Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı


Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb. Paketə hava hücumundan müdafiə təchizatı, PUA-lara qarşı sistemlər, birgə layihələr və müdafiə texnologiyalarına investisiyalar daxildir.


Alyans sammitindən əvvəl Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb.


Alyans həmçinin dronlara qarşı müdafiəni gücləndirmək üçün 40 milyard dollarlıq bir proqram başladacaq. Bu proqrama NATO ölkələri arasında infrastrukturun və birgə əməliyyat imkanlarının inkişaf etdirilməsi də daxildir.


Daha əvvəl NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, alyansın əsas məqsədi müdafiə xərclərini daha da artırmaq deyil, silah istehsalını artırmaqdır.

Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?


Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatının (DRDO) Ermənistan üçün “Pralay” taktiki raket sisteminin 300 kilometrlik ixrac modifikasiyasını hazırladığı bildirilir.


Tərəflər arasında bununla bağlı aparılan ikitərəfli danışıqlar yekun mərhələyə daxil olub.


Hazırda müzakirələrin əsas predmetini müqavilənin maliyyə parametrləri və qiymət mexanizmləri təşkil edir.


Bərk yanacaq mühərriki ilə təchiz olunan “Pralay” raketi adi döyüş başlıqları vasitəsilə rabitə qovşaqları, logistika mərkəzləri, silah-sursat anbarları və ön xəttdə yerləşən hərbi aerodromlar kimi strateji əhəmiyyət daşıyan hədəflərə yüksək dəqiqliklə zərbə endirmək məqsədilə hazırlanıb. Raket 500-1000 kiloqram ağırlığında döyüş başlığı daşıya bilir və 150-500 kilometr məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir.


Ənənəvi ballistik raketlərdən fərqli olaraq, “Pralay” daha yastı kvazi-ballistik trayektoriya üzrə hərəkət edir. Bununla yanaşı, uçuşun müxtəlif mərhələlərində istiqamətini dəyişmək qabiliyyəti raketin aşkarlanmasını və qarşısının alınmasını xeyli çətinləşdirir.


Nəticədə, mövcud hava hücumundan müdafiə sistemlərinin reaksiya müddəti azalır və onların ələkeçirmə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşır.


Ermənistanın “Pralay” kimi müasir hücum təyinatlı raket sistemini əldə etməyə maraq göstərməsi Cənubi Qafqazın təhlükəsizlik arxitekturası baxımından ciddi suallar doğurur. Rəsmi İrəvan son illərdə silahlı qüvvələrinin modernləşdirilməsi çərçivəsində Hindistandan “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri, “Swathi” artilleriya aşkarlama radarları və “Akash” zenit-raket kompleksləri də daxil olmaqla bir sıra silah sistemləri tədarük edib.


Bu fonda “Pralay” kimi uzaqmənzilli zərbə vasitələrinin alınmasına yönəlmiş addımlar Ermənistanın hərbi planlaşdırmasının hansı istiqamətdə inkişaf etdiyini gündəmə gətirir.


İran və Gürcüstanla hərbi qarşıdurma yaşamayan, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirən Ermənistanın hücum potensialını genişləndirməsinin hansı təhlükəsizlik ehtiyaclarından irəli gəldiyi, eləcə də bu imkanların regionun hansı aktoruna qarşı nəzərdə tutulduğu ilə bağlı suallar aktuallığını qoruyur.


Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığını ardıcıl şəkildə genişləndirməsi də regional təhlükəsizlik mühitinə təsirləri baxımından diqqət çəkən məqamlardandır.


Yeni Dehlinin son illərdə həyata keçirdiyi silah ixracı layihələri təkcə ikitərəfli müdafiə əlaqələrinin dərinləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazda mövcud hərbi balansın dəyişməsinə təsir göstərə biləcək yeni imkanlar formalaşdırır.


Bu kontekstdə sözügedən əməkdaşlığın üçüncü dövlətlərin təhlükəsizlik maraqlarına mümkün təsirləri ayrıca qiymətləndirilməlidir.


“Pralay” raket kompleksinin Ermənistana mümkün ixracı Hindistan-Ermənistan müdafiə tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldə biləcək addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, ixrac məqsədilə hazırlanacaq 300 kilometrlik modifikasiyanın istehsalı və tədarükü prosesində Hindistanın beynəlxalq ixrac nəzarəti mexanizmlərinə, xüsusilə də Raket Texnologiyalarına Nəzarət Rejiminin (MTCR – Missile Technology Control Regime) tələblərinə hansı səviyyədə riayət edəcəyi diqqətlə izlənilməsi vacib olan məsələlərdən biri olaraq qalır.

Rusiya tutmuşuq deyir - Ukrayna təkzib edir



“Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini tam ələ keçirib”.

Bu barədə Rusiya Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy brifinqdə çıxışı zamanı bəyan edib.

O, Konstantinovka şəhərinin Ukraynanın Donbasdakı son dayağı olduğunu iddia edib.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahının sözçüsü Andrey Kovalyov isə Rusiya tərəfinin bu iddiasını təkzib edib.

“Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin guya Rusiya qoşunları tərəfindən işğal edilməsi barədə məlumat həqiqətə uyğun deyil”, - o deyib.

Kovalyov Konstantinovkanın Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər üzrə tərəfdaşlığı dərinləşdirmək planları barədə paylaşım edib.

Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Aİ Cənubi Qafqazın parlaq gələcəyinə - dinc və firavan gələcəyinə inanır. Biz bu gələcəyi qurmağa kömək etmək istəyirik. Mən həmçinin Aİ ilə Azərbaycan arasında ticarətdən nəqliyyata, energetikadan iqtisadiyyata qədər tərəfdaşlığı dərinləşdirmək üçün buradayam" , - o yazıb.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycanda işgüzar səfərdədir.

Azərbaycandan sonra Ermənistana səfər edəcək


Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 2-də Ermənistana işgüzar səfər edəcək.


Bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Avropa Komissiyası sədrinin səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi bildirilir.


Məlumata görə, danışıqlardan sonra Paşinyan və Avropa Komissiyasının sədri bəyanatlar verəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.


Xatırladaq ki, Lyayenin 1 iyulda Azərbaycana səfəri gözlənilir.

Moskvada benzin sürətlə bahalaşır


Moskvadakı yanacaqdoldurma məntəqələrində benzinin qiymət artımı kəskin şəkildə sürətlənib.

15–19 iyun tarixlərinin yekunlarına görə, Moskva və Moskva vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə yüksəlib.

Daha sürətli bahalaşma Moskva vilayətində qeydə alınıb. Burada yanacağın qiyməti hər litr üçün 3 rubldan çox artıb.

Bazar iştirakçıları vəziyyəti belə izah edirlər: müstəqil yanacaqdoldurma məntəqələri yanacaq təklifinin ümumi azalması şəraitində daha bahalı Belarus benzini almağa məcbur qalırlar. Bu da pərakəndə satış qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olur.

Aİ-92 markalı benzin 15–19 iyun tarixlərində Moskvada 2,07 rubl bahalaşaraq 1 litr üçün 67,95 rubla yüksəlib. Halbuki əvvəlki dövrdə həftəlik artım 0,1–0,5 rubl arasında dəyişirdi.

Moskva vilayətində vəziyyət daha da nəzərəçarpandır. Bu həftə ərzində:

Aİ-95 benzininin orta qiyməti 3,44 rubl artaraq litr üçün 76,49 rubla çatıb;

Aİ-92 benzininin orta qiyməti 3,87 rubl yüksələrək litr üçün 69,71 rubla çatıb.

Dizel yanacağının qiymətində də ciddi artım qeydə alınıb:

Moskvada dizelin orta qiyməti 1,73 rubl artaraq litr üçün 81,7 rubla yüksəlib;

Moskva vilayətində isə qiymət 3,33 rubl bahalaşaraq litr üçün 82,85 rubla çatıb.

Mütəxəssislərin qeyd etdiyi kimi, bu, mart ayından bəri müşahidə olunan ən böyük qiymət artımıdır.

İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR


Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən "Ana-bala" parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "Günəş-İnşaat" MTK-ya icazə verilib.

Yerin isə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığı bildirilir.

Tikitini işlərinə iyunun 7-də start verilib və iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

"Ana-bala" parkının 1.36609 hektar ərazi tikinti sahəsinə ayrılıb. 1.8 hektarlıq ərazidə isə park salınacaq ki, bu da qəsəbə sakinlərini qane etmir.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində yaşıllaşdırma və park salınması istiqamətində kifayət qədər geniş layihələr həyata keçirilib. Məqsəd həm yaşıllıq sahələrini artırmaq, həm də yeni ictimai istirahət məkanları yaratmaq olub. "Sovetski" kimi tanınan ərazinin böyük hissəsinin yenidən qurulması nəticəsində Bakının ən iri parklarından biri yaradılmasını, şəhərin mərkəzinə yaxın ərazidə Çəmbərəkənd parkının salınması buna nümunə gətirlə bilər.

Belə olan halda yerli qurumların yaşıllıq salmaq, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaq əvəzinə, fərqli addım atması birmənalı qarşılanmır.



Netanyahu Knessetə seçkilərdə namizəd olacaq


İsrailin Baş naziri Benyamin Netanyahu Knessetə qarşıdakı seçkilərdə namizədliyini irəli sürəcək.


Bu barədə Netanyahunun lideri olduğu hakim “Likud” partiyası məlumat yayıb.


Qeyd edək ki, seçkilərin dəqiq tarixi hələ müəyyən edilməyib.


76 yaşlı Binyamin Netanyahu 1996-cı ildən 1999-cu ilə qədər, 2009-cu ildən 2021-ci ilə qədər və 2022-ci ildən indiyədək İsrail hökumətinə rəhbərlik edib. O, ölkə tarixində ən uzun müddət hakimiyyətdə olan şəxsdir.

Rusiya Ukraynanı vurdu - Ölənlər var


Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və ölkənin bir sıra digər bölgələrinə genişmiqyaslı hava hücumları təşkil edib.

Kiyevdə azı 11 nəfər yaralanıb.

Dnepr şəhərinə edilən hücumlar nəticəsində isə 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Kiyev şəhər rəhbərliyinin məlumatına görə, hücumlar zamanı şəhərin müxtəlif hissələrində yanğınlar baş verib. Hava hücumundan müdafiə sistemləri işə salınsa da, bəzi raket və pilotsuz uçuş aparatlarının yaşayış məntəqələrinə zərər vurduğu qeyd olunur.

Bildirilib ki, raket zərbəsi nəticəsində 24 mərtəbəli yaşayış binasında yanğın başlayıb. Digər bir hadisədə isə vurulan raketin qalıqları 9 mərtəbəli binanın damına düşərək alovlanmaya səbəb olub.

Xilasetmə xidmətləri zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir.

Hücumlar fonunda şəhərin bəzi rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yarandığı da bildirilib.

“Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”


“ABŞ Prezidenti Donald Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”.


Bunu İranın Ali lideri Ayətullah Müctəba Xameneinin müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, general-mayor Möhsün Rzayi bildirib.


O, açıqlamasında Vaşinqtonun Tehranla danışıqlarda sərgilədiyi mövqeni tənqid edərək, Trampın artıq üçüncü dəfə diplomatiyaya xəyanət etdiyini deyib.


İran rəsmisinin sözlərinə görə, ABŞ-nin dəniz blokadasını davam etdirməkdə israr etməsi və danışıqlar masasında irəli sürdüyü sərt tələblər Vaşinqtonun konstruktiv dialoqda maraqlı olmadığını göstərir.


“ABŞ Prezidenti üçüncü dəfə diplomatiyaya xəyanət edir. Dəniz blokadasını saxlamaq və danışıqlarda həddindən artıq tələblər irəli sürməklə o, bir daha sübut edir ki, məqsədi razılıq əldə etmək deyil, başqa gündəmləri həyata keçirməkdir”, - Rzayi vurğulayıb.
Xəbər lenti