Tarix : 14-05-2021, 11:49 | Bölmə: xeberler / siyaset |
Makron unudub ki, Fransa rəsmi olaraq, ərazi bütövlüyümüzü dəstəkləyir?

Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir.

Çox təəssüf ki, Fransa prezidenti Makron öz erməni sevgisindən əl çəkmir. Mən bir şeyi başa düşmürəm. Makronun öz ölkəsində problemlər yoxdur ki, hər şeyi kənara qoyub Azərbaycanın daxili işlərinə qarışır? Bəyanat verir ki, Azərbaycan öz ordusunu Ermənistanın ərazisindən çıxartmalıdır, Fransa Ermənistan xalqını dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir. Bu Makrona deyən lazımdır ki, birtərəfli Ermənistanı dəstəkləyirsənsə, sənin ATƏT-in Minsk Qrupunun həmsədriliyində nə işin var? Deyəsən, Makron yaddan çıxardıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Xeberpress.info bildirir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanın Dövlət Sərhəd Xidməti elə Fransanın da tanıdığı sərhədlərini bərpa edir: “Azərbaycanın ordusu Ermənistanın ərazisində deyil və qarşı tərəfdən fərqli olaraq, ölkəmizin heç də başqa ölkənin torpaqlarında gözü yoxdur. Həm də ölkəmiz ərazimizin bir qarşını da ermənilərə güzəştə getmək fikrində deyil. Azərbaycanın Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparıb sərhəd postlarının qurulmasını Ermənistan siyasiləşdirirsə, bu onların özlərinin daxili işidir. Biz isə öz sərhədlərimizi möhkəmləndiririk. Hətta cənab Makrona xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ adında bir inzibati ərazi də yoxdur.

Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük müharibədə, döyüş meydanında təmin edib. Sizin Azərbaycanın daxili işlərinə qarışmağa heç bir haqqınız yoxdur. Əgər sizi ermənilərin taleyi düşündürürsə, bir məsləhət verim. Fransada ermənilərin kompakt yaşadığı Marsel şəhəri var. Bu gün Qarabağda sizin statistikanıza görə cəmi 40-50 min erməni məskunlaşıb. Bu, Fransa üçün heç də böyük say deyil. Marsel şəhərini ermənilərin dövləti elan edin və Qarabağda yaşayan erməniləri də oraya aparın. Qoy, onlar da bir gün görsünlər, Fransanın dəstəyindən yararlansınlar.

Deyirsiniz ki, Fransa inkişaf etmiş ölkədir. Əgər belədirsə, Qarabağda məskunlaşmış bir ovuc erməninin sizn inkişaf etmiş ölkənizdə yaşamasına niyə imkan yaratmırsınız?! Əgər siz cənab Makron, Qarabağda yaşayan erməniləri Fransaya aparsanız, regionda tam sakitlik yaranar və gələcəkdə artıq söz-söhbət üçün mövzu qalmaz. Əgər siz belə addım atmasanız, biləcəyik ki, sizin ermənilərə sevginiz yoxdur, sadəcə regionda yenidən müharibənin alovlanmasına və erməniləri Azərbaycanın müzəffər ordusuna yenidən məhv etdirməkdə maraqlısınız.

Biz bilirik ki, siz Fransada ermənilərə nə torpaq verən deyilsiniz, nə də erməniləri yeri gələndə dəstəkləyən deyilsiniz. Sadəcə, susun ki, Cənubi Qafqazda dayanıqlı sülh yaransın, ölkələr bir-birinin dövlət sərhədlərini tanıyaraq qonşuluq münasibətlərini inkişaf etdirsinlər”.
(Reytinq:0)