Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ


Forumlar artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib

Layihələrin icra planına uyğun olaraq ilk ayı hazırlıq ayı sayılsa da, artıq bu layihələr başlamadan 16 may tarixində bitib

Xatırlayırsınızsa, ötən ilin noyabrında keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu barədə ilk gündən ciddi suallar vardı.

Ən əsas problem şəffaflığın olmaması idi. Hansı ölkədən neçə nümayəndə qatılıb? Hansı QHT-lər iştirak edib? Nümayəndələrin seçim meyarı nə olub? Bunların heç biri ictimaiyyətə açıqlanmadı. Halbuki beynəlxalq əməkdaşlıq adı ilə keçirilən tədbirlərdə legitimlik və təmsilçilik əsas məsələdir.

Sonradan məlum oldu ki, forumun əsası “Ortaq Dəyərlər” İctimai Birliyinin “Türk Dünyası QHT Platformasının yaradılması” adlı layihəsindən yaranıb və bu layihəyə QHT Agentliyi tərəfindən əvvəlcə 30 min manat ayrılıb. Daha sonra isə eyni təşkilata müsabiqədənkənar qaydada əlavə 300 min manatdan çox vəsait verilib. Burada artıq ilk ciddi problem meydana çıxır: əgər layihə ilkin mərhələdə 30 min manatlıq konsepsiya idisə, sonradan hansı əsaslandırma ilə onun büdcəsi on dəfələrlə artırıldı? Hansı nəticələrə görə? Hansı qiymətləndirmə əsasında?

Daha absurd məqam isə budur ki, cəmi 5 ay sonra eyni forumun ikinci dəfə keçirilməsinə qərar verilib. Beynəlxalq təşkilatlanma praktikasında bu tip forumlar adətən illik əsasda keçirilir və hər dəfə başqa ölkə ev sahibliyi edir. Çünki məqsəd əməkdaşlıq coğrafiyasını genişləndirmək, müxtəlif tərəflərin prosesə sahibliyini təmin etməkdir. Burada isə Azərbaycan tərəfi forumu yenidən özü təşkil edir, yenə məhdud sayda iştirakçı gətirir və yenə yüz minlərlə manat xərcləyir.

Bu dəfə isə vəsait “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinə yönəldilir, yenə də müsabiqədənkənar şəkildə və yenə 300 min manatadək vəsait(?) Belə çıxır ki, forum artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib.

Ən vacib sual isə cavabsız qalır: birinci forumdan ikinci forumadək konkret nə dəyişdi? Hansı ortaq fəaliyyət planı qəbul edildi? Hansı beynəlxalq təşəbbüs ortaya çıxdı? Hansı davamlı əməkdaşlıq quruldu? Ortada görünən yeganə nəticə ardıcıl forum fotoları, pafoslu çıxışlar və şişirdilmiş PR kampaniyasıdır.

Bu mənzərə sadəcə israfçılıq və adi “tədbirçilik” deyil, sistemli şəkildə qurulmuş imitasiya sənayesini xatırladır. Kağız üzərində “Türk dünyası həmrəyliyi”, “QHT əməkdaşlığı”, “platforma quruculuğu” kimi pafoslu ifadələr dolaşdırılır. Bu xüsusda dövlət vəsaiti real vətəndaş cəmiyyəti quruculuğuna deyil, tədbir dekorasiyasına xərclənir.

Daha gülünc vəziyyət isə “Forum içində forum” modelidir. Bir günlük tədbirin daxilində əlavə üç-dörd “əməkdaşlıq forumu” təşkil edilir. Azərbaycan–Şimali Kipr, Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan forumları eyni tarixdə, eyni məkanda, eyni iştirakçılarla keçirilir. Bu artıq təşkilati xaos deyil, açıq manipulyasiya təəssüratı yaradır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il “innovativ layihələr”, “yeni yanaşmalar”, “prioritet istiqamətlər” barədə danışır. Amma nəticədə dörd fərqli təşkilat eyni mahiyyətli layihələrlə maliyyə qazanır. Sadəcə ölkələrin adı dəyişir. Bu isə iki ehtimal yaradır: ya sistem tamamilə nəzarətsizdir, ya da layihə mövzuları əvvəlcədən koordinasiya olunur.

Həmin layihələri məbləğləri ilə təqdim edirik:

1. “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi - Azərbaycan-Macarıstan QHT-lərinin I Əməkdaşlıq Forumu - 28000 manat,

2. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi - Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu – 25000 manat,

3. “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan-Qırğızıstan QHT-lərinin I Forumu – 27000 manat,

4. “Bakı Politoloqlar Klubu” İctimai Birliyi - Azərbaycan-Türkmənistan vətəndaş cəmiyyətinin təmsilçilərinin I Forumu – 25 000 manat.

Ən diqqətçəkən nümunələrdən biri Azərbaycan–Türkmənistan vətəndaş cəmiyyəti forumudur. Tədbirdə cəmi 4 xarici iştirakçı görünür. Qalanların hamısı yerli QHT nümayəndələridir. Bu necə “ikitərəfli forumdur”? Həmin şəxslər doğrudanmı Türkmənistan vətəndaş cəmiyyətini təmsil edir? Onların mandatı nədir? Hansı təşkilatları təmsil edirlər? Bu sualların heç birinə cavab verilmir.

Bütün digər forumlarda da oxşar mənzərə müşahidə olunur: eyni simalar müxtəlif tədbirlərdə dövr etdirilir, fərqli adlar altında yeni layihələr kimi təqdim olunur. Formal olaraq ayrı-ayrı tədbirlər göstərilsə də, mahiyyətcə söhbət eyni toplantının müxtəlif adlarla sənədləşdirilməsindən gedir.

Bu istiqamətdə "Yenixeberorg"a QHT-lərin forum layihələri ilə bağlı daha bir maraqlı məlumat daxil olub.
Məlumatda iddia edilir ki, QHT Agentliyi bu layihələrdə təşkilat sədrlərinin ancaq özünə 3 aylıq 1000-1500 manat maaş yazmağa icazə verib. Layihələr 16 mayda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumuna daxil edilib. Hələ müqavilələr bağlanmayıb və Ədliyyə Nazirliyi bildirişləri verməyib(?) Layihələrin icra planına uyğun olaraq ilk ayı hazırlıq ayı sayılsa da, artıq bu layihələr başlamadan 16 may tarixində bitib. Əgər fəaliyyət bir gündə yekunlaşıbsa, 3 aylıq idarəetmə və koordinasiya xərcləri hansı iş üçün nəzərdə tutulub? Bu açıq qanun pozuntusudur.

Azərbaycan–Macarıstan forumu ilə bağlı vəziyyət isə açıq qalıb. Macarıstandakı siyasi dəyişikliklər səbəbindən lazımi iştirak təmin olunmayıb. Buna baxmayaraq tədbir yenə də “beynəlxalq əməkdaşlıq forumu” kimi təqdim edilir. Yəni əsas məqsəd real nəticə yox, tədbirin keçirildiyini göstərməkdir.

Ən problemli məqamlardan biri də maliyyə xərclərinin şişirdilməsi ehtimalıdır. Eyni məkan, eyni iştirakçılar, eyni qida xidməti, eyni logistika müxtəlif forumların ayrıca xərcləri kimi rəsmiləşdirilir. Praktik olaraq bir tədbir bir neçə tədbir kimi sənədləşdirilir. Bu isə ciddi audit və araşdırma tələb edən məsələdir.

Vəziyyəti daha da qəribə edən məqam həmin qonaqların paralel şəkildə başqa tədbirlərə, o cümlədən Beynəlxalq Şəhərsalma Forumundakı QHT-lərə Dövlət Dəstəyi Agentliyi pavilyonuna yönləndirilməsidir. Yəni bir dəfə ölkəyə gətirilmiş iştirakçılar müxtəlif layihələrin “iştirakçısı” kimi göstərilir və müxtəlif büdcələr üzrə xərc kimi silinir. Bu artıq koordinasiyalı “tədbir iqtisadiyyatı” təsiri bağışlayır.

Bir məqamı da unutmadan qeyd etmək yerinə düşər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forum və tədbirlərin əksəriyyətinə QHT nümayəndəsi adı altında müxtəlif ali təhsil ocaqlarının tələbələri də gətirilir. Yaxın vaxtlarda həmin ali məktəblərin hansı maraqlar səbəbindən buna razılıq verdiyinə də ayrıca toxunacayıq...

Bütün bunların fonunda ən acınacaqlı nəticə isə odur ki, forumlarda ciddi və nüfuzlu xarici və beynəlxalq QHT nümayəndələri görünmür. İştirakçıların böyük hissəsi resursu və təsir imkanları zəif olan şəxslərdən ibarətdir. Yəni ortada nə real beynəlxalq şəbəkələşmə var, nə strateji əməkdaşlıq, nə də vətəndaş cəmiyyətinin inkişafına xidmət edən dayanıqlı nəticə.

Nəticədə isə dövlətə və cəmiyyətə təqdim olunan mənzərə budur: çoxlu forum, çoxlu banner, çoxlu şəkil, çoxlu çıxış və sıfıra yaxın nəticə.

Bu model artıq “QHT inkişafı” deyil. Bu, büdcə hesabına süni aktivlik istehsalıdır. Kağız üzərində beynəlxalq əməkdaşlıq görüntüsü yaradılır, reallıqda isə eyni tədbirlər fərqli adlarla dövr etdirilərək həm PR qurulur, həm də maliyyə axını təmin edilir.

Ən təhlükəli tərəf isə budur ki, bu cür imitasiya fəaliyyəti real vətəndaş cəmiyyətinin nüfuzunu da məhv edir. Çünki nəticədə ictimaiyyətdə belə təsəvvür yaranır: QHT sektoru inkişaf yox, tədbir biznesi ilə məşğuldur. Halbuki həqiqi vətəndaş cəmiyyəti nümayiş üçün yox, nəticə üçün işləməlidir.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edir.

Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir?

Prezident İlham Əliyev:
Əlbəttə, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır.

Müxbir: Aydındır ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhər" və yaşıl enerji layihələrini təqdim edib. Bunlar münaqişədənsonrakı dövrdə yenidən qurulan ərazilərdir. Sizcə, bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər? Başqalarının təcrübəsindən faydalanmaqdan danışdınız, bəs, onlar sizdən nə öyrənə bilər?

Prezident İlham Əliyev:
Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik.

İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.

Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.

Müxbir: Yəni dünyanın digər ölkələri üçün bir model rolunu oynaya bilər ki, bu da gözəl haldır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Avropa enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolunun necə inkişaf edəcəyini görürsünüz?

Prezident İlham Əliyev:
Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq.

Müxbir: Təşəkkür edirəm. Siz həm regionda, həm onun hüdudlarından kənarda diplomatiya və sabitliyin fəal tərəfdarlarından olmusunuz. Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir?

Prezident İlham Əliyev:
Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq.

Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir.

Lakin öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Siz də qeyd etdiyiniz kimi, biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.

Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək həmişə böyük məmnuniyyətdir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi yenidən Azərbaycanda görməkdən məmnunam.

Müxbir: Geri qayıtmaq həmişə çox xoşdur. Müsahibəyə görə təşəkkür edirəm.

Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı


Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu sərnişin liftlərinin alınması, quraşdırılması və İnstitutun laboratoriya otaqlarının və dəhlizinin, sanitar qovşaqlarının cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Harmony İndustrial Construction and Engeering Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 735 839,15 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 28 fevral 2005-ci ildə qeydiyyata alınan "Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
Əlövsət Orucov həm də "A-Marble” və "Piramida-2001” şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlər də "Harmony İndustrial Construction and Engeering Group” MMC-nin yerləşdiyi hüquqi ünvanda qeydiyyatdadır.
Sözügedən şirkətlər, o cümlədən "Harmony İndustrial Construction and Engeering Group” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Əlövsət Orucov barəsində də məlumatlar məhduddur.
Maraqlıdır ki, "Harmony İndustrial Constrcuttion and Engeering Group” MMC ən müxtəlif satınalma predmetləri üzrə keçirilən tenderlərin qalibi seçilir. Yəni, şirkətin konkret olaraq hansı sahə üzrə ixtisalaşdığı məlum deyil. Məsələn, şirkət gah tibbi avadanlıqlar satır, gah inzibati binalarda təmir işləri həyata keçirir, gah yol çəkir, gah da lift quraşdırır. Hətta bəzi hallarda elektrik xətlərinin çəkilməsi ilə bağlı tenderlərin qalibi olur.
Şirkətin maddi-texniki bazasının bu layihələri həyata keçirmək üçün yetərli səviyyədə olub-olmadığı məlum deyil.
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərir.(Qaynarinfo)

Deputat və oğlu milyonluq tender qalmadı ələ keçirdi - Daha 37 milyon...


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada yaşayış binalarının tikintisi ilə bağlı iki tenderin nəticəsini açıqlayıb.

Bizimesr.com bildirir ki, hər iki layihə Şuşa şəhərinin D-5 massivində çoxmənzilli yaşayış binalarının inşasını nəzərdə tutur.

Birinci tender çərçivəsində ərazidə 6 ədəd 4 mərtəbəli yaşayış binasının tikilməsi planlaşdırılır. Layihənin icrası üçün ayrılan vəsait 12 milyon 984 min 241 manat təşkil edir.

İkinci tender isə həmin massivdə daha 8 ədəd 4 mərtəbəli yaşayış binasının inşasını əhatə edir. Bu layihə üzrə qalib şirkətə 24 milyon 76 min 360 manat ödəniləcək. Hər iki tenderin qalibi “Diler İnşaat” QSC seçilib.

Şirkətin rəsmi qeydiyyat məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A-da yerləşir. Nizamnamə kapitalı 2 010 manat olan şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Şirkətin rəsmi internet səhifəsində isə rəhbər kimi Orxan Quluzadənin adı göstərilir. Açıq mənbələrdə yer alan məlumatlara görə, onun deputat Ülvi Quliyevin oğlu olduğu bildirilir.(Bizimesr.com )

Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir

Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir


Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb.

Prezident İlham Əliyev bunu Çin Dövlət Şurasının Baş nazirinin müavinini ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğulayıb ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir.

"Halal" şirkətlərin milyonlarla borcu var


Azərbaycanda "halal" adı altında fəaliyyət göstərən şirkətlərin milyonlarla borcu var.

"Azəri Halal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 49.909,14 AZN vergi borcu yaranıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Əlişir Surxay oğludur.

"Az.Halal Qida" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.642.263,64 manat vergi borcu var. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Vüsal Hidayət oğludur.

Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əhmədov Sadiq Əhməd oğlu olan "Halal Food" MMC-nin isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 2.140.931,41 AZN-ə yüksəlib./qaynarinfo.az

Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO


Yasamal sakinləri rayonun icra başçısı Elşad Həsənovdan və onun keçirdiyi görüşlərdən narazıdır.
Tribuna.az xəbər verir ki, sakinlər bu barədə icra hakimiyyətinin rəsmi sosial şəbəkə səhifəsində yazıblar. Sakinlər bu görüşlərin harada və nə vaxt keçirildiyini bilmirlər. Görüşdə iştirak edib problemini dilə gətirmək istəyən sakinlər qeyd edib ki, belə görüşlər barədə əvvəlcədən heç kəsə məlumat verilmir.
Yasamal sakini Sevinc Ədilovanın sözlərinə görə, bu görüşlərin keçiriləcəyi vaxtı icra hakimiyyəti əvvəlcədən səhifəsində paylaşmalıdır.
Sakin Əsildar Mərdanoğlu isə bildirib ki, o görüşlərə sakinlər buraxılmır:
“Onlar sizi buraxmazlar. Öz adamlarını yığıblar. Bu indi guya görüşdür”.
Digər narazı sakin Ramin Əlizadə isə bildirib ki, İH başçısı Elşad Həsənov heç bir problemi həll etmir:
“Bu icra başçısı ümumiyyətlə problem həll etmir, o vəzifəsini bacarmır, qətiyyən layiqli deyil. Bir dəfə görüşdük, məlum oldu ki, çıxışı da çox bəsit və məntiqsizdir, yalnız manipulyasiya ilə məşğuldur. Ətrafında isə mənim 1600 AZN dəyərində olan xüsusi əmlakımı talan edib satan keçmiş icra başçısı müavini olan Xaliq kimi şəxsləri himayə edir.
Yasamalda hər yeri bazar, dönərxana edib pul qazanmaqla məşğuldur bu cür məmurlar. “Elmlər Akademiyası” metrosunun qarşısı yeni dönərxanalar açılıb, zibilxanaya dönür külək olanda, qanunsuzluqlar baş alıb gedir Yasamalda”.
İcra başçısı ilə keçirilən görüşlərlə bağlı niyə əvvəlcədən məlumat paylaşılmadığını öyrənmək üçün İH-lə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.



Mikayılov şərhlərdən qorxur? - ADSEA-nın “Facebook” səhifəsində şərh bölməsini qudası bağlatdırıb


Azərbaycanda dövlət qurumlarının sosial şəbəkələrdə fəaliyyəti artıq təkcə məlumat yaymaq funksiyası daşımır. "Facebook", "Instagram", "X" və "Telegram" platformaları illərdir vətəndaşların problemlərini birbaşa çatdırdığı, operativ cavab gözlədiyi əsas kommunikasiya vasitəsinə çevrilib. Dövlət qurumlarına da məhz bu məqsədlə - ictimaiyyətə açıq olmaq, şəffaflığı təmin etmək və vətəndaşı dinləmək öhdəliyi qoyulub.
Lakin görünür, bəzi qurumlar üçün sosial şəbəkə “ictimai dialoq platforması” yox, sadəcə birtərəfli təbliğat vitrini kimi qəbul edilir. Bunun ən bariz nümunələrindən biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin - ADSEA-nın fəaliyyəti ilə bağlı ortaya çıxıb.

Bizimesr.com bildirir ki, bir müddətdir ADSEA-nın "Facebook" səhifəsində şərh bölməsi bağlanıb. Bu səhifə - (https://www.facebook.com/adsea.gov.az) indi yalnız onların özlərinin yazması və oxumasına xidmət edir.
Çünki su, kanalizasiya və drenaj problemlərindən əziyyət çəkən minlərlə insanın səsini çatdırmaq üçün istifadə etdiyi yeganə açıq platformalardan biri məhz sosial şəbəkələr idi. İndi isə vətəndaşın danışmaq, dərdini demək hüququ belə əlindən alınıb.

Maraqlıdır, ADSEA-nın sosial şəbəkə hesabları kim üçündür? Əgər vətəndaş problemini yaza bilməyəcəksə, narazılığını bildirə bilməyəcəksə, o zaman həmin səhifələr hansı məqsədə xidmət edir? Hələ Bakıda və Sumqayıtda yaşanan fəlakətli vəziyyət hökm sürürsə...
2026-cı ildə yağan güclü yağışlar paytaxtın infrastruktur problemini bütün çılpaqlığı ilə ortaya qoydu. Bakı, Sumqayıt və ətraf qəsəbələr demək olar ki, hər yağışdan sonra su altında qalır. Küçələr çaya çevrilir, avtomobillər batır, yaşayış massivlərinə kanalizasiya suları dolur, insanlar saatlarla yollarda qalır.

Son belə hadisə cəmi bir gün əvvəl baş verdi. Paytaxtın müxtəlif ərazilərində kanalizasiya və drenaj sisteminin işləməməsi səbəbindən ciddi problemlər yarandı. Sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin miqyasını açıq göstərirdi. Ancaq bütün bunların fonunda diqqət çəkən əsas məqamlardan biri ADSEA rəhbəri Zaur Mikayılovun nümayiş etdirdiyi laqeyd münasibətin şahidiyik... Əvvəlki günlərlə müqayisədə bu dəfə Agentlik rəhbəri Zaur Mikayılovun nə ciddi narahatlığı hiss olundu, nə də ictimaiyyət qarşısında məsuliyyətli açıqlamaları. Əksinə, yaranan mənzərə sanki “belə də olmalıdır” prinsipi ilə qəbul edildi. Halbuki söhbət sadəcə yağışdan yox, illərlə həll olunmayan və milyonlarla insanın həyatına təsir edən sistem problemindən gedir.
Apardığımız araşdırmalar zamanı əldə olunan məlumatlara görə, ADSEA-nın sosial şəbəkələrində şərh bölmələrinin bağlanması ilə bağlı göstəriş Agentliyin Aparat rəhbəri Fuad Quliyev tərəfindən verilib. Məlumata görə, qurum daxilində əsas idarəçilik və nəzarət mexanizmlərini məhz Fuad Quliyev həyata keçirir. Fuad Quliyev ADSEA sədri Zaur Mikayılovun qudasıdır və...
Bu fakt isə qurumda idarəetmənin hansı prinsiplərlə həyata keçirilməsini tam çılpaqlığı ilə ortaya sərir. ADSEA dövlət qurumu olmaqdan çıxaraq, qudaların obyekti statusuna keçir...

Narazılıq doğuran digər məsələ isə ADSEA rəhbərinin bölgələrdə keçirdiyi “vətəndaş qəbulları” ilə bağlıdır. Yerli sakinlərin məlumatına görə, bu görüşlərdə əsl problemlərlə yaşayan insanların rəhbərliyə çıxışı demək olar ki, mümkün olmur. Əvəzində əvvəlcədən seçilmiş şəxslər görüşlərə gətirilir, onlar da vəziyyətin “normal” olduğunu deyərək rəhbərliyə təriflər yağdırırlar. Son belə görüş ADSEA sədri Zaur Mikayılovun Naftalan şəhərində vətəndaş qəbulu zamanı yaşanıb. Real problemlərlə üzləşən vətəndaşlara “vaxt azdır”, “sonra baxarıq”, “müraciət edin” kimi formal cavablar verilib. Görüşə isə bir neçə şəxs buraxılıb, onlar da Zaur müəllimi tərifləyib gediblər. Qurum da görüş barədə 3-4 şəkildən ibarət bir status paylaşaraq, işini bitmiş hesdab edib. Zatən narazılar yaza bilməyəcək, çünki, şəhr bölməsi bağlıdır.
Əslində məsələ təkcə Facebook şərhlərinin bağlanması deyil. Problem daha dərindir. Problem ondadır ki, vətəndaşın tənqidinə açıq olmayan qurum zamanla özünü cəmiyyətdən təcrid edir. Tənqid eşitmək istəməyən idarəçilik isə problemləri həll etmək əvəzinə onları gizlətməyə çalışır. Amma Zaur Mikayılov Bakı küçələrini basan suyu gizlədə bilmir.

İnsanların evinə dolan kanalizasiya sularını, yağışdan sonra iflic olan yolları, işləməyən drenaj sistemini “şərh bölməsini bağlamaqla” aradan qaldırmaq olmur. Əksinə, bu addımlar cəmiyyətdə “ADSEA artıq vətəndaş üçün yox, müəyyən qrupların maraqları üçün idarə olunur” fikrini daha da gücləndirir. Çünki vətəndaşın danışmasına imkan verməyən qurumun əsas problemi çox vaxt elə danışılacaq həqiqətlərin özü olur.
Bizimesr.com

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını salamlayır və forumun işinə uğurlar arzulayıram.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Yəqin ki, qeydiyyatdan keçən iştirakçıların sayına görə rekord göstərici qeydə alınıb. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib ”, - dövlət başçısı qeyd edib.

“Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir”, - deyə dövlət başçısı vurğulayıb.
Xəbər lenti