Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA


Həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişən ​müharibə əlili olan Qabil Zeynalovun oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Tribuna.az xəbər verir ki, şikayətçi Zeynalov Mabəddinin iddiasına görə atasının ölümünə Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov səbəb olub.

Şikayətçi bildirib ki, həkim özü xəstəsinin müayinəsindən imtina etdiyi üçün xəstə dünyasını dəyişib:

​”Mərkəzi Klinika MMC-nin həkim-kardioloqu Firdovsi İbrahimovun 26 aprel 2025-ci il tarixində (həftənin şənbə günü) özünün birbaşa təyin etdiyi kontrol müayinədən əsassız imtina etməsi nəticəsində, 2-ci qrup müharibə əlili olan atam Zeynalov Qabil Mabəddin oğlu səhəri gün — 27 aprel 2025-ci il tarixində ürək çatışmazlığı diaqnozu ilə vəfat etmişdir.

Bu faktla bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunun qəbul etdiyi 15 avqust 2025-ci il tarixli, № 174-C-25 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərarından 28 fevral 2026-cı il tarixində Baş Prokurorun birinci müavini cənab Elçin Məmmədovun adına 13 vərəqlik geniş, faktlarla əsaslandırılmış şikayət ərizəsi ilə rəsmi müraciət etmişdim.

Həmin şikayətimdən sonra iş yenidən araşdırmaya verilmişdir.

Cənab Prezident, dövlətimizin müharibə əlillərinə göstərdiyi yüksək diqqət hər kəsə məlumdur. Bir müharibə əlilinin qanının bir həkimin səhlənkarlığı ucbatından belə asanlıqla batırılmaması, məsələnin obyektiv araşdırılması və bu işin üstünün tam açılmasından ötrü bu işi şəxsən nəzarətə götürməyinizi Sizdən müharibə əlilinin oğlu kimi xahiş edirəm.

Ədalətin bərqərar olacağına inanıram”.(Tribuna.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi


“Azərbaycan Dəmir Yolları”nın keçmiş əməkdaşı sosial şəbəkədə şikayət məzmunlu paylaşım etmişdi. Göndərdik qurumun mətbuat xidmətinə ki, mövqe bildirsinlər, üstündən 10 dəqiqə keçmiş adam statusu sildi.

Bu barədə jurnalist, Afn.az saytının redaktoru Həbibə Abdulla yazıb. O bildirib ki, keçmiş əməkdaşa yazdığı statusu sildiriblər.

Sözügedən şikayət mətnini təqdim edirok:

“Hörmətli dostlar və Azərbaycan Dəmir Yollarının nümayəndələri, hər vaxtınız xeyir.

Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəmi sizinlə bölüşmək istəyirəm. Nəzərə alsaq ki, mən özüm bu təşkilatda 7 il çalışmışam, mümkün qədər obyektiv və qərəzsiz olmağa çalışacağam.

Ötən ay ABŞ-a səfərim planlaşdırılmışdı. Biletləri seçərkən Bakıya geri dönüş bileti tapa bilmədim. Buna görə Bakı–Varşava–Los Anceles–Vyana–Tbilisi marşrutu üzrə bilet aldım. Məhz həmin gün mətbuatda Bakı–Tbilisi–Bakı qatarının fəaliyyətə başlayacağı barədə məlumat yayıldı və bu məni çox sevindirdi.

Qatar bileti üçün elan olunan qiymət 81 manat idi. Halbuki həmin dövrdə Tbilisi–Bakı aviabileti təxminən 170 avro təşkil edirdi.
ABŞ-da olarkən, qatar biletlərinin satışa çıxarılmasından bir gün əvvəl əməkdaşlarımdan xahiş etdim ki, 6 iyun tarixi üçün Tbilisi–Bakı istiqamətində mənə bilet alsınlar. Satışın ilk günü səhər əməkdaşlarım bildirdilər ki, bu marşrut üzrə üç qiymət mövcuddur: Komfort sinfi üçün 104,26 manat, Komfort+ üçün 150,65 manat və Lüks sinif üçün 231,29 manat. Lakin həmin vaxt yalnız Lüks sinifdə yerlər qalmışdı.
Biletlərə böyük tələbatı və təyyarə bileti ilə müqayisədə qiyməti nəzərə alaraq, 6 iyun üçün Lüks sinif biletinin alınmasını xahiş etdim. Müqayisə üçün: qatar bileti 231,29 manat, təyyarə bileti isə təxminən 340 manat idi. Yəni mənim hesablamama görə 109 manat qənaət etmiş olurdum. Üstəlik, eşitdiyimə görə Lüks sinif ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlüklər təqdim etməli idi. Lakin nə qədər yanıldığımı sonradan anladım.
ABŞ-a və oradan Tbilisiyə qədər olan marşrutumu təsadüfən qeyd etmədim.

Aviabiletim üzrə mənə 23 kq-lıq bir çamadan və 10 kq-a qədər əl yükü aparmağa icazə verilmişdi. Mən də heç bir çəki limitini aşmadan belə etdim. Hətta ABŞ-dan qayıdarkən əməkdaşlardan biri tranzit zamanı çamadanla əlavə əziyyət çəkməməyim üçün əl yükümü də baqaja verməyi təklif etdi. Hər kəs səyahətimin mümkün qədər rahat keçməsi üçün kömək etməyə çalışırdı. Tbilisi vağzalının perronuna ayaq basdığım ana qədər…

Biletimi yoxlayan bələdçi xanım bildirdi ki, Lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kq çəkisi olan kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq olar, ikinci çanta üçün isə 50 manat ödənilməlidir.
Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. Cavab yalnız bir idi: “50 manat ödəməlisiniz.” Mübahisədən qaçmaq və tərbiyəmə uyğun davranmaq üçün həmin məbləği ödəməyə məcbur oldum.

Kupeyə daxil olduqda anladım ki, “Lüks” bileti heç də lüks şərait demək deyil. Kupedə artıq ikinci sərnişin də əyləşmişdi. Məlum oldu ki, Lüks bilet sadəcə iki nəfərlik kupeyə verilən yerdir. Yaxşı, bunu da qəbul etdim.
Qatar hərəkətə başlayandan sonra, əvvəllər olduğu kimi, bələdçidən bir stəkan çay istədim. O isə çay təqdim etmədiyini və nəsə istədiyim halda restoran vaqonuna getməli olduğumu bildirdi. Lüks sinifdə qidalanma barədə sual verdikdə isə mənə sanki xalq düşməninə baxırmış kimi baxdı və yenə restoran vaqonuna yönləndirdi.
Restoran vaqonunda iki ofisiant və mətbəxdə bir gənc qız çalışırdı. Menyuya baxanda özümü bir anlıq “Four Seasons” otelinin restoranında hiss etdim. Düşünürəm ki, orada yemək belə daha ucuz başa gələrdi. Üstəlik, mətbəxdə yalnız bir nəfər işlədiyi üçün sifarişimi təxminən bir saat yarımdan sonra ala bildim.
Beləliklə, 109 manat qənaət etmək və keçmiş xatirələri yenidən yaşamaq istəyərkən, əlavə baqaj ödənişi və şam yeməyini nəzərə aldıqda cəmi 20 manat qənaət etmiş oldum. Bunun müqabilində böyük məyusluq yaşadım və həyatımın 10 saatını itirdim. Kupe daxilindəki şəxsi sanitar qovşağından cəmi bir dəfə istifadə etdim, duş otağına isə ümumiyyətlə girmədim.
İşləməyən internet, kupedəki istilik və işləməyən televizor barədə də çox şey danışa bilərəm. Amma bunun nə mənası var?

Bu, həmin qatarla ilk və son səfərim oldu. Sizə də tövsiyə etmirəm. Təyyarə ilə uçmaq daha məqsədəuyğundur.
Çox təəssüf ki, belə köklü və hörmətli dövlət şirkətinin rəhbərliyində sərnişin xidmətlərini lazımi səviyyədə təşkil edə bilməyən peşəkar olmayan şəxslər dayanırlar”.(Afn.az)

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır



Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işçilərdən təmir məqsədilə pul toplandığı iddia olunur.

Xalq.online-ın əldə etdiyi məlumata görə, stansiya əməkdaşlarının yer aldığı mesajlaşma qrupunda paylaşılan yazıda həkimlər və tibb bacılarından təmir işləri ilə əlaqədar ödəniş etmələri istənilib.
Mesajda bildirilir: “Əziz həkimlər və tibb bacıları, keçən aydan kimlər ödəniş etməyib özləri bilir. Təmirlə əlaqədar bu ayın ödənişini zəhmət olmasa göndərin. Həm Kapital Bank, həm də ABB kartı var. Ödənişi etdikdən sonra çekinizi göndərin. Təmirlə bağlı ödənişlər var, ödənməlidir”.
İddialara görə, stansiyada çalışan hər bir əməkdaşdan təmir adı altında 10 manat vəsait toplanıb. Məlumatda qeyd olunur ki, vəsaitlərin stansiyanın müdiri Bünyad Haqverdiyevin və ya onun köməkçisi olduğu bildirilən Fərqanə Gülbalayevanın bank kartlarına köçürülməsi tələb edilib.


Mənbələrin bildirdiyinə görə, stansiyada çalışan əməkdaşların sayını nəzərə aldıqda, aylıq toplanan vəsaitin minlərlə manat təşkil etdiyi ehtimal olunur.


Həmçinin Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Bünyad Haqverdiyev həkimlərdən, tibb baçılarından, sürücülərdən və digər personaldan müxtəlif məbləğlərdə pul alınması üçün müyyən prosesler həyata keçirildiyi iddia olunur və bununla bağlı qəbzlərdə mövcuddur.( bir qəbzi təqdim edirik)

Məsələ ilə bağlı Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Bünyad Haqverdiyev bildirib ki, işçilərdən təmir üçün pul yığılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Mən həkimlərdən və tibb bacılarından aylıq pul yığmıram borc vermişəm, sonradan həmin borclar geri qaytarılıb.
Təmirlə bağlı hər hansı pul yığımı olmayıb. Əksinə, təmir işlərinə özüm 2 min manatdan çox vəsait xərcləmişəm”, – deyə o bildirib.
Lakin redaksiyaya təqdim olunan mesajın məzmununda “təmirlə əlaqədar ödəniş”, “ödəniş etməyənlər”, “çeklərin göndərilməsi” kimi ifadələrin yer alması müəyyən suallar yaradır. Əgər söhbət əməkdaşlara verilmiş şəxsi borcların qaytarılmasından gedirsə, həmin mesajda niyə məhz təmir işlərinə istinad olunur?
Digər mühüm məqam isə dövlət tibb müəssisələrinin təmiri ilə bağlıdır. Tibb müəssisələrinin saxlanılması, cari və əsaslı təmir işlərinin hansı mənbələr hesabına həyata keçirildiyi, bu məqsədlə ayrılan vəsaitlərin yetərli olub-olmaması və əməkdaşlardan hər hansı ödəniş tələb edilməsinin qanunauyğunluğu araşdırılmalı məsələlərdir.
Mövzu ilə bağlı aidiyyatı qurumların mövqeyinə ehtiyac var. Qurumların məsələni araşdıraraq ictimaiyyətə aydın məlumat verməsi həm yaranmış sualların cavablandırılması, həm də işçilərinin narahatlığının aradan qaldırılması baxımından vacib görünür.(Xalq.online)
Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...


“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin edəcək şərait yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu, sosial media hesabında hərbi çağırışçıların tibbi müayinəsi zamanı üzləşdikləri çətinliklərdən yazan iqtisadçı Rövşən Ağayev bildirib.
O qeyd edib ki, müayinə üçün müraciət edənlərin sayının çox olması səbəbindən uzun növbələr yaranır və bəzi vətəndaşlar proseduru başa çatdırmaq üçün növbəti günə qalmağa məcbur olurlar:
“Deməli, hərbi çağırışçıların tibbi müayinəsinin birinci mərhələsində, təxminən bir ay əvvəl Beyləqan xəstəxanasında üzləşdiyimiz məşəqqətli və demək olar ki, bir gün davam edən prosedur barədə yazmışdım. Bu gün isə (3 iyun – red.) ikinci mərhələni “Respublika” xəstəxanası kimi tanınan tibb müəssisəsində keçməli olduq. Vəziyyət rayondakından da ağırdır. İxtisaslaşmış müayinə tələb edən bəzi xəstəliklərlə bağlı insanlar məhz buraya yönləndirilirlər. Təsəvvür edin ki, bütün ölkədən gələnlər burada toplaşıb, iynə atsan yerə düşməz. Bu gün növbə götürənlərin xeyli hissəsi sabaha qalmalı olur”.
Onun sözlərinə görə, ixtisaslaşmış tibbi müayinələrin regionlarda və ya regional mərkəzlərdə təşkil olunmaması vətəndaşların əlavə vaxt və xərc itirməsinə səbəb olur:
“Düşünün ki, ucqar rayondan gələn valideyn və övladının burada qalacağı dostu, tanışı və ya qohumu yoxdur, mehmanxanaya verməyə də pulu çatmır. Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azı regional səviyyədə çağırışçılar üçün ixtisaslaşmış müayinə aparacaq şərait yaradılmır? Əslində bu vəziyyət regionlarda səhiyyənin hansı durumda olduğunu göstərir”.
R. Aayev qeyd edib ki, narazılıq doğuran digər məsələlərdən biri də kompüter tomoqrafiyası (KT) müayinəsi üçün ödəniş tələb olunmasıdır:
“KT müayinəsindən keçmək üçün çağırışçılardan icbari tibbi sığorta tarifinin 20 faizi həcmində, təxminən 12 manat ödəniş tələb olunur. Hərbi çağırış məqsədli tibbi prosedurlar niyə tam şəkildə icbari tibbi sığorta hesabına qarşılanmır? Kimsə desə ki, pulum yoxdur, geri qayıtmalı və həmin vəsaiti haradansa tapmalıdır.
Ən pisi odur ki, sizdən ödənişi mütləq kartla etməyiniz tələb olunur. İlk baxışdan bunu şəffaflığa xidmət edən addım kimi qiymətləndirənlər ola bilər. Amma bu ödənişdən xəbərsiz şəkildə ucqar kənddən gələn bir şəxsin yanında bank kartı yoxdursa, nə etməlidir? Orada ona təklif edirlər ki, çölə çıxıb kartı olan bir nəfər tapsın, ona nağd pul versin, həmin şəxs isə vəsaiti onun əvəzinə köçürsün”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlasaq da, cavab ala bilmədik.


Yeniavaz.com

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahidlərin ifadəsi ilə davam edib.

Şahid M.Q təqsirləndirilən Z. Xankişiyevi zərərçəkən Pərviz Səlimovun vasitəsilə tanıdığını deyib: "Zamiqin borcları olduğunu malı verəndən sonra bilmişəm. Onu Pərvizin vasitəsilə tanımışam. Zamiqin özü ilə birbaşa əlaqəm olmayıb. Onun mənə 150 000 - 160 000 borcu qalmışdı. Onun digər borclarının olduğunu eşidib biləndən sonra bu barədə narahatlığımı Pəvizə dedim. O məni arxayın salıb narahat olmamalı olduğumu dedi".

Şahid H.C. əslində zərərçəkən olduğunu bildirib: "Mən "Supersement" MMC-nin rəhbəriyəm.3-4 il birlikdə işləmişik, ondan beton almışam. İş başlayanda pulu aram - aram ödəyirdi. Beton zavod Zamiqin şirkətinin adına idi, mənə borcu yarananda zavod və bir mənzil borc əvəzi keçdi mənim şirlətimin adına. Zamiqin mənə hazırda 500 000 -700 000 manat arası borcu qalıb, yerdə qalan o borcumu istəyirəm".

Növbəti proses iyunun 22-si saat 09:30-a təyin olunub.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui- istifadə edərək, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S.dir.

O, iş adamına Neftçaladakı "Olimpiya İdman Kompleksi"nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək, pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq, daha sonra həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S. nin etibarından istifadə edərək onun "Maserati Ghibli" avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq mənimsəyib. O bundan başqa iş adamına məxsus daha bir avtomobilini "Mersedes-Benz S-Klass"markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytararaq 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S.nin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan basqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. O, S. V.nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə. olub. O, işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi "Kia"markalı avtomobili verməyərək həmin məbləği də mənimsəmişdir.

Hakim Elnur Nuriyev təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə 10 ildən 15-dək məhkum oluna biləcəyini xatırlatsa da Xankişiyev buna görə özünü təqsirli bilməyib.

Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT


"Mən uzun illər Rusiya Federasiyasının İjevsk şəhərində yaşamışam. 2023-cü ilin aprel ayının 4-də İjevsk şəhərində ağır beyin insultu keçirmişəm. İnsult keçirən zaman təcili tibbi yardım çağrılıb. Çağrışa gələn həkim tərəfindən müayinə olunduqdan sonra vəziyyətimin ağır olduğunu görüb məni təcili tibbi yardım maşını ilə İjevsk şəhərində yerləşən Respublika Klinik Xəsətəxanasına aparmışdır. Xəstəxanada müayinə olunduqdan sonra beyin insultu keçirdiyim təsdiqləndi". Bu ifadələr Ucar rayonu Qarabörk kəndində yaşayan İbrahimov Rafiq Tofiq oğlu tərəfindən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramova ünvanlanmış müraciətdə yer alıb.


Müraciətdə daha sonra deyilir: "Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi. Onun məsləhəti ilə 59 gün İjevsk şəhərində müailicə olundum. 59 gün müalicə alsam da mənə ağır dərəcəli beyin insultu diaqnozu qoyuldu və mənə bildirildi ki, əmək qabiliyyətimi itirmişəm.
Mən Azərbaycana gəldim və əlilliyin müəyyən edilməsi üçün 2024-cü ilin yanvar ayında forma 88 tərtib edilərək Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirilmiş və sözügedən Agentliyin komissiyasının 19.01.2024-cü il tarixli qərarı ilə orqanizmin funksiyalarının faizi 80 faiz olmaqla mənə iki il müddətinə ikinci dərəcəli əlillik verildi. Bu əlillik müddətim 2026-cı ilin yanvar ayının 31-də tamam olduğu üçün yenidən müayinələrdən keçərək sənədləri Ucar Rayon Həkim Məsləhət Komissiyasına təqdim etdim. Komissiya yenidən əlilliyin müəyyən olunması üçün göndərişin rəsmləşdirilməsi qərarını verdikdən sonra fevral ayında yenidən forma 88 tərtib edilərək Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirilsə də mart ayının 18-də əlilliyin təyin olunmasından imtina edilib. İmtinaya səbəb kimi göstərilib ki, Xəstəliyin gedişi, fəsadları və diaqnozun ağırlığı haqqında xəstənin hazırki vəziyyətində ətraflı məlumat qeyd edilməyib. Son bir ildə stasionar müalicə günlərinin sayı Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarının tələblərinə uyğun deyil. Bundan sonra təkrar göndərişin rəsmləşdirilməsi üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardeoloji şöbəsində müayinə olunmuşam, həmçinin Goranboyda Med Life Hospitalda baş beynin MRT müayinəsində olduqdan sonra aprelin 15-də sənədləri yenidən Həkim Məsələhət Komissiyasına təqdim etmişəm. Komissiya əlilliyin müəyyən olunması yenidən forma 88 tərtib edilib göndərişin rəsmləşdirilməsi qərarını verdi. Mən sənədləri sistemə vuran xanımlara (Göyçay Mərkəzi Xəsətəxanasında otururlar) təqdim etsəm də mənə dedilər ki, hələ fevral-mart ayında olan xəstələrin sənədləri sistemə vurulmayıb. Ona görə mən növbəmi gözləməliyəm.
Hal-hazırda səhətimdə ciddi problemlər var. Yaşamağım üçün hər gün müxtəlif dərmanlar qəbul edirəm. Bu dərmanları aptekdən öz hesabıma alıram. Pensiyam dayandırıldığına görə dərmanları almağa maddi imkanım yoxdur. Əlilliyin müəyyən olunması üçün sənədlərimin sistemə vurulmasını öyrənmək üçün ki dəfələrlə Göyçay şəhərindən taksi tutub getmişəm. Hər dəfə bu işi görən xanımlara demişəm ki, mən şikəst adamam əsa ilə gəzirəm, hər dəfə taksi tutub gələ bilımirəm. Həmçinin dərmanlarımı da ala bilmirəm. Amma mənim bu sözlərimin heç bir faydası olmur. Hər dəfədə xanımlar cavab verirlər ki, « bu bizim problemimiz deyil»
Hörmətli Mehriban xanım və hörmətli Anar müəllim!
Mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm ki, əlilliyin müəyyən olunması üçün sənədlərimin sistemə vurulmasına köməklik edəsinz..."


Dia-az

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...



Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyində maaşlar hər ay gecikir, işçilər isə kredit faizləri ilə üz-üzə qalırlar. Qurum əməkdaşlarının “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, əvvəllər ayın əvvəlində verilən əməkhaqları indi çox vaxt ayın 20-dən sonraya saxlanılır.
Agentlik rəhbərliyi isə gecikməni Maliyyə Nazirliyindən vəsaitin gec ayrılması ilə əlaqələndirir.
İşçilər deyirlər ki, maaşların gecikməsi kredit ödənişləri, kommunal xərclər və ailə ehtiyacları ilə bağlı ciddi problemlər yaradır. Onların sözlərinə görə, kreditlərini vaxtında ödəyə bilmədikləri üçün banklara əlavə faiz ödəməyə məcbur qalırlar.
Şikayətçilər bildirirlər ki, bayram günləri ərəfəsində digər dövlət idarə və müəssisələrinin əməkdaşları maaşlarını alsalar da, Agentliyin işçilərinə ödənişlər vaxtında verilməyib. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problem hər ay təkrarlanır:
“Bizə deyirlər ki, maaşlarla bağlı bütün sənədlər vaxtında Maliyyə Nazirliyinə təqdim olunur, lakin vəsait gec ayrılır. Nəticədə hər ay eyni vəziyyət yaranır. Ailəmiz, övladlarımız var, çoxumuzun bank krediti mövcuddur. Maaş gecikəndə ödənişlərimizi edə bilmirik, əlavə problemlərlə üzləşirik. Əvvəllər maaşlar hər ayın 1-də verilirdi.
Kredit götürənlər də ödəniş tarixini buna uyğun hesablayıblar. İndi maaşları yubadıb hər ayın 20-dən sonra verirlər. May ayının sonu bayram idi, hətta bayramda belə maaşları vermədilər, bayramdan sonraya saxladılar.”
İşçilər aidiyyəti qurumlardan problemin həlli üçün tədbir görülməsini istəyirlər.

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO


Övadları ilə birgə yoxa çıxan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün yaydığı müraciətində Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı olan qızından və nəvələrindən 5 gündür heç bir məlumat ala bilmədiyini qeyd edib.

“Mən bir ana kimi çox həyəcanlıyam. Artıq 5 gündür ki, qızım Zeynəbi və uşaqlarını hara aparıblar, necə aparıblar, heç bir xəbərim yoxdur. Qızımı və nəvələrimi axtarıram. Bu videonu çəkməkdə məqsədim odur ki, bütün analar qızım Zeynəb Cavadlı və onun balaları ilə həmrəy olsunlar. Hamını - bütün Azərbaycan xalqını, bütün dünyanı bizə kömək etməyə çağırıram, həmrəy olun deyirəm” - S.Cavadlı bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib.
Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, cütlük uzun illərdir övladlarının himayəsi ilə bağlı mübarizə aparır və bir-birini uşaqları qaçırmaqda ittiham edirlər.

"Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"


İxtisar dalğası SOCAR "Azərikimya" İstehsalat Birliyinə çatıb. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında məlumat paylaşaraq SOCAR prezidenti Rövşən Nəcəfdən izahat tələb edir.
NHMT sədri SOCAR prezidenti Rövşən Nəcəfə SOCAR "Azərikimya" İstehsalat Birliyində çalışan xanım işçilərdən birinin müraciətini təqdim edir:
" "Azərikimya"da 53-55 yaşlı işçiləri ixtisarla bağlı cağırırlar. Nə edək? Bundan sonra harda iş tapaq? Zərərli işə görə pensiya alanlar var, hansi ki, siz deyən kimi... 1-2 ili qalıb. Onlar heç olmasa, pensiya alır... Bəs pensiya almayanlar nə etsin? Dövlətin ən böyük şirkətində ixtisar olandan sonra harda iş tapmaq olar?"
Bunun ardından M.Qəhrəmanlı SOCAR prezidentindən soruşur:
"Siz və komandanız SOCAR rəhbərliyinə təyin olunan dövrə qədər olan müddətdə heç vaxt bu qədər qadın (müxtəlif üsüllarla optimallaşdırma, təşkilatı sağlamlaşdırma, və s. üsullarla) işdən azad olunmamışdı. Və təssüf ki, indiki halda bu proses şirkətin kadr siyasətini formalaşdıran və reallaşdıran vitse prezident qadın olduğu halda aparılır☝
Onu da vurğulayım ki, bu məktub NHMT İB yönələn çoxlu sayda qadınlardan bir xanımın müraciətidir...."

Dia-az
Xəbər lenti