Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

KTN balıqçılara 5 ədəd avtomobil almaq istəyir


Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi” tender elan edib.

Qurum crossover/ SUV və pikap tipli xidməti nəqliyyat vasitələri satın almaq fikrindədir. Məlumatda bildirilir ki, Mərkəz 1 ədəd SUV tipli, 4 ədəd isə Pik Up tipli avtomobil almağı planlaşdırır.

Qurum bu məqsədlə 409 min 660 manatlıq büdcə ayırıb.

Bizimesir.com

ETN uşaqlarımızın tərbiyəsini kimlərə həvalə edir?


ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərovadır.

Günel Səfərova maliyyə mənbələri və fəaliyyət istiqamətləri ictimaiyyətdə hər zaman birmənalı qarşılanmayan xarici fondlara, xüsusilə Sorosla sıx əməkdaşlıq etmiş, müəyyən radikal aksiyalarda ön cərgələrdə yer alaraq milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan şüarları dəstəkləyən bir şəxsin təhsil sistemində, xüsusən də uşaqların müdafiəsi kimi həssas bir strukturda məsul vəzifəyə gətirilməsi nə dərəcədə əsaslandırılıb?

Hansı ki, Günel xanım LGBT fəalları ilə əməkdaşlıq edir, feministlərin aksiyalarında iştirak edir və Bakı küçələrində qeyri-etik plakatlarla diqqət çəkir.

​Soros Fondu LGBT-ni maliyyələşdirir. Vaxtilə Azərbaycanda Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Soros Fondu) və onunla əlaqəli fəaliyyət göstərən bəzi QHT-lər üzrə hüquq-mühafizə orqanları tərəfindən geniş təhqiqat və istintaq işləri aparılıb.


Milli təhsilimizdə uşaqların müdafiəsini və insani dəyərlərini həqiqətən kimlər və hansı ideologiya ilə qoruyacaq?

Uşaqların gələcəyi kimə əmanətdir? Məktəblilərin tərbiyəsi, mənəvi formalaşması, milli ruhda böyüməsi və zorakılıqdan müdafiəsi strateji dövlət marağıdır. Milli mentalitetdən və ənənəvi ailə dəyərlərindən uzaq ideoloji baxışları ilə tanınan kadrların bu prosesə rəhbərlik etməsi gələcək nesillərin tərbiyəsində hansı fəsadlara yol aça bilər?

Tehsilmedia.info qeyd edir ki, təhsil sistemində onlarla təcrübəli, milli dəyərlərə sadiq və pedaqoji prinsipləri rəhbər tutan mütəxəssis olduğu halda, qərbyönümlü və qalmaqallı fəaliyyəti ilə seçilən fiqurların önə çəkilməsi ETN-in kadr siyasətindəki prioritetlərin nə dərəcədə doğru seçildiyini sual altına alır.

​Uşaqlarımızın tərbiyəsi, mənəvi sağlamlığı və xoşbəxt gələcəyi hər hansı ideoloji eksperimentlərin, yaxud qərb layihələrinin yeri ola bilməz.

Milli təhsilimizdə uşaqların müdafiəsini və insani dəyərlərini həqiqətən kimlər və hansı ideologiya ilə qoruyacaq?

Emin Əmrullayev bu qərarı ilə nə demək istəyir?

Onu da qeyd etmək istəyərdik ki, vaxtilə Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçiləndə özü ilə 2 şəxs də gətirmişdi. Bunlardan biri də Məleykə Əlizadə idi. Məleykə xanım həmin Şuranın üzvü idi. Hazırda “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri, eyni zamanda Qərbi Kaspi Universitetinin Tarix kafedrasının müdiridir.

Tehsilmedia.info

“AzVirt” MMC işçisinin haqqını vermir – ŞİKAYƏT



“AzVirt” şirkəti işçisinin haqqı olan pulu 3 ildir ödəməkdən boyun qaçırır.
Bizimesr.com bildirir ki, bunu vaxtilə sözügedən şirkətdə çalışan vətəndaş Mustafayev Nizam Mənsim oğlu bildirib. O qeyd edib ki, 2023-cü ilin aprel ayında gördüyü işin pulunu bu günədək ala bilmədiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, o, həmin vaxt “AzVirt” şirkəti üçün hərbiləşdirilmiş obyektin tikintisində istifadə olunan kubik qırıntısı (asfalt materialı) daşıyıb. Görülən işə görə ona ödənilməli olan 1760 manat məbləğində vəsait isə indiyədək verilməyib. “Mən dəfələrlə şirkətin sahibi Kamil Əliyevə və digər məsul şəxslərə müraciət etmişəm. Hər dəfə məni bir-birinin yanına göndərirlər.
Türk direktor Savaş bəyə də müraciət etdim. O dedi ki, işi ‘AzVirt’ə təhvil vermişəm, get pulunu onlardan al. Kamil bəy məni Elşad bəyə yönləndirir, Elşad bəy isə deyir ki, mən bilmirəm. Beləcə, məni aylardır, illərdir aldadırlar”, – deyə şikayətçi bildirib.
Mustafayev Nizam Mənsim oğlu iddia edir ki, gördüyü işin haqqı əsassız şəkildə ödənilmir və məsələ ilə bağlı aidiyyəti qurumların kömək göstərməsini istəyir. Şikayətçinin problemi ilə bağlı sözügedən şirkətə sorğu ünvanladıq. Sorğumuza hələlik cavab verilməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.com

Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb


Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin olunmuş iclasında baxılacaq.

Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi


20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib.

Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb.

Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.

Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq.

Qeyd edək ki, Arzum bugünkü iclasda məhkəmə zalından azad edilib.

 Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...


Binəqədi rayonu, Xutor qəsəbəsində bir müddət əvvəl dayandırıldığı bildirilən tikinti işləri yenidən bərpa olunub və hazırda demək olar ki, yekunlaşmaq üzrədir. Maraqlıdır ki, bir vaxtlar qanunsuz hesab edilərək dayandırılan tikintinin hansı əsaslarla yenidən davam etdirilməsinə icazə verildiyi hələ də açıqlanmır.
Bizimesr.com-a daxil olan məlumata görə, sözügedən obyektin tikintisinə təxminən bir il əvvəl başlanılıb. Tikinti işləri zamanı piyadaların hərəkəti məhdudlaşdırıldığı üçün ərazi sakinləri tərəfindən aidiyyəti qurumlara çoxsaylı şikayətlər ünvanlanıb. Araşdırmalar zamanı məlum olub ki, iri ticarət mərkəzi kimi nəzərdə tutulan obyektin tikintisi üçün müvafiq icazə sənədləri ümumiyyətlə yoxdur. Bundan sonra tikinti işlərinin Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi ilə dayandırıldığı bildirilib.

Lakin təxminən üç ay sonra tikinti yenidən bərpa edilib. Hazırda obyektin tikintisi sürətlə davam etdirilir və artıq başa çatmaq üzrədir. Maraqlıdır ki, bu dəfə sakinlərin etiraz və şikayətləri də nəticəsiz qalıb.

Bizimesr.com-un əldə etdiyi məlumata görə, obyekt hələ də lazımi icazə sənədləri olmadan inşa edilir və hüquqi statusunda hər hansı dəyişiklik baş verməyib. Maraqlıdır, əvvəllər qanunsuz sayılan tikinti indi hansı hüquqi əsaslarla davam etdirilir?

Bu suallara kim cavab verə bilər?

Tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi varmı?
Əgər icazə verilibsə, bu sənəd nə vaxt və hansı əsaslarla təqdim olunub?
Əgər icazə yoxdursa, tikinti işlərinin davam etdirilməsinə kim göz yumur?

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və zərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qarşısında da ciddi suallar yaranır.
Bir vaxtlar dayandırılan tikintinin yenidən başlamasına hansı əsaslarla, hansı dövlət qurumu razılıq verib?
Bununla bağlı rəsmi qərar və ya icazə sənədi mövcuddurmu?

Bizimesr.com-un araşdırmasına görə, obyektin sahibi Elman adlı sahibkardır. Tikinti işlərini isə Rövşən adlı şəxs təşkil edir və bütün rəsmi danışıqları da məhz onun apardığı bildirilir.

Məlumata əsasən, dəmir konstruksiyalar üzərində inşa edilən obyekt gələcəkdə ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.

Bizimesr.com

İmişlidə suvarma suyu balıq hövzələrinə yönəldilir? İdarə əməkdaşları rəisin qanunsuz əməllərindən şikayət edib- ŞOK FAKTLAR/VİDEO


İmişli Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi ilə bağlı redaksiyamıza ciddi məzmunlu şikayət daxil olub.
Özlərini idarənin əməkdaşları kimi təqdim edən müraciətçilər Denmedia.az-a göndərdikləri məlumatda rayon sakinlərinin suvarma suyundan əziyyət çəkdiyini, buna səbəb kimi isə rəhbərliyin qanunsuz fəaliyyətini göstəriblər.
İddialara görə, idarənin rəisi Samir Məmmədov, müavinləri Araz Əliyev və Dilşad Quliyeva ilə birlikdə rayon ərazisində qanunsuz balıq hövzələrinin yaradılmasına şərait yaradıblar.
Şikayətçilərin sözlərinə görə, həmin hövzələrin su ilə təmin olunması nəticəsində kənd təsərrüfatı sahələrinin suvarılması üçün nəzərdə tutulan su təyinatından kənar istifadə edilir və nəticədə yüzlərlə fermer su çatışmazlığından əziyyət çəkir.
Müraciətdə bildirilir ki, yay mövsümündə suvarma suyuna ehtiyacın ən yüksək olduğu dövrdə əkin sahələrinin susuz qalması məhsuldarlığa ciddi zərbə vurur. Əməkdaşlar iddia edirlər ki, bu vəziyyətə baxmayaraq, rəhbərlik problemi aradan qaldırmaq əvəzinə şəxsi maraqlarını üstün tutur.
Şikayətdə daha bir diqqətçəkən iddia isə idarəyə məxsus xüsusi texnikalarla bağlıdır. Bildirilir ki, dövlət balansında olan ekskavator və digər texnikalar hər gün imkanlı şəxslərə kirayəyə verilir, dövlət əmlakından qanunsuz gəlir əldə olunur.
Mənbələrin sözlərinə görə, qanunsuz balıq hövzələrinin salınması zamanı həmin dövlət texnikalarının işlədiyini əks etdirən videogörüntülər də mövcuddur. İddia olunur ki, həmin görüntülər rəhbərliyin fəaliyyəti ilə bağlı səsləndirilən ittihamların araşdırılması üçün mühüm sübut ola bilər.
Şikayətçilər aidiyyəti dövlət qurumlarından səsləndirilən iddiaların obyektiv araşdırılmasını, dövlət texnikalarının hansı məqsədlərlə istifadə edilməsinin və suvarma suyunun təyinatı üzrə sərf olunub-olunmamasının yoxlanılmasını xahiş edirlər.(Denmedia.az)



Sabunçuda 12 min manata su xəttləri satılır- Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir- ŞOK İDDİA


Sabunçu Su Kanal İdarəsindən dəhşətli faktlar əldə edilib.
Denmedia.az saytının qaynar xəttinə daxil olan məlumatda özünü adıçəkilən qurumun əməkdaşı kimi təqdim edən şəxs Sabunçu Su Kanal İdarəsinin rəisi Yaşar Mahmudovun fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar səsləndirib.
Mənbənin sözlərinə görə, Yaşar Mahmudov əvvəllər Nizami rayon Kommunal İstismar Sahəsində, daha sonra həmin rayonun Su İdarəsində çalışıb və ötən ilin oktyabr ayında ADSEA-nin aparat rəhbəri Fuad Quliyevin xeyir duası ilə Sabunçu Su Kanal İdarəsinə rəis təyin edilib.
İddia olunur ki, o, yeni vəzifəyə gələrkən özü ilə üç nəzarətçi gətirib. Mənbənin bildirdiyinə görə, onlardan ikisi cəmi 15 gün ərzində vəzifədə irəli çəkilərək biri qrup rəhbəri, digəri isə mühəndis təyin edilib.
Şikayətçi iddia edir ki, Yaşar Mahmudov hər keçirilən iclasda "Mən Fuad müəllimin adamıyam" ifadəsini işlətməklə əməkdaşlara təzyiq göstərir.
Mənbənin digər iddiasına görə, Nardaran, Bilgəh, Ləhiş Bağları və Kürdəxanı Bağları ərazilərində Yaşar Mahmudovun nəzarəti altında 10-12 min manat və daha yüksək məbləğlərə su xətləri satılır, 3-5 min manat müqabilində isə abonent kodları açılır. Bunuda onunla əlaqələndirir ki, ADSEA-nin aparat rəhbəri Fuad Quliyevə hər ay müəyyən məbləğdə vəsait çatdırır.
Şikayətçinin sözlərinə görə, Texniki Şöbənin vasitəsilə həmin xətlər üçün qanunsuz texniki şərtlər hazırlanır və sayğaclar quraşdırılır. Halbuki, iddia olunduğuna əsasən, həmin ərazilərdə dövlətə məxsus su xətləri mövcud deyil.
Müraciətdə daha sonra bildirilir ki, Sabunçu Su Kanal İdarəsinin 120 nəzarətçi əməkdaşı var. Əvvəllər fəaliyyət göstərən "Debitor və Qanunsuz İstifadəyə Nəzarət" qrupu ləğv edilərək "Fakturaya Nəzarət" qrupuna birləşdirilib və bu dəyişiklik əməkdaşlar arasında narazılıq yaradıb.
Mənbə həmçinin iddia edir ki, Maştağa və Kürdəxanı ərazilərində maklerlər tərəfindən inşa edilən evlərə qanunsuz su xətləri çəkilir və həmin tikililər üçün küllü miqdarda rüşvət almaqla qanunsuz müqavilələr rəsmiləşdirilir.
Şikayətçinin sözlərinə görə, idarədə bəzi şəxslər Yaşar Mahmudovun yüksək vəzifəli himayədarlarının olduğunu bildirərək, onun fəaliyyəti ilə bağlı iradların nəticəsiz qalacağını iddia edirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nizami Rəsulov
Denmedia.az

Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?


Bir neçə ildir Azərbaycanda müəllimlərin işə qəbulu imtahanlarında, eləcə də Peşə Təhsili müəssisələrində müəllim və usta qəbulu imtahanlarında sualların hazırlanmasında ciddi səhvlərin olması böyük narazı təhsil işçisi ordusu yaradıb. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı nə sualları hazırlamağa məsul olan Təhsil İnstitutundan, nə Elm və Təhsil Nazirliyindən, nə də digər aidiyyəti qurumlardan heç bir məntiqli cavab verilmir.
Bu illər ərzində böyük bir müəllim ordusu məhz bu səbəbdən ciddi narazılıq ifadə edir və bu addımlar müəllim ordusunun ölkəmizə, dövlətimizin idarəetmə sisteminə qarşı ciddi aqressiya yaratmasına səbəb olub.
Qəribə hal budur ki, bu şəxslər - Təhsil İnstitutunun rəhbəri Elnur Əliyev və elm və təhsil naziri Emin Əmrullayev qətiyyən narahat görünmür və fəaliyyətləri ilə bağlı hər hansı narahatlıq nümayiş etdirmirlər. Onlar bu davranışı özlərinin doğru yolda hesab etdiklərini göstərən amillər kimi qiymətləndirirlər.
Təbii ki, biri elm və təhsil naziri, digəri isə Təhsil İnstitutunun rəhbəri olaraq, əllərində böyük trol ordusu, böyük maddi imkanlar və iri layihələrdən gələn milyonlarla vəsait olduğu halda onlar üçün heç bir problem yoxdur.
Amma burada maraqlı bir məqam var...
Kimdir bu adamlar? Bu dövlətə, vətənə və xalqa münasibətləri necədir?
Karyeralarına diqqət yetirdikdə görünür ki, Elnur Əliyevin fəaliyyəti uzun illər Prezidentin ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq rəhbəri, sonradan vəzifəsindən azad edilən və barəsində müxtəlif yeyinti və digər iddialar səsləndirilən Əli Həsənovun sahibi olduğu "Kaspi" Təhsil Mərkəzindən başlayır. Elnur Əliyev "Kaspi" Təhsil Şirkətinin direktoru olub. Eyni dövrdə Emin Əmrullayev də Elnur Əliyevin rəhbərliyi altında çalışıb və Əli Həsənovun rəhbərlik etdiyi şirkətdə fəaliyyət göstəriblər.
Maraqlıdır, "Kaspi" Təhsil Şirkəti əslində kimin idi və ya kimin dəstəyi ilə fəaliyyət göstərirdi?
Təbii ki, o dövrdə Ramiz Mehdiyevin icazəsi və nəzarəti olmadan belə bir mərkəzin fəaliyyət göstərməsi mümkün deyildi.
İndi isə zaman ardıcıllığına nəzər salaq.
2019-cu ilin oktyabr ayında Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı sərəncam imzaladı və Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi.
Düz bir ay sonra, 29 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovu da vəzifəsindən azad etdi.
Emin Əmrullayev barədə qısa arayış:
2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr təhsili alıb.
Hər kəs yaxşı bilir ki, həmin dövrdə xarici ölkələrdə təhsil məsələsi birmənalı şəkildə Ramiz Mehdiyevin nəzarətində idi və onun razılığı olmadan dövlət hesabına xaricdə təhsil almaq mümkün deyildi. Məhz həmin dövrdə Emin Əmrullayev də xaricdə təhsil almağa göndərilib.
Daha bir uyğunluq:
Emin Əmrullayev 2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. "Kaspi Education" MMC də Əli Həsənovun rəhbərlik etdiyi şirkətidir. Bu isə o deməkdir ki, yəqin ki, Emin Əmrullayev Əli Həsənovun dəstəyi və Elnur Əliyevin təqdimatı ilə xaricdə təhsil almağa göndərilib.
2020-ci ildə Emin Əmrullayev təhsil naziri təyin olundu. Daha sonra nazirliyin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi oldu. 2020-ci ildə Elnur Əliyev hələ də "Kaspi" Təhsil Şirkətinin direktoru idi.
Elnur Qəzənfər oğlu Əliyev 2021-ci ildən Emin Əmrullayevin yanında görünməyə başladı və sadiq dostlar ölkə təhsilinə ciddi nəzarəti ələ almağa qərar verdilər.
Elnur Əliyev əvvəl Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri, 2023-cü ilin dekabr ayında isə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə nazirin müşaviri təyin edildi və eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra etməyə başladı.
Maraqlı irəliləyiş və təyinatlarda tələsməmə prinsipi işləməyə başladı. Diqqəti bu zaman maraqlı bir istiqamətə yönəltmək lazımdır. Araşdırma aparılsa, görünər ki, müəllimlərin imtahan sualları ilə bağlı narazılığı məhz 2023-cü ildən başlayıb. İmtahan sualları Təhsil İnstitutunda hazırlanır. Bu institutun rəhbərliyinə Elnur Əliyev gəldikdən sonra məhz bu narazılıqların başlaması suallar doğurmaya bilməz.
Müəllimlərin işə qəbulu imtahanı 2019-cu ildən keçirilir. Bu illər ərzində ümumi narazılıqlar əsasən vaxt, sistemdəki kiçik problemlər və digər texniki məsələlərlə bağlı idi. Lakin məhz 2023-cü ildən, Elnur Əliyevin Təhsil İnstitutuna gəlişindən sonra suallarda ciddi problemlərin yarandığı və narazılıqların artdığı göz önündədir.
Artıq üç ildir ki, eyni hallar davam edir, vəziyyət daha da gərginləşir və böyük müəllim ordusunun narazılığı artır. Bu hal müəllim ordusunun dövlətə münasibətini pisləşdirir, onları dövlətdən narazı salır və xoşagəlməz vəziyyət yaradır.
Bunların hamısı təsadüfdürmü?
Bir neçə arqument göstərməklə bu suala cavab vermək olar.
Elnur Əliyevin təhsildə böyük bir monopoliya yaratmaqla məşğul olduğu illərdir deyilir. Bunu bir sıra təhsil ekspertləri və narazı şəxslər açıq şəkildə bildirirlər.
Məlumata görə, Elnur Əliyev sürətlə təhsil sektorundakı bütün agentlikləri nəzarətə götürür. Nazirlikdə dörd agentlik var.
Əvvəl Təhsildə Keyfiyyət Təminatı Agentliyi, daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ardınca Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, daha sonra isə Peşə Təhsili üzrə Dövlət Agentliyi istiqamətində dəyişikliklər baş verdi.
Emin Əmrullayev öz dostu Elnur Nəsibovu da kənarda saxlamaq məcburiyyətində qaldı. Çünki Elnur Əliyevin daha güclü dəstəyə malik olduğu və proseslərə daha ciddi təsir göstərdiyi irəli sürülür.
Nə baş verdi?
Ötən il peşə təhsili müəssisələrində keçirilən imtahanlarda sualların hazırlanması ilə bağlı ciddi narazılıqlar yarandı. Hətta Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmovun rəhbərlik etdiyi agentlik "Sualları Təhsil İnstitutu hazırlayır" məzmunlu açıqlama verməyə məcbur oldu. İddialara görə, bu vəziyyət Elnur Əliyevin xoşuna gəlmədi və bir neçə gün sonra Elnur Nəsibovla Ceyhun Kərəmov vəzifədən uzaqlaşdırıldı.
Qısa müddət sonra, 2024-cü ildə Təhsilin iqtisadiyyatı şöbəsinə rəhbər gətirdiyi İlqar Bayramlı əvvəl Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra etməyə başladı, daha sonra isə Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbər təyin edildi. Beləliklə, Elnur Əliyev həm Təhsilin İnkişafı Fondunu, həm də Peşə Təhsili üzrə Dövlət Agentliyini nəzarətə götürdü. Hər iki şəxs – Elnur Nəsibov və Ceyhun Kərəmov – Elnur Əliyev üçün kiçik maneə idi.
Bəs indi nə baş verir?
Bu il keçirilən imtahanlarda yenidən sualların düzgün hazırlanmaması, ciddi səhvlərin olması və böyük müəllim ordusunun narazılığı açıq aşkar ortadadır.
Elə isə indi hədəf kimdir?
Təbii ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov. Bu gün narazı müəllimlər şikayət üçün hara üz tuturlar - Eşqi Bağırovun rəhbərlik etdiyi quruma.
Narazı müəllimlər kimdən şikayətçidirlər - təbii ki, Eşqi Bağırovdan.
Eyni ssenari təkrarlanır.
Ötən gün biologiya müəllimləri suallardan narazı qalaraq Təhsil İnstitutuna üz tutdular və sualların Elnur Əliyevin rəhbərlik etdiyi qurum tərəfindən hazırlandığını bildirdilər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində onlara "Bizlik bir məsələ yoxdur, gedin Təhsil İnstitutuna müraciət edin" deyildi.
Deməli, Ceyhun Kərəmov üçün oynanılan ssenari indi də Eşqi Bağırov üçün təkrarlanır.
Eşqi Bağırov Elnur Əliyevin qarşısında duruş gətirə biləcəkmi?
Bu, böyük sualdır.
Yəqin ki, gətirə bilməyəcək və Elnur Əliyev bu agentliyi də öz nəzarətinə alacaq.
Beləliklə, görünən odur ki, vaxtilə "Kaspi" Təhsil Mərkəzində fəaliyyət göstərmiş, Əli Həsənovun komandasında yer almış şəxslər bu gün də ölkə təhsilində ciddi narazılıqların əsas fiqurları kimi göstərilir.
Bu isə hələ də cavabsız qalan böyük suallar yaradır. Ölkənin təhsilini niyə məhz bu adamlar idarə etməlidir və bu qədər narazılıqlar dövlətimiz üçün nə dərəcədə faydalıdır?
Ədil Hüseynli
TEREF

Xəbər lenti