Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Binəqədi RİH qanunsuz tikildiyi deyilən obyektə "icazə vermişik" deyir - Sənədlər isə ortada yoxdur



Binəqədi rayonu, Xutor qəsəbəsində bir müddət əvvəl dayandırıldığı bildirilən tikinti işləri yenidən bərpa olunub və hazırda demək olar ki, yekunlaşmaq üzrədir. Maraqlıdır ki, bir vaxtlar qanunsuz hesab edilərək dayandırılan tikintinin hansı əsaslarla yenidən davam etdirilməsinə icazə verildiyi hələ də açıqlanmır.

Bizimesr.com-a daxil olan məlumata görə, sözügedən obyektin tikintisinə təxminən bir il əvvəl başlanılıb. Tikinti işləri zamanı piyadaların hərəkəti məhdudlaşdırıldığı üçün ərazi sakinləri tərəfindən aidiyyəti qurumlara çoxsaylı şikayətlər ünvanlanıb. Araşdırmalar zamanı məlum olub ki, iri ticarət mərkəzi kimi nəzərdə tutulan obyektin tikintisi üçün müvafiq icazə sənədləri ümumiyyətlə yoxdur. Bundan sonra tikinti işlərinin Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi ilə dayandırıldığı bildirilib.

Lakin təxminən üç ay sonra tikinti yenidən bərpa edilib. Hazırda obyektin tikintisi sürətlə davam etdirilir və artıq başa çatmaq üzrədir. Maraqlıdır ki, bu dəfə sakinlərin etiraz və şikayətləri də nəticəsiz qalıb.
Bizimesr.com-un əldə etdiyi məlumata görə, obyekt hələ də lazımi icazə sənədləri olmadan inşa edilir və hüquqi statusunda hər hansı dəyişiklik baş verməyib. Maraqlıdır, əvvəllər qanunsuz sayılan tikinti indi hansı hüquqi əsaslarla davam etdirilir?

Bu suallara kim cavab verə bilər?

Tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi varmı?
Əgər icazə verilibsə, bu sənəd nə vaxt və hansı əsaslarla təqdim olunub?
Əgər icazə yoxdursa, tikinti işlərinin davam etdirilməsinə kim göz yumur?
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və zərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qarşısında da ciddi suallar yaranır.
Bir vaxtlar dayandırılan tikintinin yenidən başlamasına hansı əsaslarla, hansı dövlət qurumu razılıq verib?
Bununla bağlı rəsmi qərar və ya icazə sənədi mövcuddurmu?
Bizimesr.com-un araşdırmasına görə, obyektin sahibi Elman adlı sahibkardır. Tikinti işlərini isə Rövşən adlı şəxs təşkil edir və bütün rəsmi danışıqları da məhz onun apardığı bildirilir.

Məlumata əsasən, dəmir konstruksiyalar üzərində inşa edilən obyekt gələcəkdə ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.
Bizimesr.com məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
**
Binəqədi rayon İcra Hakimiyyətindən sözügedən tikinti ilə bağlı göndərilən sorğuya cavab verilib. Cavabı olduğu kimi təqdim edirik!

"Sorğunuzla bağlı bildiririk ki, sözügedən ünvanda vətəndaş uzun illərdir mülkiyyətində olan qeyri-yaşayış sahəsində zərurət yarandığından yenidənqurma işləri həyata keçirmişdir. Həmçinin, qeyd olunan ünvanda tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq razılıq və icazələr verilmişdir".
Diqqət çəkən məqam ondan ibarətdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən verilən cavabda tikinti və yenidənqurma işlərinə icazə verildiyi bildirilsə də, həmin icazənin nömrəsi, verilmə tarixi, hansı dövlət qurumu tərəfindən verildiyi, qərarın rekvizitləri və ya dövlət reyestrindəki qeydiyyat məlumatı göstərilmir. Həmçinin, bu məlumatları təsdiq edən hər hansı rəsmi sənəd də cavaba əlavə edilmir.
Dövlət qurumunun "icazə verilib" ifadəsi onun rəsmi mövqeyi hesab oluna bilər. Lakin bu, özlüyündə icazənin mövcudluğunu təsdiq edən hüquqi sənəd deyil. Xüsusilə informasiya sorğularına cavab verilərkən qərarın rekvizitləri və ya qanunvericiliklə məhdudlaşdırılmadığı halda təsdiqedici sənədlərin təqdim olunması şəffaflığın əsas elementlərindən biri hesab edilir.
Bu baxımdan sual yaranı - əgər tikinti və ya yenidənqurma işlərinə həqiqətən müvafiq icazə verilibsə, həmin icazənin nömrəsini, tarixini və onu təsdiq edən sənədi açıqlamağa nə mane olur?
Şəffaflığın təmin edilməsi və ictimai etimadın artırılması baxımından dövlət qurumlarının informasiya sorğularına mümkün qədər konkret, əsaslandırılmış və sənədlərlə təsdiqlənən cavablar verməsi mühüm əhəmiyyət daşıyır.(Bizimesr.com)
Araşdırmalarımız davam edir...

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/bineqedi-rih-qanunsuz-tikildiyi-deyilen-obyekte-icaze-vermisik-deyir---senedler-ise-ortada-yoxdur-22678

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib?


Faktlar sadəcə sıradan bir prosedur pozuntusu deyil, birbaşa kütləvi və ağır cinayət qoxulu əməllərdir

QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmilərinin hər fürsətdə, keçirdikləri tədbirlərdə və media qarşısında dilə gətirdiyi “fəaliyyətimizdə şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tuturuq” bəyanatı, sən demə, ictimaiyyəti aldatmaq üçün istifadə olunan növbəti pafoslu söz yığınından başqa bir şey deyilmiş. Əvvəlki yazılarımızda konkret faktlarla bu qurumdakı qanunsuzluqları, tenderlərdəki şübhəli məqamları və maliyyə əməliyyatlarını ictimailəşdirsək də, aidiyyəti nəzarət orqanlarının dərin susqunluğu baş verənlərin arxasında nə qədər böyük maraqların dayandığını göstərməkdədir. Görünən odur ki, Agentlikdə tüğyan edən maliyyə əməliyyatları məlum səbəblərdən böyük bir ustalıqla, sistemli şəkildə ört-bastır edilir.

Lakin dünən sosial şəbəkədə rezonans doğuran bir paylaşım Agentlik rəsmilərinin uydurduğu şəffaflıq nağıllarını darmadağın edərək bütün maskaları növbəti dəfə cırdı. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızının ortaya qoyduğu kəskin və təkzibedilməz fakt dövlət satınalmalarındakı özbaşınalığın və maxinasiyaların hansı dəhşətli həddə çatdığını açıq-aşkar sübut edir.

Məsələnin ən biabırçı və absurd tərəfi odur ki, bu günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə satınalma sahəsində dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığına dair tədbir keçirib. Öz daxili fəaliyyətində kütləvi qanun pozuntularına, saxtakarlıqlara yol verən, maliyyə şəffaflığı bərbad vəziyyətdə olan bir qurumun başqaları ilə şəffaflıq müzakirəsi aparması, dürüstlükdən mühazirə oxuması absurdun son həddidir. Mətanət xanım da haqlı olaraq sual edir ki, daxilində bu qədər ciddi satınalma problemləri, korrupsiya şübhələri olan bir qurum kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq hansı məntiqə sığır?

Ortadakı faktlar isə sadəcə sıradan bir prosedur pozuntusu deyil, birbaşa kütləvi və ağır cinayət qoxulu əməllərdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Tender Komissiyasının keçmiş üzvü və Agentliyin sabiq əməkdaşı Rövşən Həmidlinin təzyiqlərə baxmayaraq imzalamaqdan imtina etdiyi qanunsuz tender protokollarına şəxsən Agentliyin İcraçı direktoru Aygün Əliyeva onun yerinə imza atıb. Başqasının əvəzinə saxta imza atılması kimi kəskin sənəd saxtakarlığı barədə Rövşən Həmidli tərəfindən Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər edilsə də, bu dəhşətli faktın qarşısında hələ də sirli bir sükut hökm sürür. Ortada bu qədər ciddi müraciət, canlı şahid və təkzibolunmaz sübut olduğu halda, məsələnin araşdırılmaması, araşdırmaların qarşısının alınması bu qanunsuzluqların bilərəkdən ört-bastır edildiyini aydın şəkildə göstərir.

Üstəlik, bu, Agentlikdəki ilk korrupsiya sxemi və maliyyə maxinasiyası da deyil. Əvvəlki yazılarımızda da diqqətə çatdırdığımız “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbir üzrə keçirilən tenderdə rəsmi sənəd üzərində dövlətin külli miqdarda vəsaiti mənimsənilib. Hətta hesabatlara saxtalaşdırılmış, montaj edilmiş tədbir şəkilləri əlavə edilsə də, reallıqda həmin tədbir ümumiyyətlə icra olunmayıb. Müqəddəs Şuşamızın və Ulu öndərin adından istifadə edərək keçirilməyən tədbirlərə pul silinməsi, sənədlərin saxtalaşdırılması faktı mediada dəfələrlə işıqlandırılsa da, nəzarət qurumları bu özbaşınalığı araşdırmaqda maraqlı görünmür, əksinə, cinayətin izlərini itirməyə, məsələni gündəmdən çıxarmağa çalışırlar.

Bütün bu faktlar təkzibedilməz şəkildə tək bir həqiqəti ortaya qoyur: QHT-lərə Dövlət Dəstəyi Agentliyində dəhşətli miqyasda korrupsiya, dövlət əmlakının mənimsənilməsi və sistemli sənəd saxtakarlığı var. Bu istiqamətdə "Yenixeberorg"a ötürülən məlumata görə, korrupsiya piramidasını idarə edənlər, Agentliyə nəzarət etməli olan cavabdeh şəxslər və aidiyyəti qurumlar bu cinayətlərə bilərəkdən göz yumurlar. Çünki burada qurulan çirkin maliyyə mexanizmindən hər kəs öz payını alır. Şəxsi maliyyə maraqları dövlət maraqlarını üstələdiyi üçün bu dəhşətli korrupsiya faktları ört-bastır edilir.

Unutmaq olmaz ki, Cənab Prezident İlham Əliyev hər zaman korrupsiyaya, məmur özbaşınalığına və dövlət əmlakının mənimsənilməsinə qarşı barışmaz mövqe tutub, bu sahədə ən sərt və qətiyyətli tədbirlər görüb. İnanırıq ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən bu biabırçı qanunsuzluqlar, tender saxtakarlıqları və korrupsiya faktları barədə Cənab Prezidentə tezliklə tam və obyektiv şəkildə ciddi məruzə olunacaq. Əks halda, dövlət büdcəsinin talanması, sənədlərin saxtalaşdırılması və bu cür ağır cinayət hərəkətlərinin ört-bastır edilməsi bilavasitə Cənab Prezidentin yürütdüyü dövlət siyasətinə və şəxsən Cənab Prezidentə qarşı açıq-aşkar xəyanətdir!(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür?


Bakıda fəaliyyət göstərən sahibkar Abbas Nəcəfli İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qərarları nəticəsində uzun illər ərzində yaratdığı biznes fəaliyyətinin ciddi təhlükə ilə üz-üzə qaldığını bildirir.

E-huquq.az-a müraciət edən sahibkarın sözlərinə görə, son 15 il ərzində İçərişəhərdə yerləşən "Qız Qalası Çay Evi", "Old Mangal" və "Sehirli Təndir" ictimai iaşə obyektlərini icarə müqavilələri əsasında idarə edib.

O bildirir ki, bu illər ərzində həmin obyektlərə böyük həcmdə şəxsi investisiya yatırılıb, əsaslı təmir işləri aparılıb, bahalı avadanlıqlar alınıb, müasir xidmət infrastrukturu yaradılıb və minlərlə yerli sakinlə yanaşı, ölkəmizə gələn xarici turistlər üçün də tanınmış məkanlara çevrilib. Lakin bir müddət əvvəl İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin boşaldılması tələb olunub.

A.Nəcəfli deyir ki, ona obyektlərin dövlət layihəsi çərçivəsində istifadə olunacağı bildirilib: "Qoruğun rəhbərliyi mənə bildirdi ki, obyekt dövlət layihəsi üçün lazımdır. Mən də dövlət maraqlarını hər şeydən üstün tutaraq buna razılıq verdim. Sonradan isə gördüm ki, mənim illərlə yaratdığım obyekt - "Qız Qalası Çay Evi" başqa şəxslər tərəfindən istifadə olunur. Obyektin dizaynı, quruluşu və yaratdığım konsepsiya olduğu kimi saxlanılıb, sadəcə kosmetik dəyişikliklər edilib".

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib: "Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasına məktub yazaraq bildirdim ki, məni aldadaraq obyekti əlimdən alıblar. Dövlət layihəsi adı ilə obyekt götürülüb, lakin sonradan şəxsi maraqlar üçün istifadə edilir".

Sahibkar iddia edir ki, "Old Mangal" və "Sehirli Təndir" restoranları üzrə də analoji vəziyyət yaranıb. Əvvəllər mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətləri sonradan 6 aylıq müqavilələrlə əvəz olunub və müddət başa çatdıqdan sonra müqavilələrə xitam verildiyi bildirilib: "Səbəb kimi guya icarə haqqını gecikdirdiyimi göstərirlər. Halbuki mənim icarə haqqı üzrə borcum yoxdur. Mənə 3 gün vaxt verdilər ki, obyektləri boşaldım. Mən qanunun aliliyinə istinad edərək bildirdim ki, yalnız məhkəmə qərarı olduğu halda obyekti tərk edə bilərəm. Bundan sonra heç bir məhkəmə qərarı olmadan obyektlərin elektrik enerjisi kəsildi. Halbuki həmin vaxt restoranlarda həm yerli müştərilər, həm də xarici turistlər var idi".


A.Nəcəfli onu da bildirir ki, obyektlər üzrə icarə müqavilələri əvvəlcə onun adına bağlansa da, sonradan Qoruq İdarəsinin də razılığı ilə tərəfdaşlarının adına rəsmiləşdirilib. Onun sözlərinə görə, "Qız Qalası Çay Evi" Məzahir Məmmədlinin, "Old Mangal" Rauf Abdullayevin, "Sehirli Təndir" isə Nazim Əzizovun adına sənədləşdirilib: "Sadaladığım şəxslər mənim dostlarım, tərəfdaşlarımdır. Məzahir Məmmədli I Qarabağ müharibəsi veteranıdır, ikinci qrup əlildir. Mən adıçəkilən ictimai iaşə obyektlərinin təsisçisiyəm, lakin biz bu məkanları birgə idarə edirik".

O qeyd edir ki, rəhbərlik etdiyi restoranlar İçərişəhərin turistlərin ən çox üz tutduğu ərazilərindən birində yerləşir və illər ərzində ölkə rəhbərliyi, eləcə də xarici dövlət rəsmiləri tərəfindən də ziyarət olunub: "Cənab Prezident, Birinci vitse-prezident dəfələrlə "Sehirli Təndir" restoranımızın qonağı olublar. Eyni zamanda, müxtəlif xarici dövlətlərin yüksəkvəzifəli rəsmiləri və nümayəndə heyətləri də restoranımızda qonaq olaraq xidmətimizdən məmnun qalıblar".




Sahibkarın sözlərinə görə, İçərişəhərdə fəaliyyət göstərən sahibkarların əksəriyyəti formal olaraq qısamüddətli, adətən 6 aylıq icarə müqavilələri imzalasalar da, onlara uzunmüddətli fəaliyyət göstərəcəkləri barədə etimad yaradılıb: "Məhz bu inam nəticəsində sahibkarlar milyonlarla manat olmasa da, böyük həcmdə vəsait xərcləyərək obyektləri bərpa edir, dizaynını qurur, avadanlıq alır, müştəri bazası formalaşdırır və həmin məkanların turizm potensialını artırırlar. Lakin bütün bu investisiyalara baxmayaraq, son vaxtlar müxtəlif bəhanələrlə, hətta "yuxarıdan tapşırıq var" ifadəsi ilə icarə müqavilələrinə xitam verirlər. Müqavilə müddəti başa çatdıqdan sonra icarə haqları artırılır. Məsələn, 6 min manatlıq icarə haqqı 10 min manata, 10 min manatlıq icarə haqqı isə 15 min manata qaldırılır. Artan icarə haqları sahibkarları xidmət və məhsulların qiymətlərini artırmağa məcbur edir. Sahibkarın fəaliyyəti yalnız icarə haqqının ödənilməsindən ibarət deyil. Hər bir ictimai iaşə obyektinin gündəlik fəaliyyəti böyük maliyyə yükü tələb edir. Kommunal xidmətlər, ərzaq məhsullarının alınması, əməkhaqqı fondu, vergilər, sosial ödənişlər, avadanlıqların saxlanılması və digər cari xərclər sahibkarın üzərinə düşür. Bu səbəbdən icarə haqlarının qəfil və əsaslandırılmadan artırılması nəticə etibarilə xidmətlərin qiymətinə də təsir göstərir və həm sahibkara, həm də istehlakçıya əlavə yük yaradır. Qiymətlərin yüksəlməsi restoran və digər obyektlərə gələn müştərilərin, xüsusilə turistlərin sayının azalmasına səbəb olur. Mövcud vəziyyət səbəbindən bir çox sahibkar zərərlə işləmək məcburiyyətində qalır. Ümumiyyətlə, hesab edirəm ki, müqavilələrin belə qısa müddətə bağlanması sahibkarlar üçün risk yaradır. İcarə müqavilələrinin cəmi 6 aylıq müddətə bağlanması sahibkarlar üçün ciddi risk yaradır. Sahibkar hər hansı obyektə daxil olarkən təmirə, avadanlığa, məhsula və digər zəruri xərclərə böyük məbləğdə vəsait yatırır. Lakin 6 ay sonra ona obyektin boşaldılması tələb olunur ki, bu da sahibkarın çəkdiyi xərcləri və etdiyi sərmayəni geri qaytarmasına imkan vermir. Heç bir sahibkar bu qədər böyük maliyyə yükünü yalnız 6 aylıq fəaliyyət üçün üzərinə götürmək istəməz. 6 aylıq müddət biznesin qurulması və qoyulan investisiyanın geri qazanılması üçün kifayət qədər uzun müddət deyil və sahibkarlar üçün qeyri-müəyyənlik yaradır".

A.Nəcəfli deyir ki, narazılıq doğuran digər məsələ isə bütün icarəçilərə eyni yanaşmanın tətbiq edilməməsidir: "Bəzi sahibkarlara münasibətdə fərqli yanaşma mövcuddur. Tanış çevrələrivə daha aşağı icarə haqları tətbiq olunur, digər sahibkarlara isə daha yüksək məbləğlər müəyyən edilir. Bu da biznes mühitində bərabər rəqabət prinsipləri ilə bağlı suallar yaradır. Ona görə də bu yanaşmaya son qoyulmalı və bütün icarəçilərə ədalətli münasibət göstərilməlidir".

Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirərək hesab edir ki, yaranmış vəziyyət hüquqi qiymət almalıdır: "Bu obyektlərə illərlə öz vəsaitim hesabına böyük sərmayə yatırmışam. Vergilərimi, sığorta və digər ödənişləri vaxtında etmişəm, işçilərə əməkhaqqı vermişəm. Hazırda böyük kredit öhdəliklərim də var. Buna baxmayaraq, fəaliyyətimə maneələr yaradılır. Mən artıq bununla bağlı məhkəməyə müraciət edəcəyəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxışlarında sahibkarlığın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, investisiyaların qorunmasının, hüquqi sabitliyin təmin edilməsinin və sahibkarlara qanunsuz müdaxilələrin yolverilməzliyinin dövlət siyasətinin əsas prinsiplərindən olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə çoxsaylı islahatlar aparılıb, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib. Hesab edirəm ki, mənimlə bağlı yaranmış vəziyyət də Prezidentin sahibkarların müdafiəsi ilə bağlı müəyyən etdiyi siyasətə və verdiyi tapşırıqlara uyğun şəkildə obyektiv araşdırılmalı, hüquqlarım bərpa olunmalıdır".(E-huquq.az)

Yasamalda yeni fırıldaq - Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - RİH niyə susur? - VİDEO



Bakının Yasamal rayonunda qanunsuz tikintilərlə bağlı narahatlıq doğuran iddialar səngimək bilmir.

Son aylarda rayonun müxtəlif ərazilərində fərdi yaşayış evlərinin alınıb sökülməsi və onların yerində iri həcmli kommersiya obyektlərinin inşa olunması ilə bağlı məlumatlar daxil olmaqdadır.

Bizimesr.com-a daxil olan məlumata görə, belə tikintilərdən biri də Yasamal rayonu ərazisində, "ASAN xidmət" Mərkəzinin yaxınlığında həyata keçirilir. İddialara əsasən, əvvəlcə yol kənarında yerləşən fərdi yaşayış evləri müxtəlif şəxslər tərəfindən alınır, daha sonra həmin tikililər sökülür və onların yerində daha böyük təyinatlı obyektlərin inşasına başlanılır.

Mənbələrin sözlərinə görə, bu cür tikintilər ayrı-ayrı hallar deyil və son illər rayonda geniş yayılmağa başlayan bir tendensiyaya çevrilib. Bildirilir ki, yaşayış evi üçün nəzərdə tutulmuş sənədlərdən istifadə edilməklə tamamilə fərqli ölçü və təyinatlı tikililər inşa edilir. Bu isə şəhərsalma normalarına, tikinti qaydalarına və təhlükəsizlik tələblərinə uyğunluq məsələsini gündəmə gətirir.

Maraqlıdır ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tez-tez rayon ərazisində keçirdiyi görüşlər, küçələrdə sakinlərlə ünsiyyəti və ərazilərə baxış keçirməsi ilə diqqət çəkir. Rayon rəhbərinin ictimaiyyətlə təmasda olması müsbət qiymətləndirilsə də, sakinlər belə genişmiqyaslı tikinti işlərinin necə diqqətdən kənarda qalması sualını verirlər.

Əgər sözügedən tikintilər qanunvericiliyin tələblərinə tam uyğundursa, bununla bağlı müvafiq icazə sənədlərinin ictimaiyyətə açıqlanması hər hansı şübhələri aradan qaldıra bilər. Əks halda isə bu cür tikintilərin hansı əsaslarla aparıldığı, kim tərəfindən nəzarət edildiyi və müvafiq dövlət qurumlarının hansı tədbirləri gördüyü barədə cəmiyyətin məlumatlandırılması vacibdir.

Qanunvericiliyə əsasən, tikinti işləri yalnız müvafiq icazələr əsasında və təsdiq edilmiş layihəyə uyğun aparılmalıdır. Tikinti prosesinə nəzarət isə aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə daxildir.

"ASAN xidmət" mərkəzinin yaxınlığında aparılan tikinti üçün bütün qanuni icazələr mövcuddurmu?
Yaşayış evi üçün ayrılmış torpaq sahəsində iri kommersiya obyektinin tikintisinə hansı əsaslarla icazə verilib?
Tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən təsdiqlənibmi?
Tikinti prosesinə nəzarət edən qurumlar obyektə baxış keçiriblərmi?
Şəhərsalma və tikinti normalarına əməl olunubmu?

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyini öyrənməyə çalışacaq.

Bizimesr.com mövzunu diqqətdə saxlayır.

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/yasamalda-yeni-firildaq---evleri-sokub-yerinde-senedsiz-iri-obyektler-tikirler---rih-niye-susur---video-22671

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona



Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.

Obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.

Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.

Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.

Xatırladaq ki, bundan əvvəl E. Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılmışdı. Bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmamışdı.

Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla və 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.

Gununsesi.info

AAYDA -nın sabiq sədri Saleh Məmmədov Almaniyada 24 hektar torpaq sahəsi alıb? İDDİA/FOTO


TEREF yazır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov Almaniyada 24 hektar torpaq sahəsi alıb.
Bu barədə məşhur müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz səhifəsində məlumat verib. Cavanşir bəy yazır:
"Hörmətli Saleh müəllim Almaniyada 24 hektar torpaq sahəsi alıb."
Daha sonra Cavanşir bəy əlavə edərək yazır ki, " O bu sahəni sənaye-kommersiya zonasına çevirmək istəyir.."
Torpaq sahəsinin qiyməti barədə verilən suala cavab olaraq Cavanşir bəy yazır:
" Qiymətlə bağlı dəqiq məlumat yoxdur, amma region üzrə mülkiyyət qiymətləri hesabatlarına əsasən, yaxşı infrastruktur xətləri olan kommersiya/sənaye məqsədli torpaqların kvadratmetri 110 € ilə 210 € arasında qiymətləndirilir. 24 hektar üçün təxminən 35 milyon - 45 milyon avro."
TEREF olaraq qaldırılan iddia ilə bağlı hörmətli Saleh müəllimində fiirlərini dərc etməyə hazırıq!

 Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...


Rövşən və Yaşar adlı maklerlərin qanunsuz torpaq alverində keçmiş bələdiyyə sədrlərinin adı hallanır

"Son vaxtlar Binəqədidə qanunsuz torpaq alqı-satqısı ilə bağlı şikayətlərin sayı sürətlə artmaqdadır. Media və sosial şəbəkələr yer alan şikayətlərin təhlili, eləcə də vətəndaş müraciətləri göstərir ki, qanunsuz torpaq alverinin arxasında iki isim – Rövşən və Yaşar adlı maklerlər dayanır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu şəxslərlə bağlı vətəndaşların narazılığına səbəb olan bir sıra məqamlar var ki, bunlardan biri həmin şəxslər tərəfindən vətəndaşlara verilən bəzi torpaq sənədlərinin əsassız çıxmasıdır. Məhz bu səbəbdən də vətəndaşlar hesab edir ki, Rövşən və Yaşar adlı maklerlər tərəfindən onlara verilən sənədlərin saxta çıxması heç də təsadüfi deyil və bu, bəzi qüvvələrin məqsədyönlü fəaliyyətindən xəbər verir.

Bundan başqa, şikayətçilər bildirir ki, onlara satılan və sonradan saxta olduğu məlum olan sənədlər Binəqədinin sabiq bələdiyyə sədrlərinə - Elman Salmanov və Aygün xanımın dönəminə təsadüf edir. Elə buna görə də bəzi vətəndaşlar iddia edir ki, Rövşən və Yaşar adlı maklerlərin fəaliyyəti keçmiş bələdiyyə sədrləri tərfindən dəstəklənmsi ehtimalı böyükdür.

Vərəndaşlar ümid edir ki, əlaqədar qurumlar Binəqədi torpaqlarını dədə malı kimi müxtəlif insanlara satan Rövşən və Yaşar adlı maklerlər, eləcə də bu şəxslərə dəstək verən, onların qanunsuz fəaliyyətini dəstəkləyən şəxslərlə bağlı lazımi ölçü götürəcək, sərt tədbirlər görəcək.

Bunu da qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin də sözügedən maklerlərin əlindən zara gəldiyi, lakin onların fəaliyyətinin qarşısını ala bilmədiyini iddia olunur. Bildirilir ki, İcra Hakimiyyətinin yetkililəri dəfələrlə adıçəkilən maklerlərə xəbərdarlıq etsələr də, torpaq alverçiləri öz fəaliyyətlərini bu gün də davam etdirir, vətəndaşları aldatmaq hesabına külli miqdarda qanunsuz vəsait əldə edirlər. Kənd Binəqədinin “Gülüstan” deyilən massivində, Vulkan dağı ətrafında, Binəqədidəki neft torpaqlarında, Binəqədi-Xırdalan yolunun sağında, 4-cü mədən ərazisində, Biləcəri yolu ərazisində Rövşən və Yaşar adlı maklerlər tərəfindən qanunsuz satılan torpaqların xüsusilə çox olduğu bildirilir..."

DİA-AZ
Xəbər lenti