Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."


"Şikayətim Mingəçevir şəhərində yerləşən "River Side Hotel" ilə bağlıdır..." "Dia-az" xəbər verir ki, bu barədə Səidə adlı sosial şəbəkə istifadəçisi öz postunda etirazını bildirir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "29.05.2026 tarixində bayram tətilini dəyərləndirmək və dincəlmək məqsədilə həmin hoteldə qaldıq. Lakin hotellə bağlı yaşadığımız vəziyyət həm bizi ciddi şəkildə narahat etdi, həm də istirahətimizi korladı.
Otağı təhvil verərkən resepşində çalışan xanım bizə “gözləyin, siz nəsə etmisiniz” deyərək kobud və ittihamedici şəkildə müraciət etdi. Daha sonra bildirildi ki, istifadə etdiyimiz dəsmallarda üz yuyulduqdan sonra tonal krem izi və rəngli saç balzamından çox cüzi ləkə qalıb. Halbuki bu ləkələr adi yuyulma ilə təmizlənə biləcək səviyyədə idi.
Buna baxmayaraq, hotel əməkdaşları xüsusi təmizləyici çağıraraq ləkələrin guya çıxmayacağını iddia etdilər və bizdən 40 AZN “cərimə” tələb olundu. Açığı, bu yanaşma tamamilə absurd və əsassızdır. Bu qədər böyük hoteldə camaşırxana əməkdaşlarının ağ tekstil məhsullarının yüksək temperaturda yuyulduqda bu tip izlərin rahatlıqla təmizləndiyini bilməməsi inandırıcı görünmür.
Əgər otaqda hər hansı əşya sındırılsa, cırılsa və ya real zərər vurulsaydı, buna görə ödəniş tələb olunmasını normal qarşılayıb, "baş üstə" deyib, ödəyəcəkdik.Lakin istifadəyə görə dəsmalda qalan adi kosmetik izə görə müştərinin bu şəkildə cərimələnməsi doğru deyil və müştərilərə qarşı hörmətsiz münasibət təsiri bağışlayır.
Bundan əlavə, resepşində çalışan xanımın davranışı da etik normalara uyğun deyildi. Özünü peşəkar hotel əməkdaşı kimi deyil, kobud, aqressiv hətta özünü çox yuksəkdən qudurğan şəkildə aparırdı.
Məsələ 40 manat məbləğində deyil. Əsas məsələ müştərinin aldadılmış və hörmətsiz hiss etməsidir. Ora gedə biliriksə vurduğumuz ziyanı da qarşılaya bilirik amma biz heç bir ziyan vurmamışıq. İlk dəfədi hansısa hotelde dəsmal davası gördüm. Hətta otağdan çıxanda otaqı səliqəli vəziyyətə salıb çıxdıq. Biz ora istirahət etməyə getsək də, əsəbi və narazı şəkildə geri qayıtdıq.
Ümid edirəm ki, rəhbərlik bu məsələni araşdıracaq və gələcəkdə digər müştərilər eyni vəziyyətlə qarşılaşmayacaq..."


Dia-az

“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?


“Əcnəbilər ölkəmizə gələndə səyahətlərinin daha ucuz başa gəlməsi üçün otelə yox, hostellərə üstünlük verirlər. Amma elə bilməyin ki, bu məkanların qiymət baxımından ucuz olması, turistləri rahatlıq və təhlükəsizlik baxımından da arxayın edir. Bəzi hostellərdə təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması sual altındadır. Əslində turist mənzildə də qala bilər. Amma mənzillərin kirayə qiymətlərinin həddindən artıq baha olması səbəbindən xarici vətəndaşlar bu tip hostellərdən istifadə edirlər. Hostelin qiyməti 1 nəfər üçün aylıq təxminən 150 manat təşkil edir”.
Bunu Moderator.az-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O daha sonra əlavə edib:
“Əksər hallarda mənzillərdən hostel kimi istifadə edən şəxslər həmin mənzillərin hostel kimi istifadə olunması ilə bağlı rəsmi qurumlardan icazələr almırlar. Bu zaman həmin hostellərin təhlükəsizlik qaydaları qorunmur. Mütləq şəkildə hansısa şəxs hostel və oteldə gecələyirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin sürəti orada qeyd olunmalıdır. Başqa bir tərəfdən isə həmin hostelin təhlükəsizlik qaydaları qorunmalı, hosteldə hansısa bir oğurluq və cinayət hadisəsinin qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hostel istifadə edən zaman rəsmi qurumlardan icazələr alınmalı, həmin hostelin istifadəsi normativ qaydalara uyğun aparılmalıdır. İaşə obyekti hostel kimi istifadə olunursa mütləq şəkildə resepşın, kameralar olmalıdır. Əksər hostellərdə resepşın, mühafizə xidməti fəaliyyət göstərmir. Digər şəxslərə əmək haqlarının verilməməsi üçün hostel idarə edən şəxslər əlavə işçi heyətini işə götürmür. Bu da gələcəkdə problemlərə yol açır. Qeyri-qanuni hostellərin qiyməti də nisbətən ucuz olur. Belə hostellərdə daha çox Pakistan, Hindistan, Şri-Lankadan gələn turistlər qalır”.

“Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakininin Azərqranata MMC ilə bağlı şikayəti


Bakunews.az-a müraciət edən Ağsu rayon sakini, Ağsu şəhəri, 20 Yanvar küçəsi, ev 7-də yaşayan Orucov Elnur Rafael oğlu işlədiyi müəssisədə baş vermiş ağır istehsalat hadisəsi ilə bağlı ciddi iddialar səsləndirib.

Şikayətçinin sözlərinə görə, o, 30 iyul 2025-ci il tarixində Ağsu rayonunda fəaliyyət göstərən Azərqranata MMC-də fəhlə kimi çalışarkən bədbəxt hadisə ilə üzləşib.

Elnur Orucov bildirir ki, işlədiyi sexdə elektrik arabası ilə yük daşıdığı zaman qəfil yüksək və həyəcanlı səs eşidib. Nə baş verdiyini anlamadığı üçün qorxuya düşərək kənara çəkilməyə çalışıb. Həmin an sol əli işlək vəziyyətdə olan ventilyatorun pərlərinə düşüb.

Onun sözlərinə görə, hadisədən sonrakı anları xatırlamır:

“Qəfil səs gəldi, çox qorxdum. Nə edəcəyimi bilmədim. Kənara çəkilmək istəyəndə sol əlim ventilyatora düşdü. Ondan sonrasını xatırlamıram. Sonradan öyrəndim ki, məni təxminən bir saat sexdə saxlayıblar.”

Şikayətçi qeyd edir ki, hadisədən sonra 12 gün Ağsu Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Onun sözlərinə görə, ilkin tibbi müdaxilə və cərrahi əməliyyatlar cərrah Fazil həkim tərəfindən həyata keçirilib.

Elnur Orucov iddia edir ki, hadisədən sonra müəssisə rəhbərliyi tərəfindən ona müxtəlif vədlər verilib:

“Sex rəisi Məmmədov Bəxtiyar Bircəxan oğlu mənə bildirdi ki, sənə əlillik təyin olunacaq, pensiya veriləcək, ailənə maddi köməklik göstəriləcək. Bu vədlərə inanaraq uzun müddət gözlədim. Lakin sonradan verilən sözlərin heç biri yerinə yetirilmədi.”

Şikayətçi hazırda hadisə nəticəsində əmək qabiliyyətinin ciddi şəkildə məhdudlaşdığını, ailəsinin sosial vəziyyətinin ağırlaşdığını bildirir.

Onun iddiasına görə, sonrakı dövrdə Azərqranata MMC-nin rəhbər şəxsləri tərəfindən təzyiqlərlə də üzləşib:

“Müəssisənin rəhbərliyi tərəfindən mənə və ailəmə qarşı hədələr səsləndirilib. Şikayət etməməyim üçün müxtəlif təzyiq üsullarından istifadə olunduğunu düşünürəm.”

Qeyd edək ki, istehsalat sahələrində baş verən bədbəxt hadisələrin araşdırılması, əmək təhlükəsizliyi qaydalarına əməl olunub-olunmamasının müəyyənləşdirilməsi və işçinin hüquqlarının qorunması aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə daxildir.

Hadisənin hansı şəraitdə baş verdiyi, əmək mühafizəsi qaydalarının təmin olunub-olunmadığı, işçinin istehsalat qəzası üzrə rəsmi qeydiyyata alınıb-alınmadığı və səsləndirilən digər iddiaların doğruluğu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Redaksiyadan: Yazıda yer alan bütün ittiham və iddialar müraciət müəllifinin mövqeyini əks etdirir. Azərqranata MMC-nin, adı çəkilən vəzifəli şəxslərin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Bntv.az

Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...



"Bakının Səbail rayonunda Bayraq meydanından Təzəpir məscidinə gedən yolda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ilə bağlı olan böyük yaşayış kompleksi mövcuddur". Bu barədə "Dia-az"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra deyilir: "Hansı ki, bu yaşayış kompleksindəki binaların aqlayı Rəşad Məmmədov və Azər Əsgərovun rəhbəri olduğu “Azİmport” şirkəti tərəfindən vurulub.

Tikinti işləri keyfiyyətsiz şəkildə görüldüyü üçün son günlər yağan yağışlar nəticəsində bu aqlayların bir qismi qoparaq tökülüb. Binanın üzərindəki aqlayların da bəziləri hər an qopub düşə biləcək vəziyyətdədir ki, bu da insan həyatı üçün təhlükə deməkdir. Bundan başqa, aqlay daşlarının sökülməsi binanı yağış sularından müdafiəsiz hala gətirib. Nəticədə, evlərin bir çoxuna yağış suları nəticəsində ciddi ziyan dəyib, vətəndaşlar üçün əlavə çətinliklər yaranıb.

Vətəndaşlar qopan aqlay daşlarının yerinə binaya yeni üzlük daşlarının vurulması, eyni zamanda, digər aqlay daşlarının da etibarlılığının yoxlanılması tələbi ilə “Azİmport” şirkətinə dəfələrlə müraciət etsələr də, şirkət vətəndaşların tələbini yerinə yetirməkdən imtina edib. “Azİmport” şirkətinin açıq özbaşınalığı qarşısında çarəsiz qalan vətəndaşlar yaxın günlərdə müvafiq dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır.

Məlumat üçün qeyd edək ki, media və sosial şəbəkələrdəki məlumatlara görə “Azİmport” şirkətinin sahibi hazırda baş nazir postunda əyləşən Əli Əsədovdur v\ Rəşad Məmmədov Əli Əsədovun biznesini yönəldən əsas adamı, QARA KASSASI hesab olunur".(Dia-az)

Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... - BU NƏDİ BELƏ?


Bəlkə də çoxları Bakının mərkəzi küçələrindən olan Bəsti Bağırova 2 a ünvanında, "statistikanın kruqu" deyilən ərazidə yerləşən bu restorandan xəbərsizdir. Çünki əksər hallarda müştəri kasadlığı diqqətçəkən olan bu ünvanda bizim nəzərimizi "Pub Eda" restoranı sahiblərinin iaşə xidmətindən daha çox bir siyasət, bir siyasi ideologiya işləri həyata keçirməsi cəlb etmiş oldu.

Bakıda və Azərbaycanın digər yerlərində də köhnə SSRİ dönəmlərini andıran dekorasiyalardan hansısa restoarn dekorasiyası kimi istifadə olunması müşahidə olunandır. Yəni bizlər "Pub Eda" sahibinin obyektini nədən başdan-başa SOVET BƏZƏKLƏRİ ilə süstləməsini, ofisiantların SSRİ-də olduğu kimi məktəbli pionerlər kimi geyinməsini dərd etmirik, problem kimi görmürük. Hətta olduqca BAHA olan xidmətlərindən də gileylənmirik. Olsun, bəzək-düzəklərini, qiymətlərini bəyənmirsənsə, getməyə bilərsən və burda hansısa narahatedici məqam yoxdur.

NARAHAT edən əsas və başlıca məqam isə bütün bu işlərin bilincli şəkildə həyata keçirilməsi və bu işin arxasında İDEOLOJİ yükün dayanmasıdır. Bu restoranın kimə məxsus olduğunu bilmirik, amma inanırıq ki, dövlətin gərəkən qurumları bu restoranın aşıladığı ideoloji yükümünü ciddi şəkildə təftiş edəcəklər...

Çünki təkcə RUS mahnıları oxudulan bu restoranda nə Azərbaycan, nə də Türkiyə mahnılarını dinləmək mümkün deyil. Hətta sifariş etdikdə belə, Türkiyə mahnılarının qadağan olunduğunu aşkar şəkildə bəyan da edirlər.

Əgər oxudulan mahnılar yalnız SOVET dövrünə aid olsa idi, müəəyən mənada anlaşılan ola bilərdi. Lakin müasir rus estradasının da oxunduğu məkanda TÜRK mahnılarının yasaqlanması faktı... mütləq şəkildə araşdırılası məsələdir...(Dia-az)

Məsələ diqqətimizdədir...


Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... - İLGİNC İDDİALAR...


Dünən SOCAR Qaz İxrac İdarəsində müşahidə olunan neqativ olaylar və bu olaylarda sözügedən qurumda birinci müavini vəzifəsini daşıyan Sərxan Babaşovla bağlı ilginc iddiaların yer aldığı məlumatı diqqətinizə təqdim etdik. Burada söhbət Əkbər Hacıyevin belə "gözündən oğurlanmağa müvəffəq olmuş" Sərxan Babaşovun öz səlahiyyətilərindən şəxsi maraqları naminə istifadə etməsindən gedir.

"Dia-az" olaraq elektron ünvanımıza göndərilən məlumatların ikinci hissəsini də təqdim edirik. Beləliklə, məqalədə deyilir:

"SOCAR Qaz İxrac İdarəsində birinci müavin görəvini daşıyan Sərxan Babaşov vəzifə səlahiyyətlərindən istifadə edərək az qala bütün qohum-əqrəbasını SOCAR sistemində yerləşdirib. Hazırda isə Qaz İxrac İdarəsində də qohumlarını müxtəlif vəzifələrə gətirmək istiqamətində fəaliyyət göstərir. Bununla bağlı yetərincə dəlillər var.

Hətta bu işlər o qədər nümayişakaranə formada cərəyan edir ki, yeni SOCAR rəhbərliyi də artıq baş verənlrdən bilgilidir və demək olar ki, Sərxan Babaşovun fəaliyyəti bəlkə də xüsusi nəzarətə götürülmüş hesab oluna bilər...
İddialarda həmçinin qeyd olunur ki, Qaz İxrac İdarəsində yeni qurulan bütün kəmərlərin porşen sınaqlarını şəxsən Sərxan Babaşov həyata keçirir və bunun arxasında maddi maraqların dayandığı şəkksizdir. Əslinmdə isə Sərxan Babaşovun bu işlərə müdaxilə etməsi belə onun vəzifə səlahiyyətlərini aşması anlamına gəlir. Lakin bir daha qeyd edək ki, maddi maraqlar səbəbindən bu qanunsuzluğa kimlərsə də göz yumur.

Qaz İxrac İdarəsi uzun illər intizamı və ciddi qanun-qaydalara riayət olunması ilə fərqlənən qurumlardan biri kimi tanınıb. Lakin hal-hazırda istismar sahəsində ciddi təcrübəsi olmadığı şübhə doğurmayan Sərxan Babaşovun fəaliyyəti dövründə idarədə əvvəlki nizam-intizamın pozulduğu müşahidə edilir.

Hazırda idarədə şəxsi maraqların ön plana çəkildiyi, müxtəlif təyinat və qərarların qeyri-rəsmi münasibətlər əsasında verildiyi normal bir hal kimi qəbul olunur. Hətta iş o həddədir ki, bəziləri Sərxan Babaşovun fəaliyyətini belə dəyərləndirir: “idarədə univermaq açılıb”..."

Hər halda, bu "UNİVERMAQ" gərəkən qurumların də diqqət mərkəzindədir. Yəni nəhayətdə hüquqi qiymətləndirmə şübhəsiz ki, baş verəcək...(Dia-az)

Əlavə bilgilərimiz olacaq...

Suraxanı rayonunda bu tikintiyə hansı şərtlərlə icazə verilib? - VİDEO


Suraxanı rayonu Mürsəl Kazımlı küçəsində aparılan tikinti işləri diqqət çəkib.

Sözügedən ərazidə genişmiqyaslı tikinti işlərinə başlanılıb və qazıntı aparılır Lakin ərazidə nəyin inşa olunduğu, qazıntı hansı məqsəd daşıdığı və layihənin kimə məxsus olması barədə heç bir məlumat lövhəsi yerləşdirilməyib.

Bu isə tikintinin qanuniliyinə dair ciddi suallar yaradır.

Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti həmin ərazidə aparılan tikinti işlərinə rəsmi icazə veribmi?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Mürsəl Kazımlı küçəsində aparılacaq tikinti işi ilə bağlı heç bir qeyd yoxdur.

Qanunvericiliyə əsasən, iri tikinti layihələri zamanı ərazidə layihə barədə məlumat lövhəsi yerləşdirilməli, tikintinin təyinatı, icazə sənədləri və sifarişçi barədə məlumat açıq şəkildə göstərilməlidir. Ancaq hazırda Mürsəl Kazımlı küçəsində aparılan işlərlə bağlı belə məlumatların olmaması şübhələri daha da artırır.

Ərazidə qazıntı işləri sürətlə davam etsə də, aidiyyəti qurumlar tərəfindən hər hansı nəzarət və ya açıqlama müşahidə edilmir.

Qeyd edək ki, son dövrlər paytaxtın müxtəlif ərazilərində qanunsuz tikintilərlə bağlı narazılıqlar artmaqdadır. Buna baxmayaraq, bəzi hallarda aidiyyəti qurumların məsələyə operativ münasibət bildirməməsi ictimai narahatlığı daha da gücləndirir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi maraq doğurur.(Xalq.online)

Bu barədə videomaterialı təqdim edirik.

Prezident Şuşaya getdi - Fotolar

Prezident Şuşaya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.

***

Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.



























Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO


Sabunçu rayonunda “Stansiya” adlanan əraziyə yaxın parkın içərisində yerləşən kafedə aparılan tikinti və artırma işləri ilə bağlı ciddi suallar yaranıb. Sakinlərin iddiasına görə, parkın görünüşü kobud şəkildə pozulub, iri gövdəli ağacların böyük hissəsi isə tikintinin içərisinə salınıb. Əraziyə baxan hər kəsdə belə bir təəssürat yaranır ki, illərlə böyüyən ağaclar sanki “əsir götürülüb”.Ən narahatedici məqam isə budur: park ərazisində, insanların istirahəti üçün nəzərdə tutulmuş zonada bu qədər genişmiqyaslı tikinti hansı əsasla aparılır,görəsən bu layihəyə kim icazə verib, Fövqəladə Hallar Nazirliyi yanğın və təhlükəsizlik normalarını yoxlayıbmı,Şəhərsalma və Arxitektura Komitəsi park daxilində obyektin böyüdülməsinə hansı sənədlə razılıq verib, Ekologiya qurumları ağacların taleyinə niyə susur, Sabunçu Rayon İcra Hakimiyyəti baş verənləri görmürmü?

Xalqın ümumi istifadəsində olan ərazidir, kiminsə şəxsi kommersiya maraqları üçün yaşıllığın məhv edilməsinə heç bir qanun haqq qazandıra bilməz.Bu gün ağacların metal konstruksiya arasında “dustaq” edilməsinə göz yumulursa, sabah həmin parkdan əsər-əlamət qalmayacaq. Aidiyyəti qurumların susqunluğu isə cəmiyyətdə haqlı narazılıq yaradır və belə görüntü formalaşdırır ki, bəzi sahibkarlar qanundan üstün tutulur.(Mediatvaz.com)






Xəbər lenti