Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

ABŞ Zəngəzur dəhlizini icarəyə götürür


Ermənistanda həyata keçirilməsi planlaşdırılan TRIPP layihəsi ilə bağlı yeni detallar açıqlanıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihə çərçivəsində ABŞ-nin TRIPP Development şirkəti müəyyən ərazilərdə torpaq istifadəsi və tikinti hüquqları əldə edəcəyini bildirib.

O əlavə edib ki, şirkətə veriləcək hüquqlar ilkin mərhələdə 49 il müddətinə qüvvədə olacaq. Səhmlərin bölgüsü isə belə nəzərdə tutulur: 74 faiz ABŞ tərəfinə, 26 faiz isə Ermənistan Respublikasına məxsus olacaq.

49 illik ilkin müddət başa çatdıqdan sonra tərəflərin razılığı əsasında sazişin daha 50 il uzadılması imkanı da mövcuddur. Bu halda Ermənistanın şirkətdəki payının 49 faizə çatdırılması nəzərdə tutulur.

Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?


Azərbaycan Hava Yolları (AZAL) "Sonsuz üfüqlərə doğru" adlı yeni imic çarxını təqdim edib. Videoçarxda təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf kimi dəyərlər ön plana çəkilib. Şübhəsiz ki, belə reklam çarxlarının hazırlanması kifayət qədər vəsait tələb edir. Lakin burada əsas sual başqa məqamdan doğur - AZAL bu reklamı kimə və nə üçün hazırlayıb?
Çünki reklam, adətən, rəqabətin olduğu bazarlarda müştəri uğrunda mübarizənin əsas alətlərindən biridir. Azərbaycanda isə daxili və beynəlxalq hava daşımalarında bazarın əsas hissəsi uzun illərdir AZAL-ın nəzarətindədir. Vətəndaşların əksəriyyətinin fikrincə, seçim imkanları məhduddur və real rəqabət mühiti yoxdur.
Bizimesr.com bildirir ki, son günlər Naxçıvan-Bakı reysi ətrafında yaranan narazılıqlar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Sosial şəbəkələrdə və mediada bilet tapılmaması, satış prosesi ilə bağlı narazılıqlar və biletlərin başqa şəxslərə satıldığına dair iddialar geniş yayılır.
Ən maraqlı məqam isə baş verənlərə AZAL tərəfindən ətralı izahın verilməməsidir. AZAL ancaq susur və, saymır.
Belə bir vaxtda bahalı imic çarxının təqdim olunması istər-istəməz suallar yaratmaya bilməz... Əgər vətəndaş bilet tapa bilmədiyini deyirsə, uçuş qiymətlərinin yüksəkliyindən şikayət edirsə, xidmətə çıxışın çətin olduğunu bildirirsə, bu zaman reklamın əsas mesajı nə olmalıdır? Gözəl görüntülər, yoxsa real problemlərin həlli?

Digər mühüm məsələ bilet qiymətləridir.
İllərdir Azərbaycan vətəndaşları AZAL-ın tariflərinin region ölkələrinin bir çox aviaşirkətləri ilə müqayisədə yüksək olduğunu bildirirlər. Bir çox ailələr üçün xaricə səyahət artıq əlçatmaz xərclər sırasına daxildir. İnsanların əksəriyyəti yalnız məcburi zərurət yarandıqda AZAL-ın xidmətindən istifadə etdiklərini deyirlər.
Əgər bazarda həqiqi rəqabət olsaydı, yüksək qiymətlər, xidmət keyfiyyəti və müştəri məmnuniyyəti şirkətlər arasında əsas mübarizə predmetinə çevrilərdi. Rəqabət olmayan yerdə isə reklamın məqsədi müəmmalıdır.
Bəs AZAL kimlə yarışır?
Əgər alternativ aviaşirkətlərin bazara daxil olması məhduddursa, sərnişinlərin böyük hissəsi onsuz da seçim edə bilmirsə, reklam çarxının əsas auditoriyası kimdir? Onsuz da uçmaq məcburiyyətində qalan insanlara bu reklam lazımdırmı?

Reklamın əsas məqsədi müsbət imic formalaşdırmaqdır. Amma müasir dövrdə imic vided çarxlar ilə deyil, göstərilən xidmətin keyfiyyəti ilə yaranır. Sərnişin üçün ən yaxşı reklam münasib qiymət, rahat bilet əldə etmək imkanı, vaxtında həyata keçirilən uçuşlar və operativ müştəri xidmətidir. Bu gün AZAL-ın qarşısında duran əsas vəzifə yeni reklam çarxı təqdim etməkdən daha çox, ictimaiyyəti narahat edən suallara aydın cavab verməkdir. Heç kimə lazım olmayan reklam çarxına o qədər pul xərcləmək isə israfçılıqdır və bəlkə də qazanmaqdır...

Bizimesr.com

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO


Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr və Gəncədəki bərpa işləri necə sabotaj edilib? "Qırmızı Kitab"a düşən 1000-dən çox ağacı kimlər məhv edib? Aylardır maaş ala bilməyən fəhlələr və kəndlilərin tapdanan hüquqları...(1xeber.media)

Ətraflı sujetdə:

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT


Azər Məmmədov adına 115 nömrəli məktəb təhsil sisteminə yeni "nəfəs" gətirib. Belə ki, məktəbin direktoru Natəvan Əsədova həm də hamımızın tanıdığı Memar Əcəmidə yerləşən Moskva Ticarət Mərkəzinin müdiridir. Belə ki, Binəqədi rayonu 115 nömrəli məktəbdə dərsdən başqa hər şey həyata keçirilir. Ən əsası da qızıl alveri. Qızıl alveri məktəbin əsas peşəsidir.

Məktəbdə qızıl alverinin əsas təşkilatçısı və satıcısının Təranə Hüseynova olduğu qeyd edilir. Qızıl alverinin əsas müştəriləri isə elə məktəbin öz müəllim heyətidir.

Tehsilmedia.info bildirir ki, bu müştərilərdən biri də məktəbin informatika müəllimi Sevinc xanımdır. İddialara görə, Sevinc xanım Təranə Hüseynovadan təxminən 50 000 manat dəyərində qızıl-zinət əşyaları əldə etsə də, onun pulunu geri qaytarmayıb. Borcun ödənilməməsi hazırda iki müəllim arasında ciddi və gərgin bir münaqişəyə səbəb olub.
Pulunu geri ala bilməyən Təranə Hüseynova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Təranə xanım həmkarı Sevinc xanımın mütləq şəkildə həbs olunmasını təmin etmək məqsədilə hüquq-mühafizə orqanlarına əlavə "hörmətlər" (rüşvət) də təklif edib.
Lakin digər diqqətçəkən məqam bundan 7 ay öncə informatika müəllimi Sevinc xanıma qarşı dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) cinayəti üzrə ev dustaqlığı qətimkan tədbiri seçilib və onun hərəkətlərinə nəzarət edilməsi məqsədilə ayağına elektron qolbaq bərkidilib.
Lakin yayılan məlumatlara görə, tehsilmedia.info qeyd edir ki, aidiyyatı İcra və Probasiya Şöbəsi müəyyən qeyri-qanuni ödənişlər qarşılığında məhkəmənin müvafiq qərarının icrasına göz yumub, Sevinc xanımın hərəkətlərinə qanunla müəyyən edilmiş qaydada nəzarət etməyib və ya müvafiq qərarları gizlədərək lazımi ünvanlara göndərməkdən yayınıb.
Hazırda məktəbin daxilindəki bu iki qruplaşma və müəllimlər arasındakı "qızıl davası" hüquqi müstəvidə daha da kəskinləşməkdə davam edir.(Tehsilmedia.info)

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi


İran hakimiyyəti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Karariyə ölkə ərazisini tərk etməyə icazə verib.

Bu barədə onun vəkili Cared Genser “X” hesabında məlumat yayıb.

“Məmnunluqla bildirmək istəyirəm ki, 2024-cü ilin dekabrından etibarən saxta ittihamlar səbəbindən İranı tərk edə bilməyən müvəkkilim Dena Karari artıq azaddır”, - paylaşımda deyilir.

Genser həmçinin Kararinin ABŞ-yə qayıtdığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp İranın bu addımını “xoşməramlılıq jesti” adlandırıb və buna görə İran tərəfinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Karari İranda “casusluq və düşmən dövlətlə əməkdaşlıq” ittihamı ilə saxlanılırdı. Onun həm ABŞ, həm də İran vətəndaşı olduğu bildirilir.

Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…


Azərbaycan uzun illərdir qeyri-neft sektorunun inkişafı üçün pambıqçılığı strateji sahələrdən biri elan edib. Dövlət bu sahəyə böyük subsidiyalar ayırır, fermerləri pambıq əkməyə həvəsləndirir və emal müəssisələrinin fəaliyyətini dəstəkləyir. Məqsəd kənd yerlərində məşğulluğu artırmaq, ixracı genişləndirmək və ölkəyə əlavə valyuta qazandırmaqdır.

Ancaq Beyləqan rayonunda fəaliyyət göstərən pambıq istehsalı və emalı müəssisəsi ilə bağlı fermerlərin səsləndirdiyi iddialar göstərir ki, sahədə ciddi problemlər mövcuddur. Əgər bu iddialar doğrudursa, pambıqçılığın inkişafına ən böyük zərbəni bazar deyil, məhz sistemin içində yaranmış qeyri-şəffaf münasibətlər vurur.

Pambıq sahədən yığıldıqdan sonra zavoda təhvil verilənədək müəyyən qədər təbii itki yaranır. Yarpaqların ayrılması, xırda zibillərin təmizlənməsi, nəmliyin dəyişməsi və daşınma zamanı baş verən itkilər səbəbindən dünya təcrübəsində bu göstərici adətən 2–4 faiz arasında qəbul edilir. Hətta, 5 faizdən artıq itki artıq araşdırılması vacib hesab olunur. Lakin Beyləqan fermerləri iddia edirlər ki, onlardan təhvil alınan pambıqdan 21–24 faiz itki çıxılır. Belə bir rəqəm normal texnoloji proseslə izah edilə bilməz və ciddi suallar yaradır.

Fermerlərin ən ağır ittihamı isə bununla bitmir. Onların sözlərinə görə, "itki" adı ilə çıxılan pambıq sonradan yenidən onların öz adına sənədləşdirilir. Pul fermerin bank kartına köçürülür, daha sonra həmin vəsait onlardan nağd şəkildə geri tələb olunur. Fermerlər bildirirlər ki, bu pulu qaytarmasalar, növbəti dəfə məhsulları qəbul edilməyə, hesablaşmaları gecikdirilməyə və ya müxtəlif problemlərlə üzləşməyə məcbur ediləcəklərindən ehtiyat edirlər. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Ancaq belə iddiaların çoxsaylı fermerlər tərəfindən səsləndirilməsi özü-özlüyündə narahatlıq doğurur.

Fermerlərin dediyinə görə, problemlər yalnız məhsulun qəbulunda yaşanmır. Onlar bildirirlər ki, toxum, gübrə, pestisid və digər kənd təsərrüfatı vasitələri bazar qiymətindən iki dəfə baha satılır. Aqrotexniki xidmətlər, traktor və digər texnikaların xidmət haqları da alternativ bazarla müqayisədə daha yüksək olur. Nəticədə fermer həm istehsal zamanı artıq xərc çəkir, həm məhsulu təhvil verəndə itki ilə üzləşir, həm də ilin sonunda qazanc əldə edə bilmir.

Əslində pambıqçılığın əsas məqsədi fermeri varlandırmaq, kənd yerlərində gəlirləri artırmaq və ölkəyə ixrac gəliri qazandırmaq olmalıdır. Fermer qazanc əldə etmirsə, növbəti il pambıq əkmək istəmir. Bu isə əkin sahələrinin azalmasına, zavodların xammal çatışmazlığına və bütövlükdə pambıqçılığın geriləməsinə səbəb olur. Beləliklə, zərər təkcə fermerə deyil, dövlətin qeyri-neft sektoruna yönəltdiyi siyasətə də dəyir.

Dünyanın inkişaf etmiş pambıq istehsalçısı olan ölkələrdə məhsulun çəkilməsi və keyfiyyətinin müəyyən edilməsi şəffaf qaydada həyata keçirilir. Elektron tərəzilərdən istifadə olunur, fermer nəticələrlə razılaşmadıqda müstəqil ekspertiza tələb edə bilir və bazarda alternativ alıcılar fəaliyyət göstərir. Şəffaflıq həm fermeri, həm də emal müəssisəsini qoruyur.

Azərbaycan pambıqçılığının gələcəyi yalnız dövlət subsidiyalarından asılı deyil. Ən vacib məsələ fermerlə emal müəssisəsi arasında etimadın qorunmasıdır. Əgər məhsulun qəbulu, hesablanması, qiymətləndirilməsi və ödəniş sistemi şəffaf olmazsa, fermer pambıqçılıqdan uzaqlaşacaq. Bu isə ölkənin qeyri-neft sektorunun inkişafına ciddi zərbə vuracaq.

Beyləqan fermerlərinin səsləndirdiyi iddialar aidiyyəti dövlət qurumları tərəfindən hərtərəfli araşdırılmalı, məhsulun qəbul prosesi tam şəffaflaşdırılmalı, təbii itki normaları açıq elan edilməli və fermerlərin hüquqlarının qorunmasına real təminat yaradılmalıdır. Çünki pambıqçılığı məhv edən amil nə iqlimdir, nə də dünya bazarındakı qiymətlər. Ən böyük təhlükə fermerin sistemə olan inamını itirməsidir.
Akif NƏSİRLİ
Baki Xeber

"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"


Vətəndaş Bəhram Axundov redaksiyamıza müraciət edərək "Caspian Global Auto" şirkətindən ciddi narazılığını ifadə edib. Onun sözlərinə görə, Çindən sifariş etdiyi avtomobil müqavilədə göstərilən müddətdə Azərbaycana gətirilməyib, daha sonra isə razılığı olmadan başqa VIN kodlu avtomobil alındığı bildirilib.

Şikayətçinin sözlərinə görə, o, 11 may tarixində "Caspian Global Auto" vasitəsilə Çindən avtomobil sifariş edib. Şirkət nümayəndələri avtomobilin 40-45 gün ərzində Azərbaycana çatdırılacağını vəd ediblər.

Bəhram Axundov bildirir ki, ilkin olaraq 3 min manatı özünü şirkət rəhbəri kimi təqdim edən Ramil adlı şəxsə kartdan-karta köçürüb. Ertəsi gün isə qalan məbləği təqdim olunan PDF sənədi əsasında "Kapital Bank" vasitəsilə ödəyib.

Onun sözlərinə görə, sifarişdən təxminən 20 gün sonra avtomobilin daşınma prosesi ilə maraqlanmağa başlayıb. Şirkətdən avtomobilin Çinin Horgos şəhərinə çatdığı bildirilsə də, bunu təsdiq edən video və ya foto material təqdim edilməyib. "Video görüntü tələb etdim. Məhz bundan sonra müxtəlif bəhanələrlə məni günlərlə, həftələrlə gözlətməyə başladılar", – deyə şikayətçi bildirir.

"Razılığım olmadan başqa avtomobil alınıb"

Bəhram Axundov iddia edir ki, sonradan ona sifariş etdiyi avtomobilin ümumiyyətlə mövcud olmadığı bildirilib. Onun sözlərinə görə, şirkət heç bir razılıq almadan eyni model və eyni rəngdə, lakin başqa *VIN kodlu* avtomobil aldığını etiraf edib.

Şikayətçi bildirir ki, sifariş zamanı avtomobilin son istehsal aylarına aid olmasını xüsusi tələb edib və ona mart-aprel istehsalı olan avtomobil vəd edilib. Lakin sonradan onun razılığı olmadan yanvar istehsalı olan başqa avtomobil alındığı deyilib.

"Mən yalnız ödədiyim VIN kodlu avtomobili qəbul edəcəyimi bildirdim. Başqa VIN kodlu avtomobili qəbul etmədim və müqavilənin ləğv edilərək pulumun qaytarılmasını tələb etdim", – deyə o qeyd edir.

"Avtomobil yoldadır dedilər, sonradan məlum oldu ki, heç avtovoza yüklənməyib"

Şikayətçi bildirir ki, şirkət ona dəfələrlə müxtəlif tarixlər verərək avtomobilin artıq yolda olduğunu deyib. Onun sözlərinə görə, əvvəlcə iyunun sonu, daha sonra iyulun 12-si, 15-i və 20-si tarixləri göstərilib.

Lakin iddiasına əsasən, iyulun əvvəlində şirkətin ofisinə gedərkən ona avtomobilin ümumiyyətlə avtovoza yüklənmədiyi bildirilib. Bəhram Axundovun sözlərinə görə, şirkətin əməkdaşları bunun səbəbini qarşı tərəfin səhlənkarlığı ilə izah ediblər. "Mənə iki həftə ərzində avtomobilin yolda olduğu deyildi. Sonradan məlum oldu ki, ümumiyyətlə daşınmağa belə başlamayıb", – deyə şikayətçi bildirir.

"Bilet tarixini dəyişdim, əlavə xərc çəkdim"

Şikayətçi bildirir ki, şirkətin verdiyi vədlərə inanaraq xarici səfərinin tarixini dəyişmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, təyyarə biletlərinin tarixini dəyişdiyinə görə əlavə cərimə ödəyib və bu zərərin də şirkətin gecikməsindən qaynaqlandığını iddia edir.

Bundan başqa, Kapital Bank filialına müraciət etdiyini bildirən vətəndaş deyir ki, avtomobilin VIN kodunun dəyişdirilməsi səbəbindən əlavə 60 ABŞ dolları məbləğində komissiya və ya cərimə ödənilə biləcəyi ona bildirilib.

"Bütün yazışmalar və səs yazıları məndədir"

Bəhram Axundov qeyd edir ki, şirkətin əməkdaşları ilə apardığı bütün WhatsApp yazışmaları, səsli danışıqlar və digər sübutları saxlayıb.

O bildirir ki, müqavilədə göstərilən çatdırılma müddəti artıq keçib, lakin avtomobil hələ də təhvil verilməyib. Şikayətçi internetdə apardığı araşdırmalar zamanı da şirkətlə bağlı gecikmələr və digər problemlərlə bağlı müxtəlif məlumatlarla rastlaşdığını iddia edir.

Dövlət qurumlarına və məhkəməyə müraciət edəcək

Bəhram Axundov bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı *Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, **Daxili İşlər Nazirliyinə* və aidiyyəti digər dövlət qurumlarına rəsmi müraciət edəcək.

Onun sözlərinə görə, vəkillə məsləhətləşərək məhkəməyə müraciət etməyi, ödədiyi məbləğin tam şəkildə geri qaytarılmasını, həmçinin gecikmə və vurulduğunu iddia etdiyi maddi zərərə görə kompensasiya tələb etməyi planlaşdırır. Redaksiya səsləndirilən iddialarla bağlı "Caspian Global Auto" şirkətinin də mövqeyini dərc etməyə hazırdır.(Bizimesr.com)



Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir



Sumqayıtda yerləşən “Levent 2” yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır.

Bu barədə “Baku TV”yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməsi onun övladlarının psixologiyasına mənfi təsir edəcək: “Burada obyektin ərazisi 500 kvadrat metrdən çoxdur. Hər gün yüzlərlə insan gələcək, minimum 300-400 adam olacaq. Bir ana olaraq bundan narahatam. Sahibkar artıq parkinq yerindən şəxsi lift də istifadəyə verib”.

Digər sakin Şirinbəyim Əhmədova isə mərasim evi açıldıqdan sonra heç bir halda sakitliyə riayət edilməyəcəyini deyir: “Bütün günü arvadlar ağlayacaq, molla başlayacaq. Bizə burada sakitlik yoxdur. Bir tərəfdə stadiona futbola gələcəklər, bir tərəfdə bulvara turistlər gəlir, ortada isə mərasim evi...”

Obyekt sahibi Namiq Dövlətov sakinlərin narazılığına cavab olaraq bildirib ki, məclis baş tutan zaman heç bir ağlaşma olmayacaq: “Problem yoxdur, ağlaşma olmayacaq, izolyasiya olunub. Bura məclis evidir, elə bir şey yoxdur ki, kimsə gəlib ağlasın, qışqırsın. Mən icazə vermirəm ki, kimsə ağlasın. Biri öləndə hüznlü olmaq lazımdır. Lift isə binanın parklanma hissəsində deyil, birinci mərtəbədən ikiyə çıxmaq üçündür. Bütün qurumlardan icazə almışıq”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, yaşayış kompleksi Dövlət Mənzil Fonduna aid deyil: “Bu, özəl tikinti çərçivəsində inşa olunmuş çoxmənzilli yaşayış binasıdır. Belə yaşayış komplekslərində ümumi əmlakın idarə olunması və istifadəsi ilə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin ümumi yığıncağının, habelə idarəedici qurumların qərarı vasitəsilə tənzimlənir”. (Bizimesr.com)

Daha ətraflı videomaterialda:

https://www.bizimesr.com/az/post/sakinler-merasim-evinden-narazidir--sahibkar-men-aglamaga-icaze-vermirem-deyir-22574

14 il şiddət görən qadının əri saxlanıldı


İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadının əri polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, qadın 14 il ərzində davamlı olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Uşaqların səs salması, ən xırda məişət məsələləri və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsi ilə nəticələnib.

Qadın uzun illər davam edən bu şiddətlərdən sonra övladlarını da götürərək sığınacağa müraciət edib.

Məlumatda qeyd edilib ki, qadının sözlərinə görə, yaxınları ona dəstək olmağa çalışsalar da, həyat yoldaşı dəfələrlə ailəsinin yaşadığı ünvana gələrək onlara da hücum edib.

Hazırda qadının məhkəmə-tibbi ekspertizadan keçiriləcəyi bildirilir. Daha sonra ona hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi, həmçinin təhlükəsiz şəraitdə həyatını yenidən qurması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?




Yəqin ki, dünya botanika elmi Sabunçu rayonunda baş verən növbəti "təbiət möcüzəsindən" hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan mənzərə, rayon rəhbərliyinin "yaşıllaşdırma" siyasətinin növbəti şedevridir.


Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan (?) daş hasarın arxasında qalan onlarla şam ağacı eyni anda "infarkt" keçirib və quruyub. Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır, amma hasarın daxilinə — yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə — düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan "ənənəvi" qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır. Ola bilsin ki, ağacların kökünə kimyəvi "vitamin" tökülməsi və ya suyunun kəsilib, dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə "baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik" deyib yerində növbəti şadlıq sarayı, market və ya hündürmərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib.


Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəliblərin olması və bütün bunların birbaşa strateji qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyəti qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyaların sehirli çubuğu ilə bir saniyədə tikilib? Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var, amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir. Mediatvaz.com olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu Rayon İcra Hakimiyyətini bu "möcüzəvi qəsdə" aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının "elmi" izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək. Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumların da cavab haqqını tanıyırıq.


Mediatvaz.com
Xəbər lenti