Tarix : 9-07-2021, 11:26 | Bölmə: xeberler / siyaset |
Dplomatların Füzuli və Şuşaya səfəri

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

Xeberpress.info-nun məlumatına görə, iyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunub.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malaziya, Cənubi Koreya, Belarus, Ukrayna, Brazliliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər.

Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Aazərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək, həmçinin diplomatlar Füzuli Beynəlxalq Hava Limanı, Füzuli yarımstansiyası ilə tanış olacaqlar.

Xatırladaq ki, hazırkı dövrə kimi Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarına səfərləri təşkil olunub. Diplomatlar işğal dövründə erməni vandalizminin nəticələri və həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə tanış olublar.
(Reytinq:0)