Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur


Bakı şəhərinin Xətai rayonu, Çingiz xan Kərimov küçəsində genişmiqyaslı tikinti işlərinə başlanılıb. Ərazi hasarlanıb, ağır texnikalar cəlb olunub və böyük həcmdə qazıntı işləri aparılaraq obyekt və ya yaşayış binasının özülünün hazırlandığı müşahidə edilir.

Bizimesr.com-a daxil olan məlumata görə, tikinti işləri aparılan ərazidə əvvəllər mövcud olan ağacların məhv edildiyi iddia olunur. Bildirilir ki, hazırda tikinti meydançasında qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi yerləşdirilməyib. Ərazidə tikintinin sifarişçisi, podratçısı, layihəçisi, tikintiyə verilmiş icazə və digər zəruri məlumatları əks etdirən heç bir lövhə görünmür.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlansa da, sorğular cavabsız qalıb.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri portalında da Xətai rayonu, Çingiz xan Kərimov küçəsində aparılan tikinti ilə bağlı hər hansı tikinti icazəsinə dair məlumat yerləşdirilməyib.

Bu vəziyyət tikintinin hansı hüquqi əsaslarla həyata keçirilməsi, müvafiq icazələrin olub-olmaması, eləcə də ərazidə yaşıllıqların məhv edilməsi ilə bağlı ciddi suallar doğurur.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Video Linkdə: https://www.bizimesr.com/az/post/xetai-rayonunda-muemmali-tikinti---reyestrde-icaze-yoxdur-agaclarin-mehv-edildiyi-iddia-olunur-22359

Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO


Əvvəlki yazılarımızda Masallı rayon Əmlak Komitəsinin iki əməkdaşı – Soltan və Eynulla adlı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törretdikləri qanunsuzluqlar barədə faktları ictimaiyyətin diqqətinə çatdırmışdıq.
Hər kəsə bəllidir ki, Masallı rayon Əmlak Komitəsi birbaşa Cəlilabad Regional Əmlak Komitəsinə tabedir. Lakin bu vaxta qədər mətbuatda gedən rəsmi ittihamlara və vətəndaş şikayətlərinə nə Cəlilabad Regional İdarəsindən, nə də Bakıdakı Baş İdarədən heç bir reaksiya verilməyib.
​Bu lal sükut nəyin göstəricisidir?
​Bu durum yalnız bir həqiqəti ortaya qoyur: Eynulla və Soltan cütlüyünün qeyri-qanunlu yollarla satdığı torpaqlardan əldə olunan vəsaitlərə həm Masallı rayon Əmlak Komitəsinin rəhbərliyi, həm də Cəlilabad Regional Əmlak Komitəsi şərikdir!
Bunun başqa bir adı və ya ağlabatan izahı yoxdur. Əgər ortada bir "gözügölgəlilik", gizli bir maraq olmasaydı, adları korrupsiyada və qanunsuz torpaq alverində hallanan bu iki məmur barəsində çoxdan ciddi intizam tədbirləri görülərdi.
Baş idarənin və regional rəhbərliyin bu korluq və karlığı, faktiki olaraq cinayətə şərik olmaq deməkdir.
​Məsələnin digər acınacaqlı tərəfi isə rayondakı ali dövlət nümayəndəliyinin mövqeyidir.
Çarəsiz qalan və torpaqları əllərindən alınan vəsəndaşlar bu qanunsuzluqlarla bağlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz müəllimə müraciət ediblər. İcra başçısının cavabı isə dövlət məmuruna yaraşmayan bir bəhanədən ibarət olub: "Biz o işə baxmırıq."
​Çox gözəl, Araz müəllim! Bu işə siz baxmırsınız, bəs onda kim baxmalıdır?
​Masallı rayonunda müəyyən parkların salınması, abadlıq işlərinin görülməsi təqdirəlayiq ola bilər, lakin hörmətli icra başçısı unudur ki, o, Cənab Prezidentin yerli icraedici nümayəndəsidir!
Rayon rəhbəri olaraq hər bir Masallı sakininin probleminə, şikayətinə və qarşılaşdığı haqsızlığa birinci dərəcəli məsuliyyət daşıyan şəxs məhz sizsiniz.
"Biz baxmırıq" deməklə arxasını vətəndaşa çevirmək, çarəsiz insanları dövlət idarələrinin qapılarında daha da böyük ümidsizliyə və çarəsizliyə sürükləməkdir.
​Buradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin və aidiyyatı komitələrin rəhbərliyinə açıq sual ünvanlayırıq: Vətəndaşları bu cür çıxılmaz vəziyyətə salan, dövlətin qanunlarını heçə sayan Eynulla və Soltan adında işçilərinizin bu özbaşınalıqlarına daha nə qədər göz yumacaqsınız?
​Bu iki şəxs fəaliyyət göstərdikləri rayonda sanki bir "torpaq terroru" əsdirirlər. Suriyada İŞİD, Türkiyədə PKK hansı dağıdıcı fəaliyyətlə məşğuldursa, cənub bölgəsində – Masallıda da Eynulla və Soltan cütlüyü eyni sosial dağıdıcılığı həyata keçirir.
Unutmaq olmaz ki, terror təkcə silah çəkməklə, qan tökməklə olmur. Ən böyük terror – sadə insanların öz dövlətinə, ədalət tərəfdarı olan Dövlət Başçısına olan inamını, güvənini daxildən sarsıtmaqdır!
​Vətəndaşda dövlətə qarşı narazılıq yaradan bu böyük xəyanətin və "torpaq terrorunun" ən birinci səbəbkarları isə:
​Masallı rayon Əmlak Komitəsi,
​Cəlilabad Rayon Regional Əmlak Komitəsi,
​Və bu rüsvayçılığa səssiz qalaraq hələ də rəsmi tədbir görməyən Baş İdarədir!
​Mətbuat olaraq bu mövzunu diqqətdə saxlayacaq və aidiyyatı hüquq-mühafizə orqanlarının Masallıdakı bu qanunsuzluq yuvasına nə vaxt hüquqi qiymət verəcəyini izləyəcəyik.
Sima Babayeva
TEREF

VİDEO LİNKDƏ: https://teref.net/manset/417108-masallida-torpaq-terroru.html

Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR


"Bu gün Azərbaycan türmələri sanki islah ünvanı toy, bir qrup işbazların qazanc yerini xatırladır. Başda Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov olmaqla bütün cəzaçəkmə müəssisələrinin rəisləri bazarkoma çevrilib".

Bu sözlər "DİA-AZ"a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Məqsəd birdir: onsuz da çətin durumda olan məhbus ailələrinin hesabına sərvət toplamaq...

Bu gün cəzaçəkmə müəssisələrində Mirsaleh Seyidovun korrupsiya və rüşvət maşını var gücü ilə işləyir. Maləsəf ədliyyə nazirliyinin rəhbərliyi bütün bunlara göz yumur. Amma hara qədər?.. nə zamana qədər?..

Nəhayət məzlumun ahı yuxarılarda eşidilən gün yetişər...

Mirsaleh Seyidovun bazarında hər şey satılır.

Cəzaçəkmə Müəssisələrinin və istintaq təcridxanalarında tibbi təminat yox dərəcəsindədir.

Müayinə yoxdur, dərmanlar pulla satılır.

Korrupsiya bu sahəni birmənalı olaraq “yeyib”.

Mirsaleh Seyidovun bu strukturdan kənarlaşdırılması artıq şərtə çevrilib. Yoxsa etirazlar ədliyyə sistemində ciddi böhranlara gətirib çıxara bilər. Bunu artıq yuxarılar düşünsün.

Mirsaleh Seyidovun trolları isə iş başındadır. Nəsə tənqidi məqalə görən kimi altından dərhal kütləvi saxta rəy axını təşkil edirlər. Ay Mirsaleh müəllim belə yaxşı adamdır, ay kiməsə belə əl tutub və s. Ən çox dedikləri odur ki, Mirsaleh Seyidov penitensiar xidmətə rəhbər gələndən sonra dustaqlara AĞ ÇÖRƏK verirlər... Budurmu nailiyyət? Zatən qara çörək bu gün satışda daha bahadır.

Sonrakı arqumentləri odur ki, dustaqlara zəngləri pulsuz edib. Vəssalam. Qalan BAZAR QAYDALARI tam qüvvəsində qalır... Dustaqlara da zəng ona görə pulsuzdur ki, yaxınlarına zəng edib "MƏNƏ PUL GƏTİR" deyə bilsin... Bu da daha çox PENİTENSİAR QANİÇƏNLƏRİNİN marağındadır..."

DAVAMI VAR...

DİA-AZ

Bərdədə idarəetmə böhranı: Sakinlər və İcra Hakimiyyəti üz-üzə VİDEO


Son günlər Bərdə rayonunun həm şəhər mərkəzində, həm də ətraf kəndlərində əhalinin yerli idarəetmə orqanlarına qarşı narazılığı əhəmiyyətli dərəcədə artıb.

Vətəndaşların şikayətlərinin mərkəzində kənd təsərrüfatı torpaqlarının idarə olunmasındakı qeyri-şəffaflıq, bölgədə kəskinləşən işsizlik problemi və Bərdə Rayon İcra Hakimiyyətinin sosial problemlərə qarşı laqeydliyi dayanır.
Rayonun aqrar sektorunda pay torpaqlarının ədalətli bölgüsü və su təminatı ən çox narazılıq doğuran məsələlərdən biridir:
İyunun 24-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bərdənin Uğurbəyli kəndində bələdiyyə torpaqlarının sahibkarlıq məqsədilə hərraca çıxarılması , yerli sakinlər arasında torpaqların paylanılmasında şəffaflıq və ədalət prinsiplərinin pozulması ilə bağlı müzakirələri yenidən alovlandırıb.
İyunun 18-də Körpüsındıran və iyunun 24-də Kürdborakı kəndlərində keçirilən səyyar görüşlərdə sakinlərin ən böyük ittihamı əkin sahələrinin vaxtında suvarılmaması olub
Fermerlər ciddi maddi ziyan çəkdiklərini və bələdiyyə rəhbərlərinin torpaq bölgüsündə ayrı-seçkilik etdiyini bildirirlər
1xeber.media

TƏBİB-də "Kadr İslahatı" Maskası: Anar Bayramlı Kimləri və Niyə Ətrafına Toplayır?


Səhiyyə sistemi hər bir dövlətin təməl sütunlarından biri, vətəndaşın isə ən yaralı yeridir. Bu sahədə aparılan hər bir təyinat, hər bir kadr dəyişikliyi birbaşa insanların taleyinə və dövlətin nüfuzuna təsir edir.
TƏBİB-ə yeni rəhbər təyin olunan Anar Bayramlının son günlər "kadr islahatları" adı altında atdığı addımlar isə islahatdan daha çox, şəxsi maraqların təmininə və köhnə sistemin bərpasına bənzəyir.
​Bu gün ortaya çıxan mənzərə ciddi suallar və dərin narahatlıqlar doğurur: Anar Bayramlı rəhbərliyə gəldikdən sonra səhiyyəni sağlamlaşdırmaq əvəzinə, niyə öz ətrafını, öz adamlarını sistemə doldurmaqla məşğuldur?
​TƏBİB-in yeni rəhbərliyinin fəaliyyət taktikası artıq ifşa olunmaqdadır. İllərini bu sahəyə vermiş, işinin peşəkarı olan, təmiz adla tanınan baş həkimlər və xəstəxana direktorları müxtəlif bəhanələrlə sistemdən uzaqlaşdırılır.
Onların yerinə isə səhiyyəni irəli aparacaq kadrlar deyil, yeni direktorun "şəxsi komandası" və sadiq bəndələri yerləşdirilir.
​Ən acınacaqlısı isə budur ki, sistemdə adı rüşvət və korrupsiya qalmaqallarında hallanan, fəaliyyəti dövründə rəhbərlik etdiyi müəssisələri bərbad günə qoyan şəxslərə toxunulmur, əksinə, onlar öz postlarında saxlanılır.
Bunun ən bariz nümunəsi kimi Mehriban Qaralova kimi statusunu və yerini qoruyan fiqurları göstərmək olar. Korrupsiyalaşmış kadrların toxunulmazlıq statusu qazandığı, peşəkarların isə sistemdən qovulduğu bir mühitdə hansı islahatdan, hansı tibbi keyfiyyətdən danışmaq olar?
​Ortaya çox sadə və konkret bir sual çıxır: Anar Bayramlı bu oyunlarla kimi aldatmaq istəyir?
​Ona yüksək etimad göstərərək bu vəzifəyə təyin edən Cənab Prezidentimi?
​Yoxsa hər gün dövlət xəstəxanalarının qapısında tibbi xidmət axtaran, canı yanan vətəndaşları?
​Dövlət başçısı tərəfindən idarəetmədə şəffaflıq, korrupsiya ilə mübarizə və vətəndaş məmnunluğu ən ali tələb kimi qoyulduğu halda, TƏBİB rəhbərinin tamamilə əks istiqamətdə hərəkət etməsi dövlətin kadr siyasətinə və göstərilən etimada qarşı açıq-aşkar sui-istifadədir.
Prezidentin etimadından sui-istifadə edərək səhiyyədə şəxsi "xanlıq" yaratmaq cəhdi, sadəcə idarəçilik qüsuru deyil, eyni zamanda dövlət maraqlarına zərbədir.
​Anar Bayramlı görünür unudur ki, TƏBİB onun və ətrafının şəxsi biznes şəbəkəsi və ya maraq obyekti deyil. Bura milyonlarla vətəndaşın sağlamlığına cavabdeh olan, büdcədən maliyyələşən rəsmi bir dövlət qurumudur.
​Onsuz da vətəndaşların ən çox gileyləndiyi, problemlərin içində boğulan səhiyyə sistemini tamamilə bərbad vəziyyətə qoymaq kimin maraqlarına xidmət edir?
Bu gedişlə yaxın gələcəkdə xəstəxanalarda müalicə edəcək həkim, idarə edəcək peşəkar tapılmayacaq. Çünki sistem rəhbərliyin "öz adamları" ilə doldurulur, meyarlar isə savad və dürüstlük deyil, şəxsi sadiqlikdir.
İslahat adı altında həyata keçirilən bu kadr oyunları, köhnə rüşvətxor şəbəkənin qorunub saxlanması və peşəkarların sıxışdırılması TƏBİB-in gələcəyini və vətəndaşın dövlət tibb müəssisələrinə olan son ümidini də məhv edir.
Cənab Prezidentin etimadını şəxsi ambisiyalarına qurban verənlər, bu millətin yaralı yeri olan səhiyyə ilə oynayanlar yaddan çıxarmamalıdırlar ki, dövlətin nəzarəti də, xalqın tənqidi baxışı da hər zaman onların üzərindədir. Səhiyyəni şəxsi poliqonunuza çevirməyə imkan verilməyəcək!
Sima Babayeva
TEREF
Facebook-da paylaş

Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video


8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansardında yeni mənzil tikərək, sosial şəbəkədə elan veriblər. Üç otaqdan ibarət 56 kavadratmetrlik yeni tikilinin qiyməti 125 min manata təklif edilb.

Mənzil Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133,  Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksindədir.  

Sakinlər deyir ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir.

Komendant isə bildirib ki, kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışlar bitib.(“Qafqazinfo”)

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"


Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı xəbərlər mətbuatda böyük rezonans doğurub. Ölkənin əksər ziyalıları, tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət adamları bu addımı sərt tənqid edib.

Moderator.az-a açıqlama verən Xalq artisti, görkəmli bəstəkar Siyavuş Kərimi atılan addımı düzgün olmayan hal kimi qiymətləndirib:

“Bu gün hər şeyi pul həll edir. Təəssüflər olsun ki, bu belədir. Çox təəssüf! Bu bizi konkret uçuruma aparacaq. Mədəniyyət evi öz fəaliyyəti istiqamətində inkişaf etdirilməlidir. Tarixən hər zaman özfəaliyyət kollektivləri mədəniyyət evində formalaşıb. Mədəniyyət evinin tərkibində respublikanın özfəaliyyət məkanları olmalıdır. Peşəkarlar da oradan püxtələşib üzə çıxmağa başlayacaqlar. Bu saat hamı gedib toylarda öyrənir. Özfəaliyyət bu gün toylardır. Bunu da təbliğ edirik. Mədəniyyət evləri öz funksiyasını çoxdan itirib. Mədəniyyət evləri bu dəqiqə boşdur. Orada ya mebel satırlar, ya uşaq bağçası, ya da paxlava istehsal edən sex açırlar. Pul hamı üçün önəmlidir. Amma pul mədəniyyəti ört-basdır edə bilməz” deyə sənətkar bildirib.

Millət vəkili Fazil Mustafa saytımıza açıqlamasında sözügedən bağçanın fəaliyyətinin araşdırılmasına ehtiyacın olduğunu bildirib:

“Bağçaların biləvasitə nəzarətini həyata keçirən orqan Elm və Təhsil Nazirliyidir. Ona görə də burada tabelik məsələsinə baxılmalıdır. Əgər özəl müəssisədirsə, hansısa bir müqavilə əsasında bu məkanda yerləşirsə bu başqadır. Yeri icarəyə götürə bilərlər. Amma tabeçilik yenə də Elm və Təhsil Nazirliyində olmalıdır. Bağçaların Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Konkret faktlar araşdırılmalıdır. Fikrimcə bu qanunauyğun fəaliyyət sayılmamalıdır. Əgər yerin spesifikası, hansısa bir məcburi səbəblərdən bu addım atılıbsa müvafiq qurumlar bununla bağlı açıqlama verməlidirlər” deyə Fazil Mustafa deyib.

Qeyd edək ki, bir müddətdir Qızıldaş Mədəniyyət Mərkəzinin tabeliyində qanunsuz olaraq “Eliza School” adlı uşaq bağçası fəaliyyət göstərir.

Moderator.az

“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR



​Bakının mərkəzində, “Sahil Biznes Mərkəzi”nin 4-cü mərtəbəsində dəbdəbəli ofis qurub, sosial şəbəkələrdə “Ausbildung”, “pulsuz Alman dili kursu” və “xaricdə zəmanətli iş” vədləri ilə insanları toruna salan “First Academy AZ” MMC və onun direktoru Vüsal Qəribov barəsində şikayətlərin ardı-arası kəsilmir.
Aztəminatlı ailələrin, son qəpiyini borc-xərc edib gələcək ümidinə bağlayan kasıb vətəndaşların etibarından sui-istifadə edən bu şirkət, minlərlə manat mənimsəməkdə və vətəndaşları qanuni əsaslar olmadan ortada qoymaqda ittiham olunur.
​Tələsik İmzalanan Müqavilələr və Şəxsi Kartlara Köçürülən "Gizli" Pullar
​Bizə müraciət edən Xırdalan şəhər sakinləri – İmaməddin Rəfael oğlu Əliyev və həyat yoldaşı Aidan Xəqani qızı Əliyevanın başına gələnlər, bu şirkətin iş mexanizminin hansı prinsiplər üzərində qurulduğunu ifşa edir. Instagram-da “6 ay pulsuz Alman dili” və “Ausbildung proqramı ilə Almaniyaya göndərilmə” reklamlarına inanaraq şirkətə üz tutan gənc ailə, rəsmən bir tələyə salınıb.
​Vətəndaşların bildirdiyinə görə, onlara 7 səhifəlik müqaviləni oxumağa belə imkan verilmədən, tələsik şəkildə imza etdirilib. Ümumilikdə 2000 AZN vəsait mənimsənilib.
Bu vəsaitin bir hissəsi nağd alınsa da, digər hissəsi şirkətin rəsmi hesabına deyil, onlara WhatsApp vasitəsilə göndərilən 5239 1517 1158 2869 nömrəli, kimliyi gizli saxlanılan bank kartına köçürülüb!
​Jurnalist Araşdırmasının Şok Nəticəsi: Köçürülən pullarla bağlı vətəndaşlara heç bir rəsmi mədaxil qəbzi və ya kassa orderi verilməyib.
Sonradan əldə edilən bank sənədlərində isə bu ödənişlər xidmət haqqı kimi deyil, şübhəli şəkildə "şəxsi vəsaitlərin çıxarılması" kimi rəsmiləşdirilib. Bu, birbaşa vergidən yayınma və maliyyə fırıldaqçılığı deyilmi?
​2 il keçməsinə baxmayaraq, nə vəd olunan keyfiyyətli dərs keçirilib, nə də ortada Almaniyaya getmək var. Kasıb ailənin pulunu geri istədikdə isə onlara "pul kursa xərclənib, geri qaytarılmır" bəhanəsi gətirilir. Halbuki reklamlarında bu kursun tamamilə pulsuz və proqrama daxil olduğu barədə yüzlərlə saxta vəd yer alırdı!
​Referans Media Araşdırır: Vüsal Qəribovun Sualdan Qaçan "Kağız Üstündəki" Qanuniliyi!
​Referans Media olaraq, məsələni obyektiv şəkildə işıqlandırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə “First Academy AZ” MMC-nin rəhbəri Vüsal Qəribovla birbaşa əlaqə saxladıq.
​Ona vətəndaşların pullarının niyə geri qaytarılmadığı, vergi bəyannamələri və VÖEN hesabatları, eləcə də şəxsi kartlara yığılan vəsaitlər barədə konkret suallar ünvanladıq. Vüsal Qəribov suallarımıza cavabında hər bir sənədinin qaydasında olduğunu, heç bir qanunsuzluğa yol vermədiyini iddia etdi.
Lakin araşdırmamız dərinləşdikcə və biz faktları onun önünə qoymaq üçün növbəti dəfə onunla əlaqə saxlamağa çalışdıqda, Vüsal Qəribov telefonlarımıza cavab verməkdən yayındı!
​Mətbuatın suallarından qaçan, zənglərə cavab verməyən bir rəhbərin "hər şeyim qanunidir" deməsi sadəcə sözdədir və reallığı əks etdirmir! Sənədləri düzgün olan, fəaliyyəti şəffaf olan şəxs medianın qarşısından qaçmaz, gizlənməz!
Bu qaçış, edilən qanunsuzluqların və vətəndaşların aldadılmasının növbəti sübutudur. Bu şirkət barədə redaksiyamıza daxil olan çoxsaylı digər analoji şikayətlər də göstərir ki, qarşımızda sistemli şəkildə fəaliyyət göstərən bir mexanizm dayana bilər.
​Kasıbın Pulu ilə Eyş-İşrət Həyatı: Bu Toxunulmazlıq Haradandır?
​Şəhərin mərkəzində, ən bahalı biznes mərkəzlərindən birində ofis saxlayan, aztəminatlı ailələrin gələcək arzularını, borc içində tapıb gətirdikləri son qəpiklərini mənimsəyən Vüsal Qəribovun hansı pullar hesabına eyş-işrət həyatı sürdüyü, sosial şəbəkələrdə yüngül əxlaqlı qadınlarla nümayişkaranə şəkildə məclislər təşkil etdiyi hər kəsə bəllidir.
Vətəndaşı mənəvi və maddi ziyana uğradan bir şəxs, necə olur ki, özəl televiziya kanallarına çıxaraq milyonlarla insanı manipulyasiya edir, təhsil və peşə adı altında öz fırıldaq fəaliyyətinin təbliğatını apara bilir?
​Vətəndaşlara dikbaşlıqla "gedin, hara istəyirsinizsə, şikayət edin" deyən Vüsal Qəribov görəsən kimə və nəyə arxalanır? Cənab Prezident İlham Əliyevin "Heç kəs toxunulmaz deyil və heç kəsə xüsusi imtiyaz verilməyib" dediyi bir ölkədə, bu şəxsə vətəndaşları açıq-aşkar talamaq imtiyazını kim verib?
​Hüquq-Mühafizə Orqanlarına TƏCİLİ ÇAĞIRIŞ!
​Bu yazı sadəcə bir xəbər deyil, aldadılan, hüquqları tapdanan və çarəsiz qalan vətəndaşların səsidir. Əlimizdə olan yazışmalar, səs yazıları, bank köçürmə sənədləri və faktlar əsasında aidiyyəti dövlət qurumlarına çağırış edirik:
​Daxili İşlər Nazirliyinə: “First Academy AZ” MMC və onun direktoru Vüsal Qəribov tərəfindən vətəndaşların etibarından sui-istifadə edilməklə pullarının mənimsənilməsi (Dələduzluq əlamətləri) faktı araşdırılmalı, qanun qarşısında cavab vermələri təmin edilməlidir.
​Baş Prokurorluğa: Şirkətin vətəndaşlardan rəsmi kassa orderi olmadan pul yığması, vəsaitlərin şəxsi kartlara köçürülməsi tələbi və bu yolla vətəndaşlara maddi ziyan vurulması məsələsinə hüquqi qiymət verilməli və cinayət işi başlanmalıdır.
​Dövlət Vergi Xidmətinə: Şəxsi bank kartları vasitəsilə dövriyyə edən, sənədləşdirilməyən və "şəxsi vəsaitlərin çıxarılması" adı altında gizlədilən yüzlərlə, bəlkə də minlərlə manatlıq qanunsuz maliyyə dövriyyəsi yoxlanılmalı, vergidən yayınma faktları ifşa olunmalıdır.
​Referans Media olaraq, bu cinayət xarakterli fırıldaqçılığın və korrupsiya qoxulu fəaliyyətin sonunadək təqibçisi olacağıq! Aldadılan vətəndaşların hüquqları bərpa olunana və Vüsal Qəribov qanun qarşısında cavab verənədək mövzunu gündəmdə saxlayacağıq!.."
"Referans Media"



Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...


Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar vakansiyaların gizlədilməsi nəticəsində işə qəbul ola bilməmiş namizədlər tərəfindən narazılıqlar yaranmış bu hallar ictimailəşdirilmişdi. İctimai narazılıq yaradan hallardan biri də 2025-2026-cı tədris ilində Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə 18 saat dərs yükünün müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunmayaraq vakansiyanın gizlədilməsi, hətta həmin vakant yerin müddətli işə qəbul mərhələsinə də təqdim olunmadan İnzibati təşkilat sektorunun müdiri Fikrət Heybətova yaxın tanışı və Padar kənd ümumi orta məktəbində çalışan müəllim Lamiyə Balaqadaşovaya əsassız olaraq ikinci iş yeri kimi həmin dərs saatlarının verilməsi idi.
Mövzuya yenidən qayıdaraq həmin vakansiyanın taleyi ilə bağlı oxucuları yenidən məlumatlandırmaq istəyirik. Maraqlıdır görəsən 2026-cı ildə keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsinə həmin vakant dərs saatları təqdim olunubmu? Yoxsa Fikrət Heybətov yenə də həmin vakansiyanı gizlədərək ötən il həmin vəzifəyə ikinci iş yeri kimi göndərdiyi tanışını yenidən müsabiqədən kənar şəkildə təyin etmək niyyətindədirmi? Əgər həmin vakansiya yenə də gizlədilibsə Fikrət Heybətov Elm və Təhsil Nazirliyini, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini aldadacaq cəsarəti hardan və ya kimdən alır? Agentliyin bu kimi hallara qarşı mübarizə apardığı bir şəraitdə dövlət qulluğundan keçmədən sektor müdiri vəzifəsində çalışan şəxsin neqativ fəaliyyəti barədə niyə Agentlik və regional idarə tərəfindən tədbir görülmür?Yazıda qeyd olunan məqamlar müxtəlif mənbələrdən daxil olmuş iddialara əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə və məsələ ilə bağlı rəsmi qurumların münasibətini işıqlandırmağa hazırıq.

SOZTV.az
Xəbər lenti