Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

Dərsə gəlməyən şagirdlərə qiymət yazılıb - 181 nömrəli tam orta məktəbdə


Bakının Xəzər rayonunda yerləşən 181 nömrəli tam orta məktəbdə dərsə gəlməyən şagirdlərə qiymət yazıldığı, sinifdə qalanların isə rəsmi sənədlərində dəyişiklik edildiyi iddia olunur.

Bizimesr.com bildirir ki, məktəbin əməkdaşı bildirib ki, bəzi şagirdlər il ərzində dərslərdə iştirak etməsələr də, ilin sonunda direktor Təhmasib Məmiyevin tapşırığı ilə onlara qiymət yazılır:

“Bəzi uşaqlar var ki, müəllim onları ilboyu dərsdə görmür. Amma ilin sonunda həmin uşaqlara qiymət yazılır, sanki möcüzə baş verir. Direktor müəllimlərə tapşırır ki, filankəsə qiymət yazın. O uşaqlardan biri mənim oğlumla eyni sinifdə oxuyur. Oğlum gəlib mənə deyir ki, ana, bu necə olur, həmin uşaq dərsə gəlmədiyi halda qiymət alır? Mən də uşağa deyirəm ki, fikir vermə, sən öz dərsinlə məşğul ol”.

Məktəb əməkdaşının sözlərinə görə, ötən tədris ilində iki şagird rəsmi olaraq sinifdə qalsa da, sonradan jurnallarda və sənədlərdə düzəliş aparılıb: “Həmin uşaqlar 10-cu sinifdə rəsmi olaraq qalmışdılar. Qaydaya uyğun olaraq polis bölməsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyən Nərminə Hüseynovaya rəsmi məktub göndərilmişdi ki, uşaqlar axtarışa verilsin, çünki onlar sinifdə qalıblar.

Valideynlərə də yazılı müraciət olunmuşdu. Bu sənədlərin surəti və orijinallarının fotoları məndə var. Keçən ilə qədər kağız jurnallar idi. Jurnalda həmin uşaqlara qayıb yazılıb, sinifdə qaldıqları qeyd olunub. Sonradan isə jurnalda pozuntular edildi. Mən həmin səhifələrin də fotolarını çəkmişəm. Sıradan bir adam belə şəkli böyüdüb baxsa, jurnalda düzəlişlərin olduğunu görə bilər. Sonra həmin uşaqlar sentyabrda birtəhər 11-ci sinfə keçirildilər, indi də məktəbi bitirirlər”.

Mənbə deyir ki, əvvəllər də bu məsələni qaldırmaq istəyənlər olub. Lakin onun iddiasına görə, direktor əməkdaşları hədələyərək məsələnin ictimailəşməsinə imkan verməyib: “Direktor deyirdi ki, əmək kitabçanıza elə şey yazaram, heç yerdə iş tapa bilməzsiniz”. /Meydan/

Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...



“Bakıda karxana fəhləsinin müəmmalı ölümü” (14.01.2026), “Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb” (26.01.2026), “Daş karxanasının rəhbərinə hökm oxundu” (19.11.2025), “İmişlidə karxanada bədbəxt hadisə: Ölən var” (15.11.2025)...

İnternet resurslarında daş karxanaları ilə bağlı məlumat axtaranda qarşımıza bədbəxt hadisələr, ətraf mühitə vurulan ziyan, torpaqdan, yerin təkindən qanunsuz istifadə və s. neqativ informasiyalar çıxır. Hətta bəzi karxanaların fəaliyyəti kurqanlarda qədim yaşayış məskənlərinin izlərini itirərək arxeoloqları da məyus edib.

Doğrudur, son illər Bakıətrafı kəndlərdə daş karxanalarının çoxunun fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. O da danılmazdır ki, daş karxanaların fəaliyyəti ölkənin tikinti sektoruna birbaşa təsir edən əsas fəaliyyət sahələrindən biridir və hamısını bağlamaq böyük faciəyə səbəb ola, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Problem budur ki, işləməkdə davam edənlər də qanunlarla hesablaşmaq istəmirlər. Müşahidələr göstərir ki, belə özündənrazı sahibkarların arxasında yüksək vəzifəli məmurlar, ictimai və dövlət xadimləri, deputatlar dururlar.

Paytaxtın Suraxanı rayonunun Hövsan kəndi ərazisində istismar olunan daş karxanası əsasən axşamüstü saat 17:00-dan sonra işləyir. Belə reqlament havanın isti keçdiyi yay vaxtı daş daaşımağın ağır olması ilə əlaqələndirilsə də, digər tərəfdən nəarətedici qurumların əməkdaşlarının, sahibkarın “mərdimazar”, “bədnəzər” hesab etdiyi başqa şəxslərin gözündən uzaq olmağa hesablanmışdır desək, yanılmarıq. Çünki karxanada xeyli sayda qeyri-leqal muzdlu fəhlələr işlədir. Redaksiyamıza daxil olan məlumatlara görə, karxananın sahibkarı Siyasət bəyin gizlətdiyi xeyli nəsnələr vardır. Bildirilir ki, karxanada əməyin təhlükəsizliyi qənaətbəxş səviyyədə təmin olunmur.

Qorxulu burasıdır ki, sözügedən karxanada istehsalatda bədbəxt hadisə baş verərsə, ağır xəsarət alacaq işçilərin özlərinin, həyatlarını itirəcəkləri halda ailələrinin müavinət almaq üçün hüquqi mexanizmlər olmayacaq. Çünki onlarla əmək müqavilələri bağlanılmır, əmək haqlarına sosial sığorta hesablanmır, vergi tutulmur.

Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün əvvəlcə iş icraçısı ilə telefon əlaqəsi saxladıq. Həmin şəxs qeyd etdiyimiz məsələlərə aydınlıq gətirmək əvəzinə dedi ki, guya karxana Prezident Administrasiyasında işləyən hansısa vəzifəli şəxsə məxsusdur. Daha sonra Siyasət bəyin özünə zəng etdik. Özümüzü təqdim edən kimi Siyasət bəy (əgər ona “bəy” demək məqbuldursa) dəstəyin o başından acıqlı tərzdə ifadələr işlətdi: “...gedin, tullanın!”

Əldə etdiyimiz başqa məlumata görə, Siyasət bəyə və karxanasına mərhum millət vəkili Qənirə Paşayevanın xalası oğlu himayədarlıq edir. Canında, qanında “vətən daşı” olan Qənirə xanıma rəhmət qazandıran savab işləri, dövlət, xalq qarşısında xidmətləri çoxdur. Amma bu daş o daşdan deyil.

Nyus.Az

75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT


Xəbər verdiyimiz kimi, iyunun 20-də Sabunçu rayonu ərazisində 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1951-ci il təvəllüdlü Bağda Sovin qızını vuraraq öldürüb.

Yeniavaz.com xəbər verir ki, AYNA-nın açıqladığı məlumatda 75 yaşlı qadının ölümünə səbəb olan 214 saylı marşrut xəttinin “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl də “Ayşən LTD” şirkətinə məxsus müntəzəm marşrut xətlərində işləyən avtobusların iştirakı ilə ağır qəzalar baş verib.

17 iyul 2016-cı il tarixində “Ayşən LTD”nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətti üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus və “Shacman” markalı yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 oktyabr 2018-ci il tarixində “Ayşən LTD” şirkətinə məxsus 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qatarla toqquşub. Nəticədə 42 sərnişin xəstəxanaya yerləşdirilib, 2 nəfər həyatını itirib. İstintaq zamanı məlum olub ki, sürücü əvvəllər məhkum olunmuş şəxs olub.

25 noyabr 2019-cu il tarixində Xəzər rayonunun Binə qəsəbəsində “Ayşən LTD” şirkətinə məxsus 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

25 yanvar 2020-ci il tarixində Maştağa qəsəbəsi ərazisindəki körpüdə “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “VAZ-2107” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra avtobus yoldan çıxıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili aeroport yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Məlumat üçün bildirək ki, “Ayşən LTD” şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin rəhbəri Əliyeva İradə Zülfü qızıdır.

Əliyeva İradə Zülfü qızı böyük həcmdə təbii qaz istehlakçısı kimi də qeydiyyatdadır. Belə ki, fiziki şəxs kimi İradə Əliyeva bir il ərzində Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 1 milyon 90 min kubmetr təbii qaz istehlak edib.

Bundan başqa, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) 14 may 2021-ci il tarixli məlumatına görə, Azərbaycandan olan 30 hüquqi və fiziki şəxsə Rusiyaya pomidor ixracına icazə verilib. Həmin şəxslərdən biri də Əliyeva İradə Zülfü qızı olub. Fərdi sahibkar kimi vergi uçotuna (VÖEN – 1201293472) alınan Əliyeva İradə Zülfü qızının Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində istixana sahibi olduğu bildirilir.

Yeniavaz.com
Xəbər lenti