Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

BDU “Məzun günü” tədbiri üçün 156 min manat xərcləyəcək


Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

BDU tərəfindən 2025/2026-cı tədris ili üzrə “Məzun günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.
Qeyd edək ki, BDU tenderin qalibi olan şirkətə 155 min 913 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Onu da bildirək ki, BDU-nun əvvəlki illərdə keçirdiyi “Məzun günü” tədbirlərini də “Admedia.az” MMC təşkil edib. Bir il əvvəl – 2024/2025-ci tədris ilində BDU “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi üçün “Admedia.az” MMC-yə 158 min 627 manat 40 qəpik, 2023/2024-cü tədris ilində isə 146 min 662 manat 20 qəpik ödəyib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, BDU-nun “Məzun Günü” tədbiri ilə bağlı xərcləri son bir ildə 2 min 714 manat azalıb.(Yeniavaz.com )
[right][/right]

28 müştəridən asılı olan gələcək: "AFB Bank" idarəetmədə hansı səhvə yol verir?


"AFB Bank" 2025-ci ildə aktivlərini və depozit bazasını əhəmiyyətli dərəcədə genişləndirib. Lakin auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarının təhlili göstərir ki, sürətli artım bankın əsas maliyyə göstəricilərinə ciddi təzyiq yaradıb.

AFN.az bankın 31 dekabr 2025-ci il tarixinə auditor rəyi ilə təsdiqlənmiş rəsmi maliyyə hesabatlarına əsasən xəbər verir ki, ilk baxışda müsbət görünən dinamikanın arxasında gəlirliliyin azalması, xərclərin sürətlə artması və kapital göstəricilərinin zəifləməsi dayanır.

Kağız üzərində böyümə, maliyyə nəticələrində geriləmə

Bankın cəmi aktivləri 2024-cü ildəki 292.3 milyon manatdan 2025-ci ildə 417.6 milyon manata yüksəlib ki, bu da 43 faiz artım deməkdir. Müştərilərə verilmiş kreditlərin həcmi isə 62 faiz artaraq 282.6 milyon manata çatıb və cəmi aktivlərin 68 faizini təşkil edib. Bununla belə, aktiv və kredit portfelinin genişlənməsi mənfəət göstəricilərində öz əksini tapmayıb. Xalis mənfəət 4.108 milyon manatdan 2.194 milyon manata düşüb ki, bu da 47 faizlik azalma deməkdir. Mənfəət vergisindən əvvəl mənfəət 54 faiz azalaraq 6.06 milyon manatdan 2.81 milyon manata enib. Xalis faiz gəliri də 18.3 milyon manatdan 17.99 milyon manata geriləyib. Eyni dövrdə ümumi və inzibati xərclər 37 faiz artaraq 14.02 milyon manatdan 19.17 milyon manata yüksəlib.

Görsənicilərdən görünür ki, bankın genişlənməsi xərclərin sürətli artımı ilə müşayiət olunub və bu, gəlirliliyə mənfi təsir göstərib. Nəticədə səhm üzrə mənfəət də 73.82 manatdan 39.43 manata düşüb.

Depozit bazasında aqressiv artım

2025-ci ildə bankın ən diqqətçəkən nəticələrindən biri depozit portfelində qeydə alınıb. Müştəri depozitləri bir il ərzində 72.4 faiz artaraq 130.4 milyon manatdan 224.9 milyon manata yüksəlib. Xüsusilə fiziki şəxslərin müddətli depozitləri 22 milyon manatdan 93.4 milyon manata yüksələrək 323 faiz artıb. Bununla yanaşı, ümumi depozitlərin təxminən 63 faizi cəmi 28 müştərinin payına düşür ki, bu da bankın məhdud sayda iri əmanətçidən asılılığını artırır. Depozit bazasının genişlənməsi likvidlik baxımından müsbət amil sayılsa da, bunun maliyyə dəyəri kifayət qədər yüksək olub. Belə ki, faiz xərcləri 5.68 milyon manatdan 9.48 milyon manata yüksəlib. Bu isə bankın vəsait cəlb etmək üçün daha yüksək faizlər təklif etdiyini göstərir. Eyni zamanda, cəlb edilən vəsaitlərin gəlirlilik baxımından eyni səviyyədə istifadəsi maliyyə nəticələrində əks olunmayıb.

Kredit portfeli və əsas risklər

Auditor hesabatında əsas audit məsələsi kimi ehtimal olunan kredit zərərləri ehtiyatı (EOKZ) göstərilib. Kreditlərin aktivlərdəki payının 68 faizə çatması, eyni zamanda Azərbaycan iqtisadiyyatında ÜDM-in 1.4 faiz artdığı şəraitdə, kredit risklərinin daha diqqətlə izlənilməsini zəruri edir. Portfelin sürətli genişlənməsi kredit keyfiyyəti ilə bağlı riskləri artırır. Restrukturizasiya olunmuş və Stage 3 ((3-cü mərhələ kreditləri — kredit ödənişlərində 90 gündən çox gecikmə olan və ya bank tərəfindən borcun ödənilmə ehtimalının çox aşağı (defolt) hesab edildiyi problemli kreditlər)) kreditlərin həcminin yüksəlməsi gələcək dövrlərdə əlavə ehtiyatların yaradılması zərurətini ortaya çıxara və maliyyə nəticələrinə təzyiq göstərə bilər.

Kapital göstəricilərində zəifləmə

Bankın kapital bazasında geriləmə müşahidə olunur. Cəmi kapital 77 milyon manatdan 75.1 milyon manata düşüb. Bölüşdürülməmiş mənfəət azalıb, bank 4.1 milyon manat dividend ödəyib. Eyni zamanda, kapital adekvatlığı əmsalları aşağı düşüb. 1-ci dərəcəli kapital adekvatlığı 32.56 faizdən 21.90 faizə, cəmi kapital adekvatlığı isə 35.67 faizdən 24.17 faizə geriləyib. Mövcud göstəricilər hələ də normativ tələblərə uyğundur. Bununla belə, azalma tendensiyası davamlı xarakter alarsa və kredit portfelində zərərlər artsa, gələcəkdə kapital mövqeyi üzərində əlavə təzyiq yarana bilər.

Riskli böyümə modeli

"AFB Bank"ın 2025-ci il nəticələri sürətli böyümənin hər zaman yüksək maliyyə səmərəliliyi ilə müşayiət olunmadığını göstərir. Depozit və kredit portfelində qeydə alınan aqressiv artım fonunda mənfəət təxminən iki dəfə azalıb, əməliyyat xərcləri yüksəlib və kapital göstəriciləri zəifləyib. Müştərilər üçün yüksək depozit faizləri cəlbedici görünə bilər. Lakin bankın uzunmüddətli maliyyə dayanıqlılığı baxımından gəlirlilik, kapital və kredit keyfiyyəti göstəricilərinin inkişaf dinamikası diqqətlə izlənilməlidir. Tənzimləyicilər və bazar iştirakçıları üçün isə hesabat sürətli böyümənin arxasında formalaşa biləcək risklərin vaxtında qiymətləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir.

"AFB Bank" rəhbərliyi növbəti dövrdə kredit portfelinin keyfiyyətinin qorunmasına, xərclərin idarə olunmasına və kapital bazasının gücləndirilməsinə fokuslanmasa, 2025-ci ildə əldə olunan artım göstəriciləri sonrakı dövrlərdə əlavə çağırışlara səbəb ola bilər.

AFN.az Araşdırma qrupu

2,5 milyonluq uşaq bağçası – “MİDA”-nın layihəni həvalə etdiyi sirli şirkət


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC Abşeron rayonunun Saray qəsəbəsində yeni uşaq bağçasının tikintisi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, layihə çərçivəsində Saray qəsəbəsində yerləşən 4,5 hektar torpaq sahəsində 2 mərtəbəli, 80 yerlik uşaq bağçası inşa olunacaq.

Müsabiqənin qalibi “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

“MİDA” MMC ilə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 535 min 316 manat 36 qəpik təşkil edir. Layihənin icra müddəti və tikintinin nə vaxt başa çatacağı barədə hələlik əlavə məlumat açıqlanmayıb.

“İdeal TM” QSC 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2 010 AZN-dir. Hüquqi ünvanı Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

Açıq mənbələrdə “İdeal TM” MMC haqqında heç bir məlumat yoxdur.

Əfqan Əliyevə gəlincə, o, həm də “NN Group” MMC-nin rəhbəridir. 2024-cü ildə ona inzibati protokol tərtib edilib. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

“NN Group” MMC hələ 2019-2020-cı illərdə məktəb tkintisi ilə “MİDA” MMC ilə 7 və 13 milyonluq satınalma müqaviləsi bağlayıb. Hər iki tender üzrə satınalma prosesi birmənbə metodu ilə həyata keçirilib.

“MİDA” MMC-nin rəhbəri Fərhad Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qorxmaz Təhməzlinin qardaşıdır. /Qaynarinfo/

Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi Füzuli rayonunun Pirəhmədli kəndinin infrastrukturunun qurulması məqsədilə irimiqyaslı tenderə yekun vurub.


Kəndin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi işlərini əhatə edən nəhəng müqavilə "AZSUR GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Sifarişçi qurum bu satınalma üçün düz 1599999.99 AZN vəsait xərcləyəcək.


Nizamnamə kapitalı cəmi 10 AZN olan və qanuni təmsilçisi Rəşad Yasəf oğlu İmanlı olan bu şirkətin milyonluq infrastrukturu necə inşa edəcəyi diqqət mərkəzindədir.


Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad İmanlı barəsində də hər hası məlumata rast gəlinmir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub. Onun haqqında da heç bir məlumat yoxdur.


"Azsur Group” MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.


Qeyd eğək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Rauf oğlu Mikayılovdur, tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin rəhbəri vəzifəsini Fuad Abışev icra edir. O, eyni zamanda qurumun İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərir.


***32gun.az Xatırladır ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.


Mediada yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuşdu.


ADSEA rəhbəri Zaur Mikayılovun kadr siyasəti ilə bağlı əvvəllər də “qohumbazlıq” iddiaları gündəmə gəlib.


Həmçinin bildirilmişdi ki, Boğaziçi Universitetində birgə təhsil aldığı dostu Əsəd Şirinovu əvvəl müşavir, daha sonra isə “quda statusu”na yüksələn əsas fiqurlardan birinə çevirib. Ə.Şirinov bundan öncə isə əvvəllər “Coca-Cola” şirkətində Azərbaycan və Qazaxıstan üzrə əməliyyatlar meneceri, eləcə də Qafqaz regionu üzrə menecer vəzifələrində çalışıb.


Digər qudası Fuad Quliyevin də paralel şəkildə aparat rəhbəri postuna gətirilməsi bu iddiaları daha da gücləndirib.


32gun.az

Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT


Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar gündəmə gəlib.
İdarənin rəisi Nail Məmmədovun fəaliyyəti dövründə əsassız pul yığımları, müəllimlərin dərs saatlarından vəsaitlərin tutulması, dəftərxana ləvazimatlarının alınması adı altında keçirilən tenderlərdə mənimsəmə halları, Həmkarlar İttifaqına toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, müəllimlərə ayrılan dərs saatlarının qeyri-rəsmi şəkildə satılması və tarixi-mədəni abidələrin qorunması üçün ayrılan maliyyənin mənimsənilməsi ilə bağlı məlumatlar mövcuddur.

Məlumatlarda bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi və mədəni irsinin qorunması, bərpası və mühafizəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi suallar yaranıb. Xüsusilə, tarixi-mədəniyyət abidələrinin qorunması üçün ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilmədiyi iddia olunur.
Eyni zamanda, regionun musiqi məktəblərində bəzi müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirildiyi, bunun müqabilində isə onların əməkhaqlarından müəyyən məbləğlərin tutulduğu bildirilir. İddialara görə, bu vəsaitlər digər qanunsuz gəlirlərlə birlikdə mütəmadi şəkildə toplanır.
Mənbənin məlumatına əsasən, Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanalar, rəsm məktəbləri, qalereyalar, klublar, muzeylər və digər mədəniyyət müəssisələrində həyata keçirilən tikinti, cari və əsaslı təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin bir hissəsinin nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı da məlumatlar var.
Bundan başqa, iddialarda qeyd olunur ki, Regional Mədəniyyət İdarəsində keçirilən tender prosesləri zamanı iştirakçı şirkətlərlə bağlı qərarlar Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə razılaşdırılır. Mənbə tender şirkətlərinin müəyyən edilməsində nazir müavininin rolunun olması ilə bağlı sualların yarandığını vurğulayır.
İddialara görə, 2025-2026-cı illərdə cari təmir işlərinin aparılması üçün ayrılmış tender vəsaitlərinin təxminən 10 faizinin mənimsənildiyi, bu prosesdə bəzi podratçı şirkətlərin də iştirak etdiyi bildirilir.
Qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı, rüşvətalma və digər korrupsiya xarakterli hüquq pozuntuları kimi qiymətləndirilə bilər.(Yerli.media)

Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...




Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub.


“Vest-LTD” QSC Elm və Təhsil Nazirliyinə təhsil müəssisələri üçün mebel və idman inventarları və digər malları satacaq.
Nazirlik satın alacağı mallar üçün “Vest-LTD” QSC-yə 16 milyon 861 min 388 manat 18 qəpik ödəyəcək.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ötən il də “Vest-LTD” QSC-dən təxminən eyni məbləğdə – 17 milyon 128 min 303 manat 94 qəpiyə mebel inventarları satın alıb. Bunlardan başqa, “Vest-LTD” QSC 2024-cü ildə nazirliyə 17 milyon 981 min 180 manat 51 qəpiklik, 2022-ci ildə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları satıb. Ümumilikdə son 2 ildə Elm və Təhsil Nazirliyi “Vest-LTD” QSC ilə 72 milyon manatlıq satınalma müqavilələri imzalayıb.
“Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
Məlumat üçün bildirək ki, hər il dövlət qurumlarının milyonlarla manat dəyərində tender müsabiqələrində qalib olan “Vest-LTD” QSC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Açıqlanan son məlumata görə, “Vest-LTD” QSC-nin dövlət büdcəsinə 3 milyon 743 min 278 manat 50 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“Vest-LTD” QSC aprel ayının 28-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 3,7 milyon manatlıq borc son bir ayda yaranıb.
Onu da bildirək ki, dövlət büdcəsindən milyonlarla manat vəsait alan bu şirkətin nəinki veb saytı, adi sosial şəbəkə hesabları belə yoxdur. “Vest-LTD” QSC-nin adı sonuncu dəfə mətbuatda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı zamanı gündəmə gəlib.
Abidənin açılışından sonra Aşıq Ələsgərin heykəli sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub.
Aşıq Ələsgərin abidəsinin el sənətkarına layiq olduğunu bildirənlərlə yanaşı, heykəl barədə tənqidi fikir səsləndirənlər də olub.
Bildirilib ki, Aşıq Ələsgərin abidəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi “Vest-LTD” QSC-yə 307 min manat vəsait ayırıb.(Yeniavaz.com)

Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO


Mərhum deputat Fəzail Ağamalının qızına miras qaldığı iddia edilən biznes obyektləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Samux rayonunun Ziyadlı kənd sakini Günay Ağamalıya məxsus torpaq sahəsi və biznes obyektlərinin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Paylaşılan videoda ərazidə ferma, parnik təsərrüfatı və digər biznes subyektlərinin yerləşdiyi görünür.

Sözügedən görüntülər qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib və müxtəlif müzakirələrə yol açıb.(KONKRET.az)

Həmin videonu təqdim edirik.

VİDEO LİNKDƏ: https://konkret.az/gunay-agamaliya-atasindan-qalan-bu-biznes-sok-etdi-video/

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB



Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertfikasiya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.

Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.

Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertfikasiya şəhadətnaməsi ləğv olunub.

Qərardan narazı qalan Mübariz Məmmədli aktın ləğvi üçün məhkəməyə müraciət edib. Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Mübariz Məmmədlinin plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib. Onun qeyd edilən ali ixtisaslı tibb təhsilinə malik olmaması işin mübahisəsiz haldır.

Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu.

Xitab24.az

Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı


Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna ağır bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Alim Qasımzadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Alim Qasımzadə ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini deyib. Daha sonra məhkəmə təqsirləndirilən Alim Qasımzadənin ifadəsi ilə davam edib. O, ifadəsində zərərçəkən Hüseyn Qasımovun onun əmisi oğlu olduğunu deyib:
"Başıma gələn bu hadisə keçən ilin 23 noyabr tarixində oldu. Həmin gün bütün qohum əqraba ilə birlikdə toy məclisində idik. Camaat oynamağa başlayanda durub əmim qızını rəqsə dəvət elədim. Elə təzəcə birlikdə rəqs etməyə başlamışdıq ki, Hüseyn mənə işarə ilə foyeyə çıxmağımı dedi. Çıxıb dəhlizdəki divanda əyləşdik. Hüseyn içkili idi. Qəfildən qəzəblə mənə baxıb dedi ki, sən niyə mənim bacımla rəqs edirsən? Bilmirsən ki, mən onunla küsülüyəm? Hüseynə dedim ki, qardaş-bacı kimi aranızda hər nə probleminiz varsa, bunun mənə aidiyyatı yoxdur. Mən sadəcə öz əmim qızı ilə rəqs eləmək istədim. Hüseynin içkidən pörtmüş sifəti daha da qızardı. Bir də gördüm cibindən çıxardığı bıçağı stolun üstünə qoyub səni bu dəqiqə deşik-deşik edərəm, bacımdan uzaq dur dedi. Aramızda möhkəm mübahisə başladı. Hüseyn bıçağı götürüb ayağıma vurdu. Bıçağı onun əlindən almağa çalışanda, əlbəyaxa olduq. Bilmədim necə oldusa, bir də gördüm bıçaq onun qarnına dəyib. Birtəhər restoranın həyətinə çıxdıq. Burada da Hüseyn zərblə gicgah nahiyəmdən vurdu. O hadisədən sonra görmə problemim yarandı, buna görə iki dəfə əməliyyat olunmuşam".
Daha sonra təqsirləndirilən şəxsin ilkin istintaq zamanı verdiyi ifadə elan olunub, hadisə yerindən videogörüntülər məhkəmədə nümayiş olunub. Bu zaman təqsirləndirilən A. Qasımzadənin ifadəsində ziddiyətlərin olduğu məlum olub. Belə ki, videogörüntülərdə hər iki şəxsin şadlıq sarayının dəhlizində olarkən heç bir münaqişənin olmadığı, mübahisə və fiziki şiddətin həyətdə baş verdiyi məlum olub.
Məhkəmə tərkibi zərərçəkən Hüseyn Qasımovun məhkəmədə iştirakının vacib olduğunu qeyd edib. Proses zamanı məlum olub ki, H.Qasımovun hazırda Xəzər rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə işi gedir.
Növbəti proses 16 iyun saat 12:00-a təyin edilib.
Xatırladaq ki, hadisə 23 noyabr 2025-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında baş verib.
Alim Qasımzadə qohumunun toy məclisində iştirak edən zaman şadlıq evinin dəhlizində əmisi oğlu Hüseyn Qasımov bacısı ilə rəqs etməsinə görə onu restoranın dəhlizinə söhbətə çağırıb. Mübahisə zamanı Alim Qasımzadə onunla kobud danışmasını əsas gətirərək, Hüseyn Qasımovun qarın nahiyəsinə bıçaq zərbəsi endirməklə sağlamlığına ciddi xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb, Alim Qasımzadə Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xüliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə
Xəbər lenti