Ana səhifə Haqqımızda Reklam Bizimlə əlaqə
SON DƏQİQƏ

"Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"


İxtisar dalğası SOCAR "Azərikimya" İstehsalat Birliyinə çatıb. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında məlumat paylaşaraq SOCAR prezidenti Rövşən Nəcəfdən izahat tələb edir.
NHMT sədri SOCAR prezidenti Rövşən Nəcəfə SOCAR "Azərikimya" İstehsalat Birliyində çalışan xanım işçilərdən birinin müraciətini təqdim edir:
" "Azərikimya"da 53-55 yaşlı işçiləri ixtisarla bağlı cağırırlar. Nə edək? Bundan sonra harda iş tapaq? Zərərli işə görə pensiya alanlar var, hansi ki, siz deyən kimi... 1-2 ili qalıb. Onlar heç olmasa, pensiya alır... Bəs pensiya almayanlar nə etsin? Dövlətin ən böyük şirkətində ixtisar olandan sonra harda iş tapmaq olar?"
Bunun ardından M.Qəhrəmanlı SOCAR prezidentindən soruşur:
"Siz və komandanız SOCAR rəhbərliyinə təyin olunan dövrə qədər olan müddətdə heç vaxt bu qədər qadın (müxtəlif üsüllarla optimallaşdırma, təşkilatı sağlamlaşdırma, və s. üsullarla) işdən azad olunmamışdı. Və təssüf ki, indiki halda bu proses şirkətin kadr siyasətini formalaşdıran və reallaşdıran vitse prezident qadın olduğu halda aparılır☝
Onu da vurğulayım ki, bu məktub NHMT İB yönələn çoxlu sayda qadınlardan bir xanımın müraciətidir...."

Dia-az

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ... - NARAZILIQ VAR...


Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Megacity" yaşayış kompleksinin (MTK) sakinləri binanın idarəçiliyində yol verilən ciddi qanunsuzluqlar, korrupsiya halları və keyfiyyətsiz xidmətlə bağlı dərin narazılıqlarını bildirirlər.
1xeber.media-ya müraciət edən Məmmədov Sadiqin sözlərinə görə,uzun müddətdir ki, kompleksin idarəçiliyi qeyri-şəffaf prinsiplərlə həyata keçirilir və sakinlər süni şəkildə formalaşdırılmış problemlərlə üz-üzə qoyulub.

Sakinlərdən hər ay müxtəlif bəhanələrlə əlavə və qanunsuz vəsaitlərin toplanıldığı iddia edilir. Bu qədər pul yığılmasına baxmayaraq, binanın həyətinə və ümumi sahələrinə heç bir qulluq göstərilmir, baxımsızlıq hökm sürür,lift problemi həll edilmir,ümumiyyətlə hesabatlılıq düzgün formada aparılmır və sakinlərə heç bir məlumat verilmir.
Sakinlərdən işıq, qaz və su pulu üçün vəsaitlər vaxtı-vaxtında nağd və ya digər yollarla yığılsa da, sözügedən komunalların təminatında davamlı kəsintilər baş verir, binanın infrastrukturu təhlükə altına düşür.
Sadiq Məmmədovun sözlərinə görə, binanın rəhbərliyi öz yaxın qohumlarını işə götürərək onlara heç bir xidmət göstərmədikləri halda sakinlərin hesabından şişirdilmiş maaşlar və pullar yazır,toplanan vəsaitlərin hara xərcləndiyi barədə sakinlərinə heç bir hesabat verilmir.Mənzil sahibləri ödənişlərimizi vaxtında etdiyimiz halda, komendantın məsuliyyətsizliyi və özbaşınalığı ucbatından şəxsi mülkümüzdə normal yaşaya bilmirik-deyə etiraz edirlər.

1xeber.media

“Möcüzə” marketdə "Mocuzə"lər davam edir - Dayısı yuxarıdadır kim ona nə deyə bilər...


Sosial şəbəkələrdə yayılmış video materiallar və redaksiyamıza daxil olan vətəndaş müraciətləri əsasında aparılan jurnalist araşdırması, ölkənin ticarət sektorunda istehlakçı hüquqlarının necə kobud şəkildə tapdalandığını və qanunların açıq-aşkar heçə sayıldığını növbəti dəfə ortaya qoyur. Növbəti hüquqi qanunsuzluq və gizli dövriyyə faktı paytaxtda fəaliyyət göstərən “Möcüzə” market tərəfindən qeydə alınıb. Mağazadan alış-veriş edən vətəndaşa təqdim olunan ödəniş sənədinin fotoşəklindən də açıq şəkildə görünür ki, market rəhbərliyi müştərilərə yalnız daxili uçot xarakteri daşıyan, üzərində heç bir rəsmi rekvizit, VÖEN, mağazanın tam hüquqi adı və fiskal ID əks olunmayan adi bir kağız parçası təqdim edir. Qəbzin yuxarı hissəsində sadəcə mücərrəd şəkildə "Market" sözü yazılıb və yalnız tarixlə bərabər daxili kassa aparatının nömrəsi (MEYVE-03) qeyd olunub. Bu cür adsız və rekvizitsiz sənədin rəsmi ödəniş qəbzi kimi təqdim edilməsi həm vergi qanunvericiliyinin kobud şəkildə pozulması, həm də kölgə iqtisadiyyatının bariz nümunəsidir.
“Möcüzə” marketin bu fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin bir neçə fundamental istiqamətini eyni anda iflic edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə əsasən, əhali ilə pul hesablaşmaları aparan ticarət obyektlərində nəzarət-kassa aparatlarının tətbiqi mütləqdir və istehlakçıya verilən çekdə vergi ödəyicisinin adı, VÖEN-i, çekin rəsmi fiskal rekvizitləri və QR-kodu mütləq şəkildə əks olunmalıdır. Bu məlumatların gizlədilməsi birbaşa nağd dövriyyənin gizlədilməsi və dövlət büdcəsindən vergi yayındırma faktına dəlalət edir ki, bu da Vergi Məcəlləsinin müvafiq maddələri ilə ciddi maliyyə sanksiyaları doğurur. Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 17-ci maddəsinə görə, malın satışı zamanı istehlakçıya malın dəyərini ödədiyini təsdiq edən rəsmi kassa çeki verilməlidir. Rəsmi rekvizitləri olmayan belə daxili qəbzlərin dövriyyəyə buraxılması ticarət obyektinə istənilən an məsuliyyətdən yayınma imkanı verir. Əgər vətəndaş həmin marketdən aldığı hər hansı məhsuldan, xüsusilə də keyfiyyətsizlik və ya yararlılıq müddətinin keçməsi səbəbindən zərər çəkərsə, yaxud kütləvi zəhərlənmə halı baş verərsə, məhkəmə və ya hüquq-mühafizə orqanları qarşısında bu qəbzlə həmin mağazanın məsuliyyətini sübut etmək hüquqi baxımdan demək olar ki, qeyri-mümkündür, çünki sənəddə satıcının hüquqi statusu tamamilə gizlədilib.

Biz, "Edliyyeinfo.az" informasiya portalı olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti vətəndaşların hüquqlarının tapdalanması və dövlət büdcəsindən vəsait yayındırılması hesabına baş verməməlidir. “Möcüzə” market və onun timsalında fəaliyyət göstərən oxşar ticarət obyektləri qanunun tələblərinə tabe olmalı, daxili, qanunsuz rekvizitli qəbzlərlə işləməyə son qoymalıdırlar. Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə redaksiyamız tərəfindən rəsmi sorğular ünvanlanacaq və məsələ tam hüquqi həllini tapana qədər diqqətimizdə saxlanılacaqdır. Vətəndaşlarımızı isə öz hüquqlarını qorumağa, hər bir alış-veriş zamanı təkidlə QR-kodlu rəsmi dövlət kassa çeklərini tələb etməyə çağırırıq.

Edliyyeinfo.az
Xəbər lenti