərimizin tikintisini tez müddətdə başa çatdırsın”.

Məsələ ilə bağlı “Xəmsə” şirkətinin nümayəndəsi olduğu deyilən, Sənan adlı şəxslə əlaqə saxladıq. Lakin o, iddiaları səsləndirən şəxsi tanımadığını və Cəlilabadla heç bir əlaqəsi olmadığını bildirib.

Vətəndaşların kirayə haqqının ödənilməməsi ittihamları ilə əlaqədar isə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şirkətin rəhbəri Araz Ağalarov may ayının 26-da Cəlilabad şəhərində olub: “Kirayədə yaşayan sakinlərlə görüş baş tutub. Görüşdən sonra sakinlərə kirayə haqqlarının verilməsinə başlanılıb. Həmçinin şirkət tərəfindən bu gün ödənişlərin qalan hissəsi də veriləcək”.(Qafqazinfo)

Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?



Bir müddət əvvəl Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin əmək fəaliyyəti və karyera yüksəlişi ilə bağlı araşdırma yazısı dərc etmişdik. Araşdırma zamanı əldə olunan rəsmi sənədlər və dövlət qurumlarından daxil olan cavablar bir sıra ciddi suallar doğurduğundan məsələ ilə bağlı aidiyyəti qurumlara sorğular göndərilmişdi.Mediatvaz.com xəbər portalı tərəfindən 02 aprel 2026-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanan 10/349 nömrəli sorğuda TƏBİB-in təqdim etdiyi rəsmi məlumatlara istinad olunaraq bir sıra vacib məqamlara aydınlıq gətirilməsi xahiş edilmişdi.TƏBİB-in cavabına görə, Natiq Əliyev 22 iyun 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin “Tibbi profilaktika” ixtisasını bitirib, həmin il “Yoluxucu xəstəliklər” ixtisası üzrə rezidenturaya qəbul olunub və 14 noyabr 2022-ci ilədək rezidentura təhsili alıb.Bununla yanaşı, o, 01 oktyabr 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Xəstəxanasında həkim-rezident kimi fəaliyyət göstərib, 01 yanvar 2020-ci ildən isə Naxçıvan Dövlət Universitetində həkim-rezident vəzifəsində çalışıb. Maraqlıdır ki, eyni dövrdə – 23 iyul 2020-ci ildən 01 iyun 2022-ci ilədək Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında da 0,5 ştat vahidi üzrə əvəzçilik qaydasında həkim-infeksionist kimi işləyib. Daha sonra isə həmin xəstəxanada rəhbər vəzifəyə təyin olunub.Rəsmi sənədlərdə göstərilən bu xronologiya haqlı olaraq sual doğurur: bir şəxs eyni vaxtda həm Naxçıvanda əyani rezidentura təhsili alıb işləyir, həm də Bakı şəhərində həkim kimi fəaliyyət göstərirsə, bu proses praktik olaraq necə həyata keçirilib? Naxçıvanla Bakı arasındakı məsafə hamıya məlumdur. Söhbət qonşu rayonlardan deyil, fərqli inzibati ərazilərdən gedir. Əgər şəxs rezidentura təhsili alırdısa, tədris və praktik məşğələlərdə iştirak necə təmin olunurdu? Əgər Naxçıvanda iş başında idisə, Bakıdakı əmək funksiyalarını necə yerinə yetirirdi? Əgər Bakıdakı vəzifəsinin tələblərini yerinə yetirirdisə, Naxçıvandakı iş və təhsil prosesində iştirakını necə təmin edirdi?Məhz bu səbəbdən Maliyyə Nazirliyinə ünvanlanan sorğuda aşağıdakı suallara cavab istənilmişdi:Eyni vaxtda Naxçıvan və Bakı şəhərlərində paralel əmək fəaliyyəti qanunvericiliyə nə dərəcədə uyğundur?İş vaxtının uçotu hansı qaydada aparılıb? Əmək funksiyalarının faktiki icrası necə yoxlanılıb? Müxtəlif müəssisələrdən alınan əməkhaqları hansı əsaslarla hesablanıb və ödənilib?
Lakin təəssüf ki, sorğunun göndərilməsindən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, Maliyyə Nazirliyindən hələ də heç bir cavab daxil olmayıb.Ortaya çıxan mənzərə isə kifayət qədər düşündürücüdür. Dövlət qurumları vəzifəli şəxslərlə bağlı suallara operativ və şəffaf cavab vermədikcə, cəmiyyətdə şübhələr daha da artır. Çünki burada söhbət təkcə bir şəxsin əmək fəaliyyətindən deyil, dövlət qurumlarında nəzarət mexanizmlərinin necə işləməsindən gedir. Əgər hər şey qanun çərçivəsində baş veribsə, bunun izahı verilməlidir. Əgər verilməyibsə, onda ictimaiyyətin sual vermək haqqı var: Natiq Əliyev eyni vaxtda həm Naxçıvanda, həm də Bakıda necə işləyib?(Mediatvaz.com)
Qarşı tərəfin cavab haqqını tanıyırıq

QAYNANASININ EVINDƏN OGURLUQ EDƏN BƏLƏDİYYƏ SƏDRİ!


Masallı rayonundan daxil olan rəsmi şikayət məktubu, bölgədə bəzi ünsürlərin mənəviyyat, qanun və insanlıq hissini necə tamamilə itirdiyini gözlər önünə sərir.
İttihamların mərkəzində dayanan şəxs — Masallı rayonu, Musaküçə bələdiyyəsinin işçisi Eldəniz Kərimovdur.
Qarşıdakı faktlar sadəcə hüquq pozuntusu deyil; bu, dövlətə, xalqa və mənəvi dəyərlərə qarşı açıq-aşkar meydan oxumaqdır! Hüquq-mühafizə orqanları bu rəzalətə dərhal xitam verməlidir!
​Aybəniz İsmayılovanın anasının müəmmalı ölümü və həmin gün baş verənlər insanı dəhşətə gətirir.
Hər gün anası ilə mütəmadi olaraq 50 dəfə əlaqə saxlayan, ona ən yaxın ərazidə işləyən bacı, məhz ölüm günü qəfildən yoxa çıxır və heç bir zəng etmir. Bu təsadüfdür, yoxsa qabaqcadan planlaşdırılmış vicdansızlıq?
​Ən bağışlanılmaz cinayət isə budur: Şikayətçi Aybəniz Ismayılova evə gəlib anasını ölmüş vəziyyətdə taparkən təcili yardım çağırmaq istəyir, lakin Eldəniz Kərimov və onun arvadı vətəndaşın qarşısını kəsərək buna mane olurlar!
İnsan canı tapşırarkən həkim çağırmağa mane olmaq hansı caninin ağlına gələr? Bunun bir adı var: tibbi müdaxilənin qarşısını kəsərək ölümə rəvac vermək!
​Bunun dərhal ardınca evdən 15 000 AZN nağd pulun və bir o qədər dəyərdə qızıl-zinət əşyalarının oğurlanması bu şəxslərin əsl simasını ortaya qoyur. Bu soyğunçuluğu özləri etiraf edib, "hə, biz götürmüşük, verməyəcəyik" deyəcək qədər qudurğanlaşıblar.
Hələ bu da azmış kimi, ananın qırxı çıxmamış ata evinə göz dikib, yetim qalmış bacını hədələyərək qovmaq və evi satışa çıxarmaq mənəvi səfilliyin son həddidir!
​Eldəniz Kərimov təkcə ailə daxilində deyil, dövlət qarşısında da cinayətkardır. Onun Musaküçə bələdiyyəsində rüşvətxorluqla məşğul olması, dövlətin torpaqlarını qanunsuz şəkildə sataraq varlanması barədə rəsmi ittihamlar var.
Zamanında ulu öndər Heydər Əliyevin və cənab Prezidentin şəkillərini cıracaq qədər radikal, anti-dövlət mövqe nümayiş etdirən bu şəxs, hansı haqla və hansı cürətlə bu gün dövlətin bələdiyyə institutunda oturub millətə qan uddurur?
Dövlətin çörəyini yeyib, dövlətin rəhbərinə xəyanət edən, torpaq maxinasiyaları ilə bələdiyyəni talayan bu ünsürün yeri bələdiyyə kürsüsü deyil, dəmir barmaqlıqlar arxasıdır!
​Bu rəzalət zəncirinin ən qorxulu və ən kəskin tərəfi isə insan sağlamlığına yönəlmiş birbaşa qəsddir! Eldəniz Kərimovun qanunsuz əməllərinə şərik olan həyat yoldaşının (şikayətçinin bacısının) HEÇ BİR TİBB TƏHSİLİ YOXDUR!
Amma bu savadsız, diplomsuz və sertifikatsız qadın hazırda harıncasına tibb bacısı kimi fəaliyyət göstərir.
​Bu, sadəcə qanun pozuntusu deyil, bu, kütləvi qırğına rəvac verməkdir!
Tibb elmindən, insan anatomiyasından xəbəri olmayan, diplomu ümumiyyətlə olmayan birinin xəstələrə müdaxilə etməsi cinayətdir. Səhiyyə Nazirliyi, Təbib və hüquq-mühafizə orqanları hara baxır?
Masallı camaatının canı bu saxtakar, təhsilsiz cəlladların əlində oyuncaqdırmı? İnsanların həyatı ilə bu cür oynamağa kim icazə verib?
​Özünü saxtakarlıqla mərhumənin oğlu kimi təqdim edib ölüm arayışı alan, yas məclisinin xərclərini öz cibindən çıxmış kimi göstərib əslində ananın pullarını mənimsəyən Eldəniz Kərimov və onun heç bir təhsili olmayan saxta tibb bacısı arvadı qanun qarşısında diz çökməlidir!
​Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi və Təbibə RƏSMİ ÇAĞIRIŞ EDİRİK:
​Eldəniz Kərimovun Musaküçə bələdiyyəsindəki rüşvətxorluq və qanunsuz torpaq satışı cinayətləri dərhal araşdırılsın, fəaliyyətinə xitam verilsin!
​Evdən oğurlanan 15 000 AZN pul, qızıllar və vətəndaşa qarşı edilən hədə-qorxular üzrə dərhal cinayət işi açılsın!
​Heç bir tibbi təhsili olmadan qanunsuz olaraq tibb bacısı işləyən və insan həyatını birbaşa təhlükəyə atan o qadın dərhal vəzifəsindən kənarlaşdırılsın və cinayət məsuliyyətinə cəlb edilsin!
​Dövlətin qanunlarını və vətəndaşın hüquqlarını heçə sayan bu şəxslərin ifşası sona qədər diqqətimizdə olacaq. Heç kim qanundan üstün deyil!
Sima Babayeva
TEREF

AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”


Bakı şəhərində nəqliyyat sisteminin və yol hərəkətinin tənzimlənməsi istiqamətində son dövrlər həyata keçirilən kəskin dəyişikliklər, tətbiq olunan xüsusi zolaqlar və artan cərimə sanksiyaları paytaxt sakinləri ilə yanaşı, hüquqşünaslar və nəqliyyat ekspertləri tərəfindən də ciddi etirazlarla qarşılanır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbərliyi tərəfindən idarə olunan bu proseslərin şəhər infrastrukturunu rahatlaşdırmaq əvəzinə, sürücülər üçün əlavə süni maneələr formalaşdırdığı və hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə saldığı iddia edilir. Paytaxtın əsas nəqliyyat qovşaqlarında, o cümlədən Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində tətbiq edilən yeni xətlənmə və svetofor tənzimləmələrinin tıxacları daha da qəlizləşdirməsi, habelə Beynəlxalq Avtovoqzal Kompleksinin ətrafındakı təhlükəsiz sərnişin düşürmə zonalarında belə vətəndaşlara kütləvi şəkildə inzibati cərimələrin yazılması ictimai narazılığı pik həddə çatdırıb.


Ekspertlər hesab edir ki, əsas fundamental infrastruktur layihələri, məsələn, zəruri yol qovşaqlarında körpü komplekslərinin inşası arxa plana keçirilərək rəqəmsal və inzibati cəzalandırma mexanizmlərinə üstünlük verilməsi vətəndaş məmnuniyyəti prinsipinə tamamilə ziddir.(Xalq.online)

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın iyunun 4-6-da əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!


Qarabağ veteranı, "Neftçi" MTK tərəfindən aldadılarq 40 kv/mənzil sahəsi üçün artıq vəsait alınmış neftçi Natiq Orucovun ərizəsinin müvafiq qurumlarda araşdırlması davam edir. "Dia-az" xəbər verir ki, bununla bağlı özünün sosial şəbnəkə hesabında paylaşım edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra belə davam edir:
"Diqqətinizə çatdırım ki artıq 14 ildir #NeftçiMTK - rəhbəri Səfərli Azərin və onun ARDNŞ - də havadarları olan , Mənzil məsələləri üzrə iş şöbəsinin rəisi Qurbanov Əlinin, sosial lahiyələrin idarəetməsi departamentinin rəisi Həsənov Rəşadın və Aparat rəhbərinin müavini Rəhimov Nicatın ucbatından yaşadığımız mənzili özəlləşdirib , pasport qeydiyyatına düşə bilmirik.. Bunun da nəticəsində respublikada keçirilən prezident və parlament seçkilərində o cümlədən yaşadığımız ərazi üzrə hər hansı bir arayış alıb həkimə müraciət etmək hüququndan məhrum edilmisik.
Məsələyə aydınlıq gətirərək bildirmək istəyirəm ki, mənimlə Neftçi MTK arasinda bağlanmış ikitərəfli müqavilədə göstərilən 120,6 kV/m mənzilimin sahəsi əslində 80 kV/m-dir. Bu da o deməkdir ki,mənzilimin çatışmayan sahəsinin əvəzinə mənə, 40,6 kV/m hava satiblar.Hal - hazırda öz korrupsiya əməllərini ört-basdır etmək üçün, müqaviləni mənim əlimdən alıb dəyişdirməyə cəhd edirlər. Mən isə buna razı olmadığımdan ,Səfərli Azər mənə bildirdi . Nə qədər ki sən mənə müqaviləni dəyişmək üçün təhvil verməyəcəksən, hansı instansiyalara müraciət etsən belə xeyri yoxdur. Sənə heç bir sənəd verməyəcəyəm. Əsas olaraq isə, gələcəkdə Neftçi MTK ya artıq ödədiyim pulu tələb edib məhkəməyə verməyim deyə.Məhz bundan sonra məcburiyət qarşısında qalıb , Azərbaycan respublikasının prezidenti Cənab İlham Əliyev başda olmaqla, aidiyyəti qurumlara müraciət etdim. Diqqətinizə çatdırım ki,artıq bu məsələ prezident administrasiyası tərəfindən xüsusi nəzarətə götürülüb. Yaşadığımız ərazi üzrə Səbail rayon icra hakimiyyətinin xüsusi komissiyasi öz işini davam etdirir. Mövcud məsələ ilə bağlı Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalovun qəbulunda olarkən, məsələni təfsilatı ilə danışdıqdan sonra, o öz göstərişini verərək Səfərli Azəri Səbail rayon icra hakimiyyətinə dəvət edilməsini tapşırdı.Məlumat üçün bildirim ki, mənim mənzilimə görə ödənilən pulun 52 faizi mən tərəfindən , digər 48 faizi isə dövlət tərəfindən, odənilmisdir Səfərli Azər Səbail rayon icra hakimiyyətidə qəbulda olarkən bildirib ki, mənzilə görə mənim ödədiyim pul hissəsini mənə qaytarmaq şərti ilə , mənzili Neftçi MTK - ya təhvil verim. ?(????)
Əgər doğrudan da Səfərli Azər mənzilin pulunu qaytarmaq istəyirsə , düşünürəm ki, ikitərəfli müqavilə əsasında mənzilin "120,6 kV/ m" sahənin pulunu indiki bazar qiyməti ilə tam ödədikdən sonra,geri almalidir. Çünki mənzilin dəyəri mən tərəfimdən 2022- çi ildə tam ödənilmişdir.Bununla bağlı Səfərli Azər Neftçi MTK tərəfindən vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ,mənə rəsmi məktub göndərərək 2012- çi ildə yaşadığımız bina Neftçi MTK-min balansından çıxmasına və 2022- çi ildə ikitərəfli müqaviləyə əsasən , yaşadığımız mənzilin pulu mənim tərəfimdən tam ödənildiyiniə baxmayaraq, ARDNŞ-də Sosial Lahiyələrin İdarəetməsi Departamentinin rəisi Həsənov Rəşadın göstərişi ilə ,06.04.2026 - çi ildə mənə rəsmi olaraq məktub göndərib . Həmən məktubda məni Neftçi MTK i- ya dəvət edərək 2011- ci ildə bağlanmış ikitərəfli müqavilədə 2022- ci ildə Neftçi MTK tərəfindən birtərəfli dəyişiklik edildiyi ilə əlaqədar , məni 06.04.2026- çi il tarixdə müqaviləni yenidən dəyisməyimi təklif edirlər.
Maraqlıdır
2012- çi ildə Neftçi MTK-nin balansından çıxmış və 2022- ci ildə pulunu tam ödədiyim mənzilə görə ,yenidən mən MTK qarşısında hansı öhdəliklər goturməliyəm?
Göründüyü kimi bu adamları tutduğu yüksək vəzifə, aldıqları yüksək maaş başlarıni elə dumanlandirib ki, gözləri ayaqlarınin altını belə gormur, kələfin üçünü itiriblər desəm heç də yanılmaram.Qəbul etdikləri "qərarlar"müraciətim əsasında MM - nin mövcud qanunlarına zidd olaraq, cavablarıni oxuduqda bunun nə qədər həqiqətə uyğun olduğunun bir daha şahidi oluruq.O cümlədən diqqətinizə çatdırım ki, 2011- ci ildə mənimlə Neftçi MTK arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 120.6 kV/m göstərildiyi halda, ARDNŞ - nin aparat rəhbərinin müavini Rəhimov Nicatın mənə göndərdiyi cavabda göstərilir ki , mənzilin ümumi sahəsi sözü , binanın çöl perimetri boyunca sözü ilə əvəz edilməli idi. Müqavilədə səhv gedib Nəzərə alsaq ki , 2011 ci ildə Rəhimov Nicat ARDNŞ - də aparat rəhbərinin müavini deyildi, o cümlədən hamıya göstəriş verməyə çalışan sosial lahiyələrin idarəetməsi departamentinin rəisi Həsənov Rəşad və mənzil məsələləri üzrə iş şöbəsinin rəisi Qurbanov Əli hal- hazırki vəzifəsində olmayıb. Onda məni belə bir sual düşündürür.
Nədən bu adamlar hesab edirlər ki , 2011- ci ildə bağlanmış müqavilə ,səhv tərtib edilib.? Nəzərə alsaq ki, Badamdar qəsəbəsində Neftçilər üçün inşa edilmiş binanın mənzillərinə aid olan bütün sənədlər, birə- bir eyni qaydada tərtib edilib.
Diqqətinizə çatdırım ki,bina sakinlərinin bir - birinə uyğun gəlməyən müqavilə və çıxarışlarınin bir nüsxəsi mənim əlimdədir..."(Dia-az)




Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA


Paytaxtın Yasamal rayonu Hüsen Cavid kimi tanınan parkın ərazisinin özəlləşdirildiyi iddia edilir.

Bu barədə AzFakt.com-a daxil olan məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindən fəaliyyət göstərən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan və hazırda “Shaurma” N1 restoranı kimi fəaliyyət göstərən obyekt özəlləşdirilib.

Məlumata görə obyektin sahibi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq baş direktoru Vaqif Novruzovun ailəsidir. Bildirilir ki, BŞİH-dən ucuz qiymətə icarəyə götürülən obyekt “Shaurma” N1 restoranına çox baha qiymətə (təxminən aylığı 15-20 min manata) icarəyə verilib.

Qanunverciliyə görə park ərazisi dövlətə məxsusdur və özəlləşdirilə bilməz. Ancaq iddiaya görə, Vaqif Novruzovun ailəsi əlaqələrindən istifadə edərək bu problem “yoluna” qoya bilib və dövlət ərazisinin sahibinə çevrilib.


Onu da qeyd edək ki, “Shaurma” restoranı Hüseyn Cavid parkının ərazisini zəbt edərək, vətəndaşların piyada gediş-gəlişinə ciddi maneçilik törədir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

AzFakt.com

Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT


Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən "Sahil-S İnşaat" MTK sakinləri tərəfindən Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəmə sədri İnam Kərimova müraciət edilib. Anaxeber.info.az bildirir ki, müraciətdə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin çıxardığı iki hökmdən narazılıq ifadə olıunub.
Müraciətdə deyilir: Hörmətli sədr və Məhkəmə-Hüquq Şurası, biz MTK sakinlərinin müraciətinə səbəb tikinti şirkətinin dələduzluğa yol vermiş rəhbərliyi haqda çıxarılan hökmdən olan narazılığımızdır. 4 il davam edən məhkəmə istintaqından sonra nəhayət ki, "Sahil-S İnşaat" MTK rəhbəri Taley Alaverdiyevə və şəriki Pənah Kərimova hüququn üzünü tüpürərək hökm oxundu. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dələduzluqda təqsirləndirilən Taley Alaverdiyev 5 il azadlıqdan məhrum olundu, şəriki Pənah Kərimova isə 1 il şərti cəza verildi. 165 ailəni aldadan, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etdiyi sübuta yetirilmiş hər iki şəxsə Cinayət Məcəlləsinin tam ziddinə gedilərək yüngül cəza verildi. Hələ üstəlik, Pənah Kərimov azadlıqda daha bir cinayətə yol verib. Bu barədə bir qədər sonra detallı qeyd edəcəyik.
İndi isə biz hakimin çıxardığı bu hökmə etiraz edirik. Hər iki dələduz ağır cəzaya məhkum olunmalı idi. Ən əsası isə onlar vurduğu zərəri ödəməlidirlər. Məhkəmə Taley Alaverdiyev və Pənah Kərimovun əmlaklarının müsadirə edilməsi, zərər çəkənlərə dəyən ziyanın ödənilməsinin təmin olunması ilə bağlı qərar çıxarmalı idi. Amma biri 5 il həbs cəzası alır və il yarım sonra azadlığa çıxacaq, digərinə isə şərti cəza verilir.
Hörmətli Məhkəmə-Hüquq Şurası, hələ bu da ayrı məsələdir ki, belə bir hökmü oxumaq üçün 4 il məhkəmə proseslərini davam etdirməyə ehtiyac yox idi. İllərlə vətəndaşlar məhkəmələrə get-gələ salındı, nəticəsi də hakim Elnur Nuriyevin ədalətsiz qərarı oldu. Biz bu hökmün dəyişdirilib Pənah Kərimovun həbs olunmasını, ona ağır cəza verilməsini, əmlaklarının müsadirə edilməsini, Taley Alaverdiyevə də 5 ildən çox həbs cəzası verilməsini istəyirik. MTK rəhbəri 5 il həbs Hakim Elnur Nuriyev dələduzluğa yol vermiş, 165 ailənin həyatını illərdir cəhənnəmə çevirmiş bu şəxslərə niyə belə yüngül hökm oxumasını heç bir səbəblə izah etməyib. Yəni sözügedən dələduzların nə səhhətində problem var, nə himayəsində azyaşlı. O halda, hansı dələduzluq faktına görə indiyə qədər belə yumşaq hökm oxunub? Əksinə, bu maddə ilə təqsirləndirilən şəxslər ən azı 9-12 il müddətinə azadlıqdan məhrum edilib. Hakim Elnur Nuriyev isə bir "tarixi" və "nümunəvi" qərar verib, hakimlər arasında "rekorda" imza atıb. Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin apardığı istintaqla hər iki şəxsin maddi sübutlar, zərər çəkənlərin ifadələri ilə dələduzluq əməlləri sübuta yetirilib. Amma prokurorluğun apardığı obyektiv istintaqın qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev qeyri-obyektiv, ədalətsiz hökm çıxardı.

İndisə gələk, işin detallarına. Necə oldu ki, hakim Nuriyev Taley Alaverdiyevi və Pənah Kərimovu sözün əsl mənasında böyük dələduzluq işindən xilas etdi, 165 ailəni isə yenə də hüquqi problemlərlə üz-üzə qoydu...
Əvvəlcə, Pənah Kərimovdan başlayaq. Məhz bu şəxs MTK rəhbəri ilə şərik olandan sonra bir mənzilin bir neçə adama satılmasına başlanıb. Ona qədər belə saxtakarlıq halları yox idi və Pənah Kərimov Taley Alaverdiyevi bu "yola" çəkə bilib. İstintaqın sübuta yetirdiyi bu dələduzluq faktına baxmayaraq, hakim Elnur Nuriyev Pənah Kərimovu "təcili tibbi müdaxilə" adı ilə ev dustaqlığına buraxıb. Zərər çəkmiş sakinlərə məlum olub ki, Pənah Kərimovun səhhətində problem yoxdur və hər hansı əməliyyat olunmayıb. Bu, saxtakarlığın bir forması. Ancaq hakim Nuriyev hansısa səbəbdən və ya maraqdan irəli gələrək Pənah Kərimova bu şəraiti yaradıb. Hərçənd ölkədə marketdən ərzaq oğurlayana heç məhkəmə bu qədər yumşaq davranmır. 165 ailəyə ev problemi yaradan, indiyə qədər dəymiş zərəri ödəməyən Pənah Kərimov bəhanə ilə ev dustaqlığına buraxılıb. Bu da azmış kimi, onun azadlıqda daha bir cinayət işi üzə çıxıb. Hakimin azad etdiyi bu şəxs "səhhətində problem" adı ilə "Sea Breeze"də tikinti işinə girişib. Bu yaxınlarda məlum olub ki, Pənah Kərimov orada da dələduzluq edib və artıq barəsində cinayət işi açılıb. Bəs hakim Elnur Nuriyev buna necə izah verəcək? Cinayətkarı azad etməyin özü belə məsuliyyət deməkdir və həmin şəxsin növbəti cinayəti törətməsinə şərait yaratmaqdır. Amma bu əməllərin sahibi olan Pənah Kərimova cəmi 1 il şərti cəza verilib. Yəni hüquqa, Cinayət Məcəlləsinə, Azərbaycan konstitusiyasına böyük hörmətsizlik olunub.

Cənab İnam Kərimov və Məhkəmə-Hüquq Şurası, biz 165 ailə dövlətdən və məhkəmədən ədalətli, obyektiv qərarın qəbul olunmasını gözləyirik. İnanırıq ki, hakimin verdiyi qeyri-obyektiv hökmə yenidən baxılacaq, illərimizi əlimizdən alan bu cinayətkarlara layiqli cəza veriləcək.

Anaxeber.info.az

BDU “Məzun günü” tədbiri üçün 156 min manat xərcləyəcək


Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

BDU tərəfindən 2025/2026-cı tədris ili üzrə “Məzun günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.
Qeyd edək ki, BDU tenderin qalibi olan şirkətə 155 min 913 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Onu da bildirək ki, BDU-nun əvvəlki illərdə keçirdiyi “Məzun günü” tədbirlərini də “Admedia.az” MMC təşkil edib. Bir il əvvəl – 2024/2025-ci tədris ilində BDU “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi üçün “Admedia.az” MMC-yə 158 min 627 manat 40 qəpik, 2023/2024-cü tədris ilində isə 146 min 662 manat 20 qəpik ödəyib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, BDU-nun “Məzun Günü” tədbiri ilə bağlı xərcləri son bir ildə 2 min 714 manat azalıb.(Yeniavaz.com )
[right][/right]

28 müştəridən asılı olan gələcək: "AFB Bank" idarəetmədə hansı səhvə yol verir?


"AFB Bank" 2025-ci ildə aktivlərini və depozit bazasını əhəmiyyətli dərəcədə genişləndirib. Lakin auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarının təhlili göstərir ki, sürətli artım bankın əsas maliyyə göstəricilərinə ciddi təzyiq yaradıb.

AFN.az bankın 31 dekabr 2025-ci il tarixinə auditor rəyi ilə təsdiqlənmiş rəsmi maliyyə hesabatlarına əsasən xəbər verir ki, ilk baxışda müsbət görünən dinamikanın arxasında gəlirliliyin azalması, xərclərin sürətlə artması və kapital göstəricilərinin zəifləməsi dayanır.

Kağız üzərində böyümə, maliyyə nəticələrində geriləmə

Bankın cəmi aktivləri 2024-cü ildəki 292.3 milyon manatdan 2025-ci ildə 417.6 milyon manata yüksəlib ki, bu da 43 faiz artım deməkdir. Müştərilərə verilmiş kreditlərin həcmi isə 62 faiz artaraq 282.6 milyon manata çatıb və cəmi aktivlərin 68 faizini təşkil edib. Bununla belə, aktiv və kredit portfelinin genişlənməsi mənfəət göstəricilərində öz əksini tapmayıb. Xalis mənfəət 4.108 milyon manatdan 2.194 milyon manata düşüb ki, bu da 47 faizlik azalma deməkdir. Mənfəət vergisindən əvvəl mənfəət 54 faiz azalaraq 6.06 milyon manatdan 2.81 milyon manata enib. Xalis faiz gəliri də 18.3 milyon manatdan 17.99 milyon manata geriləyib. Eyni dövrdə ümumi və inzibati xərclər 37 faiz artaraq 14.02 milyon manatdan 19.17 milyon manata yüksəlib.

Görsənicilərdən görünür ki, bankın genişlənməsi xərclərin sürətli artımı ilə müşayiət olunub və bu, gəlirliliyə mənfi təsir göstərib. Nəticədə səhm üzrə mənfəət də 73.82 manatdan 39.43 manata düşüb.

Depozit bazasında aqressiv artım

2025-ci ildə bankın ən diqqətçəkən nəticələrindən biri depozit portfelində qeydə alınıb. Müştəri depozitləri bir il ərzində 72.4 faiz artaraq 130.4 milyon manatdan 224.9 milyon manata yüksəlib. Xüsusilə fiziki şəxslərin müddətli depozitləri 22 milyon manatdan 93.4 milyon manata yüksələrək 323 faiz artıb. Bununla yanaşı, ümumi depozitlərin təxminən 63 faizi cəmi 28 müştərinin payına düşür ki, bu da bankın məhdud sayda iri əmanətçidən asılılığını artırır. Depozit bazasının genişlənməsi likvidlik baxımından müsbət amil sayılsa da, bunun maliyyə dəyəri kifayət qədər yüksək olub. Belə ki, faiz xərcləri 5.68 milyon manatdan 9.48 milyon manata yüksəlib. Bu isə bankın vəsait cəlb etmək üçün daha yüksək faizlər təklif etdiyini göstərir. Eyni zamanda, cəlb edilən vəsaitlərin gəlirlilik baxımından eyni səviyyədə istifadəsi maliyyə nəticələrində əks olunmayıb.

Kredit portfeli və əsas risklər

Auditor hesabatında əsas audit məsələsi kimi ehtimal olunan kredit zərərləri ehtiyatı (EOKZ) göstərilib. Kreditlərin aktivlərdəki payının 68 faizə çatması, eyni zamanda Azərbaycan iqtisadiyyatında ÜDM-in 1.4 faiz artdığı şəraitdə, kredit risklərinin daha diqqətlə izlənilməsini zəruri edir. Portfelin sürətli genişlənməsi kredit keyfiyyəti ilə bağlı riskləri artırır. Restrukturizasiya olunmuş və Stage 3 ((3-cü mərhələ kreditləri — kredit ödənişlərində 90 gündən çox gecikmə olan və ya bank tərəfindən borcun ödənilmə ehtimalının çox aşağı (defolt) hesab edildiyi problemli kreditlər)) kreditlərin həcminin yüksəlməsi gələcək dövrlərdə əlavə ehtiyatların yaradılması zərurətini ortaya çıxara və maliyyə nəticələrinə təzyiq göstərə bilər.

Kapital göstəricilərində zəifləmə

Bankın kapital bazasında geriləmə müşahidə olunur. Cəmi kapital 77 milyon manatdan 75.1 milyon manata düşüb. Bölüşdürülməmiş mənfəət azalıb, bank 4.1 milyon manat dividend ödəyib. Eyni zamanda, kapital adekvatlığı əmsalları aşağı düşüb. 1-ci dərəcəli kapital adekvatlığı 32.56 faizdən 21.90 faizə, cəmi kapital adekvatlığı isə 35.67 faizdən 24.17 faizə geriləyib. Mövcud göstəricilər hələ də normativ tələblərə uyğundur. Bununla belə, azalma tendensiyası davamlı xarakter alarsa və kredit portfelində zərərlər artsa, gələcəkdə kapital mövqeyi üzərində əlavə təzyiq yarana bilər.

Riskli böyümə modeli

"AFB Bank"ın 2025-ci il nəticələri sürətli böyümənin hər zaman yüksək maliyyə səmərəliliyi ilə müşayiət olunmadığını göstərir. Depozit və kredit portfelində qeydə alınan aqressiv artım fonunda mənfəət təxminən iki dəfə azalıb, əməliyyat xərcləri yüksəlib və kapital göstəriciləri zəifləyib. Müştərilər üçün yüksək depozit faizləri cəlbedici görünə bilər. Lakin bankın uzunmüddətli maliyyə dayanıqlılığı baxımından gəlirlilik, kapital və kredit keyfiyyəti göstəricilərinin inkişaf dinamikası diqqətlə izlənilməlidir. Tənzimləyicilər və bazar iştirakçıları üçün isə hesabat sürətli böyümənin arxasında formalaşa biləcək risklərin vaxtında qiymətləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir.

"AFB Bank" rəhbərliyi növbəti dövrdə kredit portfelinin keyfiyyətinin qorunmasına, xərclərin idarə olunmasına və kapital bazasının gücləndirilməsinə fokuslanmasa, 2025-ci ildə əldə olunan artım göstəriciləri sonrakı dövrlərdə əlavə çağırışlara səbəb ola bilər.

AFN.az Araşdırma qrupu
Xəbər lenti