Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar


ABŞ Prezidenti Donald Tramp ölkənin seçki sisteminin kiberhücumlar, manipulyasiya və xarici müdaxilələr qarşısında ciddi şəkildə həssas olduğunu bəyan edib.

Tramp bunu Ağ Evdən xalqa müraciətlə çıxışında deyib.

“Bu gecə seçki sistemimizdəki ciddi boşluqları üzə çıxaran mühüm kəşfiyyat məlumatlarının dərhal açıqlanacağını elan edirəm”, – o bildirib.

ABŞ liderinin sözlərinə görə, həmin sənədlər seçki sisteminin indiyədək görünməmiş səviyyədə kiberhücumlara, sui-istifadəyə və xarici müdaxiləyə açıq olduğunu göstərir.

Tramp həmçinin qeyd edib ki, sözügedən məlumatlar uzun illər ictimaiyyətdən gizlədilib və bu məsələyə görə keçmiş prezidentlər Co Bayden və Barak Obamanı tənqid edib.

O, Çinin 2020-ci ildən etibarən 220 milyondan çox amerikalı seçicinin məlumatlarını əldə etdiyini və bunun ABŞ tarixində ən böyük seçki məlumatı sızmalarından biri olduğunu irəli sürüb.

Trampın sözlərinə görə, bəzi kəşfiyyat qurumları Çinin ABŞ seçkilərinə mümkün müdaxiləsi ilə bağlı məlumatları gizlətməyə çalışıb.

Prezident əlavə edib ki, Federal Təhqiqat Bürosunun (FTB) topladığı ilkin məlumatlara əsasən, Çin hökumətinin ABŞ seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə etdiyi ehtimal olunur.

Donald Tramp bildirib ki, Çin, Rusiya, İran, Şimali Koreya və digər aktorlar ABŞ-nin seçki infrastrukturuna müdaxilə etmək imkanına malikdir.

Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Departamentinin araşdırması nəticəsində ABŞ seçkilərində səs vermək üçün qeydiyyatdan keçmiş təxminən 278 min xarici vətəndaş müəyyən edilib.

“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil. Yüz milyonlarla seçicinin məlumatı xarici hökumətlərin əlindədir, səsvermə və səslərin sayılması sistemləri isə kiberhücumlara və manipulyasiyalara açıqdır”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti ölkədə etibarlı və şəffaf seçki sisteminin yaradılması üçün həm demokratların, həm də respublikaçıların birgə fəaliyyət göstərməsinin vacib olduğunu bildirib.

Bu çərçivədə Tramp noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Konqresi “Amerikanı Xilas Et” adlı qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırıb.

Sənəd səsvermə zamanı şəxsiyyətin məcburi təsdiqlənməsini və poçt vasitəsilə səsvermənin məhdudlaşdırılmasını nəzərdə tutur.

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Benqal körfəzində Myanmadan yola çıxan Rohinca qaçqınlarını daşıyan iki qayığın batması nəticəsində 500-dən çox insanın öldüyü ehtimal edilir.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı bu gün birgə bəyanat yayıb.

Bildirilib ki, qayıqlar iyunun sonlarında Myanmanın Raxin ştatından yola düşüb. Sərnişinlərin əksəriyyətini Rohinca müsəlmanları təşkil edib. Onların bir hissəsinin Banqladeşin Koks-Bazar qaçqın düşərgələrindən gəldiyi qeyd olunur.

İlkin məlumata görə, təxminən 250 nəfərin olduğu ilk qayıq yola düşdükdən qısa müddət sonra itkin düşüb. 280 nəfərə yaxın sərnişini daşıyan ikinci qayığın isə iyulun 8-də Myanmanın Ayeyarvadi sahilləri yaxınlığında batdığı ehtimal edilir.

BMT bölgədə axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsinə, həmçinin dəniz yolu ilə qaçmağa məcbur qalan rohincaların müdafiəsi üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.

ABŞ Zəngəzur dəhlizini icarəyə götürür


Ermənistanda həyata keçirilməsi planlaşdırılan TRIPP layihəsi ilə bağlı yeni detallar açıqlanıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihə çərçivəsində ABŞ-nin TRIPP Development şirkəti müəyyən ərazilərdə torpaq istifadəsi və tikinti hüquqları əldə edəcəyini bildirib.

O əlavə edib ki, şirkətə veriləcək hüquqlar ilkin mərhələdə 49 il müddətinə qüvvədə olacaq. Səhmlərin bölgüsü isə belə nəzərdə tutulur: 74 faiz ABŞ tərəfinə, 26 faiz isə Ermənistan Respublikasına məxsus olacaq.

49 illik ilkin müddət başa çatdıqdan sonra tərəflərin razılığı əsasında sazişin daha 50 il uzadılması imkanı da mövcuddur. Bu halda Ermənistanın şirkətdəki payının 49 faizə çatdırılması nəzərdə tutulur.

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi


İran hakimiyyəti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Karariyə ölkə ərazisini tərk etməyə icazə verib.

Bu barədə onun vəkili Cared Genser “X” hesabında məlumat yayıb.

“Məmnunluqla bildirmək istəyirəm ki, 2024-cü ilin dekabrından etibarən saxta ittihamlar səbəbindən İranı tərk edə bilməyən müvəkkilim Dena Karari artıq azaddır”, - paylaşımda deyilir.

Genser həmçinin Kararinin ABŞ-yə qayıtdığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp İranın bu addımını “xoşməramlılıq jesti” adlandırıb və buna görə İran tərəfinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Karari İranda “casusluq və düşmən dövlətlə əməkdaşlıq” ittihamı ilə saxlanılırdı. Onun həm ABŞ, həm də İran vətəndaşı olduğu bildirilir.

Odessa raketlə vuruldu - 3 nəfər öldü


Rusiya bu gün səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbələri endirib.

Hücum nəticəsində azı 3 nəfər həlak olub, yaralılar var.

Odessa Hərbi Şəhər Administrasiyasının rəisi Sergey Lısakın sözlərinə görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə nəticəsində yaşayış binalarının zədələndiyi, dağıntı və yanğının baş verdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə Odessaya raket zərbələri nəticəsində dron istehsalı və yığılması üzrə iki emalatxananın vurulduğunu iddia edib.

Ukrayna yenidən vuruldu - Yaralılar var


Rusiya iyulun 11-nə keçən gecə Ukrayna ərazisinə raket zərbələri endirib.

Hücumlar nəticəsində ölkə ərazisində dağıntılar qeydə alınıb.

Kiyevin meri Vitali Kliçko şəhərə hücum nəticəsində 8 nəfərin, o cümlədən 11 yaşlı oğlan uşağının yaralandığını açıqlayıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Ümumilikdə isə Ukrayna ərazisində 10 nəfərin yaralandığı bildirilir.

ATU 59 min manata nələr almağı planlaşdırır?


Azərbaycan Texnologiya Universiteti (ATU) ofis və tədris prosesi üçün zəruri olan təchizat mallarını almaq üçün tender elan edib.

Tribuna.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Qeyd edilir ki, ATU rəhbərliyi həmin vasitələri almaq üçün 59 min 655 manatlıq büdcə müəyyən ediblər. Tenderin nəticəsi isə 29.07.2026-cı il tarixində açıqlanacaq.

Bildirək ki, ATU rəhbərliyi həmin vəsaitlə 40 ədəd kompyüter dəsti, 1 ədəd rəngli printer, 2 ədəd ağıllı lövhə, 1 ədəd kinetik çarx modeli, 2 ədəd “3in1 printer” və 1 ədəd açıq havada döşəmə üzərində dayanan rəqəmsal lövhələr alacaq.

“İranla atəşkəs qüvvədən düşüb”


“İranla atəşkəs qüvvədən düşüb”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansın Baş naziri Marko Rütte ilə görüşü zamanı bildirib.

ABŞ lideri həmçinin İranla danışıqlar aparmağın mənasız olduğunu əlavə edib.

“Mən onlarla iş görmək istəmirəm, onlar xəstə insanlardır”, - dövlət başçısı deyib.

O, Tehranla danışıq aparmağı “mənasız vaxt itkisi” adlandırıb.
Xəbər lenti