Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək
Dövlət mülkiyyətində olan əmlakın dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.
Belə ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.
Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.
Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.
Bunu da oxu
Oxşar xəbərlər
Hamısı ›
Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Rüstəm Şahbazovu kim aldadır?.. - İLGİNC İDDİALAR
ADSEA əməkdaşları pul qazanmaq üçün Neftçalanın iki qəsəbəsini susuz qoyub


