Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədr təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq,

apellyasiya məhkəmələri üzrə:

1.1. aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri;

ağır cinayətlər məhkəmələri üzrə:

1.2. Rəşad Şəmşir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;

1.3. Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

apellyasiya məhkəmələri üzrə:

2.1. Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

ağır cinayətlər məhkəmələri üzrə:

2.2. Zaur Arif oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

2.3. Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

2.4. Azər Ramiz oğlu Tağıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

hərbi məhkəmələr üzrə:

2.5. Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

kommersiya məhkəmələri üzrə:

2.6. Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

2.7. Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

2.8. Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

2.9. Şəhriyar İbrahim oğlu Əliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

2.10. Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Baku Steel Company”nin mühasibi işləmiş Xəqani Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi şahidlərin prosesə gəlməməsi səbəbindən növbəti iclası 23 iyuna təyin edib.

İttihama görə, “Baku Steel Company”yə satılan metal tullantılarından qazanılan milyonlarla vəsaitin ƏDV məbləğini dələduzluq yolu ilə ələ keçirən iş adamlarının cinayətlərinin üstü açılıb. Şirkəti idarə edənlər fiziki şəxslərdən metal qırıntıları alınmasının dayandırılması ilə bağlı yeni qərar qəbul ediblər. Alış-verişin yalnız hüquqi şəxslərlə aparılmasına icazə verilib.

Bu qərar isə 20 ildir şirkətdə işləyən, cinayət baş verən dövrdə şirkətin metal qəbulu şöbəsinin rəis müavini olan İmani Bayramov, həmçinin oraya metal satan digər iş adamlarına sərf etməyib.

Bundan sonra onlar müxtəlif müəssisələrdə mühasib işləyən Xəqani Seyfullayevi işə qoşublar. Seyfullayev qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” və digər şirkətlər vasitəsilə fiziki şəxslərdən metallar alıb, həmin metalların “Baku Steel Company”yə satışını həyata keçirib.

Amma şirkət üzərindən aparılan alqı-satqı qanun pozuntuları ilə aparılıb.

Sonradan Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq, vergiləri ödəməkdən yayınma, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması kimi cinayətlərin üstü açılıb.

Müəyyən olunub ki, mühasib Xəqani Seyfullayevin tapdığı şirkətlər vasitəsilə aparılan metal satışı nəticəsində 3 milyon manata yaxın pul cinayət yolu ilə ələ keçirilib.

Prokurorluq tərəfindən Xəqani Seyfullayevlə yanaşı, onun mühasibatlığını apardığı 14 MMC vasitəsilə “Baku Steel Company”yə metal satan Bayramov İmani Mahmud oğlu, Mahmudov Mirzaur Mirhəmid oğlu, Məmmədov Teymuraz Ərəbxan oğlu, Məmmədov Samir Polad oğlu və Hüseynov Rəsul Hidayət oğlu cinayət məsuliyyətinə cəlb ediliblər.

İttihama görə, onlar birgə qanunsuz əməlləri ilə 2 milyon 273 min manat ƏDV məbləğini büdcəyə köçürmədən dələduzluq yolu ilə talayıb, həmçinin 518 min manat vergi borcunu ödəməkdən yayınıblar.

6 təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat təşkil edib. Ağır cinayətə görə təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.

İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərlərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər. Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətberici əsaslar olmadan xitam verilib.

Hazırda nəzarət şərti ilə azadlıqda olan Xəqani Seyfullayev isə dəymiş ziyanı ödəmir. İstintaqın sonunda ona qarşı xüsusilə külli miqdarda dələduzluq, vergidən yayınma və başqa ağır maddələrlə yekun ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınıb.

Xəqani Seyfullayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. O, həmin ittiham üzrə özünü təqsirli bilməyib.

Qeyd edək ki, bu cinayətin təməli şirkətin keçmiş sahibi Rasim Məmmədovun həbsindən 5 ay sonra qoyulub. Rasim Məmmədovdan sonra faktiki şirkətə rəhbərlik edən şəxslər bu cinayətə imza atıblar.

Xatırladaq ki, Rasim Məmmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldııb. Lakin Ali Məhkəmə onun şikayətini təmin etməyib.

Rasim Məmmədov 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Onun 70 milyonluq əmlakı müsadirə edilib.

Rahat marketdə köhnə məhsullar, endirimlı qiymətlər….


“Şikayətim “Rahat market”dəndir”. Bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: “Şöbədə piştaxtada bir qiymət, kassada bir qiymət. Bildirəndə də deyilir ki tərəzilər yenilənməyib. O bizim problemimiz deyil, axı…

Mən bildirdim ki, asağı qiyməti ödəmək mənim haqqımdır. Kassir eşitməməzliyə vurdu özünü. Onsuz da bu marketdə belə problemlər hər zaman olur. Köhnə məhsullar, problemli qiymətlər…. Bir sözlə: bərbad…” Dia-az

Azay Möhnətov nəyin "Bədəl" ödəyir?-“AF Hotel” yandı, “Eurohome” bağlandı


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bazarda elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib; obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib; bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb; obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

“Eurohome” iş adamı Azay Möhnətova məxsusdur.

Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”in də sahibi Azay Möhnətovdur. Bir neçə gün əvvəl sözügedən obyektdə yanğın baş verimişdi.

FHN-dən saytımıza bildirilib ki, yanğının səbəbləri araşdırılır.

Bu hadisələr Azay Möhnətovun adı ilə bağlı əvvəlki qalmaqalların yenidən gündəmə gəlməsinə səbəb olub.

Uzun illərdir tikinti, turizm və kommersiya sektorunda fəaliyyət göstərən iş adamının adı xüsusilə Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarı ilə bağlı hadisələrdən sonra daha çox hallanmağa başlayıb. 2019-cu ildə bazarda baş vermiş iri yanğın yüzlərlə sahibkara ciddi maddi ziyan vurmuşdu. Hadisədən sonra icarədarların bir hissəsi kompensasiya ala bilmədiklərini bildirərək etiraz aksiyalarına çıxmış, hətta Bakı–Sumqayıt yolunu bağlamağa cəhd etmişdilər.

Aradan illər keçsə də, həmin qalmaqalın tam bağlanmadığı görünür. Müxtəlif media resurslarında dərc olunan məlumatlarda bəzi sahibkarların hələ də kompensasiya ala bilmədiyi iddia edilir. Xüsusilə sahibkar Rafiq Ocaqverdiyevin adı tez-tez hallanır. Onun açıqlamalarına görə, “EuroHome”dakı yanğın zamanı 200 min manatdan çox zərərə düşüb, lakin kompensasiyanın ödənilməsi ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlayıb.

Mediada gedən iddialarda diqqət çəkən başqa bir məqam isə “EuroHome” ətrafında təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsidir. Bir sıra nəşrlər bazarda yanğın təhlükəsizliyi standartlarının uzun müddət lazımi səviyyədə olmadığını yazıb. Hətta iddialara görə, bazarda aparılan yoxlamalar zamanı da həmin problemlərin tam aradan qalxmadığı iddia olunurdu.

Azay Möhnətovun biznes fəaliyyəti yalnız “EuroHome” və “AF Hotel”lə məhdudlaşmır. Onun adı müxtəlif illərdə tikinti, daşınmaz əmlak və turizm layihələrində hallanıb. Xüsusilə Novxanı sahilində yerləşən “AF Hotel & Aqua Park” kompleksi ölkənin ən böyük istirahət mərkəzlərindən biri hesab olunur. Kompleksin rəsmi məlumatlarında burada hotel, aquapark, restoranlar, əyləncə zonaları və geniş turizm infrastrukturu olduğu göstərilir.

Ancaq Möhnətovun fəaliyyəti Azərbaycan sərhədləri ilə də bitmir.

Onun adı Rusiya mediasında da iri biznes əlaqələri fonunda hallandırılıb. Rusiyanın “The Moscow Post” nəşri bir müddət əvvəl yazırdı ki, vaxtilə rusiyalı milyarder Mikhail Gutserievin “Safmar” qrupuna aid olmuş “Rusinkom” ASC sonradan Azərbaycanın AF Holding şirkətinin nəzarətinə keçib. Məqalədə iddia olunurdu ki, şirkət formal olaraq əl dəyişsə də, biznes üzərində nəzarət Azay və İlyas Möhnətovlar vasitəsilə qorunub saxlanılıb.

Həmin araşdırmada bildirilirdi ki, “Rusinkom” aktivləri “Binbank”ın çökməsindən sonra yaranmış çoxmilyardlıq borcların bağlanması üçün “Trust” bankına verilmiş aktivlər sırasında olub. Sonradan AF Holding-in həmin aktivlərə sahib çıxması Rusiyada da diqqət çəkən sövdələşmələrdən biri kimi təqdim edilmişdi. Məqalədə benefisiar məlumatlarının açıqlanmaması ayrıca sual doğuran məqam kimi vurğulanırdı.

Rusiya mediasında gedən yazılarda Möhnətovların adı daşınmaz əmlak layihələri ilə də əlaqələndirilirdi. İddialara görə, AF Holding Moskvada yüz minlərlə kvadratmetr yaşayış sahəsinin tikintisini planlaşdırırdı. Maraqlıdır ki, analoji layihələri vaxtilə Mixail Qutseriyevin özü də elan etmişdi.

Beləliklə, Novxanıdakı son yanğın bir daha göstərdi ki, Azay Möhnətovun adı təkcə hotel biznesi ilə deyil, illərdir müzakirə olunan iri maliyyə, tikinti və kompensasiya qalmaqalları ilə birlikdə çəkilir. “EuroHome” yanğınından zərər çəkən sahibkarların iddiaları hələ də tam həllini tapmayıb, Rusiyadakı biznes əlaqələri isə zaman-zaman yeni suallar doğurmaqda davam edir. /Tiraj.az/

Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO


Bakı şəhərinin Xətai rayonunda, Xudu Məmmədov küçəsi, giriş 317 ünvanında inşa edilən qeyri-yaşayış obyektinin tikintisi ətrafında ciddi suallar yaranıb. Rəsmi sənədlərdə obyektin “1 mərtəbəli, zirzəmili” ticarət binası kimi göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə artıq ikinci mərtəbənin də inşa olunduğu müşahidə edilir.

Bizimesr.com bildirir ki, tikinti ilə bağlı məlumatlara əsasən, sifarişçi Samirə İdris qızı Səfərova, layihəçi isə CAVANŞİR TİKİNTİ LAYİHƏ MMC-dir. Tikinti obyektinə icazə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib. İcazənin nömrəsi ETİ-13/26, tarixi isə 20.02.2026-cı il göstərilir.

Sənədlərdə obyektin tikinti sahəsinin 216.96 kvadratmetr, ümumi sahəsinin isə 343.64 kvadratmetr olduğu qeyd olunur. Ən diqqətçəkən məqam isə “mərtəbələrin sayı” hissəsində binanın “1 mərtəbəli, zirzəmili” kimi göstərilməsidir.

Lakin ərazidən yayılan videogörüntülər və yerli sakinlərin müşahidələri fərqli mənzərə ortaya qoyur. Görüntülərdən aydın görünür ki, obyektin ikinci mərtəbəsi artıq tam şəkildə qaldırılıb və tikinti işləri davam etdirilir. Bu isə təsdiqlənmiş layihədən kənara çıxılması ilə bağlı ciddi şübhələr yaradır.

Məsələnin digər mühüm tərəfi isə “zirzəmi” anlayışı ilə bağlıdır. Tikinti normalarında zirzəmi əsasən onun yer səviyyəsinə münasibəti ilə müəyyən edilir. Belə ki, zirzəmi hesab olunan hissənin böyük bölümü torpaq səviyyəsindən aşağıda yerləşməlidir. Onun döşəməsi yer səviyyəsindən aşağı olur və hündürlüyünün müəyyən hissəsi torpaq altında qalmalıdır.

Əgər konstruksiya faktiki olaraq tam şəkildə yerüstü mərtəbə kimi inşa edilirsə, geniş pəncərə və girişlə normal istifadə olunursa, bu halda ona sadəcə “zirzəmi” adı verilməsi kifayət etmir. Belə konstruksiyalar bir çox hallarda ayrıca mərtəbə kimi qiymətləndirilir.

Məhz bu səbəbdən ictimaiyyətdə belə bir sual yaranır: sənəddə “1 mərtəbəli, zirzəmili” kimi göstərilən obyekt əslində iki mərtəbəli bina kimi inşa edilirsə, bu vəziyyətə hansı qurumlar nəzarət edir?

Mütəxəssislərin fikrincə, təsdiqlənmiş layihədən kənar əlavə mərtəbənin tikilməsi şəhərsalma və təhlükəsizlik normalarının pozulması hesab oluna bilər. Belə hallarda aidiyyəti dövlət qurumlarının - xüsusilə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər nəzarət orqanlarının məsələyə münasibət bildirməsi vacib sayılır.

Hazırda ictimaiyyət tikintinin layihəyə uyğun aparılıb-aparılmaması ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləyir.

Bizimesr.com

VİDEO LİNKDƏ:  https://www.bizimesr.com/az/post/xetai-rayonunda-qalmaqali-tikinti---senedde-1-realliqda-ise-2-mertebe---video-21870

Otorapor_azerbaijan-dan şikayət - "200 manatım və 4 saat boşuna vaxtım getdi"


Son vaxtlar avtomobil alqı-satqısı zamanı istifadə olunan texniki yoxlama xidmətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif şikayətlər səsləndirilir. Vətəndaşlardan biri maşın satışı zamanı yaşadığı hadisəni paylaşaraq, bu cür xidmətlərin fəaliyyətinə dair sualların yarandığını bildirib.
Bizimesr.com bildirir ki, şikayətçinin sözlərinə görə, avtomobil satış prosesi zamanı alıcı tərəf maşını Babək prospektində yerləşən Otorapor_azerbaijan texniki yoxlama məntəqəsinə aparıb və orada avtomobilə diaqnostika aparılıb. Nəticədə avtomobilin mühərriki ilə bağlı “yağ yandırma” və “tüstü vermə” kimi texniki problemlərin olduğu qeyd edilib.
Lakin şikayətçi iddia edir ki, bu nəticələrlə razılaşmayıb və həmin diaqnostikanın real şəraitdə yenidən yoxlanılmasını tələb edib. Onun sözlərinə görə, avtomobil bir neçə dəfə sınaqdan keçirilsə də, göstərilən problemlər təsdiqini tapmayıb.
Vətəndaş bildirib ki, təxminən iki saat davam edən yoxlamalar zamanı avtomobildə iddia edilən tüstü və ciddi nasazlıq əlamətləri müşahidə olunmayıb. Buna baxmayaraq ilkin rəy dəyişməyib.
Şikayətçi əlavə edib ki, ona avtomobil qiymətindən 1000 manat saxlanılması və problem təsdiqlənərsə, məbləğin geri qaytarılması təklif olunub. Onun sözlərinə görə, bu proses həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olub. 
Hadisə ilə bağlı paylaşım edən vətəndaş daha sonra yoxlama məntəqəsinin sosial media səhifəsində şərh yazdığını, lakin daha sonra hesabının bloklandığını iddia edib. O həmçinin mənfi rəylərin silindiyini də bildirib. 
Şikayətçi başına gələn hadisənin digər vətəndaşlar üçün də dərs ola biləcəyini bildirərək, avtomobil yoxlama xidmətlərindən istifadə edərkən daha diqqətli olmağa çağırır.(Bizimesr.com)

Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT


Gədəbəy rayonunda son aylarda qanunsuz tikinti iddiaları yenidən gündəmə gəlib. Saratovka və Arıqdam kəndləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar göstərir ki, rayonda qeyri-yaşayış obyektlərinin tikintisi üzərində nəzarət mexanizmləri ya zəifləyib, ya da tamamilə formal xarakter daşıyır. Ən ciddi sual isə budur: qanunsuz olduğu deyilən obyektlərin tikintisinə kim şərait yaradır?
Mənbələrin bildirdiyinə görə, Saratovka kəndində inşa edilən iki obyektin heç bir rəsmi icazə sənədi yoxdur. Buna baxmayaraq tikinti işləri davam edir. İddialarda qeyd olunur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əməkdaşları əraziyə baxış keçirsələr də, nəticədə nə tikinti dayandırılıb, nə də obyekt sökülüb. Halbuki son illərdə eyni rayonda qanunsuz tikililərin sökülməsi ilə bağlı rəsmi məlumatlar yayılmışdı. 2024-cü ildə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Slavyanka kəndində qanunsuz tikilinin söküldüyü açıqlanmışdı.
Bu fakt bir daha göstərir ki, dövlət qurumları istədikdə müdaxilə edə bilir. Bəs onda Saratovka və Arıqdamda tikilən obyektlər niyə hələ də fəaliyyətdədir və ya tikintisi davam etdirilir?
Mənbələrin iddiasına görə, rayonda son yeddi ay ərzində icra hakimiyyəti rəhbərliyində yaranan boşluq bəzi vəzifəli şəxslərin təsir imkanlarını artırıb. Xüsusilə memarlıq və tikinti sahəsinə cavabdeh şəxslərin qeyri-rəsmi şəkildə tikintilərə “razılıq” verdiyi bildirilir. Rəsmi sənəd olmadan obyekt tikintisinin aparılması isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir.
Azərbaycan qanunvericiliyinə əsasən iri tikinti layihələri, kommersiya obyektləri, şadlıq evləri və istirahət mərkəzləri üçün müvafiq dövlət qurumlarının razılığı tələb olunur. Tikintiyə icazə prosedurları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilməlidir. Bundan başqa, torpaq məsələləri ilə bağlı bələdiyyələrin səlahiyyətləri illər əvvəl məhdudlaşdırılıb. Buna görə də sənədsiz obyektlərin necə və hansı əsasla tikilməsi ciddi araşdırma tələb edən məsələdir.
Diqqət çəkən başqa məqam isə rayonda istirahət və ticarət obyektlərinin sürətlə artmasıdır. Əmlak elanlarında belə Saratovka və Slavyanka kəndlərində iri istirahət mərkəzləri, restoran tipli obyektlər və kommersiya təyinatlı tikililərin satışa çıxarıldığı görünür. Bəzi elanlarda sənəd məsələlərinin tam aydın olmadığı da hiss olunur.
Arıqdam kəndi ilə bağlı gundemxeber.com-a daxil olan məlumat isə vəziyyətin daha da ciddi olduğunu göstərir. İddialara görə, yaşayış massivinin ortasında, bazarın yaxınlığında iri şadlıq evinin tikintisi aparılır. Həmin obyektin Moskvada yaşayan Cəsarət adlı şəxs tərəfindən inşa etdirildiyi bildirilir. Yerli sakinlər yaşayış evlərinin arasında belə iri obyektlərin tikilməsinin həm təhlükəsizlik, həm də gələcək infrastruktur problemləri yaradacağını düşünürlər.
Rayon sakinləri arasında formalaşan əsas fikir isə budur: “kim imkanlıdırsa, qanunsuz da olsa obyekt tikə bilir.” Bu düşüncənin yaranması özü artıq ciddi siqnaldır. Çünki insanlar qanunun hər kəs üçün eyni işləmədiyinə inanmağa başlayırsa, bu, dövlət nəzarət mexanizmlərinə inamın zəifləməsi deməkdir.
Son illərdə Gədəbəy müxtəlif problemlərlə – ekoloji narazılıqlar, torpaq məsələləri və tikinti qalmaqalları ilə gündəmə gəlib. Xüsusilə Söyüdlü kəndində baş verən hadisələrdən sonra rayonda idarəetmə və nəzarət məsələləri daha çox müzakirə olunmağa başlanmışdı.
İndi isə ictimaiyyəti maraqlandıran əsas məsələ budur: Saratovka və Arıqdam kəndlərində aparılan tikintilərin hüquqi əsası varmı? Əgər yoxdursa, niyə dayandırılmır? Əgər icazə verilibsə, hansı qurum tərəfindən və hansı sənədlə?
Bu suallara cavab verilməsi artıq yalnız yerli sakinlərin deyil, aidiyyəti dövlət qurumlarının da məsuliyyət məsələsinə çevrilib.

Gundemxeber.com



Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.
Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.

Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil.
Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi işləyib.

“Qafqazinfo”

“Azure Residence”dən ŞİKAYƏT


“2025-ci ildə öz cəmiyyətimizi yaradıb qeydiyyatdan keçirsək də, hələ də hüquqlarımızdan istifadə edə bilmirik. Müxtəlif adlarla şirkətlər açaraq bizə maneələr yaradılır, sakinlərdən qeyri-qanuni kommunal ödənişlər toplanır, mənzillərimizin texniki pasportları verilmir”.

Bu iddia ilə “Qafqazinfo”ya Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə ev 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksinin sakinləri müraciət ediblər.

Vətəndaşlar bildiriblər ki, özləri yığışaraq “Xətai-48” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini (MMMC) yaradıblar. Lakin daha əvvəl tikinti şirkəti tərəfindən yaradılan və idarəçiliyi həyata keçirən şirkət hələ də binadan çıxıb getmək istəmir: “Bizim binalar “Babək” MTK tərəfindən inşa olunub. Sonradan MTK-nın adı bir neçə dəfə dəyişdirilib, axırda “Güvenli” MTK olub. Bizə qədər binanı bu MTK-nın yaratdığı “Güvenli-Servis Management” MMC idarə edib. Bu şirkət bizə ancaq problem yaradıb, ötən ilin sentyabr ayından isə sakinlərin isti suyunu kəsib. Bizdən isti suyu alaraq binada qurduqları kommersiya şirkətlərinə verirlər, deyirlər “bizdən də pul almayın, onlardan da”. Nə istəyirlər, onu da edirlər. Biz sakinlər də yığışıb öz cəmiyyətimizi yaratmaq qərarına gəldik. “Xətai-48” MMMC-ni Ədliyə Nazirliyində qeydiyyatdan keçirdik və 2025-ci il noyabrın 1-dən fəaliyyətə başladıq. Lakin kommunal xidmətləri yığmaq bizim öhdəliyimizdə olduğu halda, “Güvenli-Servis Management” MMC qanunsuz şəkildə kommunal xidmətlərdən gəlir əldə edir”.

Sakinlər problemlə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etdiklərini bildiriblər: “Güvenli-Servis Management” MMC və onunla sinxron hərəkət edən fərdi mülkiyyətçi Babək Babayev qanunları manipulyasiya edib. Məsələ bu dəfə şirkət adı ilə deyil, fərdi şəxs adı ilə yenidən hakim İlahə Abbasovanın qarşısına çıxarılıb. Söhbət mərkəzi qazanxana, çiller otağı, generator və digər mühəndis sistemlərindən gedir. Halbuki həmin obyektlər barədə artıq Ali Məhkəmənin qərarı var və işə Apellyasiya Məhkəməsində baxılır. Həmin hakim Babək Babayevin ərizəsini qəbul edərək eyni obyektlər üzrə yenidən müvəqqəti təminat tədbiri çıxarıb. Qərara əsasən, qazanxana və texniki otaqların açarlarının kənar şəxslərə verilməsi tələb olunub. Əslində isə FHN-in xüsusi təhlükəsizlik qaydalarına görə, yüksək təhlükə mənbəyi olan strateji sahələrə, o cümlədən, mərkəzi qazanxana kompleksi, çiller sistemləri və generator otaqlarına yalnız lisenziyalı və xüsusi sertifikatlı peşəkar texniki heyət daxil ola bilər.

Texniki və strateji əhəmiyyətli obyektlərə lisenziyasız şəxslərin girişinə imkan yaradılması bina sakinlərinin təhlükəsizliyini risk altına salır. Biz yanğın və ya fövqəladə hal təhlükəsinin yarana biləcəyindən narahatıq”.

Problemlə əlaqədar “Güvenli-Servis Management” MMC-nin meneceri Səbinə Salamova ilə əlaqə saxlasaq da, iddialarla bağlı cavab ala bilmədik. O bizə MMC-nin hüquqşünası ilə əlaqə saxlamağı tövsiyə etsə də, şirkətin hüquqşünası da zənglərimizə cavab vermədi.

Qeyd edək ki, “Güvenli-Servis Mangement” MMC barəsində daha əvvəl idarəçilik qaydaları əleyhinə olan (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Qafqazinfo

“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…



Vətəndaş Pərvanə Novruzova iddia edir ki, “Referans Estetik Mərkəzi”ndə üzərində həyata keçirilən estetik əməliyyatdan sonra ciddi narazılıq yaşayır və hazırda həm sağlamlığı, həm də təhlükəsizliyi ilə bağlı narahatlıq keçirir.
Vətəndaşın redaksiyamıza təqdim etdiyi sənəddə qeyd olunur ki, 22 yanvar 2024-cü il tarixində “Royal Aesthetic Centre” MMC-nin nəzdində fəaliyyət göstərən “Referans Estetik Mərkəzi”ndə Rövşən Babayev adlı şəxs tərəfindən onun üzərində septorinoplastika əməliyyatı icra olunub. Klinikadan təqdim edilən arayışda da bu fakt öz əksini tapır.
Qeyd edək ki, septorinoplastika burun çəpərinin düzəldilməsi ilə yanaşı burnun estetik formasının dəyişdirilməsi məqsədilə aparılan cərrahi əməliyyat hesab olunur.
Pərvanə Novruzovanın iddiasına görə, əməliyyatdan sonra gözlədiyi nəticəni əldə etməyib və həm səhhətində, həm də estetik görünüşündə narazılıq yaradan problemlərlə üzləşib. O bildirir ki, məsələ ilə bağlı klinikaya müraciət etdikdə ödədiyi vəsaitin geri qaytarılması əvəzinə ona yenidən ikinci əməliyyat təklif olunub.
Lakin vətəndaş ikinci dəfə əməliyyat masasına uzanmaq istəmədiyini bildirir. Bunun səbəbi kimi isə adı hallanan Rövşən Babayev barədə apardığı araşdırmaları göstərir.
Belə ki, Pərvanə Novruzova iddia edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ictimaiyyətə açıqladığı plastik cərrahların rəsmi siyahısında Rövşən Babayev adına rast gəlməyib. Bu halın onda ciddi qorxu yaratdığını deyən vətəndaş, ikinci əməliyyatın nəticələrinin daha ağır ola biləcəyindən ehtiyat etdiyini vurğulayır.
Məsələ ilə bağlı ortaya bir sıra suallar çıxır:
Rövşən Babayev estetik və plastik cərrahiyyə fəaliyyəti üçün hansı hüquqi əsaslarla çalışır?
“Referans Estetik Mərkəzi”ndə həyata keçirilən əməliyyatlar aidiyyəti dövlət qurumlarının nəzarətindən keçirilirmi?
Pasiyent əməliyyatdan əvvəl mümkün risklər barədə tam məlumatlandırılıbmı?
Narazı qalan vətəndaşın hüquqları necə qorunacaq?
Bakunews.az olaraq məsələ ilə bağlı adı hallanan Rövşən Babayevlə əlaqə saxladıq. Lakin qarşı tərəf səsləndirilən iddialara münasibət bildirmək və ya vətəndaşın narazılığı ilə bağlı açıqlama vermək əvəzinə, medianın şikayəti işıqlandıra bilməsini “şantaj” kimi təqdim etməyə çalışıb. Bununla yanaşı, redaksiyanın mövqe öyrənmək və qarşı tərəfi dinləmək cəhdinə müxtəlif manipulyativ yanaşmalarla “don geyindirilməyə” çalışıldığı müşahidə olunub.
Buna baxmayaraq, Bakunews.az olaraq bir daha bildiririk ki, qarşı tərəfin mövqeyini dərc etməyə və onların açıqlamasını yayımlamağa hazırıq.
Qeyd edək ki, yazıda yer alan məlumatlar vətəndaşın iddiaları və redaksiyamıza təqdim etdiyi sənədlər əsasında hazırlanıb. Mövzunun hüquqi və tibbi tərəfləri ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğular ünvanlanacağ.

Bakunews.az

Xəbər lenti