Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - GİLEY


Bakıda fəaliyyət göstərən "General Hospital" daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. "Yaşam Medical" klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib.
"Unikal"a müraciət edən Ruslan Hüseynov bildirib ki, paytaxtda yerləşən restoranlardan birində çalışan zaman "Yaşam Medical" klinikasının əməkdaşları ondan qan analizi götürüblər:
"20 manat da ödəniş etdim. Bir neçə gün sonra, 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi.
Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. Beləliklə, digər bir özəl klinikada qan analizi verdim. Məndə hepatit aşkarlandı. Qeyd edim ki, bu analiz cavabı 4 may 2026-cı il tarixində qeydə alınıb. Məlum oldu ki, yoluxma uzun müddət əvvəl baş verib.
Şikayətim "Yaşam Medical" klinikasındandır. Nəyə görə vətəndaşların verdikləri analizlər düzgün yoxlanılmır? Düzgün yoxlasaydılar, hepatitə yoluxmağım barədə daha tez məlumatlı olardım.
Onu da qeyd edim ki, məndə bu xəstəlik aşkarlanandan sonra yenidən yoxlanış etmək istədim. Bu dəfə "General Hospital"a müraciət etdim, lakin məlum oldu ki, həmin klinika heç bir yoxlanış etmədən saxta sağlamlıq arayışı verir. Mənə kart nömrəsi göndərdilər, ödəniş etdim. Ertəsi gün isə mənə sağlamlığımda heç bir problem olmadığı barədə saxta arayış göndərdilər".
Xatırladaq ki, "General Hospital" dəfələrlə saxta sağlamlıq arayışlarının verilməsi ilə bağlı gündəmə gəlib. Hətta bu məsələ ilə bağlı cinayət işi də başlanılmışdı. Onu da qeyd edək ki, "General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılovdur.





Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də BP şirkətinin baş icraçı direktoru Meq O`Nili qəbul edib.

Dövlətimizin başçısı Meq O`Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-BP uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev ölkəmizlə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlət başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Azərbaycanla BP arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Prezident bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırdı.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O`Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi.

BP şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı.

Meq O`Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu.

Dövlət başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda BP-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.

Söhbət zamanı BP-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-BP əməkdaşlığının perspektivləri müzakirə olundu.

Qaxda köhnə başçının daha bir YADİGARI... - İLGİNC


"Şəkildəki bu şəxsi Qaz rayonunda tanıyanlar var, tanımayanlar üçün deyim ki, Qum bələdiyyəsinin saxtakarlıqla təyin olunmuş üzvlərindən biri olan Seylan Şamiloviç Şamxalzadədir..." Dia-az" xəbər verir ki, bunu yazan müəllif olduqca ilginc faktları da açıqlayıb.

Məlumatda daha sonra deyilir: "Seylan adlı bu şəxs keçmiş Qum bələdiyyəsinin sədri Sərxan Qurbanovla Gürcüstanda adı bilinməyən bir məktəbdə təhsil alıblar. Ancaq fakt odur ki, bu iki şəxsin diplomları Azərbaycanda tanınmır.
İlk öncə bir məsələni burada bildirek. Keçən dönəmdə Sərxan bələdiyyə sədri təyin olunandan sonra bu Seylana jest edərək Çınarlı kəndinin girişində obyekt üçün yer verdi. Həmin yeri Seylan çörək bişirmə sexi kimi istifadə edir.
İkinci bir məsələ, son bələdiyyə seçkilərində Qax rayon İcra Hakimiyyətinin keçmiş başçısının göstəriş verdiyi namizədlərin təbliğatını elə məntəqə sədrləri aparırdı. Onların şəkillərini məlumat lövhələrinə yapışdırırdı məntəqə sədrləri.
Bu saxtakar bəzi yerlərdə iddialı şəkildə bəyan edib ki, bəs "kənd bizdən soruşulur". Hər halda bu fakt belə yetərli sayıla bilər ki, gərəkən qurumlar araşdırma aparsın..."

DİA-AZ

Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?


Cəmiyyətin hörmət göstərdiyi, sayğıyla andığı bir şəxsiyyətin xatirəsindən sui-istifadə edilərək dövlət vəsaitinin mənimsənilməsi barədə faktların ortaya çıxması təkcə maliyyə cinayəti deyil, həm də mənəvi aşınmanın göstəricisi idi
Kimlər dövlət büdcəsi ilə bağlı şübhəli layihələrin üstünün örtülməsinə çalışır? Niyə konkret faktlar təqdim olunduğu halda məsələ hüquqi müstəviyə daşınmır? Niyə dövlətin pulları ilə bağlı sual verənlər cəzalandırılır, amma həmin pulların taleyi ilə bağlı cavab verməli olan şəxslər toxunulmaz qalır?
Srağagün Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən insanların sayı-hesabı yox idi. Minlərlə insan ora böyük ehtiram hissi ilə axışırdı. Bu mənzərə bir daha sübut etdi ki, xalqın Ulu Öndərə sevgisi və bağlılığı illər keçsə də dəyişmir. İnsanlar onun dövlətçilik fəlsəfəsinə, ölkəyə qazandırdığı sabitliyə və siyasi irsinə hörmət göstərmək üçün gəlmişdilər.
Ancaq 3 gün öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçisi Aygün Əliyevanın da Fəxri Xiyabanda görünməsi "Yenixeberorg"un oxucuları tərəfindən ciddi narazılıq və ikrah hissi doğurub. Səbəb isə bir ilə yaxındır məhz bu qurumun ətrafında dolaşan korrupsiya, saxta tender və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı təqdim etdiyimiz faktlar və bu faktların aidiyyatı dövlət orqanları tərəfindən araşdırılmamasıdır.
Xatırlayırsınızsa, 2022-ci ilin may ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tərəfindən “Turalux” MMC-yə 30-35 min manat civarında vəsait ayrıldığı bildirilmişdi. Guya məqsəd “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbirin keçirilməsi idi. Lakin zaman keçdikcə məlum oldu ki, ortada nə ciddi tədbir var, nə ictimai hesabat, nə də xərclənən vəsaitin şəffaf izahı.
Ən ağır məqam isə budur ki, Ulu Öndərin adı korrupsiya iddialarının mərkəzinə çevrildi. Cəmiyyətin hörmət göstərdiyi, sayğıyla andığı bir şəxsiyyətin xatirəsindən sui-istifadə edilərək dövlət vəsaitinin mənimsənilməsi barədə faktların ortaya çıxması təkcə maliyyə cinayəti deyil, həm də mənəvi aşınmanın göstəricisi idi. Həm də ölkə Prezidenti İlham Əliyevin ailəsinə hörmətsizlikdir.
Bu gün əsas sual budur: niyə bu məsələ araşdırılmadı?
Əgər ortada saxta tender, şübhəli ödəniş və mənimsəmə iddiaları varsa, niyə hüquq-mühafizə orqanları susdu? Niyə Hesablama Palatası, maliyyə nəzarəti strukturları və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi araşdırma aparmadılar? Yoxsa müəyyən dairələr bu faktların ictimailəşməsində maraqlı deyil?
Cəmiyyətdə belə bir qənaət yaranır ki, məsələ artıq təkcə bir şəxsin və ya bir qurumun problemi deyil. Burada müəyyən himayədarlıq münasibətlərinin olduğu ehtimalı getdikcə güclənir. Çünki adi bir QHT rəhbəri ən xırda sənəd səhvinə görə məsuliyyətə cəlb olunduğu halda, dövlət büdcəsindən on minlərlə manatın ayrıldığı layihə ilə bağlı ciddi suallar cavabsız qalırsa, deməli ortada qeyri-adi bir “toxunulmazlıq” mexanizmi mövcuddur.
Daha ciddi fakt isə məsələni gündəmə gətirən bəzi QHT rəhbərlərinə qarşı təzyiqlərlə bağlıdır. Bildirilir ki, xüsusilə bəzi xanım QHT sədrləri bu faktları ictimailəşdirdikdən sonra müxtəlif təzyiqlərlə üzləşiblər. Onların qrant layihələrinin dayandırılması, tədbirlərdən kənarlaşdırılması və digər imtiyazlardan məhrum edilməsi artıq sektorda qorxu atmosferi yaradıb.
Ən təhlükəli məqam isə digər QHT rəhbərlərinin də qrant və maliyyə asılılığı vasitəsilə susdurulmasıdır. Bu istiqamətdə "Yenixeberorg.com"a ötürülən məlumatlardan da aydın olur ki bəzi şəxslər qrant imkanlarını itirməmək üçün bu məsələlər barədə danışmır, hətta həqiqətləri dilə gətirən şəxslərə qarşı mövqe tutmağa məcbur edilirlər. Belə olan halda QHT sektoru vətəndaş cəmiyyətinin dayağı yox, idarə olunan və susdurulan bir mexanizmə çevrilib.
Bütün bunların fonunda ortaya çox ciddi suallar çıxır:
Kimlər QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki bu iddiaların araşdırılmamasında maraqlıdır?
Kimlər dövlət büdcəsi ilə bağlı şübhəli layihələrin üstünün örtülməsinə çalışır? Niyə konkret faktlar təqdim olunduğu halda məsələ hüquqi müstəviyə daşınmır? Niyə dövlətin pulları ilə bağlı sual verənlər cəzalandırılır, amma həmin pulların taleyi ilə bağlı cavab verməli olan şəxslər toxunulmaz qalır?
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
Əgər bu gün bir layihə üzrə ortaya çıxan faktlar ört-basdır edilirsə, cəmiyyət haqlı olaraq düşünür ki, görünməyən daha böyük korrupsiya sxemləri də mövcud ola bilər. Çünki cəzasızlıq korrupsiyanı böyüdür. Himayədarlıq isə onu sistemləşdirir.
Ən acınacaqlısı isə odur ki, bütün bunlar Ulu Öndərin adı altında edilir. Halbuki Heydər Əliyev dövlətçilik anlayışında dövlətə sədaqəti, qanunun aliliyini və milli maraqları hər şeydən üstün tuturdu. Bu gün onun adından istifadə edib şəxsi maraqlar güdmək, büdcə vəsaitlərini şübhəli layihələrə yönəltmək həmin siyasi irsə qarşı açıq hörmətsizlikdir. Görünən də odur ki, belələrinin həm də çox güclü “krışa”sı var.
Bu məsələ artıq lokal qalmaqal deyil. Bu, dövlət və cəmiyyət münasibətləri, ictimai etimad və şəffaflıq məsələsidir. Ona görə də bu iddiaların ən yüksək səviyyədə araşdırılması, bütün sənədlərin ictimaiyyətə açıqlanması və məsul şəxslərin hüquqi qiymət alması vacibdir.(Yenixeberorg.com)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Naşı həkimin əlinə düşdünsə... - NARAZILIQ VAR...


"Real Azərbaycan"a müraciət edən vətəndaş Xəyalə Quliyeva bildirir ki, fevral ayında görmə zəifliyi səbəbindən Nərimanov rayonunda yerləşən “Funda Hospital”da göz həkimi kimi fəaliyyət göstərən İmran Cərullazadəyə müraciət edib.

Onun sözlərinə görə, ilkin müayinə zamanı həkim əməliyyatın zəruri olduğunu bildirib və prosedurun cəmi 5–6 dəqiqə davam edəcəyini, heç bir narahatlığa əsas olmadığını qeyd edib.

Lakin Xəyalə Quliyeva iddia edir ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib.

Onun sözlərinə görə, əməliyyatdan bir gün sonra yenidən həkimə müraciət etdikdə, əməliyyatın uğursuz nəticələndiyi qəbul edilsə də, vəziyyətə ciddi yanaşılmayıb.

Şikayətçi əlavə edir ki, bir həftə sonra aparılan yoxlamalarda əməliyyat olunan gözün daha da zəiflədiyi məlum olub, lakin buna “normal hal” kimi izah verilib.

Xəyalə Quliyevanın iddiasına görə, sonrakı günlərdə vəziyyət daha da ağırlaşıb, gözündə çirkli ifrazat, batma hissi və güclü ağrılar yaranıb, görmə isə demək olar ki, tam itmə həddinə çatıb. O, bu vəziyyətlə bağlı yenidən “Funda Hospital”a müraciət etsə də, evə göndərildiyini bildirib.

Şikayətçi qeyd edir ki, gecə saatlarında ağrılar şiddətləndiyinə görə təcili şəkildə Göz Xəstəlikləri İnstitutuna aparılıb və orada həkim səhvi nəticəsində bu vəziyyətin yarandığı bildirilib.

Daha sonra Türkiyəyə gedən Xəyalə Quliyeva “Dünya Göz Xəstəxanası”nda əməliyyat olunduğunu və ona “Endoftalmit” diaqnozu qoyulduğunu bildirir. Onun sözlərinə görə, bu diaqnoz ciddi və təhlükəli göz xəstəliyi hesab olunur və əlavə müdaxilə tələb edir.

Şikayətçi bildirir ki, bütün bu müddət ərzində İmran Cərullazadəyə dəfələrlə müraciət etsə də, ona məsuliyyəti qəbul etmədiyini və hara istəsən şikayət edə bilərsən cavabı alıb.

Xəyalə Quliyeva məsələ ilə bağlı baş prokuror Kamran Əliyevə də şikayət etdiyini, həkimin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini qeyd edib.

Onun sözlərinə görə, həm maddi ziyana uğrayıb, həm də görmə qabiliyyətini ciddi şəkildə itirib.

Real Azərbaycan

“Millenium” şadlıq sarayında qalmaqal: Qonaqlar cərimələndi - TƏFƏRRÜAT


Aprelin 21-də “Millenium” şadlıq sarayının qarşısında avtomobillərini park edən qonaqlara cərimə tətbiq olunub.

Bu barədə Sitat.info-ya şikayət edən vətəndaş Elyanə Qədirova bildirib.

Onun sözlərinə görə, şadlıq sarayının nəzarətçisi avtomobili yolun ikinci zolağında saxlamağı tövsiyə edib və həmin ərazidə yol polisi tərəfindən cərimə yazılmadığını deyib.

“Millenium şadlıq sarayında keçirilən məclisdə iştirak edirdim. Nəzarətçi avtomobilimi şadlıq sarayının qarşısında ikinci zolaqda saxlamağımı bildirdi. Narahat olmamağımı, burada yol polisinin cərimə yazmadığını dedi. Məclisdə olduğum vaxt – saat 20:30 radələrində telefonuma qayda pozuntusuna görə 72 manat cərimə və 2 cərimə balı tətbiq edilməsi ilə bağlı mesaj gəldi. Mənimlə yanaşı digər qonaqlar da eyni vaxtda cərimə mesajı aldı”, – deyə şikayətçi qeyd edib.

Elyanə Qədirova bildirib ki, onunla birlikdə üç rəfiqəsi də eyni səbəbdən cərimələnib.

Şikayətçinin sözlərinə görə, hadisədən sonra qonaqlarla şadlıq sarayının rəhbərliyi arasında narazılıq yaranıb:

“Mənim kimi təxminən 15 nəfər cərimələnmişdi. Mübahisə düşdü. Restoran rəhbərliyi cərimələrin onların tərəfindən qarşılanacağını bildirdi, hətta kart hesabı təqdim etməyimizi istədi. Lakin sonradan vəd yerinə yetirilmədi. Şadlıq sarayı qonaqlara qarşı hörmətsizlik etmiş oldu. Biz qonaq idik və nəzarətçi avtomobillərin saxlanmasına görə məsuliyyət daşımalı idi”.(Sitat.info)

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Maştağada nəhəng obyekti necə qanunsuz tikmək olar? - Sirri Adil Vəliyevdə - VİDEO


Artıq bir neçə aydır Bakının qəsəbə və kəndlərində icra başçıları ərazi icra nümayəndələrinin əli ilə istədiklərini edirlər. Açıq və çəkinmədən qanunsuz tikintilər aparmaq istəyən sahibkarlar, biznesmenlər və ya sıradan adamlar rayon icra başçılarının ərazi üzrə nümayəndələri ilə danışıqlar aparır, rayon rəhbərlərinin əli ilə tikinti işlərinə başlayırlar və istədikləri ölçüdə, istədikləri formada obyekt, ev və sairə tikməkdə davam edirlər.

İcra hakimiyyətlərinə sorğu ünvanlananda isə şablon cavablar verilir və guya araşdırma aparıldığı deyilir. Əslində nə araşdırma aparan var, nə də qanun-qayda gözləyən. Açıq şəkildə qanunsuz tikinti aparılır, icra nümayəndələri ilə müxtəlif şəxslər əlaqəyə girərək bütün işləri görürlər.

Bizimesr.com bildirir ki, söhbət Sabunçu rayonu Maştağa qəsəbəsində, icra nümayəndəliyinin yaxınlığında nşa edilən yekə bir obyektdən gedir.

Məlumata görə, bu "dinozavr" obyekt Maştağada hər kəsin tanıdığı Faiq adlı biznesmen, sahibkar tərəfindən tikilir. Təbii ki, sənədi də, sübutu da yoxdur. Əslində sənədi də var, sübutu da - sənədi Sabunçu İcra Hakimiyyəti, sübutu da Maştağanın icra nümayəndəsi.

Şəhərsalmadan icazəsi – biznesmen olması, FHN-dən icazəsi isə hər ay ərazi üzrə bu obyektə gəlib-gedən nümayəndələr.

O bu işləri necə görür? Böyük ehtimalla “al gülüm, ver gülüm”. Əsl zəmanə adamıdır. Sabah gedib soruşan olsa ki, bəs bu obyektin sənədi? Deyəcək:sənədim də var, belə daşdan keçən. Soruşacaqsan sənədin hardadır? Deyəcək: o da Sabunçu İcra Hakimiyyətində… Soruşacaqsan kimdədir? Deyəcək: vallah bilmirəm, icra nümayəndəsi bilir…

Burada hər şey aydındır. Amma aydın olmayan bir məsələ var – Sabunçu icra başçısı Adil Əliyev həqiqətənmi düşünür ki, bu yekəlikdə qanunsuz tikilən obyekti görən yoxdur?

Bizimesr.com


40 işçi aylardır maaş ala bilmir... - AXI NİYƏ?


Naxçıvan Taxıl Məhsulları MMC-yə tətbiq olunan məhdudiyyət səbəbindən 40 işçi aylardır maaş ala bilmir. Bu barədə “Gündəlik Naxçıvan”a şirkətin hazırda həbsdə olan direktoru Şakir Təverdiyevin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, MMC-yə tətbiq olunan qadağa qanunsuydur və bunun arxasında səlahiyyətli nümayəndə dayanır. Yaxınları iddia edirlər ki, müəssisənin fəaliyyətinə qəsdən maneələr yaradılır və məhsulların satışına imkan verilmir.

Şakir Tarverdiyev Naxçıvanın ehtiyat fondunda olan 10 min ton taxılın yeyintisində ittiham olunaraq həbs edilib. Yaxınları isə iddia edirlər ki, onun bu yeyintidə əli olmayıb, bütün göstərişlər Ceyhun Cəlilovdan gəlib.
Müəssisə direktoru həbs olunduqdan sonra bir müddət Naxçıvandakı təcridxanada saxlanılıb, daha sonra Bakıdakı Kürdəxanı təcridxanasına köçürülüb.

Yaxınlarının sözlərinə görə, Şakir Təverdiyev həbs olunduqdan bir müddət sonra Bakıdan idarə olunan istintaq MMC-yə tətbiq olunan qadağanı aradan qaldırıb. Lakin onlar iddia edirlər ki, yerli məmurlar buna baxmayaraq müəssisənin işləməsinə mane olurlar:

Gündəlik Naxçıvan

“Müəssisə fəaliyyətini davam etdirsin deyə, Şakir həbsxanadan qaynatısının adına etibarnamə verərək bütün işləri ona həvalə edib. Lakin işləməyə imkan vermirlər.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra satışa başlanıldı ki, aylardır maaş almayan fəhlələrin pulu ödənilsin. Amma bundan xəbər tutan kimi məhsulu alan müəssisələrə təzyiq edildi və mallar geri qaytarıldı. Hazırda demək olar hər kəsə tapşırılıb ki, MMC-dən məhsul alınmasın”

Onların sözlərinə görə, anbarda saxlanılan bəzi məhsulların istifadə müddəti bitmək üzrədir və təcili emal olunaraq satışa çıxarılmalıdır:

“Əgər məhsullar xarab olsa, bu yüz minlərlə manat zərər deməkdir. Şakir istintaqda bəzi şəxslərin əleyhinə ifadə verib deyə, indi bunun qisası alınır. Amma ortada əziyyət çəkən sadə fəhlələrdir. Qısası, şəxsi ədavət 40 nəfər işçini maaşsız qoyub.”

MMC-də çalışan və adlarının açıqlanmasını istəməyən bəzi işçilər də maaşlarını ala bilməməkdə Naxçıvan rəhbərliyini günahlandırırlar:

“Hər kəs bilir ki, yeyintini kimlər edib. Amma bizim müdir həbs olunub. İndi də müəssisənin işləməsinə imkan vermirlər. Üç aydır maaş almırıq. Bizim də ailəmiz, uşaqlarımız var”.

Şirkət əməkdaşları və Şakir Təverdiyevin yaxınları aidiyyəti qurumlara müraciət edərək problemin həll olunmasını istəyirlər.

Qeyd edək ki, martın 4-də Naxçıvan Şəhər Məhkəməsi Şakir Təverdiyev barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Qobu sakinləri susuz qalıb: Şikayətlərinə Zaur Mikayılov belə baxmır….



Qobu qəsəbəsinin sakinləri 1 aya yaxındır ki, susuz qalıblar.

Sakinlər bu şikayətlə “Xəzər Xəbər”ə müraciət ediblər.

XALQ-ın məlumatına görə, qəsəbə sakinləri bildirirlər ki, Sona Salamova küçəsində yaşayan yüzlərlə ailə günlərdir içməli su tapa bilmirlər. Onların iddialarına görə, anbardan suyun verilməsinə nəzarət edən şəxs təzyiqi azaldaraq suyun evlərə verilməsinin qarşısını alır.

Sakinlər bildirirlər ki, qəsəbəyə maşınla su verilsə də, orada yaşayan sakinlərin gündəlik tələbatını qarşılqamır. Onlar problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara da müraciət ediblər.

İddialarda adı çəkilən İntiqam adlı şəxslə əlaqə saxladıq. O bildirdi ki, ərazidə yerləşən diametri 50 metr olan magistral boru xətləri 2016-cı ildə tikilən 20 ev üçün nəzərdə tutulub. Hazırda isə qəsəbədə yaşayış evlərinin sayı artıb və buna görə də su fasilələrlə verilir. Suyun satılması məsələsinə gəlincə isə, bildirildi ki, idarənin tabeliyindəki 3 su maşını həftə ərzində suyu sakinlərə paylayır. “Kənd sakinlərinə digər şəxslərin suyu pulla satması məsələsi isə bizə aid deyil”,- deyə bildirildi.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə “Xəzər Xəbər”ə deyildi ki, Abşeron rayonu, Qobu-Hökməli yolu adlanan əraziyə, o cümələdən Sona Salamova küçəsinə suyun verilməsi növbəlilik əsasında həyata keçirilir. Buna səbəb primitiv üsullarnan çəkilmiş xətlərdir ki, bu da suyun normal ötürülməsində ciddi çətinliklər yaradır. Buna baxmayaraq, hazırda yeni magistral boru xəttinin çəkilməsi istiqamətində layihə-smeta sənədləri hazırlanıb və yaxın günlərdə işlərin icrasına başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xanım sahibkar Gülşən Məmmədli dövlətin verdiyi icazə sənədini necə satır?



Azərbaycanın logistika sektorunda fəaliyyət göstərən, GSM Ekspress MMC və Mer Global Transport MMC-nin təsisçisi və rəhbəri kimi tanınan Gülşən Məmmədli dövlətin verdiyi icazə sənədlərinin satılması ilə bağlı iddialar yayılıb.

Gülşən Məmmədlinin rəhbərlik etdiyi şirkətlərlə bağlı iddia olunan müəyyən neqativ hallar (icazə sənədlərinin satılması iddiası) barədə məlumatları təqdim edirik:

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/xanim-sahibkar-gulsen-memmedli-dovletin-verdiyi-icaze-senedini-nece-satir-21611
Xəbər lenti