Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət


Vətəndaş Amil Zeynalov Anarxeber.info.az-a müraciət edərək, uzun illərdir mülkiyyət hüququnun pozulduğunu və bununla bağlı aidiyyəti qurumlardan kömək gözlədiyini bildirib.

Şikayətçinin sözlərinə görə, 1992-ci ildən Ağdərə rayonunun Sırxavənd kənd sakini Əliyev Saleh Vəli oğlu və ailə üzvləri onun Bərdə şəhəri, Bakı küçəsi 52 ünvanında yerləşən dördotaqlı yaşayış evində qanunsuz məskunlaşıblar.
Amil Zeynalov bildirir ki, 1996-cı ildə Bərdə Rayon Məhkəməsinə müraciət edib və məhkəmə həmin şəxslərin evdən çıxarılması barədə qətnamə qəbul edib.

Onun sözlərinə görə, illərlə məhkəmə qərarının icrası istiqamətində cəhdlər göstərilsə də, nəticə əldə olunmayıb.

Şikayətçi iddia edir ki, hətta Saleh Əliyev və bacısı icra məmurlarına göstərdikləri təzyiqlərə görə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Buna baxmayaraq, evin boşaldılması təmin olunmayıb.

Onun sözlərinə görə, bu illər ərzində Prezidentə, Ədliyyə Nazirliyinə və Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə yüzlərlə ərizə və teleqram göndərsə də, hər dəfə ona məcburi köçkünlərin öz yurdlarına qayıtmayana qədər çıxarıla bilməyəcəyi bildirilib.

Amil Zeynalov qeyd edir ki, 2025-ci ilin sonlarında yenidən Bərdə Rayon İcra şöbəsinə müraciət edib və məcburi köçkünlərin artıq doğma yurdlarına qayıtmağa başladığını əsas gətirərək məhkəmə qərarının icrasını tələb edib. Onun sözlərinə görə, icra şöbəsinin rəisi Rusif müəllim ona icra sənədinin tapılmadığını deyib.

Şikagətçi nundan sonra yenidən məhkəməyə müraciət edib və qətnamənin icraya yönəldilməsi barədə qərardad alıb.

Saytımıza müraciət edən şikayətçinin sözlərinə görə, bir ay sonra icra şöbəsində ona 2013-cü ilə aid başqa bir məhkəmə qərarı təqdim olunub.

Amil Zeynalovun sözlərinə görə, həmin qərarda göstərilib ki, guya onun "Azəriqazbank" ASC qarşısında 2007-ci ildən qalan 17 min 500 ABŞ dolları məbləğində borcunu Saleh Əliyev onunla şifahi razılıq əsasında ödəyib və buna görə də ev Saleh Əliyevin adına rəsmiləşdirilməlidir.

Şikayətçi isə bunun tamamilə saxta olduğunu iddia edir:

"Mən o bankdan heç vaxt kredit götürməmişəm. Evimi də girov qoymamışam. Evin bütün sənədləri bu gün də özümdədir. Mən 2013-cü ildə həbsdə olmuşam. Amma məhkəmə qərarında yazılıb ki, guya mən Salehlə çayxanada oturub şifahi razılaşmışam.

Biz heç vaxt belə söhbət etməmişik. Mənim 80 min manatlıq evimi hansı məntiqlə 17 min 500 dollarlıq guya banka olan borca görə başqa adamın adına keçirirlər? Əgər belə bir satış olsaydı, heç olmasa etibarnamə olardı. Bunların hamısı saxta sənədlər əsasında edilib".


Amil Zeynalov bildirir ki, bu hadisədən yalnız 2025-ci ilin sonlarında xəbər tutub. Bundan sonra Bərdə Rayon Məhkəməsinə, Bərdə Rayon Prokurorluğuna müraciət edib, həmçinin Baş prokuror Kamran Əliyevin qəbulunda olduğunu və məsələ ilə bağlı cinayət işinin obyektiv araşdırılmasını xahiş etdiyini deyir.

Sonda şikayətçi ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək yazır:

"Cənab Prezident, Sizdən və bütün hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu cinayət işinin şəffaf araşdırılmasına, cinayəti törətmiş şəxslərin ciddi cəzalandırılmasına və mənim pozulmuş hüquqlarımın bərpasına köməklik göstərəsiniz".

Anarxeber.info.az

Nolanın “Odissey”indən - Rekord


Məşhur rejissor Kristofer Nolanın “Odissey” filmi dünya prokatının ilk həftəsonunda 264,1 milyon dollar (təxminən 449 milyon AZN) toplayıb.

Bu barədə “Variety” nəşri məlumat yayıb.

Bildirilib ki, “Universal” kinostudiyasının istehsalı olan bu film K.Nolanın filmləri arasında debütdə ən çox qazanc əldə edən film olub. Bununla o, ilk həftəsonunda 249 milyon dollar (təxminən 423 milyon AZN) toplayan “Qara Cəngavər: Əfsanənin dirçəlişi” (2012) filminin nəticəsini üstələyib.

“Odissey” həmçinin ilin ən böyük kino debütləri arasında üçüncü yeri tutub. Bu göstəricidə o, yalnız “Super Mario Galaxy filmi” (372,5 milyon dollar) və “Oyuncaq hekayəsi 5”dən (312 milyon dollar) geri qalıb.

Artıq 73 ölkədə nümayiş olunan film ABŞ və Kanadada 124,5 milyon dollar, beynəlxalq bazarlarda isə 139,6 milyon dollar qazanıb.

Premyerası iyulun 17-də baş tutan “Odissey”in IMDb balı 8,4/10 bal təşkil edir. Bu bal 121 min qiymətləndirmə əsasında formalaşıb.

Qeyd edək ki, Homerin eyniadlı poeması əsasında ekranlaşdırılmış “Odissey” filmi Troya müharibəsinin başa çatmasından sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına evə qayıtmağa çalışan İtaka çarı Odisseyin macəralarından bəhs edir. Filmdə baş rolu Mett Deymon ifa edib. Ekran əsərində həmçinin Tom Holland, Enn Hetuey, Robert Pattinson, Zendeya, Şarliz Teron kimi Hollivud ulduzları yer alıb.

Dövlətə meydan oxuyan "AF Hotel-Aquaprk" və onun arxasındakı kölgə: Ramiz Mehdiyev şəbəkəsi hələ də iş başındadır? VİDEO


Novxanıda yerləşən "AF Hotel-Aquaprk" kompleksi ətrafında baş verən son hadisələr ölkədə qanunun aliliyinə və vətəndaş təhlükəsizliyinə açıq-aşkar meydan oxunduğunu bir daha sübut edir.
Bir müddət öncə oteldə baş vermiş yanğın hadisəsindən sonra Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən obyektin otel hissəsinin fəaliyyətinə rəsmi qadağa qoyulub. Qərara əsasən, yalnız akvapark hissəsinin fəaliyyətinə icazə verilir.
Lakin reallıq nədən ibarətdir? "AF Hotel" rəhbərliyi nə dövlət qurumunun rəsmi qərarını sayır, nə də bura pənah gətirən vətəndaşların can təhlükəsizliyini!
Dövlətin qanunlarını bu dərəcədə heçə saymaq, rəsmi qadağalara tüpürmək cürəti haradan qaynaqlanır?
Bu rəhbərlik kimə arxalanır ki, insan həyatını hər an alova bürünə biləcək bir məkanda riskə atmaqdan çəkinmir?
"Bura Bilirsiniz Kimindir?!"
Məsələni yerində araşdırmaq və ictimaiyyətin səsini çatdırmaq üçün media mənsubu olaraq "AF Hotel"ə yaxınlaşdıq. Bizi qarşılayan Afaq adlı xanımın rəftarı və leksikonu əslində oteldə hökm sürən özbaşınalığın vizual göstəricisidir.
Afaq xanım jurnalistləri qanun və etika çərçivəsində deyil, hansısa feodal təfəkkürünə xas təkəbbürlə qarşıladı. Söhbətə hədələyici və özündənrazı bir tonda, "Bura bilirsiniz kimindir?!"
ifadəsi ilə başlayan bu xanım, görünür, təmsil etdiyi rəhbərliyin kölgəsində qanunların cırılıb kənara atıla biləcəyini düşünür. Lakin Afaq xanım və onun arxasında dayanan "görünməz güclər" fundamental bir həqiqəti unudurlar:
Bu ölkədə qanun istənilən rəhbərdən, səhmdardan və himayədardan qat-qat üstündür! Heç bir vəzifə və ya kapital heç kimə qanundan üstün imtiyaz qazandıra bilməz.
Ramiz Mehdiyev Kölgəsi və "5-ci Kalon" Xülyaları
Afaq xanımın bu qudurğan və jurnalistə yuxarıdan aşağı baxan yanaşmasının pərdəarxası çox tezliklə bəlli oldu.
Məlumdur ki, "AF Hotel"in şəriklərindən biri, adı dövlətə qarşı müxtəlif iddialarda, xəyanət ssenarilərində hallanan və ölkədə "5-ci kalon" adlandırılan qruplaşmanın ən öncül siması hesab olunan Ramiz Mehdiyevdir.
Görünür, otel rəhbərliyinin və onların nümayəndələrinin ağlı hələ də Ramiz Mehdiyevin dövlət idarəçiliyində "at oynatdığı", borusunun ötdüyü köhnə dövrlərdə qalıb.
Buradan sual edirik:
Belə çıxır ki, "5-ci kalon"un qalıqları hələ də dövlət qurumlarının qərarlarına qarşı çıxmaq, qanunları tapdalamaq gücündə olduqlarını düşünürlər?
Onlar hələ də bu tipli dövlətçiliyə zidd, özbaşına əməllərindən əl çəkməyiblər?
Əgər belədirsə, bu xülyadan tez oyansalar yaxşıdır. Çünki Azərbaycan dövləti heç bir antimilli qruplaşmanın qanunlardan üstün olmasına icazə verməyəcək qədər güclü və qətiyyətlidir!
Sakinlər Evinə Vertolyotla Getməlidir?
"AF Hotel" rəhbərliyinin özbaşınalığı təkcə otelin daxili təhlükəsizlik qaydalarını pozmaqla bitmir. Onlar Novxanı sakinlərinin də həyatını cəhənnəmə çevirməkdə davam edirlər.
Özlərinə məxsus parkinq sahəsi yaradaraq kənd sakinlərinə gedən gediş-gəliş yolunu demək olar ki, tamamilə zəbt ediblər. Bu addımla sakinlər faktiki olaraq blokadaya alınıb. "
AF Hotel"in rəhbərliyi yəqin elə hesab edir ki, bu kənddə yaşayan insanların fərdi vertolyotu var və onlar evlərinə hava yolu ilə gedib-gəlməlidirlər! Vətəndaşın elementar hərəkət hüququnu əlindən alan, yolları qanunsuz şəkildə bağlayan bu harınlıq hansı haqla və hansı məntiqlə törədilir?
FHN rəsmi olaraq yalnız aquapark hissəsinin işləyə biləcəyini, hotel hissəsinin isə qapadıldığını elan etdiyi halda, qapıdan müştəri qəbul etmək sadəcə qayda pozuntusu deyil, dövlətə qarşı birbaşa sabotajdır. Sabah orada baş verə biləcək hər hansı ikinci bir bədbəxt hadisənin, insan tələfatının məsuliyyətini kim daşıyacaq? Köhnə status-kvonun kölgəsinə sığınan Ramiz Mehdiyev şəbəkəsimi?
Aidiyyəti dövlət qurumlarını, Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyini bu qanunsuzluğa təcili şəkildə müdaxilə etməyə çağırırıq. Heç kim qanundan üstün deyil və "AF Hotel"dəki bu dövlətə saymazlıq ən sərt şəkildə cəzalandırılmalıdır! Məsələ redaksiyamızın tam nəzarətindədir və araşdırmalarımız davam edəcək.
Sima Babayeva

VİDEO LİNKƏ: https://teref.net/manset/418991-dovlete-meydan-oxuyan-af-hotel-aquaprk-ve-onun-arxasindaki-kolge-ramiz-mehdiyev-sebekesi-hele-de-is-basindadir-video.html

"Azəriqaz" rəhbərliyi sizi deyirlər: "İmtahanda 37 bal yığan işdən çıxarılacaq, 20-25 bal yığan isə işdə qalacaq? "


Hörmətli "Azəriqaz" rəhbərliyi.
Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə veteranlarına işdə saxlanılmasına üstünlük verir.
İyul ayının 10-da SOCAR İnsan Resurslarında keçirilən test imtahanında 40 sualdan 37-ni düzgün cavablandırdım. Bizə deyilmişdi ki, nəticələr 2-3 günə açıqlanacaq. Amma artıq 1 həftədən çoxdur, heç bir məlumat verilmir. Çox maraqlıdır, nəticələri hesablamaq bu qədər çətindir, yoxsa nəticələrə uyğun adam tapmaq?
Mənə daha bir məsələ maraqlıdır. Ştatların ixtisarı region üzrə gəlir, yoxsa xidmət sahələri üzrə? Tutaq ki, region üzrə 10 mühəndis var, onların 5-i qalmalıdır, 5-i isə işdən getməlidir. Qanuna əsasən imtahanda yüksək nəticə göstərənlər işdə saxlanılmalıdır. Amma bizə Ağsu Regionunun kadrları bildirir ki, yerləşdirmə hər xidmət üzrə aparılacaq.
Bu nə dərəcədə düzgündür? İmtahanda 37 bal yığan işdən çıxarılacaq, 20-25 bal yığan isə işdə qalacaq? Onda bu imtahan niyə keçirilir? Yoxsa yenə struktur dəyişikliyi zamanı etdiyiniz kimi olacaq? İmtahandan kəsilənləri, az bal yazanları hansısa "şirinlik" qarşılığında işdə saxlayacaq, mənim kimi işini bilən, savadlı kadrları isə yola salacaqsınız?
Belə çıxır ki, imtahan biliyi yox, tanışı ölçür. Bal yox, əlaqələr danışır. Qanun isə sadəcə kağız üzərində qalır.
Onsuz da görünən odur ki, nə ölkə başçısını, nə də ölkənin Birinci vitse-prezidentini sayırsınız. Çünki onların daim vurğuladığı şəffaflıq və ədalət prinsipləri ilə sizin gördüyünüz işlər arasında yerlə göy qədər fərq var.
Burada "mənəm Bağdadda kor xəlifə" prinsipi ilə işləyirsiniz. Qanun bir tərəfdə qalır, qərarlar isə başqa tərəfdə verilir. Ümid edirəm ki, bu dəfə heç olmasa imtahan nəticələrinə hörmət edəcəksiniz. Yoxsa insanlar artıq imtahana yox, əvvəlcədən yazılmış ssenariyə girdiklərini düşünəcəklər.(Teref)
Dasqin Abbasov
Xəbər lenti