Tarix : 12-06-2021, 09:23 | Bölmə: xeberler / idman |
Açılış matçı İtaliyanın qələbəsi ilə yekunlaşıb

Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb.

İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı başa çatıb.

Xeberpress.info xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma İtaliya seçməsinin qələbəsi ilə başa çatıb - 3:0.

Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Fasilədən sonra hücumlara davam edən İtaliya millisi matçın 53-cü dəqiqəsində hesabı açıb. Domeniko Berardinin cinah ötürməsindən sonra Merih Demiral topu öz qapısına göndərib.

Qoldan sonra oyuna daha inamlı davam edən italyanlar qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Türkiyə millisinin cərimə meydançasında qarışıqlıqdan istifadə edən Çiro İmmobile rəqibin qapısına ikinci qolu vurub.

Matçın 79-cu dəqiqəsində İtaliya millisi rəqibi üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. Uğurcan Çakırın kobud səhvindən sonra Lorentso İnsinya fərqlənib.

Qalan dəqiqələr hər iki komandanın qarşılıqlı hücumları ilə keçsə də hesab dəyişilməyib.

A qrupunun digər görüşü iyunun 12-də İsveçrə və Uels komandaları arasında olacaq. Həmin görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.
(Reytinq:0)